Məhkəmə qərarları › İş №e-2(006)-2132/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №e-2(006)-2132/2022

14.03.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-2132/2022 14.03.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Tağıyev Ceyhun Əlikram oğlu, İddiaçı iddia ərizəsinə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 149.2-ci maddəsinə əsasən iddia ərizəsində ərizənin verildiyi məhkəmənin adı; iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb; müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat; “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsinə dair məlumat; ərizəyə əlavə edilən sənədlərin siyahısı göstərilməlidir. İlk öncə məhkəmə qeyd edir ki, məhkəməyə daxil olmuş iddia ərizəsində cavabdeh qismində hansı şəxsin (fiziki və yaxud hüquqi şəxs) cəlb edilməsi qeyd edilməmiş, habelə həmin şəxsə dair mülki prosessual qanunvericiliyin tələblərinə əsasən zəruri məlumatlar (ünvan və s.) iddia ərizəsində öz əksini tapmamışdır. Həmçinin qeyd edilən iddia ərizəsindən görünür ki, iddiaçı tərəfindən müəyyən tələblə məhkəməyə müraciət edilsə də, sonuncu tərəfindən iddia ərizəsində öz tələbinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı göstərilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, məhkəməyə daxil olmuş iddia ərizəsi Mülki Prosessual Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədən verilmişdir. Bundan əlavə həmin iddia ərizəsindən görünür ki, iddia ərizəsi “Elektron məhkəmə” informasiya sistemində Vəkil adına yaradılmış elektron kabinet vasitəsi ilə verilməklə, onun adından imzalanmışdır. Lakin Vəkil iddiaçının adından iddia ərizəsini imzalamaq səlahiyyətinə malik olmasına dair hər hansı bir sənəd iddia ərizəsinə əlavə edilməmişdir. Beləliklə, təqdim olunmuş iddia ərizəsindən göründüyü kimi, iddia ərizəsi buna səlahiyyəti olmayan şəxs tərəfindən imzalanmışdır. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən, iş məhkəmə baxışına hazırlandıqda və həmin işə məhkəmədə baxıldıqda vəkil ixtisaslı hüquqi yardım göstərməyə borcludur. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən işə buraxılmış vəkil iş materialları ilə tanış olmaq, onlardan çıxarışlar götürmək, surətlərini çıxartmaq, sübutlar təqdim etmək və sübutların tədqiqində iştirak etmək, işdə iştirak edən başqa şəxslərə, şahidlərə, ekspertlərə və mütəxəssislərə suallar vermək, vəsatət vermək, habelə əlavə sübutlar tələb olunması barədə vəsatət vermək, məhkəməyə şifahi və yazılı izahat vermək, məhkəmə baxışı gedişində baş verən bütün məsələlər barədə öz dəlil və mülahizələrini təqdim etmək, işdə iştirak edən digər şəxslərin vəsatət və dəlillərinə etiraz etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 69.1-ci maddəsinə əsasən, hər bir fiziki və ya hüquqi şəxs şəxsən, yaxud müvafiq qaydada səlahiyyəti müəyyən edilmiş nümayəndəsi vasitəsi ilə məhkəməyə iddia verə bilər. Zəruri olduqda, məhkəmə izahat vermək üçün tərəfi şəxsən məhkəməyə çağırmaq hüququna malikdir. Həmin Məcəllənin 69.1-1-ci maddəsinə əsasən, fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkil (bu Məcəllənin 71-ci maddəsində nəzərdə tutulan şəxslər istisna olmaqla) ola bilər. Nümayəndənin məhkəmədə iş aparmaq səlahiyyəti lazımi qaydada rəsmiləşdirilməlidir. Həmin Məcəlləsinin 73.1-ci maddəsinə əsasən, nümayəndənin səlahiyyəti qanuna uyğun olaraq verilmiş və rəsmiləşdirilmiş etibarnamədə əks etdirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.2-ci maddəsinə əsasən iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri iddiaçıya geri qaytarır. Bundan əlavə iş materiallarından görünür ki, iddiaçının hazırki tələbi ilə bağlı ilkin mediasiya sessiyasında iştirakını təsdiq edən məlumat iddia ərizəsinə əlavə edilməmişdir. Halbuki, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 3.1.3-cü maddəsinin tələbinə əsasən əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə mediasiya tətbiq edilir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 3.2-ci maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə bu Qanunun 28-ci və 29-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb olunur. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 27-ci maddəsinə əsasən əmək münasibətlərindən irəli gələn mübahisələr - fərdi əmək mübahisələri; kollektiv əmək mübahisələri və əmək münasibətlərindən irəli gələn digər mübahisələr bu Qanuna uyğun olaraq mediasiya vasitəsilə həll oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.4-1-ci maddəsinin tələbinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsinə dair məlumat ərizədə göstərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılır. Habelə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.6-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim edilmədikdə iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu geri qaytarılır. Belə olan halda məhkəmə hesab edir ki, yuxarıda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən, ümumi qaydada məhkəməyə müraciət etmək hüququ izah olunmaqla, ərizə və ona əlavə olunmuş sənədlər, habelə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ona geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.2 və 263-264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı iddia ərizəsi və ona əlavə edilmiş sənədlər ona geri qaytarılsın. İddiaçıya izah edilsin ki, göstərilən nöqsan aradan qaldırıldıqdan sonra yenidən, ümumi qaydada məhkəməyə müraciət etmək hüququ vardır. İddiaçı tərəfindən dövlət büdcəsinə dövlət rüsumu kimi ödənilmiş 141 manat məbləğində pul ona geri qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar