Məhkəmə qərarları › İş №e-2(006)-2396/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-2396/2021

29.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2396/2021 29.03.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Səmədov Rəşid Əfraim oğlu, iddiaçı «xxxx» ASC-nin Cavabdeh qarşı «pul tələbi»nə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı «xxxx» ASC Cavabdeh qarşı «pul tələbi»nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, şirkətdə "Daşınmaz əmlakın icbari sığortası" növü üzrə sığortalanmış X1 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, H.Seyidzadə küçəsi, ev 20A ünvanında yerləşən 69 saylı mənzilə xx.xx.2020-cı il tarixində subasma hadisəsi nəticəsində maddi zərər dəymişdir. Belə ki, yuxarıda qeyd olunan hadisə ilə bağlı Nəsimi rayonu 65 saylı MKİS nümayəndələrinin tərtib etdiyi xx xxxxxx 2020-ci il tarixli arayışa əsasən, subasma hadisəsinin baş verməsinə səbəb kimi həmin mənzilin üst mərtəbəsində yerləşən Cavabdeh məxsus 72 saylı mənzilin sanitar qovşağında baş vermiş nasazlıq göstərilmişdir. Beləliklə, yuxanda göstərilmiş 72 saylı mənzilə məxsus sanitar qovşaqdan su axması nəticəsində X1 mülkiyyətində olan 69 saylı mənzilin yol və qonaq otağının tavan hissəsinə və həmin hissədə yerləşən elektrik naqillərinə 989 manat məbləğində zərər dəymiş və RME********** saylı sığorta müqaviləsinə və İƏ 004/2020 saylı xx xxxxxxxx 2020-ci il tarixli sığorta ödənişi aktına əsasən "xxxx" ASC tərəfindən 738,50 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Göstərilənlərə əsasən Cavabdeh 738,50 manat subasma hadisəsi nəticəsində verilmiş sığorta ödənişinin məbləği və 30 manat dövlət rüsumu, ümumilikdə 768,50 manat tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iddia ərizəsinə dair mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfindən Mülki-Prosessual qanunvericiliyə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilsə də, cavabdeh iddiaya qarşı əsaslandırılmış etirazını məhkəməyə göndərməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Eyni Məcəllənin 284-5.2-ci maddəsinin tələblərinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan Bakı şəhər Nəsimi rayon İH MKTB-nin 65 saylı Mənzil Kommunal İstismar Sahəsinin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli aktdan görünür ki, ünvan 2-da yaşayan vətəndaş E.Cəfərovun şikayət ərizəsinə əsasən göstərilən ünvanda olmuşlar. Müəyyən olunmuşdur ki, mənzilə onun üst qonşusunun (72 saylı mənzildən) sanitar qovşaqdan yaranmış nasazlıqdan su axıntısı halları baş verir. Belə ki, 69 saylı mənzilin giriş hissəsində tavanda təxminən 1 kv.metr sahədə qabarma mövcuddur. Qonaq otağında tavanda 2 kv.m sahədə su axıntısı zamanı elektrik naqilləri zədələnmiş və divar üstü ilə yenidən çəkilmişdir. İş materiallarındakı Bakı şəhəri Nəsimi rayon İH MKTB-nin 396 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli sığorta aktının surətindən görünür ki, xx.xx.2020-ci il tarixdə ünvan 2 ünvanına su basma hadisəsi baş vermişdir. Nəticədə sığortalanmış mənzilə dəymiş ziyanın məbləği 989 manat, ödənilmiş sığorta ödənişinin məbləği isə 738,5 manat təşkil edir. İşin materiallarında olan “əmlakın qiymətləndirilməsinə dair” 20/64 saylı rəydən görünür ki, ünvan 2-a dəymiş zərər 989 manat məbləğində müəyyənləşdirilmişdir. İş materiallarında olan xx xxxxxxxx 2020-ci il tarixli ödəniş tapşırığına 1 saylı əlavədən görünür ki, «xxxx» ASC tərəfindən X2 hesabına 738,50 manat pul köçürülmüşdür. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, xx.xx.2020-ci il tarixdə ünvan 2 ünvanına həmin binanın 72 saylı mənzilin sanitar qovşağından subasma hadisəsi baş vermiş, sığorta aktına əsasən sığorta şirkəti tərəfindən mənzilə dəymiş zərər ödənilərək sığorta ödənişi həyata keçirilmiş, hazırda isə sığorta şirkəti sığortalı mənzilə görə ödədiyi cəmi 738,50 manat məbləğində pulu subroqasiya qaydasında cavabdehdən tutulması barədə iddia ilə məhkəməyə müraciət etmişdir. Belə ki, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 35.1-ci maddəsinə əsasən daşınmaz əmlakın icbari sığortası daşınmaz əmlakın yanğın və ya digər hadisələr nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı formada itkisi ilə bağlı dəyən zərərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir. Həmin Qanunun 36.1.5-ci maddəsinə əsasən daşınmaz əmlakın su, istilik, kanalizasiya kəmərlərinin və yanğınsöndürmə sistemlərinin qəzası, habelə qonşu tikililərdən, yaşayış və qeyriyaşayış sahələrindən, yaşayış evlərindən və binalarından, mənzillərdən, otaqlardan daxil olan su nəticəsində subasma halları nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı digər formada itkisi sığorta hadisəsi hesab olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Qeyd olunan Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Eyni Məcəllənin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Göründüyü kimi cavabdehə məxsus ünvan 1 ünvanından su axıtma nəticəsində ünvan 2 ünvanına ziyan dəymiş və sığorta aktına əsasən sığorta şirkəti tərəfindən mənzilə dəymiş zərər ödənilmişdir. Məhkəmə iddia tələbinə qeyd olunan maddi hüquq normalarını tətbiq edərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, Cavabdeh subroqasiya hüququ əsasında 738,50 (yeddi yüz otuz səkkiz manat, əlli qəpik) manat və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 768,50 (yeddi yüz altmış səkkiz manat, əlli qəpik) manat məbləğində pul alınaraq iddiaçı «xxxx» ASC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh subroqasiya hüququ əsasında 738,50 (yeddi yüz otuz səkkiz manat, əlli qəpik) manat və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 768,50 (yeddi yüz altmış səkkiz manat, əlli qəpik) manat məbləğində pul alınaraq iddiaçı «xxxx» ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar