Məhkəmə qərarları › İş №e-2(006)-2251/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-2251/2025

03.07.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2251/2025 03.07.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə İddiaçı Cavabdeh ASC-yə qarşı pul tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Lotoreyalar haqqında” Azərbaycan Respublikası Qanununu və İdman mərc oyunlarının həyata keçirilməsi məqsədi ilə hüquqi şəxsin akkreditasiya olunması qaydalarını rəhbər tutmaqla Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən 1253 manat pulun, dövlət rüsumunun əvəzi olaraq ödədiyi 32.53 manatın tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2024-cü ildə saat 18:20 radələrində misli.az mərc saytında UEFA AVRO 2024 X2-Serbiya milli komandalarının qarşılaşmasına 350 manat mərcə pul qoymuş, 3.58 əmsal verilən kupon üzrə 1253 manat pul qazanmışdır. İddia ərizəsinə əlavə etdiyi kupon çıxarışından görünür ki, o, qazanmış və qeyd olunmuşdur ki, kupon gözləyir. Lakin, sonradan həmin pulu tələb etdikdə misli.az-ın operatoru əmsallarda yanlışlığa yol verdiklərini bildirdi və ona udduğu 1253 manat pulu verməkdən imtina etmişlər. Ona nə verəcəklərini soruşduqda elə qoyduğu məbləğ qədər uduş əldə etdiyini bildirmişlər. Əmsal (koefisent) 3.58 göstərməsəydi, o, heç riskə gedib 350 manat mərcə pul qoymazdı. Cavabdeh Azərlotereya ASC vətəndaşları əvvəlcə şirnikləndirərək sonradan onları aldadır, udduqları məbləği verməkdən imtina edir. Bu hüquqa və qanunvericiliyə tamamilə zidd hərəkətdir. Cavabdeh iddiaya etiraz təqdim edərək, iddianın təmin edilməməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iştirakçıdan idman yarışlarında meydana gələn hadisələr, şərait və nəticələr ilə əlaqədar mərc növlərindən birində (konkret bir limitdən "Alt/Üst" vurulan qol sayı, qırmızı kartın olub olmadığı, müəyyən bir limitin altında və ya üstündə sarı ya da qırmızı kart olub olmayacağı, vurulan toplam qolun bir limitin altında ya da üstündə olub olmadığı və buna bənzər mərclər) qalib gələn nəticə və ya nəticələri proqnoz etməsi və bununla əlaqədar olan mərcin qoyuluşunu müəyyən edən oyunun oynanıldığı zaman həyata keçirməsi tələb olunur. Əlaqədar əməliyyat, qalib gələn nəticənin hansı meyarlar nəzərdə tutularaq müəyyən ediləcəyi, təqdim olunan mərc növü və lazımi məlumatlar proqramda göstərilir. İddia ərizəsində qeyd edilən faktlara gəldikdə isə, iddiaçı 20 iyun 2024-cü il tarixində Bakı vaxtı ilə saat 18:26-da misli.az virtual mühitində yerləşən şəxsi kabinetində futbol üzrə X1-Serbiya oyununda həmin Qaydaların 7.24.3-cü maddəsində nəzərdə tutulmuş hadisəyə, yəni konkret bir limitdən, bu halda 1.5 limitindən "Üst" vurulan qol sayına canlı mərc etmişdir. Yəni iddiaçı oyunda ən azı 2 qol vurulacağına mərc etmişdir. Mərc edilərkən misli.az virtual mühitində bu canlı mərc üzrə 1.5 Üst hadisəsi üçün təklif edilən əmsal 3.58 olmuşdur. Oyunun 69-cu dəqiqəsinədək hesab 0-0 olmuşdur. Lakin, iddiaçının mərc etdiyi anda oyunda artıq bir qol vurulmuşdur. Oyunun 69-cu dəqiqəsində Sloveniya futbolçusu Karniçnikbu oyunda hesabı açmışdır. Mərc edilən hadisənin reallaşma ehtimalı artdığı üçün, bu halda əmsal azaldılmalı idi. Beynəlxalq təcrübəyə uyğun olaraq, idman mərc oyunları industriyasında əmsallar, o cümlədən canlı oyunlarda əmsallar idman mərc operatorlarına bu sahədə xüsusi ixtisaslaşmış xidmət provayderləri (məsələn, Sportradar/Betradar) tərəfindən təqdim edilir. Canlı mərclərdə əmsallar oyunda baş verən hadisələrə uyğun dəyişir. Xidmət provayderi canlı mərc üçün təqdim edilmiş oyunları izləyərək əmsallarda dəyişiklikləri sistemə daxil edir. Müqavilə əsasında canlı mərclərdə "xxxx" ASC-yə əmsal verilməsi və yenilənməsi xidmətini provayder Sportradar (Betradar) şirkəti həyata keçirir. Həmin şirkətdən daxil olan emaillərdə Sloveniya-Serbiya matçı ilə bağlı texniki çətinliklərin baş verdiyi qeyd edilir. Əlavə edək ki, misli.az virtual mühitində canlı mərclərə provayderdən gələn başlanğıc və yenilənən əmsallar kompüter alqoritmi əsasında daxil edilir. Riskin idarə edilməsi mərkəzi məlumat ötürülməsində gecikmə aşkar etdikdə mərci bağlayır. Provayder tərəfindən 20 iyun saat 18:48-də "xxxx" ASC-nin riskin idarə edilməsi mərkəzinə göndərilən emaildə bildirilir: "Futbol., Beynəlxalq- 2024-06-20 13:00:00 (UTC)- Sloveniya-Serbiya (Matç nömrəsi: ********). Matç texniki səbəblərdən canlı mərclərdən silinəcəkdir. Hesablaşmalar oyun başa çatandan sonra həyata keçiriləcəkdir". Provayder tərəfindən 20 iyun saat 18:49-da "xxxx" ASC-nin riskin idarə edilməsi mərkəzinə göndərilən emaildə bildirilir: "Hörmətli cənab/xanım, Hazırda biz bəzi matçlar üzrə məlumatların yenilənməməsi ilə əlaqədar canlı mərclər servisimizə təsir edən problemi təhqiq edirik. Sloveniya-Serbiya oyununa da bu problem təsir edib və biz ən yüksək prioritetlə bunun üzərində işləyirik. Xoş arzularla, Sportradar Dəstək sportradar.com"Provayder tərəfindən 20 iyun saat 19:29-da "xxxx" ASC-nin riskin idarə edilməsi mərkəzinə göndərilən emaildə bildirilir: "Hörmətli cənab/xanım, Sizə məlumat vermək istəyirik ki, problem aradan qaldırılmışdır. Problem 14:23 UTC ilə 14:59 UTC arasında baş vermişdir. Mühəndislərimiz hələ də detalları araşdırır. Biz tezliklə sizə yeni məlumat göndərəcəyik. Xoş arzularla, Sportradar Dəstək sportradar.com". Provayder tərəfindən 20 iyun saat 21:08-də "xxxx" ASC-nin riskin idarə edilməsi mərkəzinə göndərilən emaildə bildirilir: "Hörmətli cənab/xanım, Biz monitorinqimizi davat etdirəcəyik və sizə məlumat verə bilərik ki, təsirə məruz qalmış zaman kəsiyindəki mərclərin əksəriyyətini artıq ləğv etmişik. Xoş arzularla, Sportradar Dəstək sportradar.com". Qeyd: Emaillərdə qeyd edilən UTC Qrinviç meridianı üzrə hesablanan vaxt standartıdır. Bakı vaxtını müəyyən etmək üçün UTC üzərinə 4 saat gəlmək lazımdır (UTC+ 04:00). Göründüyü kimi, canlı mərclərdə "xxxx" ASC-yə əmsal verilməsi və yenilənməsi xidmətini göstərən provayder Sportradarın daxili sistemində Bakı vaxtı ilə saat 18:23-18:59 radələrində texniki çətinliklər mövcud olduğu üçün provayder Sloveniya-Serbiya oyununda mərc qəbulunun bağlanmasını və ya əmsal azaldılmasını vaxtında icra edə bilməmişdir. Riskin idarə edilmə mərkəzi əmsalların bağlanmamış və ya dəyişdirilməmiş qaldığını görərək saat 18:30-da oyunu mərc üçün bağlamışdır. 18 dəqiqə sonra provayder tərəfindən texniki çətinliklə bağlı ilk məlumat emaili göndərilmişdir. Riskin idarə edilmə mərkəzi həmin Qaydalar m 4.18-ci maddəsinə uyğun olaraq, oyun əmsallarında aşkar edilmiş texniki səhvi nəzərə alaraq, düzgün əmsalları (yəni provayderin mərci ləğv etməsi halında nəzərdə tutulan 1,0 əmsalı) tətbiq edərək uduşların ümumi məbləğini hesablamış və iddiaçıya qazanılan miikafat kimi 1,0 əmsalı ilə hesablamanın nəticəsində meydana gələn məbləği ödəmişdir. Mərc oyunları industriyasında belə hallar baş verə bildiyi üçün bu həm Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 20 avqust tarixli 153 nömrəli qərarı ilə təsdiq edilmiş "İdman mərc oyunlarının təşkili və keçirilməsi Qaydaları" ilə (4.18 və 6.5-ci bəndlər) tənzimlənmiş, həm də iddiaçının təqdim etdiyi ekran görüntüsündən də göründüyü kimi, oyun iştirakçılarına müraciətlə "misli.az, statistik məlumatları təqdim edən şirkətdən alınan məlumatların düzgünlüyünə görə məsuliyyət daşımır" bildirişi verilmişdir. "xxxx" ASC və ya onun riskin idarə edilmə mərkəzi tərəfindən hər hansı qanunvericilik pozuntusu na yol verilməmiş, riskin idarə edilməsi mərkəzi həmin Qaydaların 4.18-ci maddəsi ilə Operatora verilən hüquqdan kənara çıxmamışdır. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi işə mahiyyəti üzrə baxılmasını tələb edərək, iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan misli.az statistik məlumatlarından görünür ki, xx.xx.2024-cü il tarixdə saat 18:26-da Sloveniya-Serbiya oyununda üst əmsal 3.58 müəyyən edilməklə qazanc 1253 manat göstərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 405.2-ci maddəsinə əsasən müqavilə tərəflərdən birinin oferta (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 430.1-ci maddəsinə əsasən əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Həmin Məcəllənin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 1083.1-ci maddəsinə əsasən oyunlar və mərclər hər hansı təsərrüfat məqsədi daşımayan müqavilələrdir, onlara əsasən iştirakçılar qismən də olsa, qeyri-müəyyənlikdən və ya təsadüfdən asılı olan mənfəət götürür və ya zərər çəkirlər. Bu fəslin müddəaları törəmə maliyyə alətlərinə şamil edilmir. Həmin Məcəllənin 1084-cü maddəsinə əsasən lotereyalar və idman mərc oyunları istisna olmaqla, oyun və mərc üzrə heç bir tələb əmələ gəlmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 20 avqust tarixli 153 nömrəli qərarı ilə təsdiq edilmiş "İdman mərc oyunlarının təşkili və keçirilməsi Qaydaları"nın 2.18-ci maddəsinə uyğun olaraq, riskin idarə edilməsi mərkəzi — sabit ehtimallı mərc oyunlarında tətbiq olunan əmsalların müəyyən edildiyi, yeniləndiyi və oynanılan mərclərin izlənildiyi mərkəzdir. Həmin Qaydaların 4.2-ci maddəsinə əsasən satıcı uduşlu mərc biletlərini mərc oyunlarının şərtlərində göstərilmiş qəbul müddəti ərzində, mərc oyunu iştirakçılarının ilk tələbi əsasında qəbul etməlidir. Həmin Qaydaların 4.3-cü maddəsinə əsasən virtual satıcı uduşlu elektron mərc biletlərinin uduşlarını avtomatik olaraq mərc oyunçularının hesablarına köçürür. Həmin Qaydaların 4.4-cü maddəsinə əsasən uduş mərc biletinin uduşa düşdüyü tarixdən etibarən ən geci 10 (on) bank günü ərzində iştirakçıya ödənilir. Həmin Qaydaların 4.5-ci maddəsinə əsasən uduşlar bir il müddətində qüvvədə olur və tərtib tarixindən etibarən bir il ərzində təqdim edilməyən biletlərin uduşları köhnəlmiş hesab edilir. Bu biletlərə uduş məbləği ödənilmir. İstifadə müddəti keçən uduşlar Operatorun gəliri kimi qeydə alınır. Uduş üzrə son müraciət tarixi qeyri-iş gününə təsadüf etdiyi halda, ondan sonrakı ilk iş günü, iş saatı bitənə qədər uduş ödənilir. Uduşu ödənilən biletlər 12 (on iki) ay ərzində saxlanılır. Həmin Qaydaların 4.18-ci maddəsinə əsasən oyun əmsallarında səhv varsa və bu səhvə uyğun olaraq mükafatın ümumi məbləği hesablanıbsa, Operator düzgün əmsalları tətbiq edərək uduşların ümumi məbləğini hesablamaq və iştirakçıya qazanılan mükafat kimi bu hesablamanın nəticəsində meydana gələn məbləği ödəmək hüququnu özündə saxlayır. Məhkəmə qeyd edir ki, iddiaçının idman mərc oyunları üzrə cavabdehlə bağladığı mülki hüquqi müqaviləyə əsaslanan uduşun ona ödənilməsini tələb etmək hüququ Mülki Məcəllə ilə qorunan və təminat altına alınan mülki hüquqlara aiddir və Mülki Məcəllənin 6.3-cü maddəsi ilə tənzimlənən mülki qanunvericiliyin prinsiplərindən biri kimi-mülki hüquqların yalnız qanunla məhdudlaşdırıla biləcəyi məzmunlu imperativ qaydası bu hüquqları da özünün qoruma sferasına daxil edir. Cavabdehin Sloveniya-Serbiya matçı ilə bağlı texniki çətinliklərin baş verməsi, riskin idarə edilməsi mərkəzinin məlumat ötürülməsində gecikmə aşkar etdikdə mərci bağlaması, provayderin Sloveniya-Serbiya oyununda mərc qəbulunun bağlanmasını və ya əmsal azaldılmasını vaxtında icra edə bilməməsi dəlilləri onun öz hüquqlarından sui-istifadə etməsi kimi qiymətləndirilir. Çünki, tərəflər arasında yaranmış münasibətlər anında mərc əmsalının 3.58 olması cavabdeh tərəfindən də qəbul edilməklə, texniki xəta nəticəsində həmin əmsalın az əks edilməli olması ehtimalı ilə baş vermiş uduşun ödənilməsindən imtina edərkən normativ-hüquqi akt olan Nazirlər Kabinetinin qərarına istinad edilməsi (Qaydaların 4.18-ci bəndi), bu zaman normativ-hüquqi aktların iyerarxiyasına uyğun olaraq daha üst akt olan Qanunun forma, məzmun şərtlərinə və qaydalarına uyğun bağlanmış, Qanunla qorunan müqavilədən və onun icrasından imtina edilməsi qəbul edilməzdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.3-cü madəsinəsə əsasən hüquqdan sui-istifadə xüsusən 560.3.1. qeyri-qanuni və ya müqavilənin ziddinə əldə edilmiş hüquqların həyata keçirilməsi; 560.3.2. şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi; 560.3.3. müdafiə edilməli olan şəxsi mənafeyin əsaslarını təşkil etməyən hüququn həyata keçirilməsi; 560.3.4. digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hesab edilir. Məhkəmə hesab edir ki, cavabdehin xx.xx.2024-cü il tarixdə Sloveniya-Serbiya matçı ilə bağlı texniki çətinliklərin baş verməsi onun 1253 manat ödənişi etməməsi üçün əsas hesab edilə bilməz. Odur ki, iddia təmin edilməli 1253 manat cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən ödənilmiş dövlət mrüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh ASC-dən 1253 manat və ödənilmiş dövlət rüsumuna görə 32.53 manat alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nail Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar