Məhkəmə qərarları › İş №e-2(006)-2164/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-2164/2022

23.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2164/2022 23.06.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Mirzəyeva Sevinc Ərəstun qızının katibliyi, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1, Cavabdeh, müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi X5 iştirakları ilə İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətini müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb etməklə Cavabdeh qarşı «subroqasiya qaydasında pul» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı «subroqasiya qaydasında pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılır ki, xx.xx.2021-ci il tarixdə baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində Cavabdeh idarə etdiyi «Hyundai Tucson» markalı, ** XT *** dövlət nömrə nişanlı avtomobil Bakı şəhəri, Nizami rayonu, M.Əliyev küçəsi ilə hərəkət edən zaman «X10 Prado» markalı, ** PN *** dövlət nömrə nişanlı avtomobillə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. Belə ki, yuxarıda qeyd olunan hadisə ilə bağlı Nizami rayon DYPŞ tərəfindən tərtib olunmuş xx.xx.2021-ci il tarixli TP ******* saylı qərarı ilə «Hyundai Tucson» markalı, ** XT *** dövlət nömrə nişanlı avtomobilin sürücüsü Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı (araməsafəsi qaydalarının pozulması) törətməkdə təqsirli bilinmişdir. Beləliklə qeyd edilən yol-nəqliyyat hadisəsi nəticəsində "xxxx" ASC-də avtonəqliyyat vasitələrinin könüllü sığortası sığortalanan «X10 Prado» markalı, ** PN *** dövlət nömrə nişanlı avtomobilə 5259 manat maddi zərər dəymişdir. MİB2000191 saylı sığorta şəhadətnaməsinə və AKS210216 saylı xx.xx.2021-ci il tarixli Sığorta ödənişi aktına əsasən "xxxx" ASC tərəfindən 3444,25 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Göstərilənlərə əsasən Cavabdeh 1806,94 manat yol-nəqliyyat hadisəsi nəticəsində verilmiş sığorta ödənişinin məbləği, 38,07 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı, ümumilikdə 1845,41 manat tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

3. Məhkəmə iclasında iddiaçı "xxxx" ASC-nin nümayəndəsi X4 iddianı müdafiə etdi, iddia ərizəsində göstərilənləri təsdiq edərək tələbin təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi.

4. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək iddianın rədd edilməsi məhkəmədən xahiş etmişdir. Cavabdeh həmçinin göstərmişdir ki, xx.xx.2021-ci il tarixli Nizami rayon DYPŞ tərəfindən tərtib edilmiş qərara əsasən «X10» markalı, ** PN *** dövlət qeydiyyat nömrə nişanlı avtomobil qaydanı pozaraq qarşısına çıxmış və nəticədə avtomobillərə ziyan dəymişdir. İdarə etdiyi «Hyundai Tucson» markalı, **-XT-*** dövlət qeydiyyat nömrəli avtomobilin icbari sığortası mövcuddur və hər hansı ödənişi ondan deyil «Azərsığorta» icbari sığorta şirkətindən, yəni hazırki iş üzrə müstəqil tələb irədi sürməyən üçüncü şəxsdən tələb edilməlidir. İddia əsassızdır və iddiaçı artıq pul tələb edir. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

5. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan RespublikasıDövlət Kommersiya Şirkətinin nümayəndəsi X7 öz izahatında göstərmişdir ki, iddianın həllini məhkəmənin mülahizəsinə buraxır. Yol nəqliyyat hadisəsinin baş verməsində hər iki tərəf təqsirli olmuşdur. İddia tələbinin əsaslı və ya əsassız olması barədə bir fikir deyə bilmirlər.

6. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

7. Belə ki, iş materiallarında olan xx.xx.2014-cü il tarixli etibarnamədən görünür ki, X3 «Hyundai Tucson» markalı ** XT *** dövlət qeydiyyat nişanlı avtomaşının idarə edilməsi ilə bağlı Cavabdeh xx.xx.2029-cu il tarixədək səlahiyyət vermişdir. Etibarnamədə səlahiyyətlərin başqa şəxsə verilə bilməməsi göstərilmişdir.

8. İş materiallarında olan AR DİN BDYPİ Qİİ tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli AD seriyalı 884173 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, ** PN *** dövlət qeydiyyat nişanlı «X10 Prado» markalı nəqliyyat vasitəsi "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC-nin adına qeydiyyata alınmışdır.

9. İş üzrə "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli etibarnamənin surətindən görünür ki, "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMCyə məxsus «X10 Prado» markalı, ağ mirvari rəngli, dövlət nömrə nişanı ** PN *** avtomobilini idarə etmək hüququ Azərbaycan Respublikası Mülki Məcəlləsinin 362.5-ci maddəsinə uyğun olaraq Babaşov Pərviz Zülfi oğluna etibar edilmişdir. Etibarnamə xx.xx.2021-ci il tarixdə verilmişdir, xx.xx.2021-ci il tarixədək qüvvədədir.

10. İş üzrə "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli AKS210216 nömrəli Avtonəqliyyat vasitələrinin könüllü sığortası şəhadətnaməsinin təsdiq edilmiş surətinə əsasən "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC-yə məxsus «X10 Prado» markalı, ** PN *** dövlət nömrə nişanlı avtomobil Kasko növü üzrə xx.xx.2023-cü il tarixədək "xxxx" ASC-də sığortalanmışdır. Həmin müqavilə üzrə azadolma məbləği 500 manat məbləğində, sığorta dəyəri 49.000 manat məbləğində, sığorta məbləği 36.750 manat məbləğində müəyyən edilmişdir.

11. İş materiallarında olan «Karabakh Auto» servis mərkəzi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli qüsur aktının surətindən görünür ki, «Toyota» markalı, ** PN *** dövlət nömrə nişanlı avtomobilə dəymiş zərər 5259 manat təşkil etmişdir.

12. İş üzrə Nizami rayon Polis İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayışın surətindən görünür ki, xx.xx.2021-ci il tarixdə saat 23 radələrində Bakı şəhəri, Nizami rayonu, M.Əliyev küçəsində yerləşən «Su Səsi» restoranın qarşısında Cavabdeh idarə etdiyi «Hyundai» markalı, dövlət qeydiyyat nişanlı **-XT-*** olan avtoobili ilə Babaşov Pərviz Zülfi oğlunun idarə etdiyi «Toyota» markalı, **-PN-*** olan avtomobili toqquşmuş nəticədə «Hyundai» markalı avtomobilin sürücüsü Cavabdeh xəsarət almışdır.

13. İş materiallarında olan Nizami RPİ TŞ-nin baş təhqiqatçısı polis mayoru Mehrac Niftəliyev tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, NK1-463 saylı araşdırma materialı üzrə qərarın təsviri hissəsində göstərilənlərə əsasən baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar sürücü Babaşov Pərviz Zülfi oğlunun əməlində cinayət tərkibi olmadığından, onun barəsində Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə cinayət işinin başlanmasının rədd edilməsi, Babaşov Pərviz Zülfi oğlunun barəsində Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsinə əsasən inzibati tənbeh tədbirinin görülməsi üçün qərarın surəti Nizami RPİ-nin DYPŞ-nə göndərilməsi, Cavabdeh barəsində Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsinə əsasən inzibati tənbeh tədbirinin görülməsi üçün qərarın surəti Nizami RPİ-nin DYPŞ-nə göndərilməsi qərara alınmışdır.

14. Həmin qərarı ilə həmçinin müəyyən edilmişdir ki, məhkəmə yol-nəqliyyat ekspertizasının xx.xx.2021-ci il tarixli 8/2506 saylı rəyinə əsasən «X10 Prado» markalı, 99PN224 dövlət qeydiyyat nişanlı avtomaşının sürücü Babaşov Pərviz Zülfi oğlunun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 42-ci maddənin 1-ci və 6-cı hissəsinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. «Hyundai Tucson» markalı 10XT987 dövlət qeydiyyat nişanlı avtomaşının sürücüsü Cavabdeh hadisənin qarşısını almağa texniki imkanı olmuş və onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddənin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur.

15. İş üzrə "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC tərəfindən "xxxx" ASC-yə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubun surətindən görünür ki, "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC-yə məxsus olan «X10 Prado» markalı, ** PN *** dövlət nömrə nişanlı avtomobil xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, M.Əliyev küçəsində yolnəqliyyat hadisəsi nəticəsində qəzaya uğramışdır. Baş vermiş sığorta nəticəsində avtomobilə dəymiş 5259,00 manat maddi zərərlə əlaqədar hesablanmış 3444,25 manat sığorta ödənişi məbləği ilə razıdırlar, gələcəkdə "xxxx" ASC-nə qarşı heç bir iddiaları olmayacaq. Həmçinin öz imzalarla təsdiq edirlər ki, sığorta ödənişi həcmində zərərvuran şəxsə qarşı iddia qarlırmaq hüququ subroqasiya qaydasında "xxxx" ASC-nə keçir. 3444,25 manat məbləğində sığorta ödənişinin hesaba köçürülməsinə göstəriş verməsini xahiş etmişlər.

16. İş üzrə "xxxx" ASC tərəfindən Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubun təsdiq edilmiş surətindən görünür ki, xx.xx.2021-ci il tarixdə Nizami rayonu, M.Əliyev küçəsində Şirkətində «Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası» növü üzrə sığortalanmış «Hyundai Tucson» markalı, 10XT987 dövlət qeydiyyat nişanlı avtomobilin iştirakı ilə nəqliyyat hadisəsi baş vermişdir. Nəticədə, "xxxx" ASC-də «Avtonəqliyyat vasitələrinin könüllü sığortası» növü üzrə sığortalanmış «X10 Prado» markalı, ** PN *** dövlət nömrə nişanlı avtomobilə zərər dəymişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936-cı maddəsinin tələbləri nəzərə alınmaqla, müvafiq sığorta hadisəsinin mənzimlənməsi ilə əlaqədar olaraq "xxxx" ASC-də sığortalanmış avtomobilə dəymiş zərərin qiymətləndirmə prosesində nümayəndəsinin iştirakını təmin etməsini və sığorta hadisəsinin tənzimlənməsi ilə əlaqədar təklifləri olduğu təqdirdə 3 iş günü müddətində Cəmiyyətə yazılı şəkildə təqdim edilməsi üçün aidiyyatı üzrə göstəriş verməsini xahiş etmişlər.

17. İş üzrə "xxxx" ASC tərəfindən Cavabdeh, surəti X2 ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubun təsdiq edilmiş surətindən görünür ki, xx.xx.2021-ci il tarixdə Nizami rayonu, M.Əliyev küçəsində «Hyundai Tucson» markalı, 10XT987 dövlət qeydiyyat nişanlı avtomobilin iştirakı ilə nəqliyyat hadisəsi baş vermişdir. Nəticədə, "xxxx" ASC-də «Avtonəqliyyat vasitələrinin könüllü sığortası» növü üzrə sığortalanmış «X10 Prado» markalı, ** PN *** dövlət nömrə nişanlı avtomobilə zərər dəymişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936-cı maddəsinin tələbləri nəzərə alınmaqla, müvafiq sığorta hadisəsinin mənzimlənməsi ilə əlaqədar olaraq "xxxx" ASC-də sığortalanmış avtomobilə dəymiş zərərin qiymətləndirmə prosesində nümayəndəsinin iştirakını təmin etməsini və sığorta hadisəsinin tənzimlənməsi ilə əlaqədar təkliflərini 4 iş günü müddətində Cəmiyyətə yazılı şəkildə təqdim etməsini etmişlər.

18. İş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş AKS210216 nömrəli, xx.xx.2021-ci il tarixli sığorta ödənişi aktının təsdiq edilmiş surətindən görünür ki, xx.xx.2021-ci il tarixdə baş vermiş sığorta hadisəsi nəticəsində "xxxx" ASC tərəfindən kasko növü üzrə sığortalanmış və "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC-yə məxsus «X10 Prado» markalı, ** PN *** dövlət nömrə nişanlı avtomobilə dəymiş ziyanın məbləği 5259 manat təşkil etmiş, 3444,25 manat sığorta ödənişi həyata keçirilmişdir.

19. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, 009175 saylı ödəniş tapşırığının surətindən görünür ki, "xxxx" ASC tərəfindən "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMCyə xx.xx.2021-ci il tarixli AKS210216 saylı akta əsasən 3444,25 manat sığorta ödənişi ödənilmişdir.

20. İş üzrə "xxxx" ASC tərəfindən verilmiş hesabdan çıxarışın təsdiq edilmiş surətindən görünür ki, "xxxx" ASC tərəfindən xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə 06061983 saylı akta əsasən 1637,31 manat sığorta ödənişi ödənilmişdir.

21. ş üzrə xx.xx.2021-ci il tarixli inzibati xəta haqqında protokolun və həmin protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarının surətindən görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixində, saat 23:00 radələrində «Hyundai Tucson» markalı 10XT987 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən ara məsafəsi qaydalarını pozmuşdur. Nəticədə Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 maddəsinə əsasən 40 manat məbləğində cərimə növündə tənbeh tətbiq edilmişdir.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

22. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, Cavabdeh "xxxx" ASC-nə kasko növü üzrə sığortalanmış «Hyundai Tucson» markalı, 10XT987 dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən yol hərəkəti qaydalarını pozaraq, "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC-yə məxsus və Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətində icbari növü üzrə sığortalanmış «X10 Prado» markalı, ** PN *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə avtomobillərə maddi ziyan vurulmuşdur. Sığorta aktlarına əsasən "xxxx" ASC tərəfindən zərər dəymiş avtomobillərin sahiblərinə dəymiş zərər ödənilərək sığorta ödənişi həyata keçirilmiş, hazırda isə "xxxx" ASC 1806,94 manat məbləğində pulu subroqasiya qaydasında cavabdehdən tutulması barədə iddia ilə məhkəməyə müraciət etmişdir.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

23. Məhkəmə iddianın hüquqi əsaslılığı ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.

24. Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır.

25. Qeyd olunan Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur.

26. Həmçinin, Mülki Məcəllənin 1108.1-ci maddəsinin tələbinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.

27. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 916.1-ci maddəsinə əsasən əgər sığortalı zərərin əvəzini ödəmək tələbini üçüncü şəxs qarşısında irəli sürə bilərsə, həmin tələb sığortaçıya bu şərtlə keçir ki, o, zərərin əvəzini sığortaçıya ödəmiş olsun. Əgər sığortalı üçüncü şəxs barəsində tələbindən və ya tələbinin yerinə yetirilməsi hüququndan imtina edərsə, sığortaçı öz xərclərinin əvəzinin ödənilməsi hüququnun həyata keçirilməsi nəticəsində və ya tələbin irəli sürülməsi ilə əlaqədar əldə edə biləcəyi həcmdə zərərin əvəzini ödəmək vəzifəsindən azad edilir.

28. İcbari Sığortalar haqqında Azərbaycan Respublikasının qanununun 58.3–2-ci maddəsinə əsasən fiziki şəxsin həyatına və ya sağlamlığına zərər vurulduğu hallar istisna olmaqla, sığorta hadisəsinin baş verməsində sığorta olunanla yanaşı, üçüncü şəxsin də təqsiri müəyyənləşdirilərsə, vurulmuş zərərə görə sığorta ödənişi üçüncü şəxsin təqsirinin dərəcəsinə mütənasib məbləğdə azalır.

29. Məhkəmə qeyd edir ki, iş materiallarına əsasən müəyyən edilir ki, Cavabdeh və «X10 Prado» markalı, ** PN *** dövlət nömrə nişanlı avtomobilin sürücüsünün hər ikisinin yol nəqliyyat hadisəsi zamanı təqsirinin olması aşkar edilmişdir. İcbari Sığortalar haqqında Azərbaycan Respublikasının qanununun 58.3–2-ci maddəsinə əsasən isə Cavabdeh təqsirinə uyğun olaraq ümumi hesablanan zərərin yarısını sonuncunun icbari siğorta şirkəti olan Dövlət Kommersiya Sığorta Şirkəti tərəfindən «X10 Prado» markalı, ** PN *** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisinə ödənilmişdir. Yəni Cavabdeh öz üzərinə düşən öhdəliyini tam şəkildə (dolayı yolla) həyata keçirmişdir.

30. Göstərilən xüsusatları nəzərə alaraq məhkəmə bu nəticəyə gəlmişdir ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikası Dövlət Sığorat Kommersiya Şirkətini müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb etməklə Cavabdeh qarşı «subroqasiya qaydasında pul» tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir.

31. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

32. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

33. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

34. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

35. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

36. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırki halda iddia təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu da iddiaçıya aid edilməlidir.

37. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətini müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb etməklə Cavabdeh qarşı «subroqasiya qaydasında pul» tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Ramin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar