Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2390/2025 03.06.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, məhkəmə iclasının katibi Sarıyev Hüseyn Əhməd oğlunun katibliyi ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı "müəyyən hərəkətlər etməyin cavabdehə həvalə edilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı "müəyyən hərəkətlər etməyin cavabdehə həvalə edilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən evinin elektrik təchizatı ilə təmin edilməsi ilə bağlı müraciətinin icraata qəbul olunub təmin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun və ailəsinin (hamilə arvadı və himayəsində olan azyaşlı qızının) birgə yaşadığı ünvan 1 ünvanında yerləşən, qaz və su təchizatı ilə təmin edilmiş yaşayış sahəsinin elektrik təchizatı ilə təmin edilməsilə bağlı müraciətinin icraata qəbul edilməsindən Cavabdeh tərəfindən xx.xx.2025-ci il tarixli, 13- 13/2-2/18-Z-10826/2-5/2024 nömrəlicavab məktubu ilə imtina edilmişdir. Aşağıda qeyd olunanlara əsasən hesab edir ki, cavabdehin müraciətinə dair imtina qərarı əsassızdır və müraciəti icraata qəbul olunmalıdır: 1. Cavabdeh qeyd olunan məktubunda xx.xx.2023-cü il tarixində qüvvəyə minmiş “Elektorenergetika haqqında” Azərbaycan Respublikası Qanununa edilmiş dəyişikliklərə, həmçinin xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Nazirlər Kabinetinin 399 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulması və ya əlavə enerji (güc) alması Qaydası”na istinad edərək yaşayış sahəsinin elektrik enerjisi ilə təchiz olunması üçün həmin yaşayış sahəsi üzərində mülkiyyət hüququmu təsdiq edən sənədin, yəni daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın, həmçinin tikinti obyektinin tikintisinə icazə verilmiş müvafiq sənədin Cavabdehə təqdim olunmamasını əsas gətirərək müraciətini icraata qəbul etməkdən imtina etmiş və bununla da, konstitusion hüququnu ciddi şəkildə pozmuşdur. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra “Konstitusiya”) 149-cu maddəsinin 7-ci hissəsinə əsasən, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Bu o deməkdir ki, yaşayış sahəsinin elektriklə təchiz olunması xidmətindən yuxarıda qeyd olunan normativ hüquqi aktların tələbləri əsasında, yəni əmlakın çıxarışının və tikinti obyektinin tikintisinə icazə verilmiş müvafiq sənədin təqdim olunmamasını əsas gətirərək müraciətinin təmin edilməsindən imtina olunması yalnız həmin aktlar qüvvəyə mindikdən sonrakı dövrdə inşa edilmiş tikinti obyektlərinə münasibətdə əsaslı hesab olunmalıdır. Bu halda, onun və ailəsinin birgə yaşadığı evin 2000-ci ildə tikildiyini nəzərə alaraq, 2023-cü ildə qüvvəyə minmiş aktların tələblərinə istinad edib həmin aktların qüvvəyə minməsindən 23 il əvvəl tikilmiş evin elektrik enerjisi ilə təchiz olunmasından imtina edilməsi Cavabdeh tərəfindən birbaşa olaraq Konstitusiyanın 149-cu maddəsinin pozulması deməkdir. Əlavə olaraq qeyd edim ki, qonşu yaşayış evlərinin də dövlət reyestrindən çıxarışı və tikinti obyektinin tikintisinə icazə verilmiş sənədi olmadığı halda, həmin evlərin elektrik şəbəkəsinə qoşulması və elektrik enerjisi ilə təchizatı təmin edilmişdir. Bu isə digər bir konstitusion hüququmun – bərabərlik hüququmun pozuntusunun əyani sübutudur. Konstitusiyanın 25-ci maddəsinin 1-ci hissəsinə əsasən, hamı qanun və məhkəmə qarşısında bərabərdir. Lakin, Cavabdeh tərəfindən Konstitusiyanın bu tələbi də gözlənilməmiş, eynilə çıxarışı və tikintiyə icazə sənədi olmayan, həmçinin yuxarıda adları qeyd olunan aktların qüvvəyə minməsindən əvvəl tikilmiş qonşu yaşayış evlərin elektrik enerjisi ilə təchiz edilməsinə baxmayaraq, Cavabdeh tərəfindən ona qarşı ayrı-seçkiliyə yol verilmişdir. Cavabdehin göstərilən qanun pozuntularına yol verməsi nəticəsində o və ailəai artıq günlərdir ki, qaranlıqda yaşamaq məcburiyyətində qalmışlar. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Qərarına əsasən,elektrik enerjisi, su və təbii qaz təchizatını həyata keçirən səhmdar cəmiyyətlərində səhmlərin 100 faizinin dövlətə məxsus olmasına, həmin müəssisələrin rəhbərlərinin dövlət orqanı (dövlət orqanının vəzifəli şəxsi) tərəfindən təyin olunmalarına, habelə həmin müəssisələrin bazarda inhisarçı statusa malik olmalarına baxmayaraq, onlar inzibati orqan sayılmırlar. Həmin cəmiyyətlərlə istehlakçılar arasındakı müqavilə münasibətlərindən irəli gələn mübahisələrə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 24-26-cı maddələrinə müvafiq olaraq kommersiya məhkəmələri və ya ümumi məhkəmələr tərəfindən mülki məhkəmə icraatı qaydasında baxılır. Sonuncu məhkəmə iclasının yeri və vaxtı barədə tərəflər lazımi qaydada məlumatlandırılsalar da, onlar məhkəmə iclasında iştirak etməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə hər hansı bir məlumat verməmişlər. Bu səbəbdən məhkəmə, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin əvvəlki məhkəmə iclaslarında verdiyi izahatlarını, cavabdehin etirazını və iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Mülki işin materiallarında (bundan sonra işin materiallarında) olan: - İddiaçı tərəfindən "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ünvanladığı xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, hal-hazırda yaşadığı qaz və su sayğacları ilə təmin olunmuş, Baki şəhəri, ünvan 2 ünvanında himayəsində azyaşlı qızı və hamilə həyat yoldaşı ilə birlikdə elektrik enerjisinin olmaması səbəbindən, qaranlıqda qalmışlar. Digər vətəndaşlar kimi rüsum ödəyərək işıq sayğacı əldə edib, işıqla təmin olunmağına köməklik göstərilməsini xahiş etmişdir. Əsas səbəb kimi evin 2000-ci ildə inşa olunduğunu nəzərə alınmasını xahiş etmişdir. - Azərbaycan Respublikası Bakı şəhəri Xətai rayonu İcra Hakimiyyəti Başçısının 4 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2025-ci il tarixli, 290 nömrəli arayışından görünür ki, İddiaçı ailə üzvləri ilə birlikdə Baki şəhəri, ünvan 2 ünvanında qeydiyyatsız yaşayır. -"xxxx" Açıq Səhmdar Cəmiyyətinin İddiaçı ünvanladığı xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, yaşayış və qeyri-yaşayış sahələrinin elektrik təchizatı xx.xx.2023-cü il tarixində qüvvəyə minmiş “Elektroenergetika haqqında” Azərbaycan Respublikası Qanununa edilmiş əlavə dəyişikliklərlə, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2023-cü il tarixli 399 və 400 nömrəli qərarları ilə təsdiq edilmiş “Tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulması və ya əlavə enerji (güc) alması Qaydası” və “Tikinti obyektlərinə tələb olunan gücün hesablanması Qaydası”na əsasən həyata keçirilir. Sözügedən qaydaların tələblərinə uyğun olaraq, vətəndaş tərəfindən mülkiyyəti təsdiq edən sənədi, tikinti obyektinin (yaşayış və qeyri-yaşayış) tikintisinə icazə verilmiş müvafiq sənədini və obyektin elektrik gücünü özündə əks etdirən yük hesabatını daxil etməklə "xxxx" ASC-nin elektron xidmətləri vasitəsi ilə, həmçinin Bakı şəhərində “ASAN Kommunal”, regionlarda isə “ASAN xidmət” mərkəzlərinə müraciət edilir. Hər iki üsul vasitəsi ilə müraciət etmiş vətəndaşın təqdim etdiyi sənədlərin qaydaların tələblərinə uyğunluğu yoxlanıldıqdan sonra, tikinti obyektinin tələb olunan gücə uyğun elektrik təchizatı Səhmdar Cəmiyyət tərəfindən təmin edilir. Tikinti obyektləri üçün tələb olunan elektrik enerjisinin gücü təqdim edilmiş yük hesabatına uyğun müəyyən edilir. Yük hesabatı vətəndaşın müraciəti əsasında “ASAN Kommunal” mərkəzində “Yük hesabatının hazırlanması (elektrik enerjisinin gücü və keyfiyyət göstəriciləri barədə sənəd)” xidmətində və yaxud bu işlərin həyata keçirilməsi üçün lisenziyası olan təşkilat tərəfindən tərtib edilir. Lisenziyalı təşkilat tərəfindən tərtib edilmiş yük hesabatı həmin təşkilatın lisenziyasının surəti ilə birlikdə vətəndaş tərəfindən müraciət zamanı təqdim edilməlidir. Sözügedən yaşayış sahəsinin elektrik təchizatı üçün müvafiq sənədləri təqdim etməklə aidiyyəti üzrə müraciət etməyiniz tövsiyə olunur. -«Azəriqaz» İB ilə İddiaçı arasında xx.xx.2024-cü il tarixdə qazın alqı-satqısı barədə müqavilə bağlanmışdır. Müqavilənin 1.1-ci maddəsinə əsasən “İcraçı” “Sifarişçi”-yə məxsus Aşıq Qurban küçəsi ünavında yerləşən iddiaçıya məxsus fərdi yaşayış evinin qazlaşdırılması işlərini müvafiq orqanın təsdiq etdiyi qazlaşdırılma sxemdə və Texniki Şərtə əsasən “Tikinti Norma və Qaydaları’na “Qaz təsərrüfatında Təhlükəsizlik Qaydalarına” uyğun olaraq yerinə yetirir. Müqqavilənin 2.1-ci maddəsinə əsasən “İcraçı” tərəfindən görüləcək işlərin müqavilə üzrə qiyməti “Sifarişçi” ilə razılaşdırılmış qiymət əsasında 20 AZN (ƏDV daxil) manat təşkil edir. Mülki iş materiallarına «Azəriqaz» X1 Ramin Lətif oğluna məxsus digər sənədlər əlavə edilmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir ki, cavabdeh "xxxx" ASC tərəfindən iddiaçının ünvan 1 ünvanında yerləşən və hazırda faktiki olaraq yaşayış üçün istifadə edilən fərdi yaşayış evinin elektrik enerjisi ilə təmin olunması barədə müraciətinin yalnız əmlakın çıxarışının və tikintiyə icazə sənədinin təqdim edilməməsinə istinad edilməklə icraata qəbul edilməməsi qanunvericiliyin tələblərinə uyğun hesab edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra Konstitusiyanın) 149-cu maddəsinin Vİİ hissəsinə əsasən, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. İddiaçının yaşadığı yaşayış sahəsi 2000-ci ildə tikildiyindən, 2023-cü ildə qüvvəyə minmiş “Elektroenergetika haqqında” Qanunun və Nazirlər Kabinetinin xx.xx.2023-cü il tarixli 399 nömrəli qərarı ilə təsdiq olunmuş “Tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulması və ya əlavə enerji (güc) alması Qaydası”nın tələblərinin iddiaçının mülkiyyətində olan və ondan illər öncə inşa edilmiş bu yaşayış obyektinə şamil edilməsi yolverilməzdir. Cavabdehin bu əsaslarla müraciəti rədd etməsi Konstitusiyanın yuxarıda qeyd olunan müddəalarının pozulmasına səbəb olmuşdur. Həmçinin Konstitusiyanın 25-ci maddəsinə əsasən, hər kəs qanun və məhkəmə qarşısında bərabərdir. İddiaçı tərəfindən təqdim edilmiş sübutlardan göründüyü kimi, həmin ərazidə yerləşən digər yaşayış evlərinin də çıxarış və tikintiyə icazə sənədləri olmamasına baxmayaraq, onlar elektrik enerjisi ilə təmin olunmuşdur. Bu isə eyni hüquqi və faktiki vəziyyətdə olan şəxslər arasında fərqli rəftarın tətbiq edildiyini, başqa sözlə, iddiaçıya münasibətdə ayrı-seçkiliyə yol verildiyini göstərir və bu, Konstitusiyanın bərabərlik prinsipinə ziddir. Bundan əlavə məhkəmə nəzərə alır ki, iddiaçı himayəsində olan azyaşlı uşağı və hamilə həyat yoldaşı ilə birlikdə yaşayır və hazırda həmin yaşayış sahəsində elektrik enerjisinin olmaması ailənin gündəlik həyat fəaliyyətinə ciddi maneələr yaradır, normal və təhlükəsiz yaşayış şəraitini mümkünsüz edir. Bu hal Konstitusiyanın 43-cü maddəsində təsbit olunmuş mənzil hüququnun və insan ləyaqətinə yaraşan yaşayış şəraitinə sahib olmaq hüququnun pozuntusu kimi qiymətləndirilməlidir. Eyni zamanda iş materiallarından görünür ki, iddiaçı ilə “Azəriqaz” İB arasında qaz təchizatı ilə bağlı müqavilə bağlanmış, yaşayış sahəsi qaz və su ilə təmin olunmuşdur. Bu fakt həmin ərazidə müvafiq icazələrin mövcudluğu və minimum texniki şərtlərin yerinə yetirilməsi üçün praktiki imkanların olduğunu göstərir. Belə olan halda, yalnız elektrik təchizatı ilə bağlı əlavə sənədlərin təqdim edilməməsi səbəbilə iddiaçının konstitusion hüquqlarının məhdudlaşdırılması hüquqi baxımdan əsaslandırılmamış və qeyriproporsional məhdudiyyət hesab edilməlidir. Beləliklə, məhkəmə göstərilənləri ümumiləşdirərək hesab edir ki, iddia təmin edilməli, ünvan 1 ünvanında yerləşən evin elektrik təchizatı ilə təmin edilməsi vəzifəsinin cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı "müəyyən hərəkətlər etməyin cavabdehə həvalə edilməsi" tələbinə dair iddiası təmin edilsin. ünvan 1 ünvanında yerləşən evin elektrik təchizatı ilə təmin edilməsi vəzifəsinin cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin üzərinə qoyulsun. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(006)-2390/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-2390/2025
03.06.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver