Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2473/2025 09.07.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, məhkəmə iclasının katibi Sarıyev Hüseyn Əhməd oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, bank tərəfindən əsassız olaraq debet kartından silinmiş 4991.37 (dörd min doqquz yüz doxsan bir manat) vəsaitin dərhal onun hesabına qaytarılması, qətnamə icra edilənədək həmin vəsaitə illik 7 % olmaqla deposit və 5% olmaqla dəbbə pulu bankdan tutularaq ona ödənilməsi, bankın qanunsuz hərəkətləri nəticəsində ona vurulmuş mənəvi ziyana görə 1000 manat kompensasiyanın ödənilməsi, gələcəkdə onun razılığı olmadan hesablarından vəsait silinməsinin qarşısının alınması üçün bankın üzərinə müvafiq öhdəliklərin qoyulması, qanusuz olaraq hesablarına müdaxilə etmiş şəslərin məsuliyyətə cəlb edilməsi üçün xüsusi qərardad qəbul edilməsi və ödənilmiş məhkəmə rüsumu və məhkəmə xərclərinin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “X1” ASC tərəfindən emitent kimi buraxılmış debet kartının sahibidir. Müvafiq bank müqaviləsinə əsasən, bu kartda olan vəsaitlər üzərində sərbəst şəkildə istifadə hüququ mövcuddur. Həmçinin həmin kartdakı qalıq məbləğə illik 7% olmaqla əlavə deposit faizi hesablanır. Lakin xx.xx.2025 tarixində bank tərəfindən onun xəbəri və razılığı olmadan debet kartından 4991.37 manat silinmişdir. Bankla apardığı araşdırma nəticəsində məlum olmuşdur ki, həmin vəsait digər hesabda yaranmış overdraft borcunun ödənilməsi üçün PKD-nin məktubu əsasında qanusuz olaraq silinmişdir. Lakin o bankla bu borcun debet kartından tutulması barədə heç bir müqavilə və ya razılaşma imzalamamışam. Həmin borcun yaranması və ya ödənilməsi tələbi ilə bank bu günədək mənəxəbər verməyib və məhkəməyə belə müraciət etməyib. Bankın bu hərəkəti Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən, öhdəliklərin birtərəfli qaydada icrası və vətəndaşın mülkiyyət hüququnun pozulmasıdır. Bank onun razılığı olmadan debet hesabından vəsait çıxmaq hüququna malik deyil. Bu qanunsuz əməliyyat nəticəsində ona maddi ziyan dəymiş və bankın qeyriqanuni hərəkətləri ona mənəvi narahatlıq yaşatmışdır. Bankın birtərəfli qaydada ona məxsus vəsaiti silməsi qanunsuz zənginləşmə kimi qiymətləndirilməli və dərhal aradan qaldırılmalıdır. a) Məhkəmə icraatı iştirakçılarının izahatları: Əvvəlki məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh əvvəlki məhkəmə iclasların yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılsa da, heç birində iştirak etməmiş, lakin məhkəməyə etiraz ərizəsi ilə müraciət edərək bildrmişdir ki, qeyd edilən borc overdraft borcu olduğu üçün Azərbaycan Kredit Bürosunda əks olunmur. Müqavilənin şərtlərinə əsasən Bankın aksetsiz qaydada borcu silmək hüququ vardır. Bunları nəzərə alaraq iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonuncu məhkəmə iclasının yeri və vaxtı barədə tərəflər lazımi qaydada məlumatlandırılsalar da, tərəflər iştirak etməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə hər hansı bir məlumat verməmişlər. Bu səbəbdən məhkəmə, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edərək qətnaməni elan etmişdir. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Əsaslandırıcı hissə: a) Mülki işin materialları: Mülki işin materiallarında olan: - İddiaçı Cavabdeh ASC-yə ünvanladığı xx.xx.2019-cu il tarixli ərizəsindən görünür ki, o, 5.000 manat məbləğində 24 ay müddətinə kredit xətti ayırmaqlarını Bankdan xahiş etmişdir. - Cavabdeh ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli, ******* saylı “Fiziki şəxslərə kredit (kredit xəttinin) verilməsi və istifadəsi üzrə xidmətlərin göstərilməsi” müqaviləsindən məlum olur ki, bank, ödəniş kartının verilməsi ilə bağlı müvafiq bank xidmətləri göstərməyi, Müştəri isə müqavilə üzrə nəzərdə tutulmuş hallarda komissiya haqlarını, xidmət haqlarını, habelə digər ödənişləri həyata keçirməyi öz öhdəsinə götürmüşdür. Həmin müqavilənin 1.1.3-cü maddəsinə əsasən Bank İddiaçı illik 28 faiz dərəcəsi ilə 24 ay müddətinə 5.000 manat məbləğində kredit vermişdir. -Cavabdeh ASC-nin “fiziki şəxslərə Bank xidmətlərinin göstərilməsi” üzrə Xidmət Müqavilələrinin Standart Şərtlərinin 4.1.3-cü və 4.1.4-cü maddələrinə əsasən Bank Kredit müqaviləsi üzrə əsas və faiz borclarını və cərimələri Müştərini sərəncamı olmadan, akseptsiz qaydada onun bankda olan hesabından tuta (silə) bilər. Müştəri Müqavilə əsasında əmələ gəlmiş pul öhdəlikllərini icra etmədiyi halda onun Bankda açılmış hesablarından bu pul öhdəliyini bu fəslin 2.9.-cu bəndinə uyğun ardıcıllıqla akseptsiz qaydada silə bilər; - İddiaçı məxsus bank hesabından çıxarışdan görünür ki, xx.xx.2025-ci il tarixində PKD gələn mailə əsasən vəsait hesabdan hesaba köçürülmüşdür. - Azərbaycan Kredit Bürosundan çıxarışlara əsasən, İddiaçı kredit statusu “tam ödənilmiş” kimi əks olunmuşdur. Mülki işin materiallarına Cavabdeh ASC-nin İddiaçı məxsus AZ57AZRT410100********47007 nömrəli hesabında (xx.xx.2019-xx.xx.2025 dövr üzrə) çıxarış əlavə edilmişdir. a) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: Məhkəmə iddiaçı tərəfindən irəli sürülmüş iddia tələbləri ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.6-cı maddəsi başqa şəxsə zərər vurulmasını mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından, 386.1-ci maddəsi isə zərər vurulmasını öhdəliyin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edir. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusu – deliktə görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: 1) əməl (hərəkət və ya hərəkətsizlik); 2) həmin əməlin hüquqa və ya qanuna zidd olması və 3) təqsir (qəsd və ya ehtiyatsızlıq). Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi). Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh ASC arasında xx.xx.2019-cu il tarixində imzalanmış ******* saylı “Fiziki şəxslərə kredit (kredit xəttinin) verilməsi və istifadəsi üzrə xidmətlərin göstərilməsi” müqaviləsinə əsasən cavabdeh illik 28 faiz dərəcəsi ilə 24 ay müddətinə 5.000 (beş min) manat məbləğində kredit almışdır. Kredit xətti çərçivəsində bank tərəfindən debet kartı təqdim edilmiş və tərəflər arasında bu kartla bağlı bank xidmətlərinin istifadəsini tənzimləyən müqavilə münasibətləri yaranmışdır. Məhkəmə qeyd edir ki, qeyd olunan müqaviləyə əlavə olunan “fiziki şəxslərə bank xidmətlərinin göstərilməsi” üzrə standart şərtlərin 4.1.3 və 4.1.4-cü maddələrinə əsasən, Bankın öhdəliyi yaranmış borcların və faizlərin müştərinin Bankdakı hesablarından akseptsiz (yəni razılıq tələb olunmadan) silinməsi hüququ qanunverici əsaslarla müəyyən edilmişdir. Müvafiq müddəalara əsasən, müştəri öhdəliklərini vaxtında yerinə yetirmədikdə, bank həmin borcu onun hesabından akseptsiz qaydada silmək hüququna malikdir. Bu hüquqi şərtlər istər müvafiq kredit müqaviləsində, istərsə də xidmət müqaviləsinin ayrılmaz tərkib hissəsi olan standart şərtlərdə açıq şəkildə öz əksini tapmışdır və iddiaçı bu şərtləri könüllü olaraq qəbul etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, bankın müştərinin debet hesabından vəsaiti silməsi birtərəfli və əsassız hərəkət kimi qiymətləndirilə bilməz. Məhkəmə qeyd edir ki, iş materiallarına əlavə olunmuş bank çıxarışlarından görünür ki, xx.xx.2025-ci il tarixində İddiaçı bank hesabından 4991.37 manat məbləğində vəsait PKDnin təqdim etdiyi sənədə əsasən köçürülmüşdür. Bu əməliyyatın səbəbi — iddiaçının əvvəlki dövrlərdə istifadəsində olmuş kredit xətti üzrə yaranmış overdraft borcunun bağlanması olmuşdur. Həmin borcun Azərbaycan Kredit Bürosunda əks olunmaması isə bu borcun qüvvədə olmadığı kimi qiymətləndirilməməlidir, belə ki borclarının qeydiyyata alınması praktikası fərqli əsaslara dayanr və bu fakt borcun mövcudluğunu inkar etmir. Məhkəmə hesab edir ki, hazırkı halda, borcun akseptsiz silinməsi tərəflərin müqavilə ilə əvvəlcədən razılaşdırdığı hal kimi qiymətləndirildiyindən, bu əməliyyat birtərəfli hüquqpozma yox, müqavilə öhdəliyinin icrasıdır. Belə olan halda, cavabdehin hərəkətlərində nə qanunsuz zənginləşmə, nə də mülkiyyət hüququnun pozulması əlamətləri müşahidə olunmur. Məhkəmə qeyd edir ki, iddiaçının razılığı olmadan vəsaitin silinməsi onun hüquqlarının pozulması kimi qiymətləndirilə bilməz, çünki bu hal müvafiq müqavilə şərtləri əsasında və borcun bağlanması məqsədilə həyata keçirilmişdir. Həmçinin, iddiaçı tərəfindən bu borcun hüquqi əsasının olmadığı və ya silinmiş vəsaitin zərər doğurduğu barədə sübut da məhkəməyə təqdim olunmamışdır. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı nə cavabdeh Bankın müqaviləyə zidd hərəkət etdiyini, nə də silinmiş vəsaitin əsassız zənginləşmə nəticəsində əldə olunduğunu sübuta yetirə bilmədiyi üçün, təqdim olunmuş sənədlər və bank çıxarışları iddianın əksinə olaraq cavabdehin hərəkətlərinin qanuni əsaslara söykəndiyini göstərdiyi üçün iddia “4991.37 (dörd min doqquz yüz doxsan bir manat) vəsaitin dərhal onun hüsabına qaytarılması” hissəsində rədd edilməlidir. Eyni zamanda, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Bundan əlavə, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 №-li 03 noyabr 2008-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya»nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Həmçinin, Plenum yuxarıda adı çəkilən qərarda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Məhkəmə iddia tələbinə hüquqi qiymət verərək hesab edir ki, iddiaçı ona vurulmuş mənəvi zərərin nədən ibarət olmasını əsaslandırmadığı, həmçinin maddi ziyan hissəsi təmin edilmədiyindən və cavabdehin bu mübahisədə heç bir təqsiri müəyyən edilmədiyindən iddia mənəvi ziyan hissəsində də təmin edilə bilməz. Məhkəmə iddianın “xüsusi qərardadın çıxarılması” hissəsi ilə bağlı qeyd edir ki, hazırki işdə Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən iddiaçının hesablarına müdaxilələr qanusuz hesab edilmədiyindən, iddia bu hissədə də rədd edilməlidir. Bundan əlavə isə məhkəmə həmçinin iddianın digər hissələri olan qətnamə icra edilənədək həmin vəsaitə illik 7 % olmaqla deposit və 5% olmaqla dəbbə pulu bankdan tutularaq ona ödənilməsi və sair hissələri isə iddia tələbinin əsasını təşkil edən maddi və mənəvi zərərin ödənilməsi hissəsi rədd edildiyindən iddia tələbi bu hissələrdə də prosessual qənaət prinsipini nəzərə alaraq təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Beləliklə, məhkəmə işin bütün hallarının məcmusuna, hərtərəfli, tam və obyektiv baxaraq, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “pul” tələbinə dair iddiası əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “pul” tələbinə dair iddiası təmin edilmədiyindən, iddia tələbinin “ödənilmiş məhkəmə rüsumu və məhkəmə xərclərinin tutularaq ona” hissəsi də rədd edilməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Eyni Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “pul” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(006)-2473/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-2473/2025
09.07.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələ
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver