Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-2518/2025 15.04.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X4 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı “mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı “mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində İddiaçı dəymiş 500000 (beş yüz min) manat məbləğində mənəvi zərərin cavabdeh vasitəsilə dövlət büdcəsindən tutulması barədə məhkəmə aktı qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.1NN4-cü il təvəllüdlü İddiaçı Lerik rayonu Orand kəndində anadan olmuş, 2011-ci ildə Heydər Əliyev adına Ali Hərbi məktəbə daxil olmuş, 4 il həmin məktəbdə təhsil almış, 6 ay Müdafiə Nazirliyinin Təlim Tədris Mərkəzində kursda olmuş, 2016-cı ildə N nömrəli hərbi hissəyə tağım komandiri vəzifəsinə təyin edilmişdir. 2016-cı ilin iyul ayında N nömrəli hərbi hissəyə 2-ci tabor, 6-cı bölük, 3-cü tağım komandiri vəzifəsinə keçirilmiş, 6cı bölüyün komandiri Sultan Zeydullayev olmuşdur. 6-cı bölüyün şəxsi heyəti düşmənlə ön xətdə yerləşən 16, 17, 18-ci postlara çıxmış, həmin postlarla düşmən mövqeləri arasında olan məsafə təxminən 200-400 metr olmuşdur. Aradakı sahə düşmən və onlar tərəfindən minalanmışdır. Tabor komandiri əvvəlcə Eldar Ələsgərov olmuş, sonradan onun yerinə Vüqar Atluxanov təyin edilmiş, sonuncu tabor komandiri isə Əfqan Abdurahmanov olmuşdur. Hərbi hissə komandiri o təyinat alanda Akif Ağayev, sonuncu isə İdris Məhərrəmov olmuşdur. Döyüş növbətçiliyinə bölüyün 1 və 2ci tağımlarının şəxsi heyəti çıxmış, 3-cü tağım isə ehtiyat tağım olmuşdur. Döyüş növbətçiliyi zamanı gündüz vaxtı güzgü müşahidə qurğusu vasitəsilə, TR-8 cihazı vasitəsilə, gecə vaxtı isə gecə görmə cihazları vasitəsilə (aselsan, boxer, X2, X6,) müşahidələr aparılmışdır. xx.xx.2017-ci il tarixdə saat 1N radələrində o, 18-ci postda xidmətdə olarkən baş leytenant 1-ci tağım komandiri Kamran Almədətov rabitə vasitəsilə “yoxlama gəlir, onları qarşıla” məzmunlu sözlər demiş, bu zaman o, posta gələn hərbi hissənin idarə heyətinin üzvü olan mayor Səxavət Abdullayevi və sonuncu ilə birlikdə gələn adlarını xatırlamadığı hərbi hissənin kəşfiyyat bölüyünün hərbi qulluqçularını qarşılamışdır. Səxavət Abdullayev ona şəxsi heyətin silahlarını alıb kənara yığmağı tapşırmış, silahları postun şəxsi heyətindən aldıqdan sonra Səxavət ona “şəxsi heyətlə birlikdə postun arxasına gələn avtomobilə minin” məzmunlu göstəriş vermişdir. O, Səxavətdən bunun səbəbini soruşanda sonuncu bunun korpus komandirinin göstərişi olduğunu bildirmiş, kəşfiyyatçılar postda qaldıqlarına görə o, düşmən tərəfə keçid olacağını düşünmüşdür. Onunla yanaşı postun şəxsi heyəti manqa komandiri Fuad Ağayev və adlarını xatırlamadığı əsgərlər Kamaz markalı avtomobilə minmiş və avtomobil hərəkət etmişdir. Kamazda səhra geyim formasında sonradan N nömrəli hərbi hissənin hərbi qulluqçuları olduğunu öyrəndiyi bir neçə hərbi qulluqçular olmuşdur. Onları 6-cı bölüyün dayaq məntəqəsinə gətirmişlər. Şəxsi heyət avtomobildən düşdükdən sonra hərbi hissə komandirinin müavini Fikrət Abdullayev onu yanına çağırmış və o, yaxınlaşanda sonuncu əlindəki silahı tutub ondan almış və N nömrəli hərbi hissənin kəşfiyyatçılarına “bunu aparın” məzmunlu göstəriş vermişdir. Kəşfiyyatçılar onun əllərini və ayaqlarını iplə, gözünü isə qara rəngli parça ilə bağlamış və təcili tibbi yardım avtomobilinə mindirmişlər. Həmin vaxt sonradan 1-ci tabor 2-ci bölüyün giziri olduğunu öyrəndiyi Emin Adilzadə də avtomobildə olmuşdur. Onlar N nömrəli hərbi hissəyə gətirilmiş və orada səsindən xidmət etdiyi bölüyün çavuşu olduğunu bildiyi Qaytaran Tağıyevi də avtomobilə mindirmişlər. Sonra avtomobil hərəkət etmiş, təxminən 1 saata yaxın yol getdikdən sonra dayanmış, onları avtomobildən düşürtmüşlər. Gözlərindəki əski parçası çox qalın olmadığından az da olsa ətrafı görmüş, onlar iki mərtəbəli binanın qarşısında dayanmış və həmin binadan dəhşətli dərəcədə qorxulası qışqırtı səsləri gəlmişdir. Bir nəfər ona yaxınlaşıb “zabitsən, utanmırsan erməniyə işləyirsən?” məzmunlu sözlər demiş və o, bir neçə gün ondan əvvəl N nömrəli hərbi hissədə düşmənlə əlaqəsi olan hərbi qulluqçuların müəyyən edilib araşdırma aparıldığını eşitmişdir. Həmin şəxs ona erməniyə işlədiyini deyəndə o, həmin şəxsə “nə erməniyə işləmək?” məzmunlu söz demiş və elə bir şeyin olmadığını bildirmişdir. Həmin şəxs ona “əgər işgəncəyə girmək istəmirsənsə, düşmənə işləməyini boynuna almalısan” məzmunlu sözlər demiş və o, etmədiyi bir şeyi boynuna almayacağını demişdir. Daha sonra həmin şəxsin göstərişi ilə onu binanın içərisinə aparmışlar. Binanın içinə daxil olanda qışqırtı və ağlamaq səsləri daha da artmış və o, orada olan şəxslərə işgəncə verildiyini başa düşmüşdür. Onu gətirib bir otağa salaraq bərk bir turbaya bənzər əşya ilə vurmağa başlayıb bir neçə dəqiqə bu formada döymüşlər. Həmin otaqda işgəncəyə məruz qalan adam çox olmuş, lakin gözü bağlı olduğundan görə bilməmiş, təxminən 1 saat döydükdən sonra onu həmin otaqdan çıxarıb başqa bir otağa salıb orada gözünü açmışlar. Ətrafda qara konbinezonlu, başlarında qara maska olan şəxslər dayanmış, gözü açıldıqdan sonra o, otaqda küncdə bölük komandiri Sultan Zeydullayevin lüt, qan içində halsız bir vəziyyətdə olduğunu görmüşdür. Sultanın işgəncədən ayaqları və başı şişmiş, otaqda başqa bir neçə nəfər işgəncəyə məruz qalan şəxslər olmuş, lakin onları tanımamışdır. Bir müddət sonra ona dəmir qabda yemək gətirmişlər və o, Sultanın pis vəziyyətdə olduğunu görüb yeməkdən sonuncuya vermək istəyəndə maskalı şəxslər ona imkan verməmişlər. Bir neçə saat orada qaldıqdan sonra gözlərini bağlayıb onu həmin otağın yanındakı otağa keçirmişlər. Həkimlər diz-dirsək vəziyyətində dayanmağı deyib elə vəziyyətdə anal dəliyinə baxmış və “bu təmizdir” məzmunlu söz demişlər. Həkim onun “təmiz” olduğunu bildirdiyinə görə onu döyməmişlər. Otaqda sakit olduğu müddətdə bir nəfər içəri daxil olub ona “bunu niyə döymürsüz?” məzmunlu sözlər demişdir. Otaqdakılar isə həmin şəxsə “cənab mayor bunluq heç nə yoxdur” məzmunlu sözlər demişlər. Həmin mayor deyə müraciət edilən şəxs də “necə yəni bunluq heç nə yoxdur? sən gələrsən mənim otağıma səni başa salaram bunluq nə var nə yoxdu” məzmunlu cavab vermişdir. Həmin mayor çıxıb getmiş, yenə ona heç bir şey etməmişlər və otaqda qalmışdır. Bir müddətdən sonra kimlərsə gəlib onu həmin otaqdan çıxarıb başqa bir otağa aparmışlar. Həmin otaqda taxta parçası ilə bədəninin müxtəlif yerlərinə vurmağa, eyni vaxtda da yumruq və təpiklə vurmağa başlamışlar. Onu bir müddət döyüb işgəncə verdikdən sonra bir nəfərin yanına aparmışlar. Otağa daxil olanda həmin şəxsin tapşırığına əsasən gözündə olan qara əskini bir az yuxarı qaldırmış və qarşısına qələm, vərəq qoyaraq “nə bilirsən yaz” məzmunlu sözlər demişlər. O, nə yazmalı olduğunu soruşanda ona “düşmənə necə işləmisən, kimləri vermisən, kim səni düşmənə verib” məzmunlu sözlər demişdir. O da elə bir şey olmadığını bildirmiş, bu vaxt onu həmin otaqdan çıxarıb digər otaqlardan birinə salaraq taxta parçası, plastik boru ilə vurmağa başlamışlar, bel və ayaq nahiyələrinə zərbələr endirmişlər. Bir saata yaxın bu qaydada döydükdən sonra onu oradan çıxardıb digər bir otağa salmışlar. Həmin otaqda səslərdən orada çox adam olduğu anlaşılmış, tanıdığı şəxslərdən 2-ci taborun qərargah rəisi Rauf Orucovun adının çəkildiyini eşitmişdir. Orada olan şəxslərin anket məlumatları dəqiqləşdirildikdən sonra onu başqa bir otağa aparıb salaraq həmin otağa başqa şəxsləri də gətirmişlər. X2 da orada olduğunu başa düşmüş, sonuncuya cərəyan verməyə başlamışlar. İşgəncələri verə-verə düşmənə işlədiklərini etiraf etməyi tələb etmişlər. Onu ancaq taxta parçası və plastik boru ilə döymüş, düşmənə işləməyini boynuna almağı istəmişlər. Ona başqa-başqa otaqlarda da eyni qaydada işgəncələr verilmişdir. Həmin otaqlardan birində N nömrəli hərbi hissənin tabor komandiri Seymur Hidayətovun da döyüldüyünün şahidi olmuş, gözü bağlı olsa da, Seymuru səsindən tanımış, həm də işgəncə verənlər öz aralarında danışanda döyülən şəxsin kim olduğunu bilmişdir. Otaqların birindən digərinə keçiriləndə artıq döyülməkdən və işgəncə verilməkdən gözündəki əski parçası aşağı düşmüşdür. Dəhlizdə gedəndə korpusun qərargah rəisi Mübariz Rzayevi görmüş, sonuncu maskalı şəxslərə göstərişlər verərək gətirilən şəxslərdən düşmənə işləməyini boynuna alanlar barədə maraqlanmış, dərhal həmin şəxslərin müstəntiqlərin yanına aparılması barədə tapşırıq vermiş və ümumi orada olan işgəncə prosesinə nəzarət etmişdir. Onu növbəti dəfə aparıb otaqlardan birinə salmışlar və gözündəki əskini bir az yuxarı qaldırmışlar. O, otağın döşəməsinin ağ kafel olduğunu görmüş, döşəmə və divarlar qan içində olmuşdur. Yerdə küncdə iki nəfər ölü vəziyyətdə uzanmış, həmin şəxslərin kim olduqlarını bilməmiş, lakin hər ikisi işgəncələrdən tanınmaz vəziyyətdə qan içində olmuşlar. Ona həmin mənzərəni göstərib “əgər bu günə düşmək istəmirsənsə, danış” məzmunlu sözlər deməklə hədələmişlər. Yenidən onun gözlərini bağlayıb aparıb başqa bir otağa salmaqla taxta parçası, plastik boru, yumruq və təpiklə döyməyə başlamışlar. Bir neçə gün bu qaydada işgəncənlərə məruz qalandan sonra xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixə keçən gecə onunla bərabər orada saxlanılan bir neçə nəfəri Kamazlara mindirib sonradan N nömrəli hərbi hissənin köhnə qərargah binası olduğunu bildiyi yerə gətirmişlər. Orada gətirilən şəxsləri otaqlara yığmışlar, gətirilən şəxslərin yerləşdirilməsi ilə bağlı “Ruslan müəllim” deyə müraciət edildiyini eşitmiş, Ruslan deyə müraciət edilən şəxs cavab verəndə isə həmin şəxsin korpusun MTO rəisi Ruslan Ağasiyev olduğunu bilmişdir. Ruslan kimi hara yerləşdirmək lazım olması barədə tapşırıqlar vermiş, saxlandığı otağın qarşısına bir nəfər gələrək “Siz işgəncədən təmiz çıxdınız, sizdən sabah ifadə alıb buraxacaqlar” məzmunlu sözlər demişdir. O, səsindən həmin danışan şəxsin Mübariz Rzayev olduğunu bilmiş, həmin gün orada qalmış və heç bir işgəncəyə məruz qalmamışdır. Səhəri gün onu qaldığı yerdən çıxarıb həyətdə olan otaqlardan birinə salmaqla qarşısına bir vərəq və qələm qoyub nə bilirsə yazmağını demişlər. Ona başını yuxarı qaldırmağa icazə verilmədiyindən həmin şəxsin kim olduğunu görməmiş, lakin onu gətirən şəxsin sarı botinkada olduğunu görmüşdür. O da vərəqə “mən düşmənə işləməmişəm, kimlərin işləməsindən də məlumatım yoxdur” məzmunlu sözlər yazmış, belə yazandan sonra ona “səni sabah buraxacağıq, gedərsən” məzmunlu sözlər demiş, sonra saxlandığı yerə qaytarmışlar. Səhəri gün onu yenə saxlandığı yerdən çıxardıb aparmışlar. Otağa daxil olandan sonra gözünü açmışlar. Onu gətirənlərin ayağında sarı botinka, əyinlərində səhra geyim forması, başlarında qara rəngli maska olmuş, otağa daxil olanda geyim formalarından hərbi prokurorluğun müstəntiqləri olduğunu bildiyi 2-3 nəfər olmuşdur. Ona “bəs deyirdin ki, heç nə etməmişəm, gör bu əsgərlər nə deyir” məzmunlu sözlər demişlər. O, ətrafa baxanda otaqda kənarda əlləri və başları qan içində işgəncələrə məruz qalmış vəziyyətdə, paltarları cırılmış formada bölüyün əsgərləri Hümbətov Kamran, Qüdrətov Nəzir və Quziyev Şaban və Cahandar Sadıqovu görmüşdür. Müstəntiqlər əsgərlərə olanlar barədə onun üzünə danışmağı demişlər. Cahandar Sadıqovdan başqa digərləri guya o, “həmin əsgərləri düşmənə vermişdir, düşmən isə onları zorlamışdır” məzmunlu sözlər demişlər. Bu sözləri eşidəndə o, şoka düşmüş bunu deyən əsgərlərə niyə belə danışdıqlarını, onlara harada və hansı şəraitdə düşmənə verdiyini soruşmuşdur. Əsgərlər də heç bir söz demədən “vermisən də” məzmunlu ifadələr işlətmişlər. Müstəntiq əsgərlərin onun “üzünə durmasından” sonra ona “boynuna almırsan?” məzmunlu sual vermiş, o da cavabında “bunlar cəfəngiyat danışır, mən nə erməni görmüşəm, nə də erməniyə adam vermişəm” məzmunlu ifadələr işlətmişdir. Daha sonra müstəntiq onu gətirənlərə “bunu aparın” məzmunlu göstəriş vermiş və onu aparıb saxlandığı yerə salmışlar. 3-4 saatdan sonra onu yenə müstəntiqlərin yanına apararaq otağa daxil olandan sonra gözünü açmışlar. Kamran Hümbətovu otağa çağırtdırmışlar, Kamrana “nə olubsa, danış” məzmunlu söz demiş, Kamran isə cavabında onun üzünə “postda olarkən sən məni erməniyə vermisən və erməni məni zorlayıb” məzmunlu sözlər demişdir. O da “Kamranın dedikləri cəfəngiyatdır, belə ki, postda əsgəri erməniyə vermək qeyri-mümkün olan bir şeydir, belə ki, postda iki müşahidə məntəqəsi var, düşmən posta gəlmək üçün minalanmış neytral ərazini keçməlidir, əgər düşmən keçəsi olsa da, yandakı postlar onları görüb atəş açar, bundan başqa Şahingöz və Bayquşgöz cihazları müşahidə aparır ki, butün hər şeyi qeydə alır” məzmunlu cavab vermişdir. Sonra onu sarı botinkalı, başlarında qara maska olan hərbi qulluqçular aparıb bir otağa salmış, orada onu lüt soyundurub yerə yıxaraq ayaqlarını qaldırıb stulun üstünə qoymuş və plastik turba ilə ayaqlarının altına vurmağa başlamışlar. Bir müddət belə ona işgəncə verdikdən sonra üstünə su töküb xüsusi KPM aparatı ilə ona cərəyan verilmiş, bundan başqa başını su ilə dolu qablara salıb boğmuşlar. Təxminən 3-4 saat bu qaydada ona işgəncə verilmiş, işgəncə vaxtı bir neçə dəfə ürəyi getmiş, lakin onu oyadıb yenə işgəncəni davam etdirmişlər. 1 saata yaxın ona işgəncə verildikdən sonra onu ümumi gətirilən şəxslərin saxlandığı otağa salmışlar. Orada səsindən 2-ci taborun 6-cı bölüyün 2-ci tağım komandiri olduğunu bildiyi Vüqar Muradxanlının səsini eşitmiş, Vüqar bir müddət orada saxlandıqdan sonra aparılmış və geri gətiriləndə onun yanında oturdulmuşdur. Vüqar ona işgəncələrə məruz qaldığını düşmənə işləməyini boynuna almağı tələb etdiklərini demişdir. Həmin otaqda olarkən N nömrəli hərbi hissədən Təmkin Nizami oğlunun adını eşidib orada olduğunu bilmiş, Təmkinlə Ali hərbi məktəbdə bir tağımda təhsil almış, sonuncu da işgəncələrə məruz qaldığını danışmışdır. Bunlardan başqa N nömrəli hərbi hissənin hərbi qulluqçularından 5-ci bölüyün baş giziri Azər Qənbərovu və maxe İlknur Cahangirovun da səslərini eşidib orada olduqlarını bilmişdir. Orada olan, yəni saxlanılan şəxslərin hamısı işgəncələrə məruz qalmış şəxslər olmuş, bundan başqa Vüqar Muradxanlı ona Mübariz Rzayevin 2-ci taborun şəxsi heyətin yığıb “Sultan Zeydullayev və İddiaçı düşmənə işləyir, kimi çağırsalar, onların düşmənə işləməsini təsdiqləsin, boş-boşuna özünüzü döydürməyin” məzmunlu sözlər dediyini bildirmişdir. O da Vüqara elə bir şey olmadığını və düşmənə işləməyi onun boynuna qoymaq istədiklərini bildirmişdir. O, otaqda saxlanılan zaman tualetə getmək istədiyini bildirmiş və onu bir nəfərlə tualetə yola salmışlar. Yolda onu aparan şəxs danışanda həmin şəxsin danışığından xidmət etdiyi bölüyün əsgəri İzzət Süleymanlı olduğunu bilmiş, İzzətdən niyə gətirildiyini soruşanda sonuncu ona bütün bölüyün şəxsi heyətinin ora gətirildiyini bildirmişdir. O, İzzət Süleymanlıdan əsgərlər Kamran Hümbətovun və Şaban Quziyevin onun üzünə durub guya onları düşmənə verdiyini dediklərini bildirib bunun səbəbini soruşanda, İzzət səbəbini bilmədiyini demişdir. Onu bir neçə dəfə müstəntiqlərin yanına aparıb-gətirib düşmənə işləməyini boynuna almağını tələb etmişlər. Hər dəfə də o, bunu inkar etmiş, müstəntiqlərin yanına aparıldığı bir dəfə yan otaqda əsgər Nuruzadə Bahəddini görmüş, sonuncuya təzyiq edib Sultan Zeydullayev tərəfindən düşmənə verilməsini təsdiq etməsini tələb etdiklərini eşitmişdir. Həmin vaxt Bahəddin də onu görmüş, otaqda digər şəxslərlə saxlandığı müddətdə onu çıxarıb bir nəfərin yanına aparmışlar. Zaur “qara” ləqəbli bir nəfər maskalı şəxsləri çağırıb “sən yaxşısan, bunu götür apar” məzmunlu tapşırıq vermişdir. Həmin “qara” ləqəbli şəxs onu götürüb otaqlardan birinə salmış, yerə uzadıb ayaq dırnaqlarını çıxarmağa başlamışlar. Sağ ayağının balaca barmağının və ondan sonrakı barmağının dırnaqlarını nəsə bir alətlə dartıb çıxartmış, işgəncədən səsi bütün hər yerə yayılmışdır. Sonra plastik boru ilə ayağının altına, kürəyinə zərbələr vurmuşlar. Eyni vaxtda da yumruq-təpiklə döymüşlər. 2-3 saat onu bu qaydada döyüb işgəncə vermişlər. Artıq o, tamamilə halsız vəziyyətə gəlmiş, onun danışmadığını görüb orada bir nəfər “gedin,, bunun atasını gətirin bura” məzmunlu söz demişdir. O, artıq atasının da gətirilib işgəncəyə məruz qoyulacağını başa düşmüş, həmin şəxslərdən nə istəyirlərsə razı olacağını, təki atasını ora gətirməmələrini istəmişdir. O, verilən sənədlərin hamısında deyilən yerlərə imza etmiş və sənədlərə imza etdikdən sonra onu aparıb ayrıca bir otağa salmışlar. Səhəri gün o, yenidən müstəntiqin yanına gətirilmiş, orada onunla Mirpaşa Mehtiyevi üzləşdirmişlər və sonuncu onun üzünə “sən məni düşmənə vermisən və məni zorlatdırmısan” məzmunlu sözlər demişdir. Bundan sonra otağın qapısı açılanda o, əsgər Zaur Məmmədovun qapının ağzında dayandığını görmüşdür, onu otaqdan çıxardıqdan sonra Zauru otağa salmışlar. O, sonradan Zaur Məmmədovun da Mirpaşanın üzünə dayandığını, Mirpaşa tərəfindən düşmənə verildiyini qeyd etdiyini öyrənmişdir. Mirpaşa ilə üzləşdikdən sonra onu digər bir otağa keçirmişlər, orada sonradan hakim olduğunu öyrəndiyi bir nəfər gəlib onun barəsində 4 ay müddətində həbs qətimkan tədbiri seçmişdir. Həmin gün onunla bərabər bölüyün giziri Anar Hüseynovu DTX-yə aparmışlar. Bildiyinə görə X3 Hümbətov əvvəlcə ifadələrində Anar Hüseynovun onları düşmənə verdiklərini göstərmiş, lakin sonradan dəyişib onun adını bildirmişlər. Barəsində həbs qətimkan tədbiri xx.xx.2017-ci il tarixdə seçilmişdir. 4-8 may 2017-ci il tarixlərində N nömrəli hərbi hissənin köhnə qərargahında, N- 15 may 2017-ci il tarixlərində isə N nömrəli hərbi hissədə işgəncə görmüş, qanunsuz azadlıqdan məhrum edilmişdir. N nömrəli hərbi hissə komandirinin nizami hissə üzrə əmr kitabında yazıldığı kimi N nömrəli hərbi hissəyə xx.xx.2017-ci il tarixdə deyil, xx.xx.2017-ci il tarixdə gecə dustaq, şübhəli şəxs kimi aparılmışdır. Bir neçə müddət DTX-də saxlandıqdan sonra müstəntiq gəlib onu Sultan Zeydullayevlə üzləşdirmiş, hər ikisi işgəncə nəticəsində verdikləri ifadələri inkar etmişlər. 2017-ci ilin dekabr ayında müstəntiq İzzət Süleymanlını yanına gətirmiş və İzzət üzünə “sən məni düşmənə vermisən” məzmunlu sözlər demişdir. O, isə İzzətə “İzzət, N nömrəli hərbi hissədə sən deyildin məni tualetə aparan? Orada niyə demirdin bəs komandir sən məni niyə düşmənə vermisən. İndi üzümə durursan ki, guya səni düşmənə vermişəm” məzmunlu cavab vermişdir. Bundan sonra İzzət də başını aşağı salıb danışmamış, 2018-ci ilin yanvar ayında barəsində aparılan cinayət işi yekunlaşdırılaraq baxılması üçün məhkəməyə göndərilmişdir. İstintaq zamanı xx.xx.2017-ci il tarixdə o, 18-ci postdan düşürüldükdən sonra orada qazmada qalan idman çantasının içərisinə 500 ABŞ dolları pul qoyulduğunu, guya onun həmin pulu düşməndən aldığı kimi rəsmiləşdirildiyini öyrənmişdir. Cinayət işi məhkəməyə göndərildikdən sonra məhkəmə prosesi başlanmış və məhkəməyə İlqar Quliyev rəhbərlik etmişdir. Məhkəmə prosesinə zərərçəkmiş kimi çağırılmış Bahəddin Nuruzadə və hazırda adlarını xatırlamadığı bir neçə əsgər işgəncələrə məruz qalıb ifadə verdiklərini bildirmişlər. Bundan başqa məhkəmədə Şahin göz və Bayquş cihazlarının çəkilişlərini tələb etmişlər, lakin çəkilişlərin yaddaşda qalmadığı bildirilmişdir. Məhkəmədə bədənlərində xəsarətlər olduğundan tibbi ekspertizadan keçirilmələrini tələb etmiş, uzun təkiddən sonra ekspertizadan keçirilmişlər, lakin ekspertlər xəsarətlərin hansı şəraitdə əmələ gəlməsini aydınlaşdıra bilmədiklərini rəylərə qeyd etmişlər. Bundan başqa, Tərtər polis şöbəsində saxlanılan zaman onun yanına Anar Hüseynov adında “Ərəb” ləqəbli bir nəfər gəlib, özünü məhkəmə sədri İlqar Quliyev tərəfindən göndərilən şəxs kimi təqdim etmiş, məhkəmədə cinayəti boynuna alacağı təqdirdə ona 6-7 il cəza veriləcəyini qeyd etmişdir. O da razılaşmamış, sonradan Anar Hüseynovun digər təqsirləndirlən şəxslərlə də görüşüb onları ələ almağa çalışdığını öyrənmişdir. O, razılaşmadığına görə İlqar Quliyev ona 20 il azadlıqdan məhrumetmə cəzası vermiş, Orucov Rauf, Mirpaşa Mehtiyev, Əlizamin Quliyev, Məcid Qasımov və X5 Hüseynovla razılaşdıqlarına görə onlara 7-8 il cəza verilmişdir. Bundan başqa məhkəmə proseslərində Məcid Qasımov və Natiqdən N nömrəli hərbi hissənin köhnə qərargah binasında onlara işgəncə verənlərin N nömrəli hərbi hissənin hərbi qulluqçuları Ruslan Mikayılov, Qurban Cumşüdov, Cabir Qəhrəmanov, Elçin Əliyev, Sənan Maşıyev və hazırda adlarını unutduğu hərbi qulluqçular olduğunu öyrənmişdir. Bütün bu proseslərə yəni işgəncə proseslərinə korpus komandiri Hikmət Həsənov və onun müavinləri rəhbərlik etmişdir. Hal-hazırda iddiaçı cinayət təqibinə məruz qalması nəticəsində vurulmuş zərərin əvəzinin cavabdeh vasitəsilə dövlət büdcəsindən iddiaçının xeyrinə ödənilməsini xahiş edir.
a) Məhkəmə prosesi:
3. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edib bildirdi ki, əvvəlki işdə özünə vurulmuş mənəvi zərərin ödənilməsini tələb etmişdir. Hazırda isə gördüyü işgəncəyə görə kompensasiya istəyir. Buna görə də iddiaya mahiyyəti üzrə baxılıb təmin edilməsini məhkəmədən xahiş etdi.
4. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi (nümayəndəsi) məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
5. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)-2302/2023 nömrəli qətnaməsini nəzərdən keçirərək hesab edir ki, iş üzrə icraata xitam verilməlidir.
Əsaslandırıcı hissə: a) İş materialları:
6. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)-2302/2023 nömrəli qətnaməsindən görünür ki: - İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı “maddi, mənəvi ziyanın ödənilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona vurulmuş mənəvi zərərə görə 500.000 (beş yüz min) manat məbləğində kompensasiyanın və 62176 (altmış iki min yüz yetmiş altı) manat 67 ay ərzində faktiki aylıq qazancının, 3000 (üç min) manat məzuniyyət məvacibinin, 1800 (bir min səkkiz yüz) manat geyim pulunun, 4288 (dörd min iki yüz səksən səkkiz) manat ərzaq pulunun, 3685 (üç min altı yüz səksən beş) manat kirayə pulunun, 2000 (iki min) manat maddi yardım pulunun, 2784 (iki min yeddi yüz səksən dörd) manat son ödəniş pulunun, cəmi 7N733 (yetmiş doqquz min yeddi yüz otuz üç) manat pulun İddiaçı dövlət büdcəsi hesabına ödənilməsi, İddiaçı baş leytenant və kapitan rütbəsi ilə təmin edilməsi, İddiaçı qanunsuz həbsdə olduğu 67 (altmış yeddi) ayı hərbi xidmət ilinə (staja) hesablanması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir (1-ci səhifə). - Hazırda iddiaçı qanunsuz azadlıqdan məhrum edildiyinə, bu zaman ağır işgəncələrə məruz qaldığına görə ona vurulmuş mənəvi ziyanın əvəzi kimi 500.000 manat məbləğində kompensasiya, azadlıqdan qanunsuz olaraq məhrum edildiyi bütün illər ərzində ona dəymiş maddi ziyanın əvəzi kimi cəmi N27N2,38 manat (müvafiq dövrlərə münasibətdə ikiqat hesablanmış maaş, birdəfəlik verilən maddi yardım, ərzaq və istifadə olunmamış məzuniyyət əvəzi pul kompensasiyaları, xidməti vəzifələrin vicdanla yerinə yetirilməsi və qüsursuz hərbi intizama görə birdəfəlik pul mükafatı, müvəqqəti mənzilin kirayəsi üçün pul kompensasiyası) pulun dövlət büdcəsinin vəsaiti hesabına ona ödənilməsini; cavabdeh isə iddiaçıya onun təqsiri ucbatından ziyan dəyməsinin sübuta yetirilməməsi və əsl cavabdeh olmaması səbəbindən iddianın rədd edilməsini məhkəmədən xahiş edir (7-ci səhifə). - İddia tələbinin “mənəvi ziyan” hissəsinə münasibətdə qeyd edilməlidir ki, işin mübahisəsiz halıdır ki, iddiaçının qanunsuz olaraq 5 il 6 ay 21 gün azadlıqdan məhrum edilməsi, ona fiziki və psixi zor tətbiq edilməsi iddiaçıda inamsızlıq, narahatlıq, məyusluq hissləri yaratmış və ona stress, əzab-əziyyət vermiş, şüurunda mənfi psixoloji reaksiyaya səbəb olmuşdur. Lakin məhkəmə hesab edir ki, ona vurulmuş mənəvi zərərin əvəzi 500000 manat deyil. Məhkəmə bütün diqqətəlayiq halları nəzərə alaraq hesab edir ki, iddiaçıya dəymiş mənəvi zərərin 87000 manat məbləğində qiymətləndirilməsi daha ədalətli və ağlabatandır. Buna görə də məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi mənəvi ziyan hissəsində də qismən təmin edilməli, cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin vasitəsi ilə dövlət büdcəsinin vəsaiti hesabına mənəvi zərərin əvəzi kimi 87.000 manat məbləğində pul İddiaçı xeyrinə ödənilməlidir (8-ci səhifə). - İddianın qismən təmin edilməsi, cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin vasitəsi ilə dövlət büdcəsinin vəsaiti hesabına maddi zərərin əvəzi kimi 77.713,68 (yetmiş yeddi min yeddi yüz on üç manat altmış səkkiz qəpik) manat və mənəvi zərərin əvəzi kimi 87.000 (səksən yeddi min) manat olmaqla, cəmi 164.713,68 (yüz altmış dörd min yeddi yüz on üç manat altmış səkkiz qəpik) manat məbləğində pulun İddiaçı xeyrinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi və s. qət edilmişdir (13-cü səhifə).
7. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)-2302/2023 nömrəli icra vərəqəsindən görünür ki, qətnamə xx.xx.2024-cü il tarixdə qanuni qüvvəsini almış, xx.xx.2024-cü il tarixdə icra vərəqəsi verilmişdir.
8. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sisteminin “Digər məhkəmə və icra işləri barədə məlumatlar” bölməsinin “İcra işləri” pəncərəsindən görünür ki, İddiaçı tələbkar, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin borclu olduğu, 164.713,68 manat məbləğində tələb üzrə xx.xx.2024-cü il tarixli icra işi “icra edilib” statusundadır.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar: N. Beləliklə, məhkəmə iş materiallarını araşdıraraq müəyyən etdi ki, iddiaçının cavabdehə qarşı eyni predmet barəsində eyni əsaslar üzrə eyni iddia tələbinin qismən təmin edilməsinə dair qanuni qüvvəyə minmiş (hətta icra edilmiş) məhkəmə qətnaməsi vardır. Həmin qətnamədə iddiaçının hazırda mübahisələndirdiyi işgəncə görmə məsələsinə də müvafiq hüquqi qiymət verilmiş, belə ki, ona vurulmuş mənəvi zərərin həcmi müəyyənləşdirilərkən məhkəmə bu faktı da nəzərə almışdır.
c) Məhkəmənin mövqeyi:
10. Məhkəmə hesab edir ki, tərəflər arasındakı hazırkı mübahisə üzrə artıq qanuni qüvvəsini almış (və icra edilmiş) məhkəmə qətnaməsi mövcud olduğundan, eyni iddiaçının eyni cavabdehə qarşı eyni predmet barəsində eyni əsaslar üzrə hazırkı tələbi yenidən məhkəmə araşdırmasının predmeti ola bilməz. Buna görə də məhkəmə hesab edir ki, hazırkı iş üzrə icraata xitam verilməlidir.
11. Məhkəmə xüsusilə vurğulayır ki, məhkəmə müdafiəsi hüququndan istifadə etməyin şəxslər üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu cür tələblər üzrə icraata eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduğu əsası ilə xitam verilməsi həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan pis niyyətlə sui-istifadə etməsin yaxud hüququn verdiyi imkandan istifadə edərkən qanunvericiliyin imperativ və dispozitiv şərtinə əməl etsinlər. Əks halda, mülki hüquqda hüquqdan sui-istifadənin qadağan edilməsi institutunun yaranmasına da zərurət və əsas olmazdı.
d) Tətbiq edilən hüquq və məhkəmənin iş üzrə gəldiyi nəticə:
12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Maddə 261.0, 261.0.2. Eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədər iş üzrə icraatın xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iş üzrə icraata xitam verir. Maddə 262. İş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Məhkəmənin qərardadında işdə iştirak edən şəxslər arasında məhkəmə xərclərinin bölüşdürülməsi, büdcədən dövlət rüsumunun qaytarılması haqqında məsələlər həll edilə bilər. Bu Məcəllənin 261.0.1-ci və ya 261.0.8-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. İşin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. İş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər.
13. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 fevral 2016-cı il tarixli qərarı: Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinin mənasına görə eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir. Həmin qərara əsasən, preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir. Məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının əsaslandırıcı hissəsində müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyü deməkdir. Faktın preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının hüquqi təbiətinə əsaslanır və onun subyektiv və obyektiv hədləri ilə müəyyənləşdirilir, tərəflər və işdə iştirak edən digər şəxslər bu hədlərdən kənara çıxa bilməzlər. Bununla yanaşı, yekun məhkəmə qərarlarının preyudisial əhəmiyyəti mütləq deyildir və prosessual qanunla müəyyən edilmiş hədlərə malikdir. Məhkəmə aktının preyudisiallığının tanınması üçün preyudisiallığın obyektiv və subyektiv hədlərinin məcmusu vacib şərtdir. Preyudisiallığın subyektiv həddi əvvəl baxılmış işdə və yeni baxılan işdəki şəxslərin dairəsinin, yəni subyekt tərkibinin eyniliyini şərtləndirir. Beləliklə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir.
14. Göstərilənləri ümumiləşdirərək məhkəmə belə qənaətə gəlir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı “mənəvi zərərin ödənilməsi” tələbinə dair hazırkı iş üzrə icraata xitam verilməli, iddiaçıya eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilməməsi izah olunmalıdır.
Nəticə:
15. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261-262, 263-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı “mənəvi zərərin ödənilməsi” tələbinə dair iş üzrə icraata xitam verilsin. İddiaçıya izah olunsun ki, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər.
Hakim: Günay Abidova