Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2140/2025 25.07.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Həbibə Novruz qızının sədrliyi, məhkəmə iclasının katibi Xalıqova Məstanə Mətləb qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə (Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnsan X12 Baş İdarəsi mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçının tələbi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə (Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnsan X12 Baş İdarəsi mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mənəvi ziyanın əvəzi olaraq 150.000 (bir yüz əlli min) manat, maddi ziyanın əvəzi olaraq 547.000 (beş yüz qırx yeddi min) manat, hüquqi yardım üçün vəkilə ödənilmiş 3200 (üç min iki yüz) manat olmaqla, cəmi 700.200 (yeddi yüz min iki yüz) manat məbləğində pul vəsaitinin cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi vasitəsilə Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, mənəvi ziyanın əvəzi olaraq 150.000 (bir yüz əlli min) manat, maddi ziyanın əvəzi olaraq 1.654.956 (bir milyon altı yüz əlli dörd min doqquz yüz əlli altı) manat, hüquqi yardım üçün vəkilə ödənilmiş 3200 (üç min iki yüz) manat olmaqla, cəmi 1.808.156 (bir milyon səkkiz yüz səkkiz min yüz əlli altı) manat məbləğində pul vəsaitinin cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi vasitəsilə Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin iddia ərizəsində qeyd edilən halları: BMCMİ-nin İstintaq və Təhqiqat İdarəsinin müstəntiqi Eldar Qədimov tərəfindən qəbul edilmiş 18 dekabr 2020-ci il tarixli qərarla İddiaçı Azərbaycan Respublikası CM-in 144-2.2.1, 144-2.2.2, 144-2.2.3 və 144-2.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan olunmuş və həmin tarixdə barəsində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qərarı ilə "həbs" qətimkan tədbiri seçilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-86/2022 saylı, 18 mart 2022-ci il tarixli hökmü ilə İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144-2.2.1, 144-2.2.2, 144-2.2.3 və 144-2.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək ona 07 (yeddi) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, İddiaçı cəzaçəkmə müddətinin əvvəlinin 18 dekabr 2020-ci il tarixdən hesablanması, barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökm edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 1(103)-1095/2022 saylı, 22 dekabr 2022-ci il tarixli qərarı ilə 07 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasının müddəti 07 ilə endirilmiş, hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 1(102)- 1259/2023 saylı, 27 dekabr 2023-cü il tarixli qərarı ilə Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-1095/2022 saylı, 22 dekabr 2022-ci il tarixli qərarı ləğv edilmiş və cinayət işi yeni apellyasiya baxışına təyin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-607/2024 saylı, 31 may 2024-cü il tarixli hökmü ilə X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144-2.2.1, 144-2.2.2, 144- 2.2.3 və 144-2.2.4-cü maddələri ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-86/2022 saylı, 18 mart 2022-ci il tarixli hökmü ləğv edilərək, X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144-2.2.1, 144-2.2.2, 144-2.2.3 və 144- 2.2.4-cü maddələri ilə əməlində cinayət tərkibi olmaması əsası ilə bəraət verilmiş, X2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilmiş və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilmişdir. Həmçinin də X3 pozulmuş hesab etdiyi hüquqlarının bərpası, həmçinin vurulmuş maddi, fiziki və mənəvi ziyanın ödənilməsi ilə bağlı Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 56-59-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 1(102)-2131/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-607/2024 saylı, 31 may 2024-cü il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. İddiaçının ittiham elan olunmamışdan əvvəl heyvandarlıq ferması var idi və fermer fəaliyyəti ilə məşğul olaraq gəlir əldə edirdi. Fermada təxminən 60 ədədi cins inəkləri daxil 150 ədəd iri buynuzlu heyvanları var idi. İnəklər gündəlik 600- 700 litr arası süd verirdi. Sağılan südün yarısını süd kimi satırdı, yarısını da qatıq düzəltdirib dükanlarda satdırırdı. Fermanın mövcud olması, həmin fermada inəklərin, buzovların, hətta atın olması, həmçinin fermada işçilərin yaşaması üçün lazım olan zəruri məişət əşyaları ilə təmin otaqların, sanitar qovşağın və hamamların olması, inəklərin südlərinin satılmasını təsdiq edən hallar barəsində mövcud olan cinayət işi üzrə çıxarılmış məhkəmə hökmlərində müəyyən olunmuş hallardır. Hansı ki, həmin məhkəmə qərarları qanuni qüvvəsini aldığı üçün preyudisial əhəmiyyət daşıyır. Qeyd olunan ittiham elan olunandan və barəsində “həbs” qətimkan tədbiri seçiləndən sonra bütün fəaliyyəti məhv olaraq saxladığı heyvanları da əlindən çıxmışdır. Hazırda heç bir işlə məşğul ola bilmir. İnəklərin birini təxminən 3200- 3500 manata almışdır, hazırda həmin inəklərin birinin qiyməti təxminən 4500-5000 manatdır. Erkək buzovlar isə təxminən 150-200 kiloqram ət verirdilər. İnəklərin bugünki bazar dəyərinin minimum qiymətini təxminən 4000 manat götürsə, 60 ədəd inəyin qiyməti 240000 manat edir. Buzovların isə birinin qiymətini ət hesabı hesablayanda 1 ədədinin qiyməti təxminən 2300 manat edir ki, 90 ədəd buzovun qiyməti 207000 manat təşkil edir. Qeyd olunan ittiham elan olunandan və məhkəmə hökmü ilə təqsirli bilindikdən sonra cəmiyyətdə və yaxın ətrafında ona qarşı mənfi fikir formalaşmışdır. Bundan əlavə olaraq isə ətrafındakı bir çox şəxslər cinayətkar olduğunu zənn edərək, onunla münasibətləri kəsmişlər. Həbsdə saxlanıldığı 03 il 05 ay 13 gün müddətində isə azadlıq hüququ tamamilə əlindən alınmışdır. Həbsdə saxlanıldığı müddət ərzində ona gətirilən ərzaqlara və sair bu kimi xərclərə xeyli miqdarda pullar xərclənilmişdir ki, bu problemdən dolayı ailəsi ciddi şəkildə maddi zərər görmüşdür. İddiaçı 2704 saylı avtomobil dəstəsinin sürücüsü kimi Qarabağ müharibəsi dövründə Müdafiə Nazirliyinin xətti ilə xx.xx.1992-ci il tarixdən etibarən xx.xx.1994-cü il tarix də daxil olmaqla 18 dəfə, 55 gün döyüş bölgələrində ezamiyyətdə olaraq döyüş əməliyyatlarında aktiv iştirak etmişdir. Həbsdə saxlanıldığı müddətdə ürəyində ağrılar və şəkərli diabet xəstəliyi əmələ gəlmişdir ki, həbsdə olanda və çıxdıqdan sonra bir neçə ay həmin xəstəliklərin yaranmasına görə və ciddi şəkildə mənəvi iztirablar çəkdiyi üçün həkim qəbullarında olmuş və müalicələr almışdır. Həbsdə saxlanıldığı müddət ərzində ona gətirilən ərzaqlara və müalicə və dərmanlara isə təxminən 100000 manat pul xərclənilmişdir. Ailənin yeganə gəlir gətirəni o olmuşdur. X1 2000-ci ildən onkoloji xəstəlikdən əziyyət çəkir. Dərmanlarına və müalicəsinə hər ay xeyli miqdarda pul vəsaiti xərclənir. O, həbsdə olan müddətdə onun müalicəsində də axsamalar yaranaraq səhhəti pisləşmişdir. Beləliklə də ilkin araşdırma zamanı, ibtidai istintaqda gedən araşdırmalar, məhkəmə prosesləri və həbsdə olmağı onu həm maddi, həm də mənəvi zərərə məruz qoyubdur. Cavabdehin etirazı: İş materiallarından göründüyü kimi iddiaçı onun barəsində istintaq hərəkətlərinin aparılması və həbsdə saxlanılması ilə əlaqədar ziyanın ödənilməsi tələbi ilə çıxış edərkən Azərbaycan Respublikasının Maliyyə Nazirliyini cavabdeh qismində müəyyən etmiş və iddia tələbini Maliyyə Nazirliyinə yönəltmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 03 noyabr 2008-ci il tarixli 8 №-li Qərarına əsasən Plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən iddiaçıya qarşı onun hüquq və azadlıqlarını pozan, habelə mənəvi zərərə məruz qalmasına gətirib çıxaran heç bir qanunsuz hərəkətə və ya hərəkətsizliyə yol verilməmişdir, onunla mənəvi zərər arasında səbəbli əlaqə mövcud deyildir. Buna görə də iddia mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdeh Maliyyə Nazirliyinə münasibətdə təmin edilə bilməz. Bundan əlavə Azərbaycan Respublikası Prezidentinin 9 fevral 2009-cu il tarixli 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə”nin 8.7-ci bəndinə əsasən Maliyyə Nazirliyi Azərbaycan Respublikası Milli Məclisi tərəfindən hər il üçün təsdiq edilmiş dövlət büdcəsinin xərc maddələri üzrə büdcə daxilolmalarının vəziyyətindən asılı olaraq bütün büdcə təşkilatlarını (kredit sərəncamçılarını) yalnız onların sifarişinə və məxaric cədvəllərinə əsasən onların xərc smetalarında nəzərdə tutulmuş vəsaitlər həddində maliyyələşməsini həyata keçirir. Maliyyə Nazirliyinin büdcə təşkilatları əvəzinə vəsaiti hər hansı bir təyinata yönəltmək səlahiyyəti yoxdur. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi dövlət büdcəsindən maliyyələşən mərkəzi icra hakimiyyəti orqanıdır, onun hesabındakı vəsait isə orqanın saxlanması xərcləridir (Nazirliyin mərkəzi aparatı işçilərinin əmək haqqı, dəftərxana ləvazimatlarının alınması və s.) və Nazirlik hər hansı sərbəst vəsaitə malik deyildir. Mülki qanunvericiliyin tələblərinə əsasən hər hansı şəxsə zərər vurmuş şəxs (və ya şəxslər) ona münasibətdə mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-1096.2-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Eyni zamanda burada onu da qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası hüquq münasibətlərində orqanları (qurumları) vasitəsilə təmsil olunur. Bu mənada yalnız Maliyyə Nazirliyi dövləti təmsil etmir. Hər bir dövlət orqanı (qurumu) müvafiq səlahiyyətlər çərçivəsində fəaliyyət göstərir və dövlət adından çıxış edir. Buna görə də dövlətin cavabdehlik daşıması onu ayrı-ayrı sahələrdə təmsil edən və müvafiq qərarlar qəbul edən orqanların öz hərəkətlərinə görə məsuliyyət daşıması kimi qəbul edilməlidir. İddiaçıya münasibətdə Maliyyə Nazirliyi heç bir delikt törətmədiyi halda və iddiaçıya Nazirlik tərəfindən heç bir ziyan vurulmadığı halda, iddiaçının kompensasiya tələbini cavabdeh qismində Maliyyə Nazirliyinə yönəltməsinin heç bir hüquqi əsası yoxdur. İddiaçının tələbi onun barəsində müvafiq hərəkətlərə yol verən, müvafiq qərarlar qəbul edən orqana yönəlməli və iddia tələbinə həmin orqana münasibətdə baxılmalıdır. Bundan əlavə “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən mənəvi ziyan dedikdə şəxsin barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə gətirib çıxaran və digər mənəvi xarakterli mənfi nəticələr başa düşülür. Qüvvədə olan qanunvericiliyə əsasən şəxsə vurulmuş mənəvi ziyan dedikdə, vətəndaşın fiziki və mənəvi iztirabları, onun şərəf və ləyaqətinin ləkələnməsi, ona böhtan atılması, ictimaiyyət arasında gözdən salınması məqsədi ilə barəsində həqiqətə uyğun olmayan, yalan məlumatlar yayılması, habelə mənəviyyatına, əxlaq normalarına, etiqadına zidd olan digər əməllər və hərəkətlər başa düşülməlidir. İddiaçı mənəvi ziyanın ödənilməsini tələb etdikdə keçirdiyi fiziki və mənəvi sarsıntıları sübut etməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıdan qeyd olunan Qərarına əsasən mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Bundan başqa, maddi və mənəvi zərərin müəyyən edilməsi zamanı analoji norma kimi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 190-cı maddəsinin müddəaları nəzərə alınmalıdır. Belə ki, həmin maddədə zərər çəkmiş şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə ona vurulmuş ziyana görə müvafiq məbləğdə kompensasiya almaq hüququ müəyyən edilmişdir, (ona qarşı xüsusilə ağır cinayət törədildikdə — üç yüz otuz manat, ona qarşı ağır cinayət törədildikdə — yüz altmış beş manat, ona qarşı az ağır cinayət törədildikdə — əlli beş manat, ona qarşı böyük ictimai təhlükə törətməyən cinayət törədildikdə — on bir manat). Göründüyü kimi mövcud qanunvericiliyə əsasən hər hansı şəxsə qarşı xüsusilə ağır cinayət törədildiyi halda ona ödəniləcək kompensasiyanın məbləği 330 manatdır. İndiki halda iddiaçı tələb etdiyi vəsait hər hansı sübutlara əsaslanmır, onun şəxsi mülahizələrinə dayanır, həmçinin tələb olunan kompensasiyanın maddi yaxud mənəvi zərərlə əlaqədar olduğu aşkar deyildir. İddia ərizəsində maddi zərərin mövcudluğu ilə bağlı fikirlər qeyd olunsa da, bununla bağlı hər hansı sübut (dəlil) təqdim edilməmişdir. Göstərilənlərə əsasən iddiaçıya cavabdeh tərəfindən hər hansı maddi və mənəvi zərər vurulmadığından iddia tələbi rədd edilməlidir. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil iddia ərizəsində göstərilən məzmunda izahat verərək, iddianın təmin edilməsini xahiş etdilər. Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnsan X12 Baş İdarəsinə məhkəmə iclaslarının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndələrinin məhkəmə iclasında iştirakı təmin edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin və üçüncü şəxsin nümayəndələrinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şihid qismində dindirilmiş: X5 ifadəsində bildirmişdir ki, İddiaçı işçisi olmuşdur. Əvvəldən orada işləmişdir. Polislər gəlib Fazili həbs edəndə də orada idi. Uzun müddət orada işləmişdir. 60 inək sağılırdı, cəmi 200 baş malı var idi. Hər gün səhər 370-380 litr, axşam isə 350 litr süd sağılırdı. Günorta vaxtı polislər gəlib, fermada axtarış apardılar, sonra da Fazili tutub apardılar. Mallara yem, ot ala bilmədilər. Mallar qızdırmağa başladılar. Oğlu əsgərlikdə idi. Mallara yem verən, baxan olmadı deyə tələf oldular. X9 ifadəsində bildirmişdir ki, İddiaçı qonşusudur. Özünün də ferması var idi. Fazil tutulmamışdan əvvəl təxmini 200-250 baş heyvanı vardı. Tutulandan sonra mallar qızdırdı, tələf oldu. Oğlunu əsgər apardılar, mallara baxan olmadı. X7 ifadəsində bildirmişdir ki, İddiaçı işçisi olmuşdur. Fazilin 100-dən çox heyvanı var idi. 1 oğlu var idi, o da balaca idi, sonra əsgər getdi, yavaş-yavaş mallar tələf oldu. İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar: Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-86/2022 saylı xx.xx.2022-ci il tarixli hökmünə əsasən İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144- 2.2.1, 144- 2.2.2, 144-2.2.3 və 144-2.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, ona 07 (yeddi) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, həmin cəzanın ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi, İddiaçı cəzaçəkmə müddətinin əvvəlinin 18 dekabr 2020-ci il tarixdən hesablanması, barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi hökm edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 1(103)-607/2024 saylı xx.xx.2024-cü il tarixli hökmü ilə təqsirləndirilən X2 müdafiəçisi Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144- 2.2.1, 144-2.2.2, 144- 2.2.3 və 144-2.2.4-cü maddələri ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-86/2022 saylı, 18 mart 2022-ci il tarixli hökmü ləğv edilmiş, X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144- 2.2.1, 144-2.2.2, 144-2.2.3 və 144- 2.2.4-cü maddələri ilə əməlində cinayət tərkibi olmaması əsası ilə bəraət verilmiş, X2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilərək, dərhal məhkəmə iclas zalında həbsdən azad edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli 1(102)-2131/2024 nömrəli qərarı ilə kassasiya protesti və kassasiya şikayəti təmin edilməmiş, İddiaçı bəraət almasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-607/2024 saylı, 31 may 2024-cü il tarixli hökmü kassasiya protestinə və kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. “X11 Mərkəzi”nin YDQMN №099-011/2025 saylı 11 mart 2025-ci il tarixli mütəxəssis rəyində göstərilmişdir: - Beləliklə, qiymətləndirməyə təqdim edilmiş qiymətləndirmə obyektinin dəyərini müəyyən etmək üçün müqayisə yanaşmasından istifadə etməklə, yerinə yetirilən hesablamalar və təhlillər nəticəsində uyğun müqayisə vahidləri müəyyən edilmiş, vacib müqayisə elementləri seçilmiş, həmçinin müqayisə elementləri üzrə vahidin dəyəri korrektə edilmiş və nəticədə sifariş əsasında qiymətləndirmə üzrə qoyulmuş tapşırıqlar tam olaraq yerinə yetirilmişdir. - 2020-2023-cü illər üzrə 3 il 6 ay müddətində, 60 Holşteyn-Friz cinsli iribuynuzlu heyvanlardan alınan balalarının satışından xərcləri nəzərə alınmaqla xalis gəlir nə qədər təşkil edir? - 60 baş Holşteyn-Friz cinsli inəkdən 3 il 6 ay müddətində əldə olunan 210 baş buzovun satışından xalis gəlir 84,231 AZN təşkil edir. - 2020-2023-cü illər üzrə 3 il 6 ay müddətində, 60 Holşteyn-Friz cinsli iribuynuzlu heyvanlardan alınan süd və süddən alınacaq qatığın satışından, xərcləri nəzərə alınmaqla xalis gəlir nə qədər təşkil edir? - 2020-2023-cü illər ərzində (3 il 6 ay) 60 baş Holşteyn-Friz cinsli inəkdən əldə olunan süd və bu süddən istehsal edilən qatığın satışından xalis gəlir 820,725 AZN təşkil edir. - 2020-2023-cü illər üzrə 3 il 6 ay müddətində, 90 Holşteyn-Friz cinsli buzovlarının (ət hesabı hesablamaqla) əldə olunan gəlir nə qədər təşkil edir? - Ümumi ətlin satış dəyəri 504,000 AZN təşkil edir. Bu hesablamada hər bir buzovun 9 aylıq satış qiyməti olan 700 AZN əsas götürülmüşdür. - 60 Holşteyn-Friz cinsli iribuynuzlu heyvanlarının indiki günə bazar qiyməti nə qədər təşkil edir? - 60 baş Holşteyn-Friz cinsli inəyin təxmini bazar dəyəri 192,000 AZN təşkil edir. - 90 ədəd Holşteyn-Friz cinsli buzovların bu günə olan bazar qiyməti nə qədər təşkil edir Ümumi qiymət: 90 baş * 600 AZN = 54,000 AZN təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. 68-cı maddəsinin İİ hissəsinə görə hər kəsin dövlət orqanlarının, yaxud onların vəzifəli şəxslərinin qanuna zidd hərəkətləri və ya hərəkətsizliyi nəticəsində vurulmuş zərərin dövlət tərəfindən ödənilməsi hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1101.1. Qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 1. Bu Qanunun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının müddəalarına əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində: barəsində məhkəmənin bəraət hökmü çıxarılan şəxsin cinayət təqibinə məruz qalması halında vurulmuş ziyan təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq tam həcmdə ödənilir. Maddə 4. Vurulmuş ziyanın bu Qanunla müəyyən edilmiş hallarda, miqdarda və qaydada ödənilməsi hüququ bəraətverici hökm çıxarıldıqda; cinayət təqibinə xitam verilməsi haqqında qərar çıxarıldıqda; inzibati xəta haqqında işə xitam verildikdə yaranır. Maddə 5.Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının və ya onların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (səhvi və ya sui-istifadəsi nəticəsində) nəticəsində hər bir şəxsə vurulmuş fiziki və mənəvi ziyan, hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş məbləğlər ödənilməlidir. Maddə 6.1. Bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 aprel 2020-ci il tarixli qərarı “…Mənəvi zərər insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir və yaxın şəxsin itirilməsi, fəal ictimai həyatın davam etdirilməsinin qeyri-mümkünlüyü, əmək qabiliyyətinin itirilməsi, ailə və şəxsi həyat sirrinin ictimailəşməsi, şərəf və ləyaqəti alçaldan məlumatların yayılması, müəyyən hüquq və azadlıqların qanunsuz məhdudlaşdırılması, fiziki əzab, sağlamlığazərər vurulması və s. nəticəsində yarana bilər. Mənəvi təzminat isə hüquqazidd əməl ilə zərərçəkənin mənəvi və ya fiziki bütövlüyünə edilən təcavüz nəticəsində meydana gələn ağrı və iztirabın, mənəvi sarsıntının unudulması, yaşama sevinci və arzusunun təkrar qazanılması, pozulan mənəvi tarazlığın yenidən bərpa edilməsi üçün bərabərləşdirmə vasitəsidir. Mənəvi zərərin əvəzinin ödənilməsi tələbi maddi zərərin ödənilməsi tələbindən fərqləndirilməlidir. Maddi zərərin həcmi vurulmuş ziyanın həcmi ilə şərtlənsə də, mənəvi zərərin həcmi zərərçəkmiş şəxsin mülahizəsinə əsasən iddiada müəyyən edilir və məhkəmələr tərəfindən mənəvi zərərin həcmi (miqdarı) ədalətlilik və mütənasiblik meyarları baxımından qiymətləndirilməlidir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» 31 may 2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyriəmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsi Maddə 56 və 56.01. bəraət almış təqsirləndirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir. Maddə 57.1. Cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində bu Məcəllənin 56-cı maddəsində nəzərdə tutulmuş şəxslərə vurulmuş mənəvi, fiziki və maddi ziyan ödənilməlidir. Həmçinin bu şəxslərin əmək və mənzil hüquqları bərpa edilməli, bunlar mümkün olmadıqda isə həmin hüquqların pozulması nəticəsində dəyən ziyanın pul kompensasiyası təmin edilməlidir. Maddə 58.2. Fiziki və mənəvi ziyan Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə, işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə ilk növbədə qeyd edir ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İddiaçının iddia tələbi, əsassız olaraq cinayət məsuliyyətinə cəlb olunması nəticəsində ona maddi və mənəvi zərərin ödənilməsindən ibarətdir; belə növ iddia tələblərinin həllinin qanuni əsasını isə Mülki Məcəllənin 1097 və 1101-ci maddələri təşkil edir. İddiaçının tələbi mənəvi zərərin ödənilməsi hissəsində müvafiq maddi hüquq normalarının dispozisiya şərtlərinə uyğundur. Belə ki, İddiaçı bəraət alıb həbsdən azad olunanadək 03 il 05 ay 13 gün (xx.xx.2020ci il tarixdən xx.xx.2024-cü il tarixədək) müddətində həbsdə saxlanılması işin mübahisəsiz halıdır. Deməli, hazırkı işdə İddiaçı əsassız olaraq həbs edilməsi ilə mənəvi zərər arasında səbəbli əlaqənin olması sübuta yetirilmişdir. Həbs qətimkan tədbirinə məruz qalmasının iddiaçı üçün mənəvi məhrumiyyətlərlə nəticələnməsi labüddür. Çünki işdə belə zərərin vurulmasını istisna edən halları məhkəmə müəyyən etməmişdir. Təqdim olunmuş sübutların məcmusundan da göründüyü kimi İddiaçı iddia ərizəsində qeyd etdiyi xüsusatlar (təqsirləndirilən şəxs qismində cəlb edilməsi, barəsində həbs qətimkan tədbiri seçilməsi, iddia ərizəsində qeyd etdiyi kifayət qədər uzun müddət ərzində əsassız yerə həbsdə saxlanılması) doğrudur. İddiaçıya yuxarıda qeyd edilən hallarla bağlı mənəvi ziyan vurulmuşdur və iddiaçının hazırki iddia tələbi ilə məhkəmə müraciət etməsinə subyektiv hüququ yaranmışdır. Hazırda iddiaçı mənəvi zərərin əvəzi kimi 150.000 (yüz əlli min) manat və azadlığından məhrum edildiyi müddət ərzində fermer fəaliyyəti ilə əlaqədar saxladığı heyvanların məhv olmasına, həbsdə saxlanıldığı müddət ərzində ona gətirilən ərzaqlara və müalicə və dərmanlara isə xərclərin çəkildiyinə əsaslanmaqla ona maddi ziyan vurulduğunu bildirərək 1.654.956 (bir milyon altı yüz əlli dörd min doqquz yüz əlli altı) manat məbləğində kompensasiyanın ödənilməsini tələb edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «mənəvi ziyanla» bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahatlıq, məyusluq hisslərini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, Avropa Məhkəməsi «Koinq Almaniyaya qarşı» işdə ərizəçiyə «mənəvi narahatlıq yetirilməsinə», «Artiko İtaliyaya qarşı» işdə «tənhalıq və kimsəsizlik hisslərinə», «Younq, Cames və X6rşı» işdə «alçaldıcı və təhqiredici hərəkətlərə» görə mənəvi zərər ödənilməsi qərarına gəlmişdir. Avropa Məhkəməsinin «Ədalətli kompensasiya tələbləri barədə Praktiki Qaydaları»nın 13-cü bəndinə əsasən, mənəvi zərərə aid Məhkəmənin təyin etdiyi kompensasiya qeyri-maddi zərərə, məsələn, əqli və ya fiziki əziyyətə görə maliyyə kompensasiyasının təmin olunmasına yönəlib. Məhkəmə hesab edir ki, İddiaçı 42 ay (3 il 05 ay 13 gün) müddətində ailəsindən və cəmiyyətdən təcrid olunmaqla ciddi fiziki məhrumiyyətlərə, əzablara düçar olmuş, mənəvi sarsıntı keçirmiş, onun nüfuzuna xələl gəlmiş, barəsində mənfi fikir formalaşmışdır. Məhkəmə hesab edir ki, iddiaçıya vurulmuş mənəvi zərərin məbləğinin ağlabatan və ədalətli sayılması üçün hər ayı üçün 1.000 manat hesablanmaqla 42.000 manat məbləğində müəyyən olunmalıdır. Həmçinin iddia tələbinin iddiaçıya vurulması qeyd edilən maddi zərərlə bağlı hissəsini araşdıraraq məhkəmə bu nəticəyə gəlir ki, həmin hissədə iddia tələbi əsassızdır. Belə ki, iddiaçı onun təsərrüfatına vurulmuş maddi zərərə görə 1.654.956 (bir milyon altı yüz əlli dörd min doqquz yüz əlli altı) manat məbləğində pulun tutulmasını tələb etmişdir. Bununla bağlı iddiaçı onun fermer təsərrüfatında 60 ədəd cins inək daxil olmaqla 150 ədəd iribuynuzlu heyvanlarının yiyəsiz olduğundan ölməsini göstərmişdir. İddiaçı göstərdiyi halları təsbit etməyə imkan verən mötəbər sübut təqdim etməmişdir. İddiaçı yalnız şahidlərin məhkəmə iclasında iştiraklarını təmin etməklə maddi ziyan hissəsində iddiasını sübut etməyə çalışmışdır. Təqdim olunan şahidlər məhkəmədə dindirilmişdir. Lakin onlar tərəfindən iddia tələbində irəli sürülən maddi ziyanla bağlı hallar barədə mötəbər sübut və ya məlumat məhkəməyə təqdim edilməmişdir. Başqa sözlə desək, şahid ifadələri iddiaçıya dəyən maddi zərəri təsdiq edən yetərli sübut kimi qiymətləndirilə bilməz. Belə ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. İddiaçının təqdim etdiyi mütəxəssis rəyinə münasibətdə isə qeyd edilir ki, həmin rəy konkret olaraq iddiaçıya məxsus heyvanların dəyərini deyil, ümumi şəkildə iribuynuzlu heyvanların hazırkı bazar qiymətini əks etdirir. Belə olan halda həmin rəy iddia tələbinin əsası kimi iddiaçının istinad etdiyi halı təsdiq edən sübut kimi qəbul edilə bilməz. Odur ki, məhkəmə iddiaçının ona vurulmuş maddi zərərin ödənilməsinə dair əsaslar müəyyən etmədiyindən bu hissədə iddia təmin edilməməlidir. İddianın “hüquqi xidmətlərin göstərilməsi üçün vəkilə ödənilmiş məbləğlərin iddiaçıya ödənilməsi” hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, işdə olan hüquqi yardımın göstərilməsi ilə bağlı ödənişləri təsdiq edən qəbzlər əsasında barəsində aparılan cinayət işləri üzrə İddiaçı hüquqi yardımın göstərilməsi ilə əlaqədar 2700 (1000+1000+400+300=2700) manatın ödənilməsi öz təsdiqini tapdığından iddia tələbinin bu hissəsinin 2700 manat həddində təmin edilməsini məhkəmə məqsədəmüvafiq hesab edir. Məhkəmə cavabdeh tərəfindən təqdim edilmiş iddiaya etirazda göstərilmiş məqamlarla bağlı qeyd edir ki, Maliyyə Nazirliyi özünün cavabdeh qismində göstərilməsini düzgün hesab etməmişdir, lakin nəzərə alınmalıdır ki, Maliyyə Nazirliyinin cavabdehliyi gələcəkdə qətnamənin icrası baxımından müəyyən edilən haldır. Belə ki, Maliyyə Nazirliyindən ümumən dövlət büdcəsinin icrasına nəzarət edən orqan kimi pul şəklində kompensasiya məbləğlərinin tutulması barədə mübahisələr üzrə qəbul edilmiş məhkəmə qərarları Maliyyə Nazirliyinin hüquqlarına toxunmur. Məhkəmə nəzərə alır ki, Mülki Məcəllənin 43.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası mülki hüquq münasibətlərində eynilə digər hüquqi şəxslər kimi iştirak edir. Bu hallarda Azərbaycan Respublikasının səlahiyyətlərini onun hüquqi şəxslər olmayan orqanları həyata keçirirlər. Azərbaycan Respublikası Prezidentinin 9 fevral 2009-cu il tarixli, 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə”nin İ hissəsinin 1-ci bəndinə müvafiq olaraq Maliyyə Nazirliyi Azərbaycan Respublikasının maliyyə siyasətini işləyib hazırlayan və həyata keçirən, dövlət maliyyəsinin idarə olunmasını təşkil edən, dövlət və icmal büdcələrin layihələrini hazırlayan və dövlət büdcəsinin kassa icrasını təmin edən, sığorta fəaliyyəti, dövlət borcunun idarə edilməsi, mühasibat uçotunun təşkili və aparılması sahələrində dövlət tənzimlənməsinin, dövlət büdcəsi vəsaitindən istifadə, qiymətli metalların və qiymətli daşların istehsalı, emalı və dövriyyəsi sahələrində dövlət nəzarətinin həyata keçirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır. Beləliklə, hazırkı iş üzrə iddiaçı ilə Maliyyə Nazirliyi arasında hər hansı hüquq münasibətinin mövcudluğundan asılı olmayaraq, iddiaçıya kompensasiya qismində ödənilməli olan pul vəsaiti də dövlət büdcəsi hesabına dövlət maliyyəsinin idarə olunmasını təşkil edən və dövlət büdcəsinin kassa icrasını təmin edən Maliyyə Nazirliyi tərəfindən icra edilməlidir. Nəzərə alınmalıdır ki, hər il təsdiq olunan dövlət büdcəsində hüquq mühafizə orqanlarının qanunsuz hərəkətləri nəticəsində ziyan çəkmiş, bəraət almış şəxslərə vəsaitlərin ödənilməsi ilə bağlı ayrıca bənd nəzərdə tutulur. Zərər çəkmiş şəxsə kompensasiya ödənilməsi bir sıra beynəlxalq hüquqi sənədlərdə də ifadəsini tapmışdır. «İnsan hüquqları haqqında Ümumi Bəyannamə»nin 8-ci maddəsinə əsasən hər bir şəxs onun konstitusiya və ya qanunla verilmiş əsas hüquqları pozulduğu hallarda həmin hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən təsirli şəkildə bərpa olunması hüququna malikdir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 5-ci maddəsi müəyyən edir ki, bu maddənin müddəalarının pozulması ilə tutulmadan və həbsə almadan zərər çəkmiş hər kəsin iddia tələbi ilə təmin olunan kompensasiya hüququ var. «İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 41-ci maddəsində deyilir: «Əgər Məhkəmə Konvensiya və onun Protokollarının pozulduğunu, lakin Razılığa gələn Yüksək Tərəfin daxili hüququnun yalnız bu pozuntunun nəticələrinin qismən aradan qaldırılmasına imkan verdiyini müəyyən edirsə, Məhkəmə zəruri halda, zərərçəkən tərəfə əvəzin ədalətli ödənilməsini təyin edir». Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı vurulmuş mənəvi zərərə görə 42000 (qırx iki min) manat məbləğində pul cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə dövlət büdcəsi vəsaiti hesabına ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə hesab edir ki, hazırkı mülki iş üzrə hüquqi xidmətlərin göstərilməsi üçün iddiaçı tərəfindən vəkilə ödənilmiş ödənilmiş 500 manatın cavabdehdən tutulması işin hallarına uyğun olmaqla, ədalətli və ağlabatandır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin vasitəsi ilə dövlət büdcəsinin vəsaiti hesabına mənəvi zərərin əvəzi olaraq 42000 (qırx iki min) manat və hüquqi xidmətlərin göstərilməsi üçün vəkilə ödənilmiş 3200 manat məbləğində pul İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Həbibə Miriyeva
Məhkəmə qərarları › İş №e-2(006)-2140/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-2140/2025
25.07.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver