Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2271/2025 31.07.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Şəmmədova Şəhla Eynur qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı «vurulmuş maddi və mənəvi zərərin ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı «vurulmuş maddi və mənəvi zərərin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, maddi ziyana görə 639.922 manat (indeksasiya olunmaqla), mənəvi ziyana görə 5.000.000 manat həcmində kompensasiyanın cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyindən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, maddi ziyana görə 639.922 manat (indeksasiya olunmaqla), mənəvi ziyana görə 5.000.000 manat həcmində kompensasiyanın cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə, Dövlət büdcəsinin vəsaiti hesabına ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 2017-ci ilin may ayının 1-dən başlayaraq, Tərtər bölgəsində yerləşən hərbi hissələrdə xidmət göstərən hərbi qulluqçular arasında kütləvi şəkildə olmaqla, «düşmənə xidmət göstərən xəyanətkarlar» axtarılmağa başladı və bu barədə 2017-ci il may ayının 7-də AR Baş Prokurorluğu, Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti birgə bəyanat yaydı. Həmin bəyanatda deyilirdi: «Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat və xüsusi xidmət orqanları tərəfindən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Tərtər rayonu istiqamətində yerləşən bölmələrinə və yaşayış məntəqələrimizə qarşı genişmiqyaslı təxribat fəaliyyətinin həyata keçirilməsinin planlaşdırıldığı barədə əldə edilmiş məlumat əsasında aparılmış tədbirlər nəticəsində müəyyən olunub ki, xalqına, vətəninə və dövlətinə xəyanət yolunu tutan iradəsi zəif, vətəndaşlıq ruhunu və vətəninə bağlılığını itirmiş bir qrup hərbi qulluqçular və digər mülki şəxslər Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə olaraq düşmən kəşfiyyatçıları ilə məxfi əməkdaşlığa cəlb edilərək müxtəlif vaxtlarda maddi maraqları naminə hərbi sirr təşkil edən məlumatları əldə etməklə düşmən tərəfinə ötürüblər». Bəyanatdan o da məlum oldu ki, Azərbaycan Respublikası Hərbi Prokurorluğu dövlətə xəyanət və hərbi xidmət əleyhinə olan digər cinayət faktları üzrə 3 may 2017-ci ildə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) və digər bir sıra maddələri ilə cinayət işi başlayıb. Bir müddət sonra isə, bu «cinayət işi» üzrə məhkəmə hökmləri ilə 25 nəfərə yaxın şəxsin təqsirləndirilərək 10 ildən, 20 ilədək müddətə azadlıqdan məhrum edildiyi, eyni zamanda, yüzlərlə əsgər və zabitin (dəqiq sayı məlum deyil) bu «cinayət işinin istintaqı» zamanı amansız işgəncələrə məruz qaldığı və ən azı 11 nəfər hərbiçinin vəhşicəsinə verilən işgəncələr nəticəsində həyatını itirdiyi barədə xəbərlər yayıldı. İddiaçı, İddiaçı mərhum övladı, N nömrəli hərbi hissənin 2-ci taborunun maddi-texniki təminat tağımının avtomobil manqasının sürücüsü, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər X13 da, 03 may 2017-ci il tarixində, günorta saatlarında, qanunsuz sorğulamaların aparıldığı işgəncə məkanına gətirilmış və may ayının 6-sı səhər saatlarına qədər dəhşətli işgəncələr altında öldürülmüşdür. X6 ölümü ilə bağlı Tərtər Hərbi Məhkəməsinin 1(098)-9/2019 saylı, 13 mart 2019-cu il tarixli hökmündə yazılır: «...Bundan başqa, Fuad Ağayev 03 may 2017ci il tarixdə günorta saatlarında, əsgər Turan İbrahimlinin verdiyi məlumata əsasən, dövlətə xəyanət etməkdə şübhəli bildiyi N nömrəli hərbi hissənin 2-ci taborunun maddi-texniki təminat tağımının avtomobil manqasının sürücüsü, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər X8 fiziki və psixi zor tətbiq edilməklə və işgəncə verilməklə sorğusual edilməsi üçün həmin hərbi hissənin köhnə qərargah binasına gətizdirmişdir. Elçin Quliyev düşmənlə əməkdaşlıq etməsini təkzib etdiyindən Fuad Ağayev, habelə onun qanunsuz göstərişinə əsasən Cabir Qəhrəmanov, Sənan Maşıyev, Elçin Əliyev, Qurban Cümşüdov, Cavid Ağadadaşov, Ruslan Mikayılov, Polad Əzizov və qrupun hal-hazırda istintaqla şəxsiyyətləri müəyyən edilməmiş digər üzvləri, Elçin Quliyevin köhnə qərargah binasına gətirildiyi vaxtdan 06 may 2017-ci il tarixdə səhər saatlarınadək olan müddətdə, həmin binada olduqları müxtəlif vaxtlarda, qabaqcadan əlbir olan bir qrup şəxs halında Elçin Quliyevdən onun düşmən tərəfindən kimin vasitəsilə, hansı şəraitdə, nə vaxtdan məxfi əməkdaşlığa cəlb edilməsi, düşmənlə əlaqələri, onun özünün hansı hərbi qulluqçuların düşmən tərəfindən məxfi əməkdaşlığa cəlb edilməsini təşkil etməsi, düşmənlə əməkdaşlıq edən digər hərbi qulluqçular barədə məlumatlar verməsini tələb edərək, təkrarən qəsdən xüsusi amansızlıqla, o cümlədən ağır iztirablar verməklə aşkar surətdə köməksiz vəziyyətdə olan Elçin Quliyevə qarşı zorakı hərəkətlər etmiş, yəni günün müxtəlif, o cümlədən gecə saatlarında, arada müəyyən fasilələr verilməklə, davamlı şəkildə köhnə qərargah binasının ikinci mərtəbəsində olan otaqlarda, habelə dəhlizdə əynində olan paltarlarını soyundurub əllərini və ayaqlarını yapışqanlı lentlə və ya iplə, habelə ətrafda baş verənləri görməməsi üçün gözlərini əski parçası ilə bağladıqları Elçin Quliyevin bədəninin müxtəlif nahiyələrinə yumruq, şillə və təpiklə, habelə plastik boru və digər küt əşyalarla çoxsaylı zərbələr vurmuş, onu üzü üstə uzadıb tərpənməməsi, müqavimət göstərə bilməməsi üçün qollarından və ayaqlarından tutub, başını vannadakı suyun içinə salıb bir neçə saniyə saxlamış, nəfəs ala bilmədiyindən boğulmaq həddinə çatdıqda başını sudan çıxarıb nəfəs almasına imkan vermiş, sonra yenidən həmin prosesi eyni qaydada bir neçə dəfə davam etdirmiş, habelə onu arxası üstə uzadıb tərpənməməsi, müqavimət göstərə bilməməsi üçün başından, qollarından və ayaqlarından tutub əski parçasını onun ağzının üstünə qoymuş, əskinin üstündən ağzına su tökmüş, su ağzına dolduğundan və nəfəs ala bilmədiyindən boğulmaq həddinə çatdıqda ağzının üstündən əskini götürərək nəfəs almasına imkan vermiş, sonra yenidən həmin prosesi eyni qaydada bir neçə dəfə davam etdirmiş, boğularaq çabaladıqda tutub saxlamış, daha şiddətli təsir etməsi üçün onun üstünə su töküb xüsusi qurğu vasitəsi ilə, naqillərini bədəninin müxtəlif nahiyələrinə birləşdirməklə bədəninə bir neçə dəfə elektrik cərəyanı vermişlər. Elçin Quliyev düşmənlə məxfi əməkdaşlıq etməsini etiraf etdikdən sonra da əlavə məlumatlar almaq, daha çox «vətən xaini» ifşa etmək, habelə törətdiyi əməllərə görə ondan qisas almaq məqsədilə, eyni üsullarla fiziki zor tətbiq etməyə və işgəncə verməyə davam edərək, Elçin Quliyevə «alın nahiyəsində sağda, burun kökü, sol qulaq seyvanı və qulaqarxası sahədə sıyrıqlar, hər iki çiyin qurşağı, yuxarı və aşağı ətraflarda, qalça tini nahiyəsində öndə ətrafı sıyrıqlı qançırlar, döş qəfəsinin bütün sahələrində, sol sağrı nahiyəsində sıyrıqlar, hər iki bilək nahiyəsində dairəvi formalı sıyrıq, hər iki bazu və sağrı nahiyələrində qançırlar və dərialtı hematomalar, başın yumşaq toxumalarının iç səthlərində yayılmış qansızmalar, baş beyin toxumasının ödemli olması, ağciyərlərin kəskin ödemi, çoxsaylı subplevral qansızmalar, hər iki böyrək və böyrəkətrafı toxumalara qansızma» xəsarətlərini yetirərək, qəsdən onun sağlamlığına insan həyatı üçün təhlükəli olan ağır zərər vurmuş, zəruri tibbi yardım göstərilməsini, habelə ixtisaslaşdırılmış tibb müəssisəsinə yerləşdirilməsini təmin etməmişlər. X19 bədənin çoxsaylı küt travması nəticəsində bədəninin ümumi intoksikasiyası və poliorqan çatmamazlığı səbəbindən 06 may 2017-ci il tarixdə səhər saatlarında işgəncələrə məruz qaldığı və qanunsuz saxlanıldığı köhnə qərargah binasında ölmüşdür». X6 2017-ci ilin may ayının 3-dən 6-na qədər qanunsuz sorğulamalara cəlb edilərək saxlanılması və ağır işgəncələrlə üç gün ərzində öldürülməsi faktı, Tərtər Hərbi Məhkəməsinin 1(098)-9/2019 saylı, 13 mart 2019-cu il tarixli və 1 (098)- 7/2019 saylı, 31 yanvar 2019-cu il tarixli hökmləri ilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun Ağır Cinayətlərə dair işlər üzrə İstintaq İdarəsinin xüsusilə mühüm işlər üzrə böyük müstəntiqi Qasım Məmmədovun içraatında olan ********* saylı cinayət işinin materialları, Bakı Hərbi Məhkəməsinin hökmləri və yüzlərlə şahid və zərərçəkmişlərin ifadələri ilə öz təsdiqini tapmışdır. Yenidən başladılmış istintaqın nəticəsi olaraq Azərbaycan Respublikası Baş Prokurorunun müraciəti əsasında sözügedən iş üzrə məhkəmələrin müvafiq hökm və qərarlarına Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunda yeni açılmış hallar üzrə yenidən baxıldı. «Dövlətə xəyanət» adı altında dəhşətli işğəncələr görmüs və 10 ildən, 20 ilə qədər qanunsuz olaraq azadlıqdan məhrum edilmiş əsgər və zabitlərin barəsindəki bütün cinayət işlərinə bəraətverici əsaslarla xitam verildi, öldürülən şəxslərin və digər zərərçəkmişlərin üzərindən «Vətən xaini» damğası götürüldü. Yenidən aparılmış istintaqın nəticəsi olaraq zərərçəkmiş şəxslərin təqsiri sübuta yetirilmədiyindən, onların tutulması, saxlanılması, qanunsuz sorğulamalara cəlb edilməsi, təqsirləndirilən şəxs qismində azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi nəticəsində onlara vurulmuş ziyanın ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası onlara izah edildi. Elçin Quliyev aldığı çoxsaylı ağır xəsarətlər nəticəsində işgəncə məkanında həyatını itirdikdən sonra, onun ailəsinə xəbər verilmədən Müdafiə Nazirliyinin tanımadıqları əməkdaşları tərəfindən yaşadıqları kəndə gətirilmiş və «vətən xaini» kimi kənd qəbirstanlığında basdırılmışdır. İddiaçı isə, bütün bu illər ərzində oğlunun «vətən xaini» olmasına heç bir vaxt inanmamış, Müdafiə Nazirliyinin vəzifəli şəxslərinin və digərlərinin qanunsuz hərəkətləri nəticəsində heç bir günahı olmadan öldürülməsi ilə barışmamışdır. Bütün bu maddi və mənəvi ağırlıqlarla birgə, oğlunun barəsində istər xidmət yoldaşlarının, istərsə də yaşadığı rayonda (kənddə) əhali arasında yaranmış mənfi fikir və şübhələr, «vətən xaininin atası» və buna bənzər eşitdiyi sözlər, edilən qınaqlar bir ata üçün dözülməz hala çevrildi. Lakin hara getsə də, oğluna vurulmuş bu qara ləkə hər yerdə onun baş qaxıncı oldu. Bütün bu olanlar onun şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb oldu və çox agır sarsıntılar yaşadı. Oğlunun dövlətə xəyanət adı altında qanunsuz əməllərə məruz qalması saysız-hesabsız psixi, fiziki və mənəvi olmaqla, ona çox ağır və dözülməz iztirablar yaşatdı və bu gün də həmin iztirabları yaşamaqdadır. Eyni zamanda, ailənin yeganə gəlir gətirəni, evin maddi təminatçısı olan övladının heç bir günahı olmadan, gənc yaşında ağır işgəncələr altında öldürülməsi bir ataya hansı dərəcədə, həm mənəvi, həm də, maddi baxımdan zərər vurması işin mübahisə olunmayan tərəfidir. Odur ki, qanuna müvafiq olaraq iddiaçıya vurulmuş maddi və mənəvi ziyanın əvəzi ödənilməlidir. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsi X17 məhkəməyə iddiaya etiraz göndərərək bildirmişdir ki, iddiaçı X18 Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı «maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsindən aydın olur ki, iddiaçı Mətləb Quliyev hərbi prokurorluq orqanları tərəfindən hüquqi varisi olduğu X15 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü (Dövlətə xəyanət) maddəsi ilə cinayət işinin başlanmasını, isgəncələrə məruz qalmasını və nəticədə onun ölməsi ilə əlaqədar hüquq-mühafizə orqanlarının hərəkətlərini qanunsuz hesab edərək bu əsasda ona vurulmuş ziyana görə Azərbaycan Respublikasının Maliyyə Nazirliyindən mənəvi ziyanın əvəzi olaraq 5.000.000 manat, maddi ziyanın əvəzi olaraq 639.922 manat, ümumilikdə 5.639.922 manat məbləğində pulun cavabdeh Maliyyə Nazirliyindən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarından göründüyü kimi iddiaçı M.Quliyev hüquqi varisi barədə hüquq-mühafizə orqanlarının hərəkətləri ilə əlaqədar maddi və mənəvi ziyanın ödənilməsi tələbi ilə çıxış edərək Azərbaycan Respublikasının Maliyyə Nazirliyini cavabdeh qismində müəyyən etmiş və iddia tələbini ərizəsində qeyd etdiyi kimi hüquq pozuntusunu törədən müvafiq dövlət orqanına qarşı deyil, Maliyyə Nazirliyinə yönəltmişdir. Aşağıda qeyd olunanlara əsasən hesab edirik ki, həmin iddia tələbi rədd edilməlidir. İlk növbədə bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 9 fevral tarixli 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Maliyyə Nazirliyi haqqında Əsasnamə»də Maliyyə Nazirliyinin təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi vəzifəsinin olması müəyyən edilməmişdir. Digər tərəfdən qeyd edirik ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 63-cü maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın cinayət təqibi üzrə icraat qurtardıqdan sonra ödənilməsi qaydaları mülki mühakimə icraatı qaydasında «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikasının Qanunu ilə həyata keçirilir. Mülki mühakimə icraatı qaydasında qaldırılan bu cür iddiaların hüquqi əsasını təhqiqat, ibtidai istintaq və məhkəmə araşdırmaları zamanı həmin orqanların (vəzifəli şəxslərin) qanunsuz hərəkətləri təşkil etsə də, fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi ilə bağlı məhkəmə proseslərinə cavabdeh qismində qanunsuz hərəkəti törətmiş qurumlar deyil, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi cəlb olunur. Halbuki sözügedən qanunda «müvafiq icra hakimiyyəti», yəni Maliyyə Nazirliyi qeyd olunmamışdır, bu isə o deməkdir ki, ziyanın ödənilməsi buna cavabdeh olan, yəni hüquq pozunutusunu törətmiş aidiyyəti dövlət orqanı və ya müvafiq bələdiyyə orqanı tərəfindən ödənilməlidir. Eyni zamanda Azərbaycan Respublikasında ali hüquqi qüvvəyə malik olan Azərbaycan Respublikası Konstitusiyasının 68-ci və 146-cı maddələrinin tələblərinə müvafiq olaraq dövlət, dövlət qulluqçuları ilə birlikdə, dövlət qulluqçularının qanuna zidd hərəkətləri və hərəkətsizliyi nəticəsində insan hüquq və azadlıqlarına dəymiş ziyana görə və onların təminatının pozulmasına görə mülki məsuliyyət daşıyır. Bələdiyyələr, bələdiyyə qulluqçuları ilə birlikdə, bələdiyyə qulluqçularının qanuna zidd hərəkətləri və hərəkətsizliyi nəticəsində insan hüquq və azadlıqlarına dəymiş ziyana görə və onların təminatının pozulmasına görə mülki məsuliyyət daşıyırlar. Burdan da bir daha aydın olur ki, dövlətin adından Maliyyə Nazirliyi deyil, hüquq pozuntusuna yol vermiş aidiyyəti dövlət orqanı və ya bələdiyyələr çıxış edir. Həmçinin Azərbaycan Respublikası Konstitusiyasının 127-ci və 129-cu maddələrinin tələblərinə görə isə hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 6-cı maddəsində fiziki şəxslərə vurulmuş ziyanının ödənilməsinin dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilməsi nəzərdə tutulsa da, bu hal sözügedən iddia tələbləri üzrə Maliyyə Nazirliyinin cavadeh kimi tanınmasına əsas yarada bilməz. Belə ki, Maliyyə Nazirliyi dövlət büdcəsinin sərəncamçısı olmadığından, bununla bağlı müstəqil çıxış etmək hüququna malik deyildir. Nazirlik öz əsasnaməsinə uyğun olaraq dövlət büdcəsindən maliyyələşən təşkilatların, o cümlədən təhqiqat və ibtidai istintaq orqanlarının sifarişinə əsasən yalnız onların maliyyələşdirilməsini həyata keçirir. Təsadüfi deyildir ki, analoji olaraq sosial və infrastruktur təyinatlı layihələrin icrası zamanı mülkiyyətçilərə vurulmuş zərərin maliyyələşmə mənbəyi dövlət büdcəsi olsa da, həmin məhkəmə işlərinə cavabdeh qismində müvafiq layihəni həyata keçirən və pozuntuya yol vermiş dövlət orqanı, 3-cü şəxs qismində isə Maliyyə Nazirliyi cəlb olunur. Təhqiqat, ibtidai istintaq və məhkəmə araşdırmaları zamanı fiziki şəxslərə vurulmuş ziyanın da dövlət büdcəsindən ödənildiyini nəzərə alaraq, bu tipli işlərə də eyni praktika tətbiq edilməlidir. Həmçinin sözügedən məhkəmə proseslərinə cavabdeh qismində müvafiq təhqiqat və ibtidai istintaq orqanlarının cəlb olunması aidiyyəti vəzifəli şəxslərin məsuliyyətliliyinin gücləndirilməsinə, eləcə də bu sahədə yol verilən pozuntuların azaldılmasına, nəticədə vətəndaşların hüquq və azadlıqlarının qorunmasına və məhkəmələrin iş yükünün azaldılmasına səbəb olacaqdır. Eyni zamanda Maliyyə Nazirliyinin sözügedən məhkəmə işlərinə cavabdeh qismində cəlb edilməsi və sonrakı prosessual hərəkətlərin (vəsatətlərin, apellyasiya və kassasiya şikayətlərinin verilməsi və s.) onun tərəfindən həyata keçirilməsi cəmiyyətdə və mediada Nazirliyin fiziki şəxslərə zərər vurulmasında təqsirli olması imicini yaratmaqla, Mülki Məcəllənin 23-cü maddəsində qeyd olunan işgüzar nüfuzuna xələl gətirməkdədir. Fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi ilə bağlı məhkəmə proseslərinə Maliyyə Nazirliyinin cavabdeh qismində cəlb olunmasının hər hansı konkret hüquq normasına söykənmədiyini nəzərə alaraq, habelə məhkəmə proseslərinin obyektiv tədqiq edilməsi, qanun pozuntusuna yol vermiş təqsirkar qurumların məsuliyyətinin artırılması və qanunvericilin müddəalarının düzgün tətbiq edilməsi üçün bu tipli məhkəmə işlərinə cavabdeh qismində müvafiq cinayət işləri üzrə təhqiqat və ibtidai istintaq aparmış orqanların cəlb olunması zəruridir. Həmçinin Mülki Məcəllənin 1100-cü maddəsinə əsasən dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Sözügedən maddənin məzmunundan belə anlaşılır ki, hüquq pozuntusu dövlət orqanları və ya onların vəzifəli şəxsi tərəfindən törədildikdə Azərbaycan Respublikası, digər halda isə müvafiq bələdiyyə ödəyir. Həmin Məcəllənin 1101-ci maddəsinə görə isə qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. Lakin yuxarıda göstərilən 2 maddənin məzmununda qeyd edilən orqan dedikdə Maliyyə Nazirliyi nəzərdə tutulmur. Belə ki, Mülki Məcəllənin 43.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası mülki hüquq münasibətlərində eynilə digər hüquqi şəxslər kimi iştirak edir. Bu hallarda Azərbaycan Respublikasının səlahiyyətlərini onun hüquqi şəxslər olmayan orqanları həyata keçirirlər. Maddələrin məzmunundan da göründüyü kimi «Azərbaycan Respublikası» dedikdə təkcə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi deyil, digər dövlət orqanları da nəzərdə tutulur. Eyni zamanda Azərbaycan Respublikasının Maliyyə Nazirliyi dövlət büdcəsindən maliyyəşən mərkəzi icra hakimiyyəti orqanıdır, onun hesabındakı vəsait isə orqanın saxlanması xərcləridir (Nazirliyin mərkəzi aparatı işçilərinin əmək haqqı, dəftərxana ləvazimatlarının alınması və s.) və Nazirlik hər hansı sərbəst vəsaitə malik deyildir. Həmçinin «Büdcə sistemi haqqında» Azərbaycan Respublikası Qanununa uyğun olaraq hər ilin dövlət büdcəsi üzrə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilmiş ayırmalar ciddi şəkildə öz təyinatına uyğun olaraq maliyyələşdirilir və onların icra müddəti büdcə ilinin sonunda başa çatır. Maliyyə Nazirliyi Azərbaycan Respublikası Milli Məclisi tərəfindən hər il üçün təsdiq edilmiş dövlət büdcəsinin xərc maddələri üzrə büdcə daxilolmalarının vəziyyətindən asılı olaraq bütün büdcə təşkilatlarını onların şifarişləri əsasında tərtib olunmuş smetalarına uyğun olaraq mütəmadi maliyyələşdirir. Bildiririk ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» 03 noyabr 2008-ci il tarixli 7 №-li Qərarına əsasən Plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. İş materialları əsasında sübut olunur ki, Maliyyə Nazirliyi tərəfindən iddiaçıya qarşı onun hüquq və azadlıqlarını pozan, habelə mənəvi zərərə məruz qalmasına gətirib çıxaran heç bir qanunsuz hərəkətə və ya hərəkətsizliyə yol verilməmişdir, onunla mənəvi zərər arasında səbəbli əlaqə mövcud deyildir. Buna görə də iddia mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdeh Maliyyə Nazirliyinə münasibətdə təmin edilə bilməz. Eyni zamanda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsində müəyyən edilir ki, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Beləliklə, bu maddədə nəzərdə tutulmuş zərər real zərər və əldən çıxmış faydadan ibarətdir. Həmçinin qeyd edirik ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.2-ci maddəsinin tələblərinə görə olaraq eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olarsa, iddia yolverilməz hesab olunur. Sözügedən işlə bağlı daha əvvəl də iddianın qaldırılması üçün əsas olmuş eyni şəxs (Quliyev Elçin) barədə onun hüquqi varisi Əhmədova Validə Gəncalı qızı tərəfindən də iddia qaldırılmış və 2(102)-1209/2025 nömrəli iş hazırda Ali Məhkəmənin icraatındadır. İddiaçı maddi və mənəvi zərərə məruz qaldığını bildirsə də, bu zərərin məhz Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən vurulması ilə bağlı heç bir sübut göstərməmişdir. Bu səbəbdən, iddiaçı X10 Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı «maddi və mənəvi zərərin ödənilməsi» iddia tələbinin yolverilməz hesab olunması və təmin edilməməsi barədə müvafiq qətnamə qəbul edilməsi xahiş olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş: - 11.08.1989-cu il tarixdə verilmiş XİV-JQ seriyalı 330446 saylı doğum haqqında şəhadətnamədən görünür ki, X13 xx.xx.1989-cu il tarixdə doğulmuşdur, atası X18, anası X2r. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Silahlı Qüvvələrin Məhkəmə Tibbi Ekspertiza və X9 Tərtər Regional Məhkəmə-Tibbi Ekspertiza bölməsi tərəfindən verilmiş 07 may 2017-ci il tarixli 12 nömrəli ekspert rəyindən görünür ki, X6 meyitinin müayinəsi zamanı aşağıdakı xəsarətlər aşkar edildi: sağ alın kökü, sol qulaq seyvanı və qulaqarxası nahiyələrdə fasiləli yerləşən sıyrıqlar: hər iki yuxarı və aşağı ətraflar. Hər iki ön qalça tini nahiyəsində qançırlar fonunda yerləşən sıyrıqlar, döş qəfəsinin hər iki yan. Sağ-ön və arxa səthlərində nizamsız şəkildə yerləşən çoxsaylı sıyrıqlar, sol sağrı nahiyəsində analoji xarakterli sıyrıqlar, hər iki dairəvi yerləşən sıyrıqlar, hər iki bazu, hər iki bud və hər iki sağrı nahiyələrində yerləşən qançırlar və həmin nahiyələrin şişkin olması (hematoma). Meyitin daxili müayinəsi zamanı aşağıdakı xəsarət və dəyişikliklər aşkar edildi: başın yumşaq toxumalarının iç səthlərində yayılmış qansızmalar; baş beyin toxumasının ödemli olması, ciyərlərin kəskin ödemi, çoxsaylı subplevral qansızmalar, həzm traktında cüzi miqdarda olması, hər iki böyrək və böyrəkətrafı toxumalara qansızma. E.M.Quliyevin meyitinin müayinəsi zamanı aşkar edilmiş xəsarətlər küt əşyanın (əşyaların) çoxsaylı zərbəvi və sürtünmə xarakterli təsirindən əmələ gəlmişlər, yetirilmə müddəti ölümündən 5-6 günədək olan müddətə uyğun gəlirlər, ağırlıq dərəcəsinə görə ümumilikdə səhhətin uzun müddət pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddirlər. E.M.Quliyevin ölümünə səbəb bədənin çoxsaylı küt travması, hər iki böyrəyə qansızma, qanın bir hissəsinin dövrandan çıxması (yumşaq toxumalara sızması) fonunda, orqanizmin ümumi intoksikasiyası, ağciyər və beyin ödemi ilə ağırlaşmış kəskin tənəffüs-ürək çatmamazlığı olmuşdur. Ölümün müddəti meyitin müayinəsindən 24-36 saat əvvələ uyğun gəlir. E.M.Quliyev ölümündən əvvəl spirtli içki, narkotik maddə qəbul etməmişdir, belə ki, onun meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı zamanı etil spirti, hər hansı bir narkotik vasitə, psixotrop və güclütəsiredici dərman preparatları, uçucu-kefləndirici, həmçinin digər təsirli maddələr (pestisidlər, ağır medatl duzları və s.) aşkar edilməmişdir. E.M.Quliyevin arxa keçəcək nahiyəsində və anal dəliyində hər hansı xəsarət aşkar olunmadı, E.M.Quliyevin passiv vəziyyətdə uşaqbazlıqla məşğul olmasını təsdiq edən tibbi xarakterli əlamətlər qeyd olunmadı. - 18.07.2017-ci il tarixdə verilmiş AZ-İ seriyalı 853993 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X13 06 may 2017-ci il tarixdə Tərtər şəhərində, baş beynin travmatik ödemi, böyrək travmasından vəfat etmiş, bu barədə müvafiq akt qeydləri kitabında 18 iyul 2017-ci il tarixdə 121 saylı akt qeydi aparılmışdır. - Tərtər Hərbi Məhkəməsinin 13 mart 2019-cu il tarixli 1(098)-9/2019 saylı hökmündən görünür ki, həmin cinayət işi üzrə X6 anası Əhmədova Validə Gəncalı qızı zərər çəkmiş şəxsin hüquqi varisi kimi tanınmış, X6 və digər şəxslərin ölümündə təqsirli şəxslər barəsində ittihamedici hökm çıxarılmışdır. - Şəki Apellyasiya Məhkəməsi Hərbi Kollegiyasının xx.xx.2019-cu il tarixli qərarından görünür ki, Tərtər Hərbi Məhkəməsinin 13 mart 2019-cu il tarixli hökmündən verilmiş apellyasiya protesti və apellyasiya şikayətləri təmin edilməmiş, hökm dəyişiklik edilmədən saxlanılmışdır. - Azərbaycan Respublikası Ali Məhkəməsi Cinayət Kollegiyasının 23 iyun 2020-ci il tarixli 1-1(102)-41/2020 saylı qərarından görünür ki, kassasiya protesti qismən təmin edilmiş, X1, X11 və X3, hər birisinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125, 126.2.1, 126.2.3, 126.3, 127.2.2, 133.2.1, 133.2.3, 133.2.4, 133.2.6, 341.2.1 və 341.2.3-cü maddələri ilə, X4 və X12, hər birisinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.1, 126.2.3, 126.3, 127.2.2, 133.2.1, 133.2.3, 133.2.4, 133.2.6, 341.2.1 və 341.2.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmalarına dair cinayət işi üzrə Şəki Apelyasiya Məhkəməsinin Hərbi Kollegiyasının 10 dekabr 2019-cu il tarixli qərarı və onunla bağlı Tərtər Hərbi Məhkəməsinin 13 mart 2019-cu il tarixli hökmü dəyişdirilmiş; hökmün və qərarın təsviri-əsaslandırıcı hissələrindən «hərbi prokurorluğun əməkdaşları tərəfindən həyata keçirilmiş istintaq hərəkətlərində düşmənlə əməkdaşlıqda şübhəli bilinən hərbi qulluqçulara işgəncələrin verilməsini və təqsirləndirilən şəxslərin həmin istintaq hərəkətlərində iştirak edərək, qeyd edilən hərbi qulluqçulara işgəncə vermələri», «təqsirləndirilən şəxslərin istintaq qrupu rəhbərlərinin və üzvlərinin «sorğulayın», «əlavə məlumat əldə edin» və sair buna oxşar tapşırıqlar əsasında düşmənlə əməkdaşlıq edən şəxslərə qarşı fiziki zor tətbiq etmələri» barədə ifadələr çıxarılmış, «təqsirləndirilən şəxslərin dövlətə xəyanət cinayət işinin açılmasına, onun digər iştirakçılarının ifşa edilməsinə fəal kömək etmələri, zərər çəkmiş şəxslərin hüquqi varislərinin bir qisminin və zərər çəkmiş şəxslərin təqsirləndirilən şəxslərə qarşı şikayət və tələblərinin olmamasını, R.M.Mikayılovun ailənin yeganə oğul övladı olmaqla anasının «paranoid formalı şizofreniya» xəstəliyindən əzab çəkən şəxs kimi İİ qrup əlil olması, ailə vəziyyətinin ağır olması» kimi halların müvafiq olaraq CM-nin 59.1.10, 59.1.11 və 59.1.4-cü maddələrinin əvəzinə CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirilməsi qərara alınmış, kassasiya şikayətləri təmin edilməmiş, qərar kassasiya protestinə və baxılmış kassasiya şikayətlərinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. - Azərbaycan Respublikası Baş Prokurorluğu İstintaq İdarəsinin xüsusilə mühüm işlər üzrə böyük müstəntiqi, birgə istintaq qrupunun rəhbəri, kiçik ədliyyə müşaviri Q.Məmmədov tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli cinayət təqibinə hissəvi xitam verilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə əməlində cinayət tərkibi olmadığı üçün Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin 2-ci taborunun maddi və texniki təminat tağımının avtomobil manqasının sabiq sürücüsü, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, kiçik çavuş X6 barəsində Azərbaycan Respublikası CM-nin 274, 338.1, 338.2 və 341.3-cü maddələri ilə həyata keçirilən cinayət təqibinə Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən xitam verilmişdir. - xx.xx.2023-cü il tarixdə verilmiş AZ-İ seriyalı 461711 saylı nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, X18 ilə Əhmədova Validə Gəncalı qızı arasında bağlanmış nikah Tərtər Rayon Məhkəməsinin xx.xx.2022ci il tarixli qərarına əsasən xx.xx.2022-ci il tarixdə pozulmuş, bu barədə xx.xx.2023-cü il tarixdə müvafiq akt qeydləri kitabında 156 saylı akt qeydi aparılmış, nikah pozulandan sonra qadına Əhmədova soyadı verilmişdir. - "xxxx" ASC-nin Tərtər rayon Filialının 25 iyun 2024-cü il tarixli 144 saylı məktubundan görünür ki, X6 adına "xxxx" ASCdə əmək haqqı kartı mövcuddur, kartda vəsait yoxdur, kart bağlıdır. Əlavə olaraq bildirilir ki, X6 adına "xxxx" ASC-də əmanət hesabı mövcud deyil. - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(006)2968/2024 saylı qətnaməsindən görünür ki, iddiaçı Əhmədova Validə Gəncalı qızının cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı «maddi və mənəvi zərərin ödənilməsi» tələbinə dair iddiası qismən təmin edilmiş, cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin vasitəsi ilə dövlət büdcəsinin vəsaiti hesabına mənəvi zərərin əvəzi olaraq 10.000 manat məbləğində pulun iddiaçı Əhmədova Validə Gəncalı qızının xeyrinə ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. - Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24 dekabr 2024-cü il tarixli 2(103)-6749/2024 saylı qətnaməsindən görünür ki, iddiaçı Əhmədova Validə Gəncalı qızının apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(006)-2968/2024 saylı qətnaməsi mənəvi zərər məbləğinə aid hissədə dəyişdirilmiş, cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin vasitəsi ilə Dövlət büdcəsinin vəsaiti hesabına iddiaçı Əhmədova Validə Gəncalı qızının xeyrinə ödənilməli olan mənəvi zərərin məbləği 60.000 manat müəyyən edilmişdir. - Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli 2(102)-1209/2025 saylı qərarından görünür ki, iddiaçı Əhmədova Validə Gəncalı qızının kassasiya şikayəti təmin edilməmiş, cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24 dekabr 2024-cü il tarixli 2(103)6749/2024 saylı qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır. İddiaçı iddia ərizəsində bir sıra dəlillərə istinad edərək cavabdeh Azərbyacan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Dövlət büdcəsi vəsaiti hesabına mənəvi zərərə görə onun xeyrinə 5.000.000 manat məbləğində pul tutulması, eləcə də maddi ziyana görə 639.922 manat məbləğində kompensasiya (indeksasiya edilməklə) ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə mənəvi zərərin vurulmasına dair hissədə iddia tələbi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (həmin Məcəllənin 21.2-ci maddəsi). Qeyd olunmalıdır ki, Mülki Məcəllənin 21-ci maddəsi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Bu mənada, zərərin əvəzinin ödənilməsi ilə bağlı hər bir konkret iddia tələblərinin əsası digər hüquq sahələrindən (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) irəli gəlir. Hazırkı mübahisəyə münasibətdə isə zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası delikt hüququndan yaranır. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrənin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, «hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur». Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki Məcəllənin 1100-cü madddəsinə əsasən dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Mülki Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi, mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin mövcudluğu və zərər vuran şəxsin təqsirliliyi. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbi məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. İş materialları (qanuni qüvvəyə minmiş məhkəmə aktları) ilə müəyyən olunur ki, iddiaçının oğlu törədilmiş cinayət hadisəsi nəticəsində ölmüşdür. Məhkəmə vurğulayır ki, Azərbaycan Respublikası MPM-nin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 mart 2004-cü il tarixli Qərarında vurğulanmışdır ki, qanunverici məhkəmənin icraatında olan mülki iş üzrə yalnız qanuni qüvvəyə minmiş məhkəmə hökmünün, qərarının, qətnaməsinin, qərardadının preyudisial əhəmiyyəti olduğunu göstərmişdir. "xxxx" Mənzil-Tikinti Kooperativinin şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarında göstərilmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xüsusiyyətlərə malikdir (Konstitusiya Məhkəməsi Plenumunun C.İsmayılzadənin şikayəti üzrə 2014-cü il 6 iyun tarixli Qərarı). Məhkəmənin qanuni qüvvəyə minmiş qərarları preyudisial əhəmiyyətə malikdir. Preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə 2015-ci il 15 iyul tarixli və «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair» 2016-cı il 23 fevral tarixli Qərarları). Konstitusiya Məhkəməsi Plenumunun G.Əhmədovanın şikayəti üzrə xx.xx.2019-cu il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyünü ehtiva edir. Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 65.1 və 65.4-cü maddələrinə əsasən, cinayət prosesini həyata keçirən orqanın ləğv edilməmiş qərarı həmin məsələ üzrə yeni qərar çıxarılmasına yol vermir. Cinayət prosesini həyata keçirən orqanın qərarı, şəxsin cinayət təqibini istisna edən qərarlardan başqa, hökmün və ya məhkəmənin digər yekun qərarının çıxarılması ilə əlaqədar məcburi qüvvəyə malik deyildir. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə, kommersiya və ya inzibati mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Ali Məhkəmənin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 2005-ci il 24 noyabr tarixli Qərarının 4-cü bəndində də göstərilmişdir ki, Mülki Prosessual Məcəllənin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Buna görə də cinayət işindən meydana gələn ziyanın ödənilməsi barədə mülki işə baxan məhkəmə öz qətnaməsində cavabdehin təqsirlilik məsələsinə qiymət verə bilməz. Mülki Prosessual Məcəllənin 82.4-cü maddəsinə müvafiq olaraq, məhkəmənin qanuni qüvvəyə minmiş hökmünün, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarın mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün preyudisiallığı işdə iştirak edən şəxslərin dairəsi ilə məhdudlaşır və yalnız hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Yəni, məhkəmənin qanuni qüvvəyə minmiş hökmünün, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarın preyudisial əhəmiyyəti prosessual qanunvericiliklə müəyyən edilmiş subyektiv və obyektiv hədlərdə mümkündür. Preyudisialhğın subyektiv həddi şəxslərin dairəsi ilə, obyektiv həddi isə hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsi ilə müəyyən edilir. Məhkəmə hazırda baxılan mülki işlə bağlı qeyd edir ki, Tərtər Hərbi Məhkəməsinin hökmü ilə iddiaçının oğluna və digər şəxslərə qarşı törədilmiş cinayət əməllərinə hüquqi qiymət verildiyindən və həmin hökm qanuni qüvvəyə mindiyindən, hazırkı iş üzrə preyudisial əhəmiyyətə malik olan akt kimi qəbul edilməlidir. Həmin hökmdə göstərilmişdir ki, iddia ərizəsində adı çəkilən cinayət əməllərini törədən şəxslərin təqsirli olmaları tam sübuta yetirilmişdir. Göründüyü kimi, iddiaçının oğlunun dövlətə xəyanət etməkdə şübhəli bilinməklə, fiziki və psixi zor tətbiq edilməsi və işgəncə verilərək sorğu-sual edilməsi, sağlamlığına insan həyatı üçün təhlükəli olan ağır zərər vurulmasına məruz qalması və nəticədə ölməsi işin mübahisəsiz halıdır. Məhkəmə hesab edir ki, baxılan iş üzrə iddiaçının övladının yuxarıda qeyd edilən hökmlə müəyyən edilmiş qaydada və şəraitdə, başqa sözlə dövlətə xəyanət etməkdə şübhəli bilinərək, fiziki və psixi zor tətbiq edilməyə və işgəncələrə məruz qalaraq ölməsi faktı heç şübhəsiz ki, iddiaçının mənəvi sarsıntı və iztirab keçirməsinə səbəb olmuşdur. Bundan əlavə, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin vəzifəli şəxsi (şəxsləri) tərəfindən törədilən (hökmdə öz əksini tapan) qanunsuz hərəkətlər nəticəsində övladının ölməsi faktı ilə yanaşı, həmçinin övladının barəsində istər xidmət yoldaşları, istərsə də yaşadıqları ərazidə (şəhərdə, rayonda və s. yaşayış məntəqələri nəzərdə tutulur) əhali arasında yaranmış mənfi fikir və şübhələr də iddiaçının şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olmuşdur. Məhkəmə qeyd edir ki, mənəvi zərər bir tərəfdən hüquqa zidd əməl nəticəsində şəxsin əmlak və qeyri-əmlak nemətlərində obyektiv olaraq əmələ gələn azalmadırsa, digər tərəfdən onun meydana gəlməsi üçün şəxsin bu azalmanı hiss etməsi, psixoloji sarsıntı və iztirab keçirməsidir. Mənəvi zərər anlayışına şəxsin əmlak və qeyri-əmlak nemətlərində obyektiv olaraq əmələ gələn azalma kimi yanaşma ona dəlalət edir ki, bəzi hallarda baş vermiş faktın özü mənəvi zərərin vurulmasının dəlili kimi qəbul edilir və bu faktın başqa dəlillərlə sübuta ehtiyacı olmur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçıya mənəvi zərərin vurulması halı öz təsdiqini tapır. Belə ki, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002ci il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqelərə görə mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri- əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair» 24 aprel 2020-ci il tarixli Qərarında göstərilmişdir ki, «Konstitusiyanın 68-ci maddəsinin İİ hissəsi cinayət, habelə hakimiyyətdən sui-istifadə nəticəsində zərər çəkmiş şəxsin hüquqlarının qanunla qorunmasını bəyan edir və zərər çəkmiş şəxsin ədalət mühakiməsinin həyata keçirilməsində iştirak etmək və ona vurulmuş zərərin ödənilməsini tələb etmək hüququnu müəyyən edir. Həmin maddənin İV hissəsində qeyd edilir ki, dövlət, dövlət qulluqçuları ilə birlikdə, dövlət qulluqçularının qanuna zidd hərəkətləri və hərəkətsizliyi nəticəsində insan hüquq və azadlıqlarına dəymiş ziyana görə və onların təminatının pozulmasına görə mülki məsuliyyət daşıyır. Konstitusiyanın bu norması insan hüquq və azadlıqlarının pozulduğu təqdirdə zərərçəkmiş şəxsə dəymiş ziyana görə kompensasiyanın ödənilməsini ədalətli sayaraq bu öhdəliyin yerinə yetirilməsində dövlətin də məsuliyyətini müəyyən edir. Mənəvi zərər insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir və yaxın şəxsin itirilməsi, fəal ictimai həyatın davam etdirilməsinin qeyri-mümkünlüyü, əmək qabiliyyətinin itirilməsi, ailə və şəxsi həyat sirrinin ictimailəşməsi, şərəf və ləyaqəti alçaldan məlumatların yayılması, müəyyən hüquq və azadlıqların qanunsuz məhdudlaşdırılması, fiziki əzab, sağlamlığa zərər vurulması və s. nəticəsində yarana bilər. Mənəvi təzminat isə hüquqa zidd əməl ilə zərərçəkənin mənəvi və ya fiziki bütövlüyünə edilən təcavüz nəticəsində meydana gələn ağrı və iztirabın, mənəvi sarsıntının unudulması, yaşama sevinci və arzusunun təkrar qazanılması, pozulan mənəvi tarazlığın yenidən bərpa edilməsi üçün bərabərləşdirmə vasitəsidir. Mənəvi zərərin əvəzinin ödənilməsi tələbi maddi zərərin ödənilməsi tələbindən fərqləndirilməlidir. Maddi zərərin həcmi vurulmuş ziyanın həcmi ilə şərtlənsə də, mənəvi zərərin həcmi zərərçəkmiş şəxsin mülahizəsinə əsasən iddiada müəyyən edilir və məhkəmələr tərəfindən mənəvi zərərin həcmi (miqdarı) ədalətlilik və mütənasiblik meyarları baxımından qiymətləndirilməlidir. ... Şəxsin yaxınlarının, o cümlədən ailə üzvlərinin ölməsi və ya sağlamlığına zərər vurulması halında mənəvi zərərə görə ödənilən təzminat şəxsin keçirdiyi sarsıntı və iztirabın müəyyən dərəcədə yumşaldılmasına, pozulan mənəvi tarazlığın bərpa edilməsinə yönəlmiş olur. Belə halda zərərçəkmiş şəxsi müəyyən miqdarda təzminat ilə təmin etməklə yaxınının itirilməsi nəticəsində keçirdiyi sarsıntı və iztirabın unutdurulması, yaşama sevincindəki azalma və mənəvi hüzursuzluğun aradan qaldırılması məqsədi ilə ona mənəvi cəhətdən dəstək olunmasına xidmət edilmiş olur.» Həmin Qərarda həmçinin göstərilmişdir ki, «... Mülki qanunvericiliyin qeyd edilən normaları ilə hüquqa zidd hərəkət nəticəsində vurulmuş zərərə görə mülki məsuliyyət müəyyən edilmişdir. Mülki Məcəllənin 21-ci maddəsi ilə isə hüquqa zidd əməl nəticəsində yaranan maddi zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ yaranırsa, həmin Məcəllənin 23-cü maddəsinə uyğun olaraq şəxs mənəvi zərərin ödənilməsini tələb edə bilər. Mülki qanunvericilikdə şəxsin ölümü və ya sağlamlığına zərər yetirilməsi ilə əlaqədar mənəvi zərərin ödənilməsi əsaslarını müəyyən edən konkret hüquq normasının nəzərdə tutulmaması bu barədə iddia tələbinin rədd edilməsi üçün əsas ola bilməz və belə tələb Mülki Məcəllənin 23-cü maddəsinə əsaslanmaqla mənəvi zərərin ödənilməsi qaydasında irəli sürülə bilər. Mülki Məcəllənin 14-cü maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Başqa şəxsə zərər vurulması həmin maddə ilə hüquq və vəzifə doğuran əsas kimi nəzərdə tutulmuşdur (Mülki Məcəllənin 14.2.6cı maddəsi). Bu hüquq normasındakı «qanunvericilikdə nəzərdə tutulmasa da» ifadəsi isə bilavasitə Məcəllə ilə nəzərdə tutulmayan hallarda belə mənəvi zərərin ödənilməsi ilə bağlı tələbin irəli sürülməsi üçün əsas yaradır. Məhkəmələr mənəvi zərərə görə təzminat müəyyən edərkən hər baxılan iş üzrə sosial, psixoloji və iqtisadi qiymətləndirməni mütənasiblik və ədalətlilik prinsipləri əsasında aparmalıdırlar. Mənəvi təzminatın həcmi (miqdarı, məbləği) müəyyən edilərkən iddia irəli sürən insanla ölən və ya sağlamlığına zərər vurulmuş şəxs arasındakı şəfqət və mənəvi bağlılığının möhkəmliyi, keçirilmiş iztirabın və sarsıntının dərəcəsi, onların birlikdə və ya ayrı yaşamaları, ər-arvad olduqları təqdirdə, həmçinin evlilik həyatının müddəti və s. amillər nəzərə alınmalıdır.» Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» 03 noyabr 2008-ci il tarixli 7 saylı Qərarında göstərilir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan Hüquqlarının və X7 Haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyriəmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər... Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Məhkəmə qeyd edir ki, Avropa Məhkəməsi mənəvi zərəri «nigarançılıq, ruhi sarsıntı və iztirab», «həyəcan, acizlik və sarsıntı», «məyusluq, ədalətsizlik hissi və uzunmüddətli qeyri-müəyyənlik» kimi səciyyələndirmişdir (Luluyev və digərləri Rusiyaya qarşı iş üzrə 2006-cı il 9 noyabr tarixli, Pelipenko Rusiyaya qarşı iş üzrə 2014-cü il 16 yanvar tarixli, Şiborş və Kuzmina Rusiyaya qarşı iş üzrə 2oİ4-cü il 16 yanvar tarixli Qərarlar). Avropa Məhkəməsi Varnava və digərləri Türkiyəyə qarşı iş üzrə 2009-cu il 18 sentyabr tarixli Qərarında mənəvi zərəri şəxsin fiziki və ya psixoloji ağrı və əzabı, sıxıntı, narahatlıq, məyusluq, ədalətsizlik və ya alçalma hissi, uzun müddət davam edən qeyrimüəyyənlik, həyatın pozulması və ya real imkansızlıqdan əziyyət çəkən vəziyyəti kimi müəyyən etmiş və qeyd etmişdir ki, maddi zərərin müəyyən edilməsi zamanı məhkəmənin əsaslandığı obyektiv hallardan fərqli olaraq, mənəvi zərərin müəyyən edilməsində subyektiv və hissi ünsürlərə əsaslanaraq qərar qəbul edildiyindən məhkəmə təcrübəsi baxımından nəzərə alınmalı olan ümumi qiymətləndirmə meyarlarının müəyyən edilməsi vacibdir. Mənəvi zərər müəyyən edildikdə məhkəmələr tərəfindən hüquqa zidd əməlin növü, dərəcəsi, şiddəti, davam etdiyi müddət nəzərə alınmalıdır. Bu zaman hüquqa zidd hərəkətin hansı şəraitdə, mühitdə baş verməsinin müəyyən edilməsi də zəruridir. Məhkəmə yuxarıda qeyd edilən qanunvericilik aktı normalarının tələblərini, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun müvafiq Qərarlarında və Avropa İnsan Hüquqları Məhkəməsinin Qərarlarında göstərilən hüquqi mövqeni nəzərə alaraq belə qənaətə gəlir ki, iddiaçının mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiası əsaslıdır. Məhkəmə, mənəvi zərərin hansı məbləğdə tutulması ilə bağlı bildirir ki, Ali Məhkəmənin Plenumunun 03 noyabr 2008-ci il tarixli «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi haqqında» qərarının 10-cu bəndində görə, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır.» Məhkəmə, iddiaçının mənəvi zərərin əvəzinin ödənilməsinə dair iddiasının əsaslı olması qənaətinə gəlsə də, zərərin əvəzi olaraq iddia edilən 5.000.000 manat məbləği ağlabatan hesab etmir. Məhkəmə, mənəvi zərərin həcmini müəyyən edərkən iddiaçının oğlunun məruz qaldığı hüquqa zidd əməlin növünü, dərəcəsini, şiddətini, davam etdiyi müddəti, hüquqa zidd əməlin hansı şəraitdə və mühitdə baş verməsini, hüquqa zidd əməlin iddiaçının oğlunun ölümünə səbəb olmasını və bunun nəticəsində onun keçirdiyi mənəvi sarsıntının və iztirabın dərəcəsini, habelə işin sair diqqətəlayiq hallarını nəzərə alıb hesab edir ki, iddiaçının xeyrinə mənəvi zərərin əvəzi kimi 20.000 (iyirmi min) manat məbləğində pul tutulması ədalətli və ağlabatandır. Odur ki, mənəvi zərərin ödənilməsi tələbi həmin həcmdə təmin olunmalı, qalan hissədə rədd edilməlidir. Məhkəmə mənəvi zərərin cavabdeh vasitəsi ilə Dövlət büdcəsi vəsaiti hesabına tutulması ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin yuxarıda qeyd edilən 1100-cü madddəsinin tələbindən də göründüyü kimi dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən, Azərbaycan Respublikası mülki hüquq münasibətlərində eynilə digər hüquqi şəxslər kimi iştirak edir. Bu hallarda Azərbaycan Respublikasının səlahiyyətlərini onun hüquqi şəxslər olmayan orqanları həyata keçirirlər. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin 09 fevral 2009-cu il tarixli, 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamənin 1-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi (bundan sonra - Nazirlik) Azərbaycan Respublikasının maliyyə siyasətini işləyib hazırlayan və həyata keçirən, dövlət maliyyəsinin idarə olunmasını təşkil edən, dövlət və icmal büdcələrin layihələrini hazırlayan və dövlət büdcəsinin kassa icrasını təmin edən, dövlət borcunun və maliyyə öhdəliklərinin idarə edilməsi, mühasibat uçotunun təşkili və aparılması sahələrində dövlət tənzimlənməsinin, dövlət büdcəsi vəsaitindən istifadə, qiymətli metalların və qiymətli daşların istehsalı, emalı və dövriyyəsi sahələrində dövlət nəzarətinin həyata keçirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır. Məhkəmə qanunvericiliyin tələbini nəzərə alaraq qeyd edir ki, zərərin ödənilmə mənbəyinin «dövlət büdcəsinin vəsaiti», zərəri ödəməli olan subyektin isə «Azərbaycan Respublikası» kimi müəyyən edilməsi əsaslıdır. Belə ki, «Azərbaycan Respublikası» dövlətin adıdır, yəni bu ifadə ilə dövlət nəzərdə tutulur. Baxılan işdə hüquq münasibətinin tərəfi (qanunvericiliyin tələbi baxımından) dövlətdir, dövlətin səlahiyyətlərini isə onun orqanları həyata keçirir. Dövlətdən pul tələb olunduğu halda onun maliyyə siyasətini həyata keçirən və dövlət maliyyəsinin idarə olunmasını təşkil edən orqan dövlətin səlahiyyətlərini həyata keçirir. Göründüyü kimi, dövlətin bu kimi səlahiyyətlərini Azərbaycan Respublikası Maliyyə Nazirliyinin həyata keçirməsi qanunvericiliklə tənzimlənir. Məhkəmə, hazırki halda vurulmuş zərərin ödənilməsinin dövlət büdcəsinin vəsaiti hesabına, dövlətin bu kimi səlahiyyətlərinin isə Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən həyata keçirməsinin qanunvericiliklə tənzimlənməsini nəzərə alaraq hesab edir ki, iddiaçıya (onun həyat yoldaşına) qarşı qanunsuz hərəkətlər Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin vəzifəli şəxsi (şəxsləri) tərəfindən törədilsə də, hazırki iddia üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi cavabdehlik daşımır. Belə olan halda zərərin əvəzi dövlət büdcəsi hesabına Azərbaycan Respublikası Maliyyə Nazirliyindən tutulmalıdır. İddia tələbinin vurulmuş maddi zərərin əvəzinə 639.922 manat məbləğində kompensasiya (indeksasiya edilməklə) ödənilməsinə dair hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı maddi zərərin vurulması barədə iddia tələbi irəli sürərkən, real tələblərlə (real olaraq sərf edilmiş məsrəflər və s.) çıxış etməmişdir. İddia tələbi konkret olmalı, mötəbər sübutlara dayanmalı, ehtimallar üzərində deyil, real faktlar üzərində qurulmalı və möhkəm hüquqi əsaslara malik olmalıdır. Hazırki iddia tələbinin vurulmuş maddi zərərin ödənilməsi tələbi isə qeyd edilən xüsusiyyətlərin heç birinə (mötəbər sübuta, real faktlara, möhkəm hüquqi əsaslara) malik deyil və təmin edilə bilməz. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunan sübutlara məcmu halda, tam, hərtərəfli, obyektiv və qərəzsiz hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, vurulmuş mənəvi zərərə görə 20.000 manat pul vəsaiti cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Dövlət büdcəsi vəsaiti hesabına tutularaq İddiaçı ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Vurulmuş mənəvi zərərə görə 20.000 manat pul vəsaiti cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Dövlət büdcəsi vəsaiti hesabına tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №e-2(006)-2271/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-2271/2025
31.07.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver