Məhkəmə qərarları › İş №e-2(006)-2092/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-2092/2023

26.10.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2092/2023 26.10.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X14 oğlunun katibliyi, İddiaçı vəkili-nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh qarşı “zərərin ödənilməsi və s.” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “zərərin ödənilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mənzilinə vurulmuş maddi zərərin əvəzi kimi 7510 (yeddi min beş yüz on) manat, mənəvi zərərə görə 2500 (iki min beş yüz) manat, hüquqi xidmətə görə ödənilmiş 250 (iki yüz əlli) manatın və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 152 (bir yüz əlli iki) manat məbləğində dövlət rüsumunun, cəmi 10412 (on min dörd yüz on iki) manat pul vəsaitinin Cavabdeh tutulub iddiaçıya ödənilməsinə, ünvan 4-da yerləşən "xxxx" MTK yaşayış binasının 1-ci blok, 8-ci mərtəbəsindəki 28 saylı mənzildə mövcud olan, iddiaçıya maddi və mənəvi ziyanın vurulması ilə nəticələnmiş hadisənin baş verməsinə səbəb olan texniki nasazlıqların (mənzildə quraşdırılmış avadanlıqların su borularında olan nasazlıqlar, onların quraşdırıldığı yerdə döşəmə səthi boyunca suyun birbaşa, maneəsiz şəkildə aşağı mənzillərə axmaması üçün izolyasiya (kafel və s.) tədbirlərinin həyata keçirilməməsi) qətnamə icraya yönəldiyi gündən 1 ay müddətində aradan qaldırılması öhdəliyinin Cavabdeh üzərinə qoyulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, yeni qaydalarla AZ 1111, Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Səlimov küçəsi, 16, M7, m4 (köhnə qayda: ünvan 1 ünvanında yerləşən mənzil Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli çıxarışa əsasən İddiaçı xüsusi mülkiyyətindədir. "xxxx" MTK tərəfindən verilmiş 26 nömrəli, 28 mart 2023-cü il tarixli cavab məktubunda qeyd isə edilmişdir ki, ünvan 4-da yerləşən "xxxx" MTK yaşayış binasının 1-ci blok, 8-ci mərtəbəsində yerləşən 28 saylı mənzil Cavabdeh məxsusdur. İddiaçının mənzili 7-ci, cavabdehin mənzili isə 8-ci mərtəbədə yerləşir. Cavabdehə məxsus mənzildən iddiaçının mülkiyyətində olan mənzilə suyun axıdılması uzun müddətdir ki, davam edir. Hətta bununla bağlı onlar arasında dəfələrlə söhbətlər olmuşdur. İddiaçı ağır xəstə olduğuna görə də hal-hazırda rayonda qohumlarının himayəsində yaşayır. Bir müddət əvvəl iddiaçı cavabdehə məxsus mənzildən onun mənzilinə suyun axıdılması nəticəsində mənzilin yararsız hala düşdüyünü müəyyən etmişdir. Bununla bağlı "xxxx" MMC-nin nümayəndəsi - direktor X2, komendant X7; iddiaçının oğlu X5, qonşular – cavabdehə məxsus 28 saylı mənzildə kirayənişin qismində yaşayan X3 və 23 nömrəli mənzildə yaşayan X6 iştirakları ilə 17 mart 2023-cü il tarixli protokol tərtib edilmişdir. Həmin protokolda da göstərilmişdir ki, 28 saylı mənzildə paltaryuyan maşının su borusunda yaranmış nasazlıq səbəbindən aşağı mərtəbədə yaşayan qonuşunun mənzilinə su sızması və mənzilə maddi ziyan vurulması ilə nəticələnən, aşkar şəkildə nəzərə çarpan, yaşayışı çətinləşdirən dəyişikliklərin baş verməsi ilə əlaqədar Ceyhun Səlimov 16, 24 nömrəli mənzil baxış keçirilmişdir. Mənzilin giriş zalına (dəhliz) baxış zamanı mətbəxlə olan arakəsmənin qapısının şişib yararsız vəziyyətə düşməsi, dəhliz tərəfdə qapının üstündəki tavanın bir hissəsinin nəmləndiyi, qapıətrafı parketin yararsız hala düşməsi aşkar olunmuşdur. Mənzilin mətbəx otağına baxış zamanı divarların və tavanın tam yararsız hala düşməsi, divar kağızlarının çox yerdə divardan qopması, tavanın üzlüyünün qabıqlayıb tökülməsi və nəmlənməsi, parketin qapı ətrafı zonada tam yararsız hala düşməsi aşkar olunur. Mənzilin qonaq otağına baxış zamanı tavanda üzlüyün çox yerdə sökülməsi, hal-hazırda su axması (damması), su daman yerdə parketin islanıb yararsız hala düşməsi aşkar olunmuşdur. Əlavə olaraq, qonaq otağında stolun nəmlənməsi və şişməsi, mətbəxdə mətbəx mebelinin nəmlənməsi aşkar olunmuşdur. Həmçinin, 18 mart 2023-cü il tarixdə "xxxx" MMC-nin nümayəndəsi - direktor X2, təsisçisi - X1, Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Səlimov 16, mənzil 24-də yaşayan iddiaçının oğlu X5, mənzil 23-də yaşayan X6 və cavabdehə məxsus 28 saylı mənzildə kirayənişin yaşayan X4 iştirakları ilə, kirayədə yaşayan X4 razılığı, eləcə də, həmin mənzilin mülkiyyətçisi Cavabdeh telefon vasitəsilə razılığı ilə mənzil 28-də paltaryuyan maşının su borusunda yaranmış nasazlıq səbəbindən 24 saylı mənzilə, oradan isə qismən 20 saylı mənzilə suyun sızması və 24 saylı mənzilə aşkar surətdə nəzərə çarpan, yaşayışı çətinləşdirən, maddi ziyanın vurulması ilə əlaqədar nasazlığın baş verdiyi müəyyən edilmiş və Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Səlimov 16, 28 saylı mənzilin mətbəx otağına baxış keçirilmiş və bu barədə protokol tərtib olunmuşdur. Həmin protokoldan görünür ki, paltaryuyan maşının quraşdırıldığı otağa baxış zamanı paltaryuyan maşının su borusunun kranında yaranmış nasazlıq digər mənzillərə suyun sızması müəyyən olunduqdan və qonşu mənzillərdə yaşayan şəxslərin suyun sızması barədə şikayətindən sonra aradan qaldırılmışdır. "xxxx" MMC-nin nümayəndəsi - direktor X8 da bu halı təsdiq edib su kranını su sızması müəyyən olunduqdan sonra onun özü tərəfindən 16 mart 2023-cü ildə dəyişdirildiyini bildirmişdir. Baxış zamanı həmçinin paltaryuyan maşının quraşdırıldığı hissədə suyun qonşu mənzilə sızmasının qarşısının alınması üçün heç bir izolyasiya tədbirlərinin görülməməsi, divarla döşəmə arası defektlərin olması, suyun bu vasitə ilə birbaşa, maneəsiz alt mənzilə sızması aşkar olunmuşdur. Daha sonra iddiaçının mülkiyyətində olan mənzilə və həmin mənzildəki ev əşyalarına dəymiş ziyanın müəyyən edilməsi məqsədi ilə Azərbaycan Respublikası "xxxx" MMC tərəfindən yerində baxış keçirilməklə tərtib olunmuş 23/03 nömrəli, 29 mart 2023-cü il tarixli hesabata əsasən, qiymətləndirici ekspertlər tərəfindən mənzilə keçirilmiş baxış nəticəsində qeyd olunan binanın 8-ci mərtəbəsində yerləşən mənzildən su axıdıldığına görə baxışın keçirildiyi 7-ci mərtəbədə yerləşən mənzilə və ev əşyalarına dəymiş ziyan aşağıdakı kimi xarakterizə olunur: 1) Divarlardan divar kağızı təmizlənərək yenisi ilə əvəz olunmasına tələb olunan xərc - 1470 (bir min dörd yüz yetmiş) manat; 2) Otaqlardan birinin tavanının yenidən təmir olunmasına tələb olunan xərc - 300 (üç yüz) manat; 3) Digər otağın tavan hissəsində asma tavanın yenidən bərpa olunmasına tələb olunan xərc - 650 (altı yüz əlli) manat; 4) Daxili qapılardan bir 1 (bir) ədədinin yenisinin alınması və quraşdırılmasına tələb olunan xərc - 460 (dörd yüz altmış) manat; 5) Mənzilin parketinin sökülərək yeni parketlə əvəz olunmasına tələb olunan xərc - 1600 (bir min altı yüz) manat; 6) Paduqaların yenisi ilə əvəz olunmasına tələb olunan xərc - 120 (bir yüz iyirmi) manat; 7) 1 (bir) ədəd stolun təmiri və 6 (altı) ədəd stulun kimyəvi təmizlənməsinə tələb olunan xərc - 430 (dörd yüz otuz) manat; 8) Mebellərə dəymiş ziyan nəticəsində mebellərin təmir olunmasına tələb olunan xərc - 120 (bir yüz iyirmi) manat; 9) 3 (üç) ədəd xalçanın yuyulması və kimyəvi təmizlənməsinə tələb olunan xərc - 120 (bir yüz iyirmi) manat; 10) 1 (bir) oatağın pərdəsinin yenisi ilə əvəz olunmasına tələb olunan xərc - 280 (iki yüz səksən) manat; 11) “Shivaki” markalı televizorun alınmasına tələb olunan xərc - 500 (beş yüz) manat; 12) Sair xərclər - 380 (üç yüz səksən) manat. Beləliklə, iddiaçıya məxsus mənzilə və mənzildəki ev əşyalarına dəymiş ziyanın aradan qaldırılmasına tələb olunan xərc, ümumilikdə 7.510 (yeddi min beş yüz on) manat təşkil edir. İddiaçıya məxsus mənzilə dəymiş ziyanın və cavabdehə məxsus mənzildə hazırki maddi ziyanın vurulmasına səbəb olan texniki nasazlıqların (həmin mənzildən mənə məxsus mənzilə suyun axıdılmasının qarşısının alınması, paltaryuyan maşının quraşdırıldığı yerdə döşəmə səthi boyunca suyun birbaşa, maneəsiz şəkildə aşağı mənzillərə axmaması üçün izolyasiya (kafel) tədbirlərinin görülməsi) aradan qaldırılması ilə bağlı cavabdehlə danışıqlar aparılmış, lakin o, nə mənzilində olan texniki nasazlıqları aradan qaldırmamış, nə də ki təqsiri üzündən iddiaçıya vurulmuş zərərin ödənilməsi ilə bağlı heç bir hərəkət etməmişdir. Cavabdehə məxsus mənzildə hazırki hadisənin baş verməsinə səbəb olmuş texniki nasazlıqlar bir neçə ildir ki, davam edir. Dəfələrlə cavabdehə həmin texniki nasazlıqların aradan qaldırılması ilə bağlı xəbərdarlıq edilsə də, o, iddiaçının xəbərdarlığına heç bir məhəl qoymamışdır. Əgər cavabdehə məxsus mənzildə hazırki hadisənin baş verməsinə səbəb olmuş texniki nasazlıqlar (mənzildə quraşdırılmış avadanlıqların su borularında olan nasazlıqlar, onların quraşdırıldığı yerdə döşəmə səthi boyunca suyun birbaşa, maneəsiz şəkildə aşağı mənzillərə axmaması üçün izolyasiya (kafel) tədbirlərinin həyata keçirilməməsi) aradan qaldırılmasa, belə hadisənin təkrarlanacağı vəziyyətdə bu, iddiaçıya vurulmuş zərərin həcminin davamlı artması ilə yanaşı, minlərlə insanın yaşadığı 17 mərtəbəli binanı uçmaq təhlükəsi ilə üz-üzə qoya bilər. Çünki ünvan 4-da yerləşən "xxxx" MTK yaşayış binasının 1-ci blok, 8-ci mərtəbəsində yerləşən 28 saylı mənzildən vaxtaşırı olaraq, aşağı mərtəbədə yerləşən mənzillərə su axır. Cavabdehin iddiaçıya qarşı olan qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində maddi zərər görməklə yanaşı iddiaçı fiziki əzab və mənəvi sarsıntı keçirmişdir. Cavabdeh vurulmuş zərəri ödəmədiyinə görə iddiaçı vəkil xidmətindən istifadə etmək məcburiyyətində qalmış, Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Nümayəndə ilə müqavilə bağlamaqla 250 (iki yüz əlli) manat pul ödəmişdir. Göstərilənlərə əsasən, iddia təmin edilməli, İddiaçı mənzilinə vurulmuş maddi zərərin əvəzi kimi 7.510 (yeddi min beş yüz on) manat, mənəvi zərərə görə 2.500 (iki min beş yüz) manat, hüquqi xidmətə görə ödənilmiş 250 (iki yüz əlli) manat və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 152 (yüz əlli iki) manat məbləğində dövlət rüsumunun Cavabdeh tutulub İddiaçı ödənilməsinə, həmçinin ünvan 4-da yerləşən "xxxx" MTK yaşayış binasının 1-ci blok, 8-ci mərtəbəsində yerləşən 28 saylı mənzildə mövcud olan, mənə maddi və mənəvi ziyanın vurulması ilə nəticələnmiş hadisənin baş verməsinə səbəb olan texniki nasazlıqların (mənzildə quraşdırılmış avadanlıqların su borularında olan nasazlıqlar, onların quraşdırıldığı yerdə döşəmə səthi boyunca suyun birbaşa, maneəsiz şəkildə aşağı mənzillərə axmaması üçün izolyasiya (kafel və s.) tədbirlərinin həyata keçirilməməsi) qətnamə icraya yönəldildiyi gündən 1 ay müddətində aradan qaldırılması öhdəliyinin Cavabdeh üzərinə qoyulmasına dair qətnamə çıxarılmalıdır. Məhkəmə iclasında İddiaçı vəkili-nümayəndəsi Nümayəndə iddianı müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəməyə gəlməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını, vəkilin çıxışını dinləyib, iş materiallarını araşdırıb, ekspert rəyini nəzərdən keçirib, toplanmış və araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan: “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Səlimov küçəsi, 3004-cü məhəllə, ev 16, 7-ci mərtəbədə yerləşən 24 saylı mənzilin (reyestr nömrəsi: **********88-05301-093073) sahibi İddiaçıdır. "xxxx" MTK-nın xx.xx.2023-cü il tarixli 26 nömrəli arayışından görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Səlimov küçəsi, 3004-cü məhəllə, ev 16-da yerləşən "xxxx" MTK yaşayış binasının 1-ci blok, 8-ci mərtəbəsində yerləşən 28 saylı mənzili Cavabdeh məxsusdur. 17 mart 2023-cü il tarixdə "xxxx" MMC-nin nümayəndəsi - direktor X2, komendant X7, Ceyhun Səlimov 16, mənzil 24 ünvanında yaşayan X5, qonşular – 28 nömrəli mənzildə kirayənişin qismində yaşayan X3 və 23 nömrəli mənzildə yaşayan X6 iştirakları ilə tərtib edilmiş protokoldan görünür ki, 28 saylı mənzildə paltaryuyan maşının su borusunda yaranmış nasazlıq səbəbindən aşağı mərtəbədə yaşayan qonşunun mənzilinə su sızması və mənzilə maddi ziyan vurulması ilə nəticələnən, aşkar şəkildə nəzərə çarpan, yaşayışı çətinləşdirən dəyişikliklərin baş verməsi ilə əlaqədar Ceyhun Səlimov 16, 24 nömrəli mənzilin giriş zalına (dəhliz) keçirilmiş baxış zamanı mətbəxlə olan arakəsmənin qapısının şişib yararsız vəziyyətə düşməsi, dəhliz tərəfdə qapının üstündəki tavanın bir hissəsinin nəmləndiyi, qapı ətrafı parketin yararsız hala düşməsi aşkar olunmuşdur (şəkillər əlavə olunur). Mənzilin mətbəx otağına baxış zamanı divarların və tavanın tam yararsız hala düşməsi, oboyların çox yerdə divardan qopması, tavanın üzlüyünün qabıqlayıb tökülməsi və nəmlənməsi, parketin qapı ətrafı zonada tam yararsız hala düşməsi aşkar olunur (şəkillər əlavə olunur). Mənzilin qonaq otağına baxış zamanı tavanda üzlüyün çox yerdə tökülməsi, hal-hazırda su damlaması, su damlayan yerdə parketin islanıb yararsız hala düşməsi aşkar olunmuşdur. Əlavə olaraq, qonaq otağında stolun nəmlənməsi və şişməsi, mətbəxdə mətbəx mebelinin nəmlənməsi aşkar olunmuşdur. 18 mart 2023-cü il tarixdə "xxxx" MMC-nin nümayəndəsi - direktor X2, təsisçisi - X1, Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Səlimov 16, 24 nömrəli mənzildə yaşayan X5, "xxxx" MMC-nin təsisçisi X1, Bakı şəhəri, Nəsimi rayonu, C.Səlimov 16, 23 nömrəli mənzildə yaşayan X6 və mənzildə kirayədə yaşayan X4 iştirakları ilə tərtib edilmiş protokoldan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Səlimov 16, 28 nömrəli mənzildə paltaryuyan maşının su borusunda yaranmış nasazlıq səbəbindən 24 nömrəli mənzilə, oradan isə qismən 20 nömrəli mənzilə suyun sızması və 24 nömrəli mənzilə aşkar surətdə nəzərə çarpan, yaşayışı çətinləşdirən, maddi ziyanın vurulması ilə əlaqədar nasazlığın baş verdiyi müəyyən edilmişdir. Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Səlimov 16, 28 nömrəli mənzilin mətbəx otağına orada kirayədə yaşayan X4 razılığı, eləcə də, həmin mənzilin mülkiyyətçisi Cavabdeh telefon vasitəsilə razılığı ilə daxil olmuşlar. Paltaryuyan maşının quraşdırıldığı otağa baxış zamanı paltaryuyan maşının su borusunun kranında yaranmış nasazlıq digər mənzillərə suyun sızması müəyyən olunduqdan və qonuşu mənzillərdə yaşayan şəxslərin suyun sızması barədə şikayətindən sonra aradan qaldırılmışdır. "xxxx" MMC-nin nümayəndəsi - direktor X8 da bu halı təsdiq edib su kranını su sızması müəyyən olunduqdan sonra onun özü tərəfindən 16 mart 2023-cü ildə dəyişdirildiyini bildirmişdir. Baxış zamanı həmçinin paltaryuyan maşının quraşdırıldığı hissədə suyun qonşu mənzilə sızmasının qarşısının alınması üçün heç bir izolyasiya tədbirlərinin görülməməsi, divarla tavan arası defektlərin olması, suyun bu vasitə ilə birbaşa, maneəsiz alt mənzilə sızması aşkar olunmuşdur (şəkillər əlavə olundu). Mənzildə kirayədə yaşayan X9 bildirmişdir ki, su sızıntısı gizli olaraq baş verib və evdə buna dair heç bir əlamat olmamışdır. Çünki nasazlıq mətbəx mebelinin arxasında olub və orada daha öncədən inşaat defekti olduğu üçün su birbaşa aşağıya sızıb və hər gün evdə olmalarına baxmayaraq su sızıntısına dair mətbəxdə onların görəcəkləri heç bir əlamət olmayıb. 15 mart tarixində komendant tərəfindən su sızıntısına dair məlumat verilmiş, məsələdən bundan sonra xəbərdar olmuşlar. Dərhal ana xəttin krantı bağlanılmış və müvafiq tədbir görülmüşdür (Elməddin bəy 16 mart tarixində Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Səlimov 16, 28 nömrəli mənzildə paltaryuyan maşının daxilində xarab olmuş bu hissəni bərpa etmişdir). Paltaryuyan maşındakı bu problem tamamilə gizli getmiş və həmin tarixədək paltaryuyan maşın işləmiş, bu səbəbdən də onlar tərəfindən bu vəziyyətə dair hansı bir addım atılmamışdır. Proses tamamilə gizli getmişdir. xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, Bakı şəhəri 18 saylı Vəkil Bürosunun (VÖEN: **********) hesabına 250 manat məbləğində pul köçürülmüşdür. "xxxx" MMC tərəfindən tərtib olunmuş 23/03 nömrəli, 29 mart 2023-cü il tarixli hesabatdan görünür ki, qiymətləndirici ekspertlər tərəfindən ünvan 2 ünvanında yerləşən 24 saylı mənzilə (yeni qaydada ünvan 3 mənzil 4) və ev əşyalarına keçirilmiş baxış nəticəsində həmin binanın 8-ci mərtəbəsində yerləşən mənzildən su axıdıldığına görə mənzilə və ev əşyalarına dəymiş ziyan aşağıdakı kimi xarakterizə olunur:

1. Divarlardan divar kağızı təmizlənərək yenisi ilə əvəz olunmasına tələb olunan xərc - 1470 (bir min dörd yüz yetmiş) manat;

2. Otaqlardan birinin tavanının yenidən təmir olunmasına tələb olunan xərc - 300 (üç yüz) manat;

3. Digər otağın tavan hissəsində asma tavanın yenidən bərpa olunmasına tələb olunan xərc - 650 (altı yüz əlli) manat;

4. Daxili qapılardan bir 1 (bir) ədədinin yenisinin alınması və quraşdırılmasına tələb olunan xərc - 460 (dörd yüz altmış) manat;

5. Mənzilin parketinin sökülərək yeni parketlə əvəz olunmasına tələb olunan xərc - 1600 (bir min altı yüz) manat;

6. Paduqaların yenisi ilə əvəz olunmasına tələb olunan xərc - 120 (bir yüz iyirmi) manat;

7. 1 (bir) ədəd stolun təmiri və 6 (altı) ədəd stulun kimyəvi təmizlənməsinə tələb olunan xərc - 430 (dörd yüz otuz) manat;

8. Mebellərə dəymiş ziyan nəticəsində mebellərin təmir olunmasına tələb olunan xərc - 1200 (bir min iki yüz) manat;

9. 3 (üç) ədəd xalçanın yuyulması və kimyəvi təmizlənməsinə tələb olunan xərc - 120 (bir yüz iyirmi) manat;

10. 1 (bir) otağın pərdəsinin yenisi ilə əvəz olunmasına tələb olunan xərc - 280 (iki yüz səksən) manat;

11. “Shivaki” markalı televizorun alınmasına tələb olunan xərc - 500 (beş yüz) manat;

12. Sair xərclər - 380 (üç yüz səksən) manat. Toplanmış məlumatlar nəzərə alınmaqla aparılmış təhlil və hesablaşmalar nəticəsində məlum olmuşdur ki, İddiaçı məxsus ünvan 2 ünvanında yerləşən 24 saylı mənzilə (yeni qaydada ünvan 3 mənzil 4) və ev əşyalarına dəymiş ziyanın tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti 7510 (yeddi min beş yüz on) manat təşkil edir. xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddia ərizəsinin məhkəməyə verilməsinə görə İddiaçı tərəfindən 152 (bir yüz əlli iki) manat məbləğində dövlət rüsumu ödənilmişdir. İş üzrə hərtərəfli, tam və obyektiv tədqiqat aparılması məqsədi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki və məhkəməəmtəəşünaslıq ekspertizaları təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmiş, ekspert rəyi alınanadək iş üzrə icraat dayandırılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 07 sentyabr 2023-cü il tarixli 10/3641-9/3804 saylı ekspert rəyi xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuş, icraatın dayandırılmasına səbəb olan hal aradan qalxdığından xx.xx.2023-cü il tarixdə iş üzrə icraat təzələnmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 07 sentyabr 2023-cü il tarixli 10/3641-9/3804 saylı ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənləri, o cümlədən tədqiq olunan 4 saylı mənzilin mətbəx və dəhliz tikilisinin konstruktiv elementlərində (döşəmə, tavan, divar və s.) qüsurlar əmələ gəldiyini, həmin qüsurların su sızmaya xarakterik olduğunu, həmçinin mülki iş materiallarına əlavə edilmiş məlumatlarını nəzərə alaraq, ünvan 2, M7, 4 (köhnə qaydada: ünvan 1 saylı mənzilinə həmin mənzilin üst mərtəbəsində yerləşən binanın 8-ci mərtəbəsində yerləşən 4 (köhnə qaydalarla: 28 saylı mənzil) saylı mənzildən su axıdıldığı və nəticədə 4 saylı mənzilin mətbəx və dəhliz tikililərinə ziyan vurulduğu müəyyən olunmuşdur. Qeyd olunur ki, binanın 8-ci mərtəbəsində yerləşən 4 (köhnə qaydalarla: 28 saylı mənzil) saylı mənzilin mətbəx tikilisində yerləşən su-kanalizasiya xətlərinin üzərinin açıq olduğunu, həmin hissədə təmir işlərinin aparıldığını, həmçinin mülki iş materiallarına əlavə edilmiş məlumatlarını nəzərə alaraq, iddiaçıya məxsus mənzilin tikililərinə, su sızması cavabdehə məxsus mənzilin mətbəx hissəsində yerləşən su-kanalizasiya xətlərində yaranmış nasazlıq səbəbindən olmuşdur. ünvan 2, M7, 4 (köhnə qaydada: ünvan 1 saylı mənzildə su sızma nəticəsində yaranan qüsurların aradan qaldırılması üçün yerinə yetiriləcək təmir-tikinti işlərinin orta bazar qiymətlərinə uyğun olaraq dəyəri təqribən 5615,0 manat məbləğində olduğu müəyyən olunmuşdur. Ekspert baxışına təqdim olunmuş malların istifadədə olması nəzərə alınmaqla dəymiş ziyanın orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 1400,0 manat müəyyən olunur. Həmin malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqat hissəsində göstərilmişdir. Rəyə smeta da əlavə olunmuşdur. Ekspertiza xərclərinə dair bildirişdən görünür ki, ekpsertiza təqdiqatının dəyəri 100 manat təşkil edir. Beləliklə, məhkəmə müəyyən etdi ki, İddiaçı Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Səlimov küçəsi, 3004-cü məhəllə, ev 16 ünvanında yerləşən 24 saylı, Cavabdeh isə həmin ünvanda yerləşən 28 saylı mənzillərin mülkiyyətçiləridirlər. İddiaçıya məxsus mənzil 7-ci mərtəbədə, cavabdehə məxsus mənzil isə 8-ci mərtəbədə yerləşir. İddiaçı tərəfindən təqdim edilmiş materiallar və məhkəmə tərəfindən təyin edilmiş ekspertiza nəticəsində verilmiş ekspert rəyi əsasında cavabdehin mənzilindən iddiaçının mənzilinə suyun axması və nəticədə iddiaçıya maddi ziyan dəyməsi müəyyən edilmişdir. Hazırda iddiaçı iddia ərizəsi ilə müraciət edərək, cavabdehin mənzilindən onun mənzilinə su axıdılması nəticəsində maddi və mənəvi zərərə məruz qaldığını bildirərək, mənzilinə vurulmuş maddi zərərin əvəzi kimi 7510 manat, mənəvi zərərə görə 2500 manat, məhkəmə xərclərinə görə 250 manat və 152 manat olmaqla, cəmi 10412 manat pulun cavabdehdən tutularaq ona ödənilməsini, həmçinin, ünvan 4-da yerləşən "xxxx" MTK yaşayış binasının 1-ci blok, 8-ci mərtəbəsindəki 28 saylı mənzildə mövcud olan, iddiaçıya maddi və mənəvi ziyanın vurulması ilə nəticələnmiş hadisənin baş verməsinə səbəb olan texniki nasazlıqların (mənzildə quraşdırılmış avadanlıqların su borularında olan nasazlıqlar, onların quraşdırıldığı yerdə döşəmə səthi boyunca suyun birbaşa, maneəsiz şəkildə aşağı mənzillərə axmaması üçün izolyasiya (kafel və s.) tədbirlərinin həyata keçirilməməsi) qətnamə icraya yönəldiyi gündən 1 ay müddətində aradan qaldırılması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş edir. Məhkəmə qeyd edir ki, cavabdehin mənzilindən iddiaçının mənzilinə suyun axması ilə iddiaçıya qarşı mülki hüquq pozuntusunun törədilməsi və bunun nəticəsində ona maddi və mənəvi zərər dəyməsi hazırki işin mübahisəsiz halıdır. İddia tələbinin “maddi ziyanın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı "xxxx" MMC tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli hesabata istinad edərək mənzilinə və mənzildə olan əşyalara 7510 manat məbləğində maddi ziyan dəydiyini iddia etsə də, məhkəmə araşdırması zamanı təyin edilmiş ekspertiza tədqiqatının nəticəsi olaraq verilmiş ekspert rəyi ilə iddiaçının mənzilinə və mənzildə olan əşyalara 7015 manat məbləğində maddi ziyan dəyməsi müəyyən edilmişdir. İddiaçı tərəfindən təqdim edilmiş "xxxx" MMC-nin hesabatı məhkəmə tərəfindən təyin edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyi ilə birgə yoxlanılaraq, həmin hesabat məhkəmə tərəfindən mötəbər sübut qismində qəbul edilmir. Belə ki, "xxxx" MMC-yə özəl məhkəmə ekspertizası fəaliyyəti ilə məşğul olmaq üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən şəhadətnamə verilməsi, həmin qurumun Məhkəmə Ekspertləri Reyestrinə daxil edilməsi işdən müəyyən edilmir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, tələb bu hissədə qismən təmin edilməli, maddi zərərə görə 7015 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iddia tələbinin “mənəvi ziyanın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” hissəsinə münasibətdə qeyd edir ki, işin faktiki hallarından göründüyü kimi, cavabdehin mənzilindən su sızması nəticəsində iddiaçının mənzilinə zərər vurulmuşdur və bu, istənilən şəxsin psixikasına mənfi təsir edən, həyatının gündəlik ahəngini və rahatlığını pozan, insanı hiss, həyəcan, stress keçirməyə vadar edən haldır. Buna görə də iddiaçıya mənəvi ziyanın vurulması mübahisəsizdir. Lakin mənəvi ziyanın iddia edilən 2500 manat məbləğində təmin edilməsi ağlabatan olmadığından, məhkəmə 200 manat məbləğində mənəvi ziyanın əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulmasını ədalətli hesab edir və belə qənaətə gəlir ki, iddia tələbi mənəvi ziyan hissəsində qismən təmin edilməli, cavabdehdən 200 manat məbləğində mənəvi zərərin əvəzi tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iddia tələbinin “ünvan 4-da yerləşən "xxxx" MTK yaşayış binasının 1-ci blok, 8-ci mərtəbəsindəki 28 saylı mənzildə mövcud olan, iddiaçıya maddi və mənəvi ziyanın vurulması ilə nəticələnmiş hadisənin baş verməsinə səbəb olan texniki nasazlıqların (mənzildə quraşdırılmış avadanlıqların su borularında olan nasazlıqlar, onların quraşdırıldığı yerdə döşəmə səthi boyunca suyun birbaşa, maneəsiz şəkildə aşağı mənzillərə axmaması üçün izolyasiya (kafel və s.) tədbirlərinin həyata keçirilməməsi) qətnamə icraya yönəldiyi gündən 1 ay müddətində aradan qaldırılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” hissəsinə münasibətdə qeyd edir ki, cavabdehin mənzilində davam edən texniki nasazlıq olması və nəticədə iddiaçıya məxsus mənzilə zərər vurulması müəyyən edildiyindən, tələb bu hissədə iddiaçıya məxsus mənzilə zərər vurulması ilə nəticələnən hadisənin baş verməsinə səbəb olan ünvan 4 ünvanında yerləşən "xxxx" MTK yaşayış binasının 1-ci blok, 8-ci mərtəbəsindəki 28 saylı mənzildəki texniki nasazlıqların qətnamə icraya yönəldildiyi gündən 1 ay müddətində aradan qaldırılması öhdəliyinin cavabdehin üzərinə qoyulması formasında təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-21.2-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 152.1-ci maddəsinə görə, mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 560.1-ci maddəsinə müvafiq olaraq, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir; 1096, 1097.1-ci maddələrinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir; Qanunun bu normasının tətbiqi üçün mülki hüquq məsuliyyətinin 4 zəruri şərti mövcud olmalıdır. Birincisi, törədilmiş əməl hüquqazidd olmalıdır; ikincisi, törədilmiş əməl nəticəsində başqa şəxsə birbaşa zərər yetirilməlidir; üçüncüsü, mülki hüquq pozuntusu ilə zərər arasında səbəbli əlaqə mövcud olmalıdır; dördüncüsü isə hüquqpozan şəxsin təqsiri olmalıdır. 1111.2-ci maddəsinə görə, əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir; Məhkəmə qeyd edir ki, "xxxx" MTK-nın xx.xx.2023-cü il tarixli 26 nömrəli arayışı ilə təsdiq olunur ki, Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Səlimov küçəsi, 3004-cü məhəllə, ev 16-da yerləşən "xxxx" MTK yaşayış binasının 1-ci blok, 8-ci mərtəbəsində yerləşən 28 saylı mənzil Cavabdeh məxsusdur. 1115-ci maddəsinə müvafiq olaraq, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 76.1-76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə görə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.7-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir; 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 223.1-ci maddəsinə əsasən məhkəmə əmlakın və ya pul məbləğlərinin verilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətləri etməyə cavabdehi məcbur edən qətnamə çıxardıqda, qətnamənin nəticə hissəsində kimin, harada, nə vaxt və ya hansı müddətdə həmin hərəkəti etməyə borclu olmasını göstərir. “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun: 1-ci maddəsinə görə, məhkəmə eksperti (ekspert) - məhkəmə ekspertizasının aparılması həvalə olunmuş, məhkəmə ekspertizasının predmetinə aid olan xüsusi məsələlərə dair zəruri biliyə malik olan və işin nəticəsində marağı olmayan, məhkəmə eksperti şəhadətnaməsi almış şəxsdir. 11-ci maddəsinə görə, bu maddənin birinci və ikinci hissələrində göstərilən tələblərə cavab verən şəxs məhkəmə eksperti qismində fəaliyyət göstərmək üçün məhkəmə eksperti şəhadətnaməsini almalıdır. Özəl məhkəmə ekspertlərinə şəhadətnamələr müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir. Şəhadətnamənin verilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Şəhadətnamə almış şəxs barədə ətraflı məlumat müvafiq icra hakimiyyəti orqanı tərəfindən dərhal Məhkəmə Ekspertləri Reyestrinə daxil edilir. Şəxs yalnız şəhadətnamə aldıqdan və barəsində məlumat Reyestrə daxil edildikdən sonra məhkəmə eksperti qismində fəaliyyət göstərə bilər. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki Prosessual Məcəllə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz mülahizəsinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Məcəllə, həmçinin, məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Bu baxımdan iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarında göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunan sübutlara məcmu halda hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh maddi zərərə görə 7015 (yeddi min on beş) manat, mənəvi zərərə görə 200 (iki yüz) manat, cəmi 7215 (yeddi min iki yüz on beş) manat məbləğində pul alınaraq İddiaçı ödənilməli, iddiaçıya məxsus mənzilə zərər vurulması ilə nəticələnən hadisənin baş verməsinə səbəb olan ünvan 4 ünvanında yerləşən "xxxx" MTK yaşayış binasının 1-ci blok, 8-ci mərtəbəsindəki 28 saylı mənzildəki texniki nasazlıqların qətnamə icraya yönəldildiyi gündən 1 ay müddətində aradan qaldırılması öhdəliyi Cavabdeh üzərinə qoyulmalı, iddia qalan hissədə təmin edilməməlidir. İddia tələbinin “hüquqi yardım xərcinin və dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” hissəsi ilə əlaqədar məhkəmə belə qənaətə gəlir ki, iddia qismən təmin edildiyindən, hüquqi xidmət xərcinin 180 (bir yüz səksən) manat hissəsi və dövlət rüsumunun 110 (bir yüz on) manat hissəsi Cavabdeh tutularaq İddiaçı ödənilməli, məhkəmə xərclərinin qalan hissəsi iddiaçıya aid edilməli, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 100 (bir yüz) manat pulun 72 (yetmiş iki) manat hissəsi Cavabdeh, qalan 28 (iyirmi səkkiz) manat hissəsi isə İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 115.0 və 115.0.1-ci maddəsinə əsasən ekspertlərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir; 115.0, 115.0.6-cı maddəsinə görə, vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir; 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 121.1-ci maddəsinə görə, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia qismən təmin edilsin. Cavabdeh maddi zərərə görə 7015 (yeddi min on beş) manat, mənəvi zərərə görə 200 (iki yüz) manat, cəmi 7215 (yeddi min iki yüz on beş) manat məbləğində pul alınaraq İddiaçı ödənilsin. Hüquqi xidmət xərcinin 180 (bir yüz səksən) manat hissəsi və dövlət rüsumunun 110 (bir yüz on) manat hissəsi Cavabdeh tutularaq İddiaçı ödənilsin, məhkəmə xərclərinin qalan hissəsi iddiaçıya aid edilsin. İddiaçıya məxsus mənzilə zərər vurulması ilə nəticələnən hadisənin baş verməsinə səbəb olan ünvan 4 ünvanında yerləşən "xxxx" MTK yaşayış binasının 1-ci blok, 8-ci mərtəbəsindəki 28 saylı mənzildəki texniki nasazlıqların qətnamə icraya yönəldildiyi gündən 1 ay müddətində aradan qaldırılması öhdəliyi Cavabdeh üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 100 (bir yüz) manat pulun 72 (yetmiş iki) manat hissəsi Cavabdeh, qalan 28 (iyirmi səkkiz) manat hissəsi isə İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN: **********, Hesab: AZ34CTRE********************, Büdcə təsnifatının kodu: 142595, Büdcə səviyyəsinin kodu: 3, Dövlət xəzinədarlığı Agentliyi, Kod: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ013601**********3944, SWİFT BİK: CTREAZ22) köçürülsün. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar