Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2152/2022 21.06.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı «maddi və mənəvi zərərin ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı «maddi və mənəvi zərərin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vurulmuş maddi ziyana görə 100.000 manat, mənəvi ziyana görə 100.000 manat, cəmi 200.000 manat pulun cavabdeh tərəfindən ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Nəsimi RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi, polis baş leytenantı X4 tərəfindən vətəndaş X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə 13 iyul 2017-ci ildə ********* saylı cinayət işi başlanmışdır. O, 22 sentyabr 2017-ci il tarixdə Nəsimi RPİ tərəfindən şübhəli şəxs qismində tutulmuş və barəsində ilkin həbs qətimkan tədbiri seçilmişdir. 10 noyabr 2017-ci il tarixdə ********* saylı cinayət işi üzrə təqsirləndirilən şəxslər olaraq onun və X1 həbsdə saxlanılma müddəti Nəsimi Rayon Məhkəməsinin hakimi Elman İsayev tərəfindən 13 noyabr 2017-ci il tarixədək uzadılmışdır. 13 noyabr 2017-ci il tarixdə ********* saylı cinayət işinin ibtidai istintaq müddəti Bakı şəhər prokuroru İİİ dərəcəli ədliyyə müşaviri İlqar Abbasov tərəfindən 13 yanvar 2018-ci il tarixədək uzadılmışdır. 09 yanvar 2018-ci il tarixdə ********* saylı cinayət işinin ibtidai istintaq müddəti Bakı şəhər prokuroru vəzifəsini icra edən baş ədliyyə müşaviri Azər Əsgərov tərəfindən 13 fevral 2018-ci il tarixədək uzadılmışdır. 10 yanvar 2018-ci il tarixdə ********* saylı cinayət işi üzrə təqsirləndirilən şəxslər olaraq onun və X1 həbsdə saxlanılma müddəti Nəsimi Rayon Məhkəməsinin hakimi Elman İsayev tərəfindən 13 fevral 2018-ci il tarixədək uzadılmışdır. Daha sonra onun barəsində AR CPM-in 39.2-ci maddəsi ilə cinayət işinin icraatına xitam verilmişdir. 29 yanvar 2018-ci il tarixdə sübutların qiymətləndirilməsi və cinayət işinin nəticəsi haqqında qərar ilə onun PX-nin Bakı İstintaq Təcridxanasından həbsdən azad edilməsi haqqında qərar qəbul edilmişdir. O cümlədən, o, iş üzrə şahid qismində tanınmışdır. İşin hallarından müəyyən olunur ki, o, qanunsuz olaraq cinayət təqibinə məruz qalmış, 22 sentyabr 2017-ci tarixdə şübhəli şəxs qismində tutulmuş, barəsində ilkin həbs qətimkan tədbiri seçilmişdir. Ona qarşı edilmiş qanunsuzluqlar, günahsız həbsdə saxlanması, həbsdə saxlanılması üçün istintaq təcridxanasına göndərilməsi ona psixoloji cəhətdən pis təsir etmişdir. O, cəmiyyətdə normal həyat tərzi keçirən şəxs olmuş, qərardan və cinayət işi materiallarından göründüyü kimi, tutulmazdan əvvəl “tatu” salonunda işləmişdir. Qanunsuz həbs edildiyi üçün aylıq gəlirindən də məhrum olmuşdur. İddiaçının nümayəndəsi və vəkili Vəkil Şəmsəddin oğlu tərəfindən məhkəməyə ərizə ünvanlanaraq, məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsi və iddianın təmin edilməsi xahiş edilmişdir. Məhkəmə yuxarıda qeyd edilən ərizəni nəzərə alıb, mülki işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Cavabdehin nümayəndəsi X6 tərəfindən məhkəməyə etiraz ərizəsi ünvanlanaraq bildirilmişdir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iddiaçı iddia ərizəsində maddi ziyana görə 100.000 manat, mənəvi ziyana görə 100.000 manat, cəmi 200.000 manat məbləğində vəsaitin ona ödənilməsini tələb edir. İlk növbədə bildirirlər ki, iş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 2018-ci il 29 yanvar tarixli qərarından görünür ki, cinayət işi üzrə İddiaçı cinayət təqibinə Cinayət Prosessual Məcəllənin 39.2-ci maddəsinə əsasən xitam verilmiş və o, cinayət işinə şahid kimi cəlb edilmişdir. Bununla bağlı bildirirlər ki, həmin cinayət işi üzrə yekun məhkəmə hökmü iddia ərizəsinə əlavə edilmədiyindən, hesab edirlər ki, ilk növbədə həmin cinayət işi üzrə qanuni qüvvəyə minmiş məhkəmə hökmünə baxılmalıdır. Mülki Məcəllənin 1101.1-ci, 1114.3-cü maddələrinə istinad edərək qeyd edir ki, bu baxımdan iddia tələbi dövlət büdcəsinə yönəldiyindən məhkəmə tərəfindən iş üzrə təqsirkar vəzifəli şəxslərin məhkəmə prosesinə cəlb olunması, onların təqsirinin müəyyən edilməsi və dövlətin həmin şəxslərə qarşı reqres hüququndan istifadə edə bilməsi üçün hüquqi faktların məhkəmə qərarında göstərilməsi barədə qanunsuz hərəkətə yol vermiş vəzifəli şəxs məhkəmə prosesinə cəlb olunması məqsədəmüvafiqdir. Bununla bağlı qanunsuz hərəkətlərə yol vermiş vəzifəli şəxslərin məhkəməyə cəlb edilməsi barədə vəsatət etiraz ərizəsinə əlavə olunur. Mənəvi ziyanın vurulması ilə bağlı bildirir ki, iddiaçı mənəvi ziyan vurulması ilə bağlı hər hansı təsdiqedici sənədlərə istinad etməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci və 23-cü maddələrinin şərh edilməsinə dair» 31 may 2002-ci il tarixli qərarına istinad edərək, həmçinin qeyd etmişdir ki, iddiaçı mənəvi əzab çəkməsini, barəsində mənfi fikrin formalaşmasını sübut edəcək faktlar təqdim etməmişdir. Bundan başqa, maddi və mənəvi zərərin müəyyən edilməsi zamanı analoji norma kimi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 190-cı maddəsinin müddəaları nəzərə alınmalıdır. Belə ki, həmin maddədə zərər çəkmiş şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə ona vurulmuş ziyana görə müvafiq məbləğdə kompensasiya almaq hüququ müəyyən edilmişdir, (ona qarşı xüsusilə ağır cinayət törədildikdə — üç yüz otuz manat, ona qarşı ağır cinayət törədildikdə — yüz altmış beş manat, ona qarşı az ağır cinayət törədildikdə — əlli beş manat, ona qarşı böyük ictimai təhlükə törətməyən cinayət törədildikdə — on bir manat). Göründüyü kimi, mövcud qanunvericiliyə əsasən hər hansı şəxsə qarşı xüsusilə ağır cinayət törədildiyi halda ona ödəniləcək kompensasiyanın məbləği 330 manatdır. İndiki halda isə iddiaçı tələb etdiyi mənəvi zərərin miqdarını heç bir meyara söykənmədən şəxsi istəyi ilə müəyyən etmişdir və ağlabatan deyildir. Bu baxımdan onun faktlara və sübutlara deyil şəxsi mülahizələrinə söykənən bu iddiası təmin edilə bilməz. Bununla yanaşı iddia ərizəsində iddaçı bildirmişdir ki, onun barəsində cinayət işi üzrə icraat başlanana qədər tatu salonunda işləmişdir. Lakin iddiaçı aylıq gəlir və qazancını sübut edəcək faktlar, sənədlər təqdim etməmişdir. Bu səbəbdən də iddiaçının maddi ziyana görə tələbi də əsassız sayılmalıdır. Eyni zamanda, nəzərə alınmalıdır ki, maddi zərərə görə kompensasiya Maliyyə Nazirliyinə qarşı deyil, əvvəl işlədiyi işəgötürənə qarşı iddia qaldırılmalıdır. Bu səbəbdən, iddianın rədd edilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Nəsimi RPİ-nin İstintaq Şöbəsinin 29 yanvar 2018-ci il tarixli “sübutların qiymətləndirilməsi və cinayət işinin nəticəsi haqqında” qərarından görünür ki: İddiaçı 22 sentyabr 2017-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur; 10 noyabr 2017-ci il tarixdə ********* saylı cinayət işi üzrə təqsirləndirilən şəxs İddiaçı həbsdə saxlanılma müddəti Nəsimi Rayon Məhkəməsinin hakimi Elman İsayev tərəfindən 13 noyabr 2018-ci il tarixədək uzadılmışdır; 13 noyabr 2017-ci il tarixdə ********* saylı cinayət işinin ibtidai istintaq müddəti Bakı şəhər prokuroru İlqar Abbasov tərəfindən 13 yanvar 2018-ci il tarixədək uzadılmışdır; 09 yanvar 2018-ci il tarixdə ********* saylı cinayət işinin ibtidai istintaq müddəti Bakı şəhər prokuroru vəzifəsini icra edən Azər Əsgərov tərəfindən 13 fevral 2018-ci il tarixədək uzadılmışdır; 10 yanvar 2018-ci il tarixdə ********* saylı cinayət işi üzrə təqsirləndirilən şəxs İddiaçı həbsdə saxlanılma müddəti Nəsimi Rayon Məhkəməsinin hakimi Elman İsayev tərəfindən 13 fevral 2018-ci il tarixədək uzadılmışdır. Eyni zamanda, yuxarda qeyd edilən qərarla İddiaçı təqsiri sübuta yetirilmədiyindən, ********* saylı cinayət işi üzrə onun barəsində Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə cinayət təqibinə Azərbaycan Respublikası CPM-nin 39.2-ci maddəsinə əsasən xitam verilməsi, İddiaçı PX-nın Bakı İstintaq Təcridxanasından həbsdən azad edilməsi barədə qərarın qəbul edilməsi və ********* saylı cinayət işi üzrə İddiaçı şahid qismində tanınması qərara alınmışdır. İş materiallarından görünür ki, iddiaçı iddia ərizəsində qeyd etdiyi kifayət qədər uzun müddət ərzində əsassız yerə həbsdə saxlanılmışdır. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 1096-cı maddəsinin tələblərinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquqi məsuliyyət daşıyır. Qanunvericiliyin qeyd olunan müddəasının tələblərindən görünür ki, mülki hüquqi məsuliyyətin yaranması üçün bir sıra məcburi şərtlərin olması tələb olunur. Həmin şərtlərə borclunun (zərərvuranın) hüquqa zidd davranışı, həmin davranış ilə vurulmuş zərər faktı arasında səbəbli əlaqə və borclunun (zərərvuranın) təqsiri aiddir. Həmin şərtlərdən hər hansı birinin mövcud olmaması mülki hüquqi məsuliyyəti istisna edir. Mülki Məcəllənin 1100-cü madəsinin tələblərinə əsasən dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Mülki Məcəllənin 1101.1-ci madəsinin tələblərinə əsasən qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qətimkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. Mülki Məcəllənin 1101.2-ci madəsinin tələblərinə görə təhqiqat, ibtidai istintaq, prokurorluq orqanlarının qanunsuz fəaliyyəti nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərər bu Məcəllənin 1101.1-ci maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmadıqda onun əvəzi qanunla müəyyənləşdirilmiş əsaslarla və qaydada ödənilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 57.1-ci maddəsinin tələbinə görə cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində bu Məcəllənin 56-cı maddəsində nəzərdə tutulmuş şəxslərə vurulmuş mənəvi, fiziki və maddi ziyan ödənilməlidir. Həmçinin, bu şəxslərin əmək və mənzil hüquqları bərpa edilməli, bunlar mümkün olmadıqda isə həmin hüquqların pozulması nəticəsində dəyən ziyanın pul kompensasiyası təmin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 58.1-ci maddəsinin tələbinə görə cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş maddi ziyan əsaslandırılaraq hesablandıqdan sonra kompensasiyası verilməklə tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 58.2-ci maddəsinin tələbinə görə fiziki və mənəvi ziyan Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir. «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən cinayət təqibinə xitam verilməsi haqqında qərar çıxarıldıqda vurulmuş ziyanın bu Qanunla müəyyən edilmiş hallarda, miqdarda və qaydada ödənilməsi hüququ yaranır. Bu Qanunun 1-ci maddəsində göstərilmiş əməliyyat-axtarış tədbirlərinin cinayət işi başlamazdan əvvəl keçirilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququ belə tədbirlər keçirildikdən dərhal sonra yaranır. Həmin Qanunun 5-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində) hər bir şəxsə məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər, vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Qeyd edilən Qanunun 6-cı maddəsinin 1-ci bəndinə əsasən bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. Məhkəmə, iddiaçının istintaq orqanının səhvi nəticəsində mənəvi iztirab çəkməsi ilə bağlı dəlillərinə hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli və iddiaçının xeyrinə ədalətli həddə, yəni 5.000 (beş min) manat məbləğində mənəvi ziyan tutulmalıdır. «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin tələbinə əsasən təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Şəxsin barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə gətirib çıxaran və digər mənəvi xarakterli mənfi nəticələr mənəvi ziyan hesab edilir. Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan mülki qanunvericiliklə nəzərdə tutulmuş qaydada ödənilir. Həmin Qanunun 12-ci maddəsinin tələbinə əsasən fiziki və mənəvi ziyan, Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir. İstintaq və ya inzibati icraat müddətində və ya cəza çəkdiyi dövrdə şəxsə vurulmuş mənəvi ziyanın ümumi məbləği Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məhkəmə tərəfindən müəyyən edilir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəql nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarateri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «mənəvi ziyanla» bağlı təcrübəsi göstəririr ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahtlıq, məyusluq hissələrini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, Avropa Məhkəməsi «Koinq Almaniyaya qarşı» işdə ərizəçiyə «mənəvi narahatlıq yetirilməsinə», «Artiko İtaliyaya qarşı» işdə «tənhalıq və kimsəsizlik hisslərinə», «Younq, Cames və X3rşı» işdə «alçaldıcı və təhqiredici hərəkətlərə» görə mənəvi zərər ödənilməsi qərarına gəlmişdir. Avropa Məhkəməsinin «Ədalətli kompensasiya tələbləri barədə Praktiki Qaydaları»nın 13-cü bəndinə əsasən, mənəvi zərərə aid Məhkəmənin təyin etdiyi kompensasiya qeyri-maddi zərərə, məsələn, əqli və ya fiziki əziyyətə görə maliyyə kompensasiyasının təmin olunmasına yönəlib. Məhkəmə iddiaçıya ödənilməli mənəvi ziyanın həcmini 5.000 (beş min) manat müəyyən edərkən, onun əsassız yerə etmədiyi cinayət əməlində ittiham edilməsini, bununla bağlı uzun müddət istintaq aparılmasını və barəsində həbs qətimkan tədbirinin seçilməsini və s. diqqətəlayiq məqamları nəzərə alır. Digər tərəfdən məhkəmə iddianın “maddi ziyanın ödənilməsi” hissəsinə münasibətdə qeyd edir ki, iddia həmin hissədə təmin edilməməlidir. Belə ki, nəzərə almaq lazımdır ki, iddiaçı ona maddi ziyan dəyməsinin məhkəmə tərəfindən müəyyən edilməsi üçün müvafıq sübutlarını təqdim etməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi bir sıra hallarda ərizəçinin ona maddi ziyan dəyməsini sübuta yetirmədiyinə görə ona maddi ziyana görə kompensasiya ödənilməsindən imtina etmişdir. (Məsələn, «Güleç Türkiyəyə qarşı», 27 iyul 1998-ci il; «Dikmə Türkiyəyə qarşı» 1 iyul 2000-ci il). Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə qeyd edir ki, iddiaçı həbs edilmədən öncə tatu salonunda işlədiyini, qanunsuz həbs edilmə nəticəsində aylıq gəlirindən məhrum olduğunu əsas gətirərək, ona 100.000 manat məbləğində maddi ziyanın ödənilməsini tələb etsə də, iddiaçı tərəfindən bu tələbləri təsdiq edəcək hər hansı bir əsaslı sənəd (sübut) məhkəməyə təqdim edilməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına» qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı vurulmuş mənəvi zərərə görə 5.000 (beş min) manat məbləğində pul cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İddia qalan hissədə rədd edilməlidir. Məhkəmə bu nəticəyə gələrkən nəzərə alır ki, «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikasının Qanunun 6-cı maddəsinin 1-ci bəndinə əsasən, bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. Həmçinin, məhkəmə qeyd edir ki, dövlətin maliyyə siyasətinin həyata keçirilməsi və dövlət maliyyəsinin idarə olunması səlahiyyətlərini Maliyyə Nazirliyi həyata keçirir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2000-ci il tarixli, 271 nömrəli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında" Əsasnamənin 1.1-ci bəndində qeyd olunanlara əsasən Maliyyə Nazirliyi Azərbaycan Respublikasında maliyyə siyasətini həyata keçirən və dövlət maliyyəsinin idarə olunmasını təşkil edən mərkəzi icra hakimiyyəti orqanıdır. Azərbaycan Respublikası Prezidentinin 09 fevral 2009-cu il tarixli, 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamənin 1-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Azərbaycan Respublikasının maliyyə siyasətini işləyib hazırlayan və həyata keçirən, dövlət maliyyəsinin idarə olunmasını təşkil edən, dövlət və icmal büdcələrin layihələrini hazırlayan və dövlət büdcəsinin kassa icrasını təmin edən, sığorta fəaliyyəti, dövlət borcunun idarə edilməsi, mühasibat uçotunun təşkili və aparılması sahələrində dövlət tənzimlənməsinin, dövlət büdcəsi vəsaitindən istifadə, qiymətli metalların və qiymətli daşların istehsalı, emalı və dövriyyəsi sahələrində dövlət nəzarətinin həyata keçirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır. Məhkəmə qeyd edir ki, zərərin ödənilmə mənbəyi "dövlət büdcəsinin vəsaiti", zərəri ödəməli olan subyekt isə "Azərbaycan Respublikası" kimi müəyyən edilməsi əsaslıdır. Belə ki, "Azərbaycan Respublikası" dövlətin adıdır, yəni bu ifadə ilə dövlət nəzərdə tutulur. Cinayət təqibi dövlətin adından həyata keçirildiyindən cinayət təqibinə məruz qalan şəxs bəraət aldığı halda ziyana görə həmin şəxsin qarşısında dövlət məsuliyyət daşıyır. Beləliklə, baxılan işdə hüquq münasibətinin tərəfi dövlətdir, dövlətin səlahiyyətlərini isə onun orqanları həyata keçirir. Dövlətdən pul tələb olunduğu halda onun maliyyə siyasətini həyata keçirən və dövlət maliyyəsinin idarə olunmasını təşkil edən orqan dövlətin səlahiyyətlərini həyata keçirir. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı vurulmuş mənəvi zərərə görə 5.000 (beş min) manat məbləğində pul cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №e-2(006)-2152/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-2152/2022
21.06.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver