Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2107/2024 13.06.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi, İddiaçı, vəkili-nümayəndəsi Vəkil Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin nümayəndəsi X5 iştirakları ilə İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikası Baş Prokurorluğu mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikası Baş Prokurorluğu mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əsassız yerə cinayət məsuliyyətinə cəlb olunmasına, 24 (iyirmi dörd) ay 4 (dörd) gün müddətində həbsdə saxlanılmasına görə ona dəymiş maddi və mənəvi ziyanın müqabilində maddi ziyana görə 48.000 (qırx səkkiz min) manat və mənəvi ziyana görə 60.000 (altmış min) manat məbləğində kompensasiya ödənilməsinin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 10 sentyabr 2021-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə şübhəli şəxs qismində tutulmuş, barəsində 12 sentyabr 2021-ci il tarixdə həmin maddə ilə cinayət işi başlanmışdır. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 12 sentyabr 2021-ci il tarixli qərarı ilə barəsində həbsetmənin əvvəli 10 sentyabr 2021-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. İstintaq orqanı tərəfindən İddiaçı ittiham verilmişdir ondan ötrü ki, o, 2021-ci il sentyabrın 06-da istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq satış məqsədi ilə 3,867 qram çəkidə, yəni külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış, 2021-ci il sentyabrın 10-da saat 18 radələrində Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin əməkdaşları tərəfindən Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən «Sədərək» ticarət mərkəzinin 4-cü sıra, 5-ci korpusundakı 44 saylı dərzi dükanında saxlanaraq Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin inzibati binasına gətirilib orada inzibati otaqların birində saat 18:55 radələrində İddiaçı üzərində videoçəkilişlə şəxsi axtarış zamanı sonuncunun əynində olan qara rəngli şalvarın sağ yan cibindən beş ədəd şəffaf sellofana bükülməklə ayrıayrılıqda 0,810 qram, 0,741 qram, 0,719 qram, 0,865 qram və 0,732 qram, ümumilikdə 3,867 qram təmiz çəkidə qəhvəyi rəngli tozşəkilli, tərkibindəki komponentlərə və xarici əlamətlərinə görə eynilik təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. İddiaçı qarşı irəli sürülmüş ittiham tam əsassız olmuş və iş materialları, o cümlədən məhkəmə baxışı zamanı araşdırılan sübutlarla öz təsdiqini tapmamışdır. Buna baxmayaraq, Bakı Ağır Cinayətlər Məhkəməsinin 03 iyun 2022-ci il tarixli hökmü ilə İddiaçı Azərbaycan Respublikası CM-nin 234.4.3cü maddəsi ilə təqsirli bilinərək 5 il müddətinə azadlıqdan məhrum etmə cəzası verilmişdir. Həmin hökmdən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəmsinin xx.xx.2022-ci il tarixli qərarı ilə hökm dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin hökmündən kassasiya şikayəti verilmiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 18 aprel 2023-cü il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ləğv edilmiş və yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 14 sentyabr 2023-cü il tarixli hökmü ilə İddiaçı təqsirliliyi sübuta yetirilmədiyinə görə ittiham olunduğu Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə bəraət verilmişdir və barəsində seçilmiş «həbs» qismində qətimkan tədbiri ləğv edilərək, o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilmişdir. Məhkəmə istintaqı zamanı müəyyən olmuşdur ki, ibtidai istintaq orqanı İddiaçı qarşı qanunsuz və əsasız ittiham irəli sürmüş, Bakı Ağır Cinayətlər Məhkəməsi isə həmin ittihamı təsdiq etmək üçün qərəzli şəkildə təqsirləndirilən şəxsin, şahidlərin və əlavə şahidlərin ifadələrini redaktə edərək, onların demədiyi halda, adlarından yalan məlumatları məhkəmə iclası protokollarına və məhkəmənin məlum hökmünə otuzdurmaqla qanunsuz və əsasız olaraq ittiham hökmü çıxarmışdır. Birinci instansiya məhkəməsində məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində ifadə verən İddiaçı bildirmişdir ki, “10 sentyabr 2021-ci il tarixdə Bakı şəhəri Qaradağ rayonu, Lökbatan qəsəbəsi, “Sədərək” ticarət mərkəzi, 4-cü sıra, 5-ci korpusda yerləşən 44 saylı dərzi dükanında işləyərkən, 6 nəfərdən ibarət olan Qaradağ rayon polis əməkdaşları onun işlədiyi dərzi dükanına daxil olaraq həm dükanda, həm də dükanda olan şəxslər üzərində axtarış aparmışlar, həmin vaxt dükanda 5-6 nəfər müştəri olmuş, dükanda paltar tikdirən Sahib Fətullayev adlı şəxsə məxsus siqaret qutusundan narkotik vasitə aşkar edilmiş, həmçinin, Sahib Fətullayevin dayandığı yerdə döşəmənin üzərindən kağız parçaya bükülmüş narkotik vasitə aşkar edilərək götürülmüş, polis əməkdaşları Sahib Fətullayevin, həmçinin dükan sahibi olduğuna görə də onun da qollarına əl qandalı vuraraq Qaradağ RPİ-nin inzibati binasına aparılmış, polis idarəsində polis əməkdaşları tərəfindən döyülərək fiziki və psixi təziqlərə məruz qalmış, əvvəlcədən hazırlanmış izahat və ifadələrə imza etməyə məcbur edilmişdir. İddiaçı yuxarıda göstərilən məzmunda ifadəsinə, məhkəmə qərəzli olaraq “yerdə içərisində narkotik vasitə olan kağız büküm tapıldığından onu da polis İdarəsinə aparmışlar, idarədə şəxsi axtarış və götürmə aparılarkən” sözlərini otuzdurmuşdur. Polis əməkdaşları Sahib Fətullayevin üzərindən çıxan narkotik vasitələrdən istifadə edərək İddiaçı da cinayət məsuliyyətinə cəlb etdiklərindən, X2 narkotik vasitə ilə tutmadıqlarını, onun məhkəmə prosesində şahid qismində iştirak etmədiklərini, ümumiyyətlə Sahib Fətullayevi tanımadıqlarını bildirdilər. Lakin, X1 AR CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 5 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi barədə Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 dekabr 2021-ci il tarixli, 1 (101)-1963/2021 saylı hökmü müdafiə tərəfindən məhkəməyə təqdim edildikdən sonra, şahid qismində ifadə vermiş polis əməkdaşlarının məhkəməyə yalan ifadələr verdikləri tam təsdiqini tapdı. Həmçinin, Sahib Fətullayevin tutulmasında iştirak etmiş Elşad Ömərovun və Sübhan Bayramovun 14 dekabr 2021-ci il tarixli məhkəmə iclasında iştirak etmələri və verdikləri ifadələrin məhkəmə iclas protokolunda qeyd edilməsi onları tam şəkildə ifşa etdi. Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 dekabr 2021-ci il tarixli, l(101)- 1963/2021 saylı hökmü məhkəməyə təqdim edildikdən sonra, X6, X3 və X7 əlavə şahid qismində məhkəməyə dəvət edilib dindirilmələri barədə müdafiə tərəfinin verdiyi vəsatət qismən təmin edilərək, Sahib Fətullayevdən başqa digər şəxslərin məhkəməyə əlavə şahid qisrnində dəvət edilmələri təmin edilmişdir. X8 və X13, Sahib Fətullayev və İddiaçı tutularkən, İddiaçı dərzi dükanında paltar düzəltdirən şəxslərdir və onlar da axtarışa məruz qalmışlar, lakin ibtidai istintaq orqanı onları şahid qismində dindirməmişdir. İddiaçı, birinci instansiya məhkəməsində məhkəmə iclasında ifadə verərkən özünü tam təqsirsiz hesab etmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsi məhkəmə iclası protokoluna və məhkəmənin məlum hökmünə qərəzli şəkildə “məhkəmə təqsirləndirilən şəxs İddiaçı törətdiyi cinayətdə özünü qismən təqsirli bilməsinə” ifadəsini otuzdurmuşdur. İddiaçı işlədiyi dərzi dükanında paltar düzəltdirən və üzərindən narkotik vasitə aşkar edilən X6, Bakı Ağır Cinayətlər məhkəməsinin 14 dekabr 2021-ci il tarixli, 1(101)-1963/2021 saylı hökmü ilə 5 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya məhkəməsinin 03 mart 2022-ci il tarixli qərarının surətindən görünür ki, göstərilən hökm dəyişdirilərək X1 əməli AR CM-nin 234.1-ci maddəsinə tövsif edilməklə o, 02 (iki) ilmüddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. Müdafiə tərəfindən birinci instansiya məhkəməsinə Sahib Fətullayev barəsində olan hökmü təqdim etdikdən sonra və polis əməkdaşlarının yalan ifadələr verdiyi ifşa edildikdən sonra, Bakı Ağır Cinayətlər Məhkəməsi Sahib Fətullayev barəsində olan hökmü İddiaçı əleyhinə şərh etməyə çalışmış, həmçinin, İddiaçıla birlikdə axtarışa məruz qalmış əlavə şahidlərin verdiyi ifadələri də şübhə altına almağa çalışmışdır. Yalnız belə qərəzli şərhlərdən sonra İddiaçı AR CM-nin 234.4.3-cü maddəsi ilə cəza təyin etmək mümkün olardı. Əslində, məhkəmə İddiaçı barəsində bəraət hökmü çıxarmalı idi. Qərəzli şəkildə İddiaçı istinad edilən narkotik vasitənin kimyəvi ekspertizası 11 sentyabr 2021-cİ il tarixə, ekspert rəyinin nömrəsi isə 6/3997 göstərilmişdir. 14 dekabr 2021-ci il tarixli, l(101)-1963/2021 saylı məhkəmə hökmündə isə Sahib Fətullayevə istinad edilən narkotik vasitənin kimyəvi ekspertizasının tarixi isə 11 sentyabr 2021-ci il tarixə,ekspert rəyinin nömrəsi isə 6/3998 göstərilmişdir. Bütün bunlar göstərir ki, istintaq orqanı, əməliyyatı keçirtmiş polis əməkdaşları və birinci instansiya məhkəməsi nə qədər gizlətməyə çalışsalar da, həmin narkotik vasitələrin Sahib Fətullayevə məxsus olmasını inkar edə bilməzlər. Hətta, həmin narkotik vasitələr bir dəfəyə təqdim edilsəydi, şübhəsiz ki, eyni tərkibli olmaları barədə obyektiv rəy əldə ediləcəkdi və həmin narkotik vasitələrin mütləq şəkildə Sahib Fətullayevə məxsus olması öz təsdiqini tapacaqdı. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” publik hüquqi şəxsinin ambulator məcburi narkoloji tibbi yoxlamasının İddiaçı münasibətdə tarixi 25 sentyabr 2021-ci il, ekspert rəyinin nömrəsi isə 3621 göstərilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” publik hüquqi şəxsinin ambulator məcburi narkoloji tibbi yoxlamasının Sahib Fətullayevə münasibətdə tarixi 25 sentyabr 2021-ci il, ekspert rəyinin nömrəsi isə 3622 göstərilmişdir. İttiham tərəfinin təqdim etdiyi qeyri-mötəbər “sübutlar” əsasında İddiaçı AR CM-nin 234.4.3- cü maddəsi ilə qərəzli olaraq cəza təyin edilmiş, müdafiə tərəfinin təqdim etdiyi sübutlar isə məhkəmə tərəfindən nəzərə alınmamış və heç bir hüquqi qiymət verilməmişdir. Məhkəmə istintaqında dindirilmiş İddiaçı ona elan olunmuş ittihamda özünü təqsirli bilməmişdir. O, ifadəsində, onun üzərindən heç bir narkotik vasitə olmadığını, Sədərək ticarət mərkəzindəki icarə əsasında işlədiyi dərzi sexində olan zaman tanışları Fətullayev Sahib və Hüseynov Zöhrab adlı şəxslər onun iş otağına gələrək müştərilərə məxsus olan paltarların tikilməsini xahiş etmişlər. Həmin vaxtı 5-6 nəfər polis əməkdaşı onun iş yerinə daxil olmuşlar. Həmin vaxtı otağındakı işləməyən tikiş aparatının (maşınının) yanından bir büküm, həmin yerdə işlədiyi otaqdakı stolun alt tərəfindəki pərdənin yanında yerdən daha bir büküm aşkar edərək götürərək həmin bükümlərdə narkotik vasitənin olmasını bildirmişlər. Onları polis idarəsinə aparan zaman S.Fətullayev dərzi tikiş maşının yanına qoyulmuş bükülünün ona məxsus olmasını bildirmişdir. Polis idarəsində isə Zöhraba aid olması bildirilən narkotik vasitə onun cibinə qoyularaq İddiaçı üstündə olması kimi sənədləşdirilmişdir. Özünün həmin narkotik vasitələrdən heç bir xəbəri olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş şahidlər Qaradağ RPİ-nin əməkdaşları X14, X12, X9 ifadələrində İddiaçı narkotik vasitəni şəxsi istehlakından ötrü əldə etdiyini, narkotik vasitəni satması faktını aşkar etməmələrini bildirməklə yanaşı, keçirmiş olduqları əməliyyat tədbirlərinin nəticəsində də həmin faktın təsdiq olunmadığını bildirmişlər. Lakin həmin polis əməkdaşları Bakı Apellyasiya Məhkəməsində verdikləri ifadədə həm Bakı Ağır Cinayətlər Məhkəməsində və həm də Bakı Apellyasiya Məhkəməsində verdikləri ifadəyə tam əks ifadə vermişdirlər. Onlar ifadələrində göstərdilər ki, həqiqətən həmin gün həm Fətullayev Sahibi və həm də İddiaçı şübhəli şəxs qismində polis idarəsinə aparmışdılar və bununla bağlı əməliyat işi olmuşdur. Lakin məhkəmə tərəfindən Polis İdarəsinə verilmiş sorğuya əsasən İddiaçı haqqında hər hansı bir əməliyyat məlumatı olmamış və polis əməkdaşları vəzifə səlahiyyətlərini aşaraq “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarını pozmuşdular. Müdafiə tərəfinin vəsatəti əsasında məhkəmə istintaqına dəvət olunmuş X15 məhkəmə istintaqında əlavə şahid qismində dindirilmişdir. O, ifadəsində 2021-ci il sentyabr ayının əvvəlində əvəllər işlədiyi Sədərək ticarət mərkəzində olan zaman özünə almış şalvarı düzəltdirmək məqsədilə bazarda dərzi işləyən İddiaçı iş yerinə getmişdir. Orada ondan başqa Zöhrab Hüseynov, Sahib adlı şəxs tanımadığı başqa şəxslər və bir qadın uşağı ilə olmuşdur. Həmin vaxt mülki geyimdə 5-6 nəfər otağa daxil olub özlərinin polis əməkdaşları olmasını deyib onları saxlayıb onların üzərinə baxış keçirmişlər. Həmin vaxtı Sahib adlı şəxsdən siqaret qutusunda aşkar etdikləri kütlənin narkotik vasitə olmasını bildirmişlər. Sahibin ayağı altından da bir büküm aşkar edib içində narkotik vasitə olmasını bildirmişlər. Otağın sahibinin kim olmasını soruşduqda Nizami otağın ona məxsus olmasını bildirmişdir. Ona görə də polis əməkdaşları Nizami ilə Sahibi polisə aparmışlar. Həmin vaxt hamının, o cümlədən İddiaçı üzərində axtarış aparılmış və üzərindən heç bir narkotik vasitə aşkarlanmadığını bildirmişdir. Məhkəmə istintaqında dindirilmiş X8 da ifadəsində eyni halları etiraf etmişdir. X21, həm də İddiaçı işində şahidlər eyni şəxslər olmuş, eyni gündə, eyni saatda əməliyyatda iştirak etmişdilər. Lakin əməliyyatçılar məhkəməyə verdikləri ifadədə göstərmişdilər ki, Fətullayev Sahibi tanımırlar. Məntiqi olaraq sual yaranır: Necə ola bilər ki, eyni şəxslər, eyni yerdən və eyni saatda 2 fərqli şəxsə qarşı əməliyyat keçirsin? İş üzrə həmin şahidlər daha sonra bildirmişdilər ki, İddiaçı polis idarəsinə tək aparmışdılar. X17 işindən məlum olur ki, həmin əməliyyatçılar eyni saatda onu da polis idarəsinə aparmışdılar. Bu hal onu sübut edir ki, İddiaçı üzərində narkotik vasitə olmamışdır. Fətullayev Sahibin Bakı Ağır Cinayətlər Məhkəməsində 1(101)-1963/2021 saylı iş üzrə verdiyi ifadəsində göstərmişdir ki, 10 sentyabr 2021-ci il tarixdə saat 18:00 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi Sədərək TM, 4-cü sıra, 5-ci korpusda yerləşən 44 saylı dükanda olduğu zaman 3 nəfər mülki geyimli şəxs ona yaxınlaşıb xidməti vəsiqələrini göstərməklə özlərini polis əməkdaşları kimi təqdim etmiş və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilindiyini deyərək onu Qaradağ Rayon Polis İdarəsinə dəvət etmişlər. X22 İddiaçı işi üzrə Bakı Apellyasiya Məhkəməsində əlavə şahid kimi verdiyi ifadəsində göstərmişdir ki, onu Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi Sədərək TM, 4-cü sıra, 5-ci korpusda yerləşən 44 saylı dükanın qarşısında saxlayıblar. Bu hal onu göstərir ki, Fətullayev Sahibə polis əməkdaşları tərəfindən təzyiq olub və o, bilərəkdən məhkəmədə yalan ifadə verib. İddiaçı Alahverdi oğlu əsassız yerə cinayət məsuliyyətinə cəlb olunduğu, həbsdə saxlanıldığı və ümumiyyətlə barəsindəki cinayət işinə baxılanadək, yəni ötən 24 ay 4 gün müddətində çəkdiyi məhrumiyyətlərlə yanaşı, qazancından da məhrum olmuş, ona və ailəsinə böyük məbləğdə maddi və mənəvi ziyan dəymişdir. Belə ki, iddiaçı Salyan şəhərində yaşasa da, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Sədərək TM, 4-cü sıra, 5-ci korpusda yerləşən 44 saylı dərzi dükanında dərzilik edib gündəlik qazanc əldə edirdi və bununla, o həm öz ailəsini və həm də yaşlı anasının maddi vəziyyətlərini təmin edirdi. Eyni zamanda, iddiaçının 24 ay ərzində Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılması, yəni saxlanıldığı yerin məsafə olaraq şəhərdən uzaq olması ailəsinin maddi durumunu daha da ağırlaşdırmışdır. Yaşlı anası ayda iki dəfə onun ziyarətinə Bakı İstintaq Təcridxanasına getməli olurdu, həmçinin, məhkəmə iclaslarında iştirak edirdi. Nəqliyyata sərf olunan maddi vəsait, qidalanması üçün istintaq təcridxanasına ərzaq məhsullarının aparılması və zəruri digər əşyaların göndərilməsi ailəsinin vəziyyətinə təsirsiz ötüşməmişdir. Odur ki, İddiaçı Beynəlxal Hüquq normaları və Azərbaycan Respublikası qanunvericiliyi ilə təsbit olunmuş hüquq və azadlıqları barəsində ibtidai araşdırmanı həyata keçirmiş istintaq orqanı və ona nəzarət edən prokurorluq orqanı tərəfindən ciddi şəkildə pozulmuş və o, bu pozuntular səbəbindən almış olduğu maddi və mənəvi zərərə görə kompensasiya ödənilməsi üçün məhkəməyə müraciət etməli olmuşdur. İddiaçı işləmədiyi məlum 24 ay ərzində, həmçinin iddiaçı barəsində məhkəmənin bəraət hökmünün çıxmış olması mövcud dövr üçün iş fəaliyyətini bərpa etdirməsini istisna edir. Həmçinin azadlığa çıxandan sonra müayinə və müalicə üçün tibb müəssisələrinə müraciət etmiş və almış olduğu dərmanlar və tibbi ləvazimatlar daxil müayinə və müalicə üçün də maddi vəsait xərcləməli olmuşdur. Beləliklə, iddiaçı mövcud dövr üçün orta hesabla 48 000 (qırx səkkiz min) manat civarında qazancdan məhrum olmuşdur. İddiaçı əsasız yerə cinayət məsuliyyətinə cəlb olunması və barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə əlaqədar ailəsindən və iş kollektivindən uzaq düşməsi, həmçinin ağır cinayət əməli törətməkdə təqsirləndirilməsinə görə ailəsi, dostları və yaxınları, iş kollektivi və həmyerliləri arasında barəsində mənfi fikirlər formalaşmış və onu əhatə edən şəxslərlə münasibətlərinə və nüfuzuna ciddi xələl dəymiş, şərəf və ləyaqəti ləkələnmiş, xəstə yaşlı anasına (anası çox çətinliklə gəzir) qayğı göstərmək imkanından məhrum olmuşdur. Həmçinin, iddiaçı bildirir ki, Bakı İstintaq Təcridxanasında saxlandığı 30 kvadrat metr ölçülü kamerada 10-15 nəfər qalırdılar. Yuxu yatmağa şərait yox idi, növbəli yatırdılar. Kamerada müxtəlif ağır, yoluxucu xəstəliklərdən əziyyət çəkən adamlarla birgə qalmaq məcburiyyətində idi. Həmin yoluxucu xəstəliklərə düçar olma ehtimalı iddiaçının şüurunda müəyyən mənfi psixi reaksiyanın yaranmasına səbəb olmuş, nəticədə o, mənəvi sarsıntı keçirərək mənəvi zərər çəkmişdir. Buna görə çəkdiyi mənəvi iztirablara və sarsıntıya görə almış olduğu mənəvi ziyanı 60000 (altmış min) manat məbləğində dəyərləndirmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edib, təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında İddiaçı vəkili-nümayəndəsi Vəkil iddianı müdafiə edib, təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin nümayəndəsi X16 iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Baş Prokurorluğunun nümayəndələrinin məhkəmə iclasında iştirakları təmin edilməmiş, səbəbləri barədə məlumat verilməmişdir. Məhkəmə cavabdehin və üçüncü şəxsin nümayəndələrinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan: Fiziki şəxsin sahibkarlıq uçotu haqqında şəhadətnamədən görünür ki, İddiaçı ********** VÖEN ilə xx.xx.2011-ci ildə qeydiyyata alınmışdır. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 4(002)-195/2021 nömrəli qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş İddiaçı barəsində həbs qismində qətimkan tədbirinin seçilməsi, təqsirləndirilən şəxs qismində cəlb edilmiş İddiaçı cinayət işi üzrə məhkəməyədək icraat zamanı həbsdə saxlama müddətinin 04 (dörd) ay həddində müəyyən edilməsi, həbsetmənin əvvəlinin 10 sentyabr 2021-ci il tarixdən hesablanması və s. qərara alınmışdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(101)-302/2022 nömrəli hökmündən görünür ki, İddiaçı Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının 2021-ci ilin sentyabrın 10-dan hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması və s. hökm edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(103)-1329/2023 nömrəli hökmündən görünür ki, İddiaçı Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(101)-302/2022 nömrəli hökmünün ləğv edilməsi, İddiaçı Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyi üçün bəraət verilməsi, onun barəsində seçilmiş həbs qətmkan tədbirinin ləğv edilməsi və məhkəmə iclas zalından dərhal həbsdən azad edilməsi, tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, həbs qətmkan tədbirinin tətbiqi və ya məhkəməyə verilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydasının ona izah edilməsi və s. hökm edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(102)-847/2024 nömrəli qərarından görünür ki, İddiaçı Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(107)- 1329/2023 nömrəli hökmünün dövlət ittihamçısı X10 tərəfindən verilmiş kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Beləliklə, məhkəmə müəyyən etdi ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən – hazırkı iş üzrə İddiaçı barəsində həbs qismində qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli tutulduğu 10 sentyabr 2021-ci il tarixdən hesablanmışdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə iddiaçı 5 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsa da, həmin hökm Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə ləğv olunmuş, təqsirliliyi sübuta yetirilmədiyi üçün ona bəraət verilərək, barəsində seçilmiş həbs qətmkan tədbiri ləğv edilmiş və o, məhkəmə iclas zalından dərhal həbsdən azad edilmişdir. Həmçinin, qeyd olunan hökmlə iddiaçıya tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, həbs qətmkan tədbirinin tətbiqi və ya məhkəməyə verilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası izah edilmişdir. Sözügedən hökm Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Hazırda iddiaçı qanunsuz cinayət təqibinə məruz qalması, barəsində həbs qətimkan tədbiri seçilməsi və azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi nəticəsində ona maddi və mənəvi ziyan vurulduğunu bildirərək, 48.000 (qırx səkkiz min) manat maddi, 60.000 (altmış min) manat mənəvi zərərin cavabdeh vasitəsilə dövlət büdcəsinin vəsaiti hesabına ona ödənilməsini; iş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi isə iddianın təmin edilməməsini məhkəmədən xahiş edirlər. Məhkəmə İddiaçı qanunsuz olaraq cinayət məsuliyyətinə cəlb olunduğuna görə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi vasitəsi ilə Azərbaycan Respublikası dövlət büdcəsindən ona dəymiş maddi və mənəvi zərərə görə təzminat tələb etmək hüququndan istifadə edərək qaldırdığı iddiasına hüquqi qiymət verərək hesab edir ki, hazırkı iş üzrə hüquqi cəhətdən dəyərləndirilməli məsələ milli qanunvericilik və beynəlxalq hüquq normaları əsasında dövlət orqanları və vəzifəli şəxslər tərəfindən fərdə vurulmuş zərərin ödənilməsi ilə bağlıdır. Dövlət orqanları və vəzifəli şəxslərin hüquqazidd əməli nəticəsində fərdə vurulmuş zərər restitusiya, kompensasiya və satisfaksiya formasında ödənilməlidir. Restitusiya, kompensasiya və satisfaksiya biri-biri ilə qarşılıqlı əlaqədədir. Hüquqazidd əməllər nəticəsində fərdə əlavə maddi və mənəvi ziyanın vurulması hallarında hüquqazidd əmələ qədər mövcud olmuş vəziyyətin bərpası yetərli olmaya bilər. Restitusiyanın məqsədi hüquqazidd əməlin törədilməsinə qədər mövcud olmuş vəziyyətin bərpa olunmasıdır. Restitusiya özündə ən sadə formada, məsələn, qeyri-qanuni tutulmuş şəxsin azad olunmasını əhatə edə bilər. Eyni zamanda, restitusiya əvəzin ödənilməsi formalarında ən öndə durur. Hüquq doktrinasında restitusiyanın iki forması fərqləndirilir: əvvəlki maddi vəziyyətin bərpasını nəzərdə tutan naturada restitusiya (restitutio in integrum) və qeyri-maddi hüquqların bərpası (restitutio in pristinum). Bura inzibati, qanunverici və məhkəmə aktlarının ləğv edilməsini aid etmək olar. Restitusiya hüquqi prinsip kimi ilkinliyinə baxmayaraq, bir çox hallarda qeyrimümkün və ya qeyri-adekvat olur. Vurulmuş ziyan restitusiya yolu ilə bərpa olunmamışdırsa, dövlət onu kompensasiya ilə bərpa etməlidir. Kompensasiyanın rolu vurulmuş zərərin əvəzinin tam ödənilməsi məqsədilə hər hansı boşluğu doldurmaqdan ibarətdir. Satisfaksiya pozuntunun etiraf olunmasında, təəssüfün bildirilməsində və ya hər hansı digər formada ifadə oluna bilər. Məhkəmə qeyd edir ki, göründüyü kimi, İddiaçı xx.xx.2021-ci il tarixindən xx.xx.2023cü il tarixinədək, yəni 2 (iki) il 4 (dörd) gün müddətində qanunsuz olaraq azadlıqdan məhrum edilmişdir. Odur ki, iddiaçıya qarşı mülki hüquq pozuntusunun törədilməsi işin mübahisəsiz halıdır. İddia tələbinin “48.000 (qırx səkkiz min) manat məbləğində maddi ziyanın əvəzinin ödənilməsi” hissəsi ilə əlaqədar məhkəmə qeyd edir ki, iddiaçı qanunsuz olaraq azadlıqdan məhrum edilməsi nəticəsində ona 48.000 (qırx səkkiz min) manat məbləğində maddi ziyan dəydiyini iddia etsə də, bu dəlilini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Belə ki, iddiaçı ona dəymiş maddi ziyanı qanunsuz olaraq azadlıqdan məhrum edildiyi və ondan sonrakı dövrdə işini itirməsi, anasının onun yanına gedib-gəlməsi üçün yol xərci, yemək, müayinə və müalicə xərcləri çəkməsi ilə əlaqələndirmiş, məhkəmə tərəfindən ona bu dəlillərini təsdiq edən mötəbər sübutları təqdim etmək təklif edilsə də, iddiaçı heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Əvvəllər VÖEN-ə (vergi ödəyicisinin eyniləşdirmə nömrəsinə) malik olduğunu, lakin tutulmamışdan xeyli qabaq onu da bağlatdırdığını, müvafiq hesabatları (bəyannamələri) vermədiyini bildirmiş, buna görə də onun real gəlirlərinin müəyyənləşdirilməsi ilə bağlı aidiyyəti orqana sorğular verilməsinə zərurət qalmamışdır. Bununla da iddiaçıya real maddi zərər dəyməsi barədə mülahizələr məhkəmədə öz təsdiqini tapmamışdır. Halbuki, qeyd edilməlidir ki, maddi zərərin əvəzinin ödənilməsi tələbinin təmin olunması üçün həmin zərər mötəbər və kifayətedici sübutlarla təsdiq edilməlidir. Maddi zərər tələbi üzrə araşdırma aparılarkən şəxsin ehtimal edilən deyil, məhz real zərər və əldən çıxmış fayda qismində zərərə məruz qalması halı müəyyənləşdirilməli, habelə həmin zərərin məbləği mülahizə əsasında və ya ağlabatan həddə deyil, yalnız buna dair təsdiqedici sübutlar əsasında tutulmalıdır. Əldən çıxmış fayda qismində zərər tələbində də şəxsin onu əldə etmək üçün əvvəlcədən gördüyü tədbirlər, bu məqsədlə hazırlıq işlərinin mövcud olub-olmaması, işlədiyi dövrdə real gəlirləri və s. nəzərə alınmalıdır. Qeyd olunan sübutların iddiaçı tərəfindən təqdim edilməməsi isə məhkəmənin maddi zərərlə bağlı iddianı rədd etməsi üçün əsas hesab olunur. Belə ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddiaçı ona real maddi ziyan dəyməsini təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etmədiyindən, iddia tələbinin “48.000 manat məbləğində maddi ziyanın əvəzinin ödənilməsi” hissəsi təmin edilməməlidir. İddia tələbinin “60.000 (altmış min) manat məbləğində mənəvi zərərin əvəzinin ödənilməsi” hissəsi ilə əlaqədar isə qeyd edilməlidir ki, işin mübahisəsiz halıdır ki, iddiaçının qanunsuz olaraq 2 (iki) il 4 (dörd) gün müddətinə azadlıqdan məhrum edilməsi onda inamsızlıq, narahatlıq, məyusluq hissləri yaratmış və iddiaçıya stress, əzab-əziyyət vermiş, şüurunda mənfi psixoloji reaksiyaya səbəb olmaqla, cəmiyyətdəki nüfuzuna xələl gətirmişdir. Lakin məhkəmə hesab edir ki, ona vurulmuş mənəvi zərərin əvəzi 60.000 manat deyil. Belə ki, məhkəmə bütün diqqətəlayiq halları nəzərə alaraq hesab edir ki, iddiaçıya dəymiş mənəvi zərərin 24.000 manat məbləğində qiymətləndirilməsi daha ədalətli və ağlabatandır. Buna görə də məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin vasitəsi ilə dövlət büdcəsinin vəsaiti hesabına mənəvi zərərin əvəzi kimi 24.000 manat məbləğində pul İddiaçı xeyrinə ödənilməlidir. Məhkəmə qeyd edir ki, insan hüquqlarının müdafiəsi ideyası ilk növbədə dövlətdaxili hüquqda öz təzahürünü tapır. Hər bir fərd doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquq və azadlıqlara malikdir. Həmin hüquq və azadlıqları bərabər əsasda, heç bir ayrı-seçkilik qoyulmadan təmin etmək dövlətin vəzifəsidir. «İnsan hüquqları haqqında Ümumi Bəyannamə»nin: 3-cü maddəsində göstərilir ki, «hər bir şəxsin yaşamaq, azadlıq və şəxsi toxunulmazlıq hüququ var». 9-cu maddəsinə müvafiq olaraq «heç kim özbaşına həbsə, tutulmaya və ya sürgünə məruz qala bilməz». Azərbaycan Respublikası Konstitusiyasının 68-ci maddəsinin İİ hissəsinə əsasən, hər kəsin dövlət orqanlarının, yaxud onların vəzifəli şəxslərinin qanuna zidd hərəkətləri və ya hərəkətsizliyi nəticəsində vurulmuş zərərin dövlət tərəfindən ödənilməsi hüququ vardır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 56.0.2 və 56.0.3-cü maddəsinə əsasən bu Məcəllənin 39.1.1, 39.1.2, 39.1.6-39.1.8, 39.2-ci maddələrində nəzərdə tutulmuş əsaslarla barəsində cinayət təqibinə xitam verilmiş və həmçinin, bu Məcəllənin 39.1.3, 39.1.4, 39.1.10 və 39.1.11-ci maddələrində nəzərdə tutulmuş əsaslarla barəsində cinayət təqibinə xitam verilməli olan, lakin vaxtında xitam verilməyən və haqqında cinayət təqibi davam etdirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya suiistifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir. 57.1-ci maddəsinin tələbinə görə cinayət prosesini həyata keçirən orqanın səhvi və ya suiistifadəsi nəticəsində bu Məcəllənin 56-cı maddəsində nəzərdə tutulmuş şəxslərə vurulmuş mənəvi, fiziki və maddi ziyan ödənilməlidir. Həmçinin, bu şəxslərin əmək və mənzil hüquqları bərpa edilməli, bunlar mümkün olmadıqda isə həmin hüquqların pozulması nəticəsində dəyən ziyanın pul kompensasiyası təmin edilməlidir; 58.2-ci maddəsinin tələbinə görə fiziki və mənəvi ziyan Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir. «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» 29 dekabr 1998-ci il tarixli Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən Azərbaycan Respublikası ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanları tərəfindən hər hansı şəxsin qanunsuz olaraq təqsirləndirilən şəxs qismində cəlb edilməsi, məhkum edilməsi, işdən (vəzifədən) kənarlaşdırılma və ya onun hüquqlarını məhdudlaşdıran digər prosessual hərəkətlərin həyata keçirilməsi nəticəsində həmin şəxsə vurulmuş ziyan ödənilməlidir. Vurulmuş ziyanın bu Qanunla müəyyən edilmiş miqdarda və qaydada ödənilməsi hüququ bəraətverici hökm çıxarıldıqda, cinayət hadisəsinin, əməldə cinayət tərkibinin olmaması və ya şəxsin cinayət törətməkdə iştirakının sübut edilməməsi ilə əlaqədar cinayət işinə xitam verildikdə və ya cinayət işinin başlanması rədd edildikdə yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1096, 1097.1-ci maddələrinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir; Qanunun bu normasının tətbiqi üçün mülki hüquq məsuliyyətinin 4 zəruri şərti mövcud olmalıdır. Birincisi, törədilmiş əməl hüquqazidd olmalıdır; ikincisi, törədilmiş əməl nəticəsində başqa şəxsə birbaşa zərər yetirilməlidir; üçüncüsü, mülki hüquq pozuntusu ilə zərər arasında səbəbli əlaqə mövcud olmalıdır; dördüncüsü isə hüquqpozan şəxsin təqsiri olmalıdır. 1100-cü maddəsinə görə, dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. 1101.1-ci maddəsinə əsasən, qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. Göstərilənlərlə yanaşı, məhkəmə hesab edir ki, hüquqi cəhətdən dəyərləndirilməli olan məsələlərdən biri də kompensasiyanın nədən ibarət olmasıdır. Məhkəmə belə qənaətdədir ki, zərərin kompensasiya edilməsi nəinki onunla bağlı maddi ziyanları - gəlirin və əldə edilə biləcək faydanın itirilməsi, həmçinin ayrı-ayrı şəxslərə vurulmuş qeyri-maddi zərəri də əhatə edir. Qeyrimaddi zərər dedikdə, bir qayda olaraq doğma və yaxınlarının itirilməsi, ağrı və əzablar, şəxsiyyətə və ya şəxsi həyata qəsdlə əlaqədar hisslərə toxunulma başa düşülür. Məhkəmə qeyd edir ki, istər milli, istərsə də beynəlxalq qanunvericilikdə kompensasiyanın vəzifəsinin ziyanın təminindən ibarət olması kimi göstərilmişdir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 41ci maddəsinə əsasən «əgər Məhkəmə Konvensiya və onun Protokollarının pozulduğunu, lakin Razılığa gələn Yüksək Tərəfin daxili hüququnun yalnız bu pozuntunun nəticələrinin qismən aradan qaldırılmasına imkan verdiyini müəyyən edirsə, məhkəmə zəruri halda, zərərçəkən tərəfə əvəzin ədalətli ödənilməsini təyin edir». Mənəvi zərərin ödənilməsinin zəruriliyi bir sıra beynəlxalq sənədlərdə də öz əksini tapmışdır. Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin 1985-ci il 29 noyabr tarixdə qəbul etdiyi «Cinayət və hakimiyyətdən sui-istifadə qurbanları üçün ədalət mühakiməsinin əsas prinsipləri haqqında» Bəyannamənin 1-ci maddəsində göstərilir ki, «qurbanlar» termini altında üzv dövlətlərin hakimiyyətindən cinayətkar sui-istifadəni qadağan edən qanunlar daxil olmaqla, milli cinayət qanunlarının pozulması nəticəsində bədən xəsarəti və ya mənəvi ziyan, emosional əzab, maddi zərər və ya əsas hüquqların xeyli dərəcədə sıxışdırılması daxil olmaqla fərdi, yaxud kollektiv şəkildə zərər yetirilən şəxslər başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 87.6.14, 89.4.12 və 422.3-cü maddələrinə dair» 19 mart 2002-ci il tarixli qərarında da «Cinayət və hakimiyyətdən sui-istifadə qurbanları üçün ədalət mühakiməsinin əsas prinsipləri haqqında» Bəyannaməyə istinad edilmişdir. Bəyannamənin 4cü maddəsində göstərilir ki, qurbanlara mərhəmət göstərmək və ləyaqətlərinə hörmətlə yanaşmaq lazımdır. Onlara ədalət mühakiməsinin vasitələrindən istifadə etmək və milli qanunvericiliyə əsasən dəymiş zərərin tezliklə ödənilməsini təmin etmək üçün şərait yaradılmalıdır. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarında göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «mənəvi ziyanla» bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahtlıq, məyusluq hisslərini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, Avropa Məhkəməsi «Koinq Almaniyaya qarşı» işdə ərizəçiyə «mənəvi narahatlıq yetirilməsinə», «Artiko İtaliyaya qarşı» işdə «tənhalıq və kimsəsizlik hisslərinə», «Younq, Cames və X4rşı» işdə «alçaldıcı və təhqiredici hərəkətlərə» görə mənəvi zərərin ödənilməsi qərarına gəlmişdir. Avropa Məhkəməsinin «Ədalətli kompensasiya tələbləri barədə Praktiki Qaydaları»nın 13-cü bəndinə əsasən, mənəvi zərərə aid məhkəmənin təyin etdiyi kompensasiya qeyri-maddi zərərə, məsələn, əqli və ya fiziki əziyyətə görə maliyyə kompensasiyasının təmin olunmasına yönəlib. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 76.1-76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə görə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki Prosessual Məcəllə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Məcəllə, həmçinin, məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Bu baxımdan iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. Bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunan sübutlara məcmu halda, tam, hərtərəfli, obyektiv və qərəzsiz hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin vasitəsi ilə dövlət büdcəsinin vəsaiti hesabına mənəvi zərərin əvəzi olaraq 24.000 (iyirmi dörd min) manat məbləğində pul İddiaçı xeyrinə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin: 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin vasitəsi ilə dövlət büdcəsinin vəsaiti hesabına mənəvi zərərin əvəzi olaraq 24.000 (iyirmi dörd min) manat məbləğində pul İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Günay Abidova
Məhkəmə qərarları › İş №e-2(006)-2107/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-2107/2024
13.06.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver