Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-178/2024 24.10.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X13 oğlunun katibliyi, İddiaçı vəkili-nümayəndəsi Vəkil1 iştirakı ilə İddiaçı Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X6 Agentliyi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə cavabdehlər Cavabdeh1 MMC-yə, Cavabdeh2 və Cavabdeh3 qarşı “əmlakın əvvəlki vəziyyətinə qaytarılması və s.” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X6 Agentliyi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə cavabdehlər Cavabdeh1 MMC-yə və X4 qarşı “əmlakın əvvəlki vəziyyətinə qaytarılması və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında inşa edilmiş yüksək mərtəbəli yaşayış binasında və həmin binada yerləşən 1 saylı və 2 saylı mənzildə cavabdehlərin həyata keçirdikləri qanunsuz söküntü və yenidənqurma işləri nəticəsində mülkiyyət hüququ əsasında iddiaçıya məxsus ünvan 1, 2 nömrəli mənzilə və mənzilin yerləşdiyi binaya dəymiş zərərin cavabdehlərin hesabına aradan qaldırılması ilə binanın əvvəlki vəziyyətə gətirilməsi, cavabdehlərin həyata keçirdikləri qanunsuz söküntü və yenidənqurma işləri nəticəsində iddiaçıya məxsus olan ünvan 1, 2 nömrəli mənzilə dəymiş 20.000 manat ziyanın cavabdehlərdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə; cavabdehlər tərəfindən ünvan 1 ünvanında inşa edilmiş yüksək mərtəbəli yaşayış binasında qanunsuz olaraq söküntü, tikinti və yenidənqurma işləri görülməsi ilə tikinti və təhükəsizlik qaydalarının pozulmasına görə cavabdehlərin inzibati və cinayət xarakterli əməllərə yol verdiyini nəzərə alaraq barələrində məhkəmə tərəfindən xüsusi qərardad çıxarılmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 9ında inşa edilmiş yüksək mərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində ümumi sahəsi 161 kv.metr olan 2 saylı mənzil mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur. Həmin mənzilin yerləşdiyi binanın 1-2 və 3-cü mərtəbələrində Cavabdeh1 MMC fəaliyyət göstərir. İlkin olaraq həmin MMC binanın 1-2-ci mərtəbələrində fəaliyyət göstərsə də, sonradan binanın 3-cü mərtəbəsindən tibbi müəssisəsi kimi istifadə etmişlər. Hazırda iddiaçıya məxsus 2 saylı mənzillə qonşu olan 1 saylı mənzil və həmin mənzilin üst mərtəbəsində yerləşən 6 saylı mənzillərin daxilində konstruktiv tikinti işləri aparılır, mənzillərin daxilində beton konstruksiyalı döşəmə dağıdılıb və arakəsmə divarları sökülüb. Bu da 2 saylı mənzilin daxilində qüsurların, divarda, balkonda çatların yaranmasına səbəb olmuşdur. Dördüncü mərtəbədəki mənzilin divarı ümumi dəhlizə doğru 5 sm qədər artırılaraq zəbt olunmuş, 3-cü və 4-cü mərtəbə arasında olan binanın konstruksiyaları kustar hissə ilə doğrayaraq götürülərək ora lift yerləşdirilməsi planlaşdırılır. Binanın 4-cü mərtəbəsində lift sahəsinin qarşısında yerləşən 2 saylı mənzilin sol tərəfində arakəsmə divarlar üzərində və 2 saylı mənzilin daxilində sözügedən mübahisəli mənzillərə doğru olan eyvanın arakəsmə divarları üzərində yeni çatlar yaranır, iddiaçıya məxsus mənzilin qapısının sabitliyi pozularaq çətinliklə bağlınılır və mənzil yararsız vəziyyətə düşür. Məhkəmədə iddia qaldırmadan öncə verilən müvvəqəti təminat tədbiri barədə ərizə əsasında Nəsimi Rayon Məhkəməsinin qərardadı ilə Cavabdeh1 MMC tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Bəşir Səfəroğlu 183 ünvanında inşa edilmiş yüksək mərtəbəli yaşayış binasında aparılan qanunsuz söküntü, tikinti, təmir və yenidənqurma işləri dayandırılaraq, söküntü, tikinti, təmir və yenidənqurma işlərinin aparılması Cavabdeh1 MMC-yə və digər 3-cü şəxslərə qadağan edilmişdir. Məhkəmə qərardadının icrası zamanı X5 özünü qanunsuz olaraq söküntü və yenidənqurma işəri həyata keçirilən 1 saylı mənzilin, həmin mənzilin üst mərtəbəsində yerləşən 6 saylı mənzilin sahibi kimi tədim etdi. Bu səbəbdən də ilkin olaraq cavabdehlərdən biri həmin şəxs qoyulur. Cavabdeh müvafiq orqanlardan lazımi icazələr almadan binada və mənzillərdə qanunsuz söküntü və yenidənqurma işləri icra etmişdir. İddiaçı tərəf məhkəməyə müraciət etmədən əvvəl “X9”nə müraciət edərək, ona məxsus mənzilə qonşu olan 1 saylı mənzildə və həmin mənzilin üst mərtəbəsində yerləşən 6 saylı mənzildə aparılmış işlərin müəyyən edilməsini xahiş etmişdir. Həmin mənzillərin sahibi ekspertin girişinə maneə yaratdığı üçün öncədən çəkimiş video görüntülər əsasında mütəxəsis rəyi tərtib edilərək verilmişdir. Hazırda mütəxəsis rəyi ilə təsdiq olunur ki, Cavabdeh1 MMC tərəfindən binada aparılan söküntü işləri qanunsuz olaraq icra edilir və söküntü işləri dayandırılmadığı təqdirdə həmin mənzilə və mənzilin yerləşdiyi binaya texniki cəhətdən real təhlükə yarana bilər. “X9”nin 08 may 2023-cü il tarixli rəyinə əsasən müəyyən olunmuşdur ki, aparılmış tədqiqatlar nəticəsində ünvan 1 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının dördüncü mərtəbəsində X7 məxsus 2 saylı mənzilin solunda yerləşən 1 saylı mənzildə və üst mərtəbəsində (5-ci mərtəbədə) yerləşən 2 ədəd mənzillərin daxilində mövcud vəziyyəti üzrə aparılmış söküntü və tikinti işləri Azərbaycan Respublikasının Şəhərsalma Və Tikinti Məcəlləsinin 75-ci maddəsinin və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 01 aprel 2015-ci il tarixli, 20/01-001 №-li Qərarına əsasən AzDTN 1.6-2 “Tikintinin təşkili” haqqında qanunun tələblərinə uyğun olmadığı müəyyən edilir. ünvan 3 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının dördüncü mərtəbəsində X7 məxsus mənzilin solunda yerləşən 1 saylı mənzildə və üst mərtəbəsində (5-ci mərtəbədə) yerləşən 2 ədəd mənzillərin daxilində mövcud vəziyyəti üzrə aparılmış söküntü-tikinti işləri zamanı 2 saylı mənzilin daxili konstruktiv elementləri üzərində yaranmış çatlar həmin mənzilə və mənzilin yerləşdiyi binaya texniki cəhətdən real təhlükə yarada bilər. Bununla yanaşı mütəxəsis rəyi ilə təsdiq olunur ki, iddiaçıya məxsus 2 saylı mənzilin sanitar qovşağının və yataq otağının arxa divarına bitişik qonşu sahədə (1 saylı mənzildə) şaxta sökülmüş, şaxtanın qarşısında yerləşən təxminən 6 kv.m döşəmənin monolit beton konstruksiyası sökülüb dağıdılmış, həmin sahəyə dik döşənmişdir. Bundan başqa ümumi istifadədə olan dəhliz istiqamətinə tərəf arakəsmə divarı sökülərək həmin sahə alçipan vasitəsi ilə bağlanmışdır. 2 saylı mənzilin qonşuluğunda yəni 1 saylı mənzildə və üst mərtəbəsindəki mənzillərin daxilində konstruktiv tikinti və söküntü işləri aparılması, arakəsmə divarlarının və şaxtanın sökülməsi, monolit beton konstruksiyalı döşəmənin dağıdılması müəyyən edilmişdir. Cavabdehlər Bakı şəhəri, Nəsimi Rayonu, Bəşir Səfəroğlu 183 ünvanında inşa edilmiş yüksək mərtəbəli yaşayış binasında və həmin yaşayış binasında yerləşən 1 saylı və 6 saylı mənzildə qanunsuz söküntü və yenidən qurma işləri aparmadan öncə müvafiq icra hakimiyyətinə müraciət etməli və müraciətə mütəxəsislər tərəfindən baxılaraq texniki rəy verilməli və icazə alımalı idi. Lakin cavabdehlər müvafiq icra hakimiyyəti orqanından lazımi icazə almadan mülkiyyət hüququ əsasında iddiaçıya məxsus olan 2 saylı mənzilə qonşu olan 1 saylı mənzildə və həmin mənzilin üst mərtəbəsində yerləşən 6 saylı mənzildə və digər mənzillərdə, binada qanunsuz olaraq söküntü, tikinti və yenidən qurma işləri icra etmişdirlər.
3. İddiaçı vəkili-nümayəndəsi Vəkil1 “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə ərizə təqdim edərək, cavabdeh X2 Cavabdeh3 və Cavabdeh2 ilə əvəz edilməsini; iddia tələbinin həcmini artıraraq, 1. ünvan 5 ünvanında inşa edilmiş yüksək mərtəbəli yaşayış binasında və həmin binada yerləşən 1, 6 və 7 saylı mənzillərdə cavabdehlərin həyata keçirdikləri qanunsuz söküntü və yenidənqurma işləri nəticəsində mülkiyyət hüququ əsasında iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən 2 nömrəli mənzilə və mənzillin yerləşdiyi binaya dəymiş zərərin cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh2 və Cavabdeh3 hesabına aradan qaldırılması ilə binanın əvvəlki vəziyyətinə gətirilməsi, cavabdehlərin həyata keçirdikləri qanunsuz söküntü və yenidənqurma işləri nəticəsində iddiaçıya məxsus olan ünvan 1, 2 nömrəli mənzilə dəymiş 20.000 manat ziyanın cavabdehlərdən alınaraq iddiaçıya ödənilməsi; 2. ünvan 5 ünvanında inşa edilmiş yüksək mərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində yerləşən 1 saylı, 5-ci mərtəbəsində yerləşən 6 və 7 saylı mənzillər olan yaşayış sahələrinin qeyri-yaşayış təyinatlı istifadə edilməsinin cavabdehlərə qadağan edilməsi; 3. ünvan 5 ünvanında inşa edilmiş yüksək mərtəbəli yaşayış binasının 1, 2 və 3cü mərtəbələrində yerləşən ünvan 1 və ünvan 6 ünvanında yerləşən qeyri-yaşayış sahəsində, ünvan 7 inşa edilmiş yüksək mərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində yerləşən 1 saylı, 5-ci mərtəbəsində yerləşən 6 və 7 saylı mənzillərdə binanın dayanıqlığına, bütövlüyünə təsir edən, o cümlədən iddiaçının qonşuluq hüququna müdaxilə edən təmir, tikinti, yenidən qurma, konstruksiya işlərinin həyata keçirilməsinin cavabdehlərə qadağan edilməsi barədə qətnamə çıxarılmasını; 4. Cavabdehlər tərəfindən ünvan 1 ünvanında inşa edilmiş yüksək mərtəbəli yaşayış binasında qanunsuz olaraq söküntü, tikinti və yenidənqurma işləri görülməsi ilə tikinti və təhükəsizlik qaydalarının pozulmasına görə cavabdehlərin inzibati və cinayət xarakterli əməllərə yol verdiyini nəzərə alaraq barələrində məhkəmə tərəfindən xüsusi qərardad çıxarılmasını xahiş etmişdir.
a) Məhkəmə prosesi:
4. Məhkəmə iclasında İddiaçı vəkili-nümayəndəsi Vəkil1 iddianı müdafiə edib, təmin edilməsi barədə qətnamə çıxarılmasını, həmçinin, iş üzrə xüsusi qərardad çıxarılmasını məhkəmədən xahiş etdi.
5. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmələrinə baxmayaraq, iş üzrə digər iştirakçılar məhkəmə iclasına gəlməmiş, cavabdehlər Cavabdeh1 MMC-nin və Cavabdeh3 vəkili-nümayəndəsi Vəkil2 “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə ərizə ilə məhkəməyə müraciət edərək, iştirak edə bilməməsinin üzrlü hesab edilərək məhkəmə iclasının başqa vaxta təxirə salınmasını məhkəmədən xahiş etmiş; digər Cavabdeh2, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X6 Agentliyinin nümayəndələri isə gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
6. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə verilmiş ərizəni nəzərdən keçirib, iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir.
Əsaslandırıcı hissə: a) İş materialları:
7. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışlardan görünür ki: - ünvan 8 ünvanında yerləşən ümumi sahəsi 1617.1 kv.m olan qeyri-yaşayış sahəsi tam mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində 127 nömrəli reyestr kitabının 11840 nömrəli vərəqində xx.xx.2017-ci il tarixdə Cavabdeh2 (qeydiyyat nömrəsi: **********, Seriya: RX, № 0998869); - ünvan 1 ünvanında yerləşən 2 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində 3307 nömrəli reyestr kitabının 309165 nömrəli vərəqində xx.xx.2020-ci il tarixdə İddiaçı (qeydiyyat nömrəsi: **********); - ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 751.80 kv.m olan qeyri-yaşayış sahəsi tam mülkiyyət hüququ üzrə xx.xx.2020-ci il tarixdə Cavabdeh2 (qeydiyyat nömrəsi: **********); - ünvan 1 ünvanında yerləşən sahəsi 179 kv.m olan 1 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə xx.xx.2022-ci il tarixdə (qeydiyyat nömrəsi: **********), ünvan 1 ünvanında yerləşən sahəsi 179 kv.m olan 6 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə xx.xx.2022-ci il tarixdə (qeydiyyat nömrəsi: **********), ünvan 1 ünvanında yerləşən sahəsi 179 kv.m olan 7 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə xx.xx.2023-cü il tarixdə (qeydiyyat nömrəsi: **********) Cavabdeh3 adlarına qeydiyyata alınmışdır.
8. “X9” MMC tərəfindən verilmiş 10 may 2023-cü il tarixli, 70 nömrəli mütəxəssis rəyindən görünür ki, aparılmış tədqiqatlar nəticəsində ünvan 1 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının dördüncü mərtəbəsində İddiaçı məxsus 2 saylı mənzilin solunda yerləşən 1 saylı mənzildə və üst mərtəbəsində (5-ci mərtəbədə) yerləşən 2 ədəd mənzillərin daxilində mövcud vəziyyəti üzrə monolit beton konstruksiyalı döşəmənin və onun qarşısında yerləşən ümumi şaxtanın sökülməsi Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 75-ci maddəsinin və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 01 aprel 2015-ci il tarixli, 20/01-001 nömrəli qərarına əsasən AzDTN 1.6-2 “Tikintinin təşkili” haqqında qanunun tələblərinə uyğun olmadığı müəyyən edilir. ünvan 1 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının dördüncü mərtəbəsində İddiaçı məxsus 2 saylı mənzilin solunda yerləşən 1 saylı mənzildə və üst mərtəbəsində (5-ci mərtəbədə) yerləşən 2 ədəd mənzillərin daxilində mövcud vəziyyəti üzrə aparılmış söküntü və tikinti (şaxtanın və monolit beton konstruksiyalı döşəmənin sökülməsi) işləri zamanı 2 saylı mənzilin daxili konstruktik elementləri üzərində yaranmış çatlar həmin mənzilə və mənzilin yerləşdiyi binaya texniki cəhətdən real təhlükə yarada bilər.
9. xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin verilməsinə görə 150 manat məbləğində dövlət rüsumu ödənilmişdir.
10. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, ünvan 1 ünvanında yerləşən 1, 6 və 7 nömrəli mənzillər hazırda Cavabdeh3 mülkiyyətindədir.
11. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X6 Agentliyi “Azərinşaatlayihə” Dövlət Baş Layihə-Konstruktor və Texnoloji İnstitutunun ünvan 1 ünvanında, 14+ mansard mərtəbəli yaşayış binasının 1÷4-cü mərtəbələrində keçid üçün mərtəbəarası örtük tavalarında boşluqların açılması ilə əlaqədar həmin sahənin texniki vəziyyəti haqqında xx.xx.2023cü il tarixli rəyindən görünür ki, sifarişçi Cavabdeh3 müraciətinə əsasən qeyd olunan ünvanda mərtəbəarası örtük tavalarında boşluğun açılması üçün gücləndirmə və layihələndirmə işləri ilə əlaqədar, binanın həmin hissəsinə texniki baxış keçirilmişdir. Bakı şəhəri, Nəsimi rayonu, Bəşir Səfəroğlu, Vidadi və Rəsul Rza küçələrinin kəsişməsində yerləşən 1 girişli, yüksək mərtəbəli yaşayış binasının işçi layihəsi sifarişçi tərəfindən təqdim edilmişdir. Bina 2006-cı ildə 14 mərtəbəli (+mansard), zirzəmili və düzbucaqlı formada inşa edilmişdir. Zirzəmi avtodayanacaq, 1:3-cü mərtəbələr qeyri-yaşayış, yuxarı mərtəbələr yaşayış üçün istifadə olunur. Binanın planda uzunluğu 32.4 m, eni 26.4 m-dir. Hündürlük (döşəmənin üst səthindən örtük tavasına qədər) zirzəmidə 3.59 m, 1-ci mərtəbədə 3.94 m, 2÷5-ci mərtəbələrdə isə 3.49 metrdir. Binanın konstruktiv sxemi çərçivərabitəli karkas (dəmir-beton diafraqmalar ilə) inşa olunmuşdur. Karkasın yükdaşıyan elementləri – sütunlar, rigellər və diafraqmalar monolit dəmir-betondan inşa edilmişdir. Örtüklər, tirlər, lift şaxtası və pilləkən qəfəsi monolit dəmir-betondandır. Baxış keçirilən sahədə “4-5” oxlar arasında və “D” oxu üzrə olan divarlar zirzəmi və 1-ci mərtəbədə qalınlığı 400 mm, 2÷5-ci mərtəbələrdə qalınlığı 300 mm olan monolit dəmir-beton diafraqmalardan ibarətdir. Mərtəbələrdə “4” oxu üzərində və “D- E” oxları arasında olan sütunlarası divarın qalınlığı 400 mm-dir. “4-5” və “D-E” oxları arasında monolit sütunların en kəsik ölçüləri zirzəmi və 1-ci mərtəbədə 700x700 mm, 2÷5-ci mərtəbələrdə 600x600 mm, monolit rigellərin en kəsik ölçüləri zirzəmi, 1÷4-cü mərtəbələrdə 400x600(h) mm, 5-ci mərtəbədə isə 400x500(h) mm-dir. Mərtəbəarası örtük tavasının qalınlığı 160 mm-dir. Arakəsmələr qalınlığı 10 sm olmaqla boşluqlu kərpicdən inşa edilib. Sifarişçi tərəfindən 4 və 5-ci mərtəbələrdə mənzillər təmir edilir. Örtük tavalarında açılması nəzərdə tutulan boşluqların binanın dayanıqlığına təsirini müəyyən etmək üçün X3 Baş İdarəsinə tələb olunan sənədləri təqdim etməklə, müvafiq rəyin alınmasının zəruriliyi barədə sahibkara məlumat verilmişdir.
12. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X6 Agentliyi “Azərinşaatlayihə” Dövlət Baş Layihə-Konstruktor və Texnoloji İnstitutunun ünvan 9ında, mövcud 14+ mansard mərtəbəli ofis və yaşayış binasında örtük tavalarında boşluqların açılması və gücləndirilməsi adlı layihə sənədinin üzərində “DövlətBaşEkspertiza – razılaşdırılmışdır” ştampı vardır (sifarişçi: Cavabdeh3).
13. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X6 X1 Ekspertiza Baş İdarəsinin 36264 saylı, xx.xx.2023-cü il tarixli ekspertiza rəyindən görünür ki, “ünvan 1 ünvanında yerləşən yaşayış binasının örtük tavalarında boşluqların açılması (±0.00÷+15.45 səviyyələrdə)” üzrə tikinti layihəsini konstruktiv dayanıqlıq baxımından qənaətbəxş hesab edib razılaşdırmaq olar (rəy Cavabdeh3 və Cavabdeh2 sifarişi əsasında verilmişdir).
14. Bakı şəhər Nəsimi rayon İcra Hakimiyyəti Başçısının Aparatının xx.xx.2023-cü il tarixdə Cavabdeh3 ünvanladığı məktubdan görünür ki, ünvan 9ında yerləşən 14 mərtəbəli (+ mansard) yaşayış binasının örtük tavalarında boşluqların açılması ilə əlaqədar tədbirlərin ekspertiza rəyinə əsasən layihəyə uyğun olaraq aparılmasına etirazları olmadığını bildirmişlər.
15. Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatının xx.xx.2023-cü il tarixdə Cavabdeh3 ünvanladığı məktubdan görünür ki, ünvan 9ında yerləşən çoxmərtəbəli yaşayış binasının (14+ mansard mərtəbəli) Cavabdeh1 MMC-nin “İMC-1” klinikasının fəaliyyət göstərdiyi 1÷4-cü mərtəbələrində, lift quraşdırılması üçün mərtəbəarası örtük tavanlarında boşluqların açılması və gücləndirilməsi işlərinin həyata keçirilməsi ilə əlaqədar tədbirlərin mövcud qanunvericilikdə nəzərdə tutulmuş qaydada aidiyyəti qurumlarla razılaşdırılmaqla həyata keçirilməsinə dair etirazları olmadığını bildirmişlər.
16. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-16(006)-187/2023 nömrəli qərardadından görünür ki, şikayət təmin edilmiş, məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ləğv edilmiş, İddiaçı müvəqqəti təminat tədbirinə dair ərizəsi qismən təmin edilmiş, məhkəmənin icraatında olan 2(006)-178/2024 saylı mülki iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəsini alanadək ünvan 9ında inşa edilmiş yüksək mərtəbəli yaşayış binasında və həmin binada yerləşən 1 və 6 saylı mənzildə aparılan qanunsuz söküntü, tikinti işlərinin dayandırılaraq söküntü, tikinti işlərinin aparılması cavabdehlər Cavabdeh1 MMC və X4 qadağan edilmiş, ərizə digər hissələrdə rədd edilmişdir. Həmin qərardaddan verilən şikayət Bakı Apellyasiya Məhkəməsinin 16(103)-351/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə qeyri-mümkün hesab edilmişdir.
17. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 iyul 2024-cü il tarixli 3-16-16/2-10/2077 nömrəli ekspert rəyindən görünür ki, ünvan 1 ünvanında yerləşən Cavabdeh3 məxsus 1, 6 və 7 nömrəli mənzillərin daxilində rigel və sütunların üzərində hər hansı bir söküntü və dağılma işlərinin aparılması müşahidə olunmadı. Eyni zamanda daxili arakəsmə divarların (8/10 sm ölçüdə) sökülərək yenidənqurma işlərinin aparıldığı, lakin həmin arakəsmə divarların sökülməsinin tikinti və təhlükəsizlik norma və qaydalarına uyğun olduğu müəyyən edilir. Həmçinin qeyd olunur ki, Cavabdeh2 məxsus olan qeyri-yaşayış sahəsinin 1-4-cü mərtəbələri arasında liftin yerləşdirilməsi məqsədilə aparılan 14+ mansard mərtəbəli ofis və yaşayış binasında 1:4-cü mərtəbələrində (0.00-15.45 m səviyyəsində) mərtəbəarası örtük tavalarında 2.55x3.1 m ölçüdə boşluqların açılması və gücləndirilmə işlərinin aparılması üçün işçi layihəsi hazırlanmış və həmin layihə sənədləri “Dövlətbaşekspertiza”da və Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2023-cü il tarixli məktubuna əsasən razılaşdırılmışdır. Bu səbəbdən də, 1-4 mərtəbələr arasında liftin yerləşdirilməsi məqsədilə aparılmalı işlərin tikinti və təhlükəsizlik norma və qaydalarına uyğun olduğu müəyyən edilir. Lakin baxış zamanı, mərtəbəarası örtüyün sökülərək lift şaxtasının yaradılması üçün nəzərdə tutulan (mübahisələndirilən) sahənin kənarları hörüldüyündən, həmin hissəyə baxış keçirilməsi mümkün olmamışdır. Yenidənqurma işlərinin aparılması nəzərdə tutulan hissənin kənarları hörüldüyündən və həmin hissəyə baxış keçirilməsi mümkün olmadığından, həmin işlərin Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X6 Agentliyi tərəfindən verilmiş rəyə uyğun olub-olmamasını müəyyən etmək mümkün olmadı. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X6 Agentliyi “Azərinşaatlayihə” Dövlət Baş Layihə-Konstruktor və Texnoloji İnstitutu tərəfindən Cavabdeh3 sifarişi əsasında ünvan 5 ünvanda, mövcud 14+ mansard mərtəbəli ofis və yaşayış binasında 1:4cü mərtəbələrində (0.00-15.45 m səviyyəsində) mərtəbəarası örtük tavalarında 2.55x3.1 m ölçüdə boşluqların açılması və gücləndirilmə işlərin aparılması üçün işçi layihəsi hazırlandığını və həmin layihə sənədlərinin “Dövlətbaşekspertiza”da razılaşdırıldığını nəzərə alaraq aparılmalı yenidənqurma işləri layihə sənədlərinə uyğun olaraq aparıldığı halda həmin işlərin binanın dayanıqlığı (binanın dayanıqlığının zəifləməsi) baxımından hər hansı təhlükə yaratmadığı müəyyən olunur. Aparılmalı və aparılan yenidənqurma işləri Cavabdeh3 məxsus 1 nömrəli mənzilin daxilindən yerləşdiyindən, həmin yenidənqurma işlərinin ünvan 5 ünvanında 4-cü mərtəbədə yerləşən İddiaçı məxsus 2 nömrəli mənzildə hər hansı maneə (mənzilin qapısının bağlanması və s.) yaratmadığı müəyyən edilir. ünvan 5 ünvanında 4-cü mərtəbədə ümumi dəhlizə doğru Cavabdeh3 məxsus 1 nömrəli mənzilinə bitişik alçipandan təqribən 10 sm ölçüdə, 4,0 m uzunluğunda çıxıntı yaradılmışdır. Lakin, bu artırma alçipan ilə quraşdırıldığından və əsaslı tikinti olmadığından, həmin artırmanın tikinti norma və qaydalarına uyğun olub-olmaması tikinti normaları ilə tənzimlənmir. ünvan 5 ünvanında yerləşən İddiaçı məxsus 2 nömrəli mənzilə vizual baxış zamanı mənzilin divarları, tavanı üzərində hər hansı qüsurların, çatların olması müşahidə olunmadı. Bu səbəbdən də, bu suallar üzrə tədqiqat aparılmadı.
18. Ekspertiza xərclərinə dair bildirişdən görünür ki, ekpsertiza təqdiqatının dəyəri 100 (bir yüz) manat təşkil edir.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
19. Beləliklə, məhkəmə müəyyən etdi ki, ünvan 1 ünvanında yerləşən yüksək mərtəbəli binanın qeyri-yaşayış sahəsi təyinatlı 1-3-cü mərtəbələri Cavabdeh2 mülkiyyətində olmaqla, digər Cavabdeh1 MMC-nin istifadəsindədir. Həmin qeyri-yaşayış sahəsində MMC-nin klinikası fəaliyyət göstərir.
20. Həmin binada 4-cü mərtəbədə yerləşən 1 nömrəli mənzil Cavabdeh3, 2 nömrəli mənzil isə İddiaçı mülkiyyətindədir. 5-ci mərtəbədə yerləşən 6 və 7 nömrəli mənzillər də, həmçinin, Cavabdeh3 məxsusdur.
21. Cavabdeh1 MMC Cavabdeh3 məxsus olan mənzilləri də icarəyə götürərək, həmin mənzillərdən qeyri-yaşayış təyinatlı – klinika fəaliyyəti üçün istifadə etmək niyyətində olduğundan, Cavabdeh3 Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X6 Agentliyi “Azərinşaatlayihə” Dövlət Baş Layihə-Konstruktor və Texnoloji İnstitutundan 1÷4-cü mərtəbələrdə keçid üçün mərtəbəarası örtük tavalarında boşluqların açılması ilə əlaqədar sahənin texniki vəziyyəti haqqında xx.xx.2023-cü il tarixli rəy almış, rəydə ona örtük tavalarında açılması nəzərdə tutulan boşluqların binanın dayanıqlığına təsirini müəyyən etmək üçün X3 Baş İdarəsinə tələb olunan sənədləri təqdim etməklə, müvafiq rəyin alınmasının zəruriliyi barədə məlumat verilmişdir.
22. Bundan sonra Cavabdeh3 sifarişi əsasında Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X6 Agentliyi “Azərinşaatlayihə” Dövlət Baş Layihə-Konstruktor və Texnoloji İnstitutunun ünvan 9ında, mövcud 14+ mansard mərtəbəli ofis və yaşayış binasında örtük tavalarında boşluqların açılması və gücləndirilməsi adlı layihə sənədinə “DövlətBaşEkspertiza – razılaşdırılmışdır” ştampı vurulmuş, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X6 X1 Ekspertiza Baş İdarəsinin xx.xx.2023-cü il tarixli ekspertiza rəyində ünvan 1 ünvanında yerləşən yaşayış binasının örtük tavalarında boşluqların açılması” üzrə tikinti layihəsinin konstruktiv dayanıqlıq baxımından qənaətbəxş hesab edib razılaşdırmaq ola biləcəyi qeyd edilmişdir.
23. Bakı şəhər Nəsimi rayon İcra Hakimiyyəti Başçısının Aparatının xx.xx.2023-cü il tarixdə Cavabdeh3 ünvanladığı məktubda həmin yaşayış binasının örtük tavalarında boşluqların açılması ilə əlaqədar tədbirlərin ekspertiza rəyinə əsasən layihəyə uyğun olaraq aparılmasına; Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatının xx.xx.2023-cü il tarixdə Cavabdeh3 ünvanladığı məktubda da lift quraşdırılması üçün mərtəbəarası örtük tavanlarında boşluqların açılması və gücləndirilməsi işlərinin həyata keçirilməsi ilə əlaqədar tədbirlərin mövcud qanunvericilikdə nəzərdə tutulmuş qaydada aidiyyəti qurumlarla razılaşdırılmaqla həyata keçirilməsinə dair etirazları olmadığını bildirmişlər.
24. İddiaçı iddia irəli sürərək, həmin binanın özündə və 1, 6-7 nömrəli mənzillərdə cavabdehlərin qanunsuz söküntü və yenidənqurma işləri apardıqlarını iddia edib, bunun nəticəsində öz mənzilinə və mənzilin yerləşdiyi binaya dəymiş zərərin cavabdehlərin hesabına aradan qaldırılması ilə binanın əvvəlki vəziyyətinə gətirilməsini; mənzilinə dəymiş 20.000 manat ziyanın cavabdehlərdən alınaraq ona ödənilməsini; 1, 6-7 nömrəli mənzillərin qeyri-yaşayış təyinatlı istifadə edilməsinin cavabdehlərə qadağan edilməsini; 1-3-cü mərtəbələrdə yerləşən qeyri-yaşayış sahəsində və 1, 6-7 nömrəli mənzillərdə binanın dayanıqlığına, bütövlüyünə təsir edən, o cümlədən iddiaçının qonşuluq hüququna müdaxilə edən təmir, tikinti, yenidən qurma, konstruksiya işlərinin həyata keçirilməsinin cavabdehlərə qadağan edilməsini xahiş edir. İddiaçı tələbini “X9” MMC tərəfindən verilmiş 10 may 2023-cü il tarixli, 70 nömrəli mütəxəssis rəyi ilə əsaslandırmışdır.
25. İş üzrə aparılan məhkəmə araşdırmaları zamanı mübahisəli binaya yerli baxış keçirilmiş, xüsusi bilik tələb edən sualları izah etmək zərurəti olduğundan iş üzrə ekspertiza təyin edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli rəydə 1, 6 və 7 nömrəli mənzillərin daxilində rigel və sütunların üzərində hər hansı bir söküntü və dağılma işlərinin aparılmasının müşahidə olunmaması, daxili arakəsmə divarların (8/10 sm ölçüdə) sökülərək yenidənqurma işlərinin aparılması, lakin həmin arakəsmə divarların sökülməsinin tikinti və təhlükəsizlik norma və qaydalarına uyğun olması, qeyri-yaşayış sahəsinin 1-4-cü mərtəbələri arasında liftin yerləşdirilməsi məqsədilə aparılan mərtəbəarası örtük tavalarında 2.55x3.1 m ölçüdə boşluqların açılması və gücləndirilmə işlərinin aparılması üçün işçi layihəsinin hazırlanması və həmin layihə sənədlərinin “Dövlətbaşekspertiza”da və Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2023-cü il tarixli məktubuna əsasən razılaşdırılması, bu səbəbdən də, 1-4 mərtəbələr arasında liftin yerləşdirilməsi məqsədilə aparılmalı işlərin tikinti və təhlükəsizlik norma və qaydalarına uyğun olmasının müəyyən edilməsi, lakin baxış zamanı, mərtəbəarası örtüyün sökülərək lift şaxtasının yaradılması üçün nəzərdə tutulan (mübahisələndirilən) sahənin kənarları hörüldüyündən, həmin hissəyə baxış keçirilməsinin mümkün olmaması, yenidənqurma işlərinin aparılması nəzərdə tutulan hissənin kənarları hörüldüyündən və həmin hissəyə baxış keçirilməsi mümkün olmadığından, həmin işlərin Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X6 Agentliyi tərəfindən verilmiş rəyə uyğun olub-olmamasını müəyyən etməyin mümkün olmaması, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X6 Agentliyi “Azərinşaatlayihə” Dövlət Baş Layihə-Konstruktor və Texnoloji İnstitutu tərəfindən Cavabdeh3 sifarişi əsasında mərtəbəarası örtük tavalarında 2.55x3.1 m ölçüdə boşluqların açılması və gücləndirilmə işlərin aparılması üçün işçi layihəsinin hazırlanmasını və həmin layihə sənədlərinin “Dövlətbaşekspertiza”da razılaşdırılmasını nəzərə alaraq aparılmalı yenidənqurma işlərinin layihə sənədlərinə uyğun olaraq aparıldığı halda həmin işlərin binanın dayanıqlığı (binanın dayanıqlığının zəifləməsi) baxımından hər hansı təhlükə yaratmamasının müəyyən olunması, aparılmalı və aparılan yenidənqurma işləri Cavabdeh3 məxsus 1 nömrəli mənzilin daxilində yerləşdiyindən, həmin yenidənqurma işlərinin İddiaçı məxsus 2 nömrəli mənzildə hər hansı maneə (mənzilin qapısının bağlanması və s.) yaratmamasının müəyyən edilməsi, 4-cü mərtəbədə ümumi dəhlizə doğru Cavabdeh3 məxsus 1 nömrəli mənzilinə bitişik alçipandan təqribən 10 sm ölçüdə, 4,0 m uzunluğunda çıxıntı yaradılması, lakin bu artırma alçipan ilə quraşdırıldığından və əsaslı tikinti olmadığından, həmin artırmanın tikinti norma və qaydalarına uyğun olub-olmamasının tikinti normaları ilə tənzimlənməməsi, İddiaçı məxsus 2 nömrəli mənzilə vizual baxış zamanı mənzilin divarları, tavanı üzərində hər hansı qüsurların, çatların olmasının müşahidə olunmaması qeyd edilmişdir.
26. Həmçinin, qeyd edilməsi zəruridir ki, məhkəmə araşdırmaları dövründə İddiaçı tərəfindən verilmiş müvəqqəti təminat tədbirinə dair ərizə məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə qismən təmin edilmiş, hazırkı mülki iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəsini alanadək ünvan 9ında inşa edilmiş yüksək mərtəbəli yaşayış binasında və həmin binada yerləşən 1 və 6 saylı mənzildə aparılan qanunsuz söküntü, tikinti işlərinin dayandırılaraq söküntü, tikinti işlərinin aparılması cavabdehlərə qadağan edilmişdir. Hazırda həmin qərardad qüvvədədir.
c) Məhkəmənin mövqeyi:
27. Məhkəmə hesab edir ki, iddia tələbinin dəlilləri əsassız olduğundan və sübuta yetirilmədiyindən hazırkı iddia təmin edilməməlidir.
28. Belə ki, ilk öncə qeyd edilməlidir ki, iddiaçı cavabdehlər tərəfindən aparılan söküntü və yenidənqurma işlərinin qanunsuz olduğunu iddia etsə də, bu dəlilini təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmiş, əksinə cavabdehlər tərəfindən təqdim edilmiş mötəbər sübutlardan və məhkəmə tərəfindən təyin edilmiş ekspertiza nəticəsində verilmiş ekspert rəyindən onların apardığı tikinti, yenidənqurma işlərinin qanunsuz aparılmaması, layihənin müvafiq orqanlarla razılaşdırılaraq, həmçinin, müvafiq rəylər alınaraq həyata keçirilməsi müəyyən edilmişdir. İddiaçının məhkəməyə təqdim etdiyi yeganə mütəxəssis rəyi yalnız iddiaçının bildirdiyi faktlar əsasında, işdə olan digər sənədlər nəzərə alınmadan tərtib edildiyindən, habelə orada qeyd edilənlər işin digər materialları ilə təkzib edilərək, öz təsdiqini tapmadığından, məhkəmə həmin rəyi mötəbər sübut kimi qiymətləndirmir.
29. İddiaçı mənzilinə və mənzilin yerləşdiyi binaya dəymiş zərərin cavabdehlərin hesabına aradan qaldırılması ilə binanın əvvəlki vəziyyətinə gətirilməsini, mənzilinə dəymiş 20.000 manat ziyanın cavabdehlərdən tutularaq ona ödənilməsini tələb etsə də, zərər vurulması faktı məhkəmə tərəfindən müəyyən edilməmişdir. Mülki prosessual qanunvericiliyin sübut etmə üzrə vəzifə bölgüsünü müəyyən edən normalarına istinadən qeyd edilməsi zəruridir ki, hər bir tərəf öz tələb və etirazlarının əsaslandığı halları sübut etmək vəzifəsi daşıyır. Deməli, iddiaçı cavabdehlərin apardığı söküntü və yenidənqurma işləri nəticəsində mənzilinə və binaya zərər dəydiyini iddia etdiyindən, zərərin mövcudluğunu sübut etmək vəzifəsi onun üzərində olmuşdur. Lakin buna baxmayaraq, iddiaçı mənzilinə və binaya zərər vurulmasını, həmin zərərin cavabdehlərin təqsirli hərəkətləri nəticəsində dəydiyini və zərərin məbləğini təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmiş, məhkəmə araşdırmaları zamanı təqdim edilmiş ekspert rəyində isə onun mənzilinə və binaya zərər vurulmadığı müəyyən edilmişdir. Belə olan halda məhkəmə tərəfindən “binanın əvvəlki vəziyyətə gətirilməsi və dəymiş zərərin ödənilməsi” tələbinin təmin edilməsinə heç bir əsas müəyyən edilmir.
30. “Cavabdeh3 mülkiyyətində olduğu müəyyən edilən 1, 6-7 nömrəli mənzillərin qeyriyaşayış təyinatlı istifadə edilməsinin qadağan edilməsi” tələbi ilə əlaqədar qeyd edilməlidir ki, cavabdehlərin həmin mənzildən qeyri-yaşayış təyinatlı sahə - klinika kimi istifadə etmək niyyətində olmaları iş üzrə məhkəmə araşdırmaları zamanı tərəflərin izahatları ilə öz təsdiqini tapan, işin mübahisələndirməyən halı olmuşdur. Lakin hazırda bu mənzillərin qeyri-yaşayış təyinatlı istifadə edilmədiyi aşkardır. Gələcəkdə həmin sahələrin xəstəxana ofisi, klinika, doğum evi, anbar, yoxsa xəstəxana kafeteriyası və s. kimi istifadə edilməsi isə hələ dəqiq deyil, deməli, həmin sahənin gələcəkdə qeyri-yaşayış sahəsi təyinatı ilə istifadəsi zamanı iddiaçının hər hansı hüquqlarına xələl gətirib-gətirməyəcəyini müəyyən etmək hazırkı mərhələdə mümkün deyildir. Qanunvericilikdə mənzilin qeyri-yaşayış təyinatına çevrilərək istifadə edilməsinə dair hər hansı məhdudiyyət nəzərdə tutulmadığından və yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, tələbin bu hissəsinin də təmin edilməsinə heç bir əsas yoxdur.
31. “Binanın dayanıqlığına, bütövlüyünə təsir edən, o cümlədən iddiaçının qonşuluq hüququna müdaxilə edən təmir, tikinti, yenidən qurma, konstruksiya işlərinin həyata keçirilməsinin cavabdehlərə qadağan edilməsi” tələbinə münasibətdə qeyd edilməlidir ki, iddiaçı bu tələbini mərtəbələrarası hissədə lift üçün boşluq açılmasının və mənzillərdəki sütunların dağıdılmasının, habelə cavabdehin mənzilinin artırmasının binanın dayanıqlığına xələl gətirməsi, özünün mənzilindən istifadəsinə maneə yaratması ilə əsaslandırsa da, iş materiallarında olan ekspert rəyində onun bu iddialarının əsassız olması nəticəsinə gəlməyə əsas verən faktlar müəyyən edilmişdir. Lift üçün nəzərdə tutulan boşluq hörüldüyündən, ora baxış keçirilməsi mümkün olmasa da, məhkəmə hesab edir ki, bu, mahiyyətcə heç nəyi dəyişmir, çünki cavabdeh tərəfin həyata keçirməyi nəzərdə tutduğu layihə müvafiq qurumlar tərəfindən təsdiqlənmişdir. Əlavə olaraq qeyd edilməlidir ki, qanuni qüvvəsini almış məhkəmə qərardadına əsasən hazırda həmin ünvanda qanunsuz söküntü, tikinti işlərinin dayandırılaraq söküntü, tikinti işlərinin aparılması cavabdehlərə qadağan edilmişdir. Bütün göstərilənləri ümumiləşdirərək məhkəmə hesab edir ki, iddia tələbinin bu hissəsi də təmin edilməməlidir.
32. “Cavabdehlər tərəfindən tikinti və təhlükəsizlik normalarının pozulması səbəbindən onlar barəsində xüsusi qərardad çıxarılması” barədə tələb məhkəmə tərəfindən vəsatət kimi qiymətləndirilir və məhkəmə qeyd etməyi zəruri sayır ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən əgər məhkəmə proses iştirakçılarının əməllərində cinayətin əlamətlərini aşkara çıxararsa, tərəflərin belə tələblərinin olub-olmamasından asılı olmayaraq, bu barədə xüsusi qərardad çıxararaq özü prokurora xəbər verir. Lakin hazırkı iş üzrə məhkəmə belə bir hal aşkar etmədiyindən, xüsusi qərardad çıxarılması barədə vəsatətin də təmin edilməməli olduğu qənaətinə gəlir.
d) Tətbiq edilən hüquq və məhkəmənin iş üzrə gəldiyi nəticə:
33. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 6.1, 6.1.4. Mülkiyyətin toxunulmazlığı mülki qanunvericiliyin prinsiplərindən biridir. Maddə 21. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Maddə 152.1-152.6. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddə 170.1-170.2. İkitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, birbirinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Maddə 171.1-171.2. Torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səs-küyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz. Təsirin əhəmiyyətli olduğu, lakin digər torpaq sahəsindən və ya başqa daşınmaz əmlakdan adi istifadədən törəndiyi və istifadəçilərin həmin növü üçün normal təsərrüfat fəaliyyəti sayılan tədbirlərlə qarşısı alına bilmədiyi hallarda da eyni qayda qüvvədə olur. Maddə 226.3. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi müqavilə əsasında onu icarəyə verə bilər. Maddə 459.1. Zərərin əvəzini ödəməyə borclu olan şəxs əvəz ödəməyə borclu edən hal baş verməsəydi, mövcud olacaq vəziyyəti bərpa etməlidir. Maddə 1096. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Qanunun bu normasının tətbiqi üçün mülki hüquq məsuliyyətinin 4 zəruri şərti mövcud olmalıdır. Birincisi, törədilmiş əməl hüquqazidd olmalıdır; ikincisi, törədilmiş əməl nəticəsində başqa şəxsə birbaşa zərər yetirilməlidir; üçüncüsü, mülki hüquq pozuntusu ilə zərər arasında səbəbli əlaqə mövcud olmalıdır; dördüncüsü isə hüquqpozan şəxsin təqsiri olmalıdır.
34. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76.1-76.2. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 115.0.1. Ekspertlərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
35. Azərbaycan Respublikası Mənzil Məcəlləsi: Maddə 20.1. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsinə bu Məcəllənin və şəhərsalma haqqında qanunvericiliyin tələblərinin nəzərə alınması şərti ilə yol verilir.
36. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin 2009-cu il 07 aprel tarixli 37 nömrəli əmri ilə təsdiq edilmiş “Tibb Müəssisələrində Sanitariya-Epidemioloji Tələblərə dair Qaydalar”: 2.6-cı bənd. Yaşayış və ictimai binalarda, eləcə də həmin binalara bitişik tikililərdə ambulator-poliklinik tibb müəssisələrinin (kabinetlərin), o cümlədən: müalicə-sağlamlıq, reabilitasiya və bərpa müəssisələrinin, həmin mərkəzlərin nəzdində gündüz stasionarlarının yerləşdirilməsinə icazə verilir. 4.1-ci bənd. Ambulator-poliklinika müəssisələrinin yaşayış və ictimai binalarda, ayrıca tikilmiş binalarda və ya müalicə-diaqnostik xidmətlərə yaxın olan stasionara bitişik tikililərdə yerləşdirilməsinə yol verilir.
37. Azərbaycan Respublikası Dövlət Şəhərsalma Və Arxitektura Komitəsinin Kollegiyasının “Yaşayış binaları. Layihələndirmə normaları”nın təsdiq edilməsi haqqında 30 noyabr 2021-ci il tarixli, 3 №-li Qərarı: 4.11-ci bənd. Yaşayış binalarında, eləcə də həmin binalara bitişik tikililərdə ambulatorpoliklinik tibb müəssisələrinin (kabinetlərin), o cümlədən: müalicə-sağlamlıq, reabilitasiya və bərpa müəssisələrinin, həmin mərkəzlərin nəzdində gündüz stasionarlarının yerləşdirilməsinə yol verilir. Yaşayış binalarında yerləşdirilən tibb müəssisələri binanın əsas hissəsindən əsaslı divarlarla ayrılmalı, müstəqil ventilyasiya, kanalizasiya sistemləri və xəstələr üçün ayrıca girişlə təchiz edilməlidir. Yaşayış binalarında tibb müəssisələri Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin 2009-cu il 07 aprel tarixli 37 nömrəli əmri ilə təsdiq edilmiş “Tibb müəssisələrində sanitariya-epidemioloji tələblərə dair Qaydalar” nəzərə alınmaqla yerləşdirilməlidir.
38. “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı: Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsi ilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.
39. Beləliklə, məhkəmə yuxarıda istinad edilən hüquq normalarına əsasən belə qənaətə gəlir ki, İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə, Cavabdeh2 və Cavabdeh3 qarşı “əmlakın əvvəlki vəziyyətinə qaytarılması və s.” tələbinə dair iddiası təmin edilməməlidir.
40. Məhkəmə mülki prosessual qanunvericiliyin tələbinə əsaslanaraq, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsinə də qiymət verməyi zəruri hesab edir. Belə ki, məhkəmə qeyd edir ki, bu məsələ prosessual qanunvericiliklə tənzimləndiyindən, bu barədə qərar qəbul edərkən məhkəmə iddia ərizəsində belə tələbin olub-olmamasından asılı deyildir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilmədiyindən, iş üzrə ödənilmiş dövlət rüsumu İddiaçı aid edilməli, keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 100 (bir yüz) manat məbləğində pul İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir.
Nəticə:
41. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə, Cavabdeh2 və Cavabdeh3 qarşı “əmlakın əvvəlki vəziyyətinə qaytarılması və s.” tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 100 (bir yüz) manat məbləğində pul İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN: **********, Hesab: AZ34CTRE********************, Büdcə təsnifatının kodu: 142595, Büdcə səviyyəsinin kodu: 3, Dövlət xəzinədarlığı Agentliyi, Kod: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ013601**********3944, SWİFT BİK: CTREAZ22) köçürülsün. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Günay Abidova