Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-18/2025 24.04.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, İddiaçının, onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı ümumi birgə əmlakın bölgüsü tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı ümumi birgə əmlakın bölgüsü tələbinə dair tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 1A nömrəli mənzil və ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin naturada aralarında bölünməsi, ünvan 3 ünvanında yerləşən 17 nömrəli mənzilin qiymətləndirilərək hərracdan satılması və pulunun aralarında bölünməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən 1A nömrəli mənzil, ünvan 3 ünvanında yerləşən 17 nömrəli mənzil və ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsi ½ hissəsidə onun ½ hissəsidə isə cavabdehin olmaqla onların ümumi birgə mülkiyyətlərindədir. Lakin, bu vəziyyət onu qeyd edilən daşınmaz əmlaklarda olan payı ilə bağlı istədiyi kimi sərəncam vermək hüququndan məhrum edir. Belə ki, cavabdeh onunla heç bir şəkildə razılaşdırmadan qeyd edilən əmlaklarla bağlı istədiyini edir. Qeyd edilən əmlakların ona məxsus olan hissəsi ilə bağlı isə ona sərəncam verməyə imkan vermir. Buna görə də o, ümumi birgə mülkiyyətkəri olan yuxarıda qeyd edilən daşınmaz əmlaklarda olan payının üzərində sərəncam vermək qərarına gəlmişdir. Bu məqsədlə qeyd edilən əmlaklarda olan payının naturada bölünməsi, bu mümkün olmadıqda isə satılaraq bölünməsi ilə bağlı cavabdehə təklif göndərmişdir. Həmçinin istədiyi təqdirdə ona məxsus payın qiymətləndirilməsi və cavabdeh tərəfindən satın alınmasını da təklif etmişdir. Lakin, bütün bunlara baxmayaraq cavabdeh onun təkliflərinin heç birinə cavab verməmişdir. Buna görə də o, qeyd edilən ümumi birgə əmlaklarının Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 3 ünvanında yerləşən 17 nömrəli mənzil, ünvan 1 ünvanında yerləşən 1A nömrəli mənzil və ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin naturada aralarında bölünməsi, bu mümkün olmadıqda isə həmin daşınmaz əmlakların qiymətləndirilərək hərracdan satılması və pulunun aralarında bölünməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 3 ünvanında yerləşən 17 nömrəli mənzil, ünvan 1 ünvanında yerləşən 1A nömrəli mənzil və ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin naturada aralarında bölünməsi, bü mümkün olmadıqda isə həmin daşınmaz əmlakların ilk öncə yalnız paylı mülkiyyətçilərin iştirakçıları üçün qapalı hərracdan, həmin hərracda mülkiyyətçilərdən biri tərəfindən əldə edilmədiyi halda isə açıq hərracdan satılması və pulunun aralarında bölünməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı, onun nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdilər. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli iclasında iştirak etmiş cavabdehin nümayəndəsi və vəkili iddianı etiraf etməyərək onun təmin olunmamasını xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib, hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2(006)-70/2013 saylı qətnaməsinin surətindən görünür ki, birgə nikah dövründə əldə olunmuş və cavabdeh X2 adına rəsmiləşmiş Bakı şəhəri, Yasamal rayon, Şixəli Qurbanov küçəsində istifadə olunan 0.0923 ha torpaq sahəsində yerləşən 1 nömrəli binanın zirzəmisində 56.1 m2 ümumi, 56,1 m2 əsas sahədən ibarət qeyri-yaşayış sahəsinə və Bakı şəhəri, ünvan 4 ünvanda yerləşən mənzilə iddiaçının ½ payı müəyyən edilməklə mülkiyyət hüququnun tanınması, Bakı şəhəri, ünvan 4 ünvanda yerləşən mənzilin zirzəmisində inşa edilən qaraja ödənilmiş 10000 ABŞ dolları pul vəsaitinə və cavabdeh X2 Azərbaycan Beynalxalq Bankından məxaric etdiyi 60873,58 ABŞ dolları məbləğində vəsaitin 1/2 hissələrinə iddiaçının pay hüquqları tanınmaqla ona çatası məbləğin (5000 ABŞ dolları və 30436,79 ABŞ dolları) ilkin iddia üzrə cavabdehdən alınaraq ona, yəni X1 verilməsi, ünvan 2 (56,1 kv.m ümumi, 56.1 kv.m əsas sahədən ibarət-cəmi 112,2 kv.m), ünvan 3, mənzil 17 (4 otaqlı, ümumi sahəsi 178,5 kv.m), Bakı şəhəri, Nəsimi rayonu, Ə.Qasımzadə küçəsi, ev 72 mənzil 1A (2 otaqlı, sahəsi 41,34 kv.m), Azərbaycan Beynəlxalq Bankının Mingəçevir şəhər filialında K.F.Qafarovanın adında olan 61788,30 ABŞ dolları məbləğində pul vəsaiti 1/2 hissələri (30894.15 ABŞ dolları) iddiaçının xüsusi mülkiyyətinə, istifadəsinə verilməsi, həmçinin qeyd edilən daşınmaz əmlakalara dair reyestrlərdən çıxarışların ½ hissələri iddiaçıya verilməsi qət edilmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 5 ünvanda olan xüsusi mülkiyyətin ½ hissəsi İddiaçı, ½ hissəsi Cavabdeh məxsusdur. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 6 ünvanda olan xüsusi mülkiyyətin ½ hissəsi X1, ½ hissəsi Cavabdeh məxsusdur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(006)-3650/2022 saylı qərardadı ilə mülki iş üzrə ünvan 1 ünvanında yerləşən 1A nömrəli mənzil və ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin naturada bölünməsinin mümkün olubolmaması və ünvan 3 ünvanında yerləşən 17 nömrəli mənzilin bazar qiymətinin nə qədər təşkil etməsi barədə məhkəmə tikinti-texniki və qiymətləndirmə ekspertizası təyin edilmiş və iş üzrə ekspert rəyi təqdim edilənədək icraat dayandırılmışdır. Məhkəməyə təqdim edilən xx.xx.2023-cü il tarixli ekspert rəyi ilə ünvan 1 ünvanında yerləşən 1A nömrəli mənzil və ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsi ilə bağlı tədqiqat aparılmamış, ünvan 3 ünvanında yerləşən 17 nömrəli mənzilin hazırki bazar qiymətinin isə 409.122 manat məbləğində olması müəyyən edilmişdir. İş materiallarında olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 50 manat məbləğində müəyyən olunmuşdur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(006)-154/2023 saylı qərardadı ilə mülki iş üzrə ünvan 3 ünvanında yerləşən 17 nömrəli mənzil, ünvan 1 ünvanında yerləşən 1A nömrəli mənzil və ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin naturada bölgüsünün mümkün olub-olmamasının, həmçinin ünvan 3 ünvanında yerləşən 17 nömrəli mənzil, ünvan 1 ünvanında yerləşən 1A nömrəli mənzil və ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin hazırki bazar qiymətinin nə qədər olması ilə bağlı təkrar məhkəmə tikinti-texniki və qiymətləndirmə ekspertizaları təyin edilmiş və iş üzrə ekspert rəyləri təqdim edilənədək icraat dayandırılmışdır. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli rəyinə əsasən ünvan 3 ünvanında yerləşən 17 nömrəli mənzil, ünvan 1 ünvanında yerləşən 1A nömrəli mənzil və ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin naturada ayrılmasının “İnşaat Norma və Qaydaları” 2.08.01.89-un 1.1, 2.2, 2.4 və 2.9 bəndlərinin tələblərinə uyğun olaraq texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir. İş materiallarında olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 50 manat məbləğində müəyyən olunmuşdur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(006)-32/2024 saylı qərardadı ilə iş üzrə ekspertiza təyin edilmiş, Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli rəyinə əsasən tədqiq olunan ümumi sahəsi 178,5 m2 olan, Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi ev 11 ünvanında yerləşən 4 otaqlı 17 nömrəli mənzilinə yaxın ərazilərdə yerləşən analoji mənzillərin mövcud orta bazar dəyəri təqribən 433 800,00 (178,5 m2 x 2430,00) manat müəyyən edilir. Qeyd olunan xüsusatlara müvafiq müqayisə metodu ilə tədqiqat apararkən, ekspertiza tədqiqatına təqdim edilmiş ünvan 1 ünvanında yerləşən, yuxarıda qeyd edilən analoji xüsusiyyətlərə malik mənzillərin satışına və qiymətinə dair məlumat olmadığı müəyyən edildi. Bu səbəbdən də ekspertiza qarşısında qoyulmuş suala cavab vermək mümkün olmadı. Qeyd olunan xüsusatlara müvafiq müqayisə metodu ilə tədqiqat apararkən, ekspertiza tədqiqatına təqdim edilmiş ünvan 2 ünvanında yerləşən, yuxarıda qeyd edilən analoji xüsusiyyətlərə malik qeyriyaşayış sahələrinin satışına və qiymətinə dair məlumat olmadığı müəyyən edildi. Bu səbəbdən də ekspertiza qarşısında qoyulmuş suala cavab vermək mümkün olmadı. İş materiallarında olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 100 manat məbləğində müəyyən olunmuşdur. Mülki Məcəllə ümumi mülkiyyəti paylı və birgə mükiyyət olmaqla fərqləndirir. Həmin Məcəllənin 213.2-ci maddəsində təsbit edilmişdir ki, əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Mülki Məcəllə həmçinin əmlakın paylı və birgə mülkiyyətdə olmasından asılı olaraq ona sahiblik, ondan istifadə və ona dair sərəncam verilməsi qaydalarını da fərqli tənzimləyir. Bu mənada, əmlaka sahiblik və əmlakın onun istifadəsinə verilməsi hüquqlarına münasibətdə də mülki qanunvericilik əmlakın paylı və birgə mülkiyyətdə olmasından asılı olaraq fərqli qaydalar müəyyən edir. Əmlak əgər paylı mülkiyyətdədirsə, Mülki Məcəllənin 215.2-ci maddəsi müəyyən edir ki, paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Beləliklə, qanunvericiliyin tələblərindən göründüyü kimi paylı mülkiyyətçi yalnız ümumi əşyanın öz payına düşən hissəsinin ona verilməsini tələb edə bilər. Onun payına aid hissənin paylı mülkiyyətin məhz hansı hissəsi olduğu isə əmlakın naturada bölgüsünün aparılması ilə müəyyən edilə bilər. Mülki Məcəllənin 220.2 və 220.3-cü maddələrində bununla bağlı olaraq təsbit edilmişdir ki, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. İş materiallarında olan ekspert rəyindən aydın olur ki, göstərilən torpaq sahəsinin mülkiyyətçilərinin paylarına uyğun olaraq naturada bölünməsi texniki cəhətdən mümkün deyildir. Məhkəmə iş üzrə keçirilmiş ekspertiza tədqiqatına dair ekspertin rəyini sübut kimi qəbul edir və hesab edir ki, mübahisəli torpaq sahəsinin mülkiyyətçilərinin paylarına uyğun olaraq naturada bölünməsi texniki cəhətdən mümkün olmadığından, mövcud iddia tələbi əmlakların naturada bölünməsi hissəsində təmin edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 220.4-cü maddəsinə əsasən bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Həmin Məcəllənin 220.6-cı maddəsinə əsasən bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Həmin Məcəllənin 221-ci maddəsinə əsasən ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür, bu, əşyanın dəyəri əhəmiyyətli dərəcədə azalmadan mümkün olmadıqda isə açıq hərracdan və ya iştirakçılar üçün hərracdan satılır. Fiziki bölgü bərabər olmayan payların əvəzinin pulla ödənilməsi ilə birləşdirilə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 aprel 2014-cü il tarixli qərarında göstərilmişdir ki, “əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Eyni zamanda, payının naturada ayrılması mümkün olmadıqda və mülkiyyətçi payın əvəzinə pul kompensasiyasını almaqdan imtina etdikdə, həmin mülkiyyətçi əmlakın açıq hərracdan satılmasını tələb edə bilməz. Həmçinin paylı mülkiyyətin mülkiyyətçisi birbaşa əmlakın açıq hərracdan satılmasını tələb etmək hüququna malik deyil. Bu baxımdan, paylı mülkiyyətin mülkiyyətçilərinin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticələrə gəlir: Mülki Məcəllənin 220.6 və 221-ci maddələrinin mənasına görə bütün paylı mülkiyyətçilərin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür”. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 415.1-ci maddəsinə əsasən auksionlar və müsabiqələr açıq və qapalı ola bilər. Açıq auksionda və açıq müsabiqədə istənilən şəxs iştirak edə bilər. Qapalı auksionda və qapalı müsabiqədə yalnız bu məqsəd üçün dəvət olunan şəxslər iştirak edirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyaları “Azərbaycan Respublikası Mülki Məcəlləsinin paylı mülkiyyətlə bağlı bəzi müddəalarının tətbiqi məsələləri üzrə” fevral 2024-cü il tarixli Qərardadın 47-ci bəndinə əsasən, naturada ayrılma mümkün olmadıqda ikinci mərhələnin tətbiqi ilə bağlı Konstitusiya Məhkəməsinin Plenumunun 2014-cü il 4 aprel tarixli qərarında göstərilmişdir ki, ...mülkiyyətçiyə düşən pay əvəzinə pul kompensasiyasının ödənilməsi yalnız payın naturada ayrılması mümkün olmadıqda və onun razılığı ilə həyata keçirilə bilər. Payın həcmindən asılı olmayaraq paylı mülkiyyətin istənilən mülkiyyətçisi pul kompensasiyasının ödənilməsi tələbini irəli sürmək hüququna malikdir. Əgər iddiaçı tərəfindən belə tələb irəli sürülməmişdirsə, məhkəmə öz təşəbbüsü ilə kompensasiyanın ödənilməsini müəyyən edə bilməz. Belə ki, məhkəmə iddia tələbinin hədlərindən kənara çıxa bilməz. Ümumi paylı mülkiyyətin mülkiyyətçisi yalnız ona pul kompensasiyasının ödənilməsini tələb edə bilər. Həmin mülkiyyətçi digər mülkiyyətçilərə pul kompensasiyasının ödənilməsini tələb etmək hüququna malik deyil. Qeyd olunan qanunvericiliyin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, paylı mülkiyyət olan daşınmaz əmlaklar paylara uyğun qaydada naturada bölünməsi mümkün olmayan (bölünməz) əşya olduğundan, tərəflər əmlakın paylara uyğun kompensasiya verilməklə ümumiliyin ləğv edilməsinin müzakirəsində razılığa gəlmədiyindən və müstəqil olaraq belə iddia tələbi ilə çıxış etmədiyindən iddia tələbi naturada bölgü deyil, qalan hissədə əsaslıdır və həmin əmlaklar üzrə tərəflərin mövqeləri nəzərə alınaraq hərracın keçirilməsi forması müəyyənləşdirilməlidir. Həmçinin qeyd olunmalıdır ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin paylı mülkiyyətlə bağlı bəzi müddəalarının tətbiqi məsələləri üzrə” fevral 2024-cü il tarixli Qərardadın 66-cı bəndinə əsasən, Məhkəmə tərəflərdən birinin əmlaklar üzərində tam mülkiyyət hüququnu əldə etmək niyyətinin və ehtimalın olmasını nəzərə alaraq hərrac əvvəlcə yalnız paylı mülkiyyətin iştirakçıları üçün hərracın keçirilməsi, daşınmaz əmlaklar həmin hərracda mülkiyyətçilərdən biri tərəfindən əldə edilmədiyi halda isə açıq hərracdan satılmalı olmasını göstərilməlidir. Azərbaycan Respublikasının MPM-in 14.2. və 77.1-ci maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesba edir ki, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə məhkəmə xərclərinin tərkib hissəsi olan ekspertiza tədqiqatının dəyəri-cəmi 200 manat məbləğində pul vəsaiti tərəflərdən bərabər şəkildə tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin AZ41NABZ******************** saylı müxbir hesabına ödənilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220 və 360cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. ünvan 1 ünvanında yerləşən 1A nömrəli mənzil və ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsi əvvəlcə yalnız paylı mülkiyyətin iştirakçıları üçün qapalı hərracda, daşınmaz əmlaklar həmin hərracda mülkiyyətçilərdən biri tərəfindən əldə edilmədiyi halda isə açıq hərracdan satılsın. ünvan 1 ünvanında yerləşən 1A nömrəli mənzil və ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin açıq hərracın satışından əldə edilən pulun ½ hissəsi İddiaçı, ½ hissəsi Cavabdeh oğluna ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan cəmi 200 manatın 100 manatı İddiaçı, 100 manatı Cavabdeh oğlundan alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin AZ41NABZ******************** saylı müxbir hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nail Abbasov
Məhkəmə qərarları › İş №e-2(006)-18/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-18/2025
24.04.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver