Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1966/2022 26.05.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı «mənəvi zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı «mənəvi zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən ona vurulmuş mənəvi zərərin əvəzi olaraq 50.000 manat pulun tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, törətdiyi cinayət əməlinə görə 04.09.2021-ci il tarixində AR CM-in 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona ittiham elan edilmişdir. 05 sentyabr 2021-ci il tarixində onun barəsində Sabunçu Rayon Məhkəməsinin hakimi Süleyman Ağayev tərəfindən 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. 18 noyabr 2021-ci il tarixində Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə onun barəsində olan həbs qətiimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz olunmuşdur. Bundan başqa, 30 dekabr 2021-ci il tarixində onunla bağlı ev dustaqlığı qətimkan tədbirinin müddəti 03 mart 2021-ci il tarixinə kimi uzaldılmışdır. İstintaq orqanı tərəfindən həyata keçirilən istintaq hərəkətlərinin yekununda məlum olmuşdur ki, onun əməlində cinayət tərkibi yoxdur. Ona görə də onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə cinayət təqibinə və seçilmiş ev dustaqlığı qətimkan tədbirinə xitam verilmişdir. İstintaq dövründə onun narkotik vasitələrin satışı ilə bağlı ittiham edilib qanunsuz olaraq 74 gün saxlanılması və 68 gün həbsə əvəz olan ev dustaqlığı qətimkan tədbirində olmaqla, cəmi olaraq 142 gün kimi ağır və aşağılayıcı cinayət əməlinin törədilməsi nəticəsinə gəlinmişdir. Dövlət orqanlarının etdiyi səhv nəticəsində qanunsuz olaraq tutulmağı ilə əlaqədar özünə və ailəsinə çox böyük maddi və mənəvi zərər dəymişdir. Qanunsuz olaraq 74 gün saxlanılmaqla, ailə üzvlərindən uzaq qalmış və 68 gün həbsə əvəz olan ev dustaqlığı qətimkan tədbirində olmaqla, daimi mənəvi iztirab çəkmişdir. Həbsdə olarkən ailəsi mənəvi məhrumiyyətlərlə üzləşmiş, “narkoman ailəsi” damğası ilə yaşamaq məcburiyyətində qalmışlar. Qanunsuz həbs onun şəxsiyyətinə və mənliyinə elə zərbə vurmuşdur ki, indiyə kimi dostlar və qohumlar ondan qaçmağa çalışır, həyatın hər sferasında bu damğanı hiss edir. Qanunsuz həbs nəticəsində özünə uyğun iş tapa bilmir. Hər dəfə ailəsi İstintaq Təcridxanasına gələndə görüşlərdən sonra o, özünə gələ bilmirdi. Qanunsuz olaraq həbsdə qaldığı müddətdə təhsil alma hüququndan məhrum olmuşdur. Belə ki, iş materiallarına əlavə olunan sənədlərdən də məlum olduğu kimi, o, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında bakalavriat təhsil səviyyəsinin məşqçilik fakülətsinin 2-ci kursunda əyani formada təhsil alır və həbsdə olduğu müddətdə təhsilindən əsassız olaraq yayınmış və yekunda universitetdən qovulma təhlükəsi ilə üzləşmişdir. İş materiallarına əlavə olunan sənədlərdən də göründüyü kimi, o, Yunan-Roma güləşi üzrə öz çəki dərəcəsində dəfələrlə yerli və beynəlxalq turnirlərdə yüksək yerlərə layiq görülərək ölkəmizin bayrağını dəfələrlə dalğalandırmışdır. Bundan başqa, öz çəki dərəcəsində gələcəkdə qarşıdakı Olimpiya Oyunlarında iştirak etmək üçün qanunsuz həbsə salınan müddətədək mütəmadi olaraq Güləş Federasiyasının diqqət mərkəzində olmuş və onun daima məşq etməsi üçün müvafiq şərait yaratmışdır. Barəsində yekun məhkəmə hökmü çıxmadan istintaq orqanı onun əməlinə qanunsuz və əsassız olaraq hüquqi qiymət verərərək, iş materiallarına əlavə olunan CD diskə görə müxtəlif televiziya verilişlərində narkotik satıcısı kimi göstərməsi birmənalı olaraq onun Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində nəzərdə tutulmuş təqsirsizlik prezumpsiyası hüququ pozulmuşdur. Halbuki məhkəmənin hökmü olmasa, kimsə cinayətdə təqsirli sayıla bilməz. İstintaq Təcridxanasında saxlanıldığı müddətdə onun səhhətində problemlər yaranmışdır. İbtidai istintaq hərəkətləri qanunsuz olaraq keçirilmiş və iş materialına əlavə olunmuş 08 noyabr 2021-ci il tarixli Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasının sorğuya cavabına və əlavə olunan şəkillərə əsasən ona zor və işgəncə tətbiq edərək cinayəti etiraf etməsinə vadar etmişlər, lakin yekunda onun əməlində cinayət tərkibi olmadığına görə onunla bağlı icraata xitam verilməsi haqqında qərar çıxarılmış və bu onun şəxsiyyətinə və mənliyinə çox böyük zərbə olmuşdur. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X4 tərəfindən məhkəməyə etiraz ərizəsi ünvanlanaraq bildirilmişdir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iddiaçı iddia ərizəsində mənəvi ziyana görə 50.000 manat məbləğində vəsaitin ona ödənilməsini tələb edir. Mülki Məcəllənin 1101.1-ci, 1114.3-cü maddələrinə istinad edərək qeyd edir ki, bu baxımdan iddia tələbi dövlət büdcəsinə yönəldiyindən məhkəmə tərəfindən iş üzrə təqsirkar vəzifəli şəxslərin məhkəmə prosesinə cəlb olunması, onların təqsirinin müəyyən edilməsi və dövlətin həmin şəxslərə qarşı reqres hüququndan istifadə edə bilməsi üçün hüquqi faktların məhkəmə qərarında göstərilməsi barədə qanunsuz hərəkətə yol vermiş vəzifəli şəxs məhkəmə prosesinə cəlb olunması məqsədəmüvafiqdir. Bununla bağlı qanunsuz hərəkətlərə yol vermiş vəzifəli şəxslərin məhkəməyə cəlb edilməsi barədə vəsatət etiraz ərizəsinə əlavə olunur. Mənəvi ziyanın vurulması ilə bağlı bildirir ki, iddiaçı mənəvi ziyan vurulması ilə bağlı hər hansı təsdiqedici sənədlərə istinad etməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci və 23-cü maddələrinin şərh edilməsinə dair» 31 may 2002-ci il tarixli qərarına istinad edərək, həmçinin qeyd etmişdir ki, iddiaçı mənəvi əzab çəkməsini, barəsində mənfi fikrin formalaşmasını sübut edəcək faktlar təqdim etməmişdir. Bu səbəbdən, iddianın rədd edilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 05 sentyabr 2021-ci il tarixli, 4(008)-663/2021 saylı qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs İddiaçı barəsində 04 ay müddətinə həbs qətimkan tədbirinin seçilməsi, həbs etmənin əvvəlinin 03 sentyabr 2021-ci il tarixdən hesablanması qərara alınmışdır. Təqsirləndirilən şəxs İddiaçı müdafiəçiləri tərəfindən vəsatətlə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edilərək, məhkəmənin 05 sentyabr 2021-ci il tarixli, 4(008)- 663/2021 saylı qərarı ilə İddiaçı barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilməsi xahiş edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 02 noyabr 2021-ci il tarixli qəraraı ilə İddiaçı müdafiəçilərinin vəsatəti təmin edilməmişdir. Yuxarıda qeyd edilən qərardan təqsirləndirilən şəxs İddiaçı müdafiəçisi tərəfindən apelyasiya şikayəti verilmiş və Bakı Apelyasiya Məhkəməsi Cinayət Kollegiyasının 18 noyabr 2021-ci il tarixli, 4(103)-690/2021 saylı qərarı ilə apelyasiya şikayəti təmin edilərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs İddiaçı barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilməsi, ev dustaqlığının müddətinin Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 05 sentyabr 2021-ci il tarixli qərarı ilə müəyyən olunmuş həbsdə saxlanılma müddəti ilə məhdudlaşdırılmaqla, 03 yanvar 2021-ci il tarixədək müəyyən edilməsi qərara alınmışdır. Sabunçu RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi, polis kapitanı X2 25 yanvar 2022-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərarı ilə İddiaçı barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə cinayət təqibinə xitam verilməsi və barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinə xitam verilməsi qərara alınmışdır. Həmin qərarda İddiaçı əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin olmadığı qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı İstintaq Təcridxanasının 08 oktyabr 2021-ci il tarixli, 17/387021 saylı məktubunda İddiaçı 06.09.2021-ci il tarixdə Bakı İstintaq Təcridxanasına gətirildiyi, onun Bakı İstintaq Təcridxanasının tibbi-sanitar hissəsindən ilkin tibbi müayinədən keçdiyi, ilkin tibbi müayinə zamanı onun xəsarət almasını bildirməsi nəticəsində bədəninin dəri səthinə baxış keçirilərkən sağ gözaltı nahiyədə tünd bənövşəyi rəngli qançır müşahidə edilməsi qeyd edilmişdir. İş materiallarından görünür ki, iddiaçı iddia ərizəsində qeyd etdiyi kifayət qədər uzun müddət ərzində əsassız yerə həbsdə (ev dustaqlığında) saxlanılmışdır. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 1096-cı maddəsinin tələblərinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquqi məsuliyyət daşıyır. Qanunvericiliyin qeyd olunan müddəasının tələblərindən görünür ki, mülki hüquqi məsuliyyətin yaranması üçün bir sıra məcburi şərtlərin olması tələb olunur. Həmin şərtlərə borclunun (zərərvuranın) hüquqa zidd davranışı, həmin davranış ilə vurulmuş zərər faktı arasında səbəbli əlaqə və borclunun (zərərvuranın) təqsiri aiddir. Həmin şərtlərdən hər hansı birinin mövcud olmaması mülki hüquqi məsuliyyəti istisna edir. Mülki Məcəllənin 1100-cü madəsinin tələblərinə əsasən dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Mülki Məcəllənin 1101.1-ci madəsinin tələblərinə əsasən qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qətimkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. Mülki Məcəllənin 1101.2-ci madəsinin tələblərinə görə təhqiqat, ibtidai istintaq, prokurorluq orqanlarının qanunsuz fəaliyyəti nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərər bu Məcəllənin 1101.1-ci maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmadıqda onun əvəzi qanunla müəyyənləşdirilmiş əsaslarla və qaydada ödənilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 57.1-ci maddəsinin tələbinə görə cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində bu Məcəllənin 56-cı maddəsində nəzərdə tutulmuş şəxslərə vurulmuş mənəvi, fiziki və maddi ziyan ödənilməlidir. Həmçinin, bu şəxslərin əmək və mənzil hüquqları bərpa edilməli, bunlar mümkün olmadıqda isə həmin hüquqların pozulması nəticəsində dəyən ziyanın pul kompensasiyası təmin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 58.1-ci maddəsinin tələbinə görə cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş maddi ziyan əsaslandırılaraq hesablandıqdan sonra kompensasiyası verilməklə tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 58.2-ci maddəsinin tələbinə görə fiziki və mənəvi ziyan Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir. «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən cinayət təqibinə xitam verilməsi haqqında qərar çıxarıldıqda vurulmuş ziyanın bu Qanunla müəyyən edilmiş hallarda, miqdarda və qaydada ödənilməsi hüququ yaranır. Bu Qanunun 1-ci maddəsində göstərilmiş əməliyyat-axtarış tədbirlərinin cinayət işi başlamazdan əvvəl keçirilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququ belə tədbirlər keçirildikdən dərhal sonra yaranır. Həmin Qanunun 5-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində) hər bir şəxsə məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər, vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Qeyd edilən Qanunun 6-cı maddəsinin 1-ci bəndinə əsasən bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. Məhkəmə, iddiaçının istintaq orqanının səhvi nəticəsində mənəvi iztirab çəkməsi ilə bağlı dəlillərinə hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli və iddiaçının xeyrinə ədalətli həddə, yəni 5.000 (beş min) manat məbləğində mənəvi ziyan tutulmalıdır. «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin tələbinə əsasən təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Şəxsin barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə gətirib çıxaran və digər mənəvi xarakterli mənfi nəticələr mənəvi ziyan hesab edilir. Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan mülki qanunvericiliklə nəzərdə tutulmuş qaydada ödənilir. Həmin Qanunun 12-ci maddəsinin tələbinə əsasən fiziki və mənəvi ziyan, Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir. İstintaq və ya inzibati icraat müddətində və ya cəza çəkdiyi dövrdə şəxsə vurulmuş mənəvi ziyanın ümumi məbləği Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məhkəmə tərəfindən müəyyən edilir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31.05.2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəql nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarateri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «mənəvi ziyanla» bağlı təcrübəsi göstəririr ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahtlıq, məyusluq hissələrini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, Avropa Məhkəməsi «Koinq Almaniyaya qarşı» işdə ərizəçiyə «mənəvi narahatlıq yetirilməsinə», «Artiko İtaliyaya qarşı» işdə «tənhalıq və kimsəsizlik hisslərinə», «Younq, Cames və X1rşı» işdə «alçaldıcı və təhqiredici hərəkətlərə» görə mənəvi zərər ödənilməsi qərarına gəlmişdir. Avropa Məhkəməsinin «Ədalətli kompensasiya tələbləri barədə Praktiki Qaydaları»nın 13-cü bəndinə əsasən, mənəvi zərərə aid Məhkəmənin təyin etdiyi kompensasiya qeyri-maddi zərərə, məsələn, əqli və ya fiziki əziyyətə görə maliyyə kompensasiyasının təmin olunmasına yönəlib. Məhkəmə iddiaçıya ödənilməli mənəvi ziyanın həcmini 5.000 manat müəyyən edərkən, onun əsassız yerə etmədiyi cinayət əməlində ittiham edilməsini, bununla bağlı uzun müddət istintaq aparılmasını və barəsində öncə həbs qətimkan, daha sonra isə seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilməsini və s. diqqətəlayiq məqamları nəzərə alır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı vurulmuş mənəvi zərərə görə 5.000 (beş min) manat məbləğində pul cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İddia qalan hissədə rədd edilməlidir. Belə ki, məhkəmə qeyd edir ki, İddiaçı ibtidai istintaq müddəti ərzində fiziki işgəncələrə məruz qalması ilə əlaqədar aidiyyəti hüquq-mühafizə orqanlarına müraciət etmək hüququnun olması izah edilməlidir. Məhkəmə bu nəticəyə gələrkən nəzərə alır ki, «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikasının Qanunun 6-cı maddəsinin 1-ci bəndinə əsasən, bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. Həmçinin, məhkəmə qeyd edir ki, dövlətin maliyyə siyasətinin həyata keçirilməsi və dövlət maliyyəsinin idarə olunması səlahiyyətlərini Maliyyə Nazirliyi həyata keçirir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 04.02.2000-ci il tarixli, 271 nömrəli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında" Əsasnamənin 1.1-ci bəndində qeyd olunanlara əsasən Maliyyə Nazirliyi Azərbaycan Respublikasında maliyyə siyasətini həyata keçirən və dövlət maliyyəsinin idarə olunmasını təşkil edən mərkəzi icra hakimiyyəti orqanıdır. Azərbaycan Respublikası Prezidentinin 09 fevral 2009-cu il tarixli, 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamənin 1-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Azərbaycan Respublikasının maliyyə siyasətini işləyib hazırlayan və həyata keçirən, dövlət maliyyəsinin idarə olunmasını təşkil edən, dövlət və icmal büdcələrin layihələrini hazırlayan və dövlət büdcəsinin kassa icrasını təmin edən, sığorta fəaliyyəti, dövlət borcunun idarə edilməsi, mühasibat uçotunun təşkili və aparılması sahələrində dövlət tənzimlənməsinin, dövlət büdcəsi vəsaitindən istifadə, qiymətli metalların və qiymətli daşların istehsalı, emalı və dövriyyəsi sahələrində dövlət nəzarətinin həyata keçirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır. Məhkəmə qeyd edir ki, zərərin ödənilmə mənbəyi "dövlət büdcəsinin vəsaiti", zərəri ödəməli olan subyekt isə "Azərbaycan Respublikası" kimi müəyyən edilməsi əsaslıdır. Belə ki, "Azərbaycan Respublikası" dövlətin adıdır, yəni bu ifadə ilə dövlət nəzərdə tutulur. Cinayət təqibi dövlətin adından həyata keçirildiyindən cinayət təqibinə məruz qalan şəxs bəraət aldığı halda ziyana görə həmin şəxsin qarşısında dövlət məsuliyyət daşıyır. Beləliklə, baxılan işdə hüquq münasibətinin tərəfi dövlətdir, dövlətin səlahiyyətlərini isə onun orqanları həyata keçirir. Dövlətdən pul tələb olunduğu halda onun maliyyə siyasətini həyata keçirən və dövlət maliyyəsinin idarə olunmasını təşkil edən orqan dövlətin səlahiyyətlərini həyata keçirir. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı vurulmuş mənəvi zərərə görə 5.000 (beş min) manat məbləğində pul cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №e-2(006)-1966/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1966/2022
26.05.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver