Məhkəmə qərarları › İş №e-2(006)-2287/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-2287/2024

11.07.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2287/2024 11.07.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, məhkəmə iclas katibi Cəfərova Şəmsiyyə Abdulla qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X6 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı «maddi ziyanın ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı «maddi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 345 manat 78 qəpik zərər məbləği, 71 manat dövlət rüsumu, 500 manat mənəvi zərər olmaqla, cəmi 917 manat pul vəsaitinin cavabdeh "xxxx" QSC-dən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixdə Aviasales.az elektron saytında olan məlumatlara əsasən: 1. İstehlakçı: X8 411,05 AZN müqabilində «**********742» nömrəli, Bakı-Kazan uçuş, Kazan-Bakı qayıdış biletlərini; 2. İstehlakçı İddiaçı 355,55 AZN müqabilində «**********973» nömrəli Bakı-Kazan uçuş, Kazan-Bakı qayıdış biletlərini almışlar. xx.xx.2023-cü il tarixdə Aviasales.az elektron saytında olan məlumatlara əsasən: 1. X4 489,84 AZN müqabilində «**********907» nömrəli Bakı-Kazan uçuş, Kazan-Bakı qayıdış biletini almışdır. xx.xx.2023-cü il tarixdə Aviasales.az elektron saytında olan məlumatlara əsasən: 1. İstehlakçı: X10 593,28 AZN müqabilində «**********677» nömrəli Bakı-Kazan uçuş, Kazan-Bakı qayıdış biletlərini almışdır. Biletlərin təyinatına əsasən cavabdeh "xxxx" QSC istifadəsində olan hava gəmiləri ilə xx.xx.2023-cü il tarixdə istehlakçıları Bakı şəhərindən Kazan şəhərinə, xx.xx.2023-cü il tarixində isə Kazan şəhərindən Bakı şəhərinə gətirməli idi. İstehlakçılar xx.xx.2023-cü il tarixində Bakı şəhərindən Kazan şəhərinə uçuş edən hava gəmisinə gecikmişlər. X1 şəxlər istehlakçılara tranzit uçuşla getməyi məsləhət görmüşlər. Nəticədə sərnişinlər tranzit uçuşla Yekaterinburq şəhərinə, oradan da Kazan şəhərinə uçuş etmişlər. xx.xx.2023-cü il tarixdə istehlakçılar Kazan hava limanına gəldikləri zaman cavabdeh "xxxx" QSC-nin nümayəndələri qayıdış biletlərinin naməlum səbəbdən ləğv olunduğunu demiş və bununla da, onları hava gəmisinə buraxmamışdır. Qeyd olunan hallarla bağlı dərhal cavabdehin elektron ünvanına və telefon nömrələrinə çoxsaylı şikayətlər edilmişdir. Lakin cavabdeh şirkət buna məhəl qoymayaraq istehlakçıları yenidən ödəniş etməklə bilet almağa məcbur etmişdir. Əks halda onların Rusiya Federasiyasında qalacaqları haqqında xəbərdar etmişdir. İstehlakçılar məcbur olaraq bir dəfə ödəniş etməklə bilet aldıqları hava gəmisinə yenidən aşağıda göstərilən sərnişin biletlərini almışlar: X2 345,78 AZN müqabilində qayıdış üçün «**********281» nömrəli Kazan-Bakı uçuş biletini; İstehlakçı İddiaçı 345,78 AZN müqabilində qayıdış üçün «**********282» nömrəli Bakı-Kazan uçuş biletini; X4 345,78 AZN müqabilində qayıdış üçün «**********279» nömrəli Bakı-Kazan uçuş biletini; X3 345,78 AZN müqabilində qayıdış üçün «**********280» nömrəli Kazan-Bakı uçuş biletini. Bundan başqa qeyd olunur ki, xx.xx.2023-cü il tarixdə "xxxx" QSC-nin istifadəsində olan hava gəmisi sərnişinlərlə qismən tamamlanmış şəkildə Bakı şəhəri uçuş etmişlər. "xxxx" QSC üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyinə görə istehlakçıların hər biri 345,78 AZN məbləğində zərər, o cümlədən mənəvi zərər çəkmişlər. Bundan başqa hüquqların müdafiə olunması üçün 71 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Tərəflərin iştirakı və izahatları: İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X9 məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, İddiaçı onlayn qaydada Kazan şəhərinə gediş və gəliş bileti almışdır. İddiaçı reysə gecikdiyinə görə onun qayıdış bileti ləğv olunub. Bu ümumi qəbul olunmuş qaydadır. Biletin ləğv olunduğunu bilib məlumat verməli idi. Qabaqcadan məlumat bildirsəydi bununla bağlı hər hansı bir tədbir görülərdi. Birmənalı olaraq gecikmə varsa, qayıdış reysinin bileti ləğv olunur. Məhkəmədən iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iddiaçının vəsatətinə əsasən şahid qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki, onlar 2023-cü il noyabr ayında “AZAL” ilə uçuş etməli idilər. Məlumat mərkəzinə yaxınlaşdıqda onlara gecikdikləri, növbəti uçuşun 3 gün sonra olacağını və yalnız tranzit uçuşla gedə biləcəklərini bildirdilər. Buna görə Yekaterinburq şəhərinə bilet alıb getmişlər. Ayın 20-i qayıdanda bronun ləğv olunduğunu dedilər. Ləğv olunma barədə əvvəlcədən məlumat verməmişlər. Əvvəlcədən onlara dönüşlə bağlı problemin olmayacağını bildirmişdilər. Məhkəmə iclasında iddiaçının vəsatətinə əsasən şahid qismində dindirilmiş X13 ifadəsində göstərmişdir ki, noyabr 2023-cü il tarixində onlar uçuşa gecikmişlər. Onlara başqa reyslə getməyi təklif etmişlər. Qayıdanda isə bileti ləğv edilmişdi və onlardan yerlə bağlı əlavə pul almışlar. Gecikdikləri reysə əlavə bilet alanda da onlar həmin yerdən Kazan şəhərinə uçacaqlarını bildirmişlər. İş materialları: İddiaçı məhkəməyə təqdim etdiyi foto-şəkillər və həmin şəkillərə izahdan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 20:05-ə təyin olunan Bakı-Yekaterinburq reysinə biletdə Məlumat-Kassa məntəqəsinin işçiləri iddiaçının reysə buraxılması üçün biletin vərəqinə “17:35 Qeyd" sözünü yazmışlar. **********973 nömrəli elektron aviabiletdən görünür ki, İddiaçı cavabdeh "xxxx" QSC-dən istifadəsində olan hava gəmiləri ilə xx.xx.2023-cü il tarixdə Bakı şəhərindən Kazan şəhərinə uçuş, xx.xx.2023-cü il tarixində isə Kazan şəhərindən Bakı şəhərinə qayıdış üçün 355,55 manat dəyərində biletlər almışdır. **********593 nömrəli elektron aviabiletdən görünür ki, İddiaçı cavabdeh "xxxx" QSC-dən istifadəsində olan hava gəmisi ilə xx.xx.2023-cü il tarixdə Kazan şəhərindən Bakı şəhərinə uçuş üçün 155 Euro dəyərində bilet almışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 842.1-ci maddəsinə əsasən sərnişin daşınması müqaviləsinə görə daşıyıcı müəyyən nəqliyyat növü ilə sərnişini, habelə onun əl yükünü yola düşmə yerindən təyinat yerinə çatdırmağı, sərnişin isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür. 842.2-ci maddəsinə əsasən sərnişin daşınması müqaviləsi sərnişinin daşıyıcıdan sərnişin daşınması üçün nəqliyyat sənədi (gediş bileti) aldığı, yaxud gediş haqqı ödəniş alətindən istifadə etməklə ödənildiyi andan və ya daşıyıcının razılığı ilə sərnişinin nəqliyyat vasitəsində yer tutması nəticəsində bağlanmış sayılır. "xxxx" QSC-nin «Sərnişinlərin, baqajın və yükün daşınması qaydaları»nın (15 fevral 2013-cü il tarixli 120 №-li əmrə 1 №-li əlavə): 8.3.1-ci bəndinə əsasən daşımanın əks istiqamətində təxsisin təkrarən təsdiqlənməsi tələb olunduğu hallarda, Aviaşirkət bunu necə və nə vaxt etmək mümkün olduğu barədə Sərnişini məlumatlandırmalıdır. 8.3.2-ci bəndinə əsasən əgər Aviaşirkət Sərnişindən təxsisin təkrarən təsdiqlənməsini tələb edirsə, bunun Sərnişin tərəfindən yerinə yetirilməməsi Aviaşirkətə daşımanın əks istiqamətində təxsisi ləğv etmək hüququ verir. 8.4.1-ci bəndinə əsasən sərnişin təsdiqlənmiş təxsisi olan reysə gəlmədiyi və səyahətinin dəyişdiyi barədə əvvəlcədən Aviaşirkəti xəbərdar etmədiyi halda, Aviaşirkət marşrutun digər sahələrinə və ya özünün yerinə yetirdiyi, yaxud onun xahişi ilə bu Sərnişin üçün digər Daşıyıcı tərəfindən həyata keçirilmiş əks istiqamətdə reysə təxsisi ləğv etmək hüququna malikdir. 8.4.2-ci maddəsinə əsasən əgər Sərnişin təsdiqlənmiş təxsisi olan reysin qeydiyyatına gəlməyibsə və biletin qüvvədə olma müddəti ərzində onu yenidən təxsis etmək və ya qaytarmaq istəyirsə, bu prosedurlar yenidən təxsisetmə və ya biletin qaytarılması üçün müvafiq yığımlar tutulmaqla və Sərnişinin qeydiyyata gəlməməsinə görə (“NO-SHOW”) cərimə tutulmaqla həyata keçirilir. 8.4.3-cü maddəsinə əsasən uçuşdan ən azı 40 dəqiqə əvvəl təkrar təxsis etmək və ya bileti qaytarmaq istəyən Sərnişin qeydiyyata gəlməmiş sərnişin (“NO-SHOW”) hesab olunur. 24.3-cü bəndinə əsasən Aviaşirkət (onun Agenti) biletlərin satışı zamanı hökmən sərnişin, baqaj və yüklərin hava nəqliyyatı ilə daşınması qaydaları; müvafiq marşrut üzrə daşımanın dəyəri - biletlərin satışı məntəqəsində təxsisetmə zamanı şifahi məlumat (internet sistemi vasitəsilə onlayn rejimdə daşımaların satışı zamanı -daşımaların təxsisi həyata keçirilən sayt vasitəsilə elektron şəkildə, yaxud marşrutun çap olunmuş formasında lazımi məlumat göstərilməklə); xüsusi tariflə daşıma zamanı dəyəri, şərtləri və məhdudiyyətlər barədə - təxsisetmə zamanı şifahi məlumat (elektron bilet tətbiq olunan zaman - təxsis həyata keçirilən sayt vasitəsilə); müvafiq marşrut üzrə səyahət zamanı inzibati rəsmiyyətlər barədə -bronlaşdırma zamanı şifahi məlumat; sərnişinin və baqajın daşınması zamanı Aviaşirkətin məsuliyyət həddi barədə - Aviaşirkətin saytı vasitəsilə bu qaydalarda; daşımanın ləngidilməsinə görə kompensasiya məbləği - daşıma gecikdirildiyi təqdirdə hava limanında Aviaşirkətin (xidmət üzrə Agentin) nümayəndəliyində şifahi məlumat; daşınması qadağan olunmuş əşyalar və mallar- Aviaşirkətin saytı vasitəsilə; biznes və ekonom xidmət siniflərində təqdim edilən xidmətlərin siyahısı və norması (Sərnişinin tələbi ilə) bağlı məlumatları sərnişinin diqqətinə çatdırmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: İstehlakçı xx.xx.2023-cü il tarixində Bakı şəhərindən Kazan şəhərinə uçuş edən hava gəmisinə gecikmişdir. X1 şəxslər istehlakçıya tranzit uçuşla getməyi məsləhət görmüşlər. Nəticədə sərnişin tranzit uçuşla Yekaterinburq şəhərinə, oradan da Kazan şəhərinə uçuş etmişdir. xx.xx.2023-cü il tarixdə istehlakçı Kazan hava limanına Bakı şəhərinə uçuş etmək üçün gəldiyi zaman cavabdeh "xxxx" QSC-nin nümayəndələri qayıdış biletinin ləğv olunduğu demiş və bununla da onu hava gəmisinə buraxmamışdır. İddiaçı hüquqlarının pozulduğuna istinad edərək, qeyd olunan halla bağlı "xxxx" QSC-nin elektron ünvanına və telefon nömrələrinə şikayət etmişdir. Cavabdeh şirkət istehlakçıya yenidən ödəniş etməklə bilet almalı olmasını bildirmiş, əks halda Rusiya Federasiyasında qalacağı haqqında onu xəbərdar etmişdir. İstehlakçı İddiaçı məcbur olaraq 345,78 manat ödəniş edərək qayıdış üçün «**********593» nömrəli Kazan-Bakı uçuş bileti əldə etmişdir.Tərəflər arasında mübahisəni məhkəmədən kənar qaydada həll etmək mümkün olmadığından, iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmış, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 30 manat dövlət rüsumu ödəmişdir. Təqdim olunmuş sənədlərdən aydın olur ki, İddiaçı xx.xx.2023-cü il tarixdə 355,55 AZN müqabilində «**********973» nömrəli Bakı-Kazan uçuş, Kazan-Bakı qayıdış biletləri almış, uçuş Kazan istiqamətində 15 noyabr 2023-cü il tarixə 16.30-a, Bakı istiqamətində qayıdış isə 20 noyabr 2023-cü il tarixə saat 18.00-a təyin olunmuş, lakin iddiaçı Bakı- Kazan reysinə gecikmişdir. "xxxx" QSC müvafiq Qaydaların tələblərinə görə əks istiqamətdə reysə təxsisi ləğv etmək hüququna malik olsa da, Qaydaların digər tələblərinə riayət etməmiş, əks istiqamətdə reysə təxsisi ləğv etməsi barədə iddiaçıya (sərnişinə) vaxtında məlumat verməmişdir. Bu səbəbdən, hazırki mübahisəyə səbəb olan hal baş vermişdir. Məhkəmə iclasında iddiaçının bildirdiyi kimi o, Bakı-Kazan reysinə geciksə də, o, məhz həmin aviaşirkətin əməkdaşlarının təklifi ilə Yekaterinburq şəhərinə bilet əldə etmişdir. Belə ki, həmin gün Kazan şəhərinə ən yaxın saatlarda tranzitlə gedişin Yekaterinburq şəhərindən olmasına dair məlumatı məhz aviaşirkət əməkdaşı iddiaçı bildirmişdir. Yəni həmin an iddiaçı hava limanında olmuş, təcili səfər etməli olduğu üçün təxirəsalınmadan uçuş üçün mümkün tədbirlər görmüş, reysə gecikməsi səbəbindən tranzitlə olsa da, başqa şəhərə uçuş bileti əldə etmişdir. Göründüyü kimi həmin an iddiaçı gediş-dönüş biletləri olduğu reys üzrə gediş biletinə hüququnu itirsə də, bu hal ona geri dönüş biletinin də ləğv edilməsi barədə məlumat verilmədən xx.xx.2023-cü il tarixli Kazan- Bakı reysinə olan biletinin aviaşirkət tərəfindən birtərəfli qaydada ləğvinə əsas verə bilməzdi. Belə ki, aviaşirkət sərnişinin hüquqlarının məhdudlaşdırılması barədə mütləq onu məlumatlandırmalı idi. Sərnişin aviaşirkətdən xx.xx.2023-cü il tarixə Kazan-Bakı reysinə geri dönüş biletinin olmasına arxayın olaraq ölkəni tərk etmiş, həmin şəhərdən Bakıya qayıtmaq istədikdə isə onun biletinin ləğv edilməsi halı üz-üzə qalmışdır. Bütün bunlar isə eyni aviaşirkətin Bakı-Kazan reysinə gecikən və həmin aviaşirkətin həmin saatlarda başqa reysinə bilet əldə edən sərnişinə həmin anda geri dönüş biletinin ləğv edilməsi barədə məlumatın verilməməsindən qaynaqlanmışdır. Məhkəmə qeyd edir ki, mübahisəyə səbəb olan hala (hərəkətsizliyə) məhz cavabdeh tərəfindən yol verilmiş və bunun nəticəsində iddiaçıya Kazan-Bakı marşrutu üzrə 20 noyabr 2023-cü il tarixli 18:00 reysinə əlavə biletin alınması üçün sərf etdiyi 15.035 rubl (məzənnə üzrə 284 manat 16 qəpik) məbləğində ziyan vurulmuşdur. Qeyd edilməlidir ki, məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. İşin faktiki hallarından görünür ki, sərnişinə vaxtında məlumat verilməməsi, nəticədə əlavə bilet almağa məcbur olduğuna görə ona həmçinin mənəvi ziyan vurulmuşdur. Yuxarıda qeyd edilən halların baş verməsi iddiaçının şüurunda mənfi psixi reaksiyaya səbəb olmuş, mənəvi sarsıntı keçirmişdir. Məhkəmə işin hallarına uyğun olaraq iddiaçıya vurulmuş mənəvi zərəri 100 manat həddində dəyərləndirir. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia qismən təmin edilməli, vurulmuş maddi zərərə görə 288 manat 30 qəpik, mənəvi zərərə görə 100 manat və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 418 manat 30 qəpik pul vəsaiti cavabdeh "xxxx" QSC-dən İddiaçı xeyrinə tutulmalıdır. Məhkəmə qeyd edir ki, iddiaçının məhkəməyə təqdim etdiyi Kazan-Bakı aviareysi üzrə xx.xx.2023-cü il tarixdə 155 Euro məbləğində ödəniş edildiyi nəzərə alınmaqla və Mərkəzi Bankın rəsmi valyuta məzənnəsinə uyğun olaraq (xx.xx.2023-cü il tarixə 1 Avro= 1,8568 manat) həmin məbləğin 288,30 manat təşkil etməsi müəyyən olunur. İddia qalan hissədə təmin edilməməlidir,belə ki, iddiaçı ona daha artıq məbləğdə maddi ziyan vurulmasına, eləcə də, dövlət rüsumu qismində 71 manat ödəniş etməsinə dair sübutları məhkəməyə təqdim etməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" QSC-dən vurulmuş maddi zərərə görə 288,30 (iki yüz səksən səkkiz manat otuz qəpik) manat, mənəvi zərərə görə 100 (yüz) manat və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu olmaqla, cəmi 418,30 (dörd yüz on səkkiz manat otuz qəpik) manat pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüsalə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar