Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2423/2025 16.07.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Həbibə Novruz qızının sədrliyi, məhkəmə iclasının katibi Xalıqova Məstanə Mətləb qızının katibliyi ilə iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı vurulmuş zərərin ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçının tələbi: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 5000,00 (beş min) manat sığorta ödənişi məbləğinin və 70,00 (yetmiş) manat dövlət rüsumunun, cəmi 5070,00 (beş min yetmiş) manat məbləğində pul vəsaitinin cavabdehdən tutulub iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin iddia ərizəsində qeyd edilən halları: "xxxx" ASC ilə Cavabdeh arasında xx.xx.2018-ci il tarixində PAA********** saylı sığorta müqaviləsi bağlanmış və “Mercedes Benz GLS63” markalı, ** TT *** dövlət qeydiyyat nişanlı avtomobil sığorta olunaraq, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta təminatı almışdır. Cavabdeh xx.xx.2018-ci il tarixdə “Mercedes Benz GLS63” markalı, ** TT *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Nəsimi rayonu ərazisində yol-nəqliyyat hadisəsi törətmişdir. Hadisə nəticəsində “BMW 320İ” markalı, ** LA *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurulmuşdur. Qeyd olunan zərərin aradan qaldırılması üçün "xxxx" ASC tərəfindən 5000,00 (beş min) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Hadisə ilə bağlı Nəsimi Rayon Məhkəməsinin Qərarına əsasən Cavabdeh yol-nəqliyyat hadisəsində zərər vuran tərəf qismində iştirak etmişdir. Həmçinin qeyd olunan Qərarda Cavabdeh yol nəqliyyat hadisəsinin baş verdiyi vaxt “Mercedes Benz GLS63” markalı, ** TT *** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək hüququ olmadan idarə etdiyi qeyd olunmuşdur. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçının nümayəndəsi məhkəməyə ərizə göndərərək, məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.4-cü maddəsinə əsasən mülki işə tərəflərin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclaslarına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar: Elektron sənəd formasında rəsmləşdirilmiş avtonəqliyat vasitəsi sahibinin mülki məsuliyyətinin icbari sığorta müqaviləsinin xarici təqdimat formasına əsasən “Mercedes Benz GLS63” markalı, ** TT *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2018-ci il tarixdən 1 il müddətinə icbari qaydada sığortalanmışdır. Sığorta məbləği əmlaka vurulan zərərə görə 5000 manat müəyyən edilmişdir. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə Arayışa əsasən, Bakı şəhər DYPİ bildirir ki, xx.xx.2018-ci il tarixdə saat 11:00 dəqiqədə yol-nəqliyyat hadisəsi (toqquşma) baş vermişdir. Təqsirli olan şəxs (Cavabdeh) tərəfindən idarə edilən avtonəqliyyat vasitəsi “Mercedes Benz GLS63” markalı, ** TT *** dövlət qeydiyyat nişanlıdır. Mülkiyyətçisi X1 və hadisə baş verdiyi anda sürücü Cavabdeh olmuşdur. AP ******* saylı xx.xx.2018-ci il tarixli inzibati xəta haqqında protokola əsasən, Cavabdeh İXM-nin 327.2, 332.1, 332.4-cü maddələrində nəzərdə tutulan inzibati xətaları törətmişdir. "xxxx" ASC-nin 19-00107/01/AA-7151/18 saylı xx.xx.2019-cu il tarixli, sığorta aktından görünür ki, xx.xx.2018-ci il tarixdə “Mercedes Benz GLS63” markalı, ** TT *** dövlət qeydiyyat nişanlı avtomobil “BMW 320İ” markalı, ** LA *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşması nəticəsində sonuncu avtomobilə dəymiş ziyan 5416 manat dəyərində qiymətləndirilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 3(006)-2049/2018 saylı xx.xx.2018-ci il tarixli qərarına əsasən Cavabdeh Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törətməkdə təqsirli bilib, 400 manat miqdarında inzibati qaydada cərimə edilməsi qərara alınmışdır. "xxxx" MMC-nin qiymətləndirmə aktından görünür ki, “BMW 320İ” markalı, ** LA *** dövlət nömrə nişanlı avtomobilə dəymiş ziyan 5416,00 manat dəyərində qiymətləndirilmişdir. xx.xx.2019-cu il tarixli 000169 nömrəli ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən 19-00107/01/AA-7151/18 saylı sığorta aktı üzrə zərərçəkənin hesabına 5000 manat sığorta ödənişi köçürülmüşdür. "xxxx" ASC-nin xx.xx.2019-cu il tarixli AS-19/2123 saylı məktubuna əsasən Cavabdeh sığorta ödənişinin ödənilməsi barədə xəbərdarlıq edilmişdir. Ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması üçün ödənilən dövlət rüsumunun məbləği 70 manat təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: Maddə 922.1. Sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Maddə 922.2. Sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir. Maddə 926.1. Sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Maddə 936.1. Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Maddə 936.2. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Maddə 936.5. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun: Maddə 25.1.3. İcbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Maddə 53.1. Mülkiyyətində avtonəqliyyat vasitəsi olan, yaxud avtonəqliyyat vasitəsinə faktiki sahibliyi həyata keçirən, yəni onu icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya etibarnamə əsasında idarə edən, yaxud digər qanuni əsaslarla istismar edən şəxslər bu Fəslin məqsədləri üçün avtonəqliyyat vasitəsinin sahibi hesab olunurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə tərəfindən işin müəyyən edilmiş hallarından görünür ki, “Mercedes Benz GLS63” markalı, ** TT *** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" ASC tərəfindən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta təminatı almışdır. xx.xx.2018-ci il tarixində Cavabdeh tərəfindən idarə edilən “Mercedes Benz GLS63” markalı, ** TT *** dövlət qeydiyyat nişanlı avtomaşın “BMW 320İ” markalı, ** LA *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və inzibati xəta haqqında xx.xx.2018-ci il tarixli protokola əsasən Cavabdeh Azərbaycan Respublikası İXM-nin 27.2, 332.1, 332.4cü maddələrində nəzərdə tutulan inzibati xətaları törətməsi öz təsdiqini tapmışdır. "xxxx" ASC dəymiş zərəri aradan qaldıraraq 5000 manat məbləğində sığorta ödənişini həyata keçirmişdir. “İcbari sığortalar haqqında” Qanunnun 25-ci maddəsi icbari sığorta üzrə subroqasiya hüququnun yaranmasının əsaslarını müəyyən edir. Hazırda iddiaçı həmin normada sadalanan əsaslardan birinin konkret hazırkı hala uyğun gəldiyi üçün həmin əsasla icbari sığorta məbləğini geri tələb edir. Həmin əsas - hadisə zamanı sürücünün avtomaşını idarə etməyə hüququ olmaması halıdır. İş materiallarından görünür ki, sığorta hadisəsi baş verən vaxt (xx.xx.2018-ci il tarixdə) Cavabdeh avtomobili idarə etmək hüququ olmamışdır. Belə ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 3(006)-616/2018 saylı xx.xx.2018-ci il tarixli qərarına əsasən Cavabdeh Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və onun 1 il müddətinə nəqliyyat vasitələrini idarə etmə hüququ məhdudlaşdırılmışdır. Göründüyü kimi cavabdeh tərəfindən törədilmiş mülki hüquq pozuntusu nəticəsində “BMW 320İ” markalı, ** LA *** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş zərərin əvəzi 5000 manat həcmində iddiaçı tərəfindən ödənildiyindən və Cavabdeh yol nəqliyyat hadisəsini törədən vaxt avtomobili idarə etməyə hüququ olmadığından iddiaçı "xxxx" ASC-nin “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 25.1.3-cü maddəsinin tələbinə əsasən, Cavabdeh həmin məbləğdə pulu geriyə tələb etmək (subroqasiya) hüququ yaranmışdır. Məhkəmə hesab edir ki, həmin məbləğ Cavabdeh iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən ödənilmiş 70 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 5000 (beş min) manat sığorta ödənişi və iddia ərizəsinin verilməsi ilə bağlı 70 (yetmiş) manat dövlət rüsumu tutularaq "xxxx" ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir Hakim Həbibə Miriyeva
Məhkəmə qərarları › İş №e-2(006)-2423/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-2423/2025
16.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver