Məhkəmə qərarları › İş №e-2(006)-2549/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-2549/2025

20.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2549/2025 20.05.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, Cavabdeh Yusifovnanın iştirakı ilə İddiaçı "xxxx" ASC-nin Cavabdeh Yusifovnaya qarşı subroqasiya qaydasında pul tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" ASC Cavabdeh Yusifovnaya qarşı subroqasiya qaydasında pul tələbi barədə iddia ərizəsi ilə sadələşdirilmiş icraat qaydasında məhkəməyə müraciət edərək, cavabdehdən 558 manat və 30.4 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə "xxxx" ASC-nin Cavabdeh Yusifovnaya qarşı subroqasiya qaydasında pul tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsinə iddia icraatında baxılması qərara alınmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC tərəfindən sığortalı X2 məxsus ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi (daşınmaz əmlak) əmlakın yanğın və ya digər hadisələr nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı formada itkisi ilə bağlı dəyən zərərlərin əvəzinin ödənilməsi məqsədilə xx.xx.2020-ci il tarixli, RAZ ********** nömrəli sığorta müqaviləsi (şəhadətnaməsi) ilə sığortalanmışdır. xx.xx.2020-ci il tarixində sığortalı X2 məxsus ünvan 1 nömrəli qeyri-yaşayış sahəsini (daşınmaz əmlak) çoxmərtəbəli binanın yuxarı, yəni Cavabdeh mülkiyyətində olan 74 nömrəli mənzilin vanna otağında su xəttində yaranan problem nəticəsində 708 manat məbləğində zərər görmüşdür. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, N 840 nömrəli dəymiş zərərin hesabatı barədə rəyə əsasən, ünvan 1 nömrəli qeyri-yaşayış sahəsinə (daşınmaz əmlak) subasma hadisəsi nəticəsində 708 manat məbləğində zərər vurulmuşdur. Həmçinin iş materiallarında olan Bakı şəhər Nəsimi rayon İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfat birliyinin xx.xx.2020-ci il tarixli aktında qeyd olunur: X2 məxsus ünvan 1 ünvanında yerləşən qeyri–yaşayış sahəsinə (daşınmaz əmlaka) baxış keçirilmiş, baxış zamanı məlum olmuşdur ki, üst mərtəbədə yerləşən Cavabdeh məxsus 74-cü nömrəli mənzilin vanna otağında su xəttində yaranan problem nəticəsində alt mərtəbədə yerləşən qeyri-yaşayış sahəsinə su axıntısı baş vermişdir. Baş vermiş hadisə ilə bağlı xx.xx.2020-ci il tarixli, CFİ-258/2020-AKT3931/20 nömrəli aktla "xxxx" ASC tərəfindən sığortalı X2 150 manat azadolma məbləği çıxılmaqla 558 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Beləliklə yuxarıda qeyd olunanlara əsasən Cavabdeh mülkiyyətində olan əmlakdan istifadə edərkən hüquqlarından sui-istifadə etmiş, üçüncü şəxslər qarşısında öhdəliklərinə etinasız yanaşmışdır. Nəticədə sığortalı X1 mülkiyyətində olan yaşayış mənzilinə maddi zərər dəymişdir. İddiaçı "xxxx" ASC-yə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməklə iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh Yusifovna iddia tələbini etiraf etməyərək onun təmin olunmamasını xahiş etdi. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan sığorta şəhadətnaməsinin surətindən görünür ki, X2 məxsus ünvan 1 nömrəli qeyri-yaşayış sahəsi 46053 manata xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixinə sığorta edilmişdir. İş materiallarında olan Əmlak üzrə ekspert tərəfindən təqdim edilmiş xx.xx.2020-ci il tarixli dəymiş zərərin hesabatından görünür ki, Üzeyir Cəfərova məxsus gözəllik salonuna cəmi 708 manat ziyan dəymişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli sığorta aktından görünür ki, xx.xx.2020ci il tarixdə baş vermiş subasma nəticəsində 708 zərər dəymişdir. Şərti azad olma 150 manat müəyyən edilməklə 558 manatın sığorta ödənişinin ödənilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan ödəniş tapşırığından görünür ki, X2 558 manat ödəniş edilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli aktın surətindən görünür ki, 14 saylı MKTB-nin rəisi E.Dinayev, mühəndisi N.Əhmədov, sahə nəzarətçisi M.Ələsgərov S.Vurğun küçəsi 148b saylı binada yerləşən qeyri-yaşayış sahəsinin sahibi X1 şikayətinə əsasən həmin ünvanda olmuşlar. Baxış zamanı məlum olmuşdur ki, üst mərtəbədə yerləşən Cavabdeh 74-cü mənzilinin vanna otağında su xəttində yaranan problem nəticəsində alt mərtəbədə yerləşən qeyri-yaşayış sahəsinə su axıntısı baş vermişdir. Nəticədə qeyriyaşayış sahəsinin giriş və iş otağına ziyan dəymişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinin tələbinə görə, zərər dedikdə, hüquqi pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış dayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1111.2-ci maddəsinin tələbinə görə, əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 18 aprel 2022-ci il tarixli Qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Delikt öhdəliyi qanundan əmələ gəlməsi, həm əmlak, həm də şəxsi qeyri-əmlak münasibətləri sahəsində tətbiq edilməsi, zərərçəkənə vurulmuş zərərin əvəzinin tam həcmdə ödənilməsi və s. xüsusiyyətlər ilə səciyyələnir. Mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün aşağıdakı şərtlərin mövcud olması tələb olunur: - törədilmiş əməlin hüquqa zidd olması – ilk növbədə hüquqa zidd bir əməl (hərəkət və ya hərəkətsizlik) olmalı, hüquq qaydasının pozulması halı baş verməlidir; - əməlin təqsirli olaraq törədilməsi – təqsir subyektiv anlayış olmaqla hüquq pozuntusu törədən şəxsin həmin əməli törədərkən iradəsində nöqsanın olmasını ehtiva edir; - törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması – qanunla qorunan mənafeyə, dəyərə zərər yetirilmiş olmalıdır; - zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması – zərər məhz törədilmiş hüquqa zidd əməl nəticəsində əmələ gəlmiş olmalıdır. Beləliklə, mülki qanunvericiliyin normalarını pozan əməli təqsirli olaraq törətmiş şəxs həmin hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyəti daşıyır. Məhkəmə qeyd edir ki, hadisə zamanı S.Vurğun küçəsi 148b saylı binada yerləşən qeyri-yaşayış sahəsinə dəymiş ziyanın məbləği müəyyən edilsə də, zərərin məhz hazırki cavabdehin əməli nəticəsində vurulması iş materialları ilə sübuta yetirilməməklə, ziyanla cavabdeh arasında səbəbli əlaqə mövcud deyildir. İddiaçının bu səbəbli əlaqəni 14 saylı MKTB-nin işçi heyətinin tərtib etdiyi aktla sübut etməyə çalşsa da, həmin akt iş üzrə mötəbər sübut kimi qiymətləndirilə bilməz. Odur ki, iddiaçının təqdim etdiyi sübutlarla Cavabdeh hazırki iş üzrə cavabdehliyi sübuta yetirilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən iddianın əsası kimi istinad etdiyi hallar sübuta yetirilməməklə, yuxarıda qeyd edilənlərə əsasən təkzib edildiyindən "xxxx" ASC-nin Cavabdeh Yusifovnaya qarşı subroqasiya qaydasında pul tələbi barədə iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsinin məhkəməyə təqdim edilməsi ilə əlaqədar iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumuna münasibətdə məhkəmə hesab edir ki, iddia tələbi rədd edildiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı "xxxx" ASC-nin Cavabdeh Yusifovnaya qarşı subroqasiya qaydasında pul tələbi barədə iddiası təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Nail Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar