Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-189/2024 27.08.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, məhkəmə iclasının katibi Cəfərova Şəmsiyyə Abdulla qızının katibliyi, İddiaçı və onun nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı "qanunsuz tikilinin sökülməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MTK tərəfindən Bakı şəhəri Nəsimi rayonu ərazisində inşa edilmiş çoxmərtəbəli yaşayış binasının qarşısında, Şamil Əzizbəyov küçəsi ilə Səməd Vurğun küçələrinin kəsişməsində qanunsuz inşa edilməkdə olan ticarət köşkünün onun öz hesabına sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 24 may 2019-cu il tarixində “Pilot İnşaat-A" Mənzil Tikinti Kooperativi ilə iddiaçının arasında mənzil və qeyri-yaşayış sahələrinin alqısatqısına dair müqavilə bağlanmışdır. Müqaviləyə əsasən satıcı Bakı şəhəri Nəsimi rayonu S.Vurğun küçəsində inşa edilən çoxmənzilli 3 saylı yaşayış binasının 1-ci mərtəbəsində ümümi sahəsi 500 m2, Ş.Əzizbəyov küçəsi ilə S.Vurğun küçələrinin kəsişməsində yerləşən ümümi sahəsi 268 m2, Ş.Əzizbəyov küçəsi tərəfindən 4 saylı girişin 2-ci mərtəbəsində yerləşən ümümi sahəsi 32 m2 olan qeyri-yaşayış sahələrini və 1 ədəd yeraltı avtomobil dayanacağını təmirsiz halda tikib iddiaçıya verməyi, iddiaçı da onlara müqavilə üzrə dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Daşınmaz əmlakın dəyəri tamamilə ödənilmişdir. Hazırda müqavilədə qeyd olunan sahələr iddiaçıya təhvil verilmişdir. Ona görə də o, təmir işlərinə başlamışdır. Eyni zamanda iddiaçı aldığı qeyriyaşayış sahəsinin girişi və ətrafının abadlaşdırılması, yaşıllığın salınması, ağacların əkilməsi ilə məşğul olmuşdur. İddiaçı qeyri-yaşayış sahəsinə gələrkən əkdiyi ağacların kökündən çıxarılaraq oğurlandığının şahidi olmuşdur. Məlum olmuşdur ki, “Pilot İnşaat-A" Mənzil Tikinti Kooperativi tərəfindən həmin yerdə ticarət köşkü quraşdırılması üçün artıq ilkin inşaat işləri aparılmışdır. İddiaçı 2019-cu ildə MTK ilə müqavilə bağlayarkən ona göstərilmiş layihədə binanın qarşısında Ş.Əzizbəyov küçəsi ilə S.Vurğun küçələrinin kəsişdiyi nöqtədə hər hansı bir əlavə tikilinin, obyektin inşa ediləcəyinə dair məlumat yox idi və həmin köşkün yerinə pilləkənlər nəzərdə tutulmuşdu. Layihə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edildiyindən yalnız həmin orqanın razılığı ilə dəyişdirilə bilərdi. Qanunsuz inşa edilən həmin dəmir konstruksiya iddiaçının mülkiyyətinin dəyərini azaldır. Şəhərin mərkəzində göstərilən ünvanda Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə razılaşdırılmadan dəmir konstruksiyadan 3x4 metr ölçülərində ticarət köşkünün özbaşına inşa edilməsi təkcə mülkiyyətçi kimi onun deyil, həm də digər sakinlərin qanuni mənafeyinə, eləcə də şəhərsalma norma və prinsiplərinə ziddir. İş üzrə Cavabdeh elektron kabinet vasitəsilə məhkəməyə ərizə ilə müraciət edərək göstərmişdir ki, mülki iş aidiyyət qaydalarına uyğun olaraq icraata qəbul edilməmiş, məhkəmə aidiyyəti pozulmuşdur. Belə ki, İddiaçı vergi ödəyicisidir, aktiv vergi statusundadır, eyni zamanda Cavabdeh də hüquqi şəxsdir. Odur ki, onların iştirakı olmadan işə baxıb, mülki işin aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı hazırki iş üzrə cavabdehin digər məhkəmə icraatında olan ona qarşı iddia tələbi üzrə mülki işin Bakı Kommersiya Məhkəməsində olmasından məlumatlıdır. Həmin iş üzrə qəbul edilmiş qərardaddan şikayət verməmişdir. Məhkəmə iclası yaxın günlərə təyin edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Vəkil mülki işin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qeyd etmişdir ki, işə burada yəni, Bakı şəhər Nəsimi Rayon Məhkəməsində baxılmalıdır. Həmçinin, Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(006)-2216/2024 nömrəli qərardadı barədə məlumatlı olmamışdır. Belə ki, məlumatlı olsa idi qərardaddan dərhal apellyasiya şikayəti verərək mübahisələndirərdi. Hazırkı mülki işin yekununda işin hansı məhkəmədə baxılması ilə bağlı məhkəmənin mövqeyi ilə razılaşacaqlarını bildirmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, mübahisənin predmetini nəzərə alaraq hesab edir ki, hazırkı iş baxılması üçün aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 1-ci maddəsində göstərilmişdir ki, Azərbaycan Respublikasının məhkəmələrində mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının qaydası Azərbaycan Respublikasının Konstitusiyası, "Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanunu, bu Məcəllə, digər qanunlar, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilərlə müəyyən edilir. Maddənin qeyd hissəsinə əsasən bu Məcəllədə kommersiya mübahisələri dedikdə sahibkarlıq fəaliyyətinin keçirilməsi ilə əlaqədar olan mübahisələr başa düşülür. 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. 26-cı maddəyə əsasən kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə (Bankın öhdəliklərinin könüllü restrukturizasiyası haqqında işlər üzrə icraat), habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 10 nömrəli Qərarının: 11-ci bəndində göstərilmişdir ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir; 12-ci bəndində göstərilmişdir ki, bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. 13-cü bəndində göstərilir ki, əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrıayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir. 15-ci bəndinə görə, kommersiya mübahisələrinin subyektlərinin, habelə baxış predmetinin mümkün dairəsi də məhz mübahisə üzrə hüquq münasibətinin xarakterinin sahibkarlıq fəaliyyəti ilə bağlı olmasına dair bu Qərarın 13-cü bəndində əks olunmuş yanaşma baxımından müəyyənləşdirilməlidir. 20-ci bəndinə əsasən, məhkəmə aidiyyətinin müəyyənləşdirilməsində tərəflərin subyekt tərkibi ilə bağlı meyarın qiymətləndirilməsi baxımından məhkəmələr nəzərə almalıdır ki, mübahisənin xarakteri ilə bağlı müəyyən halların (bu Qərarın 13-cü bəndi) mövcudluğu şərti ilə kommersiya məhkəmələrinin baxış predmetini təşkil edən işlər üzrə tərəflər qismində mülki hüquqi mübahisənin bütün mümkün subyektləri (hüquqi şəxslər, fərdi sahibkarlar, dövlət orqanları, bələdiyyələr, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslər) iştirak edə bilərlər. Məhkəmə iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, hazırki iş üzrə həm mübahisənin subyekt tərkibinin (tərəflər), həm onlar arasında olan münasibətlərin, həm də predmetin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması məhkəmə tərəfindən müəyyən edildiyindən, məhkəmənin qənaətinə görə həmin məsələyə aidiyyəti üzrə kommersiya məhkəməsində baxılmalıdır. Həmçinin məhkəmə araşdırması nəticəsində məlum olmuşdur ki, eyni tərəflər arasında eyni mübahisəyə dair Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(006)-2216/2024 nömrəli qərardadı ilə iddiaçı "Pilot İnşaat-A” MTK-nın cavabdeh İddiaçı qarşı "qanunsuz tikilinin sökülməsi və s. öhdəliklərin cavabdehin üzərinə qoyulması” tələbinə dair mülki işin aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 31.1-ci maddəsinin tələbinə əsasən, aidiyyət qaydalarının pozulmasına yol verilmir. 32.3-32.4, 32.7-ci maddələrinin tələblərinə əsasən, hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. Aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda iş onu baxmağa qəbul etmiş məhkəmənin əsaslandırılmış qərardadı ilə kassasiya instansiyası məhkəməsinə göndərilir və aidiyyət məsələsi həmin məhkəmə tərəfindən həll edilir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı fərdi sahibkar kimi qeydiyyatdan keçmiş fiziki şəxsdir və həmçinin onun hazırki iddia tələbində qeyd etdiyi kimi qanunsuz tikilinin sökülməsi tələbi onun sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədardır. Həmçinin qarşı tərəf Cavabdeh də hüquqi şəxsdir və hazırki mübahisənin predmeti də onun sahibkarlıq fəaliyyətindən irəli gələrək kommersiya xarakteri daşıyır. Yəni hazırki mübahisədə hər iki tərəf kommersiya mübahisəsinin tərəfləri kimi çıxış etməklə onlar arasında olan mübahisənin mahiyyəti də eyni xarakterlidir. Qeyd olunanlara əsasən, hazırkı mülki iş aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nın 26, 263, 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdehnə qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddiasına əsasən mülki iş baxılması üçün aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vüsalə Musayeva
Məhkəmə qərarları › İş №e-2(006)-189/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №e-2(006)-189/2024
27.08.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver