Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2009/2022 26.05.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsi hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi Quluzadə Sevil Zakir qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiası ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 1700,00 (min yeddi yüz) manat məbləğində pul vəsaitinin və işə baxılması ilə əlaqədar məhkəmənin hesabına ödənilən 47 (qırx yeddi) manat dövlət rüsumunun iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC tərəfindən PQA********** nömrəli sığorta şəhadətnaməsi əsasında “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalanmış “Toyota Camry” markalı, **-MM-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi 22.12.2019-cu il tarixdə Bakı şəhəri, Aeoroport yolunda baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində “Mazda CX-5” markalı **- RH-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyan vurmuşdur. Bununla bağlı olaraq, "xxxx" ASC tərəfindən “Mazda CX-5” markalı **-RH-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə zərərçəkənə 14.01.2020-ci il tarixli CM 0041/20 saylı sığorta aktı əsasında 1700,00 (min yeddi yüz) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Sözügedən yol nəqliyyat hadisəsi ilə əlaqədar "xxxx" ASC tərəfindən aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, "xxxx" ASC-də sığortalanmış “Toyota Camry” markalı, **- MM-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh hadisə yerindən yayınmışdır. Bu hal BPİ-nin DYPİ-nin inzibati tənbeh vermə haqqında TYP №130746 saylı qərarında öz əksini tapmışdır. "xxxx" ASC tərəfindən 10.03.2020-ci il tarixli 0272/20 nömrəli məktubla Cavabdeh qarşı 1700,00 (min yeddi yüz) manat məbləğində hüququ ilə əlaqədar pul tələbi irəli sürülmüş və həmin məbləğin 17 mart 2020-ci il tarixədək ödənilməsi tələb olunmuşdur. Lakin, hal-hazırki tarixədək cavabdeh tərəfindən subroqasiya hüququ ilə əlaqədar pul tələbləri yerinə yetirilmədiyindən həmin tələblərin məhkəmə qaydasında təmin olunması zərurəti yaranmışdır. Qeyd olunanları nəzərə alaraq, iddiaçı iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə baxış iclasında iştirak edən iddiaçının X2 iddia tələbinin məzmununa uyğun izahat verərək, onun təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə baxış iclasında iştirak etməmiş və heç bir üzrlü səbəbinin olmasını məhkəməyə bildirməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin (MPM) 185-ci madəsinə əsasən işə lazımi qaydada xəbərdar edilmiş cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, təqdim olunmuş sübutları müvafiq maddi və prosessual hüquq normalarına əsasən qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan 24 dekabr 2019-cu il tarixli TYP130746 №-li “İnzibati tənbeh vermə haqqında” Qərara əsasən, 22.12.2019-cu il tarixdə sürücü Cavabdeh tərəfindən yol-nəqliyyat hadisəsi törədilmiş, sürücü Cavabdeh “Mazda CX-5” markalı **-RH-*** dövlət qeydiyyat nişanlı avtomobili vuraraq hadisə yerini tərk etmişdir. Nəticədə Cavabdeh tərəfindən AR İnzibati Xətalar Məcəlləsinin 327.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bunu 24.12.2019-cu il tarixli TYP №130746 seriyalı İnzibati xəta haqqında Protokol da təsdiq edir. İş materiallarında olan Cavabdeh tərəfindən verilən İzahatdan görünür ki, o, 22.12.2019-cu il tarixdə Aeroport şosesi ilə üzü hava limanına doğru hərəkət etdiyi zaman idarə etdiyi “Toyota Camry” markalı, **-MM-*** dövlət qeydiyyat nişanlı avtomobillə manevr etmə qaydasını pozaraq, “Mazda CX-5” markalı **-RH-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, hadisə baş verdikdən sonra yol polisinin gəlməsini gözləmədən hadisə yerini tərk etmişdir. Bu barədə heç bir polis orqanına məlumat verməmişdir. Onun barəsində tərtib olunan TYP №130746 seriyalı protokolla razı olduğunu və onu öz imzası ilə təsdiq etdiyini bildirmişdir. İş materiallarında olan 30.12.2019-cu il tarixli 1722/19 №-li Qiymətləndirmə aktına əsasən, avtomobilə dəymiş ziyan1700,00 manat məbləğində hesablanmışdır. İş materiallarında olan "xxxx" ASC-nin 14 yanvar 2020-ci il tarixli Sığorta aktına əsasən, sığorta ödənişinin yekun məbləği 1700,00 manat nəzərdə tutulmaqla, barəsində subroqasiya tələbi irəli sürülməli şəxs kimi Cavabdeh qeyd olunmuşdur. İş materiallarında olan 10 mart 2020-ci il tarixli, 0272/20 №-li Cavabdeh ünvanlanan məktubdan görünür ki, “İcbari sığortalar haqqında” AR Qanununun 63.1-ci maddəsinə əsasən, bu qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Həmin qanunun 23.1.6-cı maddəsinə görə sığortaçı sığorta ödənişini verdikdən sonra müvafiq şəxslərə qarşı AR Mülki Məcəlləsinin 936-cı maddəsində və “İcbari sığortalar haqqında” AR Qanununun 25, 63.1-ci maddəsində nəzərdə tutulmuş qaydada subroqasiya hüququndan istifadə etmək hüququna malikdir. Qeyd olunanları nəzərə alaraq, subroqasiya hüququna əsasən, 1700,00 manat məbləğində vəsaitin 17 mart 2020ci il tarixinədək "xxxx" ASC-nin bank hesabına ödənilməsini təmin etməyi xahiş olunmuşdur. Qeyd olunan tarixə qədər vəsaitin ödənilməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdar edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 883-cü maddəsinə əsasən zərərdən sığorta müqaviləsinə görə bir tərəf (sığortaçı) müqavilə ilə şərtləşdirilmiş haqq (sığorta haqqı) müqabilində digər tərəfə (sığortalıya) və ya sığorta müqaviləsi xeyrinə bağlanmış başqa şəxsə (faydalanan şəxsə) müqavilədə nəzərdə tutulan hadisənin (sığorta hadisəsinin) baş verdiyi təqdirdə həmin hadisə nəticəsində sığortalanmış əmlaka dəymiş zərərin əvəzini müqavilə ilə müəyyənləşdirilmiş məbləğ (sığorta məbləği) həddində ödəməyi (sığorta ödənişi) öhdəsinə götürür; 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur; 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir; 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər; 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun 25.1, 25.1.3-cü maddələrinə əsasən sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ - icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, "xxxx" ASC tərəfindən PQA********** nömrəli sığorta şəhadətnaməsi əsasında “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalanmış “Toyota Camry” markalı, **- MM-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi 22.12.2019-cu il tarixdə Bakı şəhəri, Aeoroport yolunda baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində “Mazda CX-5” markalı **- RH-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyan vurmuşdur. Bununla bağlı olaraq, "xxxx" ASC tərəfindən “Mazda CX-5” markalı **-RH-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə zərərçəkənə 14.01.2020-ci il tarixli CM 0041/20 saylı sığorta aktı əsasında 1700,00 (min yeddi yüz) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Sözügedən yol nəqliyyat hadisəsi ilə əlaqədar "xxxx" ASC tərəfindən aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, "xxxx" ASC-də sığortalanmış “Toyota Camry” markalı, **- MM-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh hadisə yerindən yayınmışdır. Bu hal BPİ-nin DYPİ-nin inzibati tənbeh vermə haqqında TYP №130746 saylı qərarında öz əksini tapmışdır. "xxxx" ASC tərəfindən 10.03.2020-ci il tarixli 0272/20 nömrəli məktubla Cavabdeh qarşı 1700,00 (min yeddi yüz) manat məbləğində hüququ ilə əlaqədar pul tələbi irəli sürülmüş və həmin məbləğin 17 mart 2020-ci il tarixədək ödənilməsi tələb olunmuşdur. Göründüyü kimi, cavabdeh tərəfindən yol-nəqliyyat hadisəsi törədildikdən sonra hadisə yerindən yayınmışdır. Ona görə də məhkəmə hesab edir ki, iddia təmin edilməli, vurulmuş zərərə görə iddiaçı tərəfindən ödənilmiş məbləğ cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 1700 (min yeddi yüz) manat məbləğində verilmiş sığorta ödənişinin məbləği və 47 (qırx yeddi) manat dövlət rüsumu iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 1700 (min yeddi yüz) manat məbləğində verilmiş sığorta ödənişinin məbləği və 47 (qırx yeddi) manat dövlət rüsumu iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №e-2(006)-2009/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-2009/2022
26.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver