Məhkəmə qərarları › İş №e-2(006)-2042/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-2042/2022

26.05.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2042/2022 26.05.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsinin hakimi Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Mirzəyeva Sevinc İmran qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil oğlunun iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı «vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı «vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 2.Tələb onunla əsaslandırılmışdır ki, Nərimanov rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi Rahib Əliyev iddiaçını qanunsuz olaraq AR CM-nin 177.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb etmişdir, guya ki, «zərərçəkmiş şəxs» Asiya Əsgərovaya məxsus tikinti materialları tikinti materialları mağazasında əmək müqaviləsi üzrə satıcı işləyən zaman ona etibar edilmiş əmlakı mənimsəməklə 26.498,13 manat məbləğində oğurluq etmişdir. Təqsiri olmadığı üçün iddiaçı ittihamı qəti surətdə rədd etmişdir. Belə ki, işin hallarından müəyyən olunur ki, Asiya Əsgərovanın şikayəti üzrə Nərimanov rayon Polis İdarəsində barəsində dəfələrlə araşdırmalar aparılmış, lakin əməlində oğurluq, mənimsəmə və dələduzluş faktları təsdiq edilmədiyi üçün hər dəfə cinayət işinin başlanması rədd edilməsi barədə qərarlar qəbul edilmişdir. Nərimanov rayon Prokurorluğunun mstəntiqi Elfanə Bayramovanın 15.12.2018-ci il tarixli qərarı ilə mənimsəmə faktı təsdiq edilmədiyi üçün Asiya Əsgərovanın şikayəti üzrə cinayət işinin başlanması rədd edilmişdir. Nərimanov rayon Prokurorluğunun 24.06.2019-cu il tarixli qərarı ilə həmin qərarı ləğv edilmiş, iş təkrar istintaqa qaytarılmışdır. Nərimanov RPİ-nin müstəntiqi Elnur Məmmədov 18.03.2020-ci il tarixli qərarı ilə cinayət işin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Lakin Nərimanov rayon Prokurorunun 12.11.2020-ci il tarixli qərarı ilə Elnur Məmmədovun 18.03.2020-ci il tarixli qərarı əsassız olaraq ləğv edilmiş, oğurluq faktı AR CM-nin 177.2.4-cü maddəsi ilə cinayət işi başlanmışdır. Həmin işi icraatına qəbul etmiş müstəntiq Rahib Əliyev iddiaçını tam qanunsuz olaraq Azərbaycan Respublikası CM-nin 177.2-ci maddəsi ilə cəlb etmiş və həbs edərək Nərimanov RPİ-nin MSY-nə yerləşdirmişdir. Həbsdə olduğu zaman müstəntiq anası X4 zəng edib, iddiaçını həbs etdiyini bildirmiş, yalnız 26498,13 manat pul ödənildiyi halda onu həbsdən azad edəcəyi ilə hədələmişdir. Anası onun həbs olunmasından vahiməyə düşərək qohumlardan borca 15.000 manat pul toplayıb, iddiaçıdan xəbərsiz olaraq müstəntiqə çatdırmışdır. Lakin işin hallarından müəyyən olunur ki, iddiaçının təqsirini təsdiq hər hansı sübut olmamışdır. Lakin, Nərimanov RPİ-nin müstəntiq Rahib Əliyev prosessual qanunların tələblərinə məhəl qoymadan iddiaçıya əsassız ittiham vermiş, qondarma sübutlar toplayıb işi Nərimanov rayon Məhkəməsinə göndərmişdir. Nərimanov rayon Məhkəməsinin 13.04.2021-ci il tarixli, 1(005)-107/2021 saylı qərarı ilə cinayət işinin baxılmasına xitam verilmiş və iş ibtidai istintaqa prosessual rəhbərlik edən rayon prokurora qaytarılmışdır. Bundan sonra cinayət işi Nərimanov RPİ-nin müstəntiqi Ceyhun Hüseynovun icraatına verilmişdir. Ceyhun Hüseynov həmin cinayət işi üzrə iddiaçıya yenidən 177.2-ci maddəsi üzrə ittiham vermişdir. Lakin rayon prokuroru ittiham aktını təsdiq etməkdən imtina etmişdir. Bundan sonra müstəntiq Ceyhun Hüseynovun 05.01.2022-ci il tarixli qərarı ilə əməlində cinayət tərkibi müəyyən edilmədiyi üçün cinayət işinin icraatına bəraətverici əsaslar üzrə xitam verilmişdir. Nərimanov rayon Polis İdarəsinin istintaq orqanının edilən qanunsuz hərəkətləri nəticəsində iddiaçı fiziki və mənəvi işgəncələrə məruz qalmışdır, şərəf və ləyaqəti ləkələnmişdir. Həbsdə olduğu müddətdə və sonralar iddiaçı iş yerini itirmişdir, əmək fəaliyyəti ilə məşğul ola bilməmişdir, ailəsi maddi təminatsız qaldığı üçün bundan əsəb və psixi sarsıntılar keçirmişdir. Bundan əlavə istintaq orqanının qanunsuz əməlləri nəticəsində iddiaçıya 15.000 manat məbləğində maddi ziyan vurulmuşdur. Belə ki, anası Gülbuta Nağıyeva müstəntiq Rahib Əliyevin qanunsuz əməlləri nəticəsində 15.000 manat toplayıb müstəntiqə çatdırmışdır. Həmin borcun yükü kimi iddiaçının üzərindədir, çünki anasının hər hansı gəlir mənbəyi yoxdur və borcu qaytarmaq imkanında deyil. İddiaçıya vurulmuş maddi və mənəvi ziyan bilavasitə istintaq orqanının qanunsuz əməlləri nəticəsində vurulmuşdur və səbəbli əlaqə aşkardır. Barəsində illərlə əsassız araşdırmalar aparılmış, dörd dəfə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar verilmiş, yekunda isə barəsində qondarma cinayət işi başlamış, tam qanunsuz olaraq həbs edilmişdir. İstintaq orqanının qanunsuz əməlləri nəticəsində iddiaçı uzun müddət ərzində illərlə təqib altında saxlanılmışdır, mənəvi iztirablara məruz qalmışdır, şəfər və ləyaqəti ləkələni, nüfuzuna və təmiz adına ləkə vurulmuşdur, iş yerini itirmişdir və sair. Göstərilənlərə əsaəsn Nərimanov rayon Polis İdarəsinin istintaq orqanının qanunsuz hərəkətləri nəticəsində iddiaçıya vurulmuş maddi zərərə görə 15.000 manat və mənəvi zərərə görə 5000 manat, ümumi olaraq 20.000 manat məbləğində kompensasiyanın dövlət hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

3. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək iddia ərizəsində göstərilənləri təsdiq etmiş və iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

4. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil oğlu iddianı müdafiə edərək iddia ərizəsində göstərilənləri təsdiq etmiş və iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

5. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq onun nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsi barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Odur ki, məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir.

6. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim etmiş və etirazı onunla əsaslandırmışdır ki, iddia ərizəsində iddiaçı əmək fəaliyyəti ilə məşğul olmasını, müəyyən məbləğdə aylıq gəlirini qeyd etsə də, bununla bağlı hər hansı əsaslandırıcı sübut təqdim etməmişdir. Belə ki, vergi ödəyicisi kimi qeydiyyatda olması və konkret ödənilən verginin miqdarı barədə, habelə ayda konkret qazancı barədə sənədlər işin materiallarına əlavə edilməmişdir. Həmçinin iddiaçı həbsdə olduğu müddətdə iş yerini itirdiyini, sonradan da əmək fəaliyyəti ilə məşğul ola bilmədiyini qeyd edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74-cü maddəsinin tələblərinə əsasən əmək müqaviləsinə işçinin nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, müəyyən müddətə azadlıqdan məhrum etmə və ya öiürlük azadlıqdan məhrum emə cəzasına məhkum edildiyi barədə məhkəmənin hökmü qanuni qüvəəyə minlikdə xitam verilə bilər. Lakin ərizədə iddiaçının işdən azad olunmasının bu cinayət işi ilə bağlılığı sübut olunur. Ümumiyyətlə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olmadığı halda işçinin əmək müqaviləsinə xitam verilməsi nəticəsində yaranmış əmək mübahisəsi işçi və işəgötürən arasında tənzimlənməlidir. Bu baxımdan maddi ziyanın ödənilməsi tələbi Maliyyə Nazirliyinə deyil işəgötürənə yönəldilməlidir. Bundan başqa iddiaçı qeyd edir ki, o, həbsdə olduğu müddətdə anası onu həbsdən azad etmək üçün 15.000 manat borc almış və müstəntiqə vermişdir. Bu səbəbdən ona 15.000 manat maddi zərər dəymişdir və bunun əvəzi ödənilməlidir. «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsində ödənilən ziyanın (məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər, hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş məbləğlər və s.) konkret göstərilir və iddiaçının qeyd etdiyi növ zərərin ödənilməsi bu Qanunda nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23 maddələrinin şərh edilməsinə dair» 31.05.2002-ci il tarixli qərarında qeyd edilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisad məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Lakin iddiaçı ona maddi və mənəvi ziyanın dəyməsi hallarını təsdiq edən hər hansı bir sübut təqdim etmədən və ümumi ifadələrlə kifayətlənərək ziyanın ödənilməsini tələb etmişdir. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» 03.11.2008-ci il tarixli 7 №-li Qərarına əsasən Plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Plenum izah edir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, habelə işin sair diqqətəlayiq halları nəzzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Hesab edirlər ki, iddiaçı onun barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə dair əsaslı sübutlar göstərə bilməmişdir. Bundan başqa, mənəvi zərərin müəyyən edilməsi zamanı analoji norma kimi Azərbaycan Respublikası CPM-nin 190-cı maddəsinin müddəaları nəzərə alınmalıdır. Belə ki, həmin maddədə zərər çəkmiş şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə ona vurulmuş ziyana görə müvafiq məbləğdə kompensasiya almaq hüququ müəyyən edilmişdir (ona qarşı xüsusilə ağır cinayət törədildikdə - üç yüz otuz manat, ona qarşı ağır cinayət törədildikdə - yüz altmış beş manat, ona qarşı az ağır cinayət törədildikdə - əlli beş manat, ona qarşı böyük ictimai təhlükə törətməyən cinayət törədildikdə - on bir manat). Göründüyü kimi mövcud qanunvericiliyə əsasən hər hansı şəxsə qarşı xüsusilə ağır cinayət törədildiyi halda ona ödəniləcək kompensasiyanın məbləği üç yüz otuz manatdır. Azərbaycan Respublikası Prezidentinin 09.02.2009-cu il tarixli 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə»nin 8.7-ci bəndinə əsasən Maliyyə Nazirliyi Azərbaycan Respublikası Milli Məclisi tərəfindən hər il üçün təsdiq edilmiş dövlət büdcəsinin xərc maddələri üzrə büdcə daxilolmalarının vəziyyətindən asılı olaraq bütün büdcə təşkilatlarını (kredit sərəncamçılarını) yalnız onların sifarişinə və məxaric cədvəllərinə əsasən onların xərc smetalarında nəzərdə tutulmuş vəsaitlər həddində maliyyələşməsini həyata keçirir. Maliyyə Nazirliyinin büdcə təşkilatları əvəzinə vəsaiti hər hansı bir təyinata yönəltmək səlahiyyəti yoxdur. Eyni zamanda «Dövlət büdcəsi» ifadəsi də ümumi anlayışdır və burada hər bir büdcə təşkilatına (kredit sərəncamçılarına) müvafiq məqsədlər üçün xərc maddələri üzrə vəsait nəzərdə tutulur. Xərc maddələri isə Qanunla təsdiq olunduğundan Maliyyə Nazirliyinin onu dəyişmək hüququ yoxdur. «Büdcə sistemi haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən Azərbaycan Respublikası dövlət büdcəsinin məqsədi ölkənin iqtisadi, sosial və digər strateji proqramlarının və problemlərinin həlli dövlətin funksiyalarının həyata keçirilməsi üçün qanunvericiliklə müəyyən edilmiş qaydada maliyyə vəsaitinin toplanmasını və istifadəsini təmin etməkdir. Göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

7. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir.

8. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 öz ifadəsində göstərmişdir ki, o iddiaçının anasıdır. Oğlu iki gün həbsdə qalmışdır. Mübahisəli 15.000 manat məbləğində pulu polis şöbəsində oğlunun həbs edilməməsi üçün vermiş, pulun isə zərərçəkmiş şəxsə Asya xanıma çatması ona məlum deyildir. X15rla çox yaxın olmuşdur.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

9. İş materiallarında olan Nərimanov RPİ-nin İŞ-nin müstəntiqi Rahib Əliyev tərəfindən tərtib edilmiş arayışın surətindən görünür ki, ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs İddiaçı anası X9 iş üzrə zərərçəkmiş şəxs X13 vurulmuş 28115,63 manat puldan 15.000 manat pulunu 16.11.2020-ci il tarixdə Asiya Əskərovaya ödəmişdir.

10. İş materiallarında olan X16 tərəfindən Nərimanov RPİ-nin İŞ-nin müstəntiqi Rahib Əliyevə ünvanlanmış 16.11.2020-ci il tarixli ərizənin surətindən görünür ki, ********* nömrəli cinayət işi üzrə İddiaçı ona verməli olduğu 28115,63 manat puldan 15.000 manatını İddiaçı anası X10 16.11.2020-ci il tarixdə Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 35 №-li xidməti iş otağında ona nağd şəkildə ödəmişdir. Hazırda İddiaçı ona 13.115,63 manat borcu qalmışdır. İddiaçı tutulmadan azad edilməsini və azadlıqda olduğu müddət ərzində özü qalan pulu ona ödənilməsini xahiş etmişdir.

11. İş materiallarında olan Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 13.04.2021ci il tarixli 1(005)-107/2021 saylı, 13.04.2021-ci il tarixli qərarından görünür ki, təqsirləndirilən şəxs İddiaçı müdafiəçisi Vəkil vəsatəti təmin edilmiş, İddiaçı Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinin icraatına xitam verilmiş və iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmış, İddiaçı barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır.

12. İş materiallarında olan Bakı şəhəri Nərimanov RPİ-nin İŞ-nin müstəntiqi X6 tərəfindən qəbul edilmiş 05.01.2022-ci il tarixli cinayət işinin icraatına xitam verilməsi haqqında qərarın surətindən görünür ki, ********* saylı cinayət işi Nərimanov rayon prokuroru tərəfindən 12.06.2020-ci il tarixdə fakta görə Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə başlanmış və ibtidai istintaq aparılması üçün aidiyyəti üzrə Nərimanov RPİ-nin İŞ-nə göndərilmişdir. Cinayət işinin başlanmasına səbəb və əsas İddiaçı 2016-cı ilin noyabr ayından 2018-ci ilin avqust ayınadək olan müddət ərzində X13 məxsus Bakı şəhəri, Nərimanov rayonu, Dərnəgül qəsəbəsində yerləşən tikinti materiallarının satışı mağazasında işləyərkən satışdan əldə olunmuş 26498 manat məbləğində pul vəsaitini gizli yolla talayıb zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla oğurluq etməsi faktına dair toplanmış materiallar olmuşdur. 12.06.2020-ci il tarixdə Nərimanov RPİ-nin İŞ-nə daxil olmuş cinayət işi üzrə istintaqı aparılması İŞ-nin müstəntiqi Rahib Əliyevə həvalə olunduğundan, cinayət işi həmin tarixdə icraata qəbul edilmişdir. Cinayət işinin mürəkkəbliyi ilə əlaqədar Bakı şəhər prokuroru tərəfindən 10.09.2020-ci il tarixdə ibtidai istintaq müddəti 2 ay, yyyəni 12.11.2020-ci il tarixədək uzadılmışdır. Təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxsi müəyyən etmək mümkün olmadığından 29.09.2020-ci il tarixli qərarla cinayət təqibi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.1-ci maddəsinə əsasən dayandırılmışdır. Toplanmış ilkin sübutların məcmusuna əsasən 04.11.2020-ci il tarixdə İddiaçı Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərar qəbul olunmuş, lakin İddiaçı istintaqdan gizləndiyindən onun olduğu yerin müəyyən edilməsi, ittiham elan etmək üçün tutulması və cinayət prosesini həyata keçirən orqanın sərəncamına verilməsi üçün müvafiq tədbirlər görülməsindən ötrü həmin gün barəsində axtarış elan edilmişdir. Nərimanov RPİ-nin 17-ci polis şöbəsinin əməklaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində təqsirləndirilən şəxs İddiaçı 14.11.2020-ci il tarixli Bakı şəhəri ərazisində tutularaq istintaqa təqdim edildiyindən, icraatın dayandırılmasına əsas verən səbəblər aradan qalxdığı üçün həmin tarixdə cinayət işi üzrə dayandırılmış icraat təzələnərək təqsirləndirilən şəxs İddiaçı Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə ittiham elan edilmişdir. Təqsirləndirilən şəxs İddiaçı zərərçəkmiş şəxs X13 vurmuş olduğu 28115,63 manat məbləğində maddi ziyanın müqabilində 16.11.2020-ci il tarixdə Nərimanov RPİ-nin istintaq şöbəsində anası X2 vasitəsilə Asya Əskərovaya 4800 manat və 10200 manat ekvivalentində 6000 ABŞ dolları olmaqla, cəmi 15000 manat ödəniş etmişdir. Bununla əlaqədar müstəntiq tərəfindən 16.11.2020-ci il tarixdə X2 və zərərçəkmiş şəxs X11 iştirakı ilə müvafiq protokol tərtib olunaraq cinayət işinin materiallarında əlavə olunmuşdur. 16.11.2020-ci il tarixdə təqsirləndirilən şəxs İddiaçı barəsində ibtidai istintaq müddətinin sonunadək həbs qətimkan tədbiri seçilməsi məsələsinə baxılması üçün Nərimanov rayon Məhkəməsinə təqdim verilməsi barədə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Nərimanov rayon prokuroru qarşısında vəsatət qaldırılmışdır. 16.11.2020-ci il tarixdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Nərimanov rayon prokuroru tərəfindən vəsatət rədd edilmiş və təqsirləndirilən şəxs İddiaçı barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina olunmasına dair qərar qəbul olunmaqla həbslə əlaqədar olmayan digər qətimkan tədbirinin seçilməsinə göstəriş verilmişdir. 16.11.2020-ci il tarixdə tərəfindən təqsirləndirilən şəxs İddiaçı barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. 14.12.2020-ci il tarixdə ********* saylı cinayət işi ittiham aktı ilə birlikdə təsdiq edilməsi üçün Nərimanov rayon prokurorluğuna göndərilmiş və həmin ittiham aktı Nərimanov rayon prokurorluğunda təsdiq olunaraq baxılması üçün Nərimanov rayon məhkəməsinə göndərilmişdir. ********* saylı cinayət işinə Nərimanov rayon Məhkəməsində baxılmış və bir sra qanun pozuntusuna yol verildiyi üçün 13.04.2021-ci il tarixdə cinayət işi Nərimanov rayon prokurorluğuna geri qaytarılmışdır. X3 və təqsirləndirilən şəxs İddiaçı tərəfindən gizli talama yolu ilə zərərçəkmiş şəxs X13 məxsus Bakı şəhəri, Nərimanov rayonu, Dərnəgül qəsəbəsi, 507-ci məhəllədə yerləşən tikinti materialları mağazasından ümumilikdə 28115,63 manat məbləğində pul vəsaitinin gizli olaraq talanıb oğurlanmasında hər hansı formada iştiraklarının olması müəyyən edilməmişdir. Odur ki, X3 və İddiaçı əməlində cinayət tərkibinin əlamətlərinin olması müəyyən edilmədiyindən barəsində cinayət təqibinin başlanması rədd olunmalıdır. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə başlanmış 20006607 saylı cinayət işi üzrə icraata xitam verilməsi qərara alınmışdır.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

13. Beləliklə, məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, İddiaçı 2016-cı ilin noyabr ayından 2018-ci ilin avqust ayınadək olan müddət ərzində X13 məxsus Bakı şəhəri, Nərimanov rayonu, Dərnəgül qəsəbəsində yerləşən tikinti materiallarının satışı mağazasında işləyərkən satışdan əldə olunmuş 26498 manat məbləğində pul vəsaitini gizli yolla talayıb zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla oğurluq etməsi faktına dair Nərimanov rayon prokuroru tərəfindən 12.06.2020-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə ********* saylı cinayət işi başlanmış və ibtidai istintaq aparılması üçün aidiyyəti üzrə Nərimanov RPİ-nin İŞ-nə göndərilmişdir. 04.11.2020-ci il tarixdə İddiaçı Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərar qəbul olunmuş, lakin İddiaçı istintaqdan gizləndiyindən onun olduğu yerin müəyyən edilməsi, ittiham elan etmək üçün tutulması və cinayət prosesini həyata keçirən orqanın sərəncamına verilməsi üçün müvafiq tədbirlər görülməsindən ötrü həmin gün barəsində axtarış elan edilmişdir. Nərimanov RPİ-nin 17-ci polis şöbəsinin əməklaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində təqsirləndirilən şəxs İddiaçı 14.11.2020-ci il tarixli Bakı şəhəri ərazisində tutularaq istintaqa təqdim edildiyindən, icraatın dayandırılmasına əsas verən səbəblər aradan qalxdığı üçün həmin tarixdə cinayət işi üzrə dayandırılmış icraat təzələnərək təqsirləndirilən şəxs İddiaçı Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə ittiham elan edilmişdir. Təqsirləndirilən şəxs İddiaçı zərərçəkmiş şəxs X13 vurmuş olduğu 28115,63 manat məbləğində maddi ziyanın müqabilində 16.11.2020-ci il tarixdə Nərimanov RPİ-nin istintaq şöbəsində anası X2 vasitəsilə Asya Əskərovaya 4800 manat və 10200 manat ekvivalentində 6000 ABŞ dolları olmaqla, cəmi 15000 manat ödəniş etmişdir. Bununla əlaqədar müstəntiq tərəfindən 16.11.2020-ci il tarixdə X2 və zərərçəkmiş şəxs X11 iştirakı ilə müvafiq protokol tərtib olunaraq cinayət işinin materiallarında əlavə olunmuşdur. 16.11.2020-ci il tarixdə təqsirləndirilən şəxs İddiaçı barəsində ibtidai istintaq müddətinin sonunadək həbs qətimkan tədbiri seçilməsi məsələsinə baxılması üçün Nərimanov rayon Məhkəməsinə təqdim verilməsi barədə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Nərimanov rayon prokuroru qarşısında vəsatət qaldırılmışdır. 16.11.2020-ci il tarixdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Nərimanov rayon prokuroru tərəfindən vəsatət rədd edilmiş və təqsirləndirilən şəxs İddiaçı barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina olunmasına dair qərar qəbul olunmaqla həbslə əlaqədar olmayan digər qətimkan tədbirinin seçilməsinə göstəriş verilmişdir. 16.11.2020-ci il tarixdə tərəfindən təqsirləndirilən şəxs İddiaçı barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. 14.12.2020-ci il tarixdə ********* saylı cinayət işi ittiham aktı ilə birlikdə təsdiq edilməsi üçün Nərimanov rayon prokurorluğuna göndərilmiş və həmin ittiham aktı Nərimanov rayon prokurorluğunda təsdiq olunaraq baxılması üçün Nərimanov rayon məhkəməsinə göndərilmişdir. ********* saylı cinayət işinə Nərimanov rayon Məhkəməsində baxılmış və bir sra qanun pozuntusuna yol verildiyi üçün 13.04.2021-ci il tarixdə cinayət işi Nərimanov rayon prokurorluğuna geri qaytarılmışdır. Bakı şəhəri Nərimanov RPİ-nin İŞ-nin müstəntiqi X6 tərəfindən qəbul edilmiş 05.01.2022-ci il tarixli cinayət işinin icraatına xitam verilməsi haqqında qərarı ilə təqsirləndirilən şəxs İddiaçı tərəfindən gizli talama yolu ilə zərərçəkmiş şəxs X13 məxsus Bakı şəhəri, Nərimanov rayonu, Dərnəgül qəsəbəsi, 507-ci məhəllədə yerləşən tikinti materialları mağazasından ümumilikdə 28115,63 manat məbləğində pul vəsaitinin gizli olaraq talanıb oğurlanmasında hər hansı formada iştirakının olması müəyyən edilmədiyindən, İddiaçı barəsində cinayət təqibinin başlanması rədd olunaraq, Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə başlanmış 20006607 saylı cinayət işi üzrə icraata xitam verilmişdir. Hazırda iddiaçı ona vurulmuş 15000 manat maddi və 50.000 manat mənəvi ziyanın ödənilməsini tələb edir.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

14. Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsinə görə, hər kəsin azadlıq hüququ vardır.

15. Azərbaycan Respublikası Konstitusiyasının 68-ci maddəsinin 2 bəndinə əsasən hər kəsin dövlət orqanlarının yaxud onların vəzifəli şəxslərinin qanuna zidd hərəkətləri və ya hərəkətsizliyi nəticəsində vurulmuş zərərin dövlət tərəfindən ödənilməsi hüququ vardır.

16. Azərbaycan Respublikası CPM-nin 56.0.1-ci maddəsinə əsasən bəraət almış təqsirləndirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir.

17. Həmin Məcəllənin 57.1-ci maddəsinə əsasən cinayət prosesini həyatak eçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində bu Məcəllənin 56-cı maddəsində nəzərdə tutulmuş şəxslərə vurulmuş mənəvi, fiziki və maddi ziyan ödənilməlidir. Həmçinin, bu şəxslərin əmək və mənzil hüquqları bərpa edilməli, bunlar mümkün olmadıqda isə həmin hüquqların pozulması nəticəsində dəyən ziyanın pul kompensasiyası təmin edilməlidir.

18. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş maddi ziyan əsaslandırılaraq hesablandıqdan sonra kompensasiyası verilməklə tam həcmdə ödənilməlidir.

19. Həmin Məcəllənin 58.2-ci maddəsinə əsasən fiziki və mənəvi ziyan Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir.

20. Məhkəmə qeyd edir ki, İddiaçı barəsində Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə başlanılmış ********* saylı cinayət işi üzrə icraata xitam verildiyindən, bununla da onun əsassız olaraq 2 gün müddətində həbsdə olduğundan, iddiaçı mövcud iddia tələbi ilə məhkəmədə çıxış etməkdə haqlı olmuşdur.

21. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1100-ci maddəsinə əsasən dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir.

22. Qeyd edilən Məcəllənin 1101.1-ci maddəsinə əsasən qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsəalmanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. 23.Həmin Məcəllənin 1101.2-ci maddəsinə əsasən təhqiqat, ibtidai istintaq, prokurorluq orqanlarının qanunsuz fəaliyyəti nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərər bu Məcəllənin 1101.1-ci maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmadıqda onun əvəzi qanunla müəyyənləşdirilmiş əsaslarla və qaydada ödənilir.

24. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi özünün «Reybok Sloveniyaya qarşı» işində qeyd etmişdir ki, daxili qanunvericilik kompensasiya hüququnu yalnız azadlıqdan məhrum edilmənin qanunsuz olduğu və ya səhvən baş vermiş hallarla məhdudlaşdırmışdır. Çünki həmin işdə məhkəmə İnsan Hüquqlarının və X7 X1 5-ci maddəsinin 5-ci bəndinin pozulduğunu müəyyən etdi, çünki Konvensiyanın 5-ci madəsinin 4-cü bəndi (həmin bəndə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliynə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir) pozulması nəticəsində yaranmış ərizəçinin konpensasiya hüququ kifayət qədər dəqiq şəkildə təmin edilməmişdir.

25. «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxsə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə görə təhqiqat ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Şəxsin barəsində mənfi fikir formalaşmasına ona əhatə edən şəxslərə münasibətin pisləşməsinə gətirib çıxaran və digər mənfi xarakterli mənfi nəticələr mənəvi ziyan hesab olunur.

26. Həmin Qanunun 12-ci maddəsinə görə fiziki və mənəvi ziyan Azərbaycan Respublikası Qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məhkəmə tərəfindən müəyəyn edilir.

27. Həmin Qanunun 4-cü maddəsinə görə vurulmuş ziyan bu qanunla müəyyən edilmiş miqdarda və qaydada ödənilməsi hüququ bəratəverici hökm çıxarıldıqdan sonra yaranır.

28. Həmin Qanunun 5-ci maddəsinə görə isə bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş hallarda hər bir şəxsə qanunsuz hərəkətlər nəticəsində onun itirdiyi mənfəət və digər gəlirlər məhkəmə məsrəfləri ilə bağlı ondan tutulmuş məbləğlər, hüquqi yardım göstərilməsi ilə əlaqədar ödənilmiş məbləğlər və vurulmuş mənəvi ziyan ödənilməlidir.

29. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» 31 may 2002-ci il tarixlit qərarında qeyd edilmişdir ki, «Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloci reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır”. “...xüsusi ilə qeyd olunmalıdır ki, mülki qanunvericilikdə şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi həyat sirri və şəxsi tozunulmazlıqla bağlı pozuntuların nəticəsində dəymiş ziyanın ödənilməsi nəzərdə tutulsa da digər şəxsi qeyri-əmlak hüquqlarından və qeyri-maddi nemətlərdən istifadə etmək hüquqlarının pozulması nəticəsində vurulmuş ziyanın ödənilməsi müəyyən olunmamışdır”.

30. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenimunun 3 noyabr 2008-ci il tarixli 7 saylı qərarının 2-ci bəndində göstərilmişdir ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır.

31. Həmin Qərarın 9-cu bəndində qeyd edilmişdir ki, mülki qanunvericilikdə müəyyən olunmuş zərərvuran şəxsin təqsirindən asılı olmayaraq maddi məsuliyyət daşıması halları eyniliklə mənəvi zərərin ödənilməsi barədə iddialara da aiddir. (təhqiqat, ibtidai istintaq, prokurorlu və məhkəmə orqanlarının qanunsuz hərəkətləri ilə vurulmuş ziyana görə).

32. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

33. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüquqi pozulmuş şəxsin pozulmuş hüququni bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüquqi pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

34. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində iddiaçı barəsində əsassız olaraq olaraq həbs qətimkan tədbiri tətbiq edildiyindən, iddiaçı 2 (iki) gün əsassız həbsdə olduğundan və bu hal qanuni qüvvəyə minmiş cinayət işinin icraatına xitam verilməsi haqqında qərarı ilə öz təsdiqini tapdığından, ona vurulmuş mənəvi ziyanın əvəzi kimi kompensasiya ödənilməlidir.

35. Avropa Məhkəməsinin mənəvi ziyanla bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyətini, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya idgər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahatlıq, məyusluq hislərini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn Avropa məhkəməsi “Koinq Almaniyaya qarşı” işdə ərizəçiyə “mənəvi anrazatlıq yetirilməsinə”, “Arçiko İtaliyaya qarşı” işdə “tənhalıq və kimsəsizlik hislərinə”, “Younq, Cames və X5rşı” işdə alçaldıcı və təhqiredici hərəkətlərə” görə mənəvi zirər ödənilməsi qərarına gəlmişdir.

36. Azərbaycan Dövlətinin hüquqi dövlət olması, Azərbaycan Respublikası Konstitusiyasında insan hüquq və azadlıqlarının təmininin dövlətin ali məqsədi kimi bəyan edilməsi, insan hüquq və azadlıqlarının bərpa olunmasının məhkəmələrin vəzifəsi kimi müəyyənləşdirilməsi, həmçinin Konvensiyanın 41-ci maddəsi və Avropa Məhkəməsinin təcrübəsini insan hüquq və azadlıqlarının pozulduğu hallarda ədalətli satisfaksiyası yolu ilə əvvəlki vəziyyətin bərpa edilməsi ona dəlalət edir ki, milli məhkəmələr mənəvi ziyanın ödənilməsi barədə tələblərə baxarkən qeyd olunanları əsas götürməli və pozulmuş hüququn tam bərpasına nail olunması üçün ədalətli kompensasiya ödənilməsini təmin etməlidirlər.

37. Məhkəmə hazırki mübahisə üzrə qeyd edir ki, vurulmuş mənəvi ziyana görə zərərin miqdarı müəyyən edərkən ölkə vətəndaşlarının ümumi həyat səviyyəsi, yaranmış iqtisadi durum, məhkəmə aktlarının icrası mümkünlüyü nəzərə alınmalıdır.

38. Məhkəmə hesab edir ki, iddiaçının törətmədiyi cinayətə görə qanunsuz olaraq təqsirləndirilən şəxs qismində tanınması, əsassız olaraq barəsində həbs qətimkan tədbirinin tətbiq edilməsi və ibtidai istintaq orqanı tərəfindən əsassız olaraq cinayət təqibinə məruz qalması onda narahatçılıq, cinayətkar imicinin yaradılması, nüfuzdan salınması və məyusluq hisslərinin yaranmasına və stresə düşməsinə səbəb olduğundan, ona vurulmuş mənəvi ziyan ödənilməlidir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi mənəvi ziyanın tutulması hissəsində qismən təmin edilməli və mənəvi ziyanın əvəzi kimi iddiaçının xeyrinə 500 (beş yüz) manat məbləğində pul tutulmalıdır. Məhkəmə qeyd edir ki, mənəvi ziyanın 500 (beş yüz) manat məbləğində müəyyən edilməsi işin hallarına uyğundur və tam ədalətlidir.

39. Məhkəmə hesab edir ki, mənəvi ziyana görə tutulacaq pul məbləği dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə ödənilməldir.

40. Belə ki, «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» 29 dekabr 1998-ci il tarixli Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin 1-ci bəndinə əsasən, bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir.

41. Göstərilən Qanunun 7-ci maddəsinin 2-ci bəndinə əsasən, şəxsin barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə gətirib çıxaran və digər mənəvi xarakterli mənfi nəticələr mənəvi ziyan hesab edilir. Mənəvi ziyan mülki qanunvericiliklə nəzərdə tutulmuş qaydada ödənilir.

42. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Əsasnaməsinin 1-ci bəndinə əsasən, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Azərbaycan Respublikasının maliyyə siyasətini işləyib hazırlayan və həyata keçirən, dövlət maliyyəsinin idarə olunmasını təşkil edən, dövlət və icmal büdcələrin layihələrini hazırlayan və dövlət büdcəsinin kassa icrasını təmin edən, dövlət borcunun və maliyyə öhdəliklərinin idarəedilməsi, mühasibat uçotunun təşkili və aparılması sahələrində dövlət tənzimlənməsinin, dövlət büdcəsi vəsaitindən istifadə, qiymətli metalların və qiymətli daşların istehsalı, emalı və dövriyyəsi sahələrində dövlət nəzarətinin həyata keçirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır.

43. Göründüyü kimi təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. Azərbaycan Respublikası Maliyyə Nazirliyi də öz növbəsində dövlət borcunun və maliyyə öhdəliklərinin idarəedilməsi sahəsində dövlət nəzarətinin həyata keçirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır.

44. Belə olan halda, iddiaçıya vurulmuş mənəvi ziyanın əvəzinin ödənilməsi Dövlət büdcəsinin vəsaiti hesabına (Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsilə) həyata keçirilməlidir.

45. Məhkəmə iddia tələbinin maddi ziyana görə 15000 manat məbləğində pulun tutulması hissəsi üzrə qeyd edir ki, həmin hissədə tələb təmin edilməməlidir.

46. Məhkəmə qeyd edir ki, qeyd olunan 15.000 manat məbləğind pul başlanılmış cinayət işi üzrə zərərçəkmiş şəxs kimi tanınmış Asya Əskərovaya verilmiş, bu hal cinayət işinin materiallarında olan ərizələrdə öz əksini tapmiş, həmçinin zərərçəkmiş şəxsin özü də polisə ərizə verərək 15.000 manat məbləğində pulun polisin vasitəsilə ona çatdığını etiraf etmişdir.

47. Məhkəmə iclasında iddiaçıya cavabdehin əsl cavabdeh ilə (X16) əvəz edilməsi təklif olunsada o, bununla razılaşmamışdır. Qeyd olunanları əsas götürərək tələbi ona qarşı deyil, cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı qaldırdığını və Azərbaycan Respublikası Maliyyə Nazirliyinin onun hazırki tələbi üzrə əsl cavabdeh olmasını bildirmişdir.

48. Məhkəmə hesab edir ki, iddiaçının hazırkı tələbi, tələbə cavab verməli olmayan tərəfə qarşı yönəldiyindən, cavabdeh hazırkı iddia üzrə cavabdeh kimi subyektiv vəzifələr daşıya bilməz.

49. Məhkəmə qeyd edir ki, məhkəmə müdafiəsi hüququ öz təbiəti etibarı ilə mütləq hüquq olmayıb müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlə məruz qala bilər və yalnız qanunla qorunan pozulmuş və ya barəsində mübahisə edilən hüquq və azadlıqları məhkəmə vasitəsi ilə həyata keçirilməsini nəzərdə tutur. Bu mənada hər kəs özünün subyektiv hüququnu həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə alınmalıdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərini məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsini mümkünlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüququa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır.

50. M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarına qeyd edilmişdir ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.

51. Bu konteksdə qeyd olunmalıdır ki, hər hansı iddia tələbi məhz ona cavab verməli olan şəxsə qarşı irəli sürüldüyü zaman əsaslı hesab edilə bilər və təmin oluna bilər. İddiaçının cavabdeh qismində göstərdiyi şəxs isə məhkəmənin istinad etdiyi qanunvericilik normaları çərçivəsində hazırkı iddiaya cavab verməli olan subyekt olaraq qəbul edilə bilməz.

52. Bu səbəbdən iddia tələbinin maddi ziyana görə 15000 manat məbləğində pulun tutulması hissəsi üzrə cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin cavabdehlik daşımamasını nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə əsaslı hesab edilə bilməz və təmin edilməməlidir.

53. .Beləliklə, məhkəmə toplanmış və tədqiq olunan sübutlara məcmu halda, tam, hərtərəfli, obyektiv və qərəzsiz hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyindən İddiaçı xeyrinə mənəvi zərərə görə 500 (beş yüz manat) manat pul tutularaq ona verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.

54. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

55. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

56. Eyni Məcəllənin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

57. Həmçinin, MPM-nin 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

58. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia tələbi qismən təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyindən İddiaçı xeyrinə mənəvi zərərə görə 500 (beş yüz manat) manat pul tutularaq ona verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ramin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar