Məhkəmə qərarları › İş №e-2(006)-1788/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №e-2(006)-1788/2022

21.04.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1788/2022 21.04.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, Əliyeva Günay Alim qızının katibliyi, İddiaçı vəkili-nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Vəlı̇ yev Vaqif İdris oğluna qarşı "pul borcunun qaytarılması və s." tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Vəlı̇ yev Vaqif İdris oğluna qarşı "pul borcunun qaytarılması və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Vəlı̇ yev Vaqif İdris oğlundan 120,000 manat əsas borcun, 26,250 manat bank faiz uçot dərəcəsi ilə hesablanmış faiz borcunun, cəmi 146,250 manat məbləğində pul vəsaitinin və ödənilmiş 437 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh 14.02.2019-cu il tarixində iddiaçıdan 60,000 avro məbləğində borc almış və həmin borcu 14.03.2019-cu il tarixinədək ona qaytarmağı öhdəsinə götürmüşdür. Sonradan cavabdeh pul məbləğini iddiaçıdan borc almasına dair iltizam yazmış, həmin iltizam iddiaçı, cavabdeh və şahid qismində X1 adlanan şəxs tərəfindən imzalanmışdır. Lakin buna baxmayaraq, cavabdeh iddiaçıya olan borcunu qaytarmamışdır. Buna görə də cavabdeh Vəlı̇ yev Vaqif İdris oğlundan 120,000 manat əsas borc, 26,250 manat bank faiz uçot dərəcəsi ilə hesablanmış faiz borcu (15 mart 2019-cu il tarixindən iddia ərizəsi tərtib edilən günə kimi 35 ay ərzində ödənişi gecikdirilmiş məbləğə münasibətdə 60,000 avro, yəni 120,000 manat x 35 ay x 0,625%), cəmi 146,250 manat məbləğində pul vəsaiti və ödənilmiş 437 manat dövlət rüsumu tutularaq ona ödənilməlidir. İddiaçı vəkili-nümayəndəsi Nümayəndə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdeh Vəlı̇ yev Vaqif İdris oğlundan 60,000 avro əsas borc, gecikdirilmiş vaxt üçün 9,238 avro faiz borcu, cəmi 69,238 avro məbləğində pul vəsaitinin ödəniş gününə müəyyən olunan rəsmi valyuta məzənnəsinə uyğun Azərbaycan manatı ilə, həmçinin, məhkəməyə müraciət etmək üçün ödənilmiş 437 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı vəkili-nümayəndəsi Nümayəndə iddianı müdafiə edib, iddiaçının cavabdehə 14.03.2019-cu il tarixinədək qaytarmaq şərti ilə 60,000 avro borc pul verdiyini, cavabdehin isə həmin borcu iddiaçıya qaytarmadığını bildirdi. Həmçinin, cavabdeh tərəfindən borcun etiraf edilməsi məqsədilə iltizam yazılmış, həmin iltizam iddiaçı və cavabdehlə yanaşı, şahid qismində iştirak edən X1 adlanan şəxs tərəfindən imzalanmışdır. Buna görə də iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh Vəlı̇ yev Vaqif İdris oğlu məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, iddiaçının vəkili-nümayəndəsinin işə qiyabi icraat qaydasında baxılmasına dair ərizəsinə əsasən, məhkəmə iclasının 11.04.2022-ci il tarixli qərardadı ilə işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının nümayəndəsinin izahatını, vəkilin çıxışını dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, mülki işin materiallarında olan İddiaçı, Vəlı̇ yev Vaqif İdris oğlu və X1 tərəfindən imzalanmış sadə yazılı iltizam sənədindən görünür ki, İddiaçı Vəlı̇ yev Vaqif İdris oğluna faizsiz və əvəzində heç bir haqq ödənilmədən 60,000 (altmış min) avro vermiş, Vəlı̇ yev Vaqif İdris oğlu isə həmin pulu 14.03.2019-cu il tarixinədək qaytarmağı öhdəsinə götürmüşdür. İddiaçının nümayəndəsi-vəkilinin izahatından aydın olur ki, iltizam sonradan borc öhdəliyinin etirafı məqsədilə cavabdeh tərəfindən iddiaçı və şahidin iştirakı ilə yazılmış və imzalanmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 882.1-ci maddəsinə əsasən, borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Eyni zamanda, həmin Məcəllənin 882.5-ci maddəsinin tələbinə görə, əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Sözügedən Məcəllənin 390.1-ci maddəsinə əsasən, fiziki və hüquq şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 390.5-ci maddəsinə görə, müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir. Mülki Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Sözügedən Məcəllənin 427.3-cü maddəsinə görə, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 157.2-ci maddəsinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, cavabdeh iddiaçıdan 60,000 avro məbləğində borc almış və iddiaçı ilə qarşılıqlı razılaşmasına əsasən, 14.03.2019-cu il tarixinədək həmin məbləği faizsiz və heç bir haqq ödəmədən iddiaçıya geri qaytarmağı öhdəsinə götürmüşdür. Sonradan tərəflərin və şahidin iştirakı ilə yazılıb imzalanmış iltizam sənədi əsasında cavabdeh iddiaçıya olan borcunu etiraf etmişdir. Lakin bütün bunlara baxmayaraq, cavabdeh iddiaçıya olan borcunu bu günədək geri qaytarmamışdır. Buna görə də 60,000 avro məbləğində əsas borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Mülki Məcəllənin 445.2 və 445.2.1-ci maddələrinə görə, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Məhkəmə hesab edir ki, borcun ödənilməsinin razılaşdırıldığı son tarixdən, yəni 14.03.2019-cu il tarixdən iddia ərizəsinin tərtib edildiyi günədək gecikdirilmiş vaxt üçün iddiaçı tərəfindən tələb edilən 9,238 avro (60,000 x 5% / 12 x 37) məbləğində faiz borcu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Mülki işin materiallarında olan 12.02.2022-ci il tarixli ödəniş qəbzi haqqında məlumatdan görünür ki, İddiaçı tərəfindən iddia ərizəsinin məhkəməyə verilməsi ilə əlaqədar olaraq 437 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllənin) 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə belə qənaətə gəlir ki, Mülki Prosessual Məcəllənin 119-cu maddəsinə əsasən, iş üzrə ödənilmiş 437 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə müəyyən etdi ki, cavabdeh 14.02.2019-cu il tarixdə iddiaçıdan 14.03.2019-cu il tarixinədək qaytarmaq şərti ilə 60,000 avro məbləğində borc almış, lakin həmin tarixədək borcunu qaytarmamışdır. Sonradan tərəflərin və şahidin iştirakı ilə yazılıb imzalanmış iltizam sənədi əsasında cavabdeh iddiaçıya olan borcunu etiraf etmişdir. Hazırda cavabdeh iddiaçıya əsas borc üzrə 60,000 avro, gecikdirilmiş vaxt üçün faiz borcu üzrə 9,238 avro (60,000 x 5% / 12 x 37) məbləğində pul borcludur. Həmçinin, iddiaçı tərəfindən ödənilmiş 437 manat dövlət rüsumu da cavabdehdən tutulmalıdır. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Mülki Prosessual Məcəllənin 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Mülki Prosessual Məcəllənin 89.3-cü maddəsi). Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Mülki Prosessual Məcəllənin 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. İş materiallarında olan cavabdehin, iddiaçının və şahidin iştirakı ilə imzalanmış yazılı iltizam sənədi məhkəmə tərəfindən cavabdehin iddiaçıya olan mövcud borcunun etirafına dair sübut kimi qiymətləndirilmişdir. Həmçinin, mülki qanunvericiliyin normaları baxımından cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, cavabdeh qarşılıqlı razılaşma əsasında üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunun qaytarılması barədə qarşılıqlı razılaşdırdıqları müddətdən, yəni 14.03.2019-cu il tarixdən iki ildən çox vaxt keçməsinə baxmayaraq, borcunu qaytarmamış, bununla da razılaşmanın şərtlərini pozmuşdur. Sonradan yazılı iltizam əsasında borcunu etiraf etsə də, borcun geri qaytarılması məqsədilə heç bir ödəniş etməmişdir. Buna görə də məhkəmə hesab edir ki, cavabdeh iddiaçıya olan borcunu ödəməlidir. Beləliklə, məhkəmə yuxarıda qeyd edilənlərə qiymət verərək hesab edir ki, tərəflər arasında olan qarşılıqlı razılaşmaya və mövcud borcun etirafı kimi tərtib edilən iltizam sənədinə əsasən, cavabdeh Vəlı̇ yev Vaqif İdris oğlundan 60,000 avro məbləğində əsas borc və gecikdirilmiş vaxt üçün hesablanan (illik 5 %) 9,238 avro məbləğində pul vəsaiti (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın avroya münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) alınaraq İddiaçı verilməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə, hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia təmin edilsin. Cavabdeh Vəlı̇ yev Vaqif İdris oğlundan 60,000 (altmış min) avro əsas borc, icranın gecikdirilməsi ilə bağlı 9,238 (doqquz min iki yüz otuz səkkiz) avro faiz, cəmi 69,238 (altmış doqquz min iki yüz otuz səkkiz) avro (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın avroya münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) və ödənilmiş 437 manat dövlət rüsumu pul vəsaiti alınaraq İddiaçı verilsin. Qiyabi qətnamə tərəflərə rəsmən təqdim edildiyi gündən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi üçün Nəsimi Rayon Məhkəməsinə ərizə, 1 (bir) ay müddətində isə Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar