Məhkəmə qərarları › İş №e-2(006)-2440/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-2440/2025

19.08.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2440/2025 19.08.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, məhkəmə iclasının katibi Sarıyev Hüseyn Əhməd oğlunun katibliyi İddiaçı vəkili Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair" iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair" iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2020-ci ildə Quba regional “Asan xidmət” mərkəzində təsdiq edilmiş və 3M- 460 sayla qeyd edilmiş kredit müqaviləsi üzrə 5000 (beş min) manat məbləğində pulun, iddia ərizəsi üzrə ödənilmiş 70 (yetmiş) manat məbləğində dövlət rüsumunun və hüquqi yardım üçün vəkilə ödənilmiş 500 (beş yüz) manatın cavabdehdən tutularaq mənə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh X2 2019-cu ildən yerliləri vasitəsilə tanış olmuşdur və onu Azərbaycan Respublikasından kənarda təhsil almış tələblərin diplomunu Azərbaycan Respublikasında “tanıtdıran şəxs” kimi ona təqdim etmişdilər. X3 Azərbaycan Respublikasından kənarda – Rusiya Federasiyası, Moskva şəhər Sənayedə iqtisadiyyat və idarəçilik İnstitutunda təhsil almış və diplomunu tanıtdırmaq üçün Azərbaycan Respublikasının Təhsil Nazirliyinə təqdim etmişdir. Cavabdehlə tanışlığı bu məqsədlə olmuşdur. Cavabdeh ona 5000 manat pul məbləği müqabilində diplomun tanıtdırmasını bildirmişdir. O da onunla razılaşıb həmin 5000 manat məbləğində pulu ona 2020-ci ildə vermişdir. Cavabdeh götürdüyü borcu (krediti) xx.xx.2020-ci il tarixədək qaytarmağı öhdəsinə götürməsinə baxmayaraq bu günə kimi öhdəliyi yerinə yetirməmiş və dəfələrlə müraciət etməyinə baxmayaraq aldığı 5000 manat pulu müxtəlif bəhanələrlə qaytarmaqdan imtina edir. Tələbin hüquqi əsası: Cavabdehə verilən pulun təminatı kimi onunla xx.xx.2020-ci ildə kredit müqavilsi bağlamışdır. Müqavilə xx.xx.2020-ci ildə Quba regional “Asan xidmət” mərkəzində təsdiq edilmiş və 3M-460 sayla qeyd edilmişdir Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili Vəkil izahat verərək, iddia tələbini müdafiə etdiyini və onun təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul edərək etiraf etmişdir. Məhkəmə iddia ərizəsini, tərəflərin izahatlarını və iddianın etiraf edilməsi barədə ərizələri nəzərdən keçirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - xx.xx.2022-ci il tarixli 3M-460 reyestr nömrəli kredit müqaviləsindən görünür ki, borc verən İddiaçı borc alan Cavabdeh 5000 manat borc verməyi, borc alan Cavabdeh isə xx.xx.2020-ci il tarixinədək ödəməyi öhdəsinə götürür. - Ödəniş qəbzindən (No:**********61) görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 70 manat məbləğində dövlət rüsumu ödənilmişdir. - Cavabdeh xx.xx.2025-ci il tarixli izahatından görünür ki, o, Məmmədova X1 İlham Məmməd oğluna borclu olduğu 5.000 manat pulu hissə-hissə qaytarmağa 3 ay ərzində söz verir. - İş materiallarına diplomun, diplom əlavəsinin, apostilin surətləri əlavə olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 5.4-cü maddəsinə əsasən qanunda başqa hal nəzərdə tutulmayıbsa, onlar məhkəmə araşdırmalarını barışıq sazişi ilə tamamlaya bilər, irəli sürülən tələbi etiraf, yaxud rədd edə bilərlər. Qeyd edilən Məcəllənin 14.3-cü maddəsinə əsasən məhkəmə tərəflərə, məhkəmə baxışını barışıq sazişi ilə tamamlamağı təklif etməyə borcludur və tərəflər qanunda nəzərdə tutulan hallar istisna edilməklə, iddianı etiraf edə və yaxud ondan imtina edə bilərlər. Həmin Məcəllənin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Qeyd edilən Məcəllənin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.3-cü maddəsində göstərilmişdir ki, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. Azərbaycan Respublikası MPM-in 191.3.-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsində göstərilmişdir ki, cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə qeyd edir ki, cavabdeh iddia tələbi ilə razı olmuş və bu məhkəməyə verdiyi izahatda da bunu bildirmişdir. Beləliklə, məhkəmə cavabdehin iddia tələbini etiraf etdiyini nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 5.000 manat məbləğində pul, 70 manat ödənilmiş dövlət rüsumu, cəmi 5070 manat (beş min yetmiş manat) məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddia tələbi tam təmin edildiyindən, iddiaçı tərəfindən ödənilmiş 70 manat məbləğində məhkəmə xərci də cavabdehə aid edilməlidir. Məhkəmə iddia tələbinin hüquqi yardım xərcinə görə ödənilmiş 500 manat məbləğində pulun tutulması hissəsi üzrə qeyd edir ki, bu hissədə tələb təmin edilməməlidir. Belə ki, İddiaçı hüquqi yardım xərcinə görə vəkilə 500 manat məbləğində pul ödədiyini bildirsə də, bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Azərbaycan Respublikası MPM-nin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 5.000 manat məbləğində pul, 70 manat ödənilmiş dövlət rüsumu, cəmi 5070 manat (beş min yetmiş manat) məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar