Məhkəmə qərarları › İş №e-2(006)-1825/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1825/2022

13.04.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1825/2022 13.04.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Səməd Fəxrəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əhmədova Məstanə Mətləb qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Ləğv prosesində olan «X1» ASC-nin Ləğedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı ("xxxx" MMC mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) «Bankın elektron sistemində olan borc öhdəliyin silinməsi və bu barədə "xxxx" MMC-yə məlumat verilməsi» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Ləğv prosesində olan «X1» ASC-nin Ləğedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı ("xxxx" MMC mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) «Bankın elektron sistemində olan borc öhdəliyin silinməsi və bu barədə "xxxx" MMC-yə məlumat verilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, «X1» ASC-nin onunla bağladığı 28.10.2010-cu il tarixli 23-260-10 saylı kredit müqaviləsinə görə kredit reyestrinin elektron bazasında borcun olmasına dair düzəlişlərin edilərək silinməsi, bu barədə ona arayışın verilməsi və üçüncü şəxs "xxxx" MMC-ni məlumatlandırmaq öhdəliyinin cavabdeh Ləğv prosesində olan «X1» ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun üzərinə vəzifə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, «X1» ASC ilə bağladığı 28.10.2010-cu il tarixli, 23-260-10 saylı kredit müqaviləsinə əsasən ona 12 ay müddətində illik 112 faizlə 76.179 manat məbləğində kredit verilmişdir. «X1» ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia ərizəsi ilə Binəqədi rayon Məhkəməsinə müraciət edərək, 26.10.2017-ci il tarixə ondan 76.179 manat əsas borc, 28.10.2011-ci il tarixə hesablanan 5.206,13 manat faiz, müqavilə bitdiyi tarixdən hazıra kimi 5 %-lik borc olan 23.172 manat olmaqla, ümumilikdə 104.557,13 manat kredit borcunun, mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Binəqədi rayon Məhkəməsinin 23.07.2019cu il tarixli 2(001)-294/2019 saylı qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14 yanvar 2020-ci il tarixli 2(103)-940/2020 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 16 avqust 2021-ci il tarixli 2(102)-3218/2021 saylı qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır. Məhkəmə qərarlarından sonra o, ərizə ilə cavabdeh qurum Ləğv prosesində olan «X1» ASC-nin Ləğedicisi Əmanətlərin Sığortalanması Fonduna ərizə ilə müraciət edərək, «X1» ASC ilə bağladığı 28.10.2010-cu il tarixli 23-260-10 saylı kredit müqaviləsi üzrə onun adına olan kredit borcunun silinməsi, "xxxx" MMC-də onun adına olan kredit borcunun silinməsini xahiş etmişdir. Cavabdehin 21 yanvar 2022-ci il tarixli **********125 №-li cavab məktubu ilə xahişi təmin olunmamış və bildirilmişdir ki, məhkəmə qərarları ilə Əmanətlərin Sığortalanması Fondu üzərinə icra ediləcək hər-hansı bir öhdəlik qoyulmamışdır. Cavabdehin imtinası tamamilə əsassızdır. Belə ki, onun bank qarşısında heç bir öhdəliyi yoxdur. Cavabdehlə onun arasında hal hazırda kredit müqaviləsi olmadığına görə onun cavadeh qarşısında heç bir öhdəliyi də yoxdur. Odur ki, cavabdeh 28.10.2010-cu il tarixli 23-260-10 saylı kredit müqaviləsi üzrə adına olan borca dair cavadehin kredit reyestrinin elektron bazasında olan məlumatlar silinməlidir. Həmin məlumatların reyestrdə qalması ona məişətdə (məişət avadanlıqların kreditlə alınması zamanı) və gələcəkdə sahibkar kimi kreditin alınmasında mane olur, ona çətinlik yaradır. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh Ləğv prosesində olan «X1» ASC-nin Ləğedicisi Əmanətlərin Sığortalanması Fonduna və mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC-yə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, onların nümayəndələri məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdeh Ləğv prosesində olan «X1» ASC-nin Ləğedicisi Əmanətlərin Sığortalanması Fondunun və mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş sənədlərdən görünür ki, LPO «X1» ASC İddiaçı qarşı «kredit məbləğinin qaytarılması» tələbinə dair iddia ərizəsi ilə Binəqədi rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 23 iyul 2019-cu il tarixli 2(001)-294/2019 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. Həmin qətnamədən LPO «X1» ASC tərəfindən apellyasiya şikayəti verilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14.01.2020-ci il tarixli 2(103)- 940/2020 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 23 iyul 2019-cu il tarixli 2(001)-294/2019 saylı qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır. Həmin qətnamədən LPO «X1» ASC tərəfindən kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 16.08.2021-ci il tarixli 2(102)-3218/2021 saylı qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14.01.2020-ci il tarixli 2(103)-940/2020 saylı qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır. Həmin məhkəmə aktları ilə müəyyən edilmişdir ki, tələb iddia müddəti ötürülməklə verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. İddiaçı cavabdeh Ləğv prosesində olan «X1» ASC qarşısında 28.10.2010-cu il tarixli 23-260-10 saylı kredit müqaviləsi üzrə icra edilməmiş öhdliyinin (borcunun) olmamasına dair hallar aşkar olmaqla, həmin faktların yenidən mübahisələndirilməsinə və sübut edilməsinə yol verilmir. Hazırki mülki işə baxan məhkəmə əlavə olaraq qeyd etməyi zəruri hesab edir ki, Mülki Məcəllənin 527.1-ci maddəsinə əsasən öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir. Mülki Məcəllənin 527.2-ci maddəsinə əsasən öhdəliyə tərəflərdən birinin tələbi ilə xitam verilməsinə yalnız bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan hallarda yol verilir. Mülki Məcəllənin 551.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, bütün tələblər on il (adi müddət) keçdikdən sonra qüvvəsini itirir. Mülki Məcəllənin 551.2, 551.2.1-ci maddəsinə əsasən kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir. Mülki Məcəllənin 554.3-cü maddəsinə əsasən əsas tələblə birlikdə ondan asılı olan əlavə öhdəliklərin icrasına dair tələb də müddətin keçməsinə görə qüvvəsini itirir. Mülki Məcəllənin 554.4-cü maddəsinə əsasən müddətin keçməsi tərəflərin razılaşması ilə istisna edilə və ya çətinləşdirilə bilməz. Tərəflər müddətin keçməsinin sadələşdirilməsi, o cümlədən onun qısaldılması barədə razılaşa bilərlər. Göründüyü kimi, sadalanan maddi hüquq normaları baxımından iddiaçının hazırkı iddiasında qeyd edilən kredit müqaviləsi üzrə müddət keçmiş, tələb qüvvəsini itirmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Ləğv prosesində olan «X1» ASC-nin əməliyyat sistemində və kredit bürosundan çıxarışda İddiaçı adına 28.10.2010-cu il tarixli 23-260-10 saylı kredit müqaviləsi üzrə qeyd olunmuş borc silinməli və İddiaçı 28.10.2010-cu il tarixli 23-260-10 saylı kredit müqaviləsi üzrə borclu olmadığı barədə qeydin "xxxx" MMC-nin kredit reyestrində aparılması cavabdeh Ləğv prosesində olan «X1» ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun və 3-cü şəxs "xxxx" MMC-nin üzərinə qoyulmalıdır. Ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Ləğv prosesində olan «X1» ASC-nin əməliyyat sistemində və kredit bürosundan çıxarışda İddiaçı adına 28.10.2010-cu il tarixli 23-260-10 saylı kredit müqaviləsi üzrə qeyd olunmuş borc silinsin. İddiaçı 28.10.2010-cu il tarixli 23-260-10 saylı kredit müqaviləsi üzrə borclu olmadığı barədə qeydin "xxxx" MMC-nin kredit reyestrində aparılması cavabdeh Ləğv prosesində olan «X1» ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun və 3-cü şəxs "xxxx" MMC-nin üzərinə qoyulsun. Ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Səməd Cəfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar