Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1801/2025 17.07.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, məhkəmə iclasının katibi Cəfərova Şəmsiyyə Abdulla qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı «vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı Cavabdeh MMC-yə qarşı «vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, təmir zamanı əmlakına dəymiş 1.500 manat məbləğində zərərin cavabdehdən tutularaq ona ödənilməsi; məhkəmənin gedişində işə baxılması ilə əlaqədar yaranacaq bütün məsrəflərin cavabdehdən tutulması; dəymiş zərərin bir faizi məbləğində dəbbə pulunun ödənilməsi; vurulmuş mənəvi zərər üçün 500 manat, vurulmuş maddi zərər üçün (parking, telefon, nəqliyyata və s. çəkilmiş xərclər) 50 manat məbləğində pulun Cavabdeh MMC-dən tutularaq ona ödənilməsi; almış olduğu hüquqi yardım üçün 300 manat məbləğinin ona ödənilməsi; cavabdehin bir istehlakçı kimi ona yaşatdığı gərəksiz stress və gərginlik hallarına görə ondan rəsmi şəkildə və ya mağaza müdiri vasitəsiylə üzr istəməsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, təmir zamanı əmlakına dəymiş 1.500 manat məbləğində zərərin cavabdehdən tutularaq ona ödənilməsi; ekran dəyişildikdən sonra cihazın real qiymətinin ucuzlaşdığını nəzərə alaraq 400 manat kompensasiya; məhkəmənin gedişində işə baxılması ilə əlaqədar yaranacaq bütün məsrəflərin cavabdehdən tutulması; dəymiş zərərin bir faizi məbləğində dəbbə pulunun ödənilməsi; vurulmuş mənəvi zərər üçün 500 manat, vurulmuş maddi zərər üçün (parking, telefon, nəqliyyata və s. çəkilmiş xərclər) 50 manat məbləğində pulun ona ödənilməsi; almış olduğu hüquqi yardım üçün 300 manat məbləğinin Cavabdeh MMC-dən tutularaq ona ödənilməsi; cavabdehin bir istehlakçı kimi ona yaşatdığı gərəksiz stress və gərginlik hallarına görə, ondan rəsmi şəkildə və ya mağaza müdiri vasitəsilə üzr istəməsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Nəsimi rayonu Zərifə Əliyeva küçəsi 111-də yerləşən Cavabdeh MMC-yə məxsus, «iSupport» servis mərkəzinə ona aid MacBook Air M2 (2022) (Seriya № JTJW2C6XRP) cihazının 350 manat müqabilində razılığa əsasən batareyasının dəyişdirilməsi üçün təhvil vermişdir. Hesab № ********* təhvil-təslim aktından da göründüyü kimi cihaz təhvil verilən zaman müştəri tərəfindən heç bir zədə və qüsur aşkar olunmamışdır. xx.xx.2024-cü il tarixdə tərəfindən cihaz geri təhvil alındığı zaman ekranında zədə (dərin cızıq) aşkarlanmış, dərhal servisin meneceri Tofiq bəyə bildirilmişdir. Tofiq bəy araşdırma aparılıb məlumat veriləcəyini bildirmişdir. Cihazının hansı şəraitdə saxlanıldığını və təmir olunduğunu tələb etsə də, buna şərait yaradılmamışdır. Bir həftə gözləyib servisdən heç bir məlumat gəlmədiyini görüb xx.xx.2024-cü il tarixdə servis mərkəzinə getmişdir. Tofiq bəy görüntülərin olduğunu, lakin rəhbərlik tərəfindən izlənilməyə icazə verilmədiyini bildirmişdir. xx.xx.2024-cü il tarixdə məcbur qalıb, çarəsiz vəziyyətdə cihazı servisdən götürmüşdür. Onu da bildirmək istəyir ki, cihazın diaqnostikasından sonra, servis işçiləri batareyanın 3 həftəyə sifariş olunub gələcəyini bildirdikləri üçün cihaz xx.xx.2024-cü il tarixdə müvəqqəti istifadəyə götürülüb, batareya gəldikdən sonra yəni, xx.xx.2024-cü il tarixdə geri təhvil verilmişdir. Lakin ona məlum olmayan hansı səbəbdənsə servisin Əli adlı əməkdaşı cihazın vintlərinin bağlanmadığı, vintlər onda olduğu üçün cihaz istifadəyə yararlı olmamışdır. Həmin müddət aralığında cihaz istifadə olunmamışdır. Cihazının servisdə göstərilən xidmət zamanı zədə aldığını hesab edir. Əmlakına təxmini 1.500 manat dəyərində ziyan dəymişdir (Servis əməkdaşları onun cihazı üçün ekranın qiymətinin 1.500 manat olduğunu bildirmişlər). Cihazının batareyasının yenisi ilə əvəz olunması barədə heç bir sənəd, qutu, sifariş sənədi təqdim edilməmişdir. Bununla bağlı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi, Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin 195 Çağrı Mərkəzinə məsələ ilə bağlı müraciət olunmasına baxmayaraq indiyə kimi heç bir nəticə yoxdur. Şirkətin rəsmi internet səhifəsindən əldə etdiyi Elektron ünvan 1 və Elektron ünvan 2 e-mail ünvanlarına dəfələrlə zərərlə bağlı müraciət məktubu göndərməsinə baxmayaraq, müraciətləri cavablandırılmamışdır. Rəhbərlik tərəfindən heç bir araşdırma aparılmamış, tədbir görülməmiş, bununla bağlı ona heç bir məlumat verilməmişdir. Qanun çərçivəsində, hüquqi yollarla bütün mümkün vasitələrdən istifadə etsə də, məsələni heç bir şəkildə hüquqlarını pozmadan həll etmək istəməmişlər. Beləliklə ona xidmət göstərilən zaman əmlakına ziyan vuraraq istehlakçı kimi hüquqlarını pozmuşlar və bundan sonra da, pozulmuş hüquqlarının bərpası üçün dəfələrlə müraciət etməsinə baxmayaraq heç bir köməklik göstərməmişlər. Ancaq, buna baxmayaraq, baş vermiş hadisənin hüquqi tənzimlənməsi milli və beynəlxalq qanunvericilikdə kifayət qədər öz əksini tapmışdır. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Həmçinin verilmiş suallara cavabdeh olaraq iddiaçı izahatında bir daha qeyd etmişdir ki, o, ilk dəfə cihazı xx.xx.2024-cü il tarixdə təmir üçün cavabdehə təqdim etmişdir. Həmin gün cihaz diaqnostika olunmuş və ona bildirilmişdir ki, cihazın batareyası dəyişdirilməlidir və batareya yalnız sifariş əsasında 3 həftə ərzində gələcəkdir. xx.xx.2024-cü il tarixdə cihazı təhvil-təslim aktı əsasında cavabdehin əməkdaşına təqdim etmişdir. Bundan sonra isə xx.xx.2024-cü il tarixdə gedib cihazı müvəqqəti istifadə üçün götürmüş, lakin cihazın batareya hissəsi çıxarıldığından və həmin hissənin vintləri açıldığından o, cihazdan istifadə edə bilməmişdir. Bu müddət ərzində cihaz qeyri-işlək vəziyyətdə iddiaçıda qalmışdır. Həmin vaxt batareya hissəsi açıldığından iddiaçı cihazdan istifadə etməmiş və ekranına da baxmamışdır. Bundan sonra xx.xx.2024-cü il tarixdə cihazı aparıb yenidən cavabdehə təqdim etmişdir, sonra isə xx.xx.2024-cü il tarixdə cihazı gedib götürəndə elə qeydiyyat yerində olan cavabdehin əməkdaşının iştirakı ilə cihazı yandırıb işləməsini yoxlamaq istəmişdir. Bu zaman cihazın ekranında qeyd edilən cızığı aşkar etmişdir. Cavabdehin əməkdaşlarından buna aydınlıq gətirilməsini, kameralara baxılmasını tələb etsə də, tələbləri təmin edilməmişdir. Cihazı məsələnin həll olunması üçün cavabdehdə saxlamışdır. Lakin, məsələ həllini tapmadığından xx.xx.2024-cü il tarixdə gedib cihazı götürmüşdür. Cavabdeh MMC tərəfindən məhkəməyə iddiaya etiraz təqdim edilmiş və qeyd olunmuşdur ki, İddiaçı Nəsimi Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, ona məxsus Macbook Air (2022) (Seriya № JTJW2C6XRP) cihazını batereyasının dəyişdirilməsi üçün təhvil verdiyi Cavabdeh MMC-yə məxsus «iSupport» servis mərkəzindən geri alarkən cihazın ekranında zədə (cızıq) aşkar etdiyini qeyd etmişdir. İddiaçı hesab edir ki, həmin zədə cihaz servisdə olarkən əmələ gəlmişdir və buna görə də, 1.500 manat dəyərində real zərərin, 500 manat dəyərində mənəvi zərərin, dəymiş zərərin bir faizi məbləğində dəbbə pulunun, 50 manat dəyərində maddi zərərin (parking, telefon, nəqliyyat və s. üçün çəkilən xərclər), almış olduğu hüquqi yardım üçün 300 manat məbləğinin və məhkəmənin gedişində yaranacaq bütün məsrəflərin cavabdehdən tutularaq iddiaçıya verilməsi, eləcə də cavabdehin yaşanılan stress və gərginliklərə görə iddiaçıdan üzr istəməsinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Sözügedən iddia ərizəsi tamamilə əsassızdır və təmin edilməməlidir. İddiaçı xx.xx.2024-cü il tarixdə cihazı 350 manat müqabilində batareyasının dəyişdirilməsi üçün cavabdehə məxsus olan servisə təhvil vermişdir. Cihazın servis tərəfindən təhvil alınması təhvil-təslim aktı ilə rəsmiləşdirilmiş və bu zaman cihazda hər hansısa bir zədə aşkar edilməmişdir. Servis tərəfindən cihazın diaqnostikası aparıldıqdan sonra bildirilmişdir ki, cihaz üçün yeni batereya sifariş edilmiş və 3 həftədən sonra çatdırılacaqdır. Bu zaman iddiaçı xx.xx.2024cü il tarixdə cihazı servisdən müvəqqəti istifadə üçün götürmüş və batereya gəldikdən sonra, yəni xx.xx.2024-cü il tarixdə yenidən servisə təhvil vermişdir. Servis əməkdaşları tərəfindən cihazın batereyası dəyişdirilmiş, xx.xx.2024-cü il tarixdə cihaz iddiaçıya təhvil verilmişdir. Cihazı təhvil alan zaman iddiaçı cihazın ekranında zədə olduğunu və həmin zədənin servisdə əmələ gəldiyini iddia etmişdir. Halbuki, iddiaçının bu iddiası tamamilə əsassızdır və heç bir sübutla dəstəklənmir. Əgər iddiaçı zərərin cavabdeh tərəfindən vurulduğunu iddia edirsə, onu sübut etməyə borcludur. Lakin iddiaçı zərərin məhz servisdə vurulması ilə bağlı sübutlar gətirə bilmir. Xüsusilə vurğulanmalıdır ki, cihaz xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə qədər iddiaçıda olmuşdur və həmin zədənin bu müddət ərzində də yaranmış olduğu ehtimal edilir. Halbuki, iddiaçı onun servisdə əmələ gəldiyini israr edərək zərərin cavabdeh tərəfindən ödənilməsini tələb edir. Beləliklə iddiaçının iddiası sadəcə təxminə əsaslanır. Məhkəmənin e-2(006)-1801/2025 nömrəli iş üzrə xx.xx.2025-ci il tarixli qərardadı ilə iddiaçıya məxsus cihaza dəymiş zərərin müəyyən edilməsi "xxxx" MMC Qiymətləndirmə Şirkətinə tapşırılmışdır. Bu zaman məhkəmə cihazda aşkar edilən zədələrin yaranma səbəbi və tarixi ilə bağlı da sual ünvanlamışdır. Qiymətləndirmə şirkəti tərtib etdiyi MB 18/0386 nömrəli, xx.xx.2025-ci il tarixli qiymətləndirmə hesabatında həmin zədənin yaranma səbəbini və tarixini müəyyən etməyin mümkün olmadığını qeyd etmişdir. Bu isə onu göstərir ki, cihazda aşkar edilən zədənin məhz cavabdehin təqsiri nəticəsində əmələ gəldiyi zədənin qiymətləndirilməsi zamanı da sübut edilməmişdir. İddiaçı iddia ərizəsində cihaza dəymiş zədə üçün 1.500 manat dəyərində real zərərin cavabdehdən tutularaq ona ödənilməsini məhkəmədən xahiş etmişdir. Lakin, cavabdehin təqsiri olmadığından iddiaçıya hər hansısa real zərərin ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyula bilməz. İddiaçı iddia ərizəsində 500 manat məbləğində mənəvi zərərin cavabdehdən tutularaq ona ödənilməsini məhkəmədən xahiş etmişdir. Lakin, iddiaçının mənəvi zərər tələbinin heç bir hüquqi əsası yoxdur. İşin hallarından da göründüyü kimi, iddiaçıya məxsus cihazda əmələ gəlmiş zədənin məhz cavabdehin təqsiri üzündən baş verməsi müəyyən edilməyib. Burada cavabdehin təqsirindən söhbət gedə bilməz. Buna görə də, iddiaçının mənəvi zərər tələbi tamamilə əsassızdır. İddiaçı eyni zamanda dəymiş zərərin 1 faizi məbləğində dəbbə pulunun da ödənilməsini tələb edir. Halbuki, tərəflər arasında dəbbə pulu ödənilməsini şərtləndirə biləcək hər hansı bir öhdəliyin pozulması və ya lazımınca icra edilməməsi faktı mövcud deyildir. Əgər belə bir fakt mövcud olsa idi belə, yenə də bu tələb əsassızdır. Çünki Məcəllənin 463-cü maddəsinin tələblərinə əsasən, dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır və yazılı formaya riayət edilməməsi dəbbə pulu haqqında razılaşmanın etibarsızlığına səbəb olur. Bu o deməkdir ki, tərəflər arasında dəbbə pulu ilə bağlı razılaşma yoxdursa, bir tərəf digər tərəfdən dəbbə pulu ödənilməsini tələb edə bilməz. İddiaçı iddia ərizəsində belə bir yazılı razılaşmanın olduğunu qeyd etməmiş və iddia ərizəsinə bununla bağlı hər hansısa bir sənəd əlavə etməmişdir. Ona görə də, iddiaçının dəbbə pulu tələbi tamamilə əsassızdır. İddiaçı cihazında əmələ gələn zədə üçün yaşadığı stress və gərginlik hallarına görə cavabdehin ondan üzr istəməsini tələb edir. Bu tələbin heç bir hüquqi əsası yoxdur. Bu o deməkdir ki, hər hansısa bir əmlaka dəymiş zərərlə bağlı məhkəmə qaydasında qarşı tərəfin üzərinə üzr istəmək öhdəliyi qoyula bilməz. Yuxarıda qeyd olunanlara əsasən İddiaçı iddiası əsassız olduğundan rədd edilməsi barədə qətnamə çıxarılması xahiş olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. İş materialları: Təqdim olunmuş fotoşəkildən görünür ki, iddiaçıya məxsus “MacBook Air M2” markalı cihazın monitorunda (ekranında), aşağı kənarına yaxın mərkəz hissəsində cızıq müşahidə olunur. xx.xx.2024-cü il tarixli hesabatdan görünür ki, iddiaçıya məxsus “MacBook Air M2” markalı cihaz diaqnostikadan keçirilmiş, cihazda müştəri tərəfindən yaranmış hər hansı zədə və ya qüsur aşkar olunmamış, batareyanın şişdiyi, yenisi ilə əvəz edilməli olduğu, batareyanın sifariş edildiyi və dəyərinin 350 manat təşkil etdiyi, iddiaçı tərəfindən nağd şəkildə 100 manat depozit qoyulduğu qeyd edilmişdir. xx.xx.2024-cü il tarixli təhvil aktından görünür ki, iddiaçı özünə məxsus MacBook Air M2 markalı cihazın monitorunda (ekranında) cızıq olduğundan onu qəbul etməkdən imtina etmiş, 100 manat depoziti geri almışdır. xx.xx.2024-cü il tarixli 7004 saylı satış çekindən görünür ki, iddiaçı tərəfindən cihaz üçün yeni batareyanın alınmasına görə 350 manat ödəniş edilmişdir (ƏDV 18 % = 53,39 manat). xx.xx.2024-cü il tarixli və xx.xx.2025-ci il tarixli elektron məktublardan görünür ki, İddiaçı Cavabdeh MMC-yə rəsmi şəkildə müraciət edərək, hazırki iş üzrə iddia ərizəsində qeyd olunan məsələni cavabdehin rəhbərliyinin nəzərinə çatdırmış, əmlakının (mübahisə predmeti olan cihazın) müvafiq günlərdə hansı şəraitdə saxlanılması və təmir edilməsinin görüntülərinin təqdim olunmasını, daha sonra birinci müraciətinə cavab almadıqdan sonra, kompüterinin ekranının dəyişdirilməsi üçün lazım olan 1.500 manatın kompensasiya edilməsini; ekran dəyişildikdən sonra cihazın real qiymətinin ucuzlaşdığını nəzərə alaraq 300 manatın kompensasiya edilməsini; əlavə xərclər üçün çəkilmiş 100 manat məbləğin ödənilməsini; araşdırmanın nəticələri və atılacaq addımlar barədə ona yazılı şəkildə məlumat verilməsini xahiş etmişdir. "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli MB18/0385 saylı qiymətləndirmə rəyindən görünür ki, iddiaçıya məxsus “MacBook Air M2 (2022)” markalı (Seriya № JTJW2C6XRP) cihazının vizual baxış zamanı ekranında uzun, nazik və düz bir cızıq olduğu müəyyən edilmişdir. Bu cızıq ekranın şüşə/qoruyucu qatında yaranmışdır. Ekranın təmiri ilə bağlı xərclərin orta bazar qiyməti toplanmış rəsmi və qeyri-rəsmi mənbələrdən əldə edilmiş məlumatlara əsasən rəsmi apple servislərində 500-600 USD, yəni 850-1.020 manat arası təşkil edir (1-ci sual üzrə). İddiaçıya məxsus MacBook Air M2 (2022) (Seriya № JTJW2C6XRP) cihazında aşkar edilən zədələrin yaranma səbəbləri və aşkar edilən zədələrin yaranma tarixini müəyyən etmək üçün müvafiq cihaz və laboratoloji avadanlıq olmadığından aşkar etmək mümkün deyil. Vizual baxış nəticəsində bu tip cızıq zədələrin yaranma səbəbi klaviatura və ekran arasında sıx təmasdan, təmizləyərkən sərt material istifadəsindən, zərbədən və ya başqa əşyanın ekrana toxunmasından qaynaqlandığını demək olar (2-ci və 3-cü suallar üzrə). İddiaçıya məxsus MacBook Air M2 (2022) (Seriya № JTJW2C6XRP) cihazında aşkar edilən zədələr nəticəsində əmlak (istifadə müddəti nəzərə alınmaqla) öz dəyərini 20% qədər, yəni 480 manat itirmişdir (4-cü sual üzrə). Aparılmış qiymətləndirmənin dəyəri 300 manat təşkil etmişdir. Məhkəmə tərəfindən müvafiq qərardad əsasında cavabdehdən xx.xx.2024xx.xx.2024-cü il və xx.xx.2024-xx.xx.2024-cü il tarixləri əhatə edən dövr üçün kamera görüntülərinə (Cavabdeh MMC-yə məxsus «iSupport» servis mərkəzinin qeydiyyat, saxlanc və təmir otaqlarının) məhkəmə iclasında baxış keçirilməsi, işə obyektiv, ədalətli və tam şəkildə baxılması üçün həmin görüntülərin təqdim edilməsi tələb olunmuş, lakin cavabdeh tərəfindən üzərindən uzun müddət keçdiyinə görə görüntülərin mövcud olmadığı (saxlanılmadığı) bildirilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 18-ci maddəsinə əsasən, mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. 1128.1-ci maddəsinə əsasən malın, işin və ya xidmətin konstruksiya, resept və ya digər qüsurları (keyfiyyətsiz məhsul) nəticəsində, habelə mala (işə, xidmətə) dair yanlış və ya yarımçıq informasiya nəticəsində fiziki şəxsin həyatına, sağlamlığına və ya əmlakına dəyən zərərin əvəzini malın satıcısı və ya istehsalçısı, işi görmüş və ya xidməti göstərmiş şəxs (icraçı), təqsirli olub-olmadığına və zərərçəkənin onlar ilə müqavilə münasibətlərində olub-olmadığına baxmayaraq, ödəməlidirlər. 1132-ci maddəsinə əsasən, malın, işin və ya xidmətin qüsurları nəticəsində vurulmuş zərər üçün məsuliyyət halında sübutetmə yükü zərərçəkənin öhdəsinə qoyulur. «İstehlakçıların Hüquqlarının Müdafiəsi Haqqında» Azərbaycan Respublikası Qanununun: 10-cu maddəsinə əsasən iş görülməsində və xidmət göstərilməsində, istehlakçının həyatını, sağlamlığını və ya əmlakının təhlükəsizliyini təmin etməyən materialların, avadanlıqların cihazların, alətlərin, qurğuların və başqa vasitələrin tətbiqi nəticəsində vətəndaşın həyatına, sağlamlığına və ya əmlakına zərər dəyərsə, icraçı onlar xassələrini bilib-bilmədiyindən asılı olmayaraq məsuliyyət daşıyır.12-ci maddəsinə əsasən, istehlakçıların bu Qanunda nəzərdə tutulan hüquqları istehsalçı (icraçı, satıcı) tərəfindən pozularsa, istehlakçıya dəyən mənəvi ziyan günahkar tərəfindən ödənilməlidir. Ödənilən ziyanın dəyəri, qanunla başqa hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən müəyyən edilir. 26-cı maddəsinə əsasən, istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. İstehlakçının tələblərini yerinə yetirməklə yanaşı, məhkəmə həmçinin ona dəymiş mənəvi (qeyri-əmlak) zərərin də ödənilməsini həll edir. İstehlakçılar hüquqlarının pozulması barədə qaldırdıqları iddialara görə dövlət rüsumu verməkdən azad edilirlər. Fundamental Hüquqlar Haqqında X2 38-ci maddəsində deyilir ki, ittifaqın siyasəti istehlakçıların yüksək səviyyəli müdafiəsini təmin etməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu 3 noyabr 2008-ci il tarixli, 7 saylı qərarında izah edir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, izrirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Həmin qərarda qeyd olunur ki, mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Eyni zamanda Plenum izah edir ki, Azərbaycan Respublikası Miilki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə 2008-ci il 30 iyul tarixli Qərarında ifadə etdiyi hüquqi mövqeyinə əsasən, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Ali Məhkəmənin Plenumu 3 noyabr 2002-ci il tarixli qərarında qeyd edir ki, Mülki Məcəllənin 23-cü maddəsində müəyyən edilən hallarda, mənəvi zərər cavabdehin üzərinə müəyyən vəzifələr qoyulmaqla ödənilə bilər və zərərçəkən şəxsdən üzr istənilməsi də bu vəzifələrdən biri ola bilər. Lakin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulan hallar şərəfin, ləyaqətin və işgüzar nüfuzun müdafiəsi ilə bağlı tələblərə aiddir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə tərəfindən toplanmış və tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, iddiaçı özünə məxsus olan “MacBook Air M2” markalı cihazı xx.xx.2024-cü il tarixdə cavabdehə təqdim etmiş, cihaz diaqnostikadan keçirilmiş, cihazın batareyasının dəyişdirilməsi zərurit müəyyən edilmiş, cihaz cavabdeh tərəfindən təhvil alınarkən cihazda müştəri tərəfindən yaranmış hər hansı zədə və ya qüsur aşkar olunmamışdır. xx.xx.2024-cü il tarixdə həmin cihaz iddiaçıya qaytarıldığı zaman, cihazın monitorunda (ekranında) cızıq olduğundan iddiaçı onu qəbul etməkdən imtina etmişdir. Məhkəmə hesab edir ki, iddiaçının onun əmlakına bu şəkildə zərər vurulmasına dair dəlilləri işin faktiki hallarına uyğundur. Belə ki, iddiaçı ilkin olaraq cihazı cavabdehə təqdim etdiyi zaman cavabdeh tərəfindən tərtib edilmiş müvafiq aktda cihaz üzərində hər hansı nöqsan olmadığına dair qeyd aparılmışdır. Sonradan xx.xx.2024-cü il tarixdə cihaz iddiaçı tərəfindən götürüldüyü zaman və xx.xx.2024-cü il tarixdə iddiaçı tərəfindən təkrarən cavabdehə təqdim edildiyi zaman isə cihaza baxış keçirilməmiş və üzərində hər hansı nöqsanla bağlı qeydiyyat aparılmamışdır. Cihazın batareyası təmir edilən dövrədək, xx.xx.2024-cü il tarixdə müvəqqəti istifadəyə götürülüb, batareya gəldikdən sonra yəni, xx.xx.2024-cü il tarixdə cavabdehə təhvil verilənədək cihazın monitorunda hər hansı zədə, cızıq, deformasiya olmamışdır. Əks təqdirdə cavabdehin servis xidməti cihazın batareyasını dəyişmək üçün təhvil götürməkdən imtina edər, yaxud cihazı qeyd-şərt (monitorda cızıq olmasını) göstərməklə təmirə qəbul edərdi. Demək ki, cavabdeh bu davranışı ilə xx.xx.2024-cü il tarixdə cihazı təhvil aldığı zaman onun nöqsansız qəbul etməsini təsdiq etmişdir. Bununla da iddiaçının xx.xx.2024-cü il tarixdə cihazı təhvil alarkən onda aşkar etdiyi qüsurun təqsiri nəticəsində yaranması öz təsdiqini tapmış olur. Məhkəmə cavabdehin bu halı qəbul etməməsinə dair etirazını əsassız hesab edir. Bununla da, iddiaçıya cihazın ekranının təmiri ilə bağlı 850 manat, əşyanın dəyərinin azalması səbəbindən 480 manat olmaqla, cəmi 1.330 manat ziyan vurulmuşdur. Məhkəmə iddia tələbini yalnız ekranın təmiri və cihazın dəyərinin düşməsi, habelə bunların fonunda ona mənəvi zərər dəyməsi baxımından əsaslı hesab edir. İddiaçının iddia tələbinin - dəymiş zərərin bir faizi məbləğində dəbbə pulunun ödənilməsi, vurulmuş maddi zərər üçün (parking, telefon, nəqliyyata və s. çəkilmiş xərclər) 50 manat məbləğində pulun ona ödənilməsi, almış olduğu hüquqi yardım üçün 300 manat məbləğinin Cavabdeh MMC-dən tutularaq ona ödənilməsi, cavabdehin bir istehlakçı kimi ona yaşatdığı gərəksiz stress və gərginlik hallarına görə, ondan rəsmi şəkildə və ya mağaza müdiri vasitəsilə üzr istəməsinin təmin edilməsi - hissələri ilə bağlı bildirir ki, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunda qüsuru olan mal satılarkən və iş görülməsinə və xidmət göstərilməsinə dair müqavilələrin şərtləri pozularkən istehlakçının hüquqları siyahısında istehlakçının qarşı tərəfdən dəbbə pulu tələbi tanınmışdır. Hazırda isə iddiaçının tələbi ona xidmət göstərən şəxs tərəfindən ona dəymiş zərərin məbləğinə uyğun olaraq dəbbə pulunun ödənilməsindən ibarətdir ki, qeyd edilən tələb maddi hüquq normasının dispozisiya şərtlərinə uyğun deyildir. Habelə iddia tələbində parking, telefon, nəqliyyata və s. çəkilmiş xərclərə görə 50 manat məbləğində pulun və almış olduğu hüquqi yardım üçün 300 manat məbləğin iddiaçıya ödənilməsi tələb olunsa da, iddiaçı həqiqətən də həmin xərcləri çəkməsinə dair sübutlarını məhkəməyə təqdim etməmişdir. İddia tələbinin iddiaçıya vurulmuş mənəvi zərərə görə 500 manat pulun tutulması hissəsini məhkəmə qismən əsaslı hesab edir. Belə ki, iddiaçının əmlakının təmirini etibar etdiyi müəssisədə əmlakına əlavə zərər vurulması və üstəlik də bu zərərin aradan qaldırılmaması onda mənfi psixi reaksiyaya səbəb olan haldır. Odur ki, bu hissədə iddia tələbi 200 manat həddində təmin edilməlidir. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, dəymiş zərərə görə 850 manat, əşyanın dəyərinin azalmasına görə 480 manat, həmçinin vurulmuş mənəvi zərərə görə 200 manat olmaqla, cəmi 1.530 manat maddi ziyan Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilməlidir. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Aparılmış qiymətləndirmə tədqiqatının dəyərini təşkil edən 300 (üç yüz) manat xərc Cavabdeh MMC-dən tutularaq "xxxx" MMC-nin təqdim etdiyi hesaba ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. İddiaçı əmlakına dəymiş zərərə görə 850 (səkkiz yüz əlli) manat, əşyanın dəyərinin azalmasına görə 480 (dörd yüz səksən) manat, mənəvi zərərə görə 200 (iki yüz) manat olmaqla, cəmi 1.530 (bir min beş yüz otuz) manat maddi ziyan Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Aparılmış qiymətləndirmə tədqiqatının dəyərini təşkil edən 300 (üç yüz) manat xərc Cavabdeh MMC-dən tutularaq "xxxx" MMC-nin təqdim etdiyi hesaba ("xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, VÖEN: ********** H/h: № AZ33İBAZ******************** "xxxx" ASC Yasamal filialı Kodu: 805562 VÖEN: ********** Müxbir hesab: AZ03NABZ******************** S.W.İ.F.T BİK: İBAZAZ2X) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüsalə Musayeva
Məhkəmə qərarları › İş №e-2(006)-1801/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1801/2025
17.07.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver