Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1921/2025 02.07.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, Məhkəmə iclasının katibi Sarıyev Hüseyn Əhməd oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı X5 Cavabdeh MMC-yə qarşı " pul" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, kompüterin batareyasının dəyişilməsi üçün ödədiyi 350 manat məbləğin cavabdehdən tutularaq ona ödənilməsi, batareya dəyişildiyi üçün cihazın real qiymətinin ucuzlaşmasını nəzərə alaraq 300 azn kompensasiya ödənməsi, məhkəmənin gedişində işə baxılması ilə əlaqədar yaranacaq bütün məsrəflərin cavabdehdən tutulması, dəymiş zərərin bir faizi məbləğində dəbbə pulunun ödənilməsi, vurulmuş mənəvi zərər üçün 500 azn, vurulmuş maddi zərər üçün (parking, telefon, nəqliyyata və sair çəkilmiş xərclər) 100 azn məbləğində pulun Cavabdeh MMC-dən tutularaq ona ödənilməsi, almış olduğu hüquqi yardım üçün 300 manat məbləğinin ona ödənilməsi, cavabdehin bir istehlakçı kimi ona yaşatdığı gərəksiz stress və gərginlik hallarına görə, ondan rəsmi şəkildə və ya mağaza müdiri vasitəsiylə üzr istəməsi təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, İddiaçı (müştəri kodu A23442) xx.xx.2023-cü il tarixində Cavabdeh MMC-yə məxsus Azadlıq 43 filialından, qiyməti 2999.99 azn olan Macbook Air M2 ( SJTJW2C6XRP) almışdır. Cihaza **********8 saylı talonla 12 ay müddətinə zəmanət verilmişdir. 2024-cü ilin iyun ayından başlayaraq həmin cihazın batareyasının tutumu (həcmi) çox az istifadə olunmağına baxmayaraq sürətli şəkildə azalmağa başladı. Əvvəl bunun normal olduğunu düşünsə də, avqust ayından artıq batareyanın önəmli dərəcədə həcmini azaldığını görüb X3 Rəcəblidə yerləşən baş ofisinə getdi. Baş ofisin rəhbərliyinin qəbulunda oldu, vəziyyəti izah etdi, belə bir halın baş verməsinin Apple-ın (istehsalçı) rəsmi səhifəsindəki cihazın batareyası haqqında verilmiş məlumatlara zidd olduğunu, bunun istehsalçı xətası olduğunu bildirdi. Rəhbərliyin göstərişi ilə baş ofisdə olan mütəxəssiz işçi kompüterini yerindəcə yoxladı və belə bir halın baş verməsinə təəccübləndi. Ona köməklik göstəriləcəyi vəd olunsada, təəssüf ki, avqust, sentyabr aylarınla dəfələrlə get-gələ salınaraq heç bir köməklik göstərilmədi. Böyük xəyal qırıqlığı içərisində məcbur qalıb cihazı Apple-ın Azərbaycandakı yeganə X6 statuslu rəsmi tərəfdaşı- iSpace serviz mərkəzinə götürdü. Həmin servizin xx.xx.2024-cü il tarixli müvafiq diaqnostika aktı ilə də təsdiqlənir ki, cihaz diaqnostikadan keçirildiyi zaman müştəri tərəfindən yaranmış hər hansı zədə və ya qüsur aşkarlanmayıb, batareya şişib, yenisi ilə əvəz olunmalıdır. Cihaz iSpace tərəfindən təhvil alındıqda batareyanın həcmi 46% , ömrü 70 dövr olmuşdur. Servizdən ona şifahi şəkildə bunun istehsalat xətası olduğu bildirildi. Cihazın batareyasını 350 manat müqabilində həmin servizdə yenisi ilə dəyişdirdi. 2024-cü ilin avqust-dekabr ayları aralığında işlərini görmək üçün, məcburən, böyük utanc hissiylə başqalarından kompüter istifadəyə götürmüşdür. Bu hadisə nəticəsində o həm maddi, həm də psixoloji gərginlik yaşamışdır. Şirkətin səhlənkarlığı səbəbindən vaxt itirmişdir, əlavə xərclərə düşmüş və haqlı olduğunu sübut etmək üçün müxtəlif dövlət qurumlarına müraciət etməli olmuşdur. Bu, ona əsəbi gərginlik və stres yaşatmış, iş fəaliyyətinə və gündəlik həyat keyfiyyətinə mənfi təsir göstərmişdir. Bununla bağlı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi, Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin 195 Çağrı Mərkəzinə məsələ ilə bağlı müraciət olunmağına baxmayaraq indiyə kimi heç bir nəticə yoxdur. Həmçinin, şirkətin rəsmi internet səhifəsindən əldə etdiyi Elektron ünvan e-mail ünvanı vasitəsilə rəhbərliyə müraciət məktubu göndərməyinə baxmayaraq, müraciəti cavablandırılmamışdır. Dəfələrlə baş ofisdə qəbulda olsa da, rəhbərlik tərəfindən heç bir araşdırma aparılmamış, tədbir görülməmiş, bununla bağlı ona heç bir məlumat verilməmişdir. Qanun çərçivəsində, hüquqi yollarla bütün mümkün vasitələrdən istifadə etsə də, məsələni heç bir şəkildə hüquqlarını pozmadan həll etmək istəmədilər. Bu günə qədər də, ona məlum olmayan səbəbdən alqı-satqı müqaviləsinin surətini ona vermədikləri üçün, müqavilənin tələblərinin və şərtlərinin nələrdən ibarət olduğunu deyə bilmir. Yuxarıda göstərilənlərə əsasən Məhkəmənin diqqətinə Apple-ın rəsmi səhifəsində cihazın batareyasıyla bağlı verilmiş məlumatları çatdırmaq istəyir. Deməli cihazı, yəni Macbook Air M2 ( SJTJW2C6XRP) Silicon çipləri olan Mac kompüteridir. (https://support.apple.com/tr-tr/116943) Apple Silicon çipləri olan Mac noutbukları cihazınızın batareyasının ömrünü artırmaq üçün nəzərdə tutulmuş batareyanın sağlamlığının idarə edilməsi funksiyasından istifadə edir. Həmçinin, Mac noutbuklarının batareyaları lityum texnologiyasından (https://www.apple.com/tr/batteries/why-lithium-ion/) istifadə edir. Lityum batareyalar tez doldurulur, uzun müddət işləyir və kompüterinizi gücləndirmək üçün mövcud olan ən yaxşı texnologiyanı təklif edir. Normal batareya işləyərkən və maksimum dövr sayına çatdıqda ilkin tutumunun 80%-ni saxlamaq üçün nəzərdə tutulmuşdur. Rəsmi məlumatlara görə onun aldığı cihazın texniki göstəricilərində maksimum 1000 dövr sayı olaraq müəyyən edilmişdir. Buna əsasən batareyanın 70 dövrə sayında 46% tutuma enməyi istehsalatçının verdiyi texniki göstəricilərə ziddir. Diaqnostika aktında göründüyü kimi cihaz təhvil alındığı zaman batareyası 70 dövr sayında və 46% tutumda (həcmdə) sıradan çıxmışdır, istifadəçi tərəfindən hər hansı bir qüsur olmamışdır. Belə olan halda batareyanın istehsalçı qüsuru olduğunu hesab edir. Beləliklə ona qüsurlu kompüter sataraq istehlakçı kimi hüquqlarını pozmuşlar və bundan sonra da, pozulmuş hüquqlarının bərpası üçün dəfələrlə müraciət etməyinə baxmayaraq heç bir köməklik göstərməmişlər. Ancaq, buna baxmayaraq, baş vermiş hadisənin hüquqi tənzimlənməsi milli və beynəlxalq qanunvericilikdə kifayət qədər öz əksini tapmışdır. a) Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflər lazımi qaydada məlumatlandırılsa da, cavabdeh iştirak etməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə hər hansı bir məlumat verməmişlər. Bu səbəbdən məhkəmə, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh MMC-nin nümayəndəsi X1 izahat verərək bildirmişdir ki, məhkəməyə servis tərəfindən verilmiş rəyi təqdim etmək istəyir. Həmin rəydən görünür ki, qüsur istehsalçı qüsuru deyil. Bundan əlavə iş üzrə ekspertizanın keçirlənməsinə zərurət yoxdur. Bunları nəzərə alaraq iddia əsassız olduğundan rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Əsaslandırıcı hissə: a) Mülki işin materialları: Mülki işin materiallarında olan: - İddiaçı tərəfindən Cavabdeh MMC-nin rəhbərliyinə ünvanlanan elektron məktubdan görünür ki, o, xx.xx.2024-cü il tarixində "xxxx" MMC-yə məxsus Azadlıq 43 filialından, qiyməti 2999.99 AZN olan Macbook Air M2 (SJTJW2C6XRP) almışdır. Onun müraciətinin səbəbi həmin cihazın batereyası ilə bağlıdır. Apple-nun rəsmi məlumatına əsasən onlardan aldığı kompüterin modelinin batareyası “1000 dövrə” ömrünə sahib olmalıdır. Lakin 2024-cü ilin iyun ayından başlayaraq cihaz az istifadə olunmasına baxmayaraq batareyanın tutumu sürətli şəkildə azalmağa başlamışdır. Avqust ayında artıq 70 dövrə sayında batareyanın tutumu 60%-a enmişdir və sıradan çıxmışdır. Bu məhsulun texniki xüsusiyyətlərinə ziddir və istehsalçı xətasına işarə edir. Bununla bağlı avqust və sentyabr aylarında dəfələrlə Əhməd Rəcəblidə yerləşən Baş ofislərində rəhbərliyin qəbulunda oluşdur. Ona köməklik göstəriləcəyi vəd olunsa da, sonda heç bir köməklik göstərilməmişdir. Eyni zamanda, İspace- Apple-nin Azərbaycandakı yeganə X6 statusu ilə rəsmi tərəfdaşının müvafiq diaqnostika və tərtib edilmiş aktıyla təsdiqlənir ki, batareyanın sıradan çıxması müştəri səhvi nəticəsində baş verməmişdir. Ba. Ofis onu get-gələ saldığı üçün məcbur qalıb batareyanı həmin servizdə 350 AZN müqabilində cihazın batareyasını öz hesabına dəyişdirmişdir. Azərbaycan Respublikasının müvafiq maddələrinə əsasən, istehsalçı və ya satıcı təqdim etdiyi məhsulun texniki xüsusiyyətərinə uyğunluğunu təmin etməlidir. Onlardan qanun çərçivəsində batareyanın dəyişilməsi üçün ödədiyi 350 AZN-in geri qaytarılmasını, batareya dəyişildiyi üçün cihazın real qiymətinin ucuzlaşmasını nəzərə alaraq 300 AZN kompensasiya ödənməs, çəkdiyi əlavə xərclər (yol xərci, parking, məktub və s.) üçün 100 manat məbləğini geri ödənilməsini tələb edir. Bu tələbə 5 iş günü ərzində rəsmi şəkildə cavab verilmədiyi, dəymiş zərəri ödəmədiyi halda, hüquqlarını qorumaq üçün məhkəməyə müraciət edəcəyini bildirmişdir. - Cavabdeh MMC tərəfindən verilmiş “Məişət zəmanət talonu”ndan görünür ki, xx.xx.2023-cü il tarixdə alıcı İddiaçı satılan “Apple MacBook Air M2” (MLY33RU) üçün zəmanət müddəti 12 ay müəyyən edilişdir. - xx.xx.2023-cü il tarixli, 68836 nömrəli satış qəbzindən görünür ki, İddiaçı tırıfindən “MacBook Air M2” üçün 2999,99 manat ödəniş edilmişdir. xx.xx.2024-cü il tarixli İsupport tərəfindən təqdim edilən hesabdan görünür ki, “Apple MacBook Air M2” cihazına diaqnostikadan keçirildi. Cihazda müştəri tərəfindən yaranmış hər hansı zədə və ya qüsur aşkar olunmadı. Batareya şişib, yenisi ilə əvəz olunmalıdır. Batareya sifariş olundu- 350 AZN təşkil edir. Depozit nağd 100 manat qoyuldu. Cihaz İSupport tərəfindən təhvil alındıqda batareyanın həcmi 46%, 70 dövrdür. - Cavabdeh MMC tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubu surətindən görünür ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 589.3-cü maddəsi rəhbər tutaraq ona satılmış noutbuk 1 illik qarantiya talonu ilə satılmışdır, qarantiya talonun müddəti bitmişdir və həmin qüsurları qarantiya müddəti əzində aşkara çıxarmadığına görə hər hansı bir tələbi irəli sürə bilməz. - “İsupport” Service Center tərəfindən Cavabdeh MMC-yə ünanlanmış 02 iyun 2025-ci il tarixli məktubundan görünür ki, mübahisə predmet olan “Macbook Air (M2, 2022)” xx.xx.2024-cü il tarixində servisləri tərəfindən tam yoxlanılmış və cihaz üçün yeni batareya sifariş olunmuş və dəyişdirilmişdir. Məhsulun defektinə aid olaraq isə, müştərinin bəyan etdiyi batareya defekti heç bir halda təsdiq olunmamışdır və əsaslı sayılmır.
1. Zəmanət müddətinin bitməsi. Müştərinin təqdim etdiyi cihazın rəsmi zəmanət müddəti artıq başa çatmışdır. Bu səbəbdən, istehsalçı öhdənsiz təmir və ya ödənişsiz dəyişmə öhdəliyi daşımır.
2. Dövrə sayı az olsa da, bu batareyanın sağlam qalacağını təmin etmir. Batareyənin istifadədə dövü sayı (70) sadəcə texniki göstəricilərdən biridir. Bu göstərici batareyanın sağlam qalacağına zəmanət vermir. Batareyanın vəziyyətinə istifadə şəraiti, temperatur, daimi şarjda qalması, enerji adapterinin uyğunluğu və s. kimi xarici faktorlar təsir edə bilər. Litium-ion batareyalar yalnız istifadə ilə deyil, zamanla da təbii şəkildə köhnəlir. 3.Batareyanın şişməsi nəticədir, səbəb yox. Batareyada şişmə daxili kimyəvi parçalanma səbəbilə baş verir. Bu, adətən aşağıdakı hallarda müşahidə olunur: uzun müddət yüksək temperaturda istifadə və saxlanma; batareyənin davamlı 100 % dolu vəziyyətdə saxlanılması; orijinal olmayan enerji adapteri və ya kabelləri istifadəsi, uzun müddət 0% şarjla saxlanma
4. 46% tutum itkisi – təbii aşınmanın göstəricisidir. Apple və digər istehsalçılara görə, litium-ion batareyalar zamanla tabil şəkildə tutum itirir. Adətən 2-3 il ərzində 20–30% azalma normal hesab olunur. Daha sürətli azalmanın səbəbi aşağıdakılar ola bilər: yüksək temperaturda və ya uyğun olmayan şarjla istifadə; daimi enerji bağlantısı ilə istifadə; qeyriorijinal adapterlərin istifadəsi.
5. İstehsal qüsurları erkən mərhələdə üzə çıxır və sistemli olur. Zavod istehsal qüsurları istifadənin ilk aylarında üzə çıxır və artıq Apple tərəfindən rəsmi şəkildə tanınır (məsələn, geri çağırma proqamları). Hazırda bu model üzrə Apple tərəfindən elan olunmuş hər hansı bir istehsal qüsuru və ya proqram yoxdur.
6. Əlavə müddəalar: Apple-ın rəsmi dəstək almaq səhifəsində (support.apple.com/HT208387) göstərilir ki, batareyaların köhnəlməsi normal və gözlənilən bir prosesdir. Müştəri “batareya daha uzun işləməli idi” deyirsə, izah etmək olar ki, zaman keçdikcə, dövrə sayından asılı olmayaraq, kimyəvi tərkib pozula bilər. Əgər cihaz uzun müddət istifadədə edilməyibsə və ya boş halda saxlanılıbsa – bu da işıqsa probleminin ən yayğın səbəblərindən biridir. - iddiaçı X2 məhkəməyə ünvanladığı ərizədən görünü ki, ‘İsupport’ serviz mərkəzində ona aid MacBook Air (M2,2022) cihazının batareyasının dəyişimi zamanı cihazın ekranı zədələnmiş və nəticədə aralarında mübahisə yaranmışdır. Həmçinin Cavabdeh və “İSupport” servizi daimi əməkdaşlıq münasibətləri vardır. Bu səbəblərdən “İSupport” servizi cavab məktubunu cavabdehin marağına uyğun şəkildə göndərmişdir. Həmin cavab məktubundakı məlumatlarla istehsalçı “Apple” şirkətinin rəsmi internet səhifəsindəki məlumatlarla uyğunsuzluq var: 1.Zəmanət müddətinin bitməsi. Serviz hesab edir ki, cihazın rəsmi zəmanət müddəti artıq başa çatdığından istehsalçı və satıcı ödənişsiz təmir və ya əvəzləmə öhdəliyi daşımır. Azərbaycan Respublikası Mülki Məcələsinin 589.7.-ci maddəsinə əsasən, müqavilədə nəzərdə tutulan qarantiya müddəti iki ildən az olduqda və alıcı əşyanın qüsurlarını qarantiya müddəti bitəndən sonra, lakin əşyanın ona verildiyi gündən iki il ərzində aşkar etdikdə, satıcı bu şərtlə məsuliyyət daşıyır ki, alıcı əşyanın qüsurlarının əşya alıcıya verilənədək əmələ gəldiyini və ya həmin məqamadək yaranmış səbəblərdən əmələ gəldiyini sübuta yetirsin. 2. Dövrə sayı az olsa da , bu batareyanın sağlam qalacağını təmin etmir. Serviz hesab edir ki, 70 dövrə sayı texniki göstəricidir, batareyanın sağlam qalmaq vəziyyətinə xarici faktorlar təsir edə bilər. Litium-ion batareyalar zamanla köhnəlir. Lakin “Apple” şirkətinin rəsmi məlumatlarında aşağıdakı kimi göstərilmişdir: Litium-ion batareyalar ənənəvi batareya texnologiyasından daha sürətli doldurulur və daha uzun ömürlüdür. Yüksək güc sıxlığı onları daha yüngül dizaynda daha uzun müddət istifadə etməyə imkan verir. Batareyanın ümumi və qalan dövr sayını bilmək, batareyanı nə vaxt dəyişdirilməli olduğunu müəyyən etməyə kömək edə bilər. Batareya maksimum dövrə sayına çatdıqda tutumun 80%-ni saxlamaq üçün nəzərdə tutulub. Ən yaxşı performans üçün, maksimum dövr sayına çatdıqda batareyanı dəyişdirin. MacBook Air (M2,2022) cihazları üçün maxsimum dövə sayı “1000 dövrə” olaraq göstərilmişdir. Batareyanın şişməsi – nəticədir, səbəb yox. Servis hesab edir ki, batareyanın şişməsinin səbəbi aşağıdakılardır: Uzun müddət yüksək temperaturda istifadə etmə və ya saxlama; Apple resmi sehifəsindəki məlumatlara görə cihaz ideal temperatur aralığı olan 16° ilə 22°C kimi geniş bir mühit temperatur aralığında yaxşı performans göstərəcəkdir. Batareya tutumuna zərər verəbiləcəyindən, cihazınızı 35°C üzərində istiliyə məruz qalmaması xüsusilə vacibdir. Nəzərə alınmalıdır ki, Azərbaycanda 35°C üzərində istilik çox nadir hallarda baş verir və cihaz yalnız otaq şəraitində istifadə edilmişdir. Batareyanın davamlı 100% dolu vəziyyətdə saxlanılması; Apple resmi sehifəsindəki məlumatlara görə çox müştəri üçün batareyanın şarzının bütün gün dayanması vacibdir. Batareya tamamilə bitməmiş olsa belə cihazı hər gecə şarj edə bilərsiniz. Batareya tamamilə şarj olarsa şarj etməyi avtomatik olaraq dayandırır. Bu səbəbdən cihazı gecə boyu güvənlə şarj cihazına bağlı tuta bilərsiniz. Batareya şarj səviyyəsi 95% altına düşersə şarj avtomatik olaraq davam edər. Göründüyü kimi istehsalçı cihazın davamlı şarzda olmasına heç bir məhdudiyyət qoymamışdır. Buna baxmayaq onuda qeyd edim ki, cihaz heç vaxt 100% dolu vəziyyətində saxlanılmamışdır. Orijinal olmayan enerji adapterləri və ya kabellerindən istifadə. Bunun bağlı bildirmək istəyir ki, cihaz yalnız satıcı tərəfindən təqdim olunmuş, üzərində satıcıya aid qolaqram olan adapter və kabellə şarz edilmişdir. Ayrıca bu modelə özəl yeni maqnitli kabeldən istifadə olunduğuna görə digər (orginal olmuyan) kabellərdən istifadə mümkün deyildir. Uzun müddət 0% şarjla saxlama. Cihaz daimi istifadədə olmuşdur, heç vaxt 0% enməmişdir. Onuda bildirir ki, istehsalçının məlumatlarına əsasən bu səbəblər batareyanın şişib sıradan çıxmasına səbəb ola bilməz. Bu səbəblər yalnız və yalnız batareyanın ömrünü azalmasına səbəb ola bilər. Məsələn, istehsalsalçının məlumatında 1000 dövrə sayında yox, 900 dövrə sayında batareya 80% tutuma enməsi. Lakin onun cihazında batareya 70 dövrə sayında 46% tutuma enmesi bunun istehsal qüsuru olduğunu göstərir. 46% tutum itkisi – təbii aşınmanın göstəricisidir. Servis hesab edir ki, adətən batareya 2-3 il ərzində 20-30% azala bilər. Daha sürətli azalma tempuratur, daimi enerji bağlantısı, orginal olmuyan adapterden istifadə ola bilər. “Apple”-ın rəsmi səhifəsində belə bir məlumat yoxdur. İstehsalçı məlumatına əsasən batareya 1000 dövrə sayına çatdıqda 20% azalma olacaq şəkildə istehsal edilmişdir. Onun cihazında isə 1 il 3-4 ay ərzində batareya 70 dövrə sayında 46% tutuma enmişdir. Əyani olaraq hal-hazırda cihazdakı əvəz olunmuş batareyanın 8-9 ay istifadə olunmasına baxmayaraq 29 dövrə sayında 100% tutumu saxlamaqdadır. Nəzərə almaq lazımdır ki, istehsal zamanı cihazın üzərinə qoyulan batareya daha keyfiyyətli olur. İstehsal qüsurları erkən mərhələdə üzə çıxır və sistemli olur. Serviz hesab edir ki, adətən Apple tərəfindən geri çağrılan cihazlar istehsal qüsuru ola bilər. Cavabdehin Məhkəməyə təqdim etdiyi Gömrük Bəyannaməsində sertifikatı, satış müqaviləsi, qaimə, packing list və s. olmadığından cihazın həmin partiyada gətirdiyini və geri çağrılma (recall) və təmir edilmiş (referbushed) programlarında olunduğunu təsbit etmək mümkün deyil. Həmçinin Apple tərəfindən bu programların olmaması cihazın istehsal qüsurlu olmamasına dəlalət etmir. Əlavə müddəalar “Batareya sağlamlığının idarə” özəlliyi, batareyanın kimyəvi yaşlanma sürətini azaltaraq istifadə ömrünü uzatacak şəkildə dizayn edilmişdir. Həmin özəllik, bu əməliyyatları həyata keçirmək üçün batareyanın istilik keçmişini və şarj etmə düzənini izləyir. “Batareya sağlamlığı idarəsi”, topladığı ölçmələrə görə batareyanın maksimum şarj səviyyəsini müvəqqəti olaraq düşürə bilər. Lazım olan zaman həyata keçirilən bu müdaxilənin səbəbi, batareyanın istifadə vərdişinə görə optimizə edilmiş bir dərəcədə şarj edilməsini təmin edir. Beləliklə, batareyanın köhnəlməsi və kimyəvi yaşlanma sürəti azalır. Serviz anlamayıb ki, müştəri batareyanın istehsal qüsurlu olduğunu və istehsalçının verdiyi məlumatlara və texniki göstəricələrini uyğun işləmədiyini iddia edir. Bununla belə, ‘İSupport’ servisi tərəfindən tərtib olunmuş xx.xx.2024-cu il tarixli diaqnostika aktında cihazda müştəri tərəfindən yaranmış hər hansı zədə və qüsur aşkar olunmadığı göstərilmişdir. Həmçinin servizin rəhbəri Tofiq Vəliyevin 2015-ci ildə aldığı öz kompüterində 500 üzəri dövrə sayı olunduğu, batareya tutumununsa 85% üzəri olduğunu, adətən mübahisə predmeti olan cihazın vəziyyətinin istehsal qüsuru ilə əlaqədar olduğunu bildirmişdir. Mülki iş materiallarına Apple batareya ilə bağlı təlimatlar, Apple dəstək məlumatları, gömrük bəyannaməsi əlavə edilmişdir.
b) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: Məhkəmə iddiaçı tərəfindən irəli sürülmüş iddia tələbləri ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.6-cı maddəsi başqa şəxsə zərər vurulmasını mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından, 386.1-ci maddəsi isə zərər vurulmasını öhdəliyin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edir. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusu – deliktə görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: 1) əməl (hərəkət və ya hərəkətsizlik); 2) həmin əməlin hüquqa və ya qanuna zidd olması və 3) təqsir (qəsd və ya ehtiyatsızlıq). Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi). Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Mülki Məcəllənin 568.1-ci maddəsinə əsasən satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Həmin Məcəllənin 589.3-cü və 589.7-ci maddələrinə əsasən əgər əşya üçün qarantiya müddəti müəyyənləşdirilibsə, alıcı əşyanın qüsurları ilə bağlı tələbləri həmin qüsurları qarantiya müddəti ərzində aşkara çıxardığı halda irəli sürə bilər. Müqavilədə nəzərdə tutulan qarantiya müddəti iki ildən az olduqda və alıcı əşyanın qüsurlarını qarantiya müddəti bitəndən sonra, lakin əşyanın ona verildiyi gündən iki il ərzində aşkar etdikdə, satıcı bu şərtlə məsuliyyət daşıyır ki, alıcı əşyanın qüsurlarının əşya alıcıya verilənədək əmələ gəldiyini və ya həmin məqamadək yaranmış səbəblərdən əmələ gəldiyini sübuta yetirsin. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2023-cü il tarixində Cavabdeh MMC-yə məxsus satış məntəqəsindən 2999,99 manat məbləğində “MacBook Air M2” markalı noutbuk almış və həmin məhsula 12 ay müddətinə zəmanət təqdim olunmuşdur. Bu hal iş materiallarına əlavə edillmiş həm xx.xx.2023-cü il tarixli satış qəbzi, həm də Cavabdeh MMC tərəfindən təqdim edilmiş zəmanət talonu ilə təsdiq edilir. Beləliklə, məhsula verilmiş zəmanət xx.xx.2024-cü il tarixdə başa çatmışdır. Məhkəmə qeyd edir ki həm iddia ərizəsindən, həm də iddiaçının məhkəmə iclası zamanı verdiyi izahatlarından görünür ki, noutbukun batareyası istifadəyə verildikdən təxminən 15 ay sonra, 2024-cü ilin iyun ayından etibarən sürətlə tutum itirməyə başlamış, avqust ayına olan vəziyyətə görə cəmi 70 dövrə istifadədən sonra batareya tutumu 60%-ə enmiş və istifadə üçün yararsız hala düşmüşdür. İddiaçı həmin problemi cavabdeh şirkətin rəhbərliyinə ünvanladığı elektron məktublarda və fərdi görüşlərdə dəfələrlə bildirmiş, nəticədə 350 manat şəxsi vəsaiti hesabına “İSupport” servis mərkəzində batareyanı dəyişdirmiş, əlavə olaraq yol, məktub göndərilməsi və digər xərclər çəkmişdir. İddiaçı bu xərcin kompensasiya olunmasını və cihazın real dəyərinin azaldığını əsas gətirərək əlavə olaraq 300 manat dəyər itkisi və 100 manat digər xərclər üzrə ümumilikdə 750 manat tələb irəli sürmüşdür. Lakin məhkəmə qeyd edir ki, təqdim edilmiş sübutlar və texniki sənədlərin məzmunu bu tələblərin hüquqi baxımdan əsaslı olmasına dəlalət etmir. İlk növbədə, qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 589.3cü maddəsinə əsasən, əgər malın istehsalçısı və ya satıcısı həmin mala müəyyən zəmanət müddəti müəyyən etmişdirsə, bu müddət başa çatdıqdan sonra istifadəçi həmin mal üzrə qüsur aşkar edərsə, bu zaman istehsalçı və ya satıcı yalnız zəmanət müddəti daxilində bildirilmiş qüsurlara görə məsuliyyət daşıyır. Başqa sözlə, zəmanət müddəti bitdikdən sonra aşkar olunan qüsurlar üzrə iddialar yalnız o halda təmin oluna bilər ki, bu qüsurların istehsal xətası nəticəsində yarandığı sübuta yetirilmiş olsun. Məhkəmə qeyd edir ki, iş materiallarında təqdim olunmuş “İSupport” servis mərkəzinin xx.xx.2024-cü il tarixli rəyindən və həmin mərkəzin 02 iyun 2025-ci il tarixli məktubundan görünür ki, noutbuk texniki baxışdan keçirilmiş, batareyada şişmə və enerji tutumunun aşağı düşməsi müəyyən olunmuşdur. Lakin bu sənədlərdə problemin məhz istehsal xətası ilə əlaqəli olması barədə hər hansı bir rəy və ya texniki diaqnostik nəticə yer almamışdır. Əksinə, batareyada yaranmış nasazlığın istifadəçidən asılı olmayan səbəblərlə deyil, daha çox istifadə şəraiti və zamanla təbii köhnəlmə nəticəsində baş verdiyi vurğulanmışdır. Bundan başqa, Apple şirkətinin rəsmi texniki dəstək sənədlərində və bu iş üzrə təqdim edilmiş əlavə materiallarda da göstərilir ki, litium-ion batareyalar texnoloji xüsusiyyətlərinə görə zaman keçdikcə öz tutumunu itirir, dövrə sayı göstəricisi isə yalnız texniki parametrlərdən biridir və bu, batareyaların istismar şəraitinə və bir sıra xarici faktorların təsirinə bağlıdır. Belə hallar istehsal qüsuru kimi deyil, normal texniki köhnəlmə prosesi kimi qiymətləndirilir. Məhkəmə, həmçinin, onu da qeyd edir ki, istehlakçının təqdim etdiyi sənədlərdən və izahatlardan belə nəticəyə gəlmək olur ki, cihazda müşahidə olunan texniki nasazlıq zəmanət müddəti başa çatdıqdan sonra meydana çıxmışdır. İddiaçı tərəfindən məhkəməyə hər hansı qüsurun istehsal anından mövcud olduğunu və ya cihazın satış zamanı qüsurlu olduğunu sübut edən texniki ekspertiza rəyi və ya digər obyektiv sübutlar təqdim edilməmişdir. Bundan əlavə məhkəmə qeyd edir ki, cavabdeh tərəfin xx.xx.2025-ci il tarixli rəsmi cavab məktubunda da bu hal açıq şəkildə izah edilmiş, zəmanət müddətinin başa çatması səbəbilə hər hansı öhdəliklərinin mövcud olmadığı bildirilmişdir. Məhkəmə hüsab edir ki, Cavabdeh MMC-nin yanaşması tam əsaslı olmuş, çünki zəmanət müddəti tərəflər arasında bağlanmış müqavilə və zəmanət talonu ilə razılaşdırılmış, qanuni qüvvəyə malik sənədlərlə təsdiqlənmişdir. Nəhayət, iddiaçının ödəmiş olduğu 350 manatlıq təmir xərci onun təşəbbüsü ilə, cavabdehə əvvəlcədən razılaşdırılmadan həyata keçirilmişdir. Satıcının və ya istehsalçının bu məbləğin ödənilməsinə dair öhdəliyinin yaranması üçün əsaslardan biri – məhsulun zəmanət müddətində olması və ya istehsal qüsurunun sübuta yetirilməsi olmalıdır, lakin iş üzrə bu şərtlərdən heç biri mövcud olmadığından, xərclərin kompensasiya olunması tələbi də əsassızdır. Beləliklə məhkəmə yuxarıda sadalanan halları və sübutları birgə qiymətləndirilərək hesb edir ki, iddiaçının Cavabdeh MMC-yə qarşı irəli sürdüyü maddi kompensasiya və zərərin ödənilməsi barədə tələbləri əsassızdır və qanunvericiliyin tələblərinə uyğun olmadığı üçün təmin edilə bilməz. Eyni zamanda, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Bundan əlavə, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 №-li 03 noyabr 2008-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya»nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Həmçinin, Plenum yuxarıda adı çəkilən qərarda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Məhkəmə iddia tələbinə hüquqi qiymət verərək hesab edir ki, iddiaçı ona vurulmuş mənəvi zərərin nədən ibarət olmasını əsaslandırmadığı, mübahisə yalnız istehlak məhsulu ilə bağlı texniki məsələ ilə əlaqədar olduğu və bu cür hallarda mənəvi zərərin ödənilməsi üçün hüquqi əsasın olmadığı üçün, həmçinin maddi ziyan hissəsi təmin edilmədiyindən və cavabdehin bu mübahisədə heç bir təqsiri müəyyən edilmədiyindən iddia mənəvi ziyan hissəsində də təmin edilə bilməz. Son olaraq məhkəmə iddianın “iddiaçının cavabdehdən ona istehlakçı kimi yaşatdığı stress və narahatlıqlara görə rəsmi şəkildə və ya mağaza müdiri vasitəsilə üzr istəməsi” hissəsi ilə bağlı qeyd edir ki, iş materiallarında cavabdeh tərəfindən qeyri-etik davranış, kobud münasibət və ya alçaldıcı hərəkətlərin baş verməsi sübuta yetirilmədiyindən, həmçinin mübahisə sırf texniki nasazlıq və zəmanət müddətinin bitməsi ilə bağlı yarandığı və bu səbəbdən, cavabdehdən üzr istənilməsi hüquqi baxımdan əsaslı olmadığından, iddia bu hissədə də rədd edilməlidir. Bundan əlavə isə məhkəmə həmçinin iddianın digər hissələri olan məhkəmənin gedişində işə baxılması ilə əlaqədar yaranacaq bütün məsrəflərin cavabdehdən tutulması, dəymiş zərərin bir faizi məbləğində dəbbə pulunun ödənilməsi, vurulmuş maddi zərər üçün (parking, telefon, nəqliyyata və sair çəkilmiş xərclər) 100 azn məbləğində pulun Cavabdeh MMC-dən tutularaq ona ödənilməsi, almış olduğu hüquqi yardım üçün 300 manat məbləğinin ona ödənilməsi hissələri isə iddia tələbinin əsasını təşkil edən maddi və mənəvi zərərin ödənilməsi hissəsi rədd edildiyindən iddia tələbi bu hissələrdə də prosessual qənaət prinsipini nəzərə alaraq təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Beləliklə, məhkəmə işin bütün hallarının məcmusuna, hərtərəfli, tam və obyektiv baxaraq, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, İddiaçı Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iddiası əsassız olduğundan rədd edilməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Eyni Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddiaçı Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.