Məhkəmə qərarları › İş №e-2(006)-2542/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-2542/2022

02.06.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2542/2022 02.06.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Səməd Fəxrəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əhmədova Məstanə Mətləb qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «borc pulun qaytarılması» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «borc pulun qaytarılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2.000 manat borc pul, vəkilə ödənilmiş 110 manat xidmət haqqı və ödənilmiş 42 manat dövlət rüsumu olmaqla, cəmi 2.152 manat pulun Cavabdeh tutularaq ona birdəfəyə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 2-ci qrup əlildir, bundan başqa onkoloji xəstəliyi var və mütəmadi müalicə olunmalıdır. Xəstə vəziyyəti ilə uzun illərdir işləyir və çalışıb, qənaət edib pul yığmışdır ki, müalicə olunsun. 2021-ci ilin avqustsentyabr ayları olardı. X1 ona demişdir ki, qardaşı Cavabdeh maşın almaq istəyir, qardaşına 2.000 manat pul lazımdır və bu səbəbdən qardaşı ondan borc pul istəyir. O da qardaşına 2.000 manat məbləğində pulu borc vermiş və bildirmişdir ki, o şərtlə borc verir ki, maşını alan kimi, uzağı bir aya pulunu qaytarsın, çünki o da xəstə adamdır, müalicə olunmalıdır. Qardaşı da razılaşmışdır ki, maşını alan kimi tezliklə pulunu qaytaracaq. Lakin həmin vaxtdan bəri xeyli müddət keçməsinə baxmayaraq, qardaşı - Cavabdeh pulunu qaytarmamışdır. O, buna görə cavabdehdən Polis bölməsinə şikayət etmişdir. Cavabdehin faktiki yaşadığı ünvana uyğun olaraq Binəqədi RPİ-nin 6-cı Polis bölməsində şikayətinə baxılmış və həm anasının, həm cavabdehin izahatları alınmışdır. Anası və qardaşı Polis bölməsində onun dediklərini etiraf etmişlər. PB-də cavabdeh bildirmişdir ki, ondan 2.000 manat məbləğində borc pul almışdır və indi qaytara bilmir, bundan sonra ayda 200 manat qaytaracaq. Polis Bölməsində onların məsələsinin mülki məsələ olması ilə bağlı məhkəməyə müraciət etməsinin məqsədəuyğun olduğu tövsiyə olunmuşdur. Binəqədi RPİ-nin 6-cı Polis bölməsinə vəkil sorğusu ilə müraciət edib, izahatlarının surətlərini əldə etmişlər. Cavabdeh Polis bölməsində verdiyi yazılı izahatında hər ay 200 manat qaytaracağını qeyd etsə də, bu günə kimi bir manat da qaytarmamışdır. Ona görə də, hazırkı iddia ilə məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Cavabdehdən ona qaytarmalı olduğu 2.000 manat pulun, o cümlədən vəkilə ödədiyi haqqın və dövlət rüsumunun cavabdehdən bütov şəkildə tutularaq ona birdəfəyə ödənilməsi barədə qətnamə qəbul edilməsini istəyir. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə Cavabdeh iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Bakı şəhəri Binəqədi RPİ 6-cı PB-nin 08 fevral 2022-ci il tarixli və 08 aprel 2022-ci il tarixli məktublarından, sonuncu məktuba əlavə edilmiş izahatlardan görünür ki, İddiaçı şikayət ərizəsi əsasında material toplanmış, müvafiq araşdırma aparılmış, hazırkı iş üzrə iddiaçının, cavabdehin və X2 (iddiaçının və cavabdehin anası) izahatları alınmışdır. Müəyyən olunmuşdur ki, Cavabdeh qeyd olunan izahatlar yazılan dövrdən 5 ay öncə İddiaçı 2.000 manat borc almışdır. Həmin borcu qaytara bilməmiş və borcu hər ay 200 manat olmaqla, hissə-hissə ödəyəcəyini bildirmişdir. Lakin həmin izahatı verməsinin üstündən uzun müddət keçməsinə baxmayaraq, cavabdeh iddiaçıya hər hansı ödəniş etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Mülki Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Mülki Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Göründüyü kimi, tərəflər arasında şifahi borc müqaviləsi bağlanmış, cavabdeh iddiaçıdan 2.000 manat borc almış, lakin şifahi borc müqaviləsi üzrə öhdəliyi tam və vaxtında icra etməmişdir. Bu səbəbdən, iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 42 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Təqdim edilmiş ödəniş sənədindən görünür ki, iddiaçı ona göstərilən hüquqi xidmətə görə 110 manat pul vəsaiti ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, 2.000 manat borc, vəkilə ödənilmiş 110 manat xidmət haqqı və ödənilmiş 42 manat dövlət rüsumu olmaqla, cəmi 2.152 manat pul vəsaiti Cavabdeh İddiaçı xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 2.000 manat borc, vəkilə ödənilmiş 110 manat xidmət haqqı və ödənilmiş 42 manat dövlət rüsumu olmaqla, cəmi 2.152 manat pul vəsaiti Cavabdeh İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Səməd Cəfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar