Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2330/2025 30.09.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X1 oğlunun katibliyi, İddiaçı, vəkili-nümayəndəsi Vəkil1, Cavabdeh Publik Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikasında Nümayəndəliyinin vəkili-nümayəndəsi Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh Publik Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikasında Nümayəndəliyinə qarşı “maddi və mənəvi zərərin ödənilməsi və s.” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı Cavabdeh Publik Səhmdar Cəmiyyətinə qarşı “maddi və mənəvi zərərin ödənilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 266,94 manat çamadanın dəyərinin, 266,94 manat pul məbləğinin gecikdirilməsinə görə 13,34 manat faizin, 1000,0 manat maddi zərərin, 1000,0 manat mənəvi zərərin, e-mail yazışmalarının notarial tərcüməsinə görə ödənilmiş 127,0 manat xərcin, 45,0 manat dövlət rüsumunun və 500,0 manat vəkil xərcinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2024-cü il tarixdə Bakı-Moskva marşrutu üzrə səyahət edərkən ona məxsus çamadanın təkəri zədələnmişdir. İddiaçı həmin çamadanı 22 fevral 2024-cü il tarixdə Yessentuki şəhərindəki “Perekrestok” mağazasından 14.587 rubla, yəni 266,94 manata almışdır. Çamadanın dəyərinin iddiaçıya ödənilməsi üçün o, rəsmi qaydada cavabdehə email vasitəsi ilə müraciət etmişdir. Cavabdeh tərəfindən çamadanın zədələndiyi təsdiqlənmişdir. Cavabdeh tərəfindən iddiaçıya cavab yazılmışdır ki, çamadanın təkərini iddiaçı təmir etdirsin və bununla bağlı xərc sənədlərini onlara təqdim etsin. İddiaçı isə bu təklifi qəbul etməmişdir. Çamadanın fotoşəkillərinə baxdıqda görünür ki, çamadanın təkərini təmir etmək qeyri-mümkündür. Bundan başqa, iddiaçı Sumqayıt şəhərində yaşayır və onun yaşadığı şəhərdə belə bir təmir yeri yoxdur. Əlavə olaraq, iddiaçının orqanizmin funksiyaları 61-80 faiz pozulmuşdur (2-ci qrup əlil). Buna görə də çamadanın təmir edilməsi mümkün olsa belə, onu hansısa başqa şəhərə və ya ölkəyə aparmalıdır ki, bu da mümkün deyildir. İddiaçı həmin çamadanı məcburi olaraq Moskvadan Bakıya geri qaytarmışdır. Çamadan işlək vəziyyətdə olmadığı üçün onu gətirməkdə əziyyət çəkmişdir. İddiaçı 2-ci qrup əlil olduğu üçün çamadanı daşımaq ona maddi və mənəvi zərər vurmuşdur. Əlavə olaraq, iddiaçının cavabdehlə çoxlu e-mail yazışmaları ona mənəvi zərər vurmuşdur. İddiaçı ilə cavabdeh arasında olan bütün yazışmalar tərcümə edilərək notarial formada təsdiq edilmişdir.
3. Cavabdeh Publik Səhmdar Cəmiyyəti iddia ərizəsinə etiraz təqdim edərək, iddia tələbinin təmin edilməməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Etiraz onunla əsaslandırılmışdır ki, cavabdeh iddiaçının çamadanının zədələnmiş təkərinin təmiri ilə bağlı xərci (təkərin dəyişdirilməsi/alınması üzrə) iddiaçıya ödəməyə hazır olduğunu bildirmişdir. Belə ki, həmin çamadanın zədələnmiş təkərinin dəyişdirilməsi və çamadanın sonrakı normal istifadəsi tam mümkündür. İddiaçının tələbi qanunla əsaslandırılmır və təmin edilməsi üçün heç bir hüquqi əsas yoxdur. a) Məhkəmə prosesi:
5. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edib bildirdi ki, çamadanın dəyəri 266 manat 94 qəpikdir və o, tam məbləği cavabdehdən tələb edir. Belə ki, çamadanı təmir etdirə bilməz, çünki artıq onda deyil. İddiaçı çamadanın təkəri sınıq olduğu üçün, məcburən, başqa çamadan almalı olmuş, sınıq olan çamadanın fotoşəkillərini aeroportun otelində çəkmiş və əşyaları yeni çamadana qoymuş, daha sonra sınıq olan çamadanı cavabdehin Moskvadakı nümayəndəliyinə təhvil vermiş, lakin bununla bağlı heç bir qəbz almamış, məcburən taksi ilə 3 dəfə Sumqayıtdan Bakıya cavabdehin nümayəndəliyinə getmiş, bununla da ona həm də maddi zərər dəymişdir.
6. Məhkəmə iclasında İddiaçı vəkili-nümayəndəsi Vəkil1 iddianı müdafiə edib, təmin edilməsini məhkəmədən xahiş etdi.
7. Məhkəmə iclasında Cavabdeh Publik Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikasında Nümayəndəliyinin vəkili-nümayəndəsi Vəkil2 iddianı qəbul etməyib bildirdi ki, cavabdeh çamadana dəymiş zərəri – bir təkərin sınması faktını qəbul etmiş, təmir etməyi və ya təmir xərcini ödəməyə hazır olduğunu iddiaçıya da bildirmişdir. Əlavə olaraq, çamadanın cavabdehin Moskva şəhərində yerləşən ofisinə təhvil verilmədiyini və onlarda olmadığını qeyd etdi. Belə ki, iddiaçı iddia ərizəsində çamadanın cavabdehdə olması barədə heç bir şey qeyd etməmişdir və çamadanın özündə olmasını, Moskvadan Bakıya qaytardığını etiraf etmişdir. Qeyd etdiklərinə əsasən iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi.
8. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir.
Əsaslandırıcı hissə: a) İş materialları:
9. Cavabdeh PSC tərəfindən iddiaçıya təqdim olunmuş, xx.xx.2024-cü il tarixli, SVO-SU 011521 nömrəli qəbzdən görünür ki, İddiaçı məxsus SU314991 baqaj etiket nömrəli çamadana zərər dəymiş, zərər “bir görünən təkər yoxdur” kimi qeyd olunmuş, çamadanın qiyməti 14.587 rubl qiymətləndirilmiş, bu məlumatın göstərilən məbləğdə ödəniş üçün əsas olmadığı qeyd edilmişdir.
10. Şəms Tərcümə Xidmətləri Mərkəzinin 1 saylı Sumqayıt Regional “Asan Xidmət” Mərkəzindəki şöbəsi tərəfindən xx.xx.2025-ci il tarixli sənədlə rus dilindən azərbaycan dilinə tərcümə edilmiş, iddaçı ilə cavabdeh “Aeroflot” PSC-nin “yerüstü yükdaşımaların təminatı departamenti”nin iddia və şikayətlər qrupunun mütəxəssisi Levina Tatyana arasındakı müxtəlif tarixli e-mail yazışmalarından görünür ki, iddaçı cavabdehə e-mail ünvanlayaraq, yükünün zədələndiyini, təkərinin sınıq olduğunu, 14.587 rubl məbləğində çamadanın dəyərinin geri qaytarılmasını tələb etdiyini, çamadanın 22 fevral 2024-cü ildə Yessentuki şəhərindəki “Perekrestok” mağazasından alındığını, baqajın və sənədlərin şəklini göndərə biləcəyini bildirmişdir. Cavabdehin nümayəndəsi isə zərərin xarakterini (bir təkərin olmamasını), çamadanın təkər bloklarının zədələnmədiyini, təkərin çıxarılabilən olduğunu, çamadanın təmiri və sonrakı istifadəsi imkanını nəzərə alaraq, iddaçıya çamadan çarxını təmir sexində/servis mərkəzində şəxsən almasını/dəyişdirməsini və həmin xərclərin qarşılanması üçün onlara təkərin təmiri/alınması qəbzinin surətini göndərməsini təklif etmişdir. Cavabdeh, həmçinin, həmin təkərin böyük onlayn “marketplace”lərdən ev ünvanına çatdırılma ilə təmin edilə biləcəyini, yeni təkərin alınmasını təsdiq edən sənəd və təmir/sexindən qəbz alındıqdan sonra çəkilmiş xərcləri qarşılamağa hazır olduğunu, təkəri dəyişdirmək/təmir etmək mümkün və ya səmərəli deyilsə, bu faktı təsdiq edən sənəd göndərilməsini bildirmişdir. İddiaçı cavab olaraq, yaşadığı şəhərdə çamadan təmir sexi olmadığını, səhhətinin vəziyyətini (2-ci qrup əlil olmasını) nəzərə alaraq, bu çamadanı başqa şəhərə daşımasının mümkün olmadığını və buna məcbur olmadığını, bundan başqa, taksi, ekspertiza və ekspertizanın tərcüməsinin əlavə xərcə səbəb olacağını bildirmiş, bu səbəbdən çamadanın dəyərinin ödənilməsini xahiş etmişdir.
11. Hüquqi yardımın göstərilməsi haqqında EM-1920VK-11121/25 nömrəli müqavilədən və xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, iddiaçı hüquqi yardıma görə 500 manat məbləğində pul ödəmişdir.
12. xx.xx.2025-ci il tarixli tərcümə blankından görünür ki, iddiaçı tərcümə xidmətinə görə 127 manat məbləğində pul ödəmişdir.
13. İş materiallarına çamadanın bir təkərinin sınmış olduğunu əks etdirən fotoşəkillər də əlavə edilmişdir.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
14. Beləliklə, məhkəmə tərəfindən müəyyən olundu ki, İddiaçı Bakı-Moskva marşrutu üzrə SU1855/xx.xx.2024 reysi ilə səyahət edərkən ona məxsus çamadan zədələnmiş, Cavabdeh Publik Səhmdar Cəmiyyəti tərəfindən iddiaçıya hava limanında qəbz təqdim edilmiş, həmin qəbzdə çamadanın bir görünən təkərinin olmaması, çamadanın ümumi dəyərinin 14587 rubl olması və bu məlumatın göstərilən məbləğdə ödəniş üçün əsas olmadığı qeyd edilmişdir.
15. İddiaçı e-mail vasitəsilə cavabdehlə əlaqə saxlayaraq, ona dəymiş zərərin çamadanın dəyəri məbləğində ödənilməsini tələb etsə də, cavabdeh tərəf bunun mümkün olmadığını, belə ki, çamadanın sadəcə çıxarılabilən təkərinə zərər dəydiyi üçün təmir edildikdən sonra istifadəyə tam yararlı olacağını bildirmiş, iddiaçının çamadanı şəxsən təmir etdirərək, yaranmış xərclə bağlı qəbzləri cavabdehə göndərməsini təklif etmiş və yalnız bu halda iddiaçıya dəymiş zərəri ödəyəcəklərini qeyd etmişdir.
16. Cavabdeh PSC-nin rəsmi vebsaytında “Dəstək” bölməsində “Baqajım zədələnib. Daşıyıcıya qarşı necə tələb irəli sürə bilərəm?” sualına aşağıdakı kimi cavab verilmişdir: “Biz sizə baqajınızı təmir etməyi təklif edirik. Əgər baqajı təmir etmək mümkün deyilsə, onun dəyəri sənədlərlə sübut edilməlidir. İddia ərizəsinə aşağıdakı sənədlər əlavə edilməlidir: zədələnmiş baqajın dəyərini və alınma ilini göstərən arayış; Əmlak Uyğunsuzluğu haqqında Hesabat (PİR); baqaj etiketi (orijinal); təmir üçün hesab-faktura (əsli); baqajın alınması qəbzi (əsli); əlaqə məlumatları - ünvan, telefon nömrəsi, e-poçt”.
17. Məhkəmə iddiaçıya məxsus çamadanın dəyərinin, həmin çamadanın təmir edilməsinin mümkün olub-olmamasının, mümkün olduğu təqdirdə nə qədər vəsait tələb olunmasının müəyyən edilməsi məqsədi ilə əmtəəşünaslıq ekspertizasının təyin edilməsi barədə qərardad qəbul etsə də, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən qərardadın icra edilməsi mümkün olmamışdır. Belə ki, iddiaçının vəkili-nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçının çamadanı zədələndikdən sonra cavabdehin Moskva şəhərində yerləşən ofisinə verdiyini, çamadanın iddiaçının özündə olmadığını bildirmiş, cavabdehin nümayəndəsi isə öz ərizəsi ilə bunu təkzib etmişdir. Nəticədə tədqiqat obyekti olan çamadanın ekspert baxışına təqdim edilməsi barədə vəsatətin təmin edilməsi mümkün olmadığından, iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizasının aparılmasından imtina edilmişdir.
18. Belə olan halda, məhkəmə digər mümkün vasitələrlə çamadanın təmiri üçün lazım olan təxmini xərci müəyyən etməyi zəruri hesab etmiş, lakin qiymətləndirmə üçün ödənişli qiymətləndirmə xidmətinə müraciət edilməsini – dəymiş zərərin xarakterini, iddia tələbinin qiymətini – nəzərə alaraq, ağlabatan hesab etməmiş, bunun məhkəmə xərclərini lüzumsuz və iddia qiymətinə qeyri-mütənasib artıracağı qənaətinə gəlmişdir. Bu səbəblə, məhkəmə internet vasitəsilə sosial şəbəkələrdə və elan vebsaytlarında (tap.az, lalafo.az, xidmetler.az və s.) araşdırma etmiş, çamadan təmiri xidmətini təklif edən istifadəçilərin bənzər zərərə görə aldığı xidmət haqqına əsasən, çamadan təkərinin dəyişdirilməsi üçün lazım olan ortalama məbləğin 50 manat olmasını müəyyən etmişdir.
c) Məhkəmənin mövqeyi:
19. İddia tələbinin “maddi zərərin ödənilməsi” hissəsi ilə əlaqədar məhkəmə qeyd edir ki, aparılmış araşdırmalar nəticəsində tələbin bu hissəsinin qismən təmin edilməsi üçün əsaslar müəyyən edilmişdir.
20. Məhkəmə iddiaçının “266,94 manat çamadanın dəyərinin ödənilməsi” tələbinə münasibətdə hesab edir ki, çamadana zərər dəyməsi faktı həm iş materiallarına əlavə edilmiş sübutlarla, həm də cavabdehin nümayəndəsinin izahatı ilə təsdiq olunmuşdur. Lakin iddiaçı dəymiş zərərin məhz çamadanın qiyməti məbləğində olmasını sübut etməmişdir. Belə ki, iddiaçı öz iddia ərizəsində çamadanı Moskvadan Bakıya gətirdiyini qeyd etsə də, sonradan çamadanı sınıq olması səbəbindən cavabdehin Moskvadakı nümayəndəliyinə təhvil verdiyini bildirmiş, bu halı təsdiq edən heç bir sübutu (qəbz və s.) məhkəməyə təqdim etməmişdir.
21. Məhkəmə qeyd edir ki, iddiaçı hazırda çamadanın cavabdehdə olmasını sübut edə bilməsə də, çamadanın iddiaçıda olmasını da dəqiqliklə müəyyən etmək mümkün deyil. Azərbaycan Respublikasının mülki-prosessual qanunvericiliyi sübutların obyektiv qiymətləndirilməsini tələb edir, lakin “Məhkəmələr və hakimlər haqqında” qanunda sübutların qiymətləndirilməsi standartı (sübuetmə standartı) kimi – hakimin sərbəst daxili inamı da əsas götürülür. Belə ki, həmin qanunun 100-cü maddəsində deyilir ki, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Məhkəmə həm iddiaçının iddia ərizəsində çamadanı Bakıya gətirdiyini qeyd etməsini, hətta ona dəymiş maddi və mənəvi zərəri bununla əsaslandırmasını, həm e-mail yazışmalarını, həm də iş materiallarına əlavə edilmiş fotoşəkilləri nəzərə alaraq hesab edir ki, çamadanın şəklinin çəkildiyi fon da (masa, süfrə, meyvə qabı, divar kağızları) fotoların ev şəraitində çəkildiyini deməyə əsas verir. Beləliklə, məhkəmə bütün qeyd edilənlərə və öz daxili inamına əsaslanaraq hesab edir ki, çamadan iddiaçı tərəfindən Moskvadan gətirilmişdir və iddiaçının özündədir (iddiaçı əksini sübut etməmişdir).
22. Bundan əlavə, iddiaçının tədqiqat obyektini ekspertizaya təqdim etməməsi səbəbindən məhkəmə-əmtəəşünaslıq ekspertizasının aparılması mümkün olmamış, çamadanın təmirinin mümkün olmaması barədə iddia da öz təsdiqini tapmamışdır. Mülki Prosessual Məcəllənin 97.5-ci maddəsinə əsasən, tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər.
23. Bütün bu qeyd edilən halları nəzərə alaraq məhkəmə hesab edir ki, çamadanın təmirinin mümkün olması faktı təsdiq olunmuş hesab edilə bilər və məhkəmə çamadana dəymiş zərərin əvəzini müəyyən edərək, iddianı bu hissədə qismən təmin etməlidir.
24. Digər tərəfdən, iddiaçının yaşadığı şəhərdə çamadan təmiri üçün servisin mövcud olmadığı barədə iddiası anlaşılan olub, bu kimi xidmətlərin iddiaçının yaşadığı Sumqayıt şəhərində deyil, Bakı şəhərində daha əlçatan olması, adətən iddiaçıya qəbz verə biləcək vergi ödəyicisi kimi qeydiyyatdan keçmiş servislər və s. tərəfindən deyil, rəsmi qəbz tərtib etməyən ayrı-ayrı fiziki şəxslər tərəfindən həyata keçirilməsi hamıya bəlli olan hal kimi qəbul edilə bilər. Həmçinin, iddiaçının səhhəti, 2-ci qrup əlil olması da nəzərə alınarsa, onun çamadanı təmir üçün başqa şəhərə aparmağa istəksiz olması, çamadan təmir edilə bilmədiyi və ya apardığı təmir məntəqəsində qəbz təqdim edilmədiyi halda, çamadanı başqa məntəqəyə aparmaq ehtimalının onu bu hərəkətləri etməkdən əvvəlcədən çəkindirməsi başadüşüləndir.
25. Qeyd edilməlidir ki, iddiaçı bu halları cavabdehə də bildirmiş, lakin, cavabdeh bu halları ümumiyyətlə nəzərə almamış, iddiaçının vəziyyətini yüngülləşdirəcək və ya onu mənəvi cəhətdən rahatlaşdıracaq hər hansı bir hərəkət etməmiş, bu, iddiaçıda zərərin əvəzini ala bilməyəcəyi düşüncəsinin və məyusluq hissinin (və ya frustrasiya - insanın məqsədinə çatmağına mane olan real və ya xəyali maneələrlə qarşılaşdığı zaman yaranan gərgin psixi vəziyyət) yaranmasına səbəb olmuşdur.
26. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə maddi zərərin əvəzini bu xidmətlər üçün müəyyən edilmiş orta bazar qiymətinə uyğun olaraq müəyyən etdiyi məbləğdə, yəni 50 manat məbləğində müəyyən etməyi ağlabatan hesab edir.
27. Məhkəmə iddiaçının “266,94 manat pul məbləğinin gecikdirilməsinə görə 13,34 manat faizin ödənilməsi” tələbinə münasibətdə bildirir ki, iddia bu hissədə əsassız olduğundan təmin edilə bilməz.
28. Belə ki, tərəflər arasında bağlanmış müqavilə sərnişin daşınması müqaviləsidir və Mülki Məcəllənin tələblərinə görə, həmin müqavilə münasibətlərinin tənzimləndiyi paraqrafdan ayrı qayda irəli gəlmirsə, sərnişin daşınması haqqında müqaviləyə tapşırıq müqaviləsi haqqında göstərişlər tətbiq edilir. Deməli, tərəflər arasındakı öhdəlik münasibətləri tapşırıq müqaviləsi üzrə yaranmış, cavabdehin dəymiş zərərə görə hüquqi məsuliyyətinin əsası tapşırıq müqaviləsi üzrə öhdəliyin lazımınca icra edilməməsi nəticəsində əmələ gəlmişdir. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin lazımınca icra edilməməsi dedikdə, öhdəliyin vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi başa düşülür.
29. Mülki Məcəllənin 443-cü maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Deməli, burada dəymiş zərərin əvəzinin ödənilməsi üçün, ilk növbədə, borclunun öhdəliyi pozmağa görə məsuliyyəti müəyyən olunmalıdır.
30. İddiaçı iddia ərizəsində aydın şəkildə əsaslandırmasa da, tələbin mahiyyətindən iddiaçının Mülki Məcəllənin 445.1-ci maddəsinə əsaslandığı görünür. Həmin maddəyə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Lakin məhkəmə qeyd edir ki, bu, öhdəliklərin icrasının gecikdirilməsinə görə müəyyən edilmiş ümumi qaydadır və bu qayda hər bir öhdəliyin hansı müqavilədən əmələ gəlməsinə və öhdəliyin predmetinə görə fərqli formada tətbiq edilir. Belə ki, məsələn, borc müqaviləsindən irəli gələn pul öhdəliklərində icra müddəti konkret müəyyən olunur, faizin miqdarı ya müqavilə ilə əvvəlcədən razılaşdırılır ya da qanunvericiliklə tənzimlənir. Burada, kreditorun fakitiki zərəri sübutetməyə ehtiyac olmadan, avtomatik olaraq, gecikdirilmiş məbləğə və gecikmə günlərinin sayına müvafiq hesablanır.
31. Digər tərəfdən, burada tələbin hüquqi əsasını öhdəliyin vaxtında icra edilməməsi deyil, öhdəliyin xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi nəticəsində dəymiş zərər təşkil edir. Tərəflər arasında yaranmış öhdəliklər üzrə dəymiş zərərin hesablanması üçün isə sübutetmə tələb olunur. Yəni kreditor (vəkalət verən) dəymiş zərəri borcludan tələb edə bilmək üçün həm ona dəymiş real zərəri və əldən çıxan faydanı, həm də bu zərərin müqavilə üzrə öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi nəticəsində yarandığını sübut etməlidir.
32. Bu səbəblə, iddiaçı tərəfindən 266,94 qəpik pul məbləğinin ödənilməsinin tərəflər arasındakı öhdəliyin predmeti kimi müəyyən edilməsi və bu öhdəliyin icra edilməməsinə görə faiz hesablanması düzgün deyildir. Çünki, tərəflər arasında öhdəliyin predmeti (predmetlərindən biri) sərnişinin yükünün yola düşmə yerindən təyinat yerinə çatdırmaqdır (hərəkət), yükün dəyəri olan pul məbləğinin özü deyildir. Beləliklə, burada öhdəliyin icrasının gecikdirilməsinə görə dəymiş zərərin deyil, öhdəliyin xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsinə görə vurulmuş zərərin kompensasiya edilməsindən söhbət gedə bilər. Bunun üçün də əvvəlcə zərər və məsuliyyət müəyyən olunmalıdır.
33. İddia tələbinin “1000,0 manat maddi zərərin ödənilməsi” hissəsi ilə bağlı isə qeyd edilməlidir ki, maddi zərərin əvəzinin ödənilməsi tələbinin təmin olunması üçün həmin zərər mötəbər və kifayətedici sübutlarla təsdiq edilməlidir. Belə sübutların iddiaçı tərəfindən təqdim edilməməsi isə məhkəmələrin iddianı maddi zərər hissəsində rədd etməsi üçün əsasdır. Belə ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı maddi ziyan tələbinin bu hissəsini təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etmədiyindən, tələb üzrə bu hissədə öz sübutetmə vəzifəsini yerinə yetirmədiyindən, tələb bu hissədə təmin edilməməlidir.
34. İddia tələbinin “mənəvi zərərin ödənilməsi” hissəsi ilə bağlı isə məhkəmə hesab edir ki, tələb bu hissədə də qismən təmin edilməlidir.
35. Belə ki, məhkəmə cavabdehin hüquqi şəxs olmasını, iddiaçının 2-ci qrup əlil olmasını, törədilmiş delikt nəticəsində vurulmuş zərərin aradan qaldırılması üçün cavabdehin iddiaçının bildirdiyi halları nəzərə almayaraq, zərərin əvəzinin almasını asanlaşdırmaq üçün heç bir hərəkət etməməsini və digər bütün diqqətəlayiq halları nəzərə alaraq hesab edir ki, Cavabdeh Publik Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikasında Nümayəndəliyindən 100 manat məbləğində mənəvi zərərin əvəzi alınaraq iddiaçıya verilməlidir. Məhkəmə cavabdehdən tutulmalı olan mənəvi zərərin məbləğini müəyyənləşdirərkən həm də onu nəzərə alır ki, məcburi olmasa belə, cavabdeh praktikada digər daşıyıcıların həyata keçirdiyi üsullardan (endirim, promokod, bilet alarkən əlavə baqaj haqqı və s.) istifadə edərək, iddiaçının narahatlığını azalda, zərərin əvəzinin ödənilməyəcəyinə dair inamın onda yaratmış olduğu məyusluğun qarşısını ala bilərdi. Məhkəmə yuxarıda sadalanan hallara və qiymətləndirmə sərbəstliyinə əsaslanaraq hesab edir ki, iddiaçıya vurulmuş mənəvi zərərin onun özünün iddia etdiyi məbləğdə qiymətləndirilməsi ağlabatan və ədalətli deyildir.
36. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları ümumiləşdirərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh Publik Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikasında Nümayəndəliyindən 50 məbləğində maddi, 100 manat məbləğində mənəvi zərərin əvəzi alınaraq İddiaçı verilməli, iddia qalan hissədə təmin edilməməlidir.
37. Qeyd edilməlidir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılırsa və faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşırsa, iddia təmin (qismən təmin) edilir, uzlaşmırsa, rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatır, əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
38. Məhkəmə qeyd etməyi zəruri sayır ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Məhkəmə mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qaydanı əsas tutmalıdır: güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalı; sübutların heç birinin güvənliyi şübhə doğurmamalı; bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalı; sübutlar birlikdə dəyəndirilməlidir.
39. Məhkəmə qeyd edir ki, sübut edilməli hallar dedikdə, mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür.
40. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki Prosessual Məcəllə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Məcəllə, həmçinin, məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Bu baxımdan iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır.
41. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyrimüəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir.
d) Tətbiq edilən hüquq:
42. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 14.2.6. Başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır. Maddə 21. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Maddə 842.1. Sərnişin daşınması müqaviləsinə görə daşıyıcı müəyyən nəqliyyat növü ilə sərnişini, habelə onun əl yükünü yola düşmə yerindən təyinat yerinə çatdırmağı, sərnişin isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür. Maddə 842.3. Əgər bu Məcəllənin bu paraqrafından ayrı qayda irəli gəlmirsə, sərnişin daşınması haqqında müqaviləyə tapşırıq müqaviləsi haqqında göstərişlər tətbiq edilir. Maddə 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Maddə 779.1. Vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Maddə 1096. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunun bu normasının tətbiqi üçün mülki hüquq məsuliyyətinin 4 zəruri şərti mövcud olmalıdır. Birincisi, törədilmiş əməl hüquqazidd olmalıdır; ikincisi, törədilmiş əməl nəticəsində başqa şəxsə birbaşa zərər yetirilməlidir; üçüncüsü, mülki hüquq pozuntusu ilə zərər arasında səbəbli əlaqə mövcud olmalıdır; dördüncüsü isə hüquqpozan şəxsin təqsiri olmalıdır. Yalnız bu əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər. Maddə 1099. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Maddə 1128.1. Malın, işin və ya xidmətin konstruksiya, resept və ya digər qüsurları (keyfiyyətsiz məhsul) nəticəsində, habelə mala (işə, xidmətə) dair yanlış və ya yarımçıq informasiya nəticəsində fiziki şəxsin həyatına, sağlamlığına və ya əmlakına dəyən zərərin əvəzini malın satıcısı və ya istehsalçısı, işi görmüş və ya xidməti göstərmiş şəxs (icraçı), təqsirli olubolmadığına və zərərçəkənin onlar ilə müqavilə münasibətlərində olub-olmadığına baxmayaraq, ödəməlidirlər. Malın, işin və ya xidmətin qüsurları nəticəsində əmlaka zərər vurulan hallarda bu qayda yalnız o şərtlə tətbiq edilir ki, keyfiyyətsiz məhsul digər əmlaka zərər vurmuş və həmin digər əmlak öz təyinatına görə əsasən istehlak məqsədi üçün istifadə edilmiş olsun. Maddə 1129.2. İşin və ya xidmətin qüsurları nəticəsində vurulmuş zərərin əvəzini işi görmüş və ya xidməti göstərmiş şəxs (icraçı) ödəməlidir. Maddə 1132. Malın, işin və ya xidmətin qüsurları nəticəsində vurulmuş zərər üçün məsuliyyət halında sübutetmə yükü zərərçəkənin öhdəsinə qoyulur.
43. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Kommersiya hava daşımalarının, sərnişin, baqaj, yük və poçt göndərişlərinin hava daşımalarının həyata keçirilməsi” Qaydaları: 1.5.5. baqajın və ya yükün zədələnməsi – baqajın və ya yükün ilkin təyinatına görə tam istifadə edilməsinin mümkün olmaması (dəyərinin itirilməsi) ilə nəticələnən zədələnmə; 9.1. Hava gəmisinin sərnişininin həyat və ya sağlamlığına, habelə əmlakına vurulmuş zərərə görə daşıyıcının məsuliyyəti və məsuliyyətinin həddi Azərbaycan Respublikasının Mülki Məcəlləsinə və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq müəyyən edilir. 9.4. Daşıyıcı zərərin qarşısını almaq üçün bütün zəruri tədbirləri gördüyünü və ya belə tədbirlərin görülməsinin qeyri-mümkün olduğunu sübut edə bilməzsə, baqajın və ya yükün hava daşımalarına qəbul edildikdən sonra sərnişinə, yükalana və ya onların baqajı və ya yükü qəbul etmək səlahiyyəti verdiyi şəxslərə təhvil verilməzdən əvvəl itirilməsinə, əskik gəlməsinə və ya zədələnməsinə görə məsuliyyət daşıyır. 9.7. Baqajın və yükün itməsinə, əskik gəlməsinə və ya zədələnməsinə görə daşıyıcı onların həqiqi dəyəri miqdarında, lakin bu Qaydaların 9.1-ci bəndində qeyd edilən normativ hüquqi aktlar və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr ilə müəyyən edilmiş həddən artıq olmamaqla məsuliyyət daşıyır. 9.8. Baqajın və yükün itirilməsinə, əskik gəlməsinə və ya zədələnməsinə görə daşıyıcı aşağıdakı qaydada kompensasiya ödəyir: 9.8.1. hava daşımalarına qəbul edilən dəyəri bəyan edilmiş baqajın, yükün itirilməsinə, əskik gəlməsinə və ya zədələnməsinə görə – onların bəyan edilmiş dəyəri məbləğində; 9.8.2. hava daşımalarına qəbul edilən dəyəri bəyan edilməmiş baqajın, yükün itirilməsi, əskik gəlməsi və ya zədələnməsinə görə - 1999-cu il mayın 28-də Monreal şəhərində imzalanmış “Beynəlxalq hava daşımalarının bəzi qaydalarının unifikasiyası üçün” Konvensiya ilə müəyyən edilmiş xüsusi borcalma hüququnun məbləği ilə məhdudlaşır. Xüsusi borcalma hüququnun məbləği itirilmənin, əskik gəlmənin və zədələnmənin aşkar edildiyi gün üçün Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən edilən rəsmi məzənnəyə uyğun olaraq manat ekvivalentində hesablanır.
44. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarı: 2-ci bənd. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. 8-ci bənd. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur.
45. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarı: Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.
46. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarı: Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır.
47. “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2006-cı il tarixli Qərarı: Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.
48. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76.1-76.2. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 97.1. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir. Maddə 97.5. Tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Maddə 107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
49. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh Publik Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikasında Nümayəndəliyindən 50 manat məbləğində maddi, 100 manat məbləğində mənəvi zərərin əvəzi alınaraq İddiaçı verilməli, iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə belə qənaətə gəlir ki, iddia qismən təmin edildiyindən, iş üzrə ödənilmiş dövlət rüsumunun 20 manat hissəsi, tərcümə və notarial təsdiq xərclərinin 50 manat hissəsi və hüquqi xidmət xərcinin 100 manat hissəsi Cavabdeh Publik Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikasında Nümayəndəliyindən tutularaq İddiaçı verilməli, qalan hissəsi isə İddiaçı aid edilməlidir.
Nəticə:
50. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. Cavabdeh Publik Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikasında Nümayəndəliyindən 50 (əlli) manat məbləğində maddi, 100 (bir yüz) manat məbləğində mənəvi zərərin əvəzi tutularaq İddiaçı verilsin. İş üzrə ödənilmiş dövlət rüsumunun 20 (iyirmi) manat hissəsi, tərcümə və notarial təsdiq xərclərinin 50 (əlli) manat hissəsi və hüquqi xidmət xərcinin 100 (bir yüz) manat hissəsi Cavabdeh Publik Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikasında Nümayəndəliyindən tutularaq İddiaçı verilsin, məhkəmə xərclərinin qalan hissəsi isə İddiaçı aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Günay Abidova