Məhkəmə qərarları › İş №e-2(006)-2044/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-2044/2022

18.04.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2044/2022 18.04.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Tağıyev Adil Elçin oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı «təhqiqat, ibtidai istintaq, prokurorluq orqanlarının qanunsuz hərəkətləri nəticəsində şəxsin tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi və həbsdə saxlanması nəticəsində vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı «təhqiqat, ibtidai istintaq, prokurorluq orqanlarının qanunsuz hərəkətləri nəticəsində şəxsin tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi və həbsdə saxlanması nəticəsində vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində ona vurulmuş ziyan - müdafiəçiyə hüquqi yardımla əlaqədar ödənilmiş 300 manat; onun Azərbaycan Respublikası CM-nin 262.3-ci maddəsi ilə təqsirli bilinərək, azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsinə dair hökmün icrası ilə əlaqədar 2 il 5 ay (29 ay) qanunsuz həbsdə qalması ilə bağlı real qazancından məhrum olmasına (maddi ziyana) görə 6.380 manat; onun 2 il 5 ay (29 ay) qanunsuz həbsdə qalması ilə bağlı vurulmuş mənəvi ziyana görə 29.000 manat kompensasiyanın Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Azərbaycan Respublikasının Dövlət büdcəsinin vəsaiti hesabına ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin (hakim Ceyhun Qədimov) 26.08.2019-cu il tarixli 1(010)-90/2019 saylı hökmü ilə İddiaçı Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 5 (beş) il 01 (bir) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəlinin 26.08.2019-cu il tarixdən hesablanması, İddiaçı məhkəmə zalından həbs edilməsi qərara alınmışdır. Bakı Apelyasiya Məhkəməsi Cinayət Kollegiyasının 11.03.2020-ci il tarixli 1(103)-47/2020 saylı qərarı ilə məhkumun müdafiəçiləri tərəfindən verilmiş apelyasiya şikayətləri təmin edilməmiş, Suraxanı rayon Məhkəməsinin 26.08.2019-cu il tarixli hökmü dəyişilik edilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Cinayət Kollegiyasının (sədrlik edən hakim Tahir Kazımov) 02.06.2021-ci il tarixli 1(102)-786/2021 saylı qərarı ilə məhkumun müdafiəçiləri tərəfindən verilmiş kasasiya şikayəti qismən təmin edilmiş, məhkum İddiaçı barəsində Bakı Apelyasiya Məhkəməsi Cinayət Kollegiyasının 11 mart 2020-ci il tarixli qərarı ləğv edilmiş, cinayət işi baxılması üçün məhkəmə baxışına təyin edilmişdir. Bakı Apelyasiya Məhkəməsi Cinayət Kollegiyasının (sədrlik edən hakim Rəşad Abdulov) 07.01.2022-ci il tarixli 1(103)-42/2022 saylı bəraət hökmü ilə məhkum edilmiş şəxsin müdafiəçiləri tərəfindən verilmiş apelyasiya şikayətləri təmin edilmiş, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin İddiaçı Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə məhkum edilməsinə dair 26 avqust 2019-cu il tarixli hökmü ləğv edilmiş, yeni hökm çıxarılmış, İddiaçı Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə bəraət verilmiş, İddiaçı barəsində seçilmiş «həbs» növündə qətimkan tədbiri ləğv edilmiş və o, məhkəmə iclası zalından dərhal azad olunmuş, tutulması, təqsirləndirilən səxs qismində cəlb edilməsi və həbsdə saxlanması nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququ və bu hüququn həyata keçirilməsi qaydası İddiaçı izah edilmiş, is üzrə maddi sübut kimi tanınmış «Mercedes Benz - 215CDl» mikroavtobus markalı **- VA-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı qaytarıldığına görə onun sərəncamına verilmiş hesab olunmuş, həmin avtomobilin üzərinə Suraxanı rayon Polis İdarəsinin rəis müavininin 12 fevral 2019-cu il tarixli ***-*******92 nömrəli məktubuna əsasən qoyulmuş qadağa ləğv edilmiş, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 236 manat dövlət büdcəsi vəsaiti hesabına ödənilməsi, zərər çəkmiş şəxsin hüquqi varisi və mülki iddiaçı tərəfindən verilmiş mülki iddianın baxılmamış saxlanılması, hökmün qəbul edildiyi andan qanuni qüvvəyə minməsi qərara alınmışdır. Qanunun tələbinə əsasən cinayət işi üzrə apelyasiya instansiya məhkəməsinin qərarı dərhal qüvvəyə mindiyinə görə, hazırkı iddia qaldırılır. Məhkəmələr tərəfindən müəyyən edildiyi kimi, İddiaçı sürücü işləyir. İddiaçı, barəsində əsassız qaldırılmış cinayət işi ilə bağlı əsassız olaraq cinayət məsuliyyətinə cəlb edildiyindən və ahıl (60) yaşında həbs edildiyindən o, uzun müddət gərginlik şəraitində, mənəvi iztirab və əziyyət içərisində yaşamış, ailə və uşaqları onun iki ildən artıq bu ağır vəziyyətini və acısını yaşamışlar. Lakin ona vurulan ziyanın ödənilməsi ilə bağlı heç bir addım atılmamışdır. Belə ki, Suraxanı RPİ-nin müstəntiqinin səhlənkarlığı nəticəsində onun barəsində əsassız olaraq ittiham aktı tərtib edilmiş, prokurorluq tərəfindən ittiham aktı təsdiq edilmiş və məhkəmə məsuliyyətinə cəlb edilmiş, 5 (beş) il 01 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, onun məhkəmə zalından həbs edilməsi qərara alınmışdır. İddiaçı təqsirləndirilən şəxs qismində cəlb olunduğu andan onun hüquqları cinayət prosesi həyata keçirən orqanlar tərəfindən pozulmuşdur. Xüsusilə qeyd etmək lazımdır ki, həmin müddətdə İddiaçı mənəvi sarsıntı keçirmiş, depresiyaya düşmüş, bu isə öz növbəsində onun səhhətinə pis təsir göstərmişdir. Hazırda barəsində bəraət hökmünün olmasına baxmayaraq, bəzi dost, tanış, qohumlar ondan uzaqlaşıblar. Hətta sürücü işlədiyi kifayət qədər nüfuzlu məktəbdə dərsə aparıb-gətirdiyi şagirdlərin də yanında hörmətdən düşmüşdür. Belə ki, şagirdlərin bir qismi ona cinayətkar kimi yanaşmışlar. O, uzun müddət ərzində istintaq orqanının əsassız ittihamının əziyyətini çəkmişdir. Məhkəmələr müəyyən etmişdir ki, cinayət işi açıq-aşkar əsassız, qanunsuz və qərəzlidir və bunun nəticəsində onun barəsində bəraət hökmü çıxarmışdır. Məhkəmənin çıxardığı hökm tam əsaslı və qanuni olmuşdur. Cinayət prosesini həyata keçirən orqanların bu hərəkətləri nəticəsində İddiaçı hüquqları pozulmuş, ona küllü miqdarda maddi zərər dəymiş və mənəvi iztirablar çəkmiş, işgüzar nüfuzuna xələl gətirilmişdir. Ona görə də, İddiaçı dəymiş maddi, fiziki və mənəvi ziyan adiyyəti orqanlar tərəfindən ödənilməlidir. İddiaçı əsassız olaraq azadlıqdan məhrum etmə cəzasına məhkum olunması və məhkəmə zalından həbs edilməsi nəticəsində o, iki il beş ay ərzində sürücü kimi əmək fəaliyyəti ilə məşğul ola bilməmişdir. İddiaçı haqqı və ədaləti yuxarı instansiya məhkəmələrində axtarmışdır. Bu hadisə ilə bağlı müvafiq ödənişlər etmişdir. Belə ki, Bakı Apellyasiya Məhkəməsində, Azərbaycan Respublikası Ali Məhkəməsində uzun sürən məhkəmə prosesləri keçirilmişdir. Hər dəfə də müqavilə əsasında müdafiəçi ilə təmin olunmuşdur. Təəssüf ki, İddiaçı əvvəlki müdafiəçiləri artıq prosesdə iştirak etmədiyinə görə onlara ödənilmiş qəbzləri əldə etmək mümkün deyildir. Halbuki həmin müdafiəçilərə xeyli ödəniş etmişdir. İddiaçı hüquqi yardımla əlaqədar hazırkı müdafiəçiyə məhkəmə icraatına görə 300 manat ödəniş etmişdir. İddiaçı müdafiəçisinə ödənilmiş 300 manat ödəniş qəbzi əlavə olunur. Ona görə də, hesab edir ki, müdafiəçisinə ödənilmiş həmin 300 manat pul məbləği kompensasiya şəklində Məhyəddin Ağakisiyevə ödənilməlidir. İddiaçı əsassız olaraq azadlıqdan məhrum etmə cəzasına məhkum olunması və məhkəmə zalından həbsə alınması müddətində o, iş yerini itirmiş, əmək qabiliyyətli olmasına baxmayaraq, işsiz qalmışdır. Nəticədə o, ölkə üzrə əmək qabiliyyətli əhali üçün müəyyən edilmiş yaşayış minimumundan, yəni ən azı 220 manat olmaqla, 29 ay (220 x 29 = 680) üçün 6.380 manat real qazancından məhrum olmuşdur. Belə ki, «Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında» Qanuna əsasən 2022-ci il üçün yaşayış minimumu ölkə üzrə əmək qabiliyyətli əhali üçün 220 manat müəyyən edilib. Ona görə də, hesab edir ki, həmin 6.380 manat pul məbləği də kompensasiya şəklində ona ödənilməlidir. Bundan başqa, digər hal ondan ibarətdir ki, İddiaçı əsassız olaraq azadlıqdan məhrum etmə cəzasına məhkum olunması və məhkəmə zalından həbs olunması nəticəsində, o, ittiham olunanlara xas şəkildə davranışa məruz qalmış, üzərində məcburi müayinələr aparılmış, barəsində əsassız məhkəmə qərarları çıxarılaraq cəzaya məruz qalmış, cəza məcburi qaydada icra edilmiş, ailəsi və uşaqları bu təsirin əsarətini yaşamışlar. Mənəvi zərərin miqdarını müəyyən edilməsi ilə bağlı hesab edir ki, hazırkı iş üzrə məhkəmə mənəvi zərərin miqdarını müəyyən edərkən iddiaçının keçirdiyi mənəvi sarsıntı və iztirabların ağırlığını, bu sarsıntı və iztirabların kifayət qədər uzun bir müddət ərzində, yəni 2 il 5 ay (29 ay) ərzində davam etməsi nəzərə alınmalı, mənəvi zərərin miqdarı ən azı 29.000 manat müəyyən edilməlidir. Belə ki, oxşar işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının son qərarlarında həbsdə qalan şəxslərə vurulmuş mənəvi zərərin əvəzi kimi müəyyən edilmiş pulun məbləği bir qayda olaraq hər aya görə 1.000 manat müəyyən edilir. Belə ki, oxşar işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-5251/2021 saylı 21.09.2021-ci il tarixli Qərarı ilə 1 il 3 ay (15 ay) həbsdə qalan şəxsə vurulmuş mənəvi zərərin əvəzi kimi müəyyən edilmiş pulun məbləği 15.000 manat müəyyən edilmişdir (bax: Azərbaycan Respublikasının Ali Məhkəməsində «Qərarlar üzrə axtarış»). Belə olan halda, hesab edir ki, həmin məbləğ hazırkı iş üzrə məhkəmədə icraat zamanı hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi baxımından əhəmiyyətlidir. Ona görə də, hesab edir ki, iddiaçıya vurulmuş mənəvi zərərin əvəzi kimi müəyyən ediləcək pulun məbləği ən azı 29.000 manat müəyyən edilə bilər. Göstərilənlərə əsasən hesab edir ki, mənəvi ziyan olaraq 29.000 manat pul kompensasiya şəklində Məhyəddin Ağakisiyevə ödənilməlidir. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, iş materiallarından göründüyü kimi iddiaçı cinayət prosesini həyata keçirən orqanların hərəkətləri ilə əlaqədar maddi və mənəvi ziyanın ödənilməsi tələbi ilə çıxış edərək, Azərbaycan Respublikası Maliyyə Nazirliyini cavabdeh qismində müəyyən etmiş və iddia tələbini Maliyyə Nazirliyinə yönəltmişdir. Lakin iş materiallarından aydın olur ki, Maliyyə Nazirliyi tərəfindən iddiaçının hüquqlarını pozacaq hər hansı bir hərəkət (hərəkətsizliyə) yol verilməmişdir. Bildirirlər ki, Mülki Məcəllənin 43.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası mülki hüquq münasibətlərində eynilə digər hüquqi şəxslər kimi iştirak edir. Bu hallarda Azərbaycan Respublikasının səlahiyyətlərini onun hüquqi şəxslər olmayan orqanları həyata keçirirlər. Bu isə o deməkdir ki, Azərbaycan Respublikası adından çıxış edən orqan təkcə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi deyildir. Maliyyə Nazirliyi Dövlət büdcəsindən maliyyələşən mərkəzi icra hakimiyyəti orqanıdır, onun hesabındakı vəsait isə orqanın saxlanması xərcləridir (Nazirliyin mərkəzi aparatı işçilərinin əmək haqqı, dəftərxana ləvazimatlarının alınması və s.) və nazirlik hər hansı sərbəst vəsaitə malik deyildir. Digər tərəfdən, «Büdcə sistemi haqqında» Azərbaycan Respublikası Qanununa uyğun olaraq hər ilin dövlət büdcəsi üzrə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilmiş ayırmalar ciddi şəkildə öz təyinatına uyğun olaraq maliyyələşdirilir və onların icra müddəti büdcə ilinin sonunda başa çatır. Maliyyə Nazirliyi Azərbaycan Respublikası Milli Məclisi tərəfindən hər il üçün təsdiq edilmiş dövlət büdcəsinin xərc maddələri üzrə büdcə daxilolmalarının vəziyyətindən asılı olaraq bütün büdcə təşkilatlarını onların sifarişləri əsasında tərtib olunmuş smetalarına uyğun olaraq mütəmadi maliyyələşdirir. Maliyyə Nazirliyinin ibtidai-istintaq və məhkəmə orqanlarının əvəzinə vəsaiti hər hansı bir təyinatına yönəltmək səlahiyyəti yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» 03.11.2008-ci il tarixli 7 saylı Qərarına əsasən Plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Həmçinin İddiaçı vəkil xidmətinin göstərilməsi üçün ödəmiş olduğu pulu sübut qismində göstərib və cavabdehdən qaytarılmasını tələb edir. Bununla bağlı qeyd edirlər ki, «Vəkillər və vəkillik fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən vəkil tərəfindən göstərilən hüquqi yardımın haqqının ödənilməsi vəkillik fəaliyyətinin fərdi qaydada və ya Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə uyğun vəkil (vəkillər) tərəfindən yaradılmış vəkil qurumlarının tərkibində həyata keçirilməsi nəzərə alınmaqla tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. İş materialları əsnasında sübut olunur ki, Maliyyə Nazirliyi tərəfindən iddiaçıya qarşı onun hüquq və azadlıqlarını pozan, habelə mənəvi zərərə məruz qalmasına gətirib çıxaran heç bir qanunsuz hərəkətə və ya hərəkətsizliyə yol verilməmişdir, onunla mənəvi zərər arasında səbəbli əlaqə mövcud deyildir. Buna görə də, iddia mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdeh Maliyyə Nazirliyinə münasibətdə təmin edilə bilməz. İddiaçı maddi və mənəvi zərərə məruz qaldığını bildirsə də, bu zərərin mövcudluğu ilə əlaqədar heç bir sübut göstərə bilməmişdir, sübut kimi sadəcə olaraq sadaladığı faktlar əsassızdır. Həmçinin iddiaçının qeyd etdiyi məbləğ heç bir real fakta əsaslanmır, əsassızdır. Bu səbəbdən, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən: - Azərbaycan Respublikası Ali Məhkəməsi Cinayət Kollegiyasının 02 iyun 2021-ci il tarixli 1(102)-786/2021 saylı qərarından görünür ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 26 avqust 2019-cu il tarixli hökmü ilə İddiaçı Azərbaycan Respublikası CMnin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 2 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 5 il 1 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin əvvəlinin 26 avqust 2019cu il tarixdən hesablanması hökm edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının 11 mart 2020-ci il tarixli qərarı ilə İddiaçı müdafiəçiləri tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş və Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 26 avqust 2019-cu il tarixli hökmü dəyişiklik edilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Cinayət Kollegiyasının 02 iyun 2021-ci il tarixli 1(102)-786/2021 saylı qərarı ilə İddiaçı müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının 11 mart 2020-ci il tarixli qərarı ləğv edilmiş, cinayət işi baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə məhkəmə baxışına təyin edilmişdir. - Bakı Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının 07 yanvar 2022-ci il tarixli 1(103)-42/2022 saylı qərarından görünür ki, İddiaçı müdafiəçiləri tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilmiş, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 26 avqust 2019-cu il tarixli hökmü ləğv edilmiş və yeni hökm çıxarılmış, İddiaçı Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə bəraət verilmiş, onun barəsində seçilmiş həbs növündə qətimkan tədbiri ləğv edilmiş və o, məhkəmə iclası zalından dərhal azad edilmişdir. İş materiallarından görünür ki, iddiaçı iddia ərizəsində qeyd etdiyi kifayət qədər uzun müddət ərzində əsassız yerə istintaqa cəlb edilmiş, barəsində həbs qətimkan tədbiri seçilərək, 2 il 4 ay 11 gün ərzində faktiki olaraq azadlıqdan məhrum edilmiş, hüquqları pozulmuşdur. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 1096-cı maddəsinin tələblərinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquqi məsuliyyət daşıyır. Qanunvericiliyin qeyd olunan müddəasının tələblərindən görünür ki, mülki hüquqi məsuliyyətin yaranması üçün bir sıra məcburi şərtlərin olması tələb olunur. Həmin şərtlərə borclunun (zərərvuranın) hüquqa zidd davranışı, həmin davranış ilə vurulmuş zərər faktı arasında səbəbli əlaqə və borclunun (zərərvuranın) təqsiri aiddir. Həmin şərtlərdən hər hansı birinin mövcud olmaması mülki hüquqi məsuliyyəti istisna edir. Mülki Məcəllənin 1100-cü madəsinin tələblərinə əsasən dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Mülki Məcəllənin 1101.1-ci madəsinin tələblərinə əsasən qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qətimkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. Mülki Məcəllənin 1101.2-ci madəsinin tələblərinə görə təhqiqat, ibtidai istintaq, prokurorluq orqanlarının qanunsuz fəaliyyəti nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərər bu Məcəllənin 1101.1-ci maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmadıqda onun əvəzi qanunla müəyyənləşdirilmiş əsaslarla və qaydada ödənilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 57.1-ci maddəsinin tələbinə görə cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində bu Məcəllənin 56-cı maddəsində nəzərdə tutulmuş şəxslərə vurulmuş mənəvi, fiziki və maddi ziyan ödənilməlidir. Həmçinin, bu şəxslərin əmək və mənzil hüquqları bərpa edilməli, bunlar mümkün olmadıqda isə həmin hüquqların pozulması nəticəsində dəyən ziyanın pul kompensasiyası təmin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 58.1-ci maddəsinin tələbinə görə cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş maddi ziyan əsaslandırılaraq hesablandıqdan sonra kompensasiyası verilməklə tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 58.2-ci maddəsinin tələbinə görə fiziki və mənəvi ziyan Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir. «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən cinayət təqibinə xitam verilməsi haqqında qərar çıxarıldıqda vurulmuş ziyanın bu Qanunla müəyyən edilmiş hallarda, miqdarda və qaydada ödənilməsi hüququ yaranır. Bu Qanunun 1-ci maddəsində göstərilmiş əməliyyat-axtarış tədbirlərinin cinayət işi başlamazdan əvvəl keçirilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququ belə tədbirlər keçirildikdən dərhal sonra yaranır. Həmin Qanunun 5-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində) hər bir şəxsə məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər, vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Qeyd edilən Qanunun 6-cı maddəsinin 1-ci bəndinə əsasən bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. Məhkəmə, iddiaçının istintaq orqanının səhvi nəticəsində mənəvi iztirab çəkməsi ilə bağlı dəlillərinə hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli və iddiaçının xeyrinə ədalətli həddə (həbsdə olduğu müddət ərzində hər aya görə 1000 manat), yəni 28.000 (iyirmi səkkiz min) manat məbləğində mənəvi ziyan tutulmalıdır. «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin tələbinə əsasən təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Şəxsin barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə gətirib çıxaran və digər mənəvi xarakterli mənfi nəticələr mənəvi ziyan hesab edilir. Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan mülki qanunvericiliklə nəzərdə tutulmuş qaydada ödənilir. Həmin Qanunun 12-ci maddəsinin tələbinə əsasən fiziki və mənəvi ziyan, Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir. İstintaq və ya inzibati icraat müddətində və ya cəza çəkdiyi dövrdə şəxsə vurulmuş mənəvi ziyanın ümumi məbləği Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məhkəmə tərəfindən müəyyən edilir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31.05.2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəql nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarateri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «mənəvi ziyanla» bağlı təcrübəsi göstəririr ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahtlıq, məyusluq hissələrini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, Avropa Məhkəməsi «Koinq Almaniyaya qarşı» işdə ərizəçiyə «mənəvi narahatlıq yetirilməsinə», «Artiko İtaliyaya qarşı» işdə «tənhalıq və kimsəsizlik hisslərinə», «Younq, Cames və X1rşı» işdə «alçaldıcı və təhqiredici hərəkətlərə» görə mənəvi zərər ödənilməsi qərarına gəlmişdir. Avropa Məhkəməsinin «Ədalətli kompensasiya tələbləri barədə Praktiki Qaydaları»nın 13-cü bəndinə əsasən, mənəvi zərərə aid Məhkəmənin təyin etdiyi kompensasiya qeyri-maddi zərərə, məsələn, əqli və ya fiziki əziyyətə görə maliyyə kompensasiyasının təmin olunmasına yönəlib. Məhkəmə iddiaçıya ödənilməli mənəvi ziyanın həcmini 28.000 manat müəyyən edərkən, bütün diqqətəlayiq məqamları nəzərə alır. Bundan başqa, məhkəmə hesab edir ki, iddiaçının hüquqlarını müdafiə etmək üçün hüquqi yardım göstərilməsinə sərf etdiyi 300 manat xərc də cavabdeh vasitəsi ilə Dövlət büdcəsi vəsaiti hesabına iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı vurulmuş mənəvi zərərə görə 28.000 (iyirmi səkkiz min) manat məbləğində pul vəsaiti və hüquqi yardım göstərilməsi üçün sərf edilmiş 300 manat cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İddia qalan hissədə rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı vurulmuş mənəvi zərərə görə 28.000 (iyirmi səkkiz min) manat məbləğində pul vəsaiti və hüquqi yardım göstərilməsi üçün sərf edilmiş 300 manat cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar