Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1769/2022 26.04.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı (Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti maraqlı şəxslər qismində cəlb edilməklə) «maddi və mənəvi zərərin ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı (Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti maraqlı şəxslər qismində cəlb edilməklə) «maddi və mənəvi zərərin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona dəyən maddi zərərin əvəzi olaraq 40.000 manat iş fəaliyyətindən məhrum edilməsi ilə bağlı, həkim qəbulları, müayinə və müalicələrin əvəzi olaraq 5.000 manat, satılmış daşınmaz əmlakın dəyəri olan 50.000 manat, mənəvi zərərin əvəzi olaraq isə 50.000 manat, ümumilikdə 145.000 manat məbləğində pul vəsaitinin Azərbaycan Respublikasının Maliyyə Nazirliyi vasitəsilə Azərbaycan Respublikasının Dövlət büdcəsindən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.2.1 və 186.2.2-ci maddələri ilə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsində ********* nömrəli cinayət işi başlanılaraq aidiyyəti üzrə Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilmişdir. Bundan sonra 25 oktyabr 2018-ci il tarixində o, təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona müvafiq maddələrlə ittiham elan edilmiş və daha sonra onun təqsirləndirildiyi əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.2.2-ci maddəsinə tövsif edilərək ittiham aktı tərtib edilmiş və iş baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilmişdir. 23 oktyabr 2018-ci il tarixində şübhəli şəxs kimi tutularaq, 25.10.2018-ci il tartixində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.2.1 və 186.2.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələrlə ittiham elan edilmiş və Abşeron Rayon Məhkəməsinin hakimi Sevinc Quliyevanın 25.10.2018-ci il tarixli qərarı ilə barəsində 3 ay müddətinə yəni 23 yanvar 2019-cu il tarixinə kimi həbs qətimkan tədbiri seçilmişdir. Daha sonra barəsində seçilmiş həbs qətimkan tədbiri Abşeron Rayon Məhkəməsinin hakimi Sevinc Quliyevanın 30 oktyabr 2018-ci il tarixli qərarı ilə ev dustağlığı ilə əvəz edilmişdir. Abşeron Rayon Məhkəməsinin 04 sentyabr 2020-ci il tarixli, 1(012)-15/2020 saylı hökmü ilə ona qarşı irəli sürülmüş cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilmədiyindən barəsində bəraət hökmü çıxarılmışdır. Həmin hökmdən Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən Sumqayıt Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apelyasiya protesti verilmiş və hökmün ləğv edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Cinayət işinə 11 fevral 2021-ci il tarixində Sumqayıt Apelyasiya Məhkəməsinin icraatında baxılaraq hökmün dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iş üzrə yeni qərarın qəbul edilməsi xahiş edilmişdir. Cinayət işinə 30 may 2021-ci il tarixində Azərbaycan Respublikası Ali Məhkəməsinin icraatında baxılaraq hökmün dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilmişdir. Qeyd edir ki, ona qarşı sözügedən ittiham irəli sürüldükdən sonra işlədiyi iş yerində ondan tələb edildi ki, 14 iyun 2018-ci il tarixində “öz xahişi əsasında işdən çıxarılmağı barədə” ərizə yazaraq işdən çıxsın. Onların təkidi ilə işdən çıxdığı tarixdən etibarən işsiz qalmışdır. Halbuki, aylıq 270 manat əmək haqqı, 100 manat həvəsləndirmə (iki aydan bir 200 manat köçürülürdü), yarışlardan 500 manat orta hesabla ( dəfələrlə 1-ci yer tutmuş, 1-ci yerə 500 manat, 2-ci yerə 350 manat, 3-cü yerə isə 250 manat mükafat verilirdi. Bundan əlavə olaraq yarışın şərt və digər meyarlarına əsasən mükafat fondları dəyişilirdi) aylıq ümumilikdə 1.000 manat civarında gəliri olurdu. Barəsində cinayət işinin başlanıldığı 14 iyun 2018-ci il tarixindən bu günədək (14 iyun 2018-ci il - 01 dekabr 2021-ci il tarixinədək) 41 ay müddətində gəliri orta hesabla 41.000 manat olmalı idi. Nəzərə alınsa ki, iş faliyyəti davam etsəydi həmin 4 ilə yaxın müddət ərzində onun vəzifəsinin artması səbəbilə gəliri dəfələrlə artıma doğru gedə bilərdi. Beləliklə də, ümumilikdə iş fəaliyyəti ilə əlaqədar olaraq ona dəyən zərər 40.000 manat məbləği ötmüşdür. İş fəaliyyətindən məhrum olunduğu üçün və ailədə ondan başqa gəlir əldə edən şəxs olmadığına görə məcbur qalıb yaşadıqları evi də sataraq həm ailəsinin ehtiyaclarına, həm də bu işlə bağlı olan müddət ərzində məhkəmə iclaslarında iştirak üçün yol pullarına, hüquqi yardım xərclərinə və sair bu kimi xərcləri qarşılamaq üçün həmin pulu istifadə etmişlər. Bundan başqa bank və digər fiziki şəxslər qarşısında onların aylıq ödəməli olduqları öhdəliklər olduğuna görə ailəsi bu problemdən dolayı ciddi şəkildə maddi zərər görmüşdür. Həmçinin istintaq və məhkəmə araşdırması müddətində o, ailə üzvləri ciddi şəkildə mənəvi iztirablar çəkdikləri üçün psixoloq və digər həkim qəbullarında olmuş və müalicələr almışlar. Bundan əlavə olaraq isə ətrafındakı bir çox şəxslər onun cinayətkar olduğunu zənn edərək onunla münasibətləri kəsmişlər. Beləliklə də, o, ciddi şəkildə mənəvi zərər almışdır. İlkin araşdırma zamanı həbs edilməyi, ibtidai istintaqda gedən araşdırmalar, məhkəmə prosesləri onu həm maddi, həm də mənəvi zərərə uğradırdı. Həmin müddətlər ərzində o, dəfələrlə həkim qəbullarına yazılaraq, psixoloji yardım və zərurət olduğu halda da əlavə müalicələr almışdır. Beləliklə də, ona bu ittiham üzrə açılan cinayət işi üzrə 40.000 manat iş fəaliyyəti ilə bağlı, həkim qəbulları, müayinə və müalicələr üçün 5.000 manat, maddi çətinliyə uğradıqları üçün məcbur qalıb əmlaklarını satdıqlarına görə əmlakın dəyəri olan 50.000 manat, mənəvi və digər növ zərərin əvəzi olaraq isə 50.000 manat, ümumilikdə 145.000 manat məbləğində pul vəsaitinin alınaraq ona verilməsi zəruridir. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak etmiş maraqlı şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin nümayəndəsi X3 iddia tələbinə etiraz edərək, bildirmişdir ki, İddiaçı barəsində Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsində Azərbaycan Respublikası CM-in 186.2.1-ci və 186.2.2-ci maddələri ilə cinayət işi başlanaraq Abşeron RPİ-nin İstintaq şöbəsinə göndərilmiş 25 oktyabr 2018-ci ildə o, şübhəli bilinərək tutulmuş və həmin maddə ilə ona ittiham elan olunaraq barəsində həbs qətimkan tədbiri seçilmişdir. 30 oktyabr 2018-ci ildə qətimkan tədbiri “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilmişdir. İddiaçı Dövlət Sərhəd Xidmətində aparılan ilkin araşdırma zamanı törətdiyi cinayət əməlini etiraf etmiş və onun etirafı ona elan olunmuş ittihamın əsasını təşkil etmişir. CPM-in 57.3cü maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malik şəxsin könüllü gəlməsi və ya sonradan yalan olduğu aşkar edilərək məhkəmə qarşısında özlərinin təqsirli olduqları barədə bəyanatları ilə özlərinə qarşı cinayət təqibinin başlanmasına və prosessual məcburiyyət tədbirlərinin tətbiqinə şərait yaratmaları müəyyən edildikdə ziyan ödənilmir. Belə olduğu halda İddiaçı təqsirləndirilən şəxs qismində cəlb olunması etirafedici ifadəsi əsasında həyata keçirildiyindən ona hər hansı ziyan ödənişi nəzərdə tutulmur. İddiaçı tərəf hüquq mühafizə orqanlarının qanunsuz hərəkətləri nəticəsində ona maddi və mənəvi ziyanın vurulmasını göstərərək 95.000 manat maddi və 50.000 manat mənəvi zərərin ödənilməsini istəməsinə baxmayaraq, həmin məbləğin formalaşma mexanizmi, vurulmuş ziyanın nədən ibarət olması düzgün göstərilməmişdir. Belə ki, iddiaçı cinayət işi başlamazdan əvvəl işlədiyi yerdə 270 manat əmək haqqı, iki aydan bir 200 manat mükafat, yarışlarda isə tutduğu yerə müvafiq olaraq 500, 350 və 250 manat mükafat aldığını, bununla orta hesabla aylıq 1.000 manat pul qazandığını bildirməsinə baxmayaraq, qeyd olunan məbləğlərdən sabit məbləğ kimi 270 manat olması və hətta digər məbləğləri sabit məbləğ kimi qəbul edildiyi təqdirdə aylıq gəlirin 1.000 manat olmadığı müəyyən olunur. Bundan başqa iddiaçı 41 ay işsiz qalmağını əsas gətirərək buna görə 40.000 manat ziyan vurulmasını göstərməsinə baxmayaraq, cinayət işi 2018-ci ilin sentyabr ayında başlandığı halda İddiaçı 14 iyun 2018-ci ildə öz xahişi ilə işdən çıxmış və onun işdən çıxması ilə cinayət işinin başlanması arasında səbəbli əlaqə müəyyən edilməmişdir. Eyni zamanda, cinayət işinin istintaqı zamanı şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri onu iş fəaliyyəti ilə məşğul olmağına maneə olmamışdır. İddiaçı işini itirməsi nəticəsində gündəlik xərclər və cinayət işinin istintaqı ilə əlaqədar olan məsrəflərini ödəmək üçün 50.000 manat dəyərində evi satdığını bildirməklə həmin evin dəyərini ona ödənilməsini tələb etmişdir. Belə olduğu halda iddiaçı həm işini itirməsi səbəbindən deməsinə görə əldən verdiyi 40.000 manatı və həmin pulu əvəzləmək üçün satdığı evin dəyərini tələb etməklə eyni ziyanı iki dəfə hesablamış olur. İddiaçı həkim qəbulları müayinə və müalicəyə görə 5.000 manat xərclədiyini bildirsə də, həmin xərclərin qəbzləri təqdim olunmamış və ümumiyyətlə qeyd olunan müayinə və müalicələrin cinayət işi ilə bilavasitə səbəbli əlaqədə olması təsdiq olunmamışdır. Qeyd olunanları nəzərə alaraq, İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı barəsində məhkəmənin bəraət hökmü çıxarılmış şəxsin cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi barədə iddialarının təmin edilməməsinə dair qərarın çıxarılmasını xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə və maraqlı şəxslər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə və Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin və maraqlı şəxslərin nümayəndələri məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin və maraqlı şəxslər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin və Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, Abşeron Rayon Məhkəməsinin 04 sentyabr 2020-ci il tarixli, 1(012)-15/2020 saylı hökmündən görünür ki, Abşeron Rayon Məhkəməsinin 25.10.2018-ci il tarixli qərarı ilə İddiaçı barəsində həbsetmənin əvvəli 23.10.2018-ci il tarixdən hesablanmaqla, həbs qətimkan tədbiri seçilmiş, daha sonra Abşeron Rayon Məhkəməsinin 30.10.2018-ci il tarixli qərarı ilə İddiaçı barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı tədbiri ilə əvəz edilmişdir. Abşeron Rayon Məhkəməsinin 04 sentyabr 2020-ci il tarixli, 1(012)-15/2020 saylı hökmü ilə İddiaçı, ona qarşı irəli sürülmüş cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilməməsi əsası ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.2.2-ci maddəsi ilə bəraətin verilməsi və İddiaçı barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin ləğv edilməsi hökm edilmiş, İddiaçı cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyanın ödənilməsini tələb etmək hüququnun olması izah edilmişdir. Yuxarıda qeyd edilən hökmdən dövlət ittihamını müdafiə edən prokuror tərəfindən apelyasiya protesti verilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin 11 fevral 2021-ci il tarixli, 1(105)-120/2021 saylı qərarı ilə apelyasiya protestinin təmin olunmaması və İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.2.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə bəraət verilməsinə dair Abşeron Rayon Məhkəməsinin 04 sentyabr 2020-ci il tarixli, 1(012)- 15/2020 saylı hökmünun dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Həmin qərardan dövlət ittihamçısı tərəfindən kassasiya protesti verilmiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin 24 iyun 2021-ci il tarixli, 1(102)-1001/2021 saylı qərarı ilə İddiaçı barəsində Sumqayıt Apelyasiya Məhkəməsinin 11 fevral 2021-ci il tarixli qərarının kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 1096-cı maddəsinin tələblərinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquqi məsuliyyət daşıyır. Qanunvericiliyin qeyd olunan müddəasının tələblərindən görünür ki, mülki hüquqi məsuliyyətin yaranması üçün bir sıra məcburi şərtlərin olması tələb olunur. Həmin şərtlərə borclunun (zərərvuranın) hüquqa zidd davranışı, həmin davranış ilə vurulmuş zərər faktı arasında səbəbli əlaqə və borclunun (zərərvuranın) təqsiri aiddir. Həmin şərtlərdən hər hansı birinin mövcud olmaması mülki hüquqi məsuliyyəti istisna edir. Mülki Məcəllənin 1100-cü madəsinin tələblərinə əsasən dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Mülki Məcəllənin 1101.1-ci madəsinin tələblərinə əsasən qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qətimkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. Mülki Məcəllənin 1101.2-ci madəsinin tələblərinə görə təhqiqat, ibtidai istintaq, prokurorluq orqanlarının qanunsuz fəaliyyəti nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərər bu Məcəllənin 1101.1-ci maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmadıqda onun əvəzi qanunla müəyyənləşdirilmiş əsaslarla və qaydada ödənilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 57.1-ci maddəsinin tələbinə görə cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində bu Məcəllənin 56-cı maddəsində nəzərdə tutulmuş şəxslərə vurulmuş mənəvi, fiziki və maddi ziyan ödənilməlidir. Həmçinin, bu şəxslərin əmək və mənzil hüquqları bərpa edilməli, bunlar mümkün olmadıqda isə həmin hüquqların pozulması nəticəsində dəyən ziyanın pul kompensasiyası təmin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 58.1-ci maddəsinin tələbinə görə cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş maddi ziyan əsaslandırılaraq hesablandıqdan sonra kompensasiyası verilməklə tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 58.2-ci maddəsinin tələbinə görə fiziki və mənəvi ziyan Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir. «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən cinayət təqibinə xitam verilməsi haqqında qərar çıxarıldıqda vurulmuş ziyanın bu Qanunla müəyyən edilmiş hallarda, miqdarda və qaydada ödənilməsi hüququ yaranır. Bu Qanunun 1-ci maddəsində göstərilmiş əməliyyat-axtarış tədbirlərinin cinayət işi başlamazdan əvvəl keçirilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququ belə tədbirlər keçirildikdən dərhal sonra yaranır. Həmin Qanunun 5-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində) hər bir şəxsə məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər, vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Qeyd edilən Qanunun 6-cı maddəsinin 1-ci bəndinə əsasən bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. Məhkəmə, iddiaçının istintaq orqanının səhvi nəticəsində mənəvi iztirab çəkməsi ilə bağlı dəlillərinə hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli və iddiaçının xeyrinə ədalətli həddə, yəni 5.000 (beş min) manat məbləğində mənəvi ziyan tutulmalıdır. «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin tələbinə əsasən təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Şəxsin barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə gətirib çıxaran və digər mənəvi xarakterli mənfi nəticələr mənəvi ziyan hesab edilir. Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan mülki qanunvericiliklə nəzərdə tutulmuş qaydada ödənilir. Həmin Qanunun 12-ci maddəsinin tələbinə əsasən fiziki və mənəvi ziyan, Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir. İstintaq və ya inzibati icraat müddətində və ya cəza çəkdiyi dövrdə şəxsə vurulmuş mənəvi ziyanın ümumi məbləği Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məhkəmə tərəfindən müəyyən edilir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31.05.2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəql nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarateri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «mənəvi ziyanla» bağlı təcrübəsi göstəririr ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahtlıq, məyusluq hissələrini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, Avropa Məhkəməsi «Koinq Almaniyaya qarşı» işdə ərizəçiyə «mənəvi narahatlıq yetirilməsinə», «Artiko İtaliyaya qarşı» işdə «tənhalıq və kimsəsizlik hisslərinə», «Younq, Cames və X1rşı» işdə «alçaldıcı və təhqiredici hərəkətlərə» görə mənəvi zərər ödənilməsi qərarına gəlmişdir. Avropa Məhkəməsinin «Ədalətli kompensasiya tələbləri barədə Praktiki Qaydaları»nın 13-cü bəndinə əsasən, mənəvi zərərə aid Məhkəmənin təyin etdiyi kompensasiya qeyri-maddi zərərə, məsələn, əqli və ya fiziki əziyyətə görə maliyyə kompensasiyasının təmin olunmasına yönəlib. Məhkəmə həmçinin qeyd edir ki, qanunvericiliyə əsasən cinayət təqibi ilə əlaqədar vətəndaşa əmək haqqı və digər əmək gəlirlərinin itirilməsi ilə əlaqədar dəymiş ziyanın məbləği müəyyən edilərkən məhkum olunmanın başlanğıcından ziyanın ödənilməsi barədə qərarın qəbul edilməsinə kimi keçən vaxt ərzində minimum əmək haqqının nə qədər dəyişməsi də nəzərə alınmalıdır. Lakin nəzərə almaq lazımdır ki, iddiaçı ona maddi ziyan dəyməsinin məhkəmə tərəfindən müəyyən edilməsi üçün müvafıq sübutlarını təqdim etməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi bir sıra hallarda ərizəçinin ona maddi ziyan dəyməsini sübuta yetirmədiyinə görə ona maddi ziyana görə kompensasiya ödənilməsindən imtina etmişdir. (Məsələn, «Güleç Türkiyəyə qarşı», 27 iyul 1998-ci il; «Dikmə Türkiyəyə qarşı» 1 iyul 2000-ci il). Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə qeyd edir ki, iddiaçı 41 ay ərzində işsiz qalmasını əsas gətirərək, nəzəri hesablanma yolu ilə (aylıq əmək haqqı, əldə edəcəyi gəlir və s.) ona 40.000 manat məbləğində pulun ödənilməsini tələb etsə də, iş materialları ilə, habelə tərəflərin məhkəmə iclasında verdikləri izahatları ilə müəyyən edilmişdir ki, iddiaçı barəsində cinayət işi başlanana qədər öz ərizəsi ilə işdən azad edilmişdir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına» qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Məhkəmə qeyd edir ki, iddiaçı digər tələblə yanaşı istintaq və məhkəmə araşdırması ilə əlaqədar həkim qəbulları, müayinə və müalicə üçün 5.000 manat ödədiyini, habelə cinayət işinin istintaqı ilə əlaqədar olan məsrəfləri ödəmək üçün 50.000 manat dəyərində evi satdığını qeyd edərək, həmin pul vəsaitlərinin əvəzini tələb etsə də, onun tərəfindən bu tələbləri təsdiq edəcək hər hansı bir əsaslı sənəd (sübut) məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı vurulmuş mənəvi zərərə görə 5.000 (beş min) manat məbləğində pul cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İddia qalan hissədə rədd edilməlidir. Məhkəmə bu nəticəyə gələrkən nəzərə alır ki, «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikasının Qanunun 6-cı maddəsinin 1-ci bəndinə əsasən, bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. Həmçinin, məhkəmə qeyd edir ki, dövlətin maliyyə siyasətinin həyata keçirilməsi və dövlət maliyyəsinin idarə olunması səlahiyyətlərini Maliyyə Nazirliyi həyata keçirir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 04.02.2000-ci il tarixli, 271 nömrəli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında" Əsasnamənin 1.1-ci bəndində qeyd olunanlara əsasən Maliyyə Nazirliyi Azərbaycan Respublikasında maliyyə siyasətini həyata keçirən və dövlət maliyyəsinin idarə olunmasını təşkil edən mərkəzi icra hakimiyyəti orqanıdır. Azərbaycan Respublikası Prezidentinin 09 fevral 2009-cu il tarixli, 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamənin 1-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Azərbaycan Respublikasının maliyyə siyasətini işləyib hazırlayan və həyata keçirən, dövlət maliyyəsinin idarə olunmasını təşkil edən, dövlət və icmal büdcələrin layihələrini hazırlayan və dövlət büdcəsinin kassa icrasını təmin edən, sığorta fəaliyyəti, dövlət borcunun idarə edilməsi, mühasibat uçotunun təşkili və aparılması sahələrində dövlət tənzimlənməsinin, dövlət büdcəsi vəsaitindən istifadə, qiymətli metalların və qiymətli daşların istehsalı, emalı və dövriyyəsi sahələrində dövlət nəzarətinin həyata keçirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır. Məhkəmə qeyd edir ki, zərərin ödənilmə mənbəyi "dövlət büdcəsinin vəsaiti", zərəri ödəməli olan subyekt isə "Azərbaycan Respublikası" kimi müəyyən edilməsi əsaslıdır. Belə ki, "Azərbaycan Respublikası" dövlətin adıdır, yəni bu ifadə ilə dövlət nəzərdə tutulur. Cinayət təqibi dövlətin adından həyata keçirildiyindən cinayət təqibinə məruz qalan şəxs bəraət aldığı halda ziyana görə həmin şəxsin qarşısında dövlət məsuliyyət daşıyır. Beləliklə, baxılan işdə hüquq münasibətinin tərəfi dövlətdir, dövlətin səlahiyyətlərini isə onun orqanları həyata keçirir. Dövlətdən pul tələb olunduğu halda onun maliyyə siyasətini həyata keçirən və dövlət maliyyəsinin idarə olunmasını təşkil edən orqan dövlətin səlahiyyətlərini həyata keçirir. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı vurulmuş mənəvi zərərə görə 5.000 (beş min) manat məbləğində pul cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №e-2(006)-1769/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1769/2022
26.04.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver