Məhkəmə qərarları › İş №e-2(006)-245/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-245/2024

30.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr - Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-245/2024 30.01.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı «müqavilələrin ləğv edilməsi və borc məbləğlərinin geri qaytarılması» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «müqavilələrin ləğv edilməsi və borc məbləğlərinin geri qaytarılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə aralarında Bakı şəhəri 43 saylı Notariat ofisində bağlanmış 12 sentyabr 2022-ci il tarixli borc müqaviləsinin və Bakı şəhəri 43 saylı Notariat ofisində bağlanmış 01 oktyabr 2022-ci il tarixli borc müqaviləsinin ləğv edilməsi; Cavabdeh öhdəliyin icrası təmin edilərək 12 sentyabr 2022-ci il tarixli müqavilə üzrə 40.000 ABŞ dolları ekvivalenti 68.000 manat və 01 oktyabr 2023-cü il tarixli müqavilə üzrə 70.000 ABŞ dolları ekvivalenti 119.000 manat, məhkəmə müraciət etmək üçün dövlət rüsumu olaraq ödənilmiş 477 manatın Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə aralarında Bakı şəhəri 43 saylı Notariat Ofisində bağlanmış 12 sentyabr 2022-ci il tarixli borc müqaviləsinin ləğv edilməsi; Cavabdeh öhdəliyin icrası təmin edilərək 12 sentyabr 2022-ci il tarixli müqavilə üzrə 40.000 ABŞ dolları ekvivalenti 68.000 manat, məhkəməyə müraciət etmək üçün dövlət rüsumu olaraq ödənilmiş 477 manatın Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra, İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə aralarında Bakı şəhəri 43 saylı Notariat ofisində bağlanmış 12 sentyabr 2022-ci il tarixli borc müqaviləsinin və Bakı şəhəri 43 saylı Notariat ofisində bağlanmış 01 oktyabr 2022-ci il tarixli borc müqaviləsinin ləğv edilməsi; Cavabdeh öhdəliyin icrası təmin edilərək 12 sentyabr 2022-ci il tarixli müqavilə üzrə 40.000 ABŞ dolları ekvivalenti 68.000 manat və 01 oktyabr 2023-cü il tarixli müqavilə üzrə 70.000 ABŞ dolları ekvivalenti 119.000 manat, məhkəməyə müraciət etmək üçün dövlət rüsumu olaraq ödənilmiş 477 manatın Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında Bakı şəhəri 43 saylı Notariat Ofisində 12 sentyabr 2022-ci il tarixli borc müqaviləsi imzalanmışdır. Müqavilənin 1 və 2-ci bəndlərinə əsasən «Borc verən» «Borc alana» 40.000 ABŞ dolları ekvivalenti 68.000 manat məbləğində pul borc verməyi, «Borc alan» krediti xx.xx.2026-cı il tarixədək hər 6 aydan bir 5.000 ABŞ dolları ekvivalenti 8.500 manat «borc verənə» qaytarmağı öz üzərinə öhdəlik götürmüşdür. Həmçinin İddiaçı ilə Cavabdeh arasında Bakı şəhəri 43 saylı Notariat Ofisində 01 oktyabr 2022-ci il tarixli borc müqaviləsi imzalanmışdır. Müqavilənin 1 və 2-ci bəndlərinə əsasən «Borc verən» «Borc alana» 70.000 ABŞ dolları ekvivalenti 119.000 manat məbləğində pul borc verməyi, «Borc alan» krediti xx.xx.2023-cü il tarixədək «borc verənə» qaytarmağı öz üzərinə öhdəlik götürmüşdür. İddiaçı tərəfindən hər iki müqavilə üzrə müqavilə öhdəlikləri tam şəkildə yerinə yetirilmiş, lakin cavabdeh tərəfindən 12 sentyabr 2022-ci il tarixli müqavilə üzrə 40.000 ABŞ dolları ekvivalenti 68.000 manat və 01 oktyabr 2023-cü il tarixli müqavilə üzrə 70.000 ABŞ dolları ekvivalenti 119.000 manat məbləğində pul vəsaitləri ödənilməmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, iddianı əsassız hesab edir. Belə ki, o, ortaq tanışları vasitəsi ilə iddiaçı ilə tanış olmuşdur. O, əvvəllər kursda işləyirdi. İddiaçının oğlu onların kursunda hazırlaşmış və Türkiyədə üniversitetə daxil olmuşdur. Həmin müddət ərzində iddiaçı ilə yaxşı münasibətləri yaranmışdır. 2022-ci ildə xaricdə təhsil üzrə dövlət proqramı açılmışdır. O, iddiaçıya bu barədə təklif etmiş və iddiaçının oğlunun dövlət təqaüdü ilə xaricdə oxumasına köməklik edəcəyini bildirmişdir. İddiaçı onun bu təklifi ilə razılaşmışdır. Daha sonra elə alınmışdır ki, təqaüd məsələsi alınmamışdır. Belə olduqdan sonra iddiaçı ilə aralarındakı münasibət pisləşmiş və iddiaçı ona bildirmişdir ki, universitetin illik təhsil haqqı 15.000 dollardır və 4 il ərzində bu məbləğ 60.000 ABŞ dolları edir. Bundan başqa xaricdə yaşamaq üçün bir tələbənin aylıq xərcinin 1.200 ABŞ dolları olduğunu, 4 il ərzində isə illik 12.000 ABŞ dollarından ümumilikdə 48.000 ABŞ dolları olduğunu bildirmişdir. Həmçinin qeyd etmişdir ki, bütün bunlar onun günahından baş verdiyi üçün məbləğlər onun tərəfindən ödənilməlidir. O, iddiaçıya bildirmişdir ki, bu məbləği ödəmək üçün onun gücü çatmayacaq. İddiaçı onu zorla özünə məxsus avtomobilinə mindirərək, məcburi qaydada Notariat Kontoruna aparmışdır. Notariat Kontorunda müqavilələr hazırlanmış və ona məcburi qaydada imza etdirilmişdir. O, bu barədə hüquq-mühafizə orqanlarına müraciət etməmişdir. O, müqavilələrin etibarsızlığı ilə bağlı məhkəməyə iddia ərizəsi ilə müraciət etməmişdir. Məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə, iddiaçının nümayəndəsi və vəkilinin və cavabdehin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş 12 sentyabr 2022-ci il tarixdə Bakı şəhəri 43 saylı Notariat Ofisində bağlanmış və təsdiq olunmuş 3M-2843 reyestr saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh İddiaçı 12 sentyabr 2026-cı il tarixədək, hər 6 aydan bir 8.500 manat qaytarmaq şərti ilə, faizsiz olaraq 68.000 manat borc almışdır. İş materiallarına əlavə olunmuş 01 oktyabr 2022-ci il tarixdə Bakı şəhəri 43 saylı Notariat Ofisində bağlanmış və təsdiq olunmuş 3M-3007 reyestr saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh İddiaçı 31 dekabr 2023-cü il tarixədək qaytarmaq şərti ilə, faizsiz olaraq 119.000 manat borc almışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Mülki Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Mülki Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İddiaçı cavabdehə pretenziya qaydasında məktubla müraciət edərək, yuxarıda qeyd olunan kredit müqavilələri üzrə öhdəliklərini icra edərək, borcu ödəməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onu xəbərdar etmişdir. Göründüyü kimi, tərəflər arasında kredit müqavilələri bağlanmış, cavabdeh iddiaçıdan müqavilələrdə şərtləşdirilmiş müddətdə qaytarmaq şərti ilə 68.000 manat və 119.000 manat borc almış, lakin iddiaçı qarşısında götürdüyü öhdəliyi tam və vaxtında icra etməmişdir. Məhkəmə hesab edir ki, iddiaçının hazırki tələbi əsaslıdır. Belə ki, işdə olan xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə görə borc alan aldığı krediti xx.xx.2023-cü il tarixədək, xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə görə isə xx.xx.2026-cı il tarixədək hər 6 aydan bir 5.000 ABŞ dolları ekvivalenti 8.500 manat borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə müqavilənin icra edilməli olduğu vaxt artıq başa çatmış olsa da, borc alan tərəfindən icra edilməmişdir. Digər tərəfdən xx.xx.2022-ci il tarixli müqavilənin qüvvədə olma müddətinin hələ də bitməsinə baxmayaraq, borc alan tərəfindən müqavilə şərtləri pozulmaqla, yəni hər 6 aydan bir ödənilməli olan məbləğ ödənilmədiyindən, iddiaçı hər iki müqavilə üzrə tələb irəli sürməkdə və ona ödənilməli olan vəsaiti geri tələb etməkdə haqlı olmuşdur. Cavabdeh iddiaya etirazını iddiaçıdan borc almaması, bu kredit müqavilələrinin bağlanmasına səbəbin iddiaçının övladının xaricdə təhsil almasında yaranmış problemlərlə əlaqələndirməyə çalışsa da, "xxxx" ASC-nin Mərkəzi filialına aid qəbzlərdən görünür ki, kredit müqavilələri üzrə borc verən İddiaçı üzərinə düşən öhdəlikləri yerinə yetirərək, birinci kredit müqaviləsi üzrə notariusun depozit hesabına 68.000 manat, ikinci müqavilə üzrə isə eyni hesaba 119.000 manat pul vəsaiti mədaxil etmişdir. Göründüyü kimi, cavabdehin etirazı subyektiv mülahizələrdir və reallığa dayanan heç bir əsası yoxdur. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Ödəniş tapşırığından görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 477 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı ilə Cavabdeh arasında Bakı şəhəri 43 saylı Notariat Ofisində bağlanmış 12 sentyabr 2022-ci il tarixli və 01 oktyabr 2022-ci il tarixli borc müqavilələri ləğv olunmalı, 12 sentyabr 2022-ci il tarixli kredit müqaviləsi üzrə 68.000 manat, 01 oktyabr 2022-ci il tarixli kredit müqaviləsi üzrə 119.000 manat və ödənilmiş 477 manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında Bakı şəhəri 43 saylı Notariat Ofisində bağlanmış 12 sentyabr 2022-ci il tarixli və 01 oktyabr 2022-ci il tarixli borc müqavilələri ləğv olunsun. 12 sentyabr 2022-ci il tarixli kredit müqaviləsi üzrə 68.000 manat, 01 oktyabr 2022ci il tarixli kredit müqaviləsi üzrə 119.000 manat və ödənilmiş 477 manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar