Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1915/2023 11.05.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ X3 Fəxrəddin oğlunun sədrliyi, Xalıqova Məstanə Mətləb qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı «əsassız varlanma» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı «əsassız varlanma» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin hesabına əsassız varlanması nəticəsində əldə etdiyi 878,61 manat, iddia ərizəsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat və borca illik 5 %-lə hesablanmış 65,90 manat əldən çıxmış faydanın Cavabdeh tutulub İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh İddiaçı ASC-yə məxsus plastik kart istifadəçisidir. İddiaçı tərəfindən verilmiş plastik kart cavabdeh tərəfindən istifadə edilmişdir. Belə ki, Cavabdeh ona məxsus kart hesabından, ona aid olmayan bankın vəsaitini bir neçə dəfə əməliyyatlar apararaq istifadə etmişdir. Cavabdeh həmin kart hesabından (borcluya məxsus kart hesabının № ********************) xx.xx.2021 tarixində kart hesabından digər kart hesabına köçürmə əməliyyatı icra etmişdir (çıxarış əlavə edilir). Nəticədə cavabdeh X1 banka cəmi 878,61 manat ziyan vurmuşdur. Bank tərəfindən cavabdehə borcunun olması ilə bağlı bildiriş göndərilmiş, lakin borclu tərəfindən bu günə kimi heç bir ödəniş edilməmişdir. Cavabdeh tərəfindən əsassız varlanma nəticəsinə əldə olunmuş vəsait qaytarılmadığından hazırda ona qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Burada əmlakın əldə edilməsi dedikdə eyni zamanda pul vəsaitinin əldə edilməsi də nəzərdə tutulur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsiin 135.1, 135.2-ci maddələrinə əsasən əmlak bütün əşyaların toplusudur, pullar isə əşyadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.2-ci maddəsində qeyd edilmişdir ki, əsassız varlanma o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Cavabdeh heç bir əsas (müqavilə və ya qanuni əsas) olmadan, texniki səhvin baş verdiyinə görə İddiaçının hesabına əsassız varlanmışdır. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Hesab edirik ki, varlanmış şəxsin əldə etdiklərinin məhrum olanın tələbi ilə sonuncuya qaytarılması norması Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1.8-ci maddəsinə əsasən mülki qanunvericiliyin əsas prinsiplərindən olan «pozulmuş hüquqların bərpasının təmin edilməsi» prinsipindən qaynaqlanır. Belə ki, əsassız varlanma heç bir hüquqi əsas olmadan başqa şəxsin hesabına zənginləşməni ehtiva edən hüquqazidd hərəkətdir. Əsassız varlanma nəticəsində itkilərə məruz qalmış şəxsin pozulmuş hüququnun AR Mülki Məcəlləsinin 6.1.8-ci maddəsinə əsasən bərpası təmin edilməlidir. Əsassız varlanan şəxs məhrum olanın əmlakını heç bir əsas olmadan əldə etməklə, əldə etdiklərini məhrum olana onun tələbi ilə qaytarmadığı halda, sonuncunun mülkiyyət hüquqlarını pozmuş olur. Bu isə həm dövlətdaxili hüquqi aktlar, həm də beynəlxalq konvensiyalarla qadağan olunur. Belə ki, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına dair 20 mart 1952-ci il tarixli Əlavə Protokolun 1-ci maddəsində qeyd edilmişdir ki, «hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, “öz mülkiyyətindən məhrum edilə bilməz». Analoji norma Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsində də nəzərdə tutulmuşdur. Bundan əlavə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.7ci maddəsinə əsasən mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də əsassız varlanmadır. Beləliklə, əsassız varlanma halının baş verməsi ilə varlanmış şəxsin əldə etdiklərini məhrum olana qaytarmaq vəzifəsi yaranır, məhrum olanın isə əsassız varlanma obyektini qaytarmaq hüququ yaranır. Qeyd olunanlara əsasən cavabdehin iddiaçının hesabına əsassız varlandığını nəzərə alaraq cavabdeh əldə etdiklərini iddiaçıya qaytarmaqla mülki hüquqi vəzifəsini yerinə yetirməlidir. Bunun nəticəsi olaraq cavabdeh hüquqazidd yolla əldə etdiklərindən məhrum olmalı, onlardan əsassız olaraq məhrum olmuş iddiaçı isə itirdiklərini əldə etmiş olmalı və qanunçuluq bərpa edilməlidir. Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik 5 faiz ödəməyə borcludur. İddiaçı ASC ərizə ilə məhkəməyə müraciət edərək, iş həcminin çoxluğu ilə bağlı üzürlü səbəbdən məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etmək imkanına malik olmadıqlarını, iddianı müdafiə etdiklərini bildirərək, mülki işə onların nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə qeyd olunan ərizəni nəzərə alaraq, mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etdi və izahatında hal-hazırda maddi imkanının olmaması səbəbindən ödənişi hissə-hissə icra edə biləcəyini bildirdi. Məhkəmə, cavabdehin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, İddiaçı ASC-yə məxsus plastik kart istifadəçisi olan Cavabdeh ona məxsus kart hesabından, ona aid olmayan bankın vəsaitini bir neçə dəfə əməliyyatlar apararaq istifadə etmiş, ******************** nömrəli həmin kart hesabından xx.xx.2021 tarixdə digər kart hesabına köçürmə əməliyyatı icra etmiş, nəticədə cavabdeh X1 banka cəmi 878,61 manat ziyan vurmuşdur. İşin yuxarıda qeyd olunan halları ödəniş kartı üzrə çıxarışla tam şəkildə təsdiq olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Mülki Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Mülki Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. İş materiallarında olan sənədlərdən göründüyü kimi, cavabdeh buna hüququ olmadığını bilərək, kartdan istifadə etməklə 878,61 manat həddində əsassız varlanmışdır. Bu səbəbdən, o, həmin vəsaiti iddiaçıya geri qaytarmalıdır. Bundan başqa, cavabdehdən həmçinin əldən çıxmış fayda qismində, illik 5 %-lə hesablanmış 65,90 manat pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir. Xəbərdarlıq məktubundan görünür ki, İddiaçı ASC pretenziya qaydasına riayət edərək, Cavabdeh borcu ödəməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onu xəbərdar etmişdir. Ödəniş tapşırığından görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 30 manat məbləğində dövlət rüsumu, 40 qəpik xidmət (bank xidməti) haqqı ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, 878,61 manat pul vəsaiti və ödənilmiş 30 manat dövlət rüsumu və borca illik 5 %-lə hesablanmış 65,90 manat əldən çıxmış fayda Cavabdeh İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 878,61 manat pul vəsaiti və ödənilmiş 30 manat dövlət rüsumu və borca illik 5 %-lə hesablanmış 65,90 manat əldən çıxmış fayda Cavabdeh İddiaçı ASC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Səməd Cəfərov
Məhkəmə qərarları › İş №e-2(006)-1915/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1915/2023
11.05.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver