Məhkəmə qərarları › İş №e-2(006)-2128/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №e-2(006)-2128/2023

11.04.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-2128/2023 11.04.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Cəfərov Səməd Fəxrəddin oğlu, İddiaçı Cavabdeh ASC-yə qarşı “məlumatın verilməsi” tələbinə dair iddia ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı Cavabdeh ASC-yə qarşı “məlumatın verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Açıq Səhmdar Cəmiyyəti Baş Ofisinin üzərinə mərhum X1 bank hesabında əmanət pulun olub-olmaması və həmin əmanətin miqdarı barədə məlumat vermə vəzifəsinin tapşırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsinə məhkəmə qaydasında baxılmalı olmadığından onun icraata qəbulundan imtina olunmalıdır. “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında təlimatın təsdiq edilməsi” barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli Qərarının 5-ci bəndinə əsasən notarius "Notariat haqqında" Azərbaycan Respublikası Qanununda nəzərdə tutulan notariat hərəkətlərini apara bilər, əqdlərin, ərizələrin və digər sənədlərin layihələrini tərtib edə bilər, sənədlərin surətlərini və onlardan çıxarışları hazırlaya bilər, notariat hərəkətlərinin aparılması ilə əlaqədar məsləhətlər verə bilər, dövlət və bələdiyyə qurumlarından, habelə fiziki və hüquqi şəxslərdən həmin hərəkətlərin aparılması üçün sənədlər və məlumatlar tələb edə bilər, daşınmaz əmlakın dövlət reyestrinin məlumatlarının alınması ilə bağlı əsaslandırılmış yazılı sorğular verə bilər. Həmin Qərarın 80-ci bəndinə əsasən mirasın qəbul edilməsinə qədər mirasın açıldığı yerdəki notarius və ya rayon, şəhər, şəhər rayonu icra hakimiyyətinin nümayəndələri zərurət olarsa, mirasın qorunması məqsədi ilə tədbirlər görür. Həmin qayda vərəsənin məlum olmadığı və ya onun mirası qəbul edib-etməməsinin bilinmədiyi halda da şamil edilir. Həmin Qərarın 83-cü bəndinə əsasən açılmış miras haqqında vərəsələrdən məlumat alan notarius bu barədə yaşayış və ya iş yeri ona məlum olan vərəsələrə xəbər verməlidir. Həmin Qərarın 89-cu bəndinə əsasən ölənin pul məbləği vərəsələrə verilənədək və ya miras əmlak vərəsəlik hüququ üzrə dövlətə keçdikdə dövlət mədaxilinə keçirilənədək bank idarəsində notariat ofisinin depozit hesabına təhvil verilir. Yuxarıda qeyd edilənlərdən göründüyü kimi, X2 adına Cavabdeh ASC-də açılmış bank hesablarında olan vəsaitlərlə bağlı məlumatlar sorğu edilərək əldə edilməlidir. Notariusun bu məsələ ilə bağlı hərəkət və ya həkətsizliyindən inzibati qaydada yuxarı orqana və ya müvafiq məhkəməyə şikayət verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Həmin Məcəllənin 153.5-ci maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina edilərsə, iddiaçıya həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh ASC-yə qarşı “məlumatın verilməsi” tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən imtina edilməlidir. İddiaçıya notariusun bu məsələ ilə bağlı hərəkət və ya həkətsizliyindən inzibati qaydada yuxarı orqana və ya müvafiq məhkəməyə şikayət vermək hüququ izah edilməlidir. Mülki Prosessual Məcəllənin 114.1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə, ödənilmiş dövlət rüsumu geri qaytarılır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1, 153.3 və 263-264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı Cavabdeh ASC-yə qarşı “məlumatın verilməsi” iddia ərizəsinin qəbulundan imtina edilsin. İddiaçıya izah edilsin ki, müvafiq tələblə əlaqədar inzibati qaydada yuxarı orqana və ya müvafiq məhkəməyə müraciət etmək hüququna malikdir. Qərardaddan 10 (on) gün müddətində Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Səməd Cəfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar