Məhkəmə qərarları › İş №e-2(006)-2054/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-2054/2025

01.09.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2054/2025 01.09.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, məhkəmə iclasının katibi Cəfərova Şəmsiyyə Abdulla qızının katibliyi, iddiaçının nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı “qanunsuz məhkumetmə nəticəsində vurulmuş maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı “qanunsuz məhkumetmə nəticəsində vurulmuş maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qanunsuz məhkum оlunmаğı nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi qаydаsındа ona birbаşа dəymiş 598.600 mаnаt məbləğində ziyаnın, hаbеlə 400.000 mаnаt məbləğində mənəvi ziyаnın, ümumiliкdə 998.600 mаnаt məbləğində ziyаnın cаvаbdеh Аzərbаycаn Rеspubliкаsı Mаliyyə Nаzirliyindən tutulаrаq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Sabirabad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(056)-8/2022 saylı hökmü ilə iş üzrə təqsirləndirilən şəxs İddiaçı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinmiş və o, 02 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 05 (beş) il 01 (bir) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İddiaçı barısində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri ləğv edilmiş və onun barəsində “həbs” qətimkan tədbiri seçilərək məhkəmə iclası zalından dərhal həbsə alınmışdır. Daha sonra, həmin hökmdən narazı qalan müdafiə tərəfi apellyasiya şikayəti vermiş, Şirvan Apellyasiya Məhkəməsinin 1(106)-262/2023 saylı xx.xx.2023-cü il tarixli hökmü ilə İddiaçı müdafiəçisi Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Sabirabad Rayon Məhkəməsinin 15 fevral 2023-ci il tarixli, 1(056)-08/2023 nömrəli hökmü ləğv edilmiş, İddiaçı Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədiyinə görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə bəraət verilmişdir. İddiaçı barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri isə ləğv edilmişdir. Bundan sonra, apellyasiya məhkəməsinin hökmündən narazı qalan dövlət ittihamçısı kassasiya protesti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(102)-1473/2024 saylı qərarı ilə kassasiya protesti təmin edilməmiş, İddiaçı Əbilhüseyn oğlunun bəraət almasına dair Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-262/2023 saylı, 25 oktyabr 2023-cü il tarixli hökmü kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanmışdır. Göründüyü kimi, İddiaçı Sabirabad Rayon Məhkəməsi tərəfindən qanunsuz məhkum edilmiş, bu əsasla sonuncu tərəfindən dəymiş maddi zərərin əvəzinin tələb etmə hüququ yaranmışdır. Belə ki, İddiaçı uzun müddətdir ki, kənd təsərrüfatı istehsalı ilə məşğul olur, Sabirabad rayonu ərazisində özü icarəyə götürdüyü cəmi 11,02 ha torpaqları əkib-becərməklə məşğul olurdu. Eyni zamanda, qonşuları tərəfindən becərilən təxminən 130 ha torpaq sahələrində onun tərəfindən mexaniki işlər aparılırdı. Bu işləri o, istifadəsində olan MTZ-80 markalı traktorla və müxtəlif təyinatlı qoşqu aqreqatlarla həyata keçirirdi (o cümlədən şum, kultivasiya, otbiçən, ot bağlayan və sair). Həmişə olduğu kimi, 2022-ci ildə icarəyə götürdüyü torpaqlarda əkin aparmış, lakin qanunsuz məhkum edildiyi üçün xx.xx.2023-cü ildə həbs edildiyindən əkdiyi torpaqları becərə bilməmiş, nəticədə həmin illərin, yəni 2022, 2023 və 2024-cü illərin məhsulu tamamilə məhv olmuşdur. Nəticədə İddiaçı külli miqdarda ziyan dəymişdir. Həmin ziyanın hesablanması 2024-cü ildə aparılan əkin-becərmə nəticəsində əldə olunmuş kənd təsərrüfatı məhsullarının alış məntəqələrinə təhvil verilməsi qaydasında həyata keçirilmişdir. Belə ki, alış aktlarına əsasən 1 mövsüm ərzində təhvil verilmiş xam pambığın dəyəri 24.074,98 manat təşkil etmiş, 3 mövsum ərzində isə təxminən 75.000 manat təşkil etmişdir. Bundan başqa, adı çəkilən 130 ha torpaq sahələrində 3 il, hər il üçün 2 mövsum ərzində (yaz-payız) aparılan şum işləri bir hektarı 70 manat olmaqla 3 il ərzində bu gəlirdən məhrum olmuşdur (130*70*3*2=54.600 manat). Həmin ərazilərdə mala işlərinin aparılması 1 hektara görə 80 manat təşkil etməklə 2 mövsum ərzində (yaz-payız) aparılan mala işləri 3 il ərzində (130*80*3*2=62.400 manat) gəlirdən məhrum olmuşdur. Daha sonra qeyd olunan 130 ha torpaq sahəsində toxum səpini həyata keçirilmişdir ki, 2 mövsum ərzində (yaz-payız) hektarı 20 manatdan olmaqla (130*20*3*2=15.600 manat) təşkil etmişdir. Bundan başqa, 60 ha torpaq sahəsində gübrə səpini edilmiş, hər hektara görə 20 manat olmaqla 3 ildə 2 mövsum ərzində (60*20*3*2=7.200 manat). 200 ha sahədə ot biçini 40 manatdan ildə 3 dəfə 3 il ərzində (200*40*3*3=72.000 manat). Biçilmiş ot sahələrində özümə məxsus traktor və qoşqusu olan ot bağlayan aqreqatla gündə təxminən 200 ədəd ot presi bağlayırdı. Mövsum ərzində bu rəqəm təxminən 20.000 ədəd təşkil edə bilərdi. Bu isə 3 mövsüm ərzində təxminən 60.000 manat, 3 il ərzində isə 180.000 manat gəlirin əldən çıxmasıdır. Bundan başqa, mövsum ərzində 160 ədəd tirə çəkmiş, bu da 3 il və 3 mövsüm ərzində 1.440 tirə təşkil edir ki, biri 15 manat olduqda 21.600 manat təşkil edir. Həmçinin, il ərzində 140 kanal çəkmişdir ki, hər kanal 20 manatdan 3 il ərzində 8.400 manat olmuşdur. Bundan başqa, lafetlə ot daşımış, il ərzində 180 reys, 80 manatdan 3 il ərzində (180*80*3=43.200 manat) təşkil edir. Eyni zamanda, özümə məxsus iri və xırda buynuzlu mal-qaranın baxımsız qaldığı müddətdə mənə təxminən 15.000 manat məbləğində ziyan dəymişdir. Bundan başqa, yol-nəqliyyat hadisəsi nəticəsində vəfat etmiş şəxsin dəfn olunması, müsəlman qaydası ilə hüzür verilməsi və sair mərasimlər üçün ərzaq məhsullarının alınmasına çəkilən xərc: 43.600 manat. Onu da qeyd edir ki, həbs olunduğu andan mənəvi iztirablara məruz qalmış, bunun da nəticəsində ona 400.000 manat məbləğində mənəvi ziyan dəymişdir. Dəymiş ziyanın ümumi məbləği: 1. 3 mövsüm ərzində xam pambıq təhvili təxminən: 75.000 manat 2. Şum işləri: 54.600 manat 3. Mala işləri: 62.400 manat 4. Toxum işləri: 15.600 manat 5. Gübrə işləri: 7.200 manat 6. Ot biçini: 72.000 manat 7. Otun preslərə bağlanması: 180.000 manat 8. Tirə çəkilməsi: 21.600 manat 9. Kanal çəkmə: 8.400 manat 10. Lafetlə ot daşıma: 43.200 manat 11. Mal-qara: 15.000 manat 12. Hüzr xərcləri: 43.600 manat olmaqla, cəmi 598.600 manat təşkil edir. Sonradan, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə və mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin və üçüncü şəxsin nümayəndələri məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin və üçüncü şəxsin nümayəndələrinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin əvvəlki iclaslarında iddiaçının vəsatətinə əsasən şahid qismində dindirilmiş Şahid1 öz ifadəsində göstərdi ki, Nəcəfi uşaqlıqdan tanıyır, münasibətləri yaxşıdır. İş yeri Nəcəfin təsərrüfatında olub onun texnikasını istifadə etmişdir. Nəcəf onun da torpağını 2020-ci ildən əkin işləri üçün icarəyə götürüb. Nəcəf həbsdə olanda belə işləmiş, işçi olaraq kömək göstərmişdir. Təsərrüfatda 6-7 aya yaxın iş görülmədi. Nəcəfin aylıq 24.000-25.000 manat gəlirləri olub. Avtoqəzada Nəcəfin günahı yox idi. Ölən şəxslə əlaqədar 40.000 manatdan çox xərci çıxıb. Həmçinin, ölən şəxs 40 gün xəstəxanada qalmışdır, həmin xərcləri də Nəcəf qarşılamışdır. Məhkəmənin əvvəlki iclaslarında iddiaçının vəsatətinə əsasən şahid qismində dindirilmiş Şahid2 öz ifadəsində göstərdi ki, bütün proseslərin başlanmasından sonuna qədər Nəcəfin yanında olmuşdur. Nəcəf rəhmətə gedən şəxsin hər zaman yanında olub və bütün xəstəxana xərclərini qarşılayıb. Xəstəxana xərcləri ilə birlikdə 40.000 manata yaxın pul xərcləyib. Məhkəmənin əvvəlki iclaslarında iddiaçının vəsatətinə əsasən şahid qismində dindirilmiş Şahid3 öz ifadəsində göstərdi ki, Nəcəf kənd təsərrüfatı ilə məşğuldur, texnikası da var. Nəcəf onun əmisinin torpaq sahəsini icarəyə götürüb, onlar şəhərdə yaşadığına görə oranı Nəcəf ilə birlikdə istifadə etmişdir. Nəcəf tutulandan sonra təsərrüfatı başsız qaldı. Məhkəmənin əvvəlki iclaslarında iddiaçının vəsatətinə əsasən şahid qismində dindirilmiş Şahid4 öz ifadəsində göstərdi ki, Nəcəf onun atasının dayısı oğludur. Mart ayında onun anasının səhhətində ciddi problemlər yarandı və rayona getmək məcburiyyətində qalmışdır. Bu hadisə törədiləndə o, kənddə olduğuna görə rəhmətə gedən şəxsin izahatı ilə tanış olmuşdur. Şəxs rəhmətə gedənə qədər Nəcəf bütün xərcləri qarşılayıb. Məhkəmənin əvvəlki iclaslarında iddiaçının vəsatətinə əsasən şahid qismində dindirilmiş Şahid5 öz ifadəsində göstərdi ki, Nəcəf kənd təsərrüfatı ilə məşğul idi, öz texnikası var. Avtoqəza zamanı xəstənin Bakıya gəlməyində özü köməklik etmişdir. Bütün xəstəxana xərclərini və şəxs rəhmətə gedəndən sonra da xərcləri Nəcəf qarşılamışdır. Hüzrdən sonra onlar şikayətçi oldular. İş materialları: “Dövləttexnəzarət” Müfəttişliyi tərəfindən verilmiş TŞ seriyalı 024511 nömrəli, xx.xx.2006-cı il tarixli qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “MTZ80x” markalı, göy rəngli, 1988-ci il buraxılışlı və 18T214 qeydiyyat nişanlı traktor İddiaçı adına qeydiyyata alınmışdır. İddiaçı əkib-becərdiyi pambıqların "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən alnmasına dair elektron alış aktlarından görünür ki, İddiaçı əkib-becərdiyi pambıqların satışından xx.xx.2024-cü il tarixdə 7.861,53 manat, xx.xx.2024-cü il tarixdə 2.010,10 manat, xx.xx.2024-cü il tarixdə 2.179,02 manat, xx.xx.2024-cü il tarixdə1.806,87 manat, xx.xx.2024-cü il tarixdə 1.073,57 manat, xx.xx.2024-cü il tarixdə 4.484,29 manat, xx.xx.2024-cü il tarixdə 570.58 manat, xx.xx.2024-cü il tarixdə 732,69 manat, xx.xx.2024cü il tarixdə 2.578,05 manat və xx.xx.2024-cü il tarixdə 778,28 manat əldə etmişdir. Sabirabad Rayon Məhkəməsinin 1(056)-8/2023 nömrəli xx.xx.2023-cü il tarixli hökmündən görünür ki, İddiaçı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməsi və onun 02 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 05 (beş) il 01 (bir) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, İddiaçı barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbirinin ləğv edilərək, onun barəsində “həbs” qətimkan tədbirinin seçilərək məhkəmə iclası zalından dərhal həbsə alınması, İddiaçı barəsində seçilmiş «həbs» qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılması, İddiaçı cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin əvvəlinin 15 fevral 2023-cü il tarixdən hesablanması hökm edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(106)-262/2023 nömrəli xx.xx.2023-cü il tarixli hökmündən görünür ki, İddiaçı müdafiəçisi Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək, Sabirabad Rayon Məhkəməsinin 15 fevral 2023-ci il tarixli, 1(056)-08/2023 nömrəli hökmünün ləğv edilməsi, İddiaçı Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədiyinə görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə bəraət verilməsi və İddiaçı barəsində seçilmiş “ev dustaqığı” qətimkan tədbirinin ləğv edilməsi hökm edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 1(102)- 1473/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 oktyabr 2023-cü il tarixli hökmündən dövlət ittihamçısı Ramin Almazov tərəfindən verilmiş kassasiya protesti təmin edilməyərək, İddiaçı Əbilhüseyn oğlunun bəraət almasına dair Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-262/2023 saylı, 25 oktyabr 2023-cü il tarixli hökmünün kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının icraatında olmuş 1(106)- 262/2023 nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs X10 tərəfindən həmin məhkəməyə ünvanlanmış ərizənin surətindən görünür ki, ərizəçi ona dəymiş zərərin əvəzi olaraq 6.000 manat məbləğində pul verildiyini, İddiaçı Əbilhüseyn oğluna qarşı hər hansı şikayəti və tələbi olmadığını bildirərək, İddiaçı Əbilhüseyn oğluna daha yüngül, həbslə bağlı olmayan cəza verilməsini xahiş etmişdir. X1 orqanlara ünvanladığı notarial qaydada təsdiq edilmiş **********041 nömrəli ərizəsindən görünür ki, X10 vətəndaş İddiaçı qarşı heç bir iddiası, şikayəti və tələbi olmadığını, ona dəymiş maddi ziyanın İddiaçı tərəfindən tam ödənildiyini bildirərək bu halın nəzərə alınmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli sorğusuna Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli cavab məktubundan və həmin məktuba əlavə edilmiş 1(106)- 262/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarın surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Sabirabad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(056)-08/2023 nömrəli hökmündən verilmiş apellyasiya şikayətinə apellyasiya məhkəmə icraatında baxılarkən məhkum edilmiş şəxsin müdafiəçisi Vəkil tərəfindən verilmiş vəsatət Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 aprel 2023-cü il tarixli, 1(106)- 262/2023 saylı qərarı ilə təmin edilərək, İddiaçı barəsində seçilmiş “həbs” qətimkan tədbiri “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilərək, o məhkəmə iclas zalında dərhal həbsdən azad edilmişdir. Şahid1 (icarəyə verən) və İddiaçı Əbilhüseyn oğlu (icarəçi) arasında bağlanmış xx.xx.2020-ci il tarixli icarə müqaviləsinin surətindən görünür ki, müqaviləyə əsasən Kərimov X6 Nəcəf Əbilhüseyn oğluna hər 1 ha torpaq sahəsi üçün 500 manat icarə haqqı müqabilində Sabirabad rayonu, Şıxsalahlı kəndində yerləşən, ümumi sahəsi 3,01 ha olan, kənd təsərrüfatlı təyinatlı torpaq sahəsini uzun müddətli olaraq İddiaçı Əbilhüseyn oğlunun istifadəsinə və icarəsinə verməyi öz öhdəsinə götürmüşdür. X11 (icarəyə verən) və İddiaçı Əbilhüseyn oğlu (icarəçi) arasında bağlanmış xx.xx.2020-ci il tarixli icarə müqaviləsinin surətindən görünür ki, müqaviləyə əsasən X3 Nəcəf Əbilhüseyn oğluna hər 1 ha torpaq sahəsi üçün 500 manat icarə haqqı müqabilində Sabirabad rayonu, Şıxsalahlı kəndində yerləşən, ümumi sahəsi 5,70 ha olan, kənd təsərrüfatlı təyinatlı torpaq sahəsini uzun müddətli olaraq İddiaçı Əbilhüseyn oğlunun istifadəsinə və icarəsinə verməyi öz öhdəsinə götürmüşdür. X8 (icarəyə verən) və İddiaçı Əbilhüseyn oğlu (icarəçi) arasında bağlanmış xx.xx.2020-ci il tarixli icarə müqaviləsinin surətindən görünür ki, müqaviləyə əsasən X2 Nəcəf Əbilhüseyn oğluna hər 1 ha torpaq sahəsi üçün 500 manat icarə haqqı müqabilində Sabirabad rayonu, Şıxsalahlı kəndində yerləşən, ümumi sahəsi 2,31 ha olan, kənd təsərrüfatlı təyinatlı torpaq sahəsini uzun müddətli olaraq İddiaçı Əbilhüseyn oğlunun istifadəsinə və icarəsinə verməyi öz öhdəsinə götürmüşdür. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2025-ci il tarixli 18/0820 saylı qiymətləndirmə hesabatından görünür ki, Sabirabad rayonu, Şıxsalahlı kəndində yerləşən torpaq sahələrində xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövr ərzində 1 ha torpaq sahəsindən mövsümə uyğun xam pambıq təhvilindən 3.000 manat, şum işlərindən 60 manat, mala işlərindən 30 manat, toxum işlərindən 30 manat, gübrə işlərindən 30 manat, ot biçinindən 60 manat, otun preslərə bağlanmasından 75 manat, tirə çəkilməsindən 120 manat, kanal çəkilməsindən 180 manat və lafetlə ot daşımadan 60 manat gəlir əldə etmək mümkündür. Aparılmış tədqiqatların dəyəri 500 manat təşkil etmişdir. Təqdim edilmiş foto-şəkillərdə və CD diskdəki videogörüntülərdə kənd təsərrüfatı texnikası əks olunur. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 1096-cı maddəsinin tələblərinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquqi məsuliyyət daşıyır. 1100-cü madəsinin tələblərinə əsasən dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. 1101.1-ci madəsinin tələblərinə əsasən qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qətimkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. 1101.2-ci madəsinin tələblərinə görə təhqiqat, ibtidai istintaq, prokurorluq orqanlarının qanunsuz fəaliyyəti nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərər bu Məcəllənin 1101.1-ci maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmadıqda onun əvəzi qanunla müəyyənləşdirilmiş əsaslarla və qaydada ödənilir. «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikası Qanununun: 5-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində hər bir şəxsə məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər, vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. 6-cı maddəsinin 1-ci bəndinə əsasən bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. 7-ci maddəsinin tələbinə əsasən təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Şəxsin barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə gətirib çıxaran və digər mənəvi xarakterli mənfi nəticələr mənəvi ziyan hesab edilir. Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan mülki qanunvericiliklə nəzərdə tutulmuş qaydada ödənilir. 12-ci maddəsinin tələbinə əsasən fiziki və mənəvi ziyan, Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir. İstintaq və ya inzibati icraat müddətində və ya cəza çəkdiyi dövrdə şəxsə vurulmuş mənəvi ziyanın ümumi məbləği Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 163.1-ci maddəsinə əsasən ev dustaqlığı qətimkan tədbiri qismində təqsirləndirilən şəxsi həbsdə saxlamadan və cəmiyyətdən tam təcrid etmədən, lakin məhkəmənin qərarı ilə müəyyən edilmiş azadlıq və digər bir sıra hüquqlara məhdudiyyətlər qoyulmasından ibarətdir. 163.2-ci maddəsinə əsasən rv dustaqlığı məhkəmə tərəfindən müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında, habelə həbs qətimkan tədbirinin seçilməsi və ya uzadılması məsələsinə baxılarkən müdafiə tərəfinin vəsatəti və ya məhkəmənin öz təşəbbüsü ilə seçilə bilər. Ev dustaqlığı qətimkan tədbirinin seçilməsi məsələsinə, həmçinin müdafiə tərəfinin vəsatəti əsasında həbs qətimkan tədbirinin əvəz edilməsi kimi baxıla bilər. 163.3-cü maddəsinə əsasən barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş təqsirləndirilən şəxsin yerinə yetirilməli olduğu vəzifələrə məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək aiddir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarateri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” 2020-ci il 24 aprel tarixli Qərarlarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsi şəxsin hüquqazidd hərəkətlər nəticəsində öldüyü və ya sağlamlığına zərər vurulduğu halda onun yaxınlarının, o cümlədən ailə üzvlərinin keçirdikləri mənəvi sarsıntı və iztiraba görə təzminat almaq hüququnu ehtiva edir. Ölmüş və ya sağlamlığına zərər vurulmuş şəxsin yaxınları, o cümlədən ailə üzvləri keçirdikləri mənəvi sarsıntı və iztirabın dərəcəsinə, zərərçəkmiş şəxsə yaxınlıq dərəcəsinə və s. amillərə müvafiq olaraq birgə və ya ayrı-ayrılıqda təzminat almaq hüququna malikdirlər. Ölmüş və ya sağlamlığına zərər vurulmuş şəxsin yaxınlarından, o cümlədən ailə üzvlərindən birinin mənəvi zərərə görə təzminat almış olduğu halda, digərlərinin təzminat tələbi bu Qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilən mütənasiblik və ədalətlilik meyarlarına uyğun olaraq işə baxan məhkəmə tərəfindən həll edilməlidir. Məhkəmələr tərəfindən mənəvi zərərə görə təzminatın miqdarı müəyyən edilərkən hüquqazidd əməlin növü, dərəcəsi, davam etdiyi müddət, hansı şəraitdə, mühitdə baş verməsi və digər amillər nəzərə alınmalıdır. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarının 2-ci bəndinə əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan Hüquqlarının və X12 Haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «mənəvi ziyanla» bağlı təcrübəsi göstəririr ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahtlıq, məyusluq hissələrini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, Avropa Məhkəməsi «Koinq Almaniyaya qarşı» işdə ərizəçiyə «mənəvi narahatlıq yetirilməsinə», «Artiko İtaliyaya qarşı» işdə «tənhalıq və kimsəsizlik hisslərinə», «Younq, Cames və X9rşı» işdə «alçaldıcı və təhqiredici hərəkətlərə» görə mənəvi zərər ödənilməsi qərarına gəlmişdir. Avropa Məhkəməsinin «Ədalətli kompensasiya tələbləri barədə Praktiki Qaydaları»nın 13-cü bəndinə əsasən, mənəvi zərərə aid Məhkəmənin təyin etdiyi kompensasiya qeyri-maddi zərərə, məsələn, əqli və ya fiziki əziyyətə görə maliyyə kompensasiyasının təmin olunmasına yönəlib. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə 2008-ci il 30 iyul tarixli Qərarında ifadə etdiyi hüquqi mövqeyinə əsasən, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Təqdim edilmiş sənədlərdən göründüyü kimi, İddiaçı qanunsuz və əsassız yerə kifayət qədər uzun müddət ərzində həbsdə saxlanılması işin mübahisəsiz halıdır. Təqdim olunmuş sübutların məcmusundan göründüyü kimi, İddiaçı iddia ərizəsində qeyd etdiyi xüsusatlar doğrudur. İddiaçıya yuxarıda qeyd edilən hallarla bağlı mənəvi ziyan vurulmuşdur. Məhkəmə, iddiaçının qanunsuz və əsassız yerə həbsdə saxlanılması nəticəsində mənəvi iztirab çəkməsi ilə bağlı dəlillərinə hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli və iddiaçının xeyrinə ona vurulmuş mənəvi ziyana görə ədalətli həddə, onun həbsdə və ev dustaqlığında saxlandığı müddət və formalaşmış məhkəmə təcrübəsi nəzərə alınmaqla, 5.500 (beş min beş yüz) manat məbləğində pul vəsaiti tutulmalıdır. Məhkəmə iddiaçıya ödənilməli mənəvi ziyanın həcmini 5.500 (beş min beş yüz) manat müəyyən edərkən, bütün diqqətəlayiq məqamları nəzərə alır. İddia ərizəsinin məzmunundan və təqdim edilmiş məhkəmə aktlarından aşkar şəkildə görünür ki, iddiaçı əsassız yerə törətmədiyi əməllərdə təqsirləndirilərək, azadlığı əlindən alınmış, uzun müddət mənəvi iztirab çəkmiş, ailəsindən, rahatlığından məhrum olmuş, heç bir təqsiri olmadan çox keşməkeşli və təlatümlü dönəmdən keçmişdir. Məhkəmə iddiaçının maddi ziyanın ödənilməsi tələbi bağlı vurğulayır ki, iddiaçı maddi ziyanın vurulması tələbini onunla əsaslandırmışdır ki, o, həbs olunmamışdan əvvəl kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olmuşdur. Həbs olunduqdan sonra iddiaçının təsərrüfatı başsız qalmış və bununla da iddiaçının təsərrüfatı iflasa uğramış, həbs olunduğu dövr ərzində gəlirlərindən məhrum olmuşdur. Beləliklə, iddiaçıya həm də maddi zərər dəymişdir. İddiaçının rəhbərlik etdiyi təsərrüfatın mahiyyəti, təsərrüfatın böyük əmək və zaman tələb etməsi, regionların inkişafında kənd təsərrüfatının çəkisi nəzərə alınmaqla, məhkəmə iddiaçının icarəsində olan torpaq sahəsində həmin fəaliyyətindən gəlir əldə etməsini əsaslı hesab edir. Təqdim edilmiş icarə müqavilələrinə əsasən iddiaçının kənd təsərrüfatı fəaliyyətini həyata keçirdiyi torpaq sahəsinin ölçülərini (3,01+5,70+2,31=11,02 ha) və qiymətləndirmə hesabatında həmin torpaq sahəsindən iddaçının təsərrüfatla məşğul olmasına mane olan həbsdə və ev dustaqlığında saxlandığı müddətə (2 ay həbs və 6 ay ev dustaqlığı) uyğun olaraq, habelə ev dustaqlığında olduğu müddətdə Şirvan şəhərini tərk edə bilməməsi vəzifəsini, torpaq sahələrinin Sabirabad rayonunda yerləşməsini nəzərə alaraq, qiymətləndirmə hesabatında həmin müddət üçün 1 ha torpaq sahəsindən əldə edilməsi mümkün gəlirin məbləğini əsas götürərək, məhkəmə iddiaçıya dəymiş zərərin məbləğini 40.167,90 manat müəyyən edir. Məhkəmə iddiaçıya dəymiş zərər olaraq tələb etdiyi iri və xırda buynuzlu mal-qaranın baxımsız qalması və zərərçəkmiş şəxsin yas mərasimi ilə bağlı xərclərin tutulmasını əsassız hesab edir. Belə ki, qeyd edilən tələblərlə bağlı sübutlar təqdim edilməmişdir.İddiaçının zərərçəkmiş şəxsin hüquqi varisinə maddi yardım etməsinə dair təqdim edilmiş sənəd iddia tələbinin əsaslı hesab edilməsinə dəlalət etmir. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı vurulmuş mənəvi zərərə görə 5.500 manat və maddi ziyana görə 40.167,90 manat pul vəsaiti cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İddia tələbi qismən təmin olunduğundan çəkilmiş məhkəmə xərcləri tərəflərə aid edilməli və aparılmış tədqiqatların dəyərini təşkil edən 500 manat qiymətləndirmə xərci tərəflərdən bərabər qaydada tutularaq "xxxx" MMC-nin təqdim etdiyi hesaba ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. İddiaçı vurulmuş mənəvi zərərə görə 5.500 (beş min beş yüz) manat və maddi ziyana görə 40.167,90 (qırx min bir yüz altmış yeddi manat, doxsan qəpik) manat pul vəsaiti cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Aparılmış tədqiqatların dəyərini təşkil edən 500 (beş yüz) manat qiymətləndirmə xərcinin 250 (iki yüz əlli) manat hissəsi İddiaçı tutularaq və 250 (iki yüz əlli) manat hissəsi dövlət büdcəsi vəsaiti hesabına "xxxx" MMC-nin təqdim etdiyi hesaba ("xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, VÖEN: ********** H/h: № AZ33İBAZ******************** "xxxx" ASC Yasamal filialı Kodu: 805562 VÖEN: ********** Müxbir hesab: AZ03NABZ******************** S.W.İ.F.T BİK: İBAZAZ2X) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüsalə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar