Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-2298/2025 28.02.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızı, İddiaçı cavabdeh Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinə qarşı “həbsin götürülməsi və s.” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: Təsviri hissə:
1. İddiaçı cavabdeh Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinə qarşı “həbsin götürülməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizənin yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilməlidir.
Əsaslandırıcı hissə:
3. Məhkəmə aktlarının elektron bazasından əldə edilmiş Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-80/2022 nömrəli, xx.xx.2022-ci il tarixli hökmündən görünür ki, həmin hökmlə hazırkı tələbdə göstərilən əmlakların xüsusi müsadirə edilməsi qərara alınmış, Bakı Apellyasiya Məhkəməsinin 1(103)-32/2023 nömrəli, xx.xx.2023-cü il tarixli Qərarı ilə isə maraqlı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Deməli, iddiaçı qanunla ona verilmiş hüquqdan istifadə edərək, müvafiq hökmü mübahisələndirərək, hazırkı iddia ərizəsində göstərdiyi tələbi apellyasiya şikayətində qeyd etmiş, lakin onun şikayətinin təmin edilməməsi qərara alınmışdır.
4. Məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun müvafiq qərarlarında ifadə edilmiş mövqeyini əsas götürərək hesab edir ki, hazırkı iddiaya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildir. Belə ki, Konstitusiya Məhkəməsi Plenumunun mövqeyinə görə, cinayət mühakimə icraatında iştirak etməyən, lakin məhkəmənin hökmünün, məsələn hökm əsasında xüsusi müsadirə edilməli olan əmlakın təqsirləndirilən şəxsə deyil, ona məxsus olduğu və cinayət yolu ilə əldə edilmədiyi əsası ilə hüquqlarının və qanunla qorunan maraqlarının əhəmiyyətli dərəcədə pozulduğunu hesab edən şəxslər, o cümlədən ümumi mülkiyyət hüququ subyektləri olaraq ər-arvad mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs qismində cinayət işi üzrə icraata cəlb edilə bilərlər. Yuxarıda qeyd edilmiş məhkəmə aktlarından da görünür ki, iddiaçı bu hüququndan artıq istifadə etmiş və müsbət nəticə əldə etməmişdir.
5. Beləliklə, cinayət mühakimə icraatına cəlb olunmamış, lakin cinayət-prosessual icraatı qaydasında qəbul edilmiş məhkəmə aktları ilə maraqlarına toxunulan şəxslərin əmlakı üzərinə cinayət-hüquqi tədbir qismində qoyulmuş məhdudiyyətin – xüsusi müsadirənin ləğvinə dair məsələyə cinayət mühakiməsi icraatı qaydasında Konstitusiya Məhkəməsinin Plenumunun müvafiq qərarlarında ifadə edilmiş mövqelərə uyğun, habelə CPM-in 408.3-cü maddəsində nəzərdə tutulmuş qaydada baxılması mümkündür. Plenum qərarlarında belə bir tələblə yenidən mülki qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququnun olması və məsələyə mülki qaydada baxılması nəzərdə tutulmamışdır. Qeyd olunanlara əsasən, habelə məsələyə mülki məhkəmə icraatı qaydasında baxılması qaydası mövcud olmadığı üçün hazırkı iddia tələbinə mülki məhkəmə icraatı qaydasında baxıla bilməz. Belə olan halda məhkəmə hesab edir ki, iddia ərizəsinin yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilməlidir.
6. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 183.2-ci maddəsinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 142.1, 383.1, 408.3-cü maddələri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 24 fevral 2022-ci il tarixli Qərarı: Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin tələblərinə uyğun olaraq, cinayət mühakimə icraatına cəlb olunmamış, məhkəmə hökmü ilə maraqlarına toxunan şəxsin məhkəməyə apellyasiya şikayəti ilə müraciət etmək hüququnun tənzimlənməsinin Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilməsi; Məsələ qanunvericilik qaydasında həll edilənədək Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsində və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulan məhkəməyə müraciət etmək hüququnun təmin edilməsi məqsədilə cinayət mühakimə icraatına cəlb olunmamış, məhkəmə hökmü ilə maraqlarına toxunan şəxsin, hüquqları və qanunla qorunan maraqları əhəmiyyətli dərəcədə pozulduğu hallarda mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs qismində cinayət işi üzrə icraata cəlb edilə bilməsi; Belə cəlbetmənin bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 55.1-ci maddəsinə uyğun həyata keçirilməsi; Bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunan hüquqi mövqelər nəzərə alınmaqla Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 183.2-ci maddəsinə əsasən məhkəmənin yekun qərarı ilə xüsusi müsadirə edilməli əmlakın kimə mənsub olması haqqında mübahisənin xüsusi icraat qaydasında tənzimlənməsinin Azərbaycan Respublikasının Milli Məclisə tövsiyə edilməsi qərara alınmışdır.
7. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 50.2, 59.1, 357.1 və 357.2-ci maddələrinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 248.3-cü və Azərbaycan Respublikası Ailə Məcəlləsinin 41.3-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 3 aprel 2023-cü il tarixli Qərarı: Beləliklə, cinayət mühakimə icraatında iştirak etməyən, lakin məhkəmənin hökmünün, məsələn hökm əsasında xüsusi müsadirə edilməli olan əmlakın təqsirləndirilən şəxsə deyil, ona məxsus olduğu və cinayət yolu ilə əldə edilmədiyi əsası ilə hüquqlarının və qanunla qorunan maraqlarının əhəmiyyətli dərəcədə pozulduğunu hesab edən şəxslər, o cümlədən ümumi mülkiyyət hüququ subyektləri olaraq ər-arvad və ya digərləri mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs qismində cinayət işi üzrə icraata cəlb edilə bilərlər.
8. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 114.1, 114.1.2-ci maddə. Bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır. 151.1-ci maddə. Ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür; 153.2, 153.2.1-ci maddə. Ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir; 153.3-cü maddə. Hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. 153.5-153.6-cı maddə. Ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. İddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi ilk gündən verilmiş hesab edilir.
9. Məhkəmə qeyd edir ki, “iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə” müddəası özündə, mülki işin məhkəmədə deyil, qanunun tələbinə görə başqa orqanda, yaxud iş məhkəməyə aid olsa da, mülki mühakimə icraatı qaydasında deyil, başqa məhkəmə icraatı qaydasında (cinayət, inzibati, inzibati xətalara dair işlər üzrə, xüsusi icraat, icra icraatı) baxılmalı olmasını, habelə qanunla xüsusi mübahisələndirmə qaydası müəyyən edilmiş aktların iddia icraatı qaydasında baxılmalı olmadığından ərizənin qəbul edilməsindən imtina edilməsini ehtiva edir.
10. Elektron iddia ərizəsinin “Dövlət rüsumunun ödənilməsi haqqında məlumat” bölməsindən görünür ki, iddia ərizəsinin məhkəməyə verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir.
11. Qeyd olunanlara əsasən hesab edirəm ki, iddiaya mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından, hazırkı iddia ərizəsinin yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilməlidir.
Nəticə:
12. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151, 153.2.1, 263-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq,
QƏRARA ALDİM:
İddiaçı cavabdeh Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinə qarşı “həbsin götürülməsi və s.” tələbinə dair iddia ərizəsinin yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu İddiaçı geri qaytarılsın (qəbz №: **********92). Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə ) şikayət verilə bilər.
Hakim: Günay Abidova