Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2447/2025 22.07.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC-nin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə İddiaçı “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” X8 cavabdehlər Bakı şəhəri 14 saylı Notariat Ofisinə və X3 qarşı icra qeydinin ləğvi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” X11 cavabdeh Bakı şəhəri 14 saylı Notariat Ofisinə qarşı icra qeydinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 14 saylı notariat Ofisinin xüsusi notariusu X2 xx.xx.2025-ci il tarixli 8İ-1933 reyestr nömrəli icra qeydinin ləğv olunmasın barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri 14 saylı notariat ofisinin xüsusi notariusu X2 xx.xx.2025-ci il tarixli 8İ-1933 reyestr nömrəli icra qeydinə əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə 39.000 manat məbləğində pulun və 25 manat dövlət rüsumunun İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən tutulması qeydi aparılmışdır. İşin faktiki halları ondan ibarətdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20 mart 2020-ci il tarixli 102 saylı qərarı ilə təsdiq edilmiş “Tibbi xidmətlərin göstərilməsi haqqında Müqavilə”nin Nümunəvi formasına uyğun olaraq Agentlik ilə "xxxx" MMC arasında 10 aprel 2023-cü il tarixdə N-012/TXM saylı Tibbi xidmətlərin göstərilməsi haqqında müqavilə bağlanmışdır. Həmin müqavilə üzrə göstərilən tibbi xidmətlərin dəyəri müqavilənin və qanunvericiliyin tələblərinə uyğun olaraq ödənilmişdir. Agentliyin ekspertləri tərəfindən 2024-cü ilin oktyabr ayında aparılan tibbi-iqtisadi ekspertizanın nəticələrinə əsasən 11 xəstə üzrə əməliyyatları icra edən həkimlərin qanunvericiliklə müəyyən olunmuş qaydada sertifikasiyadan keçmədiyi müəyyən olunmuş və bu səbəbdən də 39.000 manat məbləğdə tibbi xidmətin ödənişindən imtina olunmuşdur. "xxxx" MMC tərəfindən xx.xx.2024-cü il tarixdə Agentliyə müraciət ünvanlanaraq 39.000 manat məbləğində sığorta ödənişinin edilməsini xahiş olunmuşdur. Tərəfindən həmin müraciətə xx.xx.2024-cü il tarixli 11-10/2-1270/2024 saylı məktub ilə cavab verilmiş və “Əhalinin sağlamlığının qurunması haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinin təmin olunması məqsədilə praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin peşəkarlıq səviyyəsinin artırılması və peşə yararlılığının yoxlanılması məqsədilə dövrü olaraq ixtisası üzrə kurslardan keçməli və sertifikasiyaya cəlb edilməli olduğu, sözügendən Qanun 49-1-ci maddəsinin həmçinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215-ci maddəsinin tələblərinə əsasən sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və ya əczaçılıq fəaliyyətinə buraxılmasının yolverilməz olduğu bildirilmişdir. Eyni zamanda həmin məktub ilə xx.xx.2024-cü il tarixdə elektron poçt vasitəsi ilə xəbərdarlıq göndərildiyi qeyd olunmuşdur. 2025-ci ilin fevral ayında "xxxx" MMC icra qeydinin aparılması ilə bağlı müraciət etmiş və Bakı şəhəri 14 saylı notariat ofisinin xüsusi notariusu X4 tərəfindən yuxarıda qeyd olunan icra qeydi aparılmışdır. Hesab etmişdir ki, xx.xx.2025-ci il tarixli 8İ-1933 reyestr nömrəli icra qeydi verilən zaman qanunvericiliyin tələblərinə riayət olunmamışdır və bu səbəbdən də həmin icra qeyd ləğv olumalıdır. İlk öncə bildirmək istəmişdir ki, 10 aprel 2023-cü il N-012/TXM saylı xidmət müqaviləsi üzrə tələbkar "xxxx" MMC tərəfindən xidmətlərin yerinə yetirilməsi ilə bağlı tərəflər arasında razılaşdırılmış müvafiq sənədlərin olmaması, borc məbləğinin mübahisəli olması və tələbkarın poçt vasitəsi ilə bildiriş göndərməməsi halları cavabdeh tərəfindən icra qeydi aparılan zaman nəzərə alınmamışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X5 iddianı müdafiə edərək, onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi və vəkili Vəkil iddia tələbinin təmin olunmamasını xahiş etdi. Cavabdeh Bakı şəhəri 14 saylı Notariat Ofisi məhkəməyə müraciət edərək, mülki işin məhkəmə iclasına iştirakı olmadan baxılmasını xahiş etmiş, məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak etmiş şəxslərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin olunmalıdır. İş materiallarında olan İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında xx.xx.2023-cü il tarixdə bağlanmış “Tibbi xidmətlərin göstərilməsi haqqında” N-012/TXM saylı müqavilənin surətindən görünür ki, həmin müqavilə icbari tibbi sığorta çərçivəsində tibbi xidmətlərin göstərilməsi məqsədilə tibb müəssisəsi ilə Agentlik arasında münasibətlərin tənzimlənməsi, müqaviləyə əsasən, tibb müəssisəsinin Qanunun və Müqavilənin şərtlərinə uyğun olaraq sığorta olunanlara xidmətlər zərfinə daxil olan tibbi xidmətlər göstərməyi, Agentlik isə Qanunla müəyyən olunmuş qaydada sığorta ödənişini həyata keçirməyi öz öhdəsinə götürməsi haqqında bağlanmışdır. İş materiallarında olan İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında xx.xx.2023-cü il tarixdə bağlanmış razılaşmanın 4- cü bəndində “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 15-26-cı maddəsinə əsasən tibb müəssisəsi tərəfindən icbari tibbi sığorta çərçivəsində göstərilən tibbi xidmətin həcminə, müddətinə, keyfiyyətinə və şərtlərinə nəzarət tibbi-iqtisadi ekspertiza və tibbi xidmətin keyfiyyətinin ekspertizası vasitəsilə Agentlik tərəfindən həyata keçirilməsi göstərilmişdir. Həmin razılaşmanın 5-ci bəndində isə “Tibbi-iqtisadi ekspertizanın aparılması Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 17 mart tarixli 93 nömrəli Qərarına uyğun həyata keçirilməsi qeyd olunmuşdur. İş materiallarında olan "xxxx" MMC və “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” X13 tərəfindən imzalanmış və təsdiq edilmiş xx.xx.2024-cü il tarixli 1126-O/24 nömrəli Tibbiiqtisadi ekspertizaların nəticələri haqqında Aktın 7-ci bəndində göstərilən, “Müalicə həkiminin tibbi fəaliyyətlə məşğul olma hüququ olmadığına görə” əsası ilə aktın 13-cü bəndinə göstərilən nəyicəyə-“Ekspertiza nəticəsində sığorta ödənişindən tam və ya qismən imtina” edilmişdir. İş materiallarında olan "xxxx" MMC tərəfindən “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” X12 ünvanlanmış xx.xx.2024-cü il tarixli müraciətin surətindən görünür ki, ümumilikdə 39000 manat icbari sığorta ödənişinin edilməsinə müvafiq tapşırığın verilməsi xahiş edilmişdir. İş materiallarında olan “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” X11 tərəfindən "xxxx" MMC-yə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin təmin edilməsi məqsədilə praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslər (işçilər) peşəkarlıq səviyyəsinin artırılması və peşə yararlılığının yoxlanılması məqsədilə dövrü olaraq ixtisası üzrə kurslardan keçməli və sertifikasiyaya cəlb edilməlidirlər. Sözügedən Qanunun 49-1-ci maddəsinin həmçinin, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215-ci maddəsinin tələblərinə əsasən sertifıkasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və ya əczaçılıq fəaliyyətinə buraxılması yolverilməzdir. Yuxarıda qeyd olunanlar ilə bağlı İcbari Tibbi Sığorta üzrə X6 xidmətlər və dərman vasitələri departamentinin baş məsləhətçisi tərəfindən xx.xx.2024-cü il tarixində müəssisənin əməkdaşının email ünvanına xəbərdarlıq göndərilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli 8İ-1933 reyestr nömrəli icra qeydinin surətindən görünür ki, Bakı şəhəri 14 saylı notariat ofisi "Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” X7 N-012/TXM nömrəli müqaviləyə əsasən xx.xx.2024-cü il tarixli müddət üçün vaxtında ödənilməmiş 39000 manatın tutulması haqqında icra qeydi vermişdir. «Notariat haqqında» Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən, borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Həmin Qanununun 79-cu maddəsinə əsasən icra qeydinin aparılması barədə ərizə müvafiq icra hakimiyyəti orqanının Elektron notariat informasiya sisteminə və ya fiziki şəxsin yazılı ərizəsi notariat ofisinə daxil olduqdan sonra notarius bir iş günü müddətində icra qeydini aparır və icra qeydini müvafiq icra hakimiyyəti orqanının Elektron notariat informasiya sistemi vasitəsilə “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq icra olunması üçün müvafiq icra hakimiyyəti orqanının Elektron icra informasiya sisteminə göndərir. Qanunun tələbindən göründüyü kimi, icra qeydi yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Hazırki məhkəmə mübahisəsindən müəyyən edilir ki, “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” X11 tərəfindən sığorta ödənişinin ödənilməsindən imtinanın əsasında praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin sertifikasiyadan keçmələrinə dair sənədin təqdim edilməməsi durmuşdur. Göründüyü kimi, pulun ödənilməsində mübahisə mövcud olmuşdur. Məhkəmə qeyd edir ki, “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısının təsdiq edilməsi” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 sentyabr 2000-ci il tarixli Qərarında icra qeydinin aparılması üçün təqdim edilməli olan sənədlərin siyahısı göstərilmişdir. Məhkəmənin sorğusu əsasında Bakı şəhəri 14 saylı notariat ofisi tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli 8İ-1933 reyestr nömrəli icra qeydinin aparılması üzrə notariat işindən müəyyən olunur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 sentyabr 2000-ci il tarixli Qərarında tələb olunan sənədlər həmin işdə mövcud olmamışdır. Eyni zamanda vurğulanmalıdır ki, “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” X11 ilə "xxxx" MMC arasında xx.xx.2023-cü il tarixində bağlanmış “Tibbi xidmətlərin göstərilməsi haqqında” N-012/TXM saylı müqaviləyə əsasən tərəflər müqavilə üzrə öhdəliklərin tam və ya lazımi qaydada yerinə yetirmədiklərinə görə məsuliyyət daşıyırlar. Aralarında olan mübahisənin məhkəmə yolu ilə həll edilməsi öz əksini tapmışdır. Bununla yanaşı, "xxxx" MMC xx.xx.2024-cü il tarixdə tərtib edilmiş Aktı qəbul edərək onu imzalamaqla ekspertin gəldiyi nəticəni qəbul etmiş, onu mübahisələndirməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, qanunvericiliyin müəyyən etdiyi forma və məzmuna riayət edilməklə təqdim edilmədiyindən notariat ofisi tərəfindən icra qeydinin verilməsi qanuna, müqaviləyə və iş materiallarına uyğun qaydada verilməməklə əsaslı olmadığından həmin icra qeydi ləğv edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Beləliklə məhkəmə hesab edi ki, iddia tələbi təmin edilməli, Bakı şəhəri 14 saylı Dövlət Notariat ofisi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 8İ-1933 reyestr nömrəli icra qeydi ləğv edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Bakı şəhəri 14 saylı Dövlət Notariat ofisi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 8İ- 1933 reyestr nömrəli icra qeydi ləğv edilsin. Məhkəmə xərcləri iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nail Abbasov
Məhkəmə qərarları › İş №e-2(006)-2447/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-2447/2025
22.07.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver