Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2479/2025 12.05.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, məhkəmə iclasının katibi Cəfərova Şəmsiyyə Abdulla qızının katibliyi, iddiaçının vəkili Nümayəndə2, cavabdehin nümayəndəsi Nümayəndə1 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «vurulmuş maddi ziyanın və mənəvi zərərin ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «vurulmuş maddi ziyanın və mənəvi zərərin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, pozulmuş əlilistehlakçı hüququnun bərpa edilməsi; maddi ziyan olaraq 39.287 manat, mənəvi ziyan olaraq 50.000 manat olmaqla, cəmi 89.287 manat pul vəsaitinin cavabdeh "xxxx" ASC-dən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının ərazi bütövlüyünə qarşı təcavüz olunan ilk gündən AMEA-nın aspirantlıq şöbəsində təhsilini, elmi işini atıb, 2 körpə uşaqlı ailəsini Allahın ümidinə qoyub, Qarabağ savaşına getmişdir. DİN-in zabit pensiyaçısı, AMEA üzrə yeganə 1-ci dərəcəli Qarabağ əlilidir. Səhiyyə Nazirliyinin rəyi ilə hər il xaricdə müalicəyə getməyə valyuta dəyişməyə məcburdur. Lakin banklar son illərdə heç bir əsas olmadan valyuta dəyişməsinə süni qadağa qoymuşdur. 2020-ci ilin 30 dekabrında faktiki yaşayış yerinin yaxınlığındakı «Kapital Bank»ın Nizami filialı içəri buraxmadığından "xxxx"nın (ABB) Nizami filialında saat 12-40 radələrində V033 nömrəsi ilə valyuta dəyişməyə növbə tutub , 2 saat gözləsə də, növbəyə əməl edilmədən xanım kassir öz tanışlarına növbədənkənar xidmət etmişdir. Buna etiraz etdiyindən onu 2 saat gözlədib, xidmətdən imtina etmişdir ki, «limiti» keçmişdir. Halbuki onun pensiya, əmək haqqı, təqaüd məbləğləri limitdən artıq valyuta dəyişməyə əsas verir. Eyni zamanda xx.xx.2020-ci ildə onun avro hesabına 9750 avro vəsait daxil olmuşdur. Bu vəsaiti nə avro ilə, nə də manatla götürüb, dollara çevirməsinə, əmlakına sərəncam verməsinə imkan verməmişlər. O, Qarabağ əlili olduğunu, pensiyasından, təqaüdündən hər ay 500 dollarlıq valyuta dəyişməsini desə də, xidmətdən imtina edilmiş və bankın mühafizəçisini, müştəriləri 1-ci dərəcəli Qarabağ əlilinə qarşı qanunsuzluğa təhrik etmişlər. Keçirdiyi stressdən xx.xx.2021-ci ildən xx.xx.2021-ci ilədək DİN-in hospitalında müalicədə olmuşdur. Bu hadisədən sonra ona ABB-dən zəng edib, tədbir görüləcəyini, qanunsuz tutulan vəsaitin bərpa ediləcəyini demişlər. Belə ki, bank hesabına daxil olan vəsaitdən aldatma yolu ilə faiz tutur. Cavabdeh ABB Nizami filialı öncədən karta görə 10 manat ödəniş haqqı alıb, daxil olan vəsaitdən pul tutulmayacağını bildirmişdir. Amma avro ilə, sonra isə manatla hesabına daxil olan vəsaitdən 0,5 faiz komissiya haqqı, təxminən 100 manat pul tutmuşdur. Bundan başqa 9750 avrodan daxil olan kimi 48,75 avro tutmuş, həm də hər çıxaranda faiz tutmuşlar. xx.xx.2022-ci il tarixdə 5700 avro pulunu götürməyə imkan verməmişlər ki, faiz tutulacaq, faiz tutulmaması üçün 4.335 avro götürə bilər. Məcbur olub 4.300 götürmüş, amma 2,73 avronun faiz kimi tutulması bəlli olmuşdur. Bu, özbaşınalıq, bank dələduzluğudur. Hansı qanunda yazılıb ki, istehlakçının pulundan hər götürəndə faiz tutulsun? Aldadıb 10 manat kart haqqı alıb, faiz tutulmayacağını demişlər, sonra daxil olan kimi 0,5 faiz və hər pul götürəndə də 0,5 faiz tuturlar. Karta avro ilə vəsait köçürülməyəcəkdisə, niyə bu kart 10 manat qarşılığında ona verilirdi? Nəyinə lazımdır bu kart ki, hesabında pul olmayacaq? Bu aldatma deyil? Onun kartına vaxtında avro ilə vəsait daxil edilmədiyindən, pulunu götürə bilməmiş, əmlakından məhrum edilmişdir. Vaxtında pulunu karta köçürsəydilər, bankdan versəydilər, 22 min manat vəsait edirdi. Yəni ona, ən azı 5.000 manat ziyan dəymişdir. Ümumiyyətlə, əmlakından istifadə etmək hüququndan bank inhisarçılığı ilə məhrum edilmişdir. Bankın idarə heyətinin sədr müavini Aqşin Əmirovun Azərbaycan Respublikası Mərkəzi Bankının baş direktoru Ziya Əliyev vasitəsilə verdiyi xx.xx.2021-ci il tarixli cavabda bildirilmişdir ki, əmək haqqı, sosial müavinət, tələbə təqaüdü və ABB-də nağd vəsaitin alınmasına görə komisyon haqq tutulmayan kartların hesabına daxil olmuş vəsaitə görə 0,5 faiz komissiya haqqı təyin olunmuşdur. Komisyon haqq tutulmayan kartların hesabına daxil olan vəsaitdən bankın qanunsuz olaraq komissiya haqqı tutması açıq mətnlə etiraf edilir. Məhkəmə təminatı hüququna da kobud qadağa qoyulmuş, məhkəməyə qeyri-prosessual basqı yapılaraq, iddiaları ört-basdır edilir, iki ildən çoxdur konstitusion hüququndan yararlanmasına imkan verilmir. Tərəflərin iştirakı və izahatları: İddiaçının elektron məhkəmə informasiya sistemində yerləşən elektron kabinetinə məhkəmə iclası barədə bildiriş yerləşdirilmiş,lakin iddiaçı heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçının vəkili Nümayəndə2 məhkəmə iclasında iddia tələbini müdafiə etdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi Nümayəndə1 məhkəmə iclasında iddia tələbini qəbul etmədi və izahatında bildirdi ki, vətəndaşda 2 dəfə pul tutma hadisəsi baş verib: xx.xx.2020-ci il və xx.xx.2022-ci il tarixlərində. xx.xx.2020-ci ildə vətəndaşın sosial ödənişlər üçün nəzərdə tutulmuş kartına 9750 avro pul vəsaiti daxil olur və bunun mədaxilin müqabilində ondan 48,75 avro pul avtomatik olaraq tutulmuşdur. "xxxx" ASC-də ödəniş kartları üzrə tarif cədvəlinin (ABB-nin rəsmi internet səhifəsində də mövcud olmaqla vətəndaşların tanış olması üçün əlçatımlıdır) 6.2-ci bəndinə əsasən əmək haqqı, sosial müavinət, tələbə təqaüdü və ABB-də nağd vəsaitin alınmasına görə komisyon haqqı tutulmayan digər kartlardan digər köçürmə vasitəsilə kart hesabına daxil olmuş vəsaitə görə (Granat təcili pul köçürmə vasitəsilə daxil olmuş vəsaitlər istisna olmaqla) 0.5% məbləğində komisyon haqq tutulur. Bu da tutulmanın faktiki və hüquqi əsasını özündə əks etdirir. Həmçinin xx.xx.2022-ci il tarixdə vətəndaş Banka yaxınlaşaraq öz xarici valyutalı hesabından 4300 avro məxaric etmiş və bunun müqabilində 2,58 avro komissiya tutulmuşdur. Bunun da əsası həmçinin ABB-nin rəsmi internet səhifəsində yerləşən "xxxx" ASC-də fiziki şəxslərə göstərilən bank xidmətləri üzrə Tarif cədvəlinin 5.1-ci bəndinə əsasən cari hesabdan və DigiCari hesabdan xarici valyutada nağd vəsaitin verilməsinə görə 0.6% komissiya haqqı tutulur. Bununla da hər iki tutulma üzrə əsaslar müştərilər üçün açıq informasiya resursunda əks olunan Bankın müvafiq tarif cədvəllərində əks olunmuşdur. Qeyd olunanların nəzərə alınaraq, məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İş materialları: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi MPİ tərəfindən xx.xx.2005-ci il tarixdə verilmiş 082397 nömrəli vəsiqənin surətindən görünür ki, İddiaçı İ qrup əlildir, əlillik Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyinin müdafiəsi ilə əlaqədar alınmışdır. "xxxx" ASC-nin İdarə Heyəti iclasının xx.xx.2020-ci il tarixli 68 saylı protokolundan çıxarışın surətindən görünür ki, bankın fiziki şəxs müştərilərinin istənilən filial və şöbələrdə mövcud cari hesabları üzrə məxaric əməliyyatlarının tətbiqi və bununla əlaqədar olaraq, fiziki şəxslərə göstərilən bank xidmətləri üzrə «Tarif Cədvəli»nin optimallaşdırılması məqsədi ilə, "xxxx" ASC-nin İdarə Heyəti müvafiq qərarlar qəbul etmişdir. Qərarın 5.2.1.2ci bəndində göstərilmişdir ki, bankın digər filial və şöbələrində nağd şəkildə, o cümlədən bankın ödəniş terminalları vasitəsi ilə mədaxil olunan vəsaitin həmin hesabdan verilməsinə görə milli valyutada aparılmış əməliyyatın 0,5%-i, xarici valyutada aparılmış əməliyyatın 0,6%-i qədər komissiya haqqı tutulur. "xxxx" ASC-də fiziki şəxslərə göstərilən bank xidmətləri üzrə tarif cədvəlindən görünür ki, həmin cədvəlin 5.2.1.2-ci bəndinə əsasən, bankın digər filial və şöbələrində nağd şəkildə, o cümlədən bankın ödəniş terminalları vasitəsi ilə mədaxil olunan vəsaitin həmin hesabdan verilməsinə görə milli valyutada aparılmış əməliyyatın 0,5%-i, xarici valyutada aparılmış əməliyyatın 0,6%-i qədər komissiya haqqı tutulur. "xxxx" ASC-də ödəniş kartları üzrə tarif cədvəlindən görünür ki, həmin cədvəlin 6.2-ci bəndinə əsasən, əmək haqqı, sosial müavinət, tələbə təqaüdü və ABB-də nağd vəsaitin alınmasına görə komisyon haqqı tutulmayan kartlardan aparılmış köçürmə və digər köçürmə vasitəsi ilə kart hesabına daxil olunmuş vəsaitə görə (“Granat” təcili pul köçürməsi vasitəsi ilə daxil olmuş vəsaitlərə şamil olunmur) vəsait alan şəxsin kartından xarici valyuta üzrə daxil olan vəsaitin 0,5%-i qədər komisyon haqqı tutulur. "xxxx" ASC tərəfindən təqdim olunmuş İddiaçı hesabından çıxarışdan görünür ki, 9.750 avro köçürməyə görə 48,75 avro komissiya tutulmuşdur. "xxxx" ASC-nin İdarə Heyətinin sədr müavini Aqşin Əmirovun xx.xx.2021-ci il tarixli 04-9478/2021 saylı məktubundan görünür ki, (Azərbaycan Respublikası Mərkəzi Bankının 13 iyul 2021-ci il tarixli 26-08829-2021 saylı məktubuna cavab olaraq) "xxxx" ASC tərəfindən İddiaçı müraciətinə baxılmışdır. Bildirilmişdir ki, "xxxx" ASC-də ödəniş kartları üzrə tariflərə əsasən ödəniş kartlarından aparılmış köçürmə və digər köçürmə vasitəsi ilə əmək haqqı, sosial müavinət, tələbə təqaüdü və ABB-də nağd vəsaitin alınmasına görə komisyon haqqı tutulmayan kartların hesabına daxil olunmuş vəsaitə görə 0,5 % komissiya haqqı təyin olunmuşdur. Vətəndaşın ətraflı məlumatı müvafiq internet keçidinə daxil olaraq əldə edə biləcəyi qeyd olunmuşdur. xx.xx.2021-ci il tarixli 23-9575/2021 saylı və xx.xx.2022-ci il tarixli 04-5474/2022 saylı məktublardan görünür ki, İddiaçı və Azərbaycan Respublikası Mərkəzi Bankının İstehlakçılarla iş departamentinin direktoru Xəyal Babayevin məktublarına eyni məzmunlu cavablar verilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» xx.xx.2002-ci il tarixli qərarında Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, «Hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur.» Hazırkı mübahisənin hüquqi aspektləri ilə bağlı qeyd edilməlidir ki, delikt öhdəliyi qanundan əmələ gəlməsi, həm əmlak, həm də şəxsi qeyri-əmlak münasibətləri sahəsində tətbiq edilməsi, zərərçəkənə vurulmuş zərərin əvəzinin tam həcmdə ödənilməsi və sair xüsusiyyətlər ilə səciyyələnir. Mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün dörd şərtin mövcud olması tələb olunur: - törədilmiş əməlin hüquqa zidd olması - ilk növbədə hüquqa zidd bir əməl (hərəkət və ya hərəkətsizlik) olmalı, hüquq qaydasının pozulması halı baş verməlidir; - əməlin təqsirli olaraq törədilməsi - təqsir subyektiv anlayış olmaqla hüquq pozuntusu törədən şəxsin həmin əməli törədərkən iradəsində nöqsanın olmasını ehtiva edir; - törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması - qanunla qorunan mənafeyə, dəyərə zərər yetirilmiş olmalıdır; - zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması - zərər məhz törədilmiş hüquqa zidd əməl nəticəsində əmələ gəlmiş olmalıdır. Mülki qanunvericiliyin normalarını pozan əməli təqsirli olaraq törətmiş şəxs həmin hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyəti daşıyır. Digər məsuliyyət növlərində olduğu kimi, mülki məsuliyyətin yaranması üçün qanunazidd hərəkətlə (hərəkətsizliklə) zərər arasında səbəbli əlaqə olmalıdır. Əgər şəxs öz davranışı ilə zərər vurmamışdırsa və ya vurulmuş zərər bu davranışın nəticəsi deyildirsə, şəxsin məsuliyyəti istisna edilir. Səbəbli əlaqə hadisələr arasında elə əlaqədir ki, konkret şəraitdə onlardan biri (səbəb) digərindən (nəticədən) əvvəl gəlir və onun yaranmasına səbəb olur. Səbəbli əlaqə hüquq pozuntusu törədən şəxsin hərəkətində təqsirin olub-olmamasından asılı deyil. Belə ki, səbəbli əlaqə hüquq pozuntusu iştirakçılarının şüurundan asılı olmayaraq obyektiv, təqsir isə konkret şəxsin öz davranışına və onun nəticələrinə münasibətində ifadə olunan subyektiv cəhətlərdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1 və 1097.1-ci maddələri zərərçəkənin üzərində zərərin vurulmasını, onun həcmini, həmçinin zərərin məhz cavabdeh tərəfindən vurulduğunu (onun hərəkətləri ilə vurulmuş zərər arasındakı səbəbli əlaqəni) sübut etmək öhdəliyinin olduğunu ehtiva edir. Bu zaman qeyd edilən maddələrdə nəzərdə tutulmuş məsuliyyət zərərin mövcudluğunu, zərərvuranın hərəkətlərinin hüquqa zidd olmasını və onun təqsirini, vurulan zərərin həcminin təsdiqini, həmçinin hüquqa zidd davranışla arzuolunmaz nəticə arasında səbəbli əlaqəni ehtiva edən şərtlərin məcmusu zamanı yaranır. Mülki qanunvericiliyin normalarını pozan əməl (delikt) nəticəsində zərərin əvəzinin ödənilməsi ilə bağlı tələb yalnız işin hallarına uyğun olaraq müvafiq qiymətləndirmə nəticəsində bu şərtlər mövcud olduğu təqdirdə təmin edilə bilər. “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun: 1.0.1-ci maddəsinə əsasən bank - fiziki və hüquqi şəxslərdən depozitlərin və ya digər qaytarılan vəsaitlərin cəlb edilməsi, öz adından və öz hesabına kreditlərin verilməsini, habelə müştərilərin tapşırığı ilə köçürmə və hesablaşma-kassa əməliyyatlarını məcmu halda həyata keçirən hüquqi şəxsdir. 32.1.2-ci və 32.1.6-1-ci maddələrinə əsasən Banklar, Mərkəzi Bankdan aldığı bank lisenziyasında qadağan edilməmişdirsə, kreditlərin (təminatlı və/və ya təminatsız) verilməsi, o cümlədən istehlak və ipoteka kreditləşdirilməsi, reqres hüququ ilə və ya belə hüquq olmadan faktorinq, forfeytinq, lizinq xidmətləri və digər kreditləşdirmə, öz hesabına və ya müştərilərin hesabına valyuta mübadiləsi əməliyyatlarının həyata keçirilməsi kimi fəaliyyət növləri ilə məşğul ola bilərlər. 36.2-ci maddəsinə əsasən müştərilər bank fəaliyyətinin bütün növlərinin həyata keçirilməsi üçün bankları müstəqil seçirlər və bu məqsədlə bir və ya bir neçə bankın xidmətlərindən istifadə edə bilərlər. 36.4-cü maddəsinə əsasən banklar göstərdiyi bank xidmətləri və onların şərtləri barədə məlumatların müqavilə bağlanmazdan əvvəl müştərilər üçün əlçatanlığını və həmin məlumatların başadüşülən formada əldə edilməsini təmin etməlidir. 36.6-cı maddəsinə əsasən hər bir bank müştərilərlə bağladığı müqavilədə xidmət şərtlərini, o cümlədən faiz dərəcələrini, komisyon haqlarını və göstərilən bank xidmətləri üçün digər ödənişləri, habelə bank tərəfindən verilmiş kreditlərin ödənişi şərtlərini və qaydalarını müəyyən etməkdə sərbəstdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə 2008-ci il 30 iyul tarixli Qərarında ifadə etdiyi hüquqi mövqeyinə əsasən, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: İddiaçının tələbi xx.xx.2020-ci il tarixdə və xx.xx.2022-ci il tarixdə həyata keçirilmiş iki bank əməliyyatı ilə əlaqədar komissiya xərcinin tutulmasının əsassız olmasından və bununla əlaqədar ona dəymiş ziyanın ödənilməsindən ibarətdir. İddiaçı özünün mülahizəsinə əsasən ona pulun vaxtında ödənilməməsini əsas gətirərək və yenə də öz mülahizəsinə əsasən müddət hesablayaraq ona ziyan dəyməsini iddia etmişdir. Məhkəmə tərəfindən işin araşdırılmış halları və cavabdeh tərəfindən təqdim edilmiş sübutlarla müəyyən edildi ki, cavabdeh bank öz daxili qaydalarına - o qaydalar ki bankın rəsmi internet resurslarında müştərilərin məlumatlandırılması qaydasında yerləşdirilmişdir - uyğun olaraq göstərmiş olduğu xidmət müqabilində komissiya hesablayaraq iddiaçının həyata keçirdiyi əməliyyata görə xidmət haqqı tutmuşdur. İddiaçının xx.xx.2020-ci il tarixdə və xx.xx.2022-ci il tarixdə həyata keçirilmiş iki bank əməliyyatı ilə əlaqədar komissiya xərcinin tutulmasının əsassız olmasına dair dəlilləri həmin əməliyyatların aparıldığı kartların sanki belə komissiyalar tutulmasını istisna edən kart hesabları olmasından ibarət olmuşdur ki, bu dəlillər heç bir mötəbər sübutlara əsaslanmamış və üstəlik də cavabdeh tərəfindən müvafiq kart hesabları üzərindən aparılan əməliyyatlara görə tutulmalı komissiyaları tənzimləyən qaydalarla tamamilə təkzib olunmuşdur. İddiaçının maddi zərərin ödənilməsi tələbi ilə birlikdə irəli sürdüyü mənəvi zərər tələbi isə ümumiyyətlə əsaslandırılmamış, iddiaçının bu və ya digər əsasla bağlı mənəvi zərərə məruz qalması halı müəyyən edilməmişdir. Göründüyü kimi iddiaçı bank xidmətində yararlanmaq məqsədilə müstəqil şəkildə bankı və həyata keçirçək istədiyi əməliyyatı seçmiş, bankın xidməti isə özlüyündə müəyyən xidmət haqqı tutulmasına əsas verən haldır. Beləliklə də, cavabdeh tərəfindən iddiaçıya münasibətdə sonuncunun bankın xidmətlərindən istifadə edən müştəri olaraq hüquqları pozulmamış, cavabdehin təqsirli hərəkət və ya hərəkətsizliyi nəticəsində iddiaçıya maddi və mənəvi ziyan vurulmamışdır. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «vurulmuş maddi ziyanın və mənəvi zərərin ödənilməsi» tələbinə dair iddiası təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «vurulmuş maddi ziyanın və mənəvi zərərin ödənilməsi» tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüsalə Musayeva
Məhkəmə qərarları › İş №e-2(006)-2479/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-2479/2025
12.05.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver