Məhkəmə qərarları › İş №e-2(006)-2488/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-2488/2025

11.06.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2488/2025 11.06.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, məhkəmə iclasının katibi Cəfərova Şəmsiyyə Abdulla qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi (vəkil) Nümayəndə, Cavabdeh2 nümayəndəsi (vəkil) Vəkil iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «pul» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 12.500 manat pul vəsaitinin, 128 manat dövlət rüsumunun və hüquqi yardım üçün vəkilə çəkilən 320 manat xərcin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, özünə avtomobil almaq istədiyi üçün Kamran adlı tanışına müraciət etmişdir. Bu zaman tanışı Kamran ona Cavabdeh1 müraciət etməsini, onda 12.500 manat dəyərində «Toyota-Prius» markalı avtomobilin olmasını bildirmişdir. Bununla bağlı Cavabdeh1 ilə əlaqə yaratmış və onunla xx.xx.2024-cü il tarixdə Sumqayt şəhəri ərazisində görüşmüş, maşınla bağlı məsələni müzakirə etmiş, maşına baxmış, almaq qərarına gəlmiş, buna görə də ona 12.500 manat pul vermişdir. Bundan sonra Cavabdeh1 ona online qaydada «Toyota Prius» markalı ** BP *** dövlət qeydiyyat nişanlı avtomobil üçün baş etibarnamə vermişdir. Cavabdeh1 ona etibarnamə verərkən yaxın vaxtlarda avtomobili onun adına keçirəcəyini bildirmişdir. Bundan sonra o, həmin avtomobili idarə etməyə başlamışdır. xx.xx.2024-cü il tarixdə saat 18.30 radələrində Gəncə şəhəri ərazisində olarkən X14 əməkdaşları idarə etdiyi avtomobili saxlayaraq, ona maşını etibarnaməsiz idarə etdiyini bildirərək, maşını cərimə meydançasına yerləşdirmişlər. xx.xx.2024-cü il tarixdə o, Gəncə şəhərində Yol Polisi İdarəsinə yaxınlaşdığı zaman polis əməkdaşları ona həmin avtomobilə dair başqa şəxsə etibarnamə verilməsini bildirmişlər. O, bundan sonra həmin şəxs ilə birlikdə avtomobili Sumqayıt şəhərinə gətirmişdir. Qeyd edir ki, avtomobili almasına görə 12.500 manat pul ödəmişdir. Həm avtomobil əlindən alınmış, etibarnamə ləğv edilmiş, həm də ödədiyi pul əlindən çıxmışdır. Məsələ ilə bağlı Sumqayıt şəhər Polis İdarəsinə ərizə ilə müraciət etmişdir. Sumqayıt şəhər Polis İdarəsinin xx.xx.2024-cü il tarixli qərarı ilə cinayət işinin başlanılması rədd edilmişdir. Sumqayıt şəhər Polis İdarəsində araşdırma aparılarkən İddiaçı özü də həqiqətən avtomobili ona 12.500 manata satmasını, həmin məbləğdə pulu almasını etiraf etmişdir. Beləliklə, faktiki olaraq o, dələduzluğun qurbanı olmuşdur. Lakin təəssüflər olsun ki, cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa qeyd edir ki, sonradan ona məlum olmuşdur ki, avtomobilin sahibi Cavabdeh2dır. Araşdırma zamanı müəyyən edilmişdir ki, Cavabdeh2 etibarnaməni ləğv etmişdir. Hesab edir ki, qeyd edilən məsələdən Cavabdeh2 da məlumatı olmuşdur. Cavabdeh2 etibarnamə verməsə idi, o da aldanmazdı, pulu mənimsənilməzdi. Ona görə də, hesab edir ki, hazırkı işdə onun pulu hər iki şəxs tərəfindən ödənilməlidir. Belə ki, Cavabdeh2 etibarnamə verərkən avtomobili bağışlamaq, onun üzərində sərəncam vermək, özgəninkiləşdirmək kimi səlahiyyətlər verilməsini, eyni zamanda belə səlahiyyətlərin başqa şəxsə ötürülə bilməsini də qeyd etmişdir. Sonradan isə guya taksi kimi avtomobilləri icarəyə verdiyini qeyd edir. Yəni verilmiş etibarnamə ilə, niyyət bir-birini tamamlamır, əksinə pul almaq üçün, maşını satmaq üçün böyük şərait yaratmışdır. Məhkəməyə müraciət etmək üçün, məhkəmə xərci olaraq vəkil ilə müqavilə bağlamış, dövlət rüsumu ödəmişdir. Ona görə də, hesab edir ki, cavabdehlər tərəfindən ondan götürülən borc pul, eyni zamanda məhkəməyə müraciət etmək üçün çəkdiyi xərclər cavabdehlərdən alınaraq ona ödənilməsi barədə qərar verilməlidir. Tərəflərin iştirakı və izahatları: İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçının nümayəndəsi (vəkil) Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh2 nümayəndəsi (vəkil) Vəkil məhkəmə iclasında iddia tələbini qəbul etmədi və məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş Cavabdeh1 izahatında bildirmişdir ki, o, heç kimi aldatmadan maşını satmışdır. Özü maşını alan 4-cü şəxsdir. Maşını Dağbəyidən baş etibarnamə ilə almışdır. Sonra isə maşını aldığı adama deyib ki, etibarnamənin müddətinin bitməsinə az qalıb. O isə bunu həll edəcəyini bildirmişdir. 2 ay sonra maşının mülkiyyətçisi – Yaqut xanım etibarnaməni ləğv etdirmişdir. Bundan xəbəri olmayıb. Sonradan onu polis bölməsinə çağırmışlar. Polis bölməsinə bildirmişdir ki, maşını alan 4cü şəxsdir. Ondan qabaq maşını Dağbəyi almış, ondan qabaq Orxan, Orxandan da qabaq Seyid almışdır. Maşını 12.500 manata Fəxrəddinə satmışdır. Maşını şəriki ilə birgə almışdır. Pulu da tam ödəyərək almışdır. Orxan ona Seyidin ona belə bir maşın olmasını deməsini demişdir. Seyid də maşını almışdır. Ona deyilmişdi ki, 2.500 manat pul ver, o da sənəd işlərini həll edib maşını etibarnamə ilə ona verəcək. Sonra isə maşın və etibarnaməni ona təqdim edərkən “maşını tez adına keçirt” demişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh1 məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə Cavabdeh1 iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. İş materialları: Sumqayıt ŞPİ İŞ-nın müstəntiqi, polis kapitanı X9 xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarından görünür ki, İddiaçı müraciəti əsasında toplanmış material üzrə cinayət tərkibi olmadığından, cinayət işinin başlanması rədd olunmuşdur. Həmin qərardan göründüyü kimi, Cavabdeh1 iddia predmeti olan avtomobili İddiaçı 12.500 manata satdığını etiraf etmişdir. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, «Toyota Prius» markalı **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2021-ci il tarixdə Cavabdeh2 adına qeydiyyata alınmışdır. Bakı şəhəri 49 saylı notariat ofisində 7E-11456 reyestr nömrəsi ilə təsdiq olunmuş xx.xx.2024-cü il tarixli nəqliyyat vasitəsinə sərəncam verilməsinə dair etibarnamədən (xitam verilmişdir) görünür ki, Cavabdeh2 **-BP-*** dövlət qeydiyyat nişanlı «X16» markalı minik avtomobilinə dair mülkiyyətçi Cavabdeh2 tərəfindən verilmiş səlahiyyət əsasında Cavabdeh1 müvafiq qaydada səlahiyyətləri 10 ay 15 gün müddətinə İddiaçı ötürmüşdür. Azərbaycan Respublikası DİN BDYPİ-nin xx.xx.2025-ci il tarixli 3-13-16/2- 81721/2025 saylı məktubundan görünür ki, DİN BDYPİ Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən Cavabdeh2 adında xx.xx.2021-ci il tarixdən «Toyota Prius» markalı **-BP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi qeydiyyatda olmuş və xx.xx.2025-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən qeydiyyatdan çıxmışdır. Kompüter çıxarışından müəyyən edilir ki, Cavabdeh2 eyni nəqliyyat vasitəsinə dair müxtəlif şəxslərə verdiyi etibarnamələr mövcud olmuş və sərəncam səlahiyyətlərinin ötürülməsinə dair X6 verilmiş etibarnamə əsasında avtomobil bir neçə şəxsə, həmçinin Cavabdeh1 və ondan sonra isə sərəncamvermə səlahiyyəti ilə İddiaçı ötürülmüşdür. Azərbaycan Respublikası DİN BDYPİ-nin xx.xx.2025-ci il tarixli 3-13-16/2- 81999/2025 saylı məktubundan görünür ki, DİN BDYPİ Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən «Toyota Prius» markalı **-BH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair xx.xx.2024-cü il tarixdə X6 nəqliyyat vasitəsinə dair sərəncam hüququ barədə etibarnamə verilmiş, xx.xx.2024-cü il tarixdə Cavabdeh1 nəqliyyat vasitəsinə dair sərəncam hüququ barədə etibarnamə verilmiş, xx.xx.2024-cü il tarixdə İddiaçı nəqliyyat vasitəsinə dair sərəncam hüququ barədə etibarnamə verilmiş, xx.xx.2024-cü il tarixdə Vəkil xx.xx.2030-cu ilədək qüvvədə olan nəqliyyat vasitəsindən istifadə hüququna dair etibarnamə verilmişdir. xx.xx.2025-ci il tarixdə alqı-satqı müqaviləsi əsası ilə nəqliyyat vasitəsi qeydiyyatdan çıxarılmış və hal-hazırda X1 mülkiyyətindədir. (kompüter çıxarışı əlavə olunmuşdur). Azərbaycan Respublikası DİN BDYPİ-nin xx.xx.2025-ci il tarixli 3-13-16/2- 82032/2025 saylı məktubundan görünür ki, DİN BDYPİ Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən Cavabdeh1 adında qeydiyyatda olan nəqliyyat vasitəsi yoxdur. Eyni zamanda, etibarnamə ilə Cavabdeh1 istifadəsində olmuş «Toyota Prius (Hybrid)» markalı **-BP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi barədə məlumatların kompüter çıxarışı sorğu vermiş şəxsə göndərilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(006)-558/2023 saylı qətnaməsindən görünür ki, X2 Cavabdeh2, X6 və X7 qarşı «pul» tələbinə dair iddiası qismən təmin edilmiş, X4 8.000 manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 75,24 manat, X5 6.000 manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 56,76 manat məbləğində pul tutularaq X3 ödənilməsi qət edilmiş, iddia Cavabdeh2 münasibətdə təmin edilməmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(006)-558/2023 saylı icra vərəqəsindən görünür ki, X4 8.000 manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 75,24 manat, X5 6.000 manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 56,76 manat məbləğində pul tutularaq X3 ödənilməlidir. Vəkil elektron kabinet vasitəsilə təqdim etdiyi məlumat başlıqlı sənəddə göstərilmişdir ki, məhkəmənin özü tərəfindən aşkar edilmiş məhkəmə işinə dair qətnaməni və icra vərəqəsini təqdim edir. Həmin aktlardan görünür ki, hüquqlarını təmsil etdiyi şəxsə münasibətdə hər hansı tələb təmin edilməmişdir. Çünki hazırkı işdə olduğu kimi həmin işdə də hüquqlarını təmsil etdiyi şəxs hər hansı şəxslə müqavilə münasibətində olmamış, hər hansı şəxsdən pul vəsaiti almamışdır. Mülkiyyətində olan nəqliyyat vasitələri təmsilçi vasitəsilə icarəyə verilmiş, daha sonra həmin şəxsin (İsmayıllı Samir) etibardan sui-istifadə etməsi nəticəsində etibarsız əqdlər əsasında satılma adı ilə ayrı-ayrı şəxslərə verilmişdir. Hazırda hüquqlarını təmsil etdiyi şəxsə İsmayılov Samir tərəfindən külli miqdarda ziyan vurulmuşdur. Bu barədə hüquq mühafizə orqanları tərəfindən hər hansı tədbir görülməsi həmin şəxsin ölkə xaricində olduğundan mümkün deyildir. Qeyd etdikləri elektron məhkəmə sistemi vasitəsilə yoxlanıla bilər. Əlavə olaraq qeyd edir ki, iddiaçı vəkil vasitəsilə təmsil edilməsinə baxmayaraq iddiasının hüquqi əsasını müqavilə öhdəliyi kimi qeyd etmişdir. Hüquqlarını təmsil etdiyi şəxslə isə iddiaçı arasında hər hansı müqavilə münasibəti olmamışdır. Hakim hüququ bilir prinsipindən çıxış etdikdə isə tələbin maddi hüquqi əsasının əsassız varlanma olduğunu görmək mümkündür. Bu baxımdan da hüquqlarını təmsil etdiyi şəxs hər hansı şəxsin hesabına varlanmamışdır. İddiaçının aktivlərinin azalması hesabına konkret halda digər cavabdeh varlandığından iddia tələbinin yalnız həmin şəxsə münasibətdə əsaslı olma ehtimalı vardır. xx.xx.2025-ci il tarixli 73298115 saylı ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün 128 manat dövlət rüsumu ödənilmişdir. Vəkil tərəfindən təqdim edilmiş hüquqi yardım göstərilməsi haqqında xx.xx.2024-cü il tarixli müqavilədən görünür ki, müraciət edən şəxs Cavabdeh2 Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində nəqliyyat vasitələri ilə bağlı mübahisə üzrə hüquqi yardımın göstərilməsinin və hüquqi yardım barəsində sübutlar toplanılması tələb edilən şəxsin X10 olmasını şərtləşdirmişlər. Hüquqi yardıma görə haqq 300 manat müəyyən edilmişdir. Cavabdeh2 tərəfindən xx.xx.2024-cü il tarixdə Vəkil verilmiş etibarnamənin təsdiqi üçün 17,25 manat haqq tutulmuşdur. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəllənin: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 14.2.7-ci maddəsinə əsasən əsassız varlanma mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə 2008-ci il 30 iyul tarixli Qərarında ifadə etdiyi hüquqi mövqeyinə əsasən, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə qeyd edir ki, iddiaçının Cavabdeh1 sonuncunun sərəncamvermə səlahiyyəti ilə etibarnamə əsasında sahibliyində olan avtomobilin faktiki alqı-satqısı müqabilində 12.500 manat məbləğində pulu Cavabdeh1 ödəməsi işin mübahisəsiz halıdır. Hazırda iddiaçı həm avtomobilin mülkiyyətçisinə və həmçinin də həmin avtomobilin etibarnamə əsasında sahibi olmuş Cavabdeh1 qarşı tələb irəli sürərək avtomobili əldə etmək üçün ödədiyi 12.500 manatın, həmçinin ödənilmiş dövlət rüsumunun və hüquqi yardım üçün ödənilmiş 320 manat məbləğində xərcin cavabdehlərdən müştərək qaydada tutulmasını xahiş etmişdir. Belə ki, iddiaçının əvəzli şəkildə əldə etdiyi avtomobil onun əlindən alınmışdır. Hazırda iddiaçının 12.500 manat məbləğində pul itkisinə məruz qalması aşkardır. Məhkəmə qeyd edir ki, iddiaçının yalnız Cavabdeh1 qarşı tələbi əsaslı hesab edilə bilər, belə ki, pul vəsaiti məhz həmin şəxsə ödənilmişdir və həmin şəxs iddiaçının vəsaiti hesabına 12.500 manat məbləğində əsassız varlanmışdır. Cavabdeh1 həmin avtomobili digər şəxslərdən daha əvvəl əvəzli şəkildə əldə etməsi tələbin ona yönəlməsini aradan qaldırmadığı kimi onun da müvafiq qaydada digər şəxslərə qarşı tələb irəli sürməsi istisna edilmir. Odur ki, 12.500 manat məbləğində əsassız varlanmış şəxs məhz Cavabdeh1 olduğundan, iddia qismən təmin edilməli, həmin pul vəsaiti və ödənilmiş 128 manat dövlət rüsumu ondan iddiaçının xeyrinə tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Belə ki, Cavabdeh2 mülki iş üzrə hər hansı subyektiv cavabdehlik daşımır və ona münasibətdə iddia tələbi təmin edilə bilməz. Eləcə də, iddiaçı tərəfindən 320 manat məbləğində vəkilə göstərdiyi hüquqi yardıma görə pul vəsaitinin ödənilməsini təsdiq edən mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Məhkəmə Cavabdeh2 nümayəndəsi (vəkili) Vəkil məhkəmə xərclərinin tutulması barədə tələbi ilə bağlı vurğulayır ki, tərəfin təqdim etdiyi sənədlər, hüquqi yardım barədə müqavilə və etibarnamə xx.xx.2024-cü il tarixə aiddir və müqavilə üzrə göstərilməsi nəzərdə tutulmuş hüquqi yardımın mahiyyəti hazırda baxılan mülki işlə deyil, başqa şəxsə aid sənədlərin toplanması ilə əlaqədardır. Hazırki tələblə isə iddiaçı məhkəməyə xx.xx.2025-ci il tarixdə müraciət etmişdir. Odur ki, iş üzrə Cavabdeh2 məhkəmə xərcləri bağlı tələbi əsassızdır. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, 12.500 manat pul vəsaiti və 128 manat dövlət rüsumu Cavabdeh1 İddiaçı xeyrinə tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh1 12.500 (on iki min beş yüz) manat pul vəsaiti və 128 (bir yüz iyirmi səkkiz) manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə xərcləri tərəflərin özlərinə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüsalə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar