Məhkəmə qərarları › İş №e-2(006)-2501/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №e-2(006)-2501/2025

11.03.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-2501/2025 11.03.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi ilə İddiaçı cavabdeh Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinə qarşı «tələbin yönəldildiyi əmlakın həbsdən azad edilməsi» tələbinə dair iddia ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinə qarşı «tələbin yönəldildiyi əmlakın həbsdən azad edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən əmlakların xüsusi müsadirəyə yönəldilməsinin qarşısının alınması və həbsdən azad olunması, həmçinin bütün zəruri hüquqi xərclərin ödənilməsi ilə bağlı qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsinin yolverilməzliyinə görə qəbulundan imtina olunmalı və iddia ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsindən görünür ki, iddiaçı Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli, 1(102)-4/2024 nömrəli qərarından çıxış edərək, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(101)- 80/2024 nömrəli hökmünə əsasən əmlakların xüsusi müsadirəyə yönəldilməsinin qarşısının alınması və həbsdən azad olunmasını tələb edir ki, bu da yekun məhkəmə aktının (hökmün) icrası ilə əlaqədar olaraq yaranmış məsələdir. Baxılan iş üzrə iddia tələbi cinayət-prosessual icraatı qaydasında qəbul edilmiş məhkəmə aktları ilə iddiaçının əmlakı üzərinə cinayət-hüquqi tədbir qismində qoyulmuş məhdudiyyətin ləğvi ilə bağlıdır. Həmin məhkəmə aktları cinayət mühakimə icraatı qaydasında qəbul edildiyi üçün belə məhdudiyyətin götürülməsi (ləğvi) də həmin icraat qaydasında mümkündür. Belə ki, CPM-in 253.0-cı maddəsinə müvafiq olaraq təqsirləndirilən şəxsə aidiyyəti olmayan əmlak üzərinə səhvən həbs qoyulduğunu hesab edən şəxslər cinayət prosesini həyata keçirən orqan qarşısında əmlakın həbsdən azad edilməsi barədə müraciət etmək hüququna malikdirlər. Nəzərə alınmalıdır ki, həm CPM-in adı çəkilən maddəsində, həm də CİM-in 183.2-ci maddəsində maraqlı şəxsin əmlakının həbsdən azad edilməsini mülki mühakimə icraatı qaydasında tələb etmək hüququ nəzərdə tutulsa da, mülki prosessual qanunvericilikdə bununla bağlı qayda müəyyən edilməmişdir. CİM-in 183.2-ci maddəsinin CPM-in 142.1, 383.1, 408.3-cü maddələri və MPM-in 82.4-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin 24 fevral 2022-ci il tarixli qərarında da bu məsələ nəzərə alınaraq qeyd edilmişdir ki, qanunvericilikdə əmlakın mənsubluğunun müəyyən edilməsi ilə bağlı iddia ilə müraciət etmək hüququ təsbit edilsə belə, mülki prosessual qanunvericilikdə bu hüququn həyata keçirilməsinin prosessual əsasları müəyyən edilməmişdir. Adı çəkilən qərarında Konstitusiya Məhkəməsi xüsusi müsadirənin qanuniliyi barədə məsələnin məhz cinayət mühakimə icraatı qaydasında CPM-in tələblərinə uyğun araşdırılmalı olduğunu xüsusi qeyd etməklə yanaşı, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin tələblərinə uyğun olaraq, cinayət mühakimə icraatına cəlb olunmamış, məhkəmə hökmü ilə maraqlarına toxunan şəxsin məhkəməyə apellyasiya şikayəti ilə müraciət etmək hüququnun tənzimlənməsini Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə etmişdir. Konstitusiya Məhkəməsi, həmçinin məsələ qanunvericilik qaydasında həll edilənədək müraciət etmək hüququnun təmin edilməsi məqsədilə cinayət mühakimə icraatına cəlb olunmamış, məhkəmə hökmü ilə maraqlarına toxunan şəxslərin, hüquqları və qanunla qorunan maraqları əhəmiyyətli dərəcədə pozulduğu hallarda mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs qismində cinayət işi üzrə icraata cəlb edilməsini mümkün hesab etmişdir. Bundan başqa, Konstitusiya Məhkəməsinin 6 oktyabr 2023- cü il tarixli qərarına əsasən CPM-in 383 və 384-cü maddələrində birinci instansiya məhkəməsi tərəfindən çıxarılmış hökm və ya qərar ilə hüquq və qanuni maraqlarına toxunulan cinayət prosesində iştirak edən digər şəxslərin (şahidin) apellyasiya şikayəti vermək hüququnun və müvafiq olaraq məhkəməyə müraciət edilməsi üçün müddətlərin axımının hesablanması qaydalarının müəyyən edilməsinə dair müvafiq dəyişikliklərin həyata keçirilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə olunmaqla yanaşı, məsələ qanunvericilik qaydasında həll edilənədək birinci instansiya məhkəməsi tərəfindən çıxarılmış hökm və ya qərar ilə hüquq və qanuni maraqlarına toxunulan cinayət prosesində iştirak edən digər şəxslərin (şahidin) apellyasiya şikayəti vermək hüququnun təmin edilməsi barədə göstəriş verilmişdir. Beləliklə, cinayət mühakimə icraatına cəlb olunmamış, lakin cinayət-prosessual icraatı qaydasında qəbul edilmiş məhkəmə aktları ilə maraqlarına toxunulan şəxslərin əmlakı üzərinə cinayət-hüquqi tədbir qismində qoyulmuş məhdudiyyətin - xüsusi müsadirənin ləğvinə dair məsələyə cinayət-mühakiməsi icraatı qaydasında Konstitusiya Məhkəməsinin yuxarıda istinad olunan qərarlarında ifadə edilmiş mövqelərə uyğun, habelə CPM-in 408.3cü maddəsində nəzərdə tutulmuş qaydada baxılması mümkündür. Qeyd olunanlara, habelə məsələyə mülki məhkəmə icraatı qaydasında baxılması qaydası mövcud olmadığı üçün hazırkı iddia tələbinə mülki məhkəmə icraatı qaydasında baxıla bilməz. Məhkəmə, həmçinin MPM-in 262.2-ci maddəsinə əsasən iddiaçıya izah edir ki, Konstitusiya Məhkəməsinin 24 fevral 2022-ci il və 6 oktyabr 2023-cü il tarixli qərarlarında ifadə edilmiş hüquqi mövqelərə uyğun olaraq birinci instansiya məhkəməsi tərəfindən çıxarılmış hökm və ya qərar hüquq və qanuni maraqlarına toxunulduğu halda həmin məhkəmə aktından apellyasiya şikayəti vermək, yaxud cinayət prosessual qanunvericiliyin verdiyi digər imkanlardan (o cümlədən, CPM-in 408.3-cü maddəsində müəyyən edilmiş imkandan) istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 153.2.1-ci maddəsinin tələbinə əsasən, ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. 153.3-cü maddəsinə görə, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. 153.5-ci maddəsinə görə, ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. 114.1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153 və 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinə qarşı «tələbin yönəldildiyi əmlakın həbsdən azad edilməsi» tələbinə dair iddiasının yolverilməzliyinə görə qəbulundan imtina olunsun və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılsın. İddiaçıya birinci instansiya məhkəməsi tərəfindən çıxarılmış hökmdən apellyasiya şikayəti vermək, yaxud cinayət prosessual qanunvericiliyin verdiyi digər imkanlardan (o cümlədən, CPM-in 408.3-cü maddəsində müəyyən edilmiş imkandan) istifadə etmək hüququ izah edilsin. İddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu dövlət büdcəsindən ona geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar