Məhkəmə qərarları › İş №e-2(006)-177/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-177/2024

11.06.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-177/2024 11.06.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, su axması nəticəsində Cavabdeh 2.000 (iki min) manat məbləğində maddi zərərin, 1.000 (min) manat məbləğində mənəvi zərərin, ümumilikdə 3.000 (üç min) manatın, habelə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 50 (əlli) manat məbləğində pulun İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidməti tərəfindən verilmiş Seriya RX № ******* nömrəli çıxarışa əsasən tam mülkiyyət hüququ əsasında iddiaçıya məxsusdur. İddiaçı ailə üzvləri (anası və digər şəxslər) ilə birlikdə həmin evdə yaşamaqla, daim qanunvericilik çərçivəsində sosial-birgə yaşayış qaydalarına riayət etmişdir. Lakin üst qonşusu onun mənzilinə su axıtması nəticəsində xeyli miqdarda maddi ziyan vurmuşdur. Belə ki, üst qonşunun mənzilindən mütəmadi axan su nəticəsində iddiaçının mənzili yararsız hala düşmüşdür. Lakin qonşuluq nöqteyi nəzərindən bugünə qədər o, cavabdehə qarşı iddia qaldırmamışdır. Baxmayaraq ki, cavabdehə vurulmuş ziyanla bağlı dəfələrlə etdiyi müraciətlər nəticəsiz qalmışdır. "xxxx" MMC-nin direktorunun, kargüzarının, gözətçisinin iştirakı ilə mənzilə daxil olaraq mənzilə üst qonşudan, yəni 52-ci mənzildən uzun müddət su axmasının və həmin su axma nəticəsində külli miqdarda iddiaçıya ziyan dəyməsinin aşkar edilməsi barədə ünvanına xx.xx.2023-cü tarixli məktub göndərilmişdir. Həmçinin Bakı Şəhər İHBA Mənzil-Kooperativ Təsərrüfatı İdarəsinin iddiaçının ünvanına göndərdiyi xx.xx.2022-ci il tarixli məktubunda aidiyyəti üzrə məhkəməyə müraciət olunması tövsiyyə edilmişdir. Cavabdehin hərəkətləri nəticəsində iddiaçıya mənəvi zərər (fiziki və mənəvi iztirablar) dəymişdir. Cavabdeh tərəfindən iddiaçıya dəymiş mənəvi zərəri 1.000 (min) manat dəyərində qiymətləndirir. Qeyd edilənlərə əsasən, yaranmış mübahisə üzrə iddia tələbinin əsaslılığı müəyyən olunmaqla iddiaçının qanunla qorunan maddi və mənəvi maraqlarının cavabdeh tərəfindən pozulması öz təsdiqini tapmışdır. Yaranmış vəziyyətdə isə qanunun aliliyinin bərqərar edilməsi məhkəmənin əlindədir. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdeh tərəfin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə, iddiaçının nümayəndəsinin və vəkilinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsi, ev 54, 50 saylı mənzil İddiaçı mülkiyyətindədir. İş materiallarında olan 30 mart 2023-cü il tarixli, 03 nömrəli "xxxx" MMC tərəfindən ünvanlanan məktubundan görünür ki, kargüzar-Musayeva Gülşən, R.Behbudov 54 ünvanının gözətçisi - Hüseynov Murad olmaqla bu tərkibdə komissiya yaradılmış, komissiya tərəfindən mənzilə baxış keçirilmiş, binanın 6-cı mərtəbəsində yerləşən Cavabdeh məxsus 52 saylı mənzilin sanitar qovşağından axan çirkli su 5-ci mərtəbədə yerləşən 50 saylı mənzilin yataq otağının tavanına və divarına axaraq yararsız hala salmışdır. Qeyd edirlər ki, 52 saylı mənzildə ailəsi ilə birlikdə kirayənişin yaşayır. Baxış zamanı 52 saylı mənzilin sahibi Cavabdeh ilə telefon əlaqəsi saxlanılıb və o, söz vermişdir ki, mənzilə dəyən maddi ziyanı ödəyəcəkdir. İş materiallarında olan Bakı Şəhər İHBA Mənzil-Kooperativ Təsərrüfatı İdarəsinin ünvanladığı xx.xx.2022-ci il tarixli məktubunda mübahisələrin həlli məqsədilə aidiyyəti üzrə məhkəməyə müraciət olunması tövsiyyə edilmişdir. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, R.Behbudov küçəsi, ev 54, 52 saylı mənzil Cavabdeh məxsusdur. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, R.Behbudov küçəsi, ev 54, 50 saylı mənzil İddiaçı məxsusdur. İş materiallarında olan iş üzrə tərəf olmayan X3 tərəfindən məhkəməyə xx.xx.2023cü il tarixində vəsatət göndərərək, Azərbaycan Respublikası MPM-nin 54.1-ci maddəsinə əsasən cavabdeh qismində Cavabdeh yox, onun cəlb edilməsini və iddiaçıya məxsus mənzilə vurulmuş ziyanın dəyərinin müəyyən edilməsi məqsədilə ekspertiza təyin edilməsini xahiş etmişdir. Vəsatətdə Bakı şəhəri, Nəsimi rayonu, R.Behbudov küçəsi, ev 54, 52 saylı mənzilin mülkiyyətçisinin Cavabdeh olsa da, mənzildə X1 ailə üzvləri ilə yaşadığını, cavabdeh qismində Cavabdeh iştirakının heç bir əsası olmadığını, iddiaçı qismində çıxış edən İddiaçı tanımadığını, belə ki məlum ünvanda Elmira adlı xanımın yaşadığını, yaşadığı mənzildən aşağı mərtəbəyə su sızması nəticəsində ziyan vurulması barədə qonşu olaraq Elmira xanımla danışıqlarının olduğunu bildirmişdir. Əlavə olaraq vəsatətdə qeyd etmişdir ki, binanın komendatının və Nəsimi rayon İcra Hakimiyyətinin nümayəndəsinin iştirakı ilə birlikdə vanna otağına baxış keçirilmiş və su sızması aşkar olunmamış, buna baxmayaraq usta dəvət etmiş, vanna və mətbəxdə təmir işləri aparılmış və Elmira xanıma məlum etmiş ki, ona dəymiş ziyanı öz maliyyə vəsaiti ilə aradan qaldırmağa hazırdır, lakin iddia ərizəsində göstərilən vəsait həqiqəti əks etdirmir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/7263 saylı rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənləri, o cümlədən tədqiq olunan 50 saylı mənzilin konstruktiv elementlərində (tavan, divar və s.) qüsurlar əmələ gəldiyini, həmin qüsurların su sızmaya xarakterik olduğunu, həmçinin mülki iş materiallarına əlavə edilmiş məlumatları nəzərə alaraq, Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsində yerləşən 54 saylı evin, 50 saylı mənzilinə həmin mənzilin üst mərtəbəsində yerləşən 52 saylı mənzildən su axıdıldığı və nəticədə 50 saylı mənzilə ziyan vurulduğu müəyyən olunmuşdur. Qeyd olunur ki, 52 saylı mənzilin qapısı bağlı olduğundan, 50 saylı mənzilə su sızmasının səbəbini dəqiqliklə müəyyən etmək mümkün olmamışdır. Lakin su sızma hallarının baş vermə səbəbinə dair yuxarıda göstərilən amilləri nəzərə alaraq, mənzilə su sızması 52 saylı mənzilin su xətlərində yaranmış nasazlıq səbəbindən baş verə bilər. Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsində yerləşən 54 saylı evin, 50 saylı mənzilinə baxış keçirilən zaman faktiki olaraq su sızmasının davam etmədiyi müəyyən edilmişdir. Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsində yerləşən 54 saylı evin, 50 saylı mənzilində su sızması nəticəsində yaranan qüsurların aradan qaldırılması üçün yerinə yetiriləcək təmir-tikinti işlərinin orta bazar qiymətlərinə uyğun dəyəri təqribən 1643 manat məbləğində müəyyən olunmuşdur. Aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 21.1ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. İş materiallarında olan iş üzrə tərəf olmayan X1 ünvanladığı vəsatətə münasibətdə məhkəmə hesab edir ki, vəsatət əsassızdır. Belə ki, vəsatətdə özünün cavabdeh qismində cəlb edilməsini tələb etsə də, iş materiallarından görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, R.Behbudov küçəsi, ev 54, 52 saylı mənzil Cavabdeh məxsusdur. Cavabdeh iş üzrə cavabdeh qismində cəlb edilməlidir. İşin faktiki hallarından göründüyü kimi, Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsində yerləşən 54 saylı evin, 50 saylı mənzilinə 1643 manat məbləğində ziyan dəymişdir. Ziyan məhz 52 saylı mənzildən suyun sızması nəticəsində vurulmuşdur. Beləliklə, maddi zərərin ödənilməsi tələbinə dair hissədə iddia qismən təmin edilməli, mənzilə vurulmuş ziyana görə 1643 manat pul vəsaiti qanunvericiliyə əsasən Cavabdeh tutularaq iddiaçıya ödənilməlidir. Vurulmuş mənəvi ziyanın ödənilməsi tələbinə münasibətdə isə məhkəmə qeyd edir ki, həmin hissədə də iddia qismən təmin edilməli, vurulmuş mənəvi zərərə görə 200 manat Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Belə ki, cavabdehin 52 saylı mənzilindən su sızması nəticəsində iddiaçının mülkiyyətində olan mənzilində qüsurların əmələ gəlməsinin uzun müddət davam etməklə, iddiaçının şüurunda müəyyən mənfi reaksiyaya səbəb olması aşkardır. Məhkəmə vurulmuş mənəvi zərər həddini müəyyən edərkən, mənzilə vurulmuş maddi zərərin həddini nəzərə alır. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəql nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarateri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «mənəvi ziyanla» bağlı təcrübəsi göstəririr ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahtlıq, məyusluq hissələrini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, Avropa Məhkəməsi «Koinq Almaniyaya qarşı» işdə ərizəçiyə «mənəvi narahatlıq yetirilməsinə», «Artiko İtaliyaya qarşı» işdə «tənhalıq və kimsəsizlik hisslərinə», «Younq, Cames və X2rşı» işdə «alçaldıcı və təhqiredici hərəkətlərə» görə mənəvi zərər ödənilməsi qərarına gəlmişdir. Məhkəmə iddiaçıya ödənilməli mənəvi ziyanın həcmini 200 manat müəyyən edərkən, bütün diqqətəlayiq məqamları nəzərə alır. Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 50 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, su sızması nəticəsində yaranan qüsurların aradan qaldırılması üçün vurulmuş maddi zərərə görə 1.643 manat və mənəvi zərərə görə 200 manat, ödənilmiş dövlət rüsumuna görə isə 38,43 manat pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 manat Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesab üzrə ödənilməlidir. İddia qalan hissədə rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Su sızması nəticəsində yaranan qüsurların aradan qaldırılması üçün vurulmuş maddi zərərə görə 1.643 manat və mənəvi zərərə görə 200 manat, ödənilmiş dövlət rüsumuna görə isə 38,43 manat pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 manat Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesab üzrə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar