Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2302/2022 17.06.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, Əliyeva Günay Alim qızının katibliyi, İddiaçı vəkili-nümayəndəsi Vəkil iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı "maddi və mənəvi ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı "maddi və mənəvi ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Ali Məhkəməsinin 18 aprel 2018-ci il tarixli, 1(102)-406/2018 saylı qərarı ilə barəsində çıxarılmış bəraət qərarına əsasən Azərbaycan Respublikasının Maliyyə Nazirliyindən maddi ziyana görə 11400 (on bir min dörd yüz) manat, mənəvi ziyana görə isə 150000 (yüz əlli min) manat pulun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı barəsində 01 yanvar 2012-ci il tarixdən başlanılan cinayət işi 18 aprel 2018-ci il tarixinədək davam etmişdir. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 01 dekabr 2015-ci il tarixli 1(089)-306/2015 saylı hökmü ilə iddiaçı 8 (səkkiz) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. 8 (səkkiz) ay 25 (iyirmi beş) gün azadlıqdan məhrum edildikdən sonra iddiaçının vəkili tərəfindən verilmiş apelyasiya şikayətinə baxan Şirvan Apelyasiya Məhkəməsinin 26 avqust tarixli 2016-cı il tarixli, 1(106)- 152/2016 saylı hökmü ilə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 01 dekabr 2015-ci il tarixli 1(089)-306/2015 saylı hökmü ləğv edilmiş və iddiaçıya təqsirliliyi sübuta yetirilmədiyinə görə bəraət verilmişdir. Dövlət ittihamçısı tərəfindən kassasiya protestinə əsasən işə baxan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının (sədrlik edən hakim X4, X11 və X2 ibarət tərkibdə) 07 mart 2017-ci il tarixli qərarı ilə Şirvan Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının 26 avqust 2016-ci il tarixli hökmü ləğv edilərək cinayət işi həmin məhkəmədə yeni apellyasiya baxışına təyin edilmiş, apellyasiya protesti təmin edilmişdir. İşə yenidən baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (sədrlik edən hakim X16, X3 və X8 ibarət tərkibdə) 13 noyabr 2017-ci il tarixli hökmü ilə apellyasiya şikayəti təmin edilmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 01 dekabr 2015-ci il tarixli hökmü ləğv edilmiş, Azərbaycan Respublikası CM-nin 263.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlində təqsiri sübuta yetirilmədiyindən iddiaçıya bəraət verilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 noyabr 2017-ci il tarixli hökmündən dövlət ittihamçısı kassasiya protesti verərək həmin hökmü ləğv etməklə cinayət işinin apellyasiya instansiyası məhkəməsində yenidən baxılmasını təyin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 1 (102)-406/2018 saylı, 18 aprel 2018-ci il tarixli qərarı ilə iddiaçının barəsində olan Şirvan Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 noyabr 2017-ci il tarixli hökmü dəyişdirilmədən saxlanmışdır. Göründüyü kimi 6 il üç ay müddətində iddiaçının barəsində cinayət işi aparılmış, bu müddətin 8 (səkkiz) ay 25 (iyirmi beş) günü azadlıqdan məhrum edilmişdir. Bu müddət ərzində iddiaçının nə qədər mənəvi əzab və sarsıntı keçirməyini sözlə ifadə edə etmək mümkün deyil. Həmçinin, bu müddətdə 1 (bir) il 1 (bir) ay ərzində iddiaçının almalı olacağı əmək haqqısı 600 (altı yüz) manat olmaqla 7800 (yeddi min səkkiz yüz) manat məbləğində əmək haqqından məhrum edilmişdir. İddiaçı xx.xx.2013-cü il tarixdən xidməti uyğunsuzluqla polis orqanlarından xaric edilmişdir və 2021-ci ilin aprel ayından iddiaçıya təyin edilən pensiya da kəsilmişdir. Bu günədək iddiaçıya ödənilməli olan pensiyanın miqdarı 3600 (üç min altı yüz) manat təşkil edir. Bütün bu müddət ərzində iddiaçının ailəsi sarsılmış, səhətində ciddi problemlər yaranmış, əldə edəcəyi əmək haqqı, vəzifədə yüksəlmə, rütbədən və digər gəlirlərdən məhrum olmuşdur. Cinayət prosesini həyata keçirən orqanların səhvi və sui-istifadəsi nəticəsində iddiaçıya vurulmuş mənəvi ziyanın pul ilə kompensasiyası mümkün deyildir. Belə ki, cinayət prosesini həyata keçirən orqanların səhvi və sui-istifadəsi nəticəsində şəxsi həyat və işgüzar nüfuzuna xələl gəlmiş, fiziki və mənəvi ziyana məruz qalmışdır. Qanunsuz saxlanıldığı 8 ay 25 gün müddətində mənəvi sarsıntı keçirmiş və vurulmuş mənəvi ziyana görə 150 000 (yüz əlli min) manat pul tələb edir. Digər tərəfdən iddiaçı polis əməkdaşı olaraq azadlıqdan məhrum edildiyi müddət ərzində saxlanıldığı istintaq təcridxanasında işlərini apardığı məhkumlar tərəfindən təhdid və təzyiqlərə məruz qalmışdır. Şərəfli bir polis zabitinin həbsxanaları özlərinə yaşayış yeri seçmiş və dəfələrlə məhkum edilmiş residivist cinayətkarlarla dəfələrlə eyni maşında etap edilərək məhkəməyə gətirilməsi və MSY-də saxlanılmasının nə qədər ağrılı və iztirablı olmasını sözlə ifadə etmək qeyri-mümkündür. Məhkəmə iclasında İddiaçı vəkili-nümayəndəsi Vəkil iddianı müdafiə edib, təmin edilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsi X15 iddianı qəbul etməyib, iddiaya etiraz edərək bildirdi ki, iddiaçı cinayət prosesini həyata keçirən orqanların hərəkətləri ilə əlaqədar maddi və mənəvi ziyanın ödənilməsi tələbi ilə müraciət edərək Azərbaycan Respublikasının Maliyyə Nazirliyini cavabdeh qismində müəyyən etmiş və iddia tələbini Maliyyə Nazirliyinə yönəltmişdir. Lakin iş materiallarından da aydın olur ki, Maliyyə Nazirliyi tərəfindən iddiaçının hüquqlarını pozacaq hər hansı bir hərəkət(hərəkətsizliyə) yol verilməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 43.3-cü maddəsində qeyd olunur ki, Azərbaycan Respublikası mülki hüquq münasibətlərində eynilə digər hüquqi şəxslər kimi iştirak edir. Bu hallarda Azərbaycan Respublikasının səlahiyyətlərini onun hüquqi şəxslər olmayan orqanları həyata keçirirlər". Bu isə o deməkdir ki, Azərbaycan Respublikası adından çıxış edən orqan təkcə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi deyildir. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi dövlət büdcəsindən maliyyəşən mərkəzi icra hakimiyyəti orqanıdır, onun hesabındakı vəsait isə orqanın saxlanması xərcləridir (Nazirliyin mərkəzi aparatı işçilərinin əmək haqqı, dəftərxana ləvazimatlarının alınması və s.) və Nazirlik hər hansı sərbəst vəsaitə malik deyildir. Digər tərəfdən “Büdcə sistemi haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq hər ilin dövlət büdcəsi üzrə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilmiş ayırmalar ciddi şəkildə öz təyinatına uyğun olaraq maliyyələşdirilir və onların icra müddəti büdcə ilinin sonunda başa çatır. Maliyyə Nazirliyi Azərbaycan Respublikası Milli Məclisi tərəfindən hər il üçün təsdiq edilmiş dövlət büdcəsinin xərc maddələri üzrə büdcə daxilolmalarının vəziyyətindən asılı olaraq bütün büdcə təşkilatlarını onların şifarişləri əsasında tərtib olunmuş smetalarına uyğun olaraq mütəmadi maliyyələşdirir. Maliyyə Nazirliyinin ibtidai-istintaq və məhkəmə orqanlarının əvəzinə vəsaiti hər hansı bir təyinata yönəltmək səlahiyyəti yoxdur. Həmçinin, cavabdeh tərəfindən iddiaçıya qarşı onun hüquq və azadlıqlarını pozan, habelə mənəvi zərərə məruz qalmasına gətirib çıxaran heç bir qanunsuz hərəkət və hərəkətsizliyə yol verməmişdir. Buna görə də iddia mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdehə münasibətdə təmin edilə bilməz. İddiaçı maddi və mənəvi zərərə məruz qaldığını bildirsə də, bu zərərin mövcudluğu ilə bağlı heç bir sübut göstərə bilməmişdir. İddianın təmin olunmamasını xahiş etdi. Sonrakı məhkəmə iclasının vaxtı və yeri barədə bildiriş almasına baxmayaraq cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında İddiaçı vəkili-nümayəndəsi Vəkil bildirdi ki, cavabdeh tərəfindən təqdim olunmuş etiraz ərizəsi əsassızdır və təmin olunmamalıdır. Hər bir halda qanunvericiliyə əsasən mülki iş üzrə cavabdeh Azərbaycan Respublı̇ kasının Malı̇ yyə Nazı̇ rlı̇ yı̇ dir. Həmçinin, iddia ərizəsində nəzərdə tutulmuş maddi və mənəvi zərərin mövcudluğu ilə bağlı məsələləri sübut edəcək kifayət qədər sübutlar məhkəməyə təqdim olunmuşdur. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının nümayəndəsinin izahatını, vəkilin çıxışını dinləyib, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin 1 (102)-406/2018 saylı 18 aprel 2018-ci il tarixli qərarından görünür ki, Nağıyev X13 Ağır Cinayətlər Məhkəməsinin 01 dekabr 2015-ci il tarixli 1(089)-306/2015 saylı hökmü ilə 8 (səkkiz) il 6 (altı ay) müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Şirvan Apelyasiya Məhkəməsinin 26 avqust tarixli 2016-cı il tarixli, 1(106)-152/2016 saylı hökmü ilə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 01 dekabr 2015-ci il tarixli 1(089)-306/2015 saylı hökmü ləğv edilmiş və İddiaçı təqsirliliyi sübuta yetirilmədiyinə görə bəraət verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 07 mart 2017-ci il tarixli qərarı ilə Şirvan Apellyasiya Məhkəməsinin 26 avqust 2016ci il tarixli hökmü ləğv edilərək cinayət işi həmin məhkəmədə yeni apellyasiya baxışına təyin edilmişdir. İşə yenidən baxan Şirvan Apellyasiya Məhkəməsinin 13 noyabr 2017-ci il tarixli hökmü ilə apellyasiya şikayəti təmin edilmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 01 dekabr 2015-ci il tarixli hökmü ləğv edilmiş, Azərbaycan Respublikası CM-nin 263.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlində təqsiri sübuta yetirilmədiyindən iddiaçıya bəraət verilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 noyabr 2017-ci il tarixli hökmündən dövlət ittihamçısı kassasiya protesti verərək həmin hökmü ləğv etməklə cinayət işinin apellyasiya instansiyası məhkəməsində yenidən baxılmasını təyin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 1 (102)-406/2018 saylı, 18 aprel 2018-ci il tarixli qərarı ilə İddiaçı olan Şirvan Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 noyabr 2017-ci il tarixli hökmü dəyişdirilmədən saxlanmışdır. Mülki işin materiallarında olan X10 Respublika Hospitalının 813963 №-li əmək qabiliyyəti olmamaq vərəqəsindən görünür ki, İddiaçı xx.xx.2013-cü il tarixdən xx.xx.2013-cü il tarixədək stasionar müliacədə olmuşdur. Mülki işin materiallarında olan Bakı Baş Səhiyyə İdarəsinin “X17”nin 020903 №-li əmək qabiliyyəti olmamaq vərəqəsindən görünür ki, İddiaçı xx.xx.2013-cü il tarixdən xx.xx.2013-cü il tarixədək stasionar müliacədə olmuşdur. Mülki işin materiallarında olan sorğu əsasında təqdim edilmiş iddia ərizəsindən görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Tibbi-Sosial Ekspertiza və Reabiltasiya Agentliyinə qarşı əlilliyin təyin edilməməsi barədə qərarın qanunsuz hesab edilməsi və əlilliyin təyin olunması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş, iddia ərizəsi icraata qəbul edilmişdir. Mülki işin materiallarında olan sorğu əsasında təqdim edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabiltasiya Xidməti 1 saylı Tibbi-Sosial Ekspert Komissiyasının xx.xx.2016-cı il tarixli müayinə olunan şəxs üzrə məlumat sənədindən görünür ki, İddiaçı xx.xx.2016-cı il tarixindən “hər iki bud sümükləri orta 1/3 qapalı qəlpəli, sol daban sümüyünün sınıqlarına görə aparılan ekstramedulyar osteosintezdən əməliyyatdan sağ bud sümüyün orta 1/3 sol bud sümüyünün aşağı 1/3 qeyri-düzgün bitişmiş sınığı. Kontraktura” diaqnozu qoyulmuş, hərbi xidmət dövrü ilə əlaqədar ikinci dərəcəli əlillik verilmişdir. Mülki işin materiallarında olan sorğu əsasında təqdim edilmiş Tibbi-Sosial Ekspert Komissiyasında xx.xx.2022-ci il tarixli müayinə olunan şəxs üzrə məlumat sənədindən görünür ki, xx.xx.2021-ci il tarixində aparılmış müayinə zamanı İddiaçı bud sümüyü cisminin (diafizinin) sınığı, hər iki bud sümüklərinin orta 1/3-nin qapalı-qəlpəli, sol daban sümüyünün sınıqlarına görə (2011) aparılmış ekstramedulyar osteosintez əməliyyatlarından sonrakı sağ bud sümüyünün bitişmiş sınığı, sol bud sümüyünün qeyri-düzgün bitişmiş sınığı, sol diz oynağının bükücü-açıcı, sağ diz oynağının bükücü kontrakturası, sol aşağı ətrafın 3 sm qısalığı və ətrafda funksiyanın pozulması diaqnozu qoyulmuş, lakin diaqnoz əlilllik əlaməti təyin etmədiyindən, əlilliyin verilməsindən imtina edilmişdir. Mülki işin materiallarında olan sorğu əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Kadrlar İdarəsi tərəfindən təqdim edilmiş daxili işlər orqanlarında xidməti fəaliyyət barədə arayışdan görünür ki, İddiaçı xx.xx.2007-xx.xx.2008-ci illərdə hərbi xidmətdə olmuş, xx.xx.2009-xx.xx.2011-ci illərdə Ağacabədi Rayon Polis Şöbəsinin Cinayət axtarış bölməsində əməliyyat müvəkkili vəzifəsində, xx.xx.2011-xx.xx.2012-ci illərdə həmin Şöbənin İstintaq bölməsində müstəntiq vəzifəsində işləmiş, xx.xx.2012-xx.xx.2013-cü illərdə sərəncamda olmuş, xx.xx.2013-cü ildə isə “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin 135-ci maddəsinin 6-cı bəndinə (səhhətinə görə) əsasən daxili işlər orqanlarından xidmətdən xaric olunmuşdur. Mülki işin materiallarında olan sorğu əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Kadrlar İdarəsi tərəfindən təqdim edilmiş Ağacabədi rayon Polis Şöbəsinin sabiq əməkdaşı İddiaçı 2009-2012-ci illərdə almış olduğu əmək haqqı barədə xx.xx.2022-ci il tarixli arayışından görünür ki, İddiaçı 2009-cu il üzrə 3460,00 manat (mart-dekabr ayları – hər ay 346,00 manat), 2010-cu il üzrə 4320,90 manat (yanvar-mart ayları - hər ay 346,00 manat, aprel-oktyabr ayları – hər ay 360,10 manat, noyabr-dekabr ayları - hər ay 381,10 manat), 2011-ci il üzrə 4671,75 manat (yanvar-mart ayları – hər ay 381,10 manat, aprel-noyabr ayları hər ay 384,10 manat, dekabr ayı 455,65 manat) və 2012-ci il üzrə 911,30 manat (yanvar-fevral ayları – hər ay 455,65 manat) əmək haqqı almışdır. Mülki işin materiallarında olan sorğu əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Kadrlar İdarəsi tərəfindən təqdim edilmiş xx.xx.2013-cü il tarixli 24 №-li xəstəlik haqqında şəhadətnamədən görünür ki, xəstə İddiaçı DİN-nin 1 saylı poliklinikasında tibbi qeydiyyatdadır. Təqdim etdiyi sənədlərdən və anamnezdən məlum olur ki, xx.xx.2011-ci ildə xidmətlə əlaqəli olmayan bədbəxt hadisə-avtoqəza nəticəsində çoxsaylı travma almış, ilkin tibbi yardım Şirvan şəhər Mərkəzi xəstəxanasında göstərilmiş və xx.xx.2012-ci ildə Bakı şəhəri X18 “Hər iki budun: sağda orta, solda arxa və aşağı 1/3-nin açıq çoxqəlpəli yerini dəyişən sınıqları, sol daban sümüyünün qapalı-qəlpəli az yerini dəyişən sınığı, hər iki aşıq sümüyü boynunun çoxqəlpəli qapalı yerdəyişən sınıqları travmatik şok-İİ dərəcə” olmaqla xx.xx.2012-ci ilədək stasionar müalicədə olmuş, xx.xx.2012 və xx.xx.2012-ci il tarixlərində cərrahi əməliyyat “Hər iki bud sümüyü sınıqlarının ekstramedulyar osteosintezi” icra olunmuşdur. Sonrakı müalicəsini xx.xx.2012-ci ildən xx.xx.2012-ci ilədək DİN-nin 1 nömrəli poliklinikasında ambulator və xx.xx.2013-cü ildən xx.xx.2013-cü ilədək DİN-in Respublika Hospitalında stasionar şəraitdə davam etdirmişdir. Diaqnoz: “Hər 2 bud sümüklərinin orta 1/3 hissəsinin qapalı-qəlpəli, sol daban sümüyünün sınıqlarına görə (2011) aparılmış ekstramedulyar osteosintez əməliyyatlarından sonrakı sol bud sümüyünün refraksiyası. Sol aşağı ətrafın 3.0 sm qısalığı, funksiyanın cüzi dərəcədə pozulması”. xx.xx.2013-cü ildə Bakı şəhər Elmi-Tədqiqat Travmatologiya-Ortopediya institutunda konsultasiya edilmiş, “hər iki bud sümüyünün əməliyyatdan sonra, sağ bud sümüyünün orta bitişmiş sınığı, sol bud sümüyünün orta 1/3 hissəsinin qeyri-düzgün bitişmiş sınığı, sol diz oynağının bükücü-açıcı, sağ diz oynağının bükücü kontrakturaları”. Hazırda rəhbərlik tərəfindən DİO-da gələcək xidmətə yararlılığının təyini üçün DİN-nin X.H.K-na göndərilmişdir. Mülki işin materiallarında olan sorğu əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Kadrlar İdarəsi tərəfindən təqdim edilmiş xx.xx.2013-cü il tarixli 24 №-li xəstəlik haqqında şəhadətnamədən o da görünür ki, İddiaçı DİO-da xidmətkeçmə dövründə travma alması ilə əlaqədar Xüsusi Həkim Komissiyasının qərarına əsasən DİO-da xidmətə yararsız hesab edilmişdir. Mülki işin materiallarında olan sorğu əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Kadrlar İdarəsi tərəfindən təqdim edilmiş xx.xx.2013-cü il tarixli Ə175ş/h-001-13 nömrəli əmrdən çıxarışdan görünür ki, Ağacabədi rayon X14 bölməsinin müstəntiqi, polis baş leytenantı İddiaçı “istefada olan polis baş leytenantı” sayılmaqla xx.xx.2013-cü il tarixdən daxili işlər orqanlarından xidmətdən xaric edilsin. Xidmət müddəti 06 il, 10 ay, 22 gün təşkil edir. Mülki işin materiallarında olan sorğu əsasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərədindən təqdim edilmiş məktubdan görünür ki, X1 Sisteminin Pensiya altsistemi proqram təminatına əsasən İddiaçı hər hansı növ əmək pensiyası təyin edilməsi barədə məlumat aşkar edilməmişdir. Beləliklə, məhkəmə araşdırmaları zamanı müəyyən edilmişdir ki, iddiaçı Nağıyev X13 Ağır Cinayətlər Məhkəməsinin 01 dekabr 2015-ci il tarixli 1(089)-306/2015 saylı hökmü ilə iddiaçı 8 (səkkiz) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Şirvan Apelyasiya Məhkəməsinin 26 avqust tarixli 2016-cı il tarixli, 1(106)-152/2016 saylı hökmü ilə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 01 dekabr 2015-ci il tarixli 1(089)-306/2015 saylı hökmü ləğv edilmiş və İddiaçı təqsirliliyi sübuta yetirilmədiyinə görə bəraət verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 07 mart 2017-ci il tarixli qərarı ilə Şirvan Apellyasiya Məhkəməsinin 26 avqust 2016-ci il tarixli hökmü ləğv edilərək cinayət işi həmin məhkəmədə yeni apellyasiya baxışına təyin edilmişdir. İşə yenidən baxan Şirvan Apellyasiya Məhkəməsinin 13 noyabr 2017-ci il tarixli hökmü ilə apellyasiya şikayəti təmin edilmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 01 dekabr 2015-ci il tarixli hökmü ləğv edilmiş, Azərbaycan Respublikası CM-nin 263.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlində təqsiri sübuta yetirilmədiyindən iddiaçıya bəraət verilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 noyabr 2017-ci il tarixli hökmündən dövlət ittihamçısı kassasiya protesti verərək həmin hökmü ləğv etməklə cinayət işinin apellyasiya instansiyası məhkəməsində yenidən baxılmasını təyin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 1 (102)-406/2018 saylı, 18 aprel 2018-ci il tarixli qərarı ilə İddiaçı olan Şirvan Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 noyabr 2017-ci il tarixli hökmü dəyişdirilmədən saxlanmışdır. Göründüyü kimi, İddiaçı 01 dekabr 2015-ci il tarixdən 26 avqust 2016-ci il tarixədək, yəni 8 (səkkiz) ay 25 (iyirmi beş) gün qanunsuz olaraq həbsdə saxlanılmışdır. Odur ki, iddiaçıya qarşı mülki hüquq pozuntusunun törədilməsi işin mübahisəsiz halıdır. Məhkəmə İddiaçı qanunsuz olaraq cinayət məsuliyyətinə cəlb olunduğuna görə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi vasitəsi ilə Azərbaycan Respublikası dövlət büdcəsindən iddiaçı ona dəymiş maddi və mənəvi zərərə görə təzminat tələb etmək hüququndan istifadə edərək qaldırdığı iddiasına hüquqi qiymət verərək hesab edir ki, hazırkı iş üzrə hüquqi cəhətdən dəyərləndirilməli məsələ milli qanunvericilik və beynəlxalq hüquq normaları əsasında dövlət orqanları və vəzifəli şəxslər tərəfindən fərdə vurulmuş zərərin ödənilməsi ilə bağlıdır. Dövlət orqanları və vəzifəli şəxslərin hüquqazidd əməli nəticəsində fərdə vurulmuş zərər restitusiya, kompensasiya və satisfaksiya formasında ödənilməlidir. Restitusiya, kompensasiya və satisfaksiya biri-biri ilə qarşılıqlı əlaqədədir. Hüquqazidd əməllər nəticəsində fərdə əlavə maddi və mənəvi ziyanın vurulması hallarında hüquqazidd əmələ qədər mövcud olmuş vəziyyətin bərpası yetərli olmaya bilər. Restitusiyanın məqsədi hüquqazidd əməlin törədilməsinə qədər mövcud olmuş vəziyyətin bərpa olunmasıdır. Restitusiya özündə ən sadə formada, məsələn, qeyri-qanuni tutulmuş şəxsin azad olunmasını əhatə edə bilər. Eyni zamanda, restitusiya əvəzin ödənilməsi formalarında ən öndə durur. Hüquq doktrinasında restitusiyanın iki forması fərqləndirilir: əvvəlki maddi vəziyyətin bərpasını nəzərdə tutan naturada restitusiya (restitutio in integrum) və qeyrimaddi hüquqların bərpası (restitutio in pristinum). Bura inzibati, qanunverici və məhkəmə aktlarının ləğv edilməsini aid etmək olar. Restitusiya hüquqi prinsip kimi ilkinliyinə baxmayaraq, bir çox hallarda qeyri-mümkün və ya qeyri-adekvat olur. Vurulmuş ziyan restitusiya yolu ilə bərpa olunmamışdırsa, dövlət onu kompensasiya ilə bərpa etməlidir. Kompensasiyanın rolu vurulmuş zərərin əvəzinin tam ödənilməsi məqsədilə hər hansı boşluğu doldurmaqdan ibarətdir. Satisfaksiya pozuntunun etiraf olunmasında, təəssüfün bildirilməsində və ya hər hansı digər formada ifadə oluna bilər. İnsan hüquqlarının müdafiəsi ideyası ilk növbədə dövlətdaxili hüquqda öz təzahürünü tapır. Hər bir fərd doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquq və azadlıqlara malikdir. Həmin hüquq və azadlıqları bərabər əsasda, heç bir ayrı-seçkilik qoyulmadan təmin etmək dövlətin vəzifəsidir. «İnsan hüquqları haqqında Ümumi Bəyannaməsi»nin 3-cü maddəsində göstərilir ki, «hər bir şəxsin yaşamaq, azadlıq və şəxsi toxunulmazlıq hüququ var». Bəyannamənin 9-cu maddəsinə müvafiq olaraq «heç kim özbaşına həbsə, tutulmaya və ya sürgünə məruz qala bilməz». Məhkəmə qeyd edir ki, zərər çəkmiş şəxsə kompensasiya ödənilməsi milli qanunvericilik normaları ilə aşağıdakı qaydada tənzimlənir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 68-ci maddəsinin İİ hissəsinə əsasən, hər kəsin dövlət orqanlarının, yaxud onların vəzifəli şəxslərinin qanuna zidd hərəkətləri və ya hərəkətsizliyi nəticəsində vurulmuş zərərin dövlət tərəfindən ödənilməsi hüququ vardır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 56.0.2 və 56.0.3-cü maddəsinə əsasən bu Məcəllənin 39.1.1, 39.1.2, 39.1.6-39.1.8, 39.2-ci maddələrində nəzərdə tutulmuş əsaslarla barəsində cinayət təqibinə xitam verilmiş və həmçinin, bu Məcəllənin 39.1.3, 39.1.4, 39.1.10 və 39.1.11-ci maddələrində nəzərdə tutulmuş əsaslarla barəsində cinayət təqibinə xitam verilməli olan, lakin vaxtında xitam verilməyən və haqqında cinayət təqibi davam etdirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir. «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» 29 dekabr 1998-ci il tarixli Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən Azərbaycan Respublikası ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanları tərəfindən hər hansı şəxsin qanunsuz olaraq təqsirləndirilən şəxs qismində cəlb edilməsi, məhkum edilməsi, işdən (vəzifədən) kənarlaşdırılma və ya onun hüquqlarını məhdudlaşdıran digər prosessual hərəkətlərin həyata keçirilməsi nəticəsində həmin şəxsə vurulmuş ziyan ödənilməlidir. Həmin Qanunun 4-cü maddəsinə əsasən vurulmuş ziyanın bu Qanunla müəyyən edilmiş miqdarda və qaydada ödənilməsi hüququ bəraətverici hökm çıxarıldıqda, cinayət hadisəsinin, əməldə cinayət tərkibinin olmaması və ya şəxsin cinayət törətməkdə iştirakının sübut edilməməsi ilə əlaqədar cinayət işinə xitam verildikdə və ya cinayət işinin başlanması rədd edildikdə yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1101.1-ci maddəsinə əsasən qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qətimkan tədbiri kimi həbsəalmanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. Göstərilənlərlə yanaşı məhkəmə hesab edir ki, hüquqi cəhətdən dəyərləndirilməli olan məsələlərdən biri də kompensasiyanın nədən ibarət olmasıdır. Məhkəmə belə qənaətdədir ki, zərərin kompensasiya edilməsi nəinki onunla bağlı maddi ziyanları - gəlirin və əldə edilə biləcək faydanın itirilməsi, həmçinin ayrı-ayrı şəxslərə vurulmuş qeyri-maddi zərəri də əhatə edir. Qeyrimaddi zərər dedikdə, bir qayda olaraq doğma və yaxınlarının itirilməsi, ağrı və əzablar, şəxsiyyətə və ya şəxsi həyata qəsdlə əlaqədar hisslərə toxunulma başa düşülür. Məhkəmə qeyd edir ki, istər milli, istərsə də beynəlxalq qanunvericilikdə kompensasiyanın vəzifəsi - ziyanın təminindən ibarət olması kimi göstərilmişdir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 41-ci maddəsinə əsasən «əgər Məhkəmə Konvensiya və onun Protokollarının pozulduğunu, lakin Razılığa gələn Yüksək Tərəfin daxili hüququnun yalnız bu pozuntunun nəticələrinin qismən aradan qaldırılmasına imkan verdiyini müəyyən edirsə, Məhkəmə zəruri halda, zərərçəkən tərəfə əvəzin ədalətli ödənilməsini təyin edir». Mənəvi zərərin ödənilməsinin zəruriliyi bir sıra beynəlxalq sənədlərdə də öz əksini tapmışdır. Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin 1985-ci il 29 noyabr tarixdə qəbul etdiyi «Cinayət və hakimiyyətdən sui-istifadə qurbanları üçün ədalət mühakiməsinin əsas prinsipləri haqqında» Bəyannamənin 1-ci maddəsində göstərilir ki, «qurbanlar» termini altında üzv dövlətlərin hakimiyyətindən cinayətkar sui-istifadəni qadağan edən qanunlar daxil olmaqla, milli cinayət qanunlarının pozulması nəticəsində bədən xəsarəti və ya mənəvi ziyan, emosional əzab, maddi zərər, və ya əsas hüquqların xeyli dərəcədə sıxışdırılması daxil olmaqla fərdi, yaxud kollektiv şəkildə zərər yetirilən şəxslər başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 87.6.14, 89.4.12 və 422.3-cü maddələrinə dair» 19 mart 2002-ci il tarixli qərarında da «Cinayət və hakimiyyətdən sui-istifadə qurbanları üçün ədalət mühakiməsinin əsas prinsipləri haqqında» Bəyannaməyə istinad edilmişdir. Bəyannamənin 4-cü maddəsində göstərilir ki, qurbanlara (qurbanlar dedikdə, milli cinayət qanunlarının pozulması nəticəsində bədən xəsarəti və ya mənəvi ziyan, emosional əzab, maddi zərər, yaxud əsas hüquqlarının xeyli dərəcədə sıxışdırılması daxil olmaqla fərdi, yaxud kollektiv şəkildə zərər yetirilən şəxslər başa düşülür) mərhəmət göstərmək və ləyaqətlərinə hörmətlə yanaşmaq lazımdır. Onlara ədalət mühakiməsinin vasitələrindən istifadə etmək və milli qanunvericiliyə əsasən dəymiş zərərin tezliklə ödənilməsini təmin etmək üçün şərait yaradılmalıdır. Lakin nəzərə almaq lazımdır ki, iddiaçı ona maddi ziyan dəyməsinin məhkəmə tərəfindən müəyyən edilməsi üçün müvafiq sübutları təqdim etməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi bir sıra hallarda ərizəçinin ona maddi ziyan dəyməsini sübuta yetirmədiyinə görə ona maddi ziyana görə kompensasiya ödənilməsindən imtina etmişdir. (Məsələn, «Güleç Türkiyəyə qarşı», 27 iyul 1998-ci il; «Dikmə Türkiyəyə qarşı» 11 iyul 2000-ci il). İddiaçıya vurulmuş maddi ziyanla bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı ona məhrum olduğu gəlirlərə görə 11400 (on bir min dörd yüz) manat ziyan dəyməsini bildirsə də, iddiasını əsaslandıracaq sübutları məhkəməyə təqdim edə bilməmişdir. Buna görə də məhkəmə hesab edir ki, İddiaçı iddia tələbi maddi ziyanın əvəzinin ödənilməsi hissəsində təmin oluna bilməz. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Xüsusi Həkim Komissiyasının qərarına əsasən, İddiaçı DİO-da xidmətkeçmə dövründə travma alması ilə əlaqədar DİO-da xidmətə yararsız hesab edilmişdir. Daxili İşlər Nazirliyinin xx.xx.2013-cü il tarixli Ə175ş/h-001-13 nömrəli əmrinə əsasən “səhhətinə görə” xidmətdən xaric edilmişdir. Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamənin 39-cu bəndinə əsasən, daxili işlər orqanlarının əməkdaşı təqsirləndirilən şəxs qismində cinayət məsuliyyətinə cəlb olunduğu halda cinayət işi üzrə yekun qərar qəbul edilənədək vəzifədən kənarlaşdırıla bilər. Həmin Əsasnamənin 40-cı bəndinə əsasən, təşkilati və ştat dəyişiklikləri ilə əlaqədar daxili işlər orqanlarının əməkdaşı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada tutduğu vəzifədən azad edilərək iki aydan artıq olmayan müddətə müvafiq orqanın sərəncamında saxlanıla bilər. Göstərilən müddətdə həmin əməkdaşa tam həcmdə əmək haqqı ödənilir və onun işlə təmin olunması məsələsi həll edilir. İşin materiallarından göründüyi kimi, İddiaçı xx.xx.2012-xx.xx.2013-cü il tarixlərində DİNnin sərəncamında olmuşdur, lakin onun təqsirləndirilən şəxs qismində cinayət məsuliyyətinə cəlb olunması səbəbindən vəzifədən kənarlaşdırılması ilə bağlı məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Bundan əlavə, Bakı İnzibati Məhkəməsinə müraciət etdiyi iddia ərizəsində iddiaçı özü də qeyd etmişdir ki, yol-nəqliyyat hadisəsi nəticəsində ağır dərəcəli bədən xəsarətləri alması səbəbindən xx.xx.2011-ci il tarixdən 2014-cü ilin sonunadək yataq xəstəsi olmuşdur. Eyni zamanda İddiaçı xx.xx.2021-ci il tarixində, yəni həbsdən azad olunduqdan sonra əlilliyin verilməsindən imtina edilmiş, bununla əlaqədar İddiaçı Aydın oğlu cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabiltasiya Agentliyinə qarşı “əlilliyin təyin edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş və iş həmin məhkəmənin icraatındadır. Qeyd edilməlidir ki, ona əlililliyinə görə təyin edilmiş pensiyanın dayandırılmasına əsas Tibbi-Sosial Ekspert Komissiyasının qərarı olmuşdur (növbəti müayinədən keçdiyi zaman əlilliyin əlaməti təyin edilməmişdir). Məhkəmə hesab edir ki, maddi zərərin əvəzinin ödənilməsi tələbinin təmin olunması üçün həmin zərər mötəbər və kifayətedici sübutlarla təsdiq edilməlidir. Belə sübutlar iddiaçı tərəfindən təqdim edilmədiyi üçün məhkəmələrin iddianı maddi zərər hissəsində rədd edilməsi üçün əsasdır. Belə ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi, həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.(§68) Eyni zamanda «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq ”əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir.(§93) Yuxarıda qeyd olunanlara baxmayaraq, məhkəmə hesab edir ki, iddiaçının əsassız olaraq cinayət məsuliyyətinə cəlb olunması nəticəsində ona mənəvi zərər vurulmuşdur. Məhkəmə iddiaçıya vurulmuş mənəvi zərərin ödənilməsi məsələsini aşağıdakı qaydada həll edilməsini məqsədəmüvafiq hesab edir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyrimaddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarında göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «mənəvi ziyanla» bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahtlıq, məyusluq hisslərini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, Avropa Məhkəməsi «Koinq Almaniyaya qarşı» işdə ərizəçiyə «mənəvi narahatlıq yetirilməsinə», «Artiko İtaliyaya qarşı» işdə «tənhalıq və kimsəsizlik hisslərinə», «Younq, Cames və X5rşı» işdə «alçaldıcı və təhqiredici hərəkətlərə» görə mənəvi zərərin ödənilməsi qərarına gəlmişdir. Avropa Məhkəməsinin «Ədalətli kompensasiya tələbləri barədə Praktiki Qaydaları»nın 13cü bəndinə əsasən, mənəvi zərərə aid Məhkəmənin təyin etdiyi kompensasiya qeyri-maddi zərərə, məsələn, əqli və ya fiziki əziyyətə görə maliyyə kompensasiyasının təmin olunmasına yönəlib. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarına əsasən, mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən edilir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə mənəvi zərərin iddia edilən məbləğdə təmin edilməsini mümkün hesab etməyərək, iddianın bu hissəsini qismən, yəni 8500 (səkkiz min beş yüz) manat həcmində təmin olunmasını ədalətli hesab edir. Belə ki, İddiaçı 8 (səkkiz) ay 25 (iyirmi beş) gün həbsdə saxlanılmağı ona inamsızlıq, narahatlıq, məyusluq hissləri, streslər, əzab və əziyyətlər yetirsə də, bunun qarşılığının iddia edilən dəymiş mənəvi ziyana görə 150 000 (yüz əlli min) manat məbləğdə ödənilməsi ağlabatan deyildir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunan sübutlara məcmu halda, tam, hərtərəfli, obyektiv və qərəzsiz hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, dövlət büdcəsinin vəsaiti hesabına İddiaçı xeyrinə 8500 (səkkiz min beş yüz) manat məbləğində mənəvi zərərin əvəzi ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin vasitəsi ilə dövlət büdcəsinin vəsaiti hesabına mənəvi zərərin əvəzi olaraq 8500 (səkkiz min beş yüz) manat məbləğində pul İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Günay Abidova
Məhkəmə qərarları › İş №e-2(006)-2302/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-2302/2022
17.06.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver