Məhkəmə qərarları › İş №e-2(006)-1888/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №e-2(006)-1888/2025

30.01.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr - Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-1888/2025 30.01.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Abidova Günay Çingiz qızı, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-yə qarşı “alqı-satqı müqavilələrinin ləğv edilməsi və s.” tələbinə dair iddia ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİM: Təsviri hissə:

1. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-yə qarşı “alqı-satqı müqavilələrinin ləğv edilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən, “24/47” nömrəli bağın 18 sot torpaq sahəsinə görə iddiaçı ilə (onun adından X1 imza edib) Cavabdeh1 arasında 06 fevral 2022-ci ildə Bakı şəhər 15 saylı Dövlət Notariat Kontorunda bağlanılmış AN-İ ******* saylı və Cavabdeh3 arasında həmin notariat Kontorunda bağlanılmış AN-İ ******* nömrəli alqı-satı müqavilələrinin ləğv edilməsi, həmin müqavilələr əsasında daşınmaz əmlakın dövlət reyestrində 9 fevral 2022-ci ildə Cavabdeh3 və 14 fevral 2022-ci ildə Cavabdeh1 adlarına aparılmış ********** və ********** nömrəli qeydiyyatların və verilmiş çıxarışların ləğv edilməsi, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən, “24/47” nömrəli bağın 18 sot torpaq sahəsinin iddiaçının xüsusi mülkiyyətinə qaytarılması, həmçinin, ödənilmiş 100 manat dövlət rüsumunun əvəzinin cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi məhkəmə aidiyyəti qaydalarına riayət edilmədən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə verildiyindən ərizə və ona əlavə olunmuş sənədlər iddiaçılara geri qaytarılmalıdır.

Əsaslandırıcı hissə: a) İş materialları:

3. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən görünür ki, İddiaçı (VÖEN: **********; statusu: aktiv) xx.xx.2009-cu ildə, Cavabdeh1 (VÖEN: **********; statusu: fəaliyyətini müvəqqəti dayandırmış) xx.xx.2012-ci ildə, Cavabdeh3 (VÖEN: **********; statusu: aktiv) xx.xx.2024-cü ildə Azərbaycan Respublikası Vergilər Nazirliyində vergi ödəyicisi kimi qeydiyyata alınmışdır.

4. İddia ərizəsindən görünür ki, iddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu üçün ona borc pul lazım olduğunu və bu məqsədlə öz mülkiyyətində olan bağ sahəsini “Sədərək” ticarət mərkəzindən tanıdığı Cavabdeh1 xeyrinə ipoteka ilə yüklü etmək, əldə etdiyi gəlirdən Cavabdeh1 də faiz vermək niyyətində olduğunu, pulu faizi ilə birlikdə geri qaytardığını, lakin Cavabdeh1 hərəkətləri nəticəsində əmlakının Cavabdeh1 və digər Cavabdeh3 mülkiyyətinə keçdiyini mübahisələndirir.

5. İddia ərizəsinə iddiaçının iddia etdikləri ilə üst-üstə düşən xx.xx.2022-ci il tarixli akt əlavə edilmişdir.

6. xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

7. Beləliklə, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin ilkin araşdırılması nəticəsində məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçı mülki prosessual qanunvericiliyin məhkəmə aidiyyəti normalarına riayət etməmişdir.

8. Belə ki, “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən İddiaçı (VÖEN: **********), cavabdehlər Cavabdeh1 (VÖEN: **********) və Cavabdeh3 (VÖEN: **********) Azərbaycan Respublikası Vergilər Nazirliyində vergi ödəyicisi kimi qeydiyyata alınmış fərdi sahibkar olmaları müəyyən edilir. Deməli, hazırki mübahisənin subyektiv tərkibi sahibkarlıq fəaliyyəti subyektləridir.

9. Tərəflər arasında olan hüquq münasibətlərinin xarakterinə və mübahisənin predmetinə gəldikdə isə qeyd edilməlidir ki, iddia ərizəsinin mahiyyətindən və ona əlavə edilmiş aktdan müəyyən edilir ki, iddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu üçün borc pul lazım olması səbəbindən Cavabdeh1 borc almış, pulu faizi ilə birlikdə geri qaytarmağa dair öhdəlik götürmüş, bu məqsədlə mübahisə predmeti olan bağ sahəsini onun xeyrinə ipoteka ilə yüklü etməyə dair razılıq əldə etmişdir. Lakin iddiaçı iddia edir ki, pulu faizi ilə birlikdə geri qaytarsa da, Cavabdeh1 hərəkətləri nəticəsində bağ sahəsi Cavabdeh1 və digər Cavabdeh3 mülkiyyətinə keçmişdir. Deməli, mübahisə predmeti olan əmlak məhz sahibkarlıq fəaliyyəti subyektləri arasında gəlir əldə etmək məqsədilə əldə edilmiş razılaşmaya əsasən, cavabdehlərin mülkiyyətinə keçmişdir.

c) Məhkəmənin mövqeyi:

10. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırki iş üzrə tərəflər sahibkarlıq subyektləri və onlar arasında yaranmış münasibətlər kommersiya münasibətləri olduğundan, bu münasibətlərdən yaranan hazırkı mübahisə kommersiya mübahisəsidir.

d) Tətbiq edilən hüquq və iş üzrə məhkəmənin gəldiyi nəticə:

11. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 1-ci maddə. Azərbaycan Respublikasının məhkəmələrində mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının qaydası Azərbaycan Respublikasının Konstitusiyası, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanunu, bu Məcəllə, digər qanunlar, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilərlə müəyyən edilir. Maddənin qeyd hissəsinə əsasən bu Məcəllədə kommersiya mübahisələri dedikdə sahibkarlıq fəaliyyətinin keçirilməsi ilə əlaqədar olan mübahisələr başa düşülür. 24.2-ci maddə. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. 26.1-ci maddə. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. 26-cı maddə. Kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə (Bankın öhdəliklərinin könüllü restrukturizasiyası haqqında işlər üzrə icraat), habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. 31.1-ci maddə. Aidiyyət qaydalarının pozulmasına yol verilmir. Maddə 114.1. Bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Maddə 152.1.3. Əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri iddiaçıya geri qaytarır. Maddə 152.4. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur.

12. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 10 №-li Qərarı: 11-ci bənd. MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir; 12-ci bənd. Bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. 13-cü bənd. Əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir. 14-cü bənd. Əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn mübahisələrdə mütləq şərt kimi mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasına diqqət yetirilməlidir. Hər iki tərəfin kommersiya hüquqi şəxs olduğu halda, onların sahibkarlıq fəaliyyətindən kənar fəaliyyətinin olmaması baxımından bu kateqoriya işlərə kommersiya məhkəmələrində baxılması şübhə doğurmasa da, digər subyektlərə münasibətdə mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə diqqət yetirilməlidir. Belə ki, tərəflərdən birinin fərdi sahibkar statusuna malik olmasından asılı olmayaraq mübahisə həmin şəxsin sahibklarlıq fəaliyyətindən irəli gəlmirsə, işə aidiyyəti üzrə ümumi məhkəmədə baxılacaqdır. 15-ci bənd. Kommersiya mübahisələrinin subyektlərinin, habelə baxış predmetinin mümkün dairəsi də məhz mübahisə üzrə hüquq münasibətinin xarakterinin sahibkarlıq fəaliyyəti ilə bağlı olmasına dair bu Qərarın 13-cü bəndində əks olunmuş yanaşma baxımından müəyyənləşdirilməlidir. 20-ci bənd. Məhkəmə aidiyyətinin müəyyənləşdirilməsində tərəflərin subyekt tərkibi ilə bağlı meyarın qiymətləndirilməsi baxımından məhkəmələr nəzərə almalıdır ki, mübahisənin xarakteri ilə bağlı müəyyən halların (bu Qərarın 13-cü bəndi) mövcudluğu şərti ilə kommersiya məhkəmələrinin baxış predmetini təşkil edən işlər üzrə tərəflər qismində mülki hüquqi mübahisənin bütün mümkün subyektləri (hüquqi şəxslər, fərdi sahibkarlar, dövlət orqanları, bələdiyyələr, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslər) iştirak edə bilərlər. 28-ci bənd. Fərdi sahibkar kimi müvafiq vergi orqanında uçota alınmış fiziki şəxsin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada öz fəaliyyətini müvəqqəti dayandırması, yəni həmin şəxsin VÖEN-nin (vergi ödəyicisinin eyniləşdirmə nömrəsinin) aktiv olmaması onu fərdi sahibkar statusu olmayan şəxs kimi qiymətləndirməyə əsas vermir. Fərdi sahibkar kimi müvafiq vergi orqanında uçota alınmış fiziki şəxs yalnız Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 34.7.3-cü maddəsində nəzərdə tutulmuş əsaslar üzrə belə uçotdan çıxarıldığı halda fərdi sahibkar statusunu itirmiş hesab edilir. Həmçinin nəzərə alınmalıdır ki, fiziki şəxsin fərdi sahibkar kimi vergi orqanında uçota alınarkən göstərilən konkret fəaliyyət istiqamət (lər)i ilə deyil, qanunla qadağan edilməyən sahibkarlıq fəaliyyətinin başqa növü ilə məşğul olması işin kommersiya məhkəməsinə aidiyyətini dəyişdirmir.

13. Göründüyü kimi, hazırki iş üzrə həm mübahisənin subyekt tərkibinin (tərəflər), həm onlar arasında olan münasibətlərin, həm də predmetin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması məhkəmə tərəfindən müəyyən edildiyindən, həmin məsələyə aidiyyəti kommersiya məhkəməsində baxılmalıdır.

14. Hesab edirəm ki, işə məhkəmə aidiyyəti üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində baxılmalı olmadığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalı, iddiaçıya aidiyyəti kommersiya məhkəməsinə müraciət etmək hüququ izah edilməli və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu onu ödəyən şəxsə geri qaytarılmalıdır.

Nəticə:

15. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 31, 152, 263-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq,

QƏRARA ALDİM:

İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-yə qarşı “alqı-satqı müqavilələrinin ləğv edilməsi və s.” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. Dövlət büdcəsinə dövlət rüsumu kimi ödənilmiş 100 (bir yüz) manat məbləğində pul İddiaçı geri qaytarılsın (qəbz №: **********). İddiaçıya izah edilsin ki, aidiyyəti kommersiya məhkəməsinə müraciət etmək hüququ vardır. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər.

Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar