Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2545/2025 01.07.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Şəmmədova Şəhla Eynur qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili X1, Cavabdeh SŞ ASC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh SŞ ASC-yə qarşı (Maraqlı şəxs1 QSC, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti və Maraqlı şəxs3 ASC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) «istehsalat qəzası nəticəsində sağlamlığın pozulmasına görə ödəncin verilməsi» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh SŞ ASC-yə qarşı (Maraqlı şəxs1 QSC və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) «istehsalat qəzası nəticəsində sağlamlığın pozulmasına görə ödəncin verilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, istehsalatda bədbəxt hadisəyə görə hər ay 113,06 manat aylıq sığorta ödənişi; sığorta tələbinin verildiyi tarixdən əvvəlki üç ilə görə 4.070,07 manat məbləğində ödəniş; tələb tarixindən sonra ödənilməmiş aylar üzrə 1.017,52 manat ödənilməli olan məbləğ; hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində 1.526,28 manat dəbbə pulunun Cavabdeh SŞ ASC-dən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, Maraqlı şəxs3 ASC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2011-ci il tarixdə Maraqlı şəxs1 Qapalı Səhmdar Cəmiyyətində fəhlə vəzifəsi üzrə əmək fəaliyyətinə başlamışdır. Cavabdeh Sığorta Şirkəti ilə işəgötürən arasında imzalanan ATE11000155 nömrəli xx.xx.2011-ci il tarixli «İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta» müqaviləsinin xx.xx.2011-ci il tarixli 01000 nömrəli əlavə razılaşmasının 1 saylı qoşmasının 1995-ci bəndinə əsasən iddiaçı istehsalatda bədbəxt hadisələrdən sığorta olunmuşdur. Həmin bəndə əsasən, iddiaçının vəzifəsi 14-cü peşə risk dərəcəsinə aid edilməklə, sığorta məbləği 81.507,49 manat təşkil etmişdir. İşəgötürən tərəfindən tərtib və təsdiq edilmiş «İstehsalatda baş vermiş bədbəxt hadisə haqqında» 2 nömrəli akta (İZ forması) əsasən, xx.xx.2012-ci il tarixdə Hövsan limanında gəminin aşağı palubasında metal qırıntılarının boşaldılmasından sonra ehtiyatsızlıq nəticəsində həmin gəmidə işləyən qreyferin məngənəsi iddiaçıya dəyərək ona xəsarət yerimişdir. Nəticədə istehsalat qəzası baş vermiş və iddiaçı «Böyrək damarlarının tam qopması» diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdir. İş materiallarında olan iddiaçının X8 Xidmətində verdiyi izahata əsasən, iddiaçı iş cədvəlinə uyğun olaraq Hövsan limanında saat 07:45 radələrində işə gəlmiş, briqadir vəzifəsində çalışan keçmiş iş yoldaşı Mahir Həsənov tərəfindən təlimatlandırılmışdır. Daha sonra, o, qreyferlə birlikdə gəminin içinə düşmüşdür. Gəminin içində iddiaçının əsas vəzifəsi qreyferlə birlikdə metal qırıntılarını bir yerə toplamaq olmuşdur. İddiaçı təxminən 10:40 radələrində gəminin palubasında üzü dəmir qırıntılarına tərəf dayandığı zaman, anidən qreyferin məngənəsinin ona çırpıldığını hiss etmiş və zərbənin gücündən müvazinətini itirərək yerə yıxılmışdır. Sonradan təcili tibbi yardım avtomobili onu tibb müəssisəsinə çatdırmış, o, orada xx.xx.2012-ci il tarixinə qədər müalicə alaraq evə buraxılmış, müalicəsini evdə davam etdirmişdir. İş materiallarında olan xx.xx.2013-cü il tarixli cavabdehin işəgötürənə müraciət məktubuna əsasən, sözügedən istehsalat qəzasının baş verməsinə səbəb olan halların müvafiq orqanlara düzgün məlumat verilməsi ilə yenidən təhqiq olunması və araşdırmanın nəticələri barədə cavabdehə məlumat təqdim edilməsi xahiş edilmişdir. İş materiallarında olan «eSosial» mobil tətbiqindən əldə edilmiş sosial arayışa əsasən, iddiaçıya ilk dəfə xx.xx.2012-cı il tarixdə «əmək zədəsi» səbəbilə 1 il müddətinə üçüncü dərəcəli əlillik təyin edilmiş, daha sonra xx.xx.2015-ci il tarixində yenidən eyni səbəb və dərəcə ilə 1 illik, xx.xx.2016-cı il tarixdə isə eyni səbəb və dərəcə ilə 5 illik müddətə (xx.xx.2021-ci ilə qədər) əlillik təyin edilmişdir. İş materiallarında olan X6 Bakı şəhəri İdarəsinin xx.xx.2023-cü il tarixli 3-17-5/2- E-46905/2023 nömrəli iddiaçıya cavab məktubuna əsasən, iddiaçının xx.xx.2012-ci il tarixdə istehsalat qəzası səbəbindən iş vaxtı aldığı xəsarətlərlə bağlı məlumatlar Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş İnformasiya Sisteminə daxil edilmişdir. İş materiallarında olan Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2024-cü il tarixli iddiaçının işəgötürəninə olan cavab məktubuna əsasən, iddiaçının sağlamlıq vəziyyətinin pozulmasının Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş «əlilliyin müəyyən olunması meyarları»na müvafiq olaraq əlillik təyininə əsas vermədiyindən barəsində xx.xx.2024-cü il tarixdə «tam reabilitasiya» və əmək qabiliyyətinin 20 % itirilməsi təyini barədə qərar qəbul edilmişdir. İş materiallarında olan cavabdehin xx.xx.2024-cü il tarixli O-H-2024 0291 nömrəli iddiaçının xx.xx.2024-cü il tarixli müraciətinə olan cavab məktubuna əsasən, sığorta hadisəsinin araşdırılması məqsədilə səlahiyyətli orqanlara sorğular göndərildiyi, sorğulara cavab daxil olduğu təqdirdə işlə bağlı müvafiq qərar qəbul ediləcəyi bildirilmişdir. Bundan sonra cavabdeh xx.xx.2024-cü il tarixdə O-H-2024 0384 nömrəli iddiaçıya yenidən cavab məktubu göndərmişdir. Həmin məktubun mətninə əsasən, cavabdeh xx.xx.2012-ci il tarixdə baş vermiş istehsalat qəzası ilə bağlı sığorta ödənişinin verilməsindən imtina olunması barədə qərar qəbul etdiyini, lakin humanist davranış göstərilərək 2013-cü ildə iddiaçıya 5000 manat ödənildiyini bildirmişdir. Bundan əlavə olaraq cavabdeh iddiaçıya 10 il müddətin keçməsi ilə əlaqədar tələb hüququna xitam verildiyini nəzərə almağı, bu əsasla da cavabdehin iddiaçıya ödəniş vermək öhdəliyinin mövcud olmadığını qeyd etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 225-ci maddəsinə əsasən işəgötürən qanunvericiliklə müəyyən olunmuş qaydada hər bir işçinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasını təmin etməlidir. Əmək müqaviləsində işçinin sığortalanması barədə müvafiq məlumatların göstərilməsi mütləqdir. İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta sahəsində münasibətlər müvafiq qanunvericiliklə tənzimlənir. «İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında» Azərbaycan Respublikası Qanununun 10.1-ci maddəsinə əsasən sığorta hadisəsi aşağıdakılar əsasında müəyyən olunur: - istehsalatda bədbəxt hadisə haqqında Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş formada tərtib olunmuş akt, yaxud xeyrinə icbari sığorta müqaviləsi bağlanılmalı şəxslə bağlı istehsalatda bədbəxt hadisənin baş verməsi barədə məhkəmə qərarı; - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin istehsalatda bədbəxt hadisə və ya peşə xəstəliyi nəticəsində sığorta olunanın peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsini təsdiq edən qərarı və ya şəxsin ölümü haqqında şəhadətnamə. Qanunun 16.1-ci maddəsinə əsasən, faydalanan şəxslərə aşağıdakı sığorta ödənişləri verilir: - aylıq sığorta ödənişi; birdəfəlik sığorta ödənişi; - əlavə sığorta ödənişi. Həmin Qanunun 16.2-ci maddəsinə əsasən aylıq sığorta ödənişi sığorta hadisəsi baş verdikdə sığorta olunanın peşə əmək qabiliyyətinin itirilməsi ilə bağlı itirilmiş aylıq əmək haqqı əvəzində faydalanan şəxsə verilən pul təzminatıdır. Sözügedən Qanunun 16.5-ci maddəsinə əsasən sığortaçı sığorta ödənişini bu Qanunla müəyyən edilmiş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir. Sözügedən Qanunun 17.1-ci maddəsinə əsasən aylıq sığorta ödənişinin məbləği sığorta hadisəsi nəticəsində zərər çəkmiş sığorta olunanın peşə əmək qabiliyyətini itirdiyi tarixdən əvvəl malik olduğu orta aylıq əmək haqqının həmin sığorta hadisəsi nəticəsində itirilmiş peşə əmək qabiliyyətinin faizi miqdarında müəyyən edilir. Sözügedən Qanunun 17.2-ci maddəsinə əsasən Qanunun 17.1-ci maddəsində nəzərdə tutulmuş orta aylıq əmək haqqı miqdarının hesablanması qaydası Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 29 oktyabr tarixli 192 nömrəli qərarı ilə təsdiq edilmiş «İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə aylıq sığorta ödənişi məbləğinin müəyyən edilməsi məqsədləri üçün orta aylıq əmək haqqı miqdarının hesablanması qaydası»nın 2.1-ci bəndinə əsasən, orta aylıq əmək haqqı sığorta olunanın peşə əmək qabiliyyətini itirdiyi tarixdən əvvəlki tam on iki ay (əmək müqaviləsinin və ya mülki-hüquqi müqavilənin həmin tarixdən əvvəlki daha az müddətdə qüvvədə olduğu halda faktiki tam aylar) ərzində əmək müqaviləsi üzrə əməyinin ödənilməsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 25 avqust tarixli, 137 nömrəli qərarı ilə təsdiq edilmiş «Məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması zamanı nəzərə alınan və alınmayan ödənişlərin geniş Siyahısı» üzrə nəzərə alınan ödənişlərin məbləğinin və ya mülki-hüquqi müqavilə əsasında əmək funksiyasını yerinə yetirilməsinə görə ödənilən muzdun məbləğinin cəminin on ikiyə (əmək müqaviləsinin və ya mülki-hüquqi müqavilənin həmin tarixdən əvvəlki daha az müddətdə qüvvədə olduğu halda isə tam ayların sayına) bölünməsi yolu ilə hesablanır. Həmin Qaydanın 2.2-ci bəndinə əsasən, orta aylıq əmək haqqının hesablanması zamanı sığorta olunanın tam işləmədiyi aylar faydalanan şəxsin arzusuna uyğun olaraq, tam işlənilmiş əvvəlki aylarla əvəz edilir, belə əvəzetmə mümkün olmadıqda isə bölünən ayların sayı azaldılmaqla hesabdan çıxarılır. Qanunun 18.11-ci maddəsinə əsasən, faydalanan şəxs sığorta tələbini sığorta ödənişini almaq hüququ yarandıqdan sonra üç ildən gec təqdim etdikdə sığorta ödənişi bu tələbin verildiyi tarixdən əvvəlki üç il üçün ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 3 noyabr tarixli 196 nömrəli qərarı ilə təsdiq edilmiş «İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə sığorta ödənişinin təyin edilməsi, verilməsinin dayandırılması və bərpa olunması Qaydaları»nın 2.1.1-ci bəndinə əsasən aylıq sığorta ödənişləri - sığorta olunanın əvvəlki peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsinin TSEK tərəfindən müəyyən edildiyi tarixdən hesablanmaqla, sığorta ödənişinin verildiyi hər təqvim ayının 25-dən gec olmayaraq. Sığorta ödənişi verilməyə başlandığı ilk aydan əvvəlki hər hansı ayın müvafiq tarixindən hesablanmalı olduğu halda, sığorta ödənişinin verildiyi ilk ay üçün nəzərdə tutulan ödəniş məbləğində əvvəlki aya (aylara) aid olan ödəniş məbləğləri də əlavə olunur. Həmin Qaydaların 2.2-ci bəndinə əsasən, sığorta müqaviləsi əsasında sığorta olunanın istehsalatda baş verən bədbəxt hadisə və ya peşə xəstəliyi nəticəsində peşə əmək qabiliyyətini itirməsi hallarında ona sığorta ödənişinin qanunvericilikdə nəzərdə tutulmuş qaydada ödənilməsinə görə müvafiq sığortaçı öhdəlik daşıyır. Sözügedən Qaydaların 2.3ci bəndinə əsasən sığortaçı sığorta ödənişini «İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında» Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir. Ödənilməli olan aylıq sığorta ödənişinin məbləği və hesablanma düsturu aşağıdakı kimidir. Qeyd edildiyi kimi «İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında» Qanunun 17.1-ci maddəsinə əsasən aylıq sığorta ödənişinin məbləği sığorta hadisəsi nəticəsində zərər çəkmiş sığorta olunanın peşə əmək qabiliyyətini itirdiyi tarixdən əvvəl malik olduğu orta aylıq əmək haqqının həmin sığorta hadisəsi nəticəsində itirilmiş peşə əmək qabiliyyətinin faizi miqdarında müəyyən edilir. Sözügedən Qanunun 17.2-ci maddəsinə əsasən Qanunun 17.1-ci maddəsində nəzərdə tutulmuş orta aylıq əmək haqqı miqdarının hesablanması qaydası Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 29 oktyabr tarixli 192 nömrəli qərarı ilə təsdiq edilmiş «İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə aylıq sığorta ödənişi məbləğinin müəyyən edilməsi məqsədləri üçün orta aylıq əmək haqqı miqdarının hesablanması qaydası»nın 2.1-ci bəndinə əsasən, orta aylıq əmək haqqı sığorta olunanın peşə əmək qabiliyyətini itirdiyi tarixdən əvvəlki tam on iki ay (əmək müqaviləsinin və ya mülki-hüquqi müqavilənin həmin tarixdən əvvəlki daha az müddətdə qüvvədə olduğu halda faktiki tam aylar) ərzində əmək müqaviləsi üzrə əməyinin ödənilməsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 25 avqust tarixli, 137 nömrəli qərarı ilə təsdiq edilmiş «Məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması zamanı nəzərə alınan və alınmayan ödənişlərin geniş Siyahısı» üzrə nəzərə alınan ödənişlərin məbləğinin və ya mülkihüquqi müqavilə əsasında əmək funksiyasını yerinə yetirilməsinə görə ödənilən muzdun məbləğinin cəminin on ikiyə (əmək müqaviləsinin və ya mülki-hüquqi müqavilənin həmin tarixdən əvvəlki daha az müddətdə qüvvədə olduğu halda isə tam ayların sayına) bölünməsi yolu ilə hesablanır. Həmin Qaydanın 2.2-ci bəndinə əsasən, orta aylıq əmək haqqının hesablanması zamanı sığorta olunanın tam işləmədiyi aylar faydalanan şəxsin arzusuna uyğun olaraq, tam işlənilmiş əvvəlki aylarla əvəz edilir, belə əvəzetmə mümkün olmadıqda isə bölünən ayların sayı azaldılmaqla hesabdan çıxarılır. İddiaçının iş yeri olmuş Maraqlı şəxs1 QSC tərəfindən təqdim edilən xx.xx.2025-ci il tarixli arayışa əsasən iddiaçının sığorta hadisəsinə qədər (xx.xx.2011-xx.xx.2012-ci il) 7 tam ay işləmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010cu il 29 oktyabr tarixli 192 nömrəli qərarı ilə təsdiq edilmiş «İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə aylıq sığorta ödənişi məbləğinin müəyyən edilməsi qaydaları»na uyğun olaraq hesablanmış orta əmək haqqına əsasən iddiaçının orta əmək haqqısa 565,29 manat olmuşdur. İş materiallarında olan Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2024-cü il tarixli iddiaçının işəgötürəninə olan cavab məktubuna əsasən, İddiaçının sağlamlıq vəziyyətinin pozulmasının Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş «əlilliyin müəyyən olunması meyarları»na müvafiq olaraq əlillik təyininə əsas vermədiyindən barəsində xx.xx.2024-cü il tarixdə «tam reabilitasiya» və əmək qabiliyyətinin 20 % itirilməsi təyini barədə qərar qəbul edilmişdir. Bu əsasla da iddiaçıya aşağıdakı cədvələ uyğun hesablanmaqla cavabdeh tərəfindən 113,06 manat aylıq sığorta ödənişi ödənilməlidir: İşlədiyi tam ayların sayı – 7; Nəzərə alınan ödənişlərin ümumi məbləği – 3.957,01 manat; orta əmək haqqı – 565,29 manat; Əmək qabiliyyətini itirməklə bağlı faiz dərəcəsi – 20 %; Ödənilməli olan aylıq sığorta ödənişi – 113,06 manat (hesablama düsturu 565,29 * 20% = 113,06). Sığorta tələbinin verildiyi tarixdən əvvəlki üç ilə görə ödənilməli olan ödəniş. Qeyd edilmişdir ki, iddiaçı tərəfindən cavabdehə xx.xx.2024cü il tarixində sığorta ödənişinin ona ödənilməsi barədə müraciət ünvanlanmışdır. «İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında» Qanunun 18.11-ci maddəsinə əsasən, faydalanan şəxs sığorta tələbini sığorta ödənişini almaq hüququ yarandıqdan sonra üç ildən gec təqdim etdikdə sığorta ödənişi bu tələbin verildiyi tarixdən əvvəlki üç il üçün ödənilir. İddiaçı müraciətin ünvanlandığı tarixdən əvvəlki üç ilə görə aşağıdakı cədvələ uyğun hesablanmış ödənilməli olan 4.070,07 manat məbləğində ödənişi tələb etməkədədir: Ödənilməli olan aylıq sığorta ödənişi – 113,06 manat; Əvvəlki üç il üzrə ayların sayı – 36; Əvvəlki üç il üzrə ödənilməli olan ödənişin məbləği – 4.070,07 manat (Hesablama düsturu 113,06 * 36 = 4070,07). Tələb tarixindən sonra ödənilməmiş aylar üzrə ödənilməli olan məbləğ. Qeyd edilmişdir ki, iddiaçı tərəfindən cavabdehə xx.xx.2024cü il tarixdə sığorta ödənişinin ona ödənilməsi barədə müraciət ünvanlanmışdır. İddiaçı müraciətin ünvanlandığı tarixdən bu günə qədər ödənilməli olan ödənişləri tələb etməkədədir: Tələb tarixi – xx.xx.2024; Tələb tarixindən bu günə qədər keçən ayların sayı – 9; Ödənilməli olan aylıq sığorta ödənişi – 113,06 manat; Tələb tarixindən sonra ödənilməli olan məbləğ - 1.017,52 manat. Hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulunun hesablanması: Qeyd edilmişdir ki, iddiaçı tərəfindən cavabdehə xx.xx.2024-cü il tarixində sığorta ödənişinin ona ödənilməsi barədə müraciət ünvanlanmışdır. İddiaçı müraciətin ünvanlandığı tarixdən bu günə qədər ödənilməli olan ödənişlərin gecikdirilmiş hər bir günləri üçün 0.1 % dəbbə pulu tələb etməkədədir: Əvvəlki üç il üzrə ödənilməli olan ödənişin məbləği - 4.070,07 manat; Tələb tarixindən sonra ödənilməli olan məbləğ - 1.017,52 manat; Ümumi gecikdirilən məbləğ - 5.087,59 manat; tələb tarixi - xx.xx.2024; Gecikdirilən gün sayı – 300; Hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi - 1.526,28 manat (hesablama düsturu - 5087,59 AZN * 0,1% * 300 gün = 1526,28 manat). İddiaçının dövlət rüsumu ödəməkdən azad olması barədə. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.3-cü maddəsinə əsasən, səhhətə digər xəsarətlər yetirilməsinə görə ziyanın ödənilməsi barəsində iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. İddia müddətinin ötürlməməsi haqqında. Qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384.0.3-ci maddəsinə əsasən fiziki şəxsin həyatına və ya sağlamlığına vurulmuş zərərin əvəzinin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. İddiaçının nümayəndəsi (vəkili) X4 məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, cavabdeh tərəfindən məhkəməyə təqdim edilən, məhkəmə təcrübəsini əks etdirdiyi bildirilən məhkəmə işləri üzrə qərarlarda işlərin faktiki halları hazırki işin faktiki hallarına uyğun gəlməməkdədir. Belə ki, qeyd edilən işlər üzrə tərəflər ödənilmiş sığorta ödənişinin məbləğini mübahisələndirdiyi halda, hazırkı iş üzrə iddiaçı tərəfindən sığorta ödənişinin məbləği mübahisələndirilməyərək, ümumiyyətlə ödənilməmiş – «İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında» Qanunun 16.1.1-ci bəndində nəzərdə tutulmuş sığorta ödənişi olan aylıq sığorta haqqı tələb edilməkdədir. Belə ki, həmin Qanunun 16.2-ci bəndinə əsasən, aylıq sığorta ödənişi sığorta hadisəsi baş verdikdə sığorta olunanın peşə əmək qabiliyyətinin itirilməsi ilə bağlı itirilmiş aylıq əmək haqqı əvəzində faydalanan şəxsə verilən pul təzminatıdır. Məhkəmə işinin sonuncu - xx.xx.2025-ci il tarixli iclasında cavabdehin nümayəndəsinə ünvanladığı «Cavabdeh tərəfindən ödənildiyi bildirilən 5000 manat məbləğində pul vəsaiti, Qanunda nəzərdə tutulmuş hansı sığorta ödənişi formasına uyğun gəlir – «aylıq» yoxsa «birdəfəlik»? sualına cavabdehin nümayəndəsi «birdəfəlik sığorta ödənişinə uyğun gəlir» deyə cavab vermişdir. Xüsusilə qeyd edir ki, Qanunun 16.3cü maddəsinə əsasən birdəfəlik sığorta ödənişi aşağıdakı hallarda verilir: 16.3.1. sığorta hadisəsi nəticəsində zərər çəkmiş sığortaolunanın əlilliyi növbəti müayinə müddəti göstərilmədən müəyyən edildikdə; 16.3.2. sığorta hadisəsi nəticəsində sığorta olunanın öldüyü halda; 16.3.3. sığorta hadisəsi nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi ilə əlaqədar aylıq sığorta ödənişini alan sığorta olunan həmin hadisənin birbaşa səbəbi olduğu sağlamlığın pozulması halından öldükdə. Qeyd edilən hallardan başqa bütün digər hallarda sığortaolunana sığortaçı tərəfindən aylıq sığorta ödənişi ödənilməlidir. Lakin sığortaçı Qanunla nəzərdə tutulmuş qaydada sığorta ödənişini ödəməmiş, tərəflər arasında bağlanılmış məhkəməyə sübut qismində təqdim edilən razılaşmada qeyd etdiyi kimi hadisənin sığorta hadisəsi hesab etmədiyini, lakin «humanizm» göstərərək 5.000 manat məbləğdə iddiaçıya maddi yardım ödənişi ödədiyini bildirmişdir. Bu isə cavabdehin Qanunla müəyyən edilmiş öhdəliyi bu günə qədər icra etmədiyini sübut etməkdədir. Lakin iddiaçı hazırda bu günə qədər hələ də ödənilməmiş və ödəməkdən imtina edilən, Qanunla ona verilən haqq olan sığorta ödənişinin ödənilməsini cavabdehdən tələb etməkdədir. Bundan əlavə olaraq təqdim edilən məhkəmə işləri apellyasiya instansiya məhkəməsinin və birinci instansiya məhkəməsinin qərarı olduğundan, həmin qərarlar ümumiyyətlə məhkəmə tərəfindən məhkəmə təcrübəsi kimi əsas hesab edilə bilməz. Xüsusilə qeyd edir ki, Mülki Məcəllənin 384.0.3-cü maddəsinə əsasən, fiziki şəxsin həyatına və ya sağlamlığına vurulmuş zərərin əvəzinin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. Qeyd edir ki, hazırda şəxs əmək qabiliyyətinin 20 faizini ömürlük olaraq itirib. Ona aylıq sığorta ödənişi istehsalatda bədbəxt hadisənin baş verdiyi vaxtdan ödənilməyə başlasa idi, hazırda, o, bu ödənişlə əmək qabiliyyətini müvəqqəti itirdiyi hissəsini kompensasiya edə bilərdi. Lakin sığortaçı Qanunda nəzərdə tutulmuş öhdəliyindən yayınmış, bunula da sığortaolunanın sağlamlığına vurulmuş zərərin əvəzinin ödənilməsini təmin etməmişdir. Yuxarıda qeyd olunanların nəzərə alınaraq məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X5 məhkəmə iclasında iddia tələbini qəbul etmədi, iddiaya etiraz təqdim edərək izahatında bildirdi ki, hazırda qeyd olunan tələb üzrə qanunla müəyyən olunmuş iddia müddəti keçdiyindən məhkəmə tərəfindən iddiadan imtina barəsində qərar çıxarılması zərurəti vardır. Bildirir ki, xx.xx.2012-ci il tarixində baş vermiş hadisə ilə bağlı İddiaçı sığorta ödənişinin verilməsindən imtina olunması barədə qərar qəbul edilsə də, İddiaçı Cavabdeh Sığorta Şirkəti ASC-yə sonrakı xx.xx.2013-cü il tarixli müraciətini, səhhətinin pozulmasını nəzərə alaraq sosial məsuliyyət və humanitar prinsiplərindən çıxış edərək 2013-cü ildə ona 5.000 manat sığorta ödənişi ödənilmişdir. Belə ki, xx.xx.2013-cü il tarixdə İddiaçı Cavabdeh Sığorta şirkətinə ərizə ilə müraciət edərək 5.000 manatın ona ödənilməsi ilə razı olduğunu və bu məsələ ilə bağlı gələcəkdə şirkətə qarşı heç bir iddia və sığorta tələbinin olmayacağını bildirmişdir. Göründüyü kimi, iddiaçı ödəniş alan zaman birbaşa məbləğlə razı olduğunu və bu məsələ ilə bağlı gələcəkdə şirkətə qarşı heç bir iddia və sığorta tələbinin olmayacağını öz ərizəsi ilə bəyan etmişdir. Bir sözlə, tərəf bunu mübahisələndirməmişdir. Tərəfə 5.000 manat ödənilməsinə, onun özünün razılıq ərizəsinə baxmayaraq, tərəf hazırda onu mübahisələndirir. Bu isə, həm sığorta müqaviləsi üzrə öhdəliklərdən irəli gələn tələblər üzrə (müqavilə olmasaydı tələb də yaranmayacaqdı) iddia müddətinin, həm də tələblər üzrə müddətin keçməsi deməkdir. Bununla bağlı birbaşa Konstitusiya Məhkəməsinin Plenumu 03 aprel 2025-ci il tarixli Qərarında qeyd edir ki, sığorta ödənişi ilə bağlı tələblər üzrə iddia müddətinin axımı sığortalının (və ya faydalanan şəxsin) sığortaçının sığorta ödənişini etməkdən imtina etməsini bildiyi (bilməli olduğu), sığorta ödənişinin miqdarı ilə razılaşmadığı halda sığorta ödənişinin həyata keçirildiyi, habelə sığorta ödənişi həyata keçirilməməklə yanaşı sığorta ödənişindən imtina haqqında bildiriş verilmədikdə sığortaçının öhdəliyinin icra müddəti («İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 18.1-ci maddəsi ilə nəzərdə tutulmuş müddət) bitdiyi andan başlayır. Sığorta ödənişləri ilə bağlı iddialar üzrə müddətin axımının başlanması məsələsinə münasibətdə, ilk növbədə göstərilməlidir ki, Mülki Məcəllənin iddia müddəti ilə bağlı qaydaları tənzimləyən 373-cü maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç il təşkil edir. Həmin Məcəllənin 377.1-ci maddəsi ilə iddia müddətinin axımının şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başladığı təsbit edilmişdir. Göründüyü kimi, qüvvədə olan qanunvericilik iddia müddətinin axımının başlanmasını obyektiv anla deyil, subyektiv anla əlaqələndirir. Məhz bu andan maddi mənada iddia hüququ əmələ gəlir. Maddi mənada iddia hüququ dedikdə, mülki hüquqların məcburi həyata keçirilməsi imkanı başa düşülür və bu imkan müəyyən müddətlə məhdudlaşır. Konstitusiya Məhkəməsinin Plenumuna əsasən qeyd edirlər ki, iddiaçı ona 2013-cü il tarixində 5.000 manat ödənildikdə sığorta ödənişi miqdarı ilə razılaşmışdır və bu vaxtdan da iddia müddətinin axımı başlamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Mülki Məcəllənin 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç il təşkil edir. Mülki Məcəllənin 377.1-ci maddəsinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Nəzərə almaq lazımdır ki, iddiaçının tələbinin birbaşa əsası yuxarıda da qeyd olunduğu kimi, sığorta müqaviləsindən (müqavilə olmasaydı tələb də yaranmayacaqdı) irəli gəlir, yəni sözügedən müqavilə üzrə sığorta hadisəsi baş verdikdə faydalanan şəxsə sığorta ödənişi ödəməklə bağlı öhdəlik yaranır və bu zaman qanunvericilik müqavilə tələbləri üzrə iddia müddəti üçün konkret olaraq, üç il müəyyən edir. Bundan əlavə, Mülki Məcəllənin 550-ci maddəsinə əsasən, tələbə, yəni digər şəxsdən hərəkətin edilməsini və ya edilməməsini tələb etmək hüququna müddətin keçməsinə görə xitam verilə bilər. Mülki Məcəllənin 551-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, bütün tələblər on il (adi müddət) keçdikdən sonra qüvvəsini itirir. Baxılan iş üzrə isə, iddiaçı ona 2013-cü il tarixdə 5.000 manat ödənildikdən 10 ildən artıq müddət keçdikdən sonra məhkəməyə müraciət etdiyindən qanunvericilik üzrə müəyyən edilmiş həm müqavilə tələbləri üzrə 3 illik iddia müddətini, həm də ümumi tələblər üzrə 10 ili ötürmüş olur. İddia müddəti ilə bağlı müddəalar Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərində nəzərdə tutulmuşdur. Avropa İnsan Hüquqları Məhkəməsi, analoji hüquqi mövqedən çıxış edərək, Miragall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 2009-cu il 7 iyul tarixli Qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyrimüəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir («Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» 2001-ci il 27 dekabr tarixli və «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair» 2013-cü il 3 iyun tarixli Qərarlar). Konstitusiya Məhkəməsi Plenumunun B.Mürsəlovun şikayəti üzrə 2020-ci il 12 mart tarixli Qərarına əsasən, iddia müddətinin keçməsi tələb hüququnun özünün deyil, bu hüququn səlahiyyətli orqan vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanının xitamına səbəb olur. Beləliklə, qanunvericilik mülki münasibət iştirakçılarının pozulmuş hüquqlarının məhkəmə vasitəsi ilə müdafiəsinə müvafiq müddətlər daxilində təminat verir. Mülki-Prosessual Məcəllənin 128.1-ci maddəsinə əsasən, prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Mülki-Prosessual Məcəllənin 130.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Bu səbəbdən, iddia müddətinin tətbiq edilməsi və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslərin nümayəndələri məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən mülki işə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslərin nümayəndələrinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - 11 fevral 2012-ci il tarixli 01000 saylı əlavə razılaşmadan görünür ki, Cavabdeh SŞ ASC ilə Maraqlı şəxs1 QSC arasında 11 fevral 2011-ci il tarixdə bağlanmış ATE11000155 saylı «İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta» müqaviləsi bağlanmış, müqavilə tərəfləri xx.xx.2011-ci il tarixli müqavilənin 1.1, 2.1, 3.1, 4.1-ci bəndlərində, eləcə də, 5.1, 5.2, 5.3, 5.4, 5.5ci bəndlərdə qeyd edilən məsələlərlə bağlı razılığa gəlmişlər. - İstehsalatda baş vermiş bədbəxt hadisə haqqında İZ formalı 2 nömrəli aktdan görünür ki, xx.xx.2012-ci il tarixdə Hövsan limanında gəminin aşağı palubasında metal qırıntılarının boşaldılmasından sonra ehtiyyatsızlıq nəticəsində həmin gəmidə işləyən qreyferin məngənəsi İddiaçı dəyərək xəsarət almış, müvafiq diaqnozla xəstəxanaya yerləşdirilmişdir. - İddiaçı (X7) ərizəsindən görünür ki, o, Maraqlı şəxs1 QSC-nin təkrar qara metal emalı sahəsinin fəhləsi kimi Hövsan limanında iş yerində 12 fevral 2012-ci il tarixdə saat 16.45-də baş vermiş, xəsarətlə nəticələnmiş bədbəxt hadisənin təfərrüatları barədə ətraflı izahat yazmışdır. - Cavabdeh SŞ ASC-nin Maraqlı şəxs1 QSC-yə (surəti İddiaçı göndərilmişdir) ünvanladığı xx.xx.2013-cü il tarixli məktubundan görünür ki, Cavabdeh SŞ ASC-də ATE11000155 saylı 11 fevral 2011-ci il tarixli «İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta» müqaviləsi üzrə sığorta olunmuş Maraqlı şəxs1 QSC-nin işçisi İddiaçı xx.xx.2012-ci il tarixdə iş zamanı xəsarət alması ilə bağlı sığorta şirkətinə müraciət edərək izahat vermişdir. İzahatdan görünür ki, hadisə baş verən tarixdə qreyferin sürücüsü Mövlan Əliyev işə sərxoş vəziyyətdə gələrək İddiaçıla əylənmək məqsədi ilə ekskavatorun caynağı ilə onu havaya qaldırmaq istəmişdir. Lakin caynağın onu sıxdığını görüb həyacandan caynağı boşaltmaq əvəzinə caynağı daha da bərk sıxaraq havaya qaldırmağa başlamış və bu zaman İddiaçı huşunu itirmiş, sürücü ekskavatorun caynağını boşaltdıqdan sonra o, zərbə ilə yerə düşmüşdür. Eyni zamanda, İddiaçı əmək müfəttişinə və polis işçisinə fərqli izahat verməsinin səbəbini onunla əsaslandırmışdır ki, Mövlan Əliyevin ailə üzvləri ondan xahiş etmişlər ki, düzgün məlumat verməsin, çünki əks halda Mövlanı məsuliyyətə cəlb edəcəklər. Hazır izahat ona kompüterdə çap olunmuş şəkildə əmək müfəttişi tərəfindən verilmiş və öz xətti ilə başqa kağıza köçürülməsi xahiş olunmuşdur. Həmçinin, İddiaçı öz izahatında qeyd edib ki, qreyferin sürücüsü Mövlan Əliyev bir dəfə də işə sərxoş vəziyyətdə gələrək başqa hadisə törətmiş və bunun nəticəsində işdən azad edilmişdir. Yuxarıda qeyd olunan hadisənin baş verməsinə səbəb olan halların müvafiq orqanlara düzgün məlumat verilməsi ilə yenidən təhqiq olunması və araşdırmanın nəticələri barədə məlumat təqdim olunmasına göstəriş verilməsi xahiş edilmişdir. - İddiaçı xx.xx.2013-cü il tarixli ərizəsindən görünür ki, o, Cavabdeh SŞ ASC-yə istehsalatda baş vermiş bədbəxt hadisə ilə bağlı şirkət tərəfindən ona ödəniləcək 5.000 manat birdəfəlik sığorta məbləğinin ödənilməsinə razı olduğunu və bu məsələ ilə bağlı gələcəkdə şirkətə qarşı heç bir ideyasının və sığorta tələbinin olmayacağını bildirmişdir. - 07 avqust 2013-cü il tarixli razılaşmadan görünür ki, sığortaçı Cavabdeh SŞ ASC, sığortalı Maraqlı şəxs1 QSC (həmin dövrdə təşkilati-hüquqi forması MMC) və sığorta olunan İddiaçı arasında aşağıdakı şərtlər daxilində razılaşma bağlanmışdır: «Tərəflər təsdiq edirlər ki: - xx.xx.2012-ci il tarixdə baş vermiş hadisənin araşdırılması zamanı sığortaçıya yanlış və ziddiyyətli məlumatlar verilmişdir, sığortaçının isə qeyd edilən hadisə ilə bağlı sığorta ödənişinin verilməsindən imtina etmək hüququ yaranmışdır. Lakin tərəflər: - Sığorta olunanın 24 iyul 2013-cü il tarixli ərizəsini; - Sosial məsuliyyət və humanitar prinsipləri; - Sığorta olunanın səhhətini nəzərə alaraq aşağıdakılar barədə razılaşdılar:
1. Sığortaçı sığorta olunan İddiaçı 5.000 manat ödəyir;
2. Ödənişin verilməsi qaydası hər bir tərəfin imzaladığı və möhürlə təsdiqlədiyi aktla müəyyən edilir;
3. Tərəflər razılaşdılar ki, hazırki Razılaşmada müəyyən olunan ödəniş qətidir, birdəfəlik xarakter daşıyır və bu razılaşma imzalandıqdan sonra baş verə biləcək digər oxşar hallar üçün təcrübə (presedent) kimi qiymətləndirilməyəcək və sığortaçıya sığorta tələbinin verilməsi üçün əsas ola bilməz;
4. Sığortalı və sığorta olunan İddiaçı razılaşırlar ki, bu Razılaşmanın 1-ci bəndində göstərilən ödəniş verildikdən sonra xx.xx.2012-ci il tarixli hadisə ilə bağlı onların Cavabdeh Sığorta Şirkətinə qarşı heç bir tələb, iddia və şikayəti yoxdur və gələcəkdə də olmayacaqdır;
5. Hazırki Razılaşma hər üç tərəfdən imzalandığı andan qüvvəyə minir. Razılaşma 3 nüsxədə tərtib olunur və hər biri tərəflərin birində saxlanılır.» - İddiaçı xx.xx.2023-cü il tarixdə X7 müraciət vərəqəsindən görünür ki, o, 2012-ci ildə işlədiyi müəssisə olan Maraqlı şəxs1 QSC-də bədbəxt hadisə nəticəsində istehsalat zədəsi aldığını, hazırda əlilliyinin həmin əsasla təyin edilə bilməsi üçün MEİS-ə müvafiq sənədlərin daxil edilməsinə zərurət yarandığını qeyd edərək, müvafiq qurumlar tərəfindən sözügedən problemin həllinə köməklik göstərilməsini xahiş etmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixli müraciətinə İdarədə baxılmış və onun istehsalatda aldığı xəsarətlə bağlı müvafiq məlumatların Nazirliyin Mərkəzləşdirilmiş İnformasiya Sisteminə daxil edilməsi təmin olunmuşdur. - Sosial arayışdan görünür ki, İddiaçı əlillik səbəbi, əlilliyin təyin edilmə tarixi, əlillik qrupu, əlilliyin müddəti, növbəti müayinə tarixi, təsdiqləmə tarixi və yerli orqanın adı olmaqla bütün zəruri məlumatlar müvafiq sistemə yerləşdirilmişdir. Sonuncu dəfə əlilliyin təyin edilmə tarixi xx.xx.2016-cı il tarixə təsadüf etmiş, 3-cü dərəcəli əlillik 5 il müddətinə təyin edilmişdir. Öncəki müayinə tarixləri xx.xx.2015 və xx.xx.2012-ci il tarixlərə təsadüf etmişdir. - Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 16 aprel 2024-cü il tarixli məktubundan görünür ki, şəxsi əlillik vəziyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş «Əlilliyin qiymətləndirilməsi Qaydası»na uyğun olaraq dövlət tibb müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. İddiaçı müraciəti əsasında xx.xx.2024-cü il tarixdə Agentlikdə qəbulda olmuşdur. Təqdim edilən tibbi sənədlər və sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı müəyyən edilmiş ağırlaşmalar və patofunksional dəyişikliklər, o cümlədən adına rəsmiləşdirilən göndərişdə qeyd edilmiş diaqnozların Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş «Əlilliyin müəyyən olunması meyarları»na müvafiq olaraq əlillik təyininə əsas vermədiyindən barəsində xx.xx.2024-cü il tarixdə «Tam reabilitasiya» və əmək qabiliyyətinin 20 % itirilməsi təyini barədə qərar qəbul edilmişdir. - 18 aprel 2024-cü il tarixdə çap edilmiş TSEK-də sonuncu müayinəyə dair məlumatdan görünür ki, xx.xx.2024-cü il tarixdə İddiaçı münasibətdə əlil və ya sağlamlıq imkanlarının məhdudluğun müəyyən edilməsi məqsədi ilə qiymətləndirmə aparılmışdır. Əmək qabiliyyətinin itirilmə faizi 20 % olan İddiaçı müvafiq diaqnoz qoyulub. Ona əlillik dərəcəsinin verilməsindən imtina edilmişdir. Səbəb: Tam reabilitasiya olması. Ətraflı: Tam reabilitasiya qərarı qəbul edilmişdir. - Cavabdeh SŞ ASC-nin X8 Xidmətinə ünvanladığı 21 may 2024-cü il tarixli O-H- 2024-0249 saylı məktubundan görünür ki, sığorta şirkətində «İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta» müqaviləsi üzrə sığortalı Maraqlı şəxs1 QSC-nin işçisi İddiaçı xx.xx.2012-ci il tarixdə baş vermiş hadisə nəticəsində xəsarət almışdır. Yuxarıda qeyd olunan hadisə üzrə olan təhqiqat sənədlərinin Cavabdeh SŞ ASC-yə təqdim edilməsi üçün müvafiq göstəriş verilməsi xahiş edilmişdir. - Cavabdeh SŞ ASC-nin Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə ünvanladığı 21 may 2024-cü il tarixli OH-2024-0250 saylı məktubundan görünür ki, sığorta şirkətində ATE11000155 saylı müqavilə ilə sığorta olunmuş xx.xx.1989-cu il təvəllüdlü ünvan 1 ünvanda yaşayan İddiaçı müayinə aktından çıxarışa əsasən növbəti müayinədən keçmiş, «Sağtərəfli total nefrektomiya+ven və arterin bərpası» c/ə son/vəz Böyrək çatmamazlığı ilə müşayiət olunan, əsasən böyrəklərin zədələnməsi ilə hipertenziv (hipertoniya) xəstəlik (-yi), Hipertoniya xəstəliyi İİ mər., «Sağtərəfli total nefrektomiya-ven və arterin bərpası» c/ə son/vəz (xx.xx.2012), «Travma ilə əlaqədar sağtərəfli nefrektomiya (2012)» diaqnozu ilə əmək qabiliyyətini itirmişdir. Sığorta ödənişi barədə qərarın qəbul edilməsi üçün İddiaçı təyin edilmiş əlilliyin səbəbi, əmək qabiliyyətinin itirilməsi faizi, əlilliyin meyarı, diaqnoz barədə məlumatı və Forma 88 surətinin Cavabdeh SŞ ASC-yə təqdim olunması xahiş edilmişdir. - Cavabdeh SŞ ASC-nin X11 ünvanladığı 31 may 2024-cü il tarixli O-H-2024-0266 saylı məktubundan görünür ki, sığorta şirkətində «İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta» müqaviləsi üzrə sığortalı Maraqlı şəxs1 QSC-nin işçisi İddiaçı xx.xx.2012-ci il tarixdə baş vermiş hadisə nəticəsində xəsarət alaraq X11 aparılmışdır. Sığorta ödənişi barədə qərarın qəbul edilməsi üçün İddiaçı xx.xx.2012-ci il tarixə alkoqollu içkilər, narkotik vasitələr, psixotrop, toksik və digər zəhərli maddələrin təsirindən sərxoşluğu barədə məlumat ambulator/stasionar kartından çıxarışın və epikrizin surətinin Cavabdeh SŞ ASC-yə təqdim edilməsi xahiş olunmuşdur. - Maraqlı şəxs1 QSC-nin Cavabdeh SŞ ASC-yə ünvanladığı 06 iyun 2024-cü il tarixli məktubundan görünür ki, İddiaçı xx.xx.2012-ci il tarixdə iş vaxtı (əmək funksiyalarının icrası zamanı) bədbəxt hadisə nəticəsində xəsarət almışdır. Baş vermiş bədbəxt hadisə X8 Xidmətinin müvafiq əmri ilə yaradılmış komissiya tərəfindən təhqiq edilmiş və «İZ» formalı aktla rəsmiləşdirilərək Maraqlı şəxs1 QSC-də uçota alınmışdır. Aldığı xəsarətlə əlaqədar sonuncu dəfə xx.xx.2024-cü il tarixdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi həyata keçirilmiş və «Tam reabilitasiya» və əmək qabiliyyətinin 20 % itirilməsi təyini barədə qərar qəbul edilmişdir. Cəmiyyətlə Cavabdeh SŞ ASC arasında bağlanmış xx.xx.2011-ci il tarixli ATE11000155 nömrəli «İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta» müqaviləsini nəzərə alaraq sığorta olunmuş İddiaçı (faydalanan şəxsə) itirdiyi peşə əmək qabiliyyətinin faizinə uyğun sığorta ödənişinin həyata keçirilməsində köməklik göstərilməsi xahiş olunmuşdur. - Cavabdeh SŞ ASC-nin 07 iyun 2024-cü il tarixli O-H2024-0291 saylı məktubundan görünür ki, İddiaçı şirkətə daxil olmuş 17 may 2024-cü il tarixli müraciətinə baxılmışdır. Bildirilmişdir ki, müraciətdə qeyd olunan hadisənin araşdırılması məqsədi ilə səlahiyyətli orqanlara sorğular göndərilmişdir, sorğulara cavab daxil olduğu təqdirdə işlə bağlı müvafiq qərar qəbul olunacaqdır. - Cavabdeh SŞ ASC-nin İddiaçı ünvanladığı 09 avqust 2024-cü il tarixli O-H-2024- 0384 saylı məktubundan görünür ki, xx.xx.2012-ci il tarixdə baş vermiş hadisə ilə bağlı İddiaçı sığorta ödənişinin verilməsindən imtina olunması barədə qərar qəbul edilmiş, lakin onun sonrakı müraciəti, səhhətinin pozulmasını nəzərə alaraq sosial məsuliyyət və humanitar prinsiplərdən çıxış edərək ona 2013-cü ildə 5.000 manat ödənilmişdir. xx.xx.2013-cü il tarixdə o, Cavabdeh SŞ ASC-yə ərizə ilə müraciət edərək 5.000 manatın ona ödənilməsi ilə razı olduğunu və bu məsələ ilə bağlı gələcəkdə şirkətə qarşı heç bir iddia və sığorta tələbinin olmayacağını bildirmişdir. Yuxarıda göstərilənləri, eləcə də, 10 il müddətin keçməsi ilə əlaqədar tələb hüququna xitam verildiyini nəzərə alaraq, şrikətin ona ödəniş vermək öhdəliyinin olmadığı bildirilmişdir. - X13 klinikasının 09 avqust 2024-cü il tarixli 500-BMP/24 saylı məktubundan görünür ki, İddiaçı «X3-Bakı» QSC-nin nəzdində olan X13 klinikasına xx.xx.2012-ci il tarixdə müraciət etmişdir. Həkim müayinələri və diaqnozlara əsasən xəstəyə xx.xx.2012ci il tarixdə ümumi narkoz altında Total Nefrektomiya+ven və arterin bərpası əməliyyatı icra olunmuşdur. 2012-ci il tarixdə klinikada Narkoloji test xidməti mövcud deyildir. Bu səbəbdən zəhərli maddələrin təsiri altında olub-olmaması haqqında məlumat verə bilmirlər. Eyni zamanda 2012-ci il tarixdə klinikanın arxiv şöbəsindəki sənədlər hadisə nəticəsində məhv olmuşdur. Xəstənin xəstəlik tarixçəsinin nömrəsi (№ 0606789) epikrizdə qeyd olunmuşdur. - "xxxx" ASC-nin 02 dekabr 2024-cü il tarixli məktubundan görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixli məktubuna baxılmışdır. Müvafiq qanunvericiliyin tələblərinə əsasən bildirilmişdir ki, xx.xx.2011-xx.xx.2013-cü il tarixlərini əhatə edən dövr üçün çıxarışın təqdim edilməsi mümkün deyildir. - Maraqlı şəxs1 QSC-nin 31 yanvar 2025-ci il tarixli arayışından görünür ki, İddiaçı 2011 – iyul 2012-ci li üzrə orta aylıq əmək haqqı 565,28 manat olmuşdur. - Cavabdeh SŞ ASC tərəfindən verilmiş 15 aprel 2025-ci il tarixli O-H-2025-0210 saylı arayışdan görünür ki, xx.xx.2012-ci il tarixdə baş vermiş hadisə ilə bağlı 27 avqust 2013-cü il tarixdə İddiaçı Maraqlı şəxs3 ASC-dəki AZ81JBBK******************** saylı hesabına 5.000 manat sığorta ödənişi köçürülmüşdür. - Maraqlı şəxs3 ASC-nin 12 iyun 2025-ci ild tarixli HD-316/25 saylı məktubundan və məktuba əlavə edilmiş hesab üzrə məlumatdan (çıxarışdan) görünür ki, AZ81JBBK******************** saylı hesab İddiaçı məxsusdur, həmin hesaba xx.xx.2013cü il tarixdə saat 10:16-da sığorta aktı üzrə 5.000 manat pul vəsaiti köçürülmüş, İddiaçı tərəfindən xx.xx.2013-cü il tarixdə saat 15:27-də 4.965 manat pul vəsaiti hesabdan məxaric edilmiş, 34,76 manat pul vəsaiti komisiya tutulmuşdur. “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 2.0.13-cü maddəsinə əsasən sığorta ödənişi – sığorta hadisəsi baş verdikdə, sığorta olunanın peşə əmək qabiliyyətinin itirilməsi və ya ölümü ilə bağlı maddi itkilərin bərpası məqsədilə faydalanan şəxsə verilən pul təzminatıdır. Həmin Qanunun 4.0.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında fəaliyyət göstərən mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasının və ya xarici dövlətin qanunvericiliyinə uyğun olaraq yaradılmış hüquqi şəxs statusunda olan müəssisə, idarə və təşkilatlar, onların filial və nümayəndəlikləri bu Qanuna əsasən icbari sığorta müqaviləsi bağlamaq vəzifəsi daşıyırlar. Həmin Qanunun 10.1.2-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanının istehsalatda bədbəxt hadisə və ya peşə xəstəliyi nəticəsində sığorta olunanın peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsini təsdiq edən qərarı və ya şəxsin ölümü haqqında şəhadətnamə əsasında sığorta hadisəsi müəyyən olunur. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. İddiaçı tərəfindən iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair sübutlar məhkəməyə təqdim edilməmişdir. Əksinə, cavabdeh tərəfin təqdim etdiyi etirazda istinad edilənlərə əsasən iddiaçının tələbləri əsassızdır. Belə ki, işin faktiki halı ondan ibarətdir ki, Cavabdeh Sığorta Şirkətinin sığorta ödənişinin verilməsindən imtina etmək haqqının mövcud olmasına baxmayaraq, Şirkət tərəfindən iddiaçının sağlamlıq durumu və humanist prinsiplər nəzərə alınaraq, birdəfəlik 5.000 manat sığorta ödənişi həyata keçirmişdir. Vurğulanmalıdır ki, iddiaçı tərəfindən hadisənin təfərrüatları barədə sığorta şirkətinə düzgün məlumat verilməmiş, hadisənin hansı səbəblərdən baş verdiyini izah etməmiş, sonradan iş yerində baş vermiş hadisənin təfərrüatları ortaya çıxmışdır. Bəlli olmuşdur ki, iddia ərizəsində adı çəkilən qreyferin sürücüsü Mövlan Əliyev işə sərxoş vəziyyətdə gələrək İddiaçıla əylənmək məqsədi ilə ekskavatorun caynağı ilə onu havaya qaldırmaq istəmiş, hadisələr belə cərəyan etməyə başlamış və nəticədə iddiaçı xəsarət almışdır. Yəni, iddiaçının iş yerində xəsarət alması ehtiyatsızlıqdan deyil, hadisələrin başlanmasına təkan verən (triqqer rolunu oynayan) digər şəxsin sərxoş vəziyyətdə işə gələrək məqbul olunmayan davranış nümayiş etdirməsi olmuşdur. Həmin şəxsin məsuliyyətdən kənar saxlanması üçün hadisə barədə ilk izahat verilərkən reallıqda baş verən hadisələr barədə sığorta şirkətinə məlumat verilməmişdir. Bu səbəbdən, sığorta şirkəti, işəgötürən və işçi arasında bağlanmış 07 avqust 2013-cü il tarixli razılaşmada məxsusi olaraq vurğulanmışdır ki, xx.xx.2012-ci il tarixdə baş vermiş hadisənin araşdırılması zamanı sığortaçıya yanlış və ziddiyyətli məlumatlar verilmişdir, sığortaçının isə qeyd edilən hadisə ilə bağlı sığorta ödənişinin verilməsindən imtina etmək hüququ yaranmışdır. Lakin buna baxmayaraq, sığorta şirkəti iddiaçının durumunu nəzərə alaraq, ona birdəfəlik 5.000 manat ödəniş etmək barədə qərar qəbul etmiş, üzərinə razılaşmaya əsasən öhdəlik götürmüş və öhdəliyini tam şəkildə icra etmişdir. Bu səbəbdən, iddiaçının iddia tələbi tam şəkildə əsassız olmaqla, təmin edilə bilməz. Məhkəmə cavabdeh tərəfin iddiaçının məhkəməyə müraciət üçün iddia müddətinin buraxılmasına dair ərizəsi ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri sayır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, iddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir. Birinci instansiya məhkəməsində iddia müddətinin tətbiqi ilə bağlı iddiaçı və ya cavabdeh tərəfinin ərizəsi yazılı ərizə formasında təqdim olunmalı və iddia müddətinin keçməsi ilə əlaqədar iddianı rədd edilməsi barədə məhkəməyə ünvanlanmış konkret və əsaslandırılmış xahişi ehtiva etməlidir (L.Binnətovanın şikayəti üzrə 08 may 2008-ci il tarixli və X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009-cu il tarixli qərarlar). İddia müddətinin tətbiqinə dair yuxarıda qeyd edilən Konstitusiya Məhkəməsinin Plenumunun hüquqi mövqeyindən göründüyü kimi iddia əsaslı olarsa məhkəmələr iddia müddətinin tətbiqi barədə ərizəni nəzərə alaraq iddianın rədd edilməsi barədə qərar qəbul edə bilərlər. İddianın sübut olunmadığı halda iddia müddəti institutunun tətbiqi ehtiyacı ortadan qalxır. Beləliklə, məhkəmə hesab edir ki, hazırkı mülki iş üzrə iddiaçının subyektiv hüququnun pozulması müəyyən edilmədiyindən və iddia əsassız olması səbəbi ilə rədd edilməli olduğundan məhkəmə tərəfindən iddia müddətinin tətbiqindən imtina edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh SŞ ASC-yə qarşı (Maraqlı şəxs1 QSC, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti və Maraqlı şəxs3 ASC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) «istehsalat qəzası nəticəsində sağlamlığın pozulmasına görə ödəncin verilməsi» tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddiaçı Cavabdeh SŞ ASC-yə qarşı (Maraqlı şəxs1 QSC, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti və Maraqlı şəxs3 ASC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) «istehsalat qəzası nəticəsində sağlamlığın pozulmasına görə ödəncin verilməsi» tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ceyhun Tağıyev