Məhkəmə qərarları › İş №e-2(006)-2491/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-2491/2023

06.09.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2491/2023 06.09.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hakim Qaralov İlqar Zahid oğlunun sədrliyi, Nağıyev Vüqar Güloğlan oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili CCC oğlunun və cavabdeh BBB qızının iştirakları ilə İddiaçı AAA qızının cavabdeh BBB qızına qarşı "pul" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı AAA qızı cavabdeh BBB qızına qarşı "pul" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh BBB qızından 2483 (iki min dörd yüz səkksən üç) manat məbləğində pulun alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı AAA qızı cavabdeh BBB qızını İqtisadiyyat və Humanitar Kollecində işlədiyi müddətdə tanımışdır. Münasibətləri həmişə yaxşı olmuşdur. Bir müddət sonra cavabdeh şəxsi problemləri ilə əlaqədar iddiaçıdan borc pul verməyi xahiş etmişdir. İddiaçı pulunun olmadığını bildirmişdir. Cavabdeh iddiaçıdan bankdan pul götürərək ona verməyini, həmin pulu vaxtlı-vaxtında banka ödəməklə qaytaracağına söz vermişdir. İddiaçı cavabdehlə aralarında olan münasibətləri nəzərə alaraq və onun səmimiliyinə inanaraq xx.xx.2020-ci il tarixdə "xxxx" ASC-dən 2900 manat pul götürərək ona borc vermişdir. Cavabdeh almış olduğu pulu 2020-ci ilin noyabr ayına kimi qrafikə uyğun olaraq ödəmiş, sonradan yenidən iddiaçıdan problemləri ilə əlaqədar olaraq bankdan pul götürərək ona borc verməyini xahiş etmişdir. Bundan sonra onlar birlikdə "xxxx" ASC-nin Xırdalan filialına kredit götürmək məqsədilə gəlmişlər. İddiaçının kredit müraciətinə əsasən qalıq borc bağlanmaq şərti ilə ona xx.xx.2020-ci il tarixdə 3650 manat kredit ayrılmışdır. Həmin pulu iddiaçı götürərək cavabdehə vermişdir. Sonradan 2020-ci ilin dekabr ayında cavabdeh işdən azad olunmuşdur. Bir müddət qrafik üzrə krediti ödədikdən sonra ödənişlər gecikmiş və bankdan iddiaçıya zənglər daxil olmağa başlamışdır. İddiaçı qrafik üzrə 155 manat məbləğində iki dəfə pul ödəmişdir. Sonradan iddiaçı məcbur qalaraq xx.xx.2022-ci il tarixdə digər şəxslərdən borc pul alaraq cəmi 2273 (iki min iki yüz yetmiş üç) manat məbləğində qalıq kredit borcunu ödəyərək bağlamışdır. Bundan sonra dəfələrlə cavabdehlə əlaqə saxlamasına baxmayaraq cəmi 100 manat pul bank kartı vasitəsilə cavabdeh tərəfindən ona ödənilmişdir. Beləliklə cavabdehin ona 2273 manat + 310 manat (155x2) olmaqla cəmi 2583 manat - 100 manat (ödənilən məbləğ) 2483 manat borcu qalmışdır. Lakin uzun müddət keçməsinə baxmayaraq cavabeh borcu qaytarmamışdır. Müxtəlif bəhanələrlə bundan imtina etmişdir. Göstərilən səbəbdən iddiaçı ağır maddi vəziyyətə düşmüşdür. Məhkəmə iclasında iddiaçı AAA qızının nümayəndəsi və vəkili CCC oğlu iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh BBB qızı iddia tələbinə etiraz edərək bildirmişdir ki, o, iddiaçını 2019-cu ildən tanıyır və iddiaçı ilə birlikdə kollecdə işləmişlər. Onun iddia ərizəsində qeyd olunan birinci kreditdən xəbəri yoxdur. O, iddiaçıdan xahiş etdikdən sonra iddiaçı bankdan kredit götürərək ona 1000 manat pul vermişdir. Pulu verəndən sonra iddiaçı həmin kredit üzrə banka 1000 manat ödəməli olduğunu ona bildirmişdir. Həmin 1000 manat krediti də o, banka geri ödəmişdir. 2021-ci ilin yanvar ayından 2022-ci ilin fevral ayına qədər iddiaçının kartına 2 dəfə 155 manat pul köçürmüşdür. Cavabdeh həmçinin sonuncu məhkəmə iclasında yenidən hesablamalarına əsasən kredit üzrə banka qaytarılmalı faizlər üzrə iddiaçıya 172 manat borcunun qaldığını etiraf edərək, iddia tələbini həmin hissədə qəbul etmiş və qanunamüvafiq qətnamə qəbul edilməsini xahiş etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Kredit Bürosunun xx.xx.2023-cü il tarixli SF-9945 saylı çıxarışından görünür ki, "xxxx" ASC tərəfindən AAA qızına xx.xx.2020-ci il tarixdə 2900 manat, xx.xx.2020-ci il tarixdə 3650 manat kredit ayrılmışdır. Cavabdeh tərəfindən təqdim olunmuş ödəmə termilanının qəbzlərindən görünür ki, xx.xx.2021-ci il tarixində 150 manat, xx.xx.2021-ci il tarixində 155 manat, xx.xx.2021-ci il tarixində 150 manat, xx.xx.2021-ci il tarixində 157 manat, xx.xx.2022-ci il tarixində 180 manat iddiaçı AAA qızının krediti üzrə banka ödəniş edilmişdir. Cavabdeh tərəfindən təqdim olunmuş “Milliön” ödəmə terminalının qəbzindən görünür ki, xx.xx.2022-ci il tarixində 100 manat iddiaçı AAA qızının kart hesabına pul köçürülmüşdür. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı AAA qızı ilə cavabdeh BBB qızı İqtisadiyyat və Humanitar Kollecində bir yerdə işləmişlər, cavabdeh borc verməsi üçün iddiaçıya müraciət etmiş, iddiaçı xx.xx.2020-ci il tarixdə "xxxx" ASC-dən 3650 manat kredit götürərək, ondan 1000 manat hissəsini cavabdehə vermişdir. Cavabeh tərəfindən təqdim olunmuş müxtəlif tarixli ödəniş qəbzlərinə əsasən 792 manat banka kredit ödənişi edilmiş, bir dəfə 100 manat iddiaçının kart hesabına pul köçürülmüşdür. Bundan əlavə olaraq işin mübahisəsiz halı kimi təsdiq edilən cavabdeh iki dəfə hər biri 155 manat olmaqla 310 manat iddiaçıya pul ödəmişdir. Beləliklə tərəflər arasında şifahi razılıq əsasında yaranmış pul öhdəliyi üzrə ümumilikdə banka köçürülən ödənişlər və iddiaçıya ödənilən pullarla birlikdə 1202 manat məbləğində pulun geri qaytarılması təmin edilmişdir. Hazırda iddiaçı cavabdehin ona 2483 manat borcunun qaldığını bildirərək borcun məhkəmə qaydasında tutulmasını xahiş edir. Məhkəmə ilk öncə qeyd edir ki, iş üzrə müəyyən olunmuş faktiki hallardan məlum olur ki, iddiaçı tələbini əsaslandıra biləcək mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllə) 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. İşə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Bununla yanaşı Mülki Prosessual Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Mülki Prosessual Məcəllənin 220.4-cü maddəsində göstərilmişdir ki, cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə qeyd edir ki, məhkəmə iclasında cavabdeh BBB qızı iddiaçıya yalnız 172 manat borcunun olduğunu etiraf etmiş və iddia tələbini bu hissədə qəbul etmişdir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə hesab edir ki, iddiaçı AAA qızı cavabdeh BBB qızının ona 2483 manat borcu olduğunu iddia etsə də, bu iddia tələbini sübut edəcək hər hansı sübutu məhkəməyə təqdim etmədiyindən, cavabdeh tərəf isə öz növbəsində həmin iddia tələbindən 172 manat məbləğində olan hissəsini qəbul etdiyindən, iddia tələbi yalnız etiraf edilən hissədə təmin edilməlidir. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh BBB qızından 172 (yüz yetmiş iki) manat məbləğində pul tutularaq iddiaçı AAA qızına ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsaslanaraq və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh BBB qızından 172 (yüz yetmiş iki) manat məbləğində pul tutularaq iddiaçı AAA qızına ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İlqar Qaralov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar