Məhkəmə qərarları › İş №e-2(006)-2343/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-2343/2025

01.09.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2343/2025 01.09.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, Sarıyev Hüseyn Əhməd oğlunun katibliyi, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "maddi və mənəvi ziyanın ödənilməsi" tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "maddi və mənəvi ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun konstitusion hüquqlarının cavabdeh tərəfindən pozulmasının cavabdehlərə qadağan edilməsi və bu hüquqlarının pozulması nəticəsində ona dəymiş 3000 (üç min) manat məbləğində maddi ziyanın və 5000 (beş min) manat məbləğində mənəvi ziyanın cavabdehlərdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən mənzil onun mülkiyyətindədir. Qeyd edilən mənzildə ailəsiylə birgə yaşayır. Cavabdehlər ünvan 2 ünvanında yerləşən mənzildə yaşayırlar. Lakin cavabdeh iki aya yaxındır ki, onun mənzilinə olan giriş-çıxışların, onun mənzilə daxil olmağının və çıxmağının, eləcə də mənzilinə gələn qonaqların və ailə üzvlərinin hərəkətlərinin izlənilməsi məqsədilə mənzilinin giriş hissəsinə video-müşahidə kamerası quraşdırmışdır. Belə ki, cavabdeh tərəfindən dəhlizə iki kamera qoyulmuşdur. Bunlardan biri təhlükəsizlik məqsədi ilə bütün dəhlizin müşahidəsini həyata keçirir, digəri isə məhz onun mənzilə giriş-çıxışın izlənilməsi üçün qoyulmuşdur. Cavabdeh, onun razılığı və ya hər hansı hüquqi əsas olmadan, şəxsi həyatının toxunulmazlığı hüququmu pozaraq, onun yaşayışını və gündəlik fəaliyyətlərini gizli şəkildə izləyir, əldə etdiyi məlumatları müxtəlif orqanlara ötürərək onun şəxsi məlumatlarını qanunsuz şəkildə üçüncü şəxslərlə paylaşır. Cavabdeh tərəfindən mənzilinin giriş-çıxışına qanunsuz olaraq video-müşahidə kamerası quraşdırılması onun və ailə üzvlərinin şəxsi həyatına müdaxilə edərək, daimi stress və mənəvi sarsıntıya səbəb olmuşdur. Şəxsi həyatın toxunulmazlığı hüququnun pozulması halında mənəvi ziyanın mövcudluğu açıq-aşkardır və belə hallarda əlavə sübutetmə öhdəliyi daşımır. Çünki hər hansı şəxsin yaşadığı mənzilin izlənilməsi, təbii olaraq, psixoloji gərginlik və mənəvi narahatlıq doğurur. Həmçinin, hazırda hüquqlarının müdafiəsi məqsədilə hüquqi yardım almağa məcburdur. Eyni zamanda, hüquqlarının qorunması ilə bağlı məhkəməyə və digər müvafiq qurumlara müraciət etmək onun vaxtını alır, əmək fəaliyyətinə mane olur və nəticədə ona maddi ziyan dəyir. Cavabdeh1 məhkəməyə etiraz ərizəsi ünvanlayaraq, İddiaçı tərəfindən verilmiş iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırmışdır ki, cavabdehlər tərəfindən onlara məxsus mənzilin giriş hissəsində müşahidə kameraları təhlükəsizlik məqsədi ilə quraşdırılmışdır. Eyni zamanda İddiaçı tərəfindən də cavabdehlərin yanındakı mənzildə, iddiaçıya məxsus ünvan 3 ünvanında yerləşən 342 nömrəli mənzilin giriş hissəsinə video-müşahidə kamerası quraşdırılmışdır (bununla bağlı fotoşəkillər məhkəməyə təqdim edilmişdir). İddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilən fotoşəkillərdən də görünür ki, videomüşahidə kamerası iddiaçının mənzilinin girişinin yuxan hissəsində quraşdırılmış, mənzilin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə mənzilin yerləşdiyi mərtəbənin girişinə, dəhlizə yönəlmişdir. Bununla belə iddiaçı qeyd edir ki, mənzilinə gələn qonaqların və ailə üzvlərinin hərəkətlərinin izlənilməsi məqsədilə mənzilinin giriş hissəsinə cavabdehlər tərəfindən video-müşahidə kamerası quraşdırmışdır. İddiaçı işin faktiki hallarını təhrif edərək kameraların onun mənzilini izləmək məqsədli quraşdırıldığını iddia edir. Buna baxmayaraq iddiaçı tərəfindən təqdim edilmiş sübut materiallarda kameranın əhatə dairəsinin birbaşa iddiaçının mənzilinə yönəlmədiyi açıq-aşkar görsənir. Əgər iddiaçının qeyd etdiyi kimi mənzilin girişinə video-müşahidə kamerasının quraşdırılması qanunazidd olsaydı, iddaçı da bu halda mənzilinə video- müşahidə kamerası quraşdırmamalı idi. Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyində mənzillərin girişinə təhlükəsizlik kameralarının quraşdırılması ilə bağlı hər hansı məhdudiyyət müəyyən edilməmişdir, bununla bağlı hər hansı normativ-hüquqi akt mövcud deyil. Belə ki, hər kəs təhlükəsizlik məqsədilə mənzilin girişinə video- müşahidə kameraları quraşdıra bilər, qüvvədə olan qanunvericilik şəxslərin öz mülkiyyətinin qorunması üçün təhlükəsizlik kameralarını quraşdırmağı qadağan etmir. Maddi hüquq normalarında qonşunun mülkiyyətinə ‘“hədsiz təsir” anlayışı açıqlanır və hədsiz təsirlərin mümkün dərəcəsi müəyyənləşdirilir və həmin anlayışların dəqiqləşdərilməsinin hüquqi əhəmiyyəti isə ondan ibarətdir ki, mümkün həddə olan təsirlərə qonşular dözümlülük nümayiş etdirməlidirlər. Birincisi, həmin təsirlər qonşuya öz sahəsindən istifadə etməyə maneçilik törətməməlidir, ikincisi, həmin təsirlər nəticəsində qonşunun hüququ əhəmiyyətsiz dərəcədə pozulmalıdır. Cavabdehlər tərəfindən onlara məxsus mənzillə bağlə təhlükəsizlik tədbirlərinin təmin edilməsi məqsədi ilə kameraların quraşdırılması qonşuya öz sahəsindən istifadə etməyə maneçilik törətmir, qonşunun hüququ əhəmiyyətli dərəcədə pozulmur. Qeyd edilən maddələrdən göründüyü kimi binanın dəhlizi ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Cavabdehlərin mənzilin yerləşdiyi mərtəbəni izləməsi iddiaçının şəxsi və ailə həyatına, həmçinin mənzil toxunulmazlığına müdaxilə kimi qiymətləndirilə bilməz. Belə ki, iddiaçıya məxsus Bakı şəhəri, Nəsimi rayonu, Üzeyir Hacıbəyli küçəsi, ev 57 ünvanında 342 nömrəli mənzil kommersiya məqsədli, qeyriyaşayış sahəsi olaraq istifadə edilir. İddiaçı qeyd edilən faktı gizlədərək özünün və ailə üzvlərinin həyatına müdaxilə edildiyini qeyd edir. Həmçinin sözügedən mənzilin qeyriyaşayış sahəsi olaraq istifadəsi fakti Bakı Apellyasiya Məhkəməsinin qərardadı, Nəsimi rayon İcra Hakimiyyətinin aktı ilə təsdiq edilmişdir. Həmçinin bununla bağlı bina sakinləri yazılı kollektiv etiraz ərizələri mövcuddur. Belə ki, Nəsimi rayon İcra Hakimiyyəti mənzilə baxış keçirərək mənzildə kommersiya fəaliyyətinin keçirilməsininə dair xx.xx.2024-ci il tarixli akt tərtib ediblər. Əlavə olaraq hazırda Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin icraatında birgə iddiaçılar Cavabdeh2 və Cavabdeh1 “Bakı şəhəri, Nəsimi rayonu, Üzeyir Hacıbəyli küçəsi, ev 57 ünvanında yerləşən 432 nömrəli mənzildən qeyri-yaşayış sahəsi kimi istifadə edilməsinin dayandırılması vəzifəsinin cavabdeh İddiaçı üzərinə qoyulması, birgə iddiaçılar Cavabdeh2 və Cavabdeh1 Nəsib oğluna dəymiş mənəvi zərərə görə 20000 (iyirmi min) manat məbləğin; hüquqi yardımla bağlı xərclərə görə 1340 (min üç yüz qırx) manat; dövlət rüsumuna görə 154,02 manat (yüz əlli dörd manat, 2 qəpik), ümumillikdə 21494,02 (iyirmi bir min dörd yüz doxsan dörd manat, 2 qəpik) manat məbləğin cavabdehdən tutularaq həm iddiaçılara ödənilməsi” tələbinə dair 2(006)- 1380/2025 saylı mülki iş hazırda davam edir. Eyni zamanda sözügedən iddia ərizəsi ilə yanaşı tərəflərindən müvəqqəti təminat tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edilmişdir. Bakı Apellyassiya Məhkəməsinin 16(103)-92/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizənin təmin olunması, Nəsimi rayonu, Üzeyir Hacıbəyli küçəsi, ev N 57-də yerləşən 342 N-li mənzildən qeyri-yaşayış məqsədilə istifadə edilməsi (mənzildə kommersiya və digər bu kimi fəaliyyətin həyata keçirilməsi) cavabdeh İddiaçı və digər şəxslərə qadağan olunması, müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizənin və şikayətin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 66 (altmış altı) manat İddiaçı alınaraq Cavabdeh2 verilməsi, qərardadın dərhal icra olunması qərara alınmışdır. Həmin qərardadın 11-ci bəndində qeyd edilir ki, “Cavabdehə aid mənzil binanın 13-cü mərtəbəsində yerləşir, onun altında yerləşən sahələrin yaşayış sahələri olmadığım təsdiq edən sübut məhkəməyə təqdim edilməyib. Ona sörə də ilkin sübutlar belə qənaətə gəlməyə əsas yerir ki, cavabdehə aid mənzilin qeyri-yaşayış sahəsi kimi istifadəsi qanunsuzdur. Cavabdehə aid mənzilini qanuni əsas olmadan qeyri-yaşayış sahəsi (ofis) kimi istifadə edilməsi qonşu mənzildə yaşayan iddiaçıların hüquqlarının pozulmasına səbəb olur. Belə ki, cavabdehə aid mənzilə hər gün gəlib-gedən və orada çalışan şəxslərin yaratdığı səs-küy və digər bu kimi hallar iddiaçı tərəfə öz mülkiyyətindən (mənzildən) dinc istifadə etməyə maneə yaradır”. Bakı Apellyasiya Məhkəməsinin sözügedən qərardadının icrası Nəsimi rayon İcra Şöbəsinə həvalə edilmişdir. İcra vərəqəsi Bakı Apellyasiya Məhkəməsi tərəfindən xx.xx.2025-ci il tarixdə qəbul edilib, iş icraya göndərilmişdir. İşin icrası icra məmuru Aydın Hümbətova həvalə edilmişdir. İcra tədbirlərinin görülməsinə dair tərəfimizdən şikayətlər ünvanlandıqdan sonra icra məmurları mənzilə baxış keçirmiş, mənzilin kommersiya məqsədli ofis olaraq istifadəsini video-kamera ilə qeydə almışdır. Mənzildən ofis avadanlıqları, stolları və.s götürülmüş, otaqlardan biri möhürlənmişdir (bununla bağlı sözügedən video görüntülər məhkəməyə təqdim ediləcək). İddiaçının 8000 manat kompensasiya tələbinə münasibətdə bildiririk ki, iddiaçı ona dəymiş 5000 manat məbləğində mənəvi və 3000 manat məbləğində maddi ziyanın necə yarandığını əsaslandırmayıb. Bununla bağlı məhkəməyə sübutlar təqdim edilməyib. a) Məhkəmə icraatı iştirakçılarının izahatları: Əvvəlki məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia tələbinə uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir. Daha sonra isə ərizə ilə müraciət edərək işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil izahat verərək iddianın rədd edilməsini xahiş etdi. Sonuncu məhkəmə iclasında (məhkəmə qətnaməsinin elanı iclası) proses iştirakçıları iştirak etməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin nümayəndələrinin izahatınlarını iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Əsaslandırıcı hissə: a) Mülki işin materialları: Belə ki, iş materiallarından görünür ki: - Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Üzeyir Hacıbəyli küçəsi, ev 57 ünvanında yerləşən 341 nömrəli mənzil xüsusi mülkiyyət kimi Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində ********** nömrə ilə qeydiyyata alınmışdır. - Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Üzeyir Hacıbəyli küçəsi, ev 57 ünvanında yerləşən 342 nömrəli mənzil xüsusi mülkiyyət kimi İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində ********** nömrə ilə qeydiyyata alınmışdır. - "xxxx" MMC və Cavabdeh2 arasında bağlanmış xx.xx.2023-cü il tarixli kommunal xidmətlərin göstərilməsi haqqında müqavilənin surətindən görünür ki, müqavilənin 4-cü maddəsində qeyd olunur ki, mənzil sahibi mənzildə təmir işləri apardığı təqdirdə tikinti tullantılarını öz vəsaiti hesabına daşımalı, təmir işlərini iş günləri saat 10:00-dan 18:00dək, şənbə günü isə saat 10:00-dan 16:00- dək aparmalı, binada yaşayan digər sakinlərin rahatlığını və təhlükəsizliyini qorumalı, Lift şaxtalarının, yanğın əleyhinə, habelə digər fövqəladə hallar üçün nəzərdə tutulmuş qurğu və şaxtalarının, eləcə də çıxışların önünə və ya üstünə tikinti materiallarını, zibilləri qoymamalı, binanın və mənzilin ilkin layihə sərədlərindən fərqli əsaslı dəyişiklik və yenidənqurma işləri aparmamalı, yaşadığı blokun səliqəsinə xələl gətirməməli, sakinlərin blokda və pilləkənlərdə sərbəst hərəkətini məhdudlaşdıran hər hansı bir mane yaratmamalı və MMC tərəfindən müəyyən edilən birgəyaşayış qayda və davranışlarına əməl etməli, digər sakinlərin hüquqlarına hörmətlə yanaşmalıdır. - Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş idarəsi tərəfindən Nəsimi RİHB aparatına ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubun surətindən görünür ki, əməkdaşlar tərəfindən yerində baxış zamanı müəyyən edilmişdir ki, ünvan 5 ünvanında yerləşən yaşayış binasının 13-cü mərtəbəsindəki 342 nömrəli mənzilin mülkiyyətçisi tərəfindən yaşayış sahəsi bir müddət öncə təyinatı dəyişdirilərək qeyri-yaşayış sahəsinə çevrilmiş və hazırda ofis kimi fəaliyyət göstərir. - xx.xx.2024-cü il tarixli, EM-2146VK-12144/24 nömrəli Azərbaycan Respublikasının Vəkillər X1 Göstərilməsi haqqında müqavilədən görünür ki, hüquqi yardıma görə haqq qarşılıqlı razılıqla 300 manat müəyyən edilmişdir. - xx.xx.2024-cü il tarixli, EM-2146VK-17830/24 nömrəli Azərbaycan Respublikasının Vəkillər X1 Göstərilməsi haqqında müqavilədən görünür ki, hüquqi yardıma görə haqq qarşılıqlı razılıqla 520 manat müəyyən edilmişdir. - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin № 2(006)-1380/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə iddiaçılar Cavabdeh1 və Cavabdeh2 cavabdeh İddiaçı qarşı Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi, Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti və "xxxx" MMC müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə “mənzildən qeyri-yaşayış məqsədli istifadənin dayandırılması vəzifəsinin cavabdehin üzərinə qoyulması, dəymiş maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə cavabdehin icraatların birləşdirilməsi barədə vəsatətin təmin edilməməsi qərara alınmışdır. - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin № 2(006)-1380/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə iddiaçılar Cavabdeh2 və Cavabdeh1 cavabdeh İddiaçı qarşı (Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi, Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti, "xxxx" MMC mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) «mənzildən təyinatına uyğun olmayan şəkildə istifadə edilməsinin dayandırılması, vurulmuş mənəvi zərərin və məhkəmə xərclərinin tutulması» tələbinə dair iddiasının rədd edilməsi qərara alınmışdır. - Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 16(103)-92/2025 saylı, xx.xx.2025ci il tarixli qərardadı ilə şikayətin təmin olunması, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli 16(006)-570/2024 nömrəli qərardadının ləğv olunması, müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizənin təmin olunması, Nəsimi rayonu, Üzeyir Hacıbəyli küçəsi, ev № 57-də yerləşən 342 №-li mənzildən qeyri-yaşayış məqsədilə istifadə edilməsi (mənzildə kommersiya və digər bu kimi fəaliyyətin həyata keçirilməsi) cavabdeh İddiaçı və digər şəxslərə qadağan olunması qərara alınmışdır. - Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası Bakı şəhəri 2(103)-3463/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddiaçılar Cavabdeh2 və Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(006)-1380/2025 nömrəli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə çıxarılması, iddianın qismən təmin edilməsi, Bakı şəhəri, Nəsimi rayonu, Üzeyir Hacıbəyli küçəsi, ev 57 ünvanında yerləşən 342 nömrəli mənzildən qeyri-yaşayış məqsədli, yəni yaşayış təyinatına aid olmayan fəaliyyət üzrə, təyinatından kənar məqsədlərlə istifadə edilməsinin dayandırılmasının vəzifəsi cavabdeh İddiaçı üzərinə qoyulması, dəymiş mənəvi zərərə görə 2000 manat cavabdeh İddiaçı tutularaq iddiaçılar Cavabdeh2 və Cavabdeh1 ödənilməsi, hüquqi yardımla bağlı xərclərə görə 520 manat, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun 45,20 manat hissəsi cavabdeh İddiaçı tutularaq iddiaçılar Cavabdeh2 və Cavabdeh1 ödənilməsi, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun iddiaçılara aid edilməsi qət edilmişdir. b) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: Məhkəmə iddiaçı tərəfindən irəli sürülmüş iddia tələbləri ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096.2). Qeyd olunan Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Məhkəmə tərəfindən təqdim edilmiş materiallar, tərəflərin izahatları, həmçinin iş üzrə toplanmış sübutlar nəzərə alınaraq, İddiaçı maddi ziyanla bağlı tələbinin əsassız olduğu qənaətinə gəlinmişdir. Belə ki, iddiaçı iddia ərizəsində göstərmişdir ki, Cavabdeh1 və Cavabdeh2 onun mənzilinə video-müşahidə kameraları quraşdırması nəticəsində ona 3000 manat məbləğində maddi ziyan dəyib. Lakin təqdim edilmiş sübutlar və faktiki hallar bu iddianı təsdiqləmir. Məhkəməyə təqdim edilmiş fotoşəkillər və izahatlardan görünür ki, cavabdehlər tərəfindən quraşdırılmış kameralar əsasən ümumi dəhliz və mənzillərin giriş hissələrinə yönəldilmişdir. Kameraların əhatə dairəsi birbaşa iddiaçının mənzilinə yönəlməyib və onun mülkiyyətindən istifadə imkanlarını əhəmiyyətli dərəcədə məhdudlaşdırmır. Bununla yanaşı, cavabdehlərin mənzilində aparılan müşahidələr və müvafiq tədbirlər, əsas məqsəd olaraq, şəxsi və ya kommersiya təhlükəsizliyinin təmin edilməsinə yönəldilmişdir. İddiaçı tərəfindən maddi ziyanın yaranması ilə bağlı heç bir konkret fakt və ya sübut təqdim edilməyib. O, yalnız hüquqlarının pozulduğunu və bu pozuntunun nəticəsində maddi ziyan dəyəcəyini iddia etmişdir. Lakin təqdim olunmuş sübutlar əsasında belə qənaətə gəlmək olar ki, cavabdehlərin fəaliyyəti iddiaçının mənzilində və mülkiyyətində real maddi ziyan yaratmayıb. İddiaçının maddi ziyanla bağlı iddiaları yalnız subyektiv qiymətləndirməyə əsaslanır və konkret maliyyə itkiləri ilə təsdiqlənmir. Həmçinin, iş materiallarından aydın olur ki, cavabdehlər tərəfindən mənzilə yönəldilmiş tədbirlər qonşuların mülkiyyətinə hədsiz təsir yaratmır. Kameraların quraşdırılması nəticəsində iddiaçının maliyyə vəziyyətinə, mülkiyyət hüquqlarına və ya biznes fəaliyyətinə konkret, ölçülə bilən və sübuta əsaslanan zərər dəymədiyi açıqdır. Bu baxımdan, iddiaçının maddi ziyanla bağlı tələbini təsdiqləyəcək heç bir obyektiv sübut iş üzrə mövcud deyil. Məhkəmə qeyd edir ki, maddi ziyanın yaranması üçün tələb olunan əsas şərtlər – cavabdehin hərəkətlərinin iddiaçının mülkiyyətinə və ya əmlakına real maliyyə itkiləri doğurması, konkret zərərin ölçülməsi və sübuta əsaslanması – iş materiallarında müəyyən edilməmişdir. İddiaçının iddiası yalnız şəxsi subyektiv narahatlıq və psixoloji təsirə əsaslanır, lakin maddi ziyan kimi qiymətləndirilə bilməz. Bu səbəbdən, iddiaçının 3000 manat məbləğində maddi ziyanla bağlı tələbi məhkəmə tərəfindən əsassız hesab edilməlidir. Eyni zamanda, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyriəmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Bundan əlavə, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 №-li 03 noyabr 2008-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya»nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Həmçinin, Plenum yuxarıda adı çəkilən qərarda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Məhkəmə iddia tələbinə hüquqi qiymət verərək hesab edir ki, iddiaçı ona vurulmuş mənəvi zərərin nədən ibarət olmasını əsaslandırmadığı, həmçinin maddi ziyan hissəsi təmin edilmədiyindən və cavabdehin bu mübahisədə heç bir təqsiri müəyyən edilmədiyindən iddia mənəvi ziyan hissəsində də təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Beləliklə, məhkəmə işin bütün hallarının məcmusuna, hərtərəfli, tam və obyektiv baxaraq, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "maddi və mənəvi ziyanın ödənilməsi" tələbinə dair iddiası əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Eyni Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "maddi və mənəvi ziyanın ödənilməsi" tələbinə dair iddiası rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar