Məhkəmə qərarları › İş №e-2(006)-19/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-19/2024

23.04.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-19/2024 23.04.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, Məhkəmə iclasının katibi Qiyasova Səbinə Ağacan qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh LPO Cavabdeh2 ASC-nin nümayəndəsi X7 iştirakı ilə, İddiaçı cavabdeh LPO Cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “kredit borcunun silinməsi və bu barədə məlumatların kredit reyestrinə daxil edilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh LPO Cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “kredit borcunun silinməsi və bu barədə məlumatların kredit reyestrinə daxil edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı bank əməliyyat sistemində cavabdehə ümumi olaraq 570 877.49 (beş yüz yetmiş min səkkiz yüz yetmiş yeddi manat 49 qəpik) manat məbləğində kredit borcunun olduğuna dair məlumatın səhv məlumat sayılması, həmin kredit borcunun silinməsi, İddiaçı cavabdehə kredit borcunun (aktiv öhdəliklərinin) olmadığının müəyyən edilməsi və bu məlumatların Azərbaycan Respublikası Mərkəzi Bankına və "xxxx" MMC-yə verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması, bundan əlavə ödənilmiş 100 manat dövlət rüsumu və 210 manat vəkil xərci cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin 30 aprel 2020-ci il tarixli 2-3(103)-129/2020 saylı qərarı ilə Cavabdeh2 ASC müflis elan edilmiş və ləğvedici qismində Əmanətlərin Sığortalanması Fondunun təyin olunması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 2(103)-6132/2017 nömrəli 25 oktyabr 2017-ci il tarixli qərardadı ilə iddiaçı Cavabdeh2 ASC İddiaçı qarşı olan iddia tələbindən imtinası qəbul edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-167/2017 saylı 13 yanvar 2017-ci il tarixli qətnaməsi ləğv edilməklə iş üzrə icraata xitam verilmişdir. Məlum olmuşdur ki, İddiaçı bank əməliyyat sistemində ümumi olaraq 570 877.49 (beş yüz yetmiş min səkkiz yüz yetmiş yeddi manat 49 qəpik) manat məbləğində kredit borcunun mövcud olduğuna dair əsassız məlumatlar qeyd olunmuşdur. Bu məlumatların səhvən, yanlışlıqla bank əməliyyat sistemində yer aldığını, yaxud heç bir əsas olmadan qanuna zidd olaraq bu məlumatların sistemə daxil edildiyi müəyyən olunmuşdur. İddiaçı tərəfindən dəfələrlə müraciət və şikayət edilməsinə baxmayaraq Cavabdeh Ləğv prosesində olan Cavabdeh2 ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddiaçı ilə əlaqədar bank əməliyyat sistemində olan kredit borcu barədə düzgün olmayan məlumatın silinməsini və ya düzəldilməsini təmin etməmişdir. Bununla əlaqədar iddiaçı Azərbyacan Respublikası Mərkəzi Bankına da şikayət etmişdir. Lakin yenə də məlumatların düzəldilməsi təmin edilməmişdir. Odur ki, məsələnin məhkəmə qaydasında həllinə zərurət yaranmışdır. İddiaçının müraciətlərinə cavab olaraq Ləğv prosesində olan Cavabdeh2 ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun 14 sentyabr 2021-ci il tarixli və daha sonra 08 dekabr 2021-ci il tarixli məktublarında İddiaçı bank əməliyyat sistemində ümumi olaraq 570 877.49 (beş yüz yetmiş min səkkiz yüz yetmiş yeddi manat 49 qəpik) manat məbləğində kredit borcunun mövcud olduğu qeyd olunmuşdur. Cavabdehin 14 sentyabr 2021-ci il tarixli cavab məktubunda aidiyyatı olmayan Mingəçevir şəhər məhkəməsinin qətnaməsindən bəhs etməsi müraciətin araşdırılmadığını və məsələyə “başdansovdu” yanaşıldığını nümayiş etdirir. Eyni zamanda borc məbləğinin hansı hissəsinin əsas borc və faiz borcu olduğunun qeyd olunmaması, ümumilikdə nə qədər borcun ödənildiyi və nə qədər borcun qalıq qaldığı, bunlardan əsas borca və faizlərə silinmənin nə vaxt, hansı qaydada və hansı əsaslarla aparlıdığı, bununla da yekunun necə hesablandığının açıqlanmaması sözügedən kredit borcu barədə bank əməliyyat sistemində saxlanılan məlumatların yanlış olduğuna yaxud əsassız olduğuna dəlalət edən arqumentlərdir. İddiaçının müraciət və şikayətlərinə cavab olaraq Azərbaycan Respublikası Mərkəzi Bankının 16 dekabr 2021-ci il tarixli məktubunda Bakı Apellyasiya Məhkəməsinin 30 aprel 2020-ci il tarixli 2-3(103)- 129/2020 saylı qərarı ilə Cavabdeh2 ASC müflis elan edilmiş və ləğvedici qismində Əmanətlərin Sığortalanması Fondunun təyin olunduğu, Fond tərəfindən iddiaçıya və Mərkəzi Banka xx.xx.2021-ci il tarixli məktubla cavab verildiyi bildirilmişdir. Məhkəmənin diqqətinə çatdırırlar ki, cavabdeh iddiaçının kredit borcu məsələsinin artıq həl edilmiş olmasını, cavabdehin bəhs etdiyi qətnamənin ləğv edildiyini, qeyd etdiyi borcun əsassız olmasını, Cavabdeh2 ASC-nin məhkəmə mübahisəsində iddiaçıya qarşı iddiadan imtina etməsini, bununla da artıq onun iddiaçıya qarşı heç bir tələb hüququnun olmamasını nəzərə almamışdır. Qəribədir ki, cavabdeh iddiaçının müraciətində cavablarında heç bir şəkildə bankın iddia tələbindən imtina olunmasından bəhs etmir, həmçinin Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25 oktyabr 2017-ci il tarixli 2(103)-6132/2017 nömrəli qərardadından bəhs etmir, nə üçün? Halbuki ona müraciətlərdə məhz bundan bəhs edilir. Əgər iddiaçının banka borcu qalsa idi bank iddiadan imtina etməzdi, kredit borcu qalmadığı üçün bank iddiadan imtina etmişdir, digər tərəfdən, məhkəmədə bankın kredit borcunu düzgün hesablanmadığı müəyyən edilmişdi, yenidən hesablamalar aparılmışdı, bu ərəfədə ipoteka predmetləri də satılaraq kredit borcunun ödənişinə yönəldilmişdi. Bank iddiadan imtina etməsəydi məhkəmədə iddiası rədd olunacaqdı. Bütün bunları nəzərə alaraq bank iddiadan imtina etmişdi. Məhkəmə də bankın iddiadan imtinasını qəbul etmişdir. Mülki prosessual qanunvericiliyə görə iddiadan imtina edilməsi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, Məhkəmə onu qəbul etmir. Digər tərəfdən banklarda risklərin idarə edilməsi qaydalarına uyğun olaraq bütün atılan addımlar təhlil edilir, təftiş edilir və səlahiyyətli şəxslər tərəfindən təsdq edilir. 25 oktyabr 2017-ci il tarixində iddiaçı Cavabdeh2 ASC Bakı Apellyasiya Məhkəməsinə ərizə ilə müraciət edərək Cavabdeh2 ASC-nin İddiaçı və qeyrilərinə qarşı “kredit məblğinin geri qaytarılması və ipoteka predmetinə tutmanın yönəldilməsi” tələbindən imtina etdiyini və buna görə də iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 2(103)- 6132/2017 nömrəli 25 oktyabr 2017-ci il tarixli qərardadı ilə iddiaçı Cavabdeh2 ASC İddiaçı qarşı olan iddia tələbindən imtinası qəbul edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-167/2017 saylı 13 yanvar 2017-ci il tarixli qətnaməsi ləğv edilməklə iş üzrə icraata xitam verilmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-167/2017 nömrəli mülki iş üzrə xx.xx.2017-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh2 ASC-nin iddia tələbi qismən təmin edilərək cavabdeh İddiaçı xx.xx.2013-cü il tarixli, 4006 F nömrəli kredit müqaviləsi üzrə 331.490 (üç yüz otuz bir min dörd yüz doxsan) manat məbləğində əsas, 167.217,91 (bir yüz altmış yeddi min, iki yüz on yeddi manat, 91 qəpik) manat bəbləğində faiz, cəmi 498.707,91 (dörd yüz doxsan səkkiz min yeddi yüz yeddi manat, 91 qəpik) manat məbləğində borc, xx.xx.2013-cü il tarixli, 4258 F nömrəli kredit müqaviləsi üzrə 139.328 (bir yüz otuz doqquz min, üç yüz iyirmi səkkiz) manat məbləğində əsas, 97.238,58 (doxsan yeddi min, iki yüz otuz səkkiz manat, 58 qəpik) manat məbləğində faiz, cəmi 236,566,58 (iki yüz otuz altı min beş yüz altmış altı manat 58 qəpik) manat məbləğində borc, xx.xx.2013-cü il il tarixli, 4590 F nömrəli kredit müqaviləsi üzrə 151.670 (bir yüz əlli bir min altı yüz yetmiş) manat məbləğində əsas 96.172,23 (doxsan altı min bir yüz yetmiş iki manat, 23 qəpik) manat məbləğində faiz, cəmi 247.172,23 ( iki yüz qırx yeddi min bir yüz yetmiş iki manat 23 qəpik) manat məbləğində borc, xx.xx.2013-cü il tarixli, 4629 F nömrəli kredit müqaviləsi üzrə 198.221 (bir yüz doxsan səkkiz min iki yüz iyirmi bir) manat məbləğində əsas,121.322,22 (bir yüz iyirmi bir min üç yüz iyirmi iki manat, 22 qəpik) manat bəbləğində faiz, cəmi 319.543,22 (üç yüz on doqquz min, beş yüz qırx üç manat 22 qəpik) manat məbləğində borc, ümumilikdə 1.301.989,94 (bir milyon üç yüz bir manat doqquz yüz səksən doqquz manat 94 qəpik) manat məbləğində borc, ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu, 80 (səksən) manat məbləğində notariat xərci və ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün ödənilmiş 62 (altmış iki) manat Cavabdeh2 ASC-nin xeyrinə tutulması, tutma qeyd edilən kredit müqavilələrinin təminatı qismində ipoteka ilə yüklü edilmiş, cavabdeh İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, 2-ci C.Hacıbəyli döngəsi, 14 saylı fərdi yaşayış evinə və cavabdeh X3 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, ev 108, 10 saylı mənzilinə yönəldilməsi, ipoteka predmetlərinə tutma yönəldildikdə onların ilkin satış qiyməti müvafiq olaraq 1.300.000 (bir milyon üç yüz min) manat məbləğində və 260 000 (iki yüz altmış min) manat məbləğində müəyyən edilməsi, həmin əmlaklar açıq hərrac vasitəsilə satılsın, satışdan əldə olunan vəsait yuxarıda göstərilən pul tələblərinin təmin edilməsi üçün Cavabdeh2 ASC-yə ödənilsin. Borc ödənildikdən sonra ipoteka predmetlərinin satışından artıq qalan məbləğ əmlaklara uyğun olaraq cavabdehlər İddiaçı və X5 qaytarılması, ipoteka predmetləri açıq hərracda satıldıqdan sonra ən geci 1 ay ərzində cavabdehlərin evlərindən çıxmazsa, onların həmin əmlaklardan məcburi çıxarılması hissədə iddia tələbləri təmin edilmiş, qalan hissədə iddia tələbləri təmin edilməmişdir. İddiaçı sözügedən qətnamədən apellyasiya şikayəti vermiş və şikayətində aşağıdakıları qeyd etmişdir. “Sözegedən qətnamənin iddia tələbləri təmin olunmuş hissəsi üzrə qanuna zidd, əsassız və ədalətsiz hesab edirəm. Belə ki, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinə görə “məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir”. Lakin məhkəmə icraatı zamanı iddia tələblərinin həcmi ilə məhkəmə - mühasibat ekspertizası rəyi arasında ortaya çıxmış fərqə lazımi diqqət ayrılmamış, yenidən məhkəmə - mühasibat ekspertizası təyin edilməmiş, iddia tələblərindən kənara çıxılmış, iddia tələblərini demək olar ki, məhkəmə müəyyən etmişdir. Eyni zamanda əmlakın qiymətləndirilməsi ekspertizasının keçirilməsi təmin edilməmiş, lazımi məhkəmə araşdırması apaprılmamış, tələsik qətnamə qəbul etmişdir. Bununla da həm maddi, həm də prosessual qanunvericiliyin müddəaları pozulmuşdur. Mənim evimin dəyəri 4 000 000 (dörd milyon) manatdır. Onu dörd milyon manata almağa hazır olan real alıcılar vardır. Halbuki məhkəmə, iddiaçı bankın ipoteka qoyulan vaxt oz subyektiv mülahizələrinə görə qiymətləndirilmiş olan ilkin satış qiymətinin 1.300.000 (bir milyon üç yüz min) manat oldugunu qət etmişdir. İddiaçı bir neçə dəfə iddia tələblərinin həcmini gah artırmış, gah azaltmış, sanki tələbinin həcmini bilmirmiş kimi davranmışdır. Prosessual qanunvericiliyə zidd olaraq iddiaçı deyil məhkəmə onun tələblərini sübut etməyə çalışmışdır. Beləliklə də məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan faktiki hallar aydınlaşdırılmamış qalmışdır. Hesab edirəm ki, məhkəmə icraatında həqiqət müəyyən olunmamışdır. Həqiqətən mövcud olan borc məbləği məhkəmə qətnaməsində göstərilən rəqəm deyildir. Bu fakt yenidən araşdırma tələb edir, yenidən məhkəmə - mühasibat ekspertizası təyin edilməli, həmçinin əmlakın qiymətləndirilməsi ekspertizası keçirilməli, mötəbər rəylər alınmalı, sübutlara ümumi qiymət verilməli, ziddiyətli məqamların nə üçün ortaya çıxdığı, hansı hesablamalarla fərqin yarandığı, “səhvlərin” məhz harda olduğu dəqiq izah edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırki iş üzrə məhkəmədə iddiaçı Cavabdeh2 ASC öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməmiş, çox ziddiyyətli məqamlar ortaya çıxmış, bu məqamlar tam araşdırılmamışdır. Nə üçün bir bank tərəfindən faizlərin hesablanmasında, ümumilkdə borc məbləğinin hesablanmasında bu qədər “səhvlər” ortaya çıxır? Onun banka olan borcunun düzgün hesablanmaması, habelə qanunla müəyyən edilmiş qaydada hesablanmamaqla ondan tələb edilməsi, bunun məhkəmədə lazımi qaydada araşdırılmaması ona külli midarda ziyan vurulması ilə nəticələnəcəkdir. Bu isə onunəsas insan hüquqlarından sayılan, həm mülkiyyət hüququmun, həm də ədalətli məhkəmə araşdırması hüququnun pozulmasıdır.” İddiaçı sözügedən apellasiya şikayətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 167/2017 nömrəli mülki iş üzrə xx.xx.2017-ci il tarixli qətnaməsinin iddia tələblərinin təmin olunmuş hissəsində ləğv edilməsini xahiş etmişdir. Məhkəmə icraatı davam edərkən xx.xx.2017-ci il tarixində iddiaçı Cavabdeh2 ASC-nin təşəbbüsü, onun razılığı və nəzarəti altında İddiaçı ilə X1 arasında ipoteka predmeti olan əmlakın – ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 510.2. kv.m., yaşayış sahəsi 152.8. kv.m., yardımçı sahəsi 357.4. kv.m. olan 5 otaqlı fərdi yaşayış evinin alqı-satqısı həyata keçirilmiş və satışdan əldə edilən vəsaitlə kredit borcunun ödənilməsinə yönəldilmişdir.Sözügedən daşınmaz əmlakın alqı-satqı müqaviləsinin 3-cü bəndində qeyd olunmuşdur ki, Alıcı Satıcının ipoteka müqaviləsi üzrə bütün hüquq və vəzifələrini öz üzərinə götürür. Beləliklə, iddiaçı ilə ləğvedilmiş Cavabdeh2 ASC arasında bağlanmış kredit müqavilələri üzrə tutma, kreditin təminatı qismində ipoteka ilə yüklü edilmiş olan Bakı şəhəri, Nərimanov rayonu, 2-ci C.Hacıbəyli döngəsi, 14 saylı fərdi yaşayış evinə və Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, ev 108, 10 saylı mənziə yönəldilmiş və onlar satılmış, satışdan əldə edilən vəsait Cavabdeh2 ASC-yə ödənilmişdir. Bu ödənişlərdə həyata keçirildikdən sonra, eləcə də əvvəlki hesablamalardakı səhvlər də düzəldiləndən sonra, aparılan yeni hesablamada İddiaçı artıq iddiaçı banka kredit borcu qalmadığı müəyyən edilmişdir. Bununla da İddiaçı ləğvedilmiş Cavabdeh2 ASC-yə olan kredit borcu ödənilmiş sayılmışdır. Buna görə də Cavabdeh2 ASC apellyasiya instansiya məhkəməsində iddiadan imtina etmiş, bununla da İddiaçı artıq ona borcu olmadığını təsdiq etmişdir. İpoteka predmetləri bankın razılığı ilə 09 mart 2017-ci il və 13 iyun 2017-ci il tarxilərində satılaraq əldə edilmiş vəsait borcun ödənilməsinə yönləndirilmiş, həmin tarixədək ödənilmiş məbləğlər də nəzərə alınmaqla qalıq kredit borcu təkrar hesablanmış, yekunda bank iddiadan imtina etməyi məqsədəuyğun saymışdır. İddiaçı hazırda istehlak krediti ilə bağlı banklara müraciət edərkən ona bildirilir ki, onun hazırda külli midarda kredit borcu mövcuddur, kredit tarixcəsində onun kredit borcunun olduğu və onun ödənilmiş olduğu qeyd edilməli olduğu halda, kredit borcunun ödənilmədiyi, hazırda da ödənilməmiş qaldığı qeyd olunur. Buna görə də banklar hətda kiçik istehlak kreditləri verməkdən də imtina edirlər. Halbuki iddiaçının borcu 2017-ci ildə bağlanmışdır, məhkəmə qaydasında da işə xitam verilmişdir. İddiaçının kredit borcunun ödənilməsinə baxmayaraq hələ də kredit tarixcəsində bağlanmış öhdəliklər kimi deyil aktiv öhdəliklər kimi məlumatların yer alması iddiaçının qanunla qorunan mənafelərinin və hüquqlarının pozulması olduğundan buna dərhal son verilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh LPO Cavabdeh2 ASC-nin nümayəndəsi X10 iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməməlidir. Belə ki, mülki işin materiallarında olan Cavabdeh2 ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 4629 F nömrəli kredit müqaviləsinə əsasən bank tərəfindən borcluya 48 ay müddətinə illik 20 faiz ödəmək şərti ilə 200 000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan xx.xx.2013-cü il tarixli, 4629 F nömrəli kredit müqavilə üzrə ödəniş cədvəli İddiaçı tərəfindən imzalanmışdır. Həmin cədvəl üzrə 26 dekabr 2013 – 26 noyabr 2017 il dövrü ərzində cəmi 292 131,48 manat kredit ödənişinin edilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olanCavabdeh2 ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 4258 F nömrəli kredit müqaviləsinə əsasən bank tərəfindən borcluya 48 ay müddətinə illik 20 faiz ödəmək şərti ilə 150 000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan xx.xx.2013-cü il tarixli, 4258 F nömrəli kredit müqavilə üzrə ödəniş cədvəli İddiaçı tərəfindən imzalanmışdır. Həmin cədvəl üzrə 24 iyul 2013 – 24 iyun 2017 il dövrü ərzində cəmi 219 098,61 manat kredit ödənişinin edilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olanCavabdeh2 ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 4590 F nömrəli kredit müqaviləsinə əsasən bank tərəfindən borcluya 48 ay müddətinə illik 20 faiz ödəmək şərti ilə 156 000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan xx.xx.2013-cü il tarixli, 4590 F nömrəli kredit müqavilə üzrə ödəniş cədvəli İddiaçı tərəfindən imzalanmışdır. Həmin cədvəl üzrə 08 dekabr 2013 – 08 noyabr 2017 il dövrü ərzində cəmi 227 862,55 manat kredit ödənişinin edilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olanCavabdeh2 ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 4006 F nömrəli kredit müqaviləsinə əsasən bank tərəfindən borcluya 48 ay müddətinə illik 20 faiz ödəmək şərti ilə 400 000 manat məbləğində kredit verilmişdir. İş materiallarına xx.xx.2014-cü il tarixli, xx.xx.2014-cü il tarixli və sair nağd pulun mədaxili üçün qəbzlər əlavə olunmuşdurlar. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25 oktyabr 2017-ci il tarixli, 2(103)-6132/2017 saylı qərardadının əsaslandırıcı hissəsindən görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 13 yanvar 2017-ci il tarixli, 2(005)-167/2017 saylı qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, cavabdeh İddiaçı xx.xx.2013-cü il tarixli, 4006 F nömrəli kredit müqaviləsi üzrə 331.490 (üç yüz otuz bir min dörd yüz doxsan) manat məbləğində əsas, 167.217,91 (bir yüz altmış yeddi min, iki yüz on yeddi manat, doxsan bir qəpik) manat məbləğində faiz, cəmi 498.707,91 (dörd yüz doxsan səkkiz min yeddi yüz yeddi manat, doxsan bir qəpik) manat məbləğində borc, xx.xx.2013cü il tarixli, 4258 F nömrəli kredit müqaviləsi üzrə 139.328 (bir yüz otuz doqquz min, üç yüz iyirmi səkkiz qəpik) manat məbləğində əsas, 97.238,58 (doxsan yeddi min, iki yüz otuz səkkiz manat, əlli səkkiz qəpik) manat məbləğində faiz, cəmi 236.566,58 (iki yüz otuz altı min, beş yüz altmış altı manat, əlli səkkiz qəpik) manat məbləğində borc, xx.xx.2013-cü il tarixli, 4590 F nömrəli kredit müqaviləsi üzrə 151.670 (bir yüz əlli bir min altı yüz yetmiş) manat məbləğində əsas, 96.172,23 (doxsan altı min bir yüz yetmiş iki manat, iyirmi üç qəpik) manat məbləğində faiz, cəmi 247.172,23 (iki yüz qırx yeddi min bir yüz yetmiş iki manat, iyirmi üç qəpik) manat məbləğində borc, xx.xx.2013-cü il tarixli, 4629 F nömrəli kredit müqaviləsi 198.221 (bir yüz doxsan səkkiz min iki yüz iyirmi bir) manat məbləğində əsas, 121.322,22 (bir yüz iyirmi bir min üç yüz iyirmi iki manat, iyirmi iki qəpik) manat məbləğində faiz, cəmi 319.543,22 (üç yüz on doqquz min, beş yüz qırx üç manat, iyirmi iki qəpik) manatrməbləğində borc, ümumilikdə 1.301.989,94 manat məbləğində borc, ödənilmiş 30 otuz) manat məbləğində dövlət rüsumu, 80 (səksən) manat məbləğində notariat xərci və ipdteka predmetine tutmanın yönəldilməsinə dair bildirişin daşınmaz əmlakın dövlər revestrində qeydə alınması üçün ödənilmiş 62 (altmış iki) manat "xxxx" ASC-nin xeyrinə tutulması tutmanin qeyd edilən kredit müqavilələrinin təminatı qismində ipoteka ilə yüklü edilmiş, cavabdeh İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, 2-ci C.Hacıbəyli döngəsi, 14 saylı fərdi yaşayış evinə və cavabdeh X4 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu Azadlıq prospekti, ev 108, 10 saylı mənzilinə yönəldilməsi, ipoteka predmetlərinə tutma yönəldildikdə onların ilkin satış qiyməti müvafiq olaraq 1.300.000 (bir milyon üç yüz min) manat məbləğində və 260.000 (iki yüz altmış min) manat məbləğində müəyyən edilməsi, həmin əmlakların açıq hərrac vasitəsilə satılması, satışdan əldə olunan vəsaitin yuxarıda göstərilən pul tələblərinin təmin edilməsi üçün "xxxx" ASC-yə ödənilməsi borc ödənildikdən sonra ipoteka predmetlərinin satışından artıq qalan məbləğin əmlaklara uyğun olaraq cavabdehlər İddiaçı və X8 qaytarılması, ipoteka predmetləri açıq hərracdan satıldıqdan sonra ən geci 1 ay ərzində cavabdeh İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, 2-ci C.Hacıbəyli döngəsi, 14 saylı fərdi yaşayış evində və cavabdeh X4 mülkiyyətində olan Bakı şəhəri, Nəsin rayonu, Azadlıq prospekti, ev 108, 10 saylı mənzilindən çıxmazsa, onların həmin əmlaklardan məcburi qaydada çıxarılması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan Cavabdeh2 ASC-nin “iddiadan imtina edilməsinə dair” 25 oktyabr 2017-ci il tarixli ərizəsindən görünür ki, cavabdeh ilə razılıq əldə olunduğu üçün icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25 oktyabr 2017-ci il tarixli, 2(103)-6132/2017 saylı qərardadı ilə iddiaçı "xxxx" ASC-nin iddiadan imtinasının qəbul edilməsi, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-167/2017 saylı 13 yanvar 2017-ci il tarixli qətnaməsi ləğv edilməklə iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. İş materiallarında olan LPO Cavabdeh2 ASC-nin İddiaçı ünvanladığı 14 sentyabr 2021-ci il tarixli və 08 dekabr 2021-ci tarixli məktublarından görünür ki, İddiaçı banka 570 877.49 manat məbləğində kredit borcu mövcuddur. İş materiallarında olan Azərbaycan Kredit Bürosundan çıxarışa əsasən İddiaçı xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə 154 052.31 manat, xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə 53 221.72 manat, xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə 114 240.25 manat, xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə 249 363.21 manat məbləğində kredit borcu vardır. İş materiallarında olan LPO Cavabdeh2 ASC-nin 29 aprel 2022-ci il tarixli maliyyə arayışına əsasən Atabank” ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə İddiaçı xx.xx.2022-ci il tarixə faiz 22161.16 AZN, cərimə borcu 31060.56 AZN, ümumilikdə 53 221.72 manat təşkil edir. İş materiallarında olan LPO Cavabdeh2 ASC-nin 29 aprel 2022-ci il tarixli maliyyə arayışına əsasən Atabank” ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə İddiaçı xx.xx.2022-ci il tarixə faiz 69545.55 AZN, cərimə borcu 44694.70 AZN, ümumilikdə 114 240.25 manat təşkil edir. İş materiallarında olan LPO Cavabdeh2 ASC-nin 29 aprel 2022-ci il tarixli maliyyə arayışına əsasən Atabank” ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə İddiaçı xx.xx.2022-ci il tarixə faiz 102094.39 AZN, cərimə borcu 51957.92 AZN, ümumilikdə 154 052.31 manat təşkil edir. İş materiallarında olan LPO Cavabdeh2 ASC-nin 29 aprel 2022-ci il tarixli maliyyə arayışına əsasən Atabank” ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə İddiaçı xx.xx.2022-ci il tarixə faiz 141870.89 AZN, cərimə borcu 107492.32 AZN, ümumilikdə 249 363.21 manat təşkil edir. İş materiallarında xx.xx.2013-cü il tarixli, xx.xx.2013-cü il tarixli və sair İddiaçı hesabından çıxarışlar mövcuddur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023cü il tarixli 9/1722 saylı rəyindən görünür ki, "Borcalan" İddiaçı tərəfindən "xxxx" ASC-dən alınmış kredit vəsaiti üzrə banka ödənilməli olan borcu aşağıdakı kimi müəyyən edilir:

1. xx.xx.2013-cü il tarixli, 4006F nömrəli kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixə - əsas borc üzrə - 0.00 manat; - faiz borcu üzrə - 119.196,64 manat.

2. xx.xx.2013-cü il tarixli, 4258F nömrəli kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixə - əsas borc üzrə - 0,00 manat; - faiz borcu üzrə -70.195,17 manat.

3. xx.xx.2013-cü il tarixli, 4590F nömrəli kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixə - əsas borc üzrə - 0,00 manat; - faiz borcu üzrə - 21.975,39 manat.

4. xx.xx.2013-cü il tarixli, 4629F nömrəli kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixə - əsas borc üzrə - 0,00 manat; - faiz borcu üzrə - 108.075,08 manat. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023cü il tarixli 9/9861 saylı rəyindən görünür ki, İddiaçı banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları, xx.xx.2013- cü il tarixli, 4006 F saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla, kredit müqaviləsi dövründə illik 20%-lə, müqavilə dövründən sonra illik 5%-lə faiz borcu hesablanmaqla İddiaçı xx.xx.2021-ci il tarixə (sualda göstərilən tarix) və xx.xx.2024-cü il tarixə (rəyin tarixi) banka olan əsas borcu tam ödənilmiş, faiz və əldən çıxmış fayda borcu isə 119.196,65 manat məbləğində müəyyən edilir. O cümlədən: xx.xx.2021-ci il tarixə və xx.xx.2024-cü il tarixə: əsas borc üzrə - 0,00 manat faiz borcu üzrə - 111.099,41 manat (illik 20%-lə), əldən çıxmiş fayda borcu üzrə - 8.097,24 manat (illik 5%-lə). İddiaçı banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları, xx.xx.2013-cü il tarixli, 4258 F saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla, kredit müqaviləsi dövründə illik 20%-lə, müqavilə dövründən sonra illik 5%-lə faiz borcu hesablanmaqla İddiaçı xx.xx.2021-ci il tarixə (sualda göstərilən tarix) və xx.xx.2024-cü il tarixə (rəyin tarixi) banka olan əsas borcu tam ödənilmiş, faiz və əldən çıxmış fayda borcu isə 70.195,17 manat məbləğində müəyyən edilir. O cümlədən: xx.xx.2021-ci il tarixə və xx.xx.2024-cü il tarixə: əsas borc üzrə - 0,00 manat faiz borcu üzrə - 68.610,08 manat (illik 20%-lə), əldən çıxmış fayda borcu üzrə - .585,09 manat (illik 5%-lə). İddiaçı banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları, xx.xx.2013-cü il tarixli, 4590 F saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla İddiaçı xx.xx.2021-ci il tarixə (sualda göstərilən tarix) və xx.xx.2024-cü il tarixə (rəyin tarixi) banka olan əsas borcu tam ödənilmiş, faiz borcu isə 21.975,39 manat məbləğində müəyyən edilir. O cümlədən: xx.xx.2021-ci il tarixə və xx.xx.2024-cü il tarixə: əsas borc üzrə - 0,00 manat faiz borcu üzrə - 21.975,39 manat (illik 20%-lə). İddiaçı banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları, xx.xx.2013-cü il tarixli, 4629 F saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla İddiaçı xx.xx.2021-ci il tarixə (sualda göstərilən tarix) və xx.xx.2024-cü il tarixə (rəyin tarixi) banka olan əsas borcu tam ödənilmiş, faiz borcu isə 108.075,08 manat məbləğində müəyyən edilir. O cümlədən: xx.xx.2021-ci il tarixə və xx.xx.2024-cü il tarixə: əsas borc üzrə - 0,00 manat faiz borcu üzrə - 108 075 08 manat (illik 20%-lə). İş materiallarına əlavə olunmuş ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə iddianın hüquqi əsaslılığı ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsində mülki qanunvericiliyinin prinsipləri sırasında mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilələr azadlığı göstərilmişdir. Həmin Məcəllənin 6.2-ci maddəsində göstərilmişdir ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər-hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. "xxxx"na (Büro) məlumatların təqdim edilməsi və Bürodan məlumatların əldə edilməsi” Qaydalarının 2.1, 4.1 və 4.2-ci bəndlərinə əsasən Büroya borc haqqında məlumatları məlumat təchizatçıları təqdim edirlər. Məlumat təchizatçıları Büroya təqdim edilən məlumatların dəqiqliyini təmin etməlidir. Büroda olan məlumatlara hər hansı düzəliş yalnız məlumat təchizatçılarının təqdim etdikləri məlumat və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən aparılır. “İnformasiya əldə etmək haqqında” Qanunun 2.4-cü maddəsinə əsasən fiziki şəxslərin özləri barəsindəki sənədləşdirilmiş informasiya ilə maneəsiz tanış olmaq, onu əldə etmək, bu informasiyada dəqiqləşdirmələr aparılmasını tələb etmək, informasiyadan kimlərin və hansı məqsədlə istifadə etdiyini öyrənmək hüququ vardır. Həmin Qanunun 10.4.8-ci maddəsinin tələblərinə görə informasiya sahibi həqiqətə uyğun olmayan, natamam və ya qeyri-dəqiq informasiya verməməli, şübhə yarandığı hallarda informasiyanın düzgünlüyünü və mötəbərliyini yoxlamalıdır. Məhkəmə iddiaçının kredit borcunun silinməsinə dair iddia tələbinin dəlili ilə razılaşmır. Belə ki, İddiaçı kredit borcunun silinməsi tələbi barədə iki məqamı vurğulamışdır. Birincisi iddiaçı bildirir ki, cavabdeh LPO Cavabdeh2 ASC tərəfindən 25 oktyabr 2017-ci il tarixdə iddiadan imtina edilməsinə dair ərizə verildiyindən, məhkəmə qaydasında işə xitam verilmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 13 yanvar 2017-ci il tarixli, 2(005)-167/2017 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh2 ASC-nin cavabdehlər İddiaçı və X6 qarşı “kredit müqavilələri üzrə borcun ödənilməsi və ipoteka predmetinə tutmanın yönəldilməsi” tələbinə dair iddia ərizəsi təmin edilərək, cavabdehlərin Cavabdeh2 ASC-yə borcun olması təsdiq edilmişdir. Daha sonra Cavabdeh2 ASC tərəfindən iddiadan imtina edilməsinə dair ərizə verilmiş və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25 oktyabr 2017-ci il tarixli, 2(103)-6132/2017 saylı qərardadı ilə iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Məhkəmə hesab edir ki, işdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi onun tam təbii prosessual hüququdur və bu İddiaçı Cavabdeh2 ASC-yə heç bir borcunun olmaması kimi qiymətləndirilə bilməz. İkincisi, İddiaçı qeyd edir ki, o, Cavabdeh2 ASC-yə olan borcunu 2017-ci ildə tam ödəmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, hazırkı işdə tərəflər bağladıqları müqavilələrin şərtlərini azad şəkildə özləri razılaşdırmış və üzərlərinə qarşılıqlı öhdəliklər götürmüşlər, İddiaçı kredit məbləğini tam olaraq faizi ilə birlikdə ödədiyini bildirsə də, həmin borcu ödənişinin mövcudluğunu təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmiş, yalnız formal mülahizələrlə çıxış edərək Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərilərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi). Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. Bundan başqa, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/1722 saylı və xx.xx.2023-cü il tarixli 9/9861 saylı rəylərindən görünür ki, İddiaçı xx.xx.2013-cü il tarixli, 4006F nömrəli, xx.xx.2013-cü il tarixli, 4590F nömrəli, xx.xx.2013-cü il tarixli, 4258F nömrəli və xx.xx.2013-cü il tarixli, 4629F nömrəli kredit müqavilələri üzrə kredit borcları vardır. Məhkəmə hesab edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Azərbaycan Respublikası MPM-nin 101.3.-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. İddiaçı tərəf borcunun olmaması və ekspert rəyinin düzgün olmaması barədə də məhkəmələrə heç bir sübut təqdim etməmişdir. Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il Qərarına əsasən... Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Beləliklə, yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdeh LPO Cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “kredit borcunun silinməsi və bu barədə məlumatların kredit reyestrinə daxil edilməsi” tələbinə dair iddia ərizəsi əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, həmçinin mülki iş üzrə ödənilmiş dövlət rüsumunun müvafiq olaraq iddiaçının özünə aid edilməsini məqsədəmüvafiq hesab edir. Eyni zamanda, iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 345 manat İddiaçı tutulub Az.MEM, VÖEN **********, X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE******************** hesabına köçürülməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İddiaçı cavabdeh LPO Cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “kredit borcunun silinməsi və bu barədə məlumatların kredit reyestrinə daxil edilməsi” tələbinə dair iddiası rədd edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 345 manat İddiaçı tutulub Az.MEM, VÖEN **********, X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar