Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2597/2024 15.08.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, məhkəmə iclasının katibi Cəfərova Şəmsiyyə Abdulla qızının katibliyi, Maraqlı şəxs iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh MMC-yə qarşı Maraqlı şəxs və Ağcabədi rayon İcra və Probasiya şöbəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə «hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı ASC Cavabdeh MMC-yə qarşı (Maraqlı şəxs qismində cəlb edilməklə) «hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Ağcəbədi rayon İcra İdarəsinin icra məmurunun sifarişi əsasında Cavabdeh MMC-nin təşkilatçılığı ilə baş tutmuş hərracın yekunları barədə 06 iyul 2023-cü il tarixli 07 nömrəli protokolun etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə X6 arasında xx.xx.2013-cü il tarixdə 115751-1-8050 saylı avtomobil krediti müqaviləsi bağlanmışdır. Həmçinin tərəflər arasında bağlanılmış kredit müqaviləsinin icrasının təmin edilməsi məqsədi ilə xx.xx.2013-cü il tarixli 1151xx-xx-11293 saylı ipoteka müqaviləsi bağlanılmışdır. Lakin borclu tərəfindən öz üzərinə götürdüyü kredit öhdəliklərini icra etmədiyi üçün bank tərəfindən Ağcabədi Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət olunmuşdur. Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə İddiaçı ASC-nin cavabdeh X4 qarşı qaldırılmış iddia tələbinə dair iddia müddətini ötürdüyü üçün iddia təmin olunmamışdır. Daha sonra banka məlum olmuşdur ki, X5 məxsus, bank qarşısında yüklü edilən «Kia Cerato» markalı, G4FGDH639128 mühərrik nömrəli, KNAFX411B5D078739 ban nömrəli **-FC-*** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" MMC-nin vasitəsi ilə hərraca çıxarılmış və həmin avtomobil banka məlumat verilmədən xx.xx.2023-cü il tarixdə Maraqlı şəxs satılmışdır. Halbuki bankın maraqlarına toxunan məsələ olduğu üçün hərracın keçirilməsi ilə bağlı banka hər hansı bir bildiriş daxil olmamış və bankın digər şəxslərə münasibətdə üstün mövqeyi nəzərə alınmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 19 aprel 2023-cü il il tarixli «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 269.5, 460.1 və 1306.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair» Plenum qərarında qeyd edilir ki, ipoteka müqavilə üzrə əmələ gəlir. İpoteka müqaviləsinə görə, bir tərəf (ipoteka qoyan) əsas öhdəliyin icrasını təmin etmək məqsədilə öz mülkiyyətində olan daşınmaz və ya rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşyanı ipoteka qoyur, digər tərəf (ipoteka saxlayan) isə borclunun həmin öhdəliyi icra etmədiyi halda ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən digər kreditorlara nisbətən üstün qaydada hüquqi təminat almaq hüququ əldə edir. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə əsasən ipoteka saxlayan - ipoteka hüququ olan və ipoteka qoyanın digər kreditorlarına nisbətən üstün qaydada ipoteka predmeti hesabına əsas öhdəliyin icrasını tələb etmək hüququ olan şəxsdir. Hərracın nəticələrinin mübahisələndirilməsinə münasibətdə ilk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsinin onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştrakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 416.1-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Həmçinin, «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Bank hesab edir ki, Ağcabədi rayon İcra İdarəsinin icra məmurunun sifarişi əsasında və Cavabdeh MMC-nin təşkilatçılığı ilə baş tutmuş hərracın yekunları barədə 06 iyul 2023-cü il tarixli 07 nömrəli protokol etibarsız hesab edilməlidir. Tərəflərin iştirakı və izahatları: İddiaçı ASC məhkəməyə ərizə ilə müraciət edərək, mülki işə nümayəndələrinin iştirakı olmadan baxılması və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə qeyd edilən ərizəni nəzərə alaraq, mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Maraqlı şəxs məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, iddia tələbini qəbul etmir və əsassız hesab edir. İddiaçı Ağcabədi Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, X1 borcun tutulmasını xahiş etmiş, Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə bank tərəfindən qaldırılmış iddia tələbi iddia müddəti ötürüldüyü üçün təmin edilməmişdir. Şirvan Apellyasiya Məhkəməsinin qətnaməsi ilə Ağcabədi Rayon Məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin 08 may 2024-cü il tarixli 2(102)-1144/2024 saylı qərarı ilə bankın kassasiya şikayəti təmin edilməmiş, Şirvan Apellyasiya Məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır. Bankın hazırki iddia üzrə mübahisələndirdiyi avtomobili Cavabdeh MMC-nin 07 nömrəli protokoluna əsasən real alıcı olaraq açıq hərracda əldə etmişdir. Hazırda həmin avtomobili öz adına rəsmiləşdirmək istəsə də, avtomobil üzərində məhdudiyyət olduğundan rəsmiləşdirə bilmir. Bu səbəbdən, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh MMC-yə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə Cavabdeh MMC-nin nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş Ağcabədi rayon İcra və probasiya şöbəsi məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə müstəqil tələb irəli sürməyən üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materialları: İddiaçı ASC və X6 arasında bağlanmış 115751-1-8050 nömrəli, xx.xx.2013-cü il tarixli “Avtomobil Krediti” müqaviləsindən görünür ki, bank 19.009 (on doqquz min doqquz) ABŞ dolları məbləğində kredit verməyi, X6 banka illik 16% ödəməklə borcu qaytarmağı öhdəsinə götürmüşdür. İddiaçı ASC və X6 arasında bağlanmış 1157xx-xx-11293 nömrəli, xx.xx.2013-cü il tarixli İpoteka müqaviləsindən görünür ki, “Kia” markalı, G4FGDH639128 mühərrik nömrəli, KNAFX411BD5078739 ban nömrəli, buraxılış ili 2013-cü olan və gümüş rəngli avtomobil bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(106)-155/2020 saylı qətnaməsi ilə iddiaçı Maraqlı şəxs apellyasiya şikayəti qismən təmin edilərək, Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(017)-776/2019 saylı qətnaməsi ləğv edilmiş və iddia tələbi qismən təmin edilmişdir. Cavabdeh X2 5.530 ABŞ dolları məbləğində pul alınaraq iddiaçı Maraqlı şəxs ödənilməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(106)-155/2020 saylı icra vərəqəsindən görünür ki, cavabdeh X2 5530 (beş min beş yüz otuz) ABŞ dolları məbləğində pul (ödəniş günü Azərbaycan Respublikasının manata məzənnə kursuna uyğun olaraq) alınaraq iddiaçı Maraqlı şəxs verilməlidir. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 126 (yüz iyirmi altı) manat pul X2 alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməlidir. “Kia Cerato” markalı ** FC *** dövlət nömrə nişanlı avtomobilin AB№967789 Qeydiyyat Şəhadətnaməsinin surətindən görünür ki, qeydiyyat şəhadətnaməsi xx.xx.2013cü il tarixdə verilmişdir və xüsusi qeydə əsasən avtomobil üzərində Bank VTB Azərbaycan ASC-nin ipoteka yüklülüyü qeydə alınaraq özgəninkiləşdirilməsi qadağan edilmişdir. Ağcabədi rayon İcra və Probasiya şöbəsinin icra məmuru X3 xx.xx.2020-ci il tarixli icraata başlanmaq haqqında qərarı ilə Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(106)-155/2020 saylı icra sənədi üzrə icraata başlanmış və xx.xx.2020-ci tarixində tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir. Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 8(017)-01/2021 nömrəli qərardadı ilə Ağcabədi rayon İcra və Probasiya şöbəsinin təmin edilərək X5 məxsus “KİA Cerato” markalı **-FC-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmaqla özgəninkiləşdirilməsinə qadağa qoyulması qərara alınmışdır. "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli, 377 nömrəli əmlakın qiymətləndirilməsi barədə hesabatdan görünür ki, “KİA Cerato” markalı **-FC-*** dövlət qeydiyyat nişanlı avtomobilin bazar dəyəri 16.400 manat müəyyən edilmişdir. "xxxx"-nin Ağcabədi rayon İcra Şöbəsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubunda göstərilmişdir ki, Şöbənin xx.xx.2021-ci il tarixli sifariş məktubunun icrası ilə əlaqədar “Kia Cerato” markalı ** FC *** dövlət qeydiyyat nişanlı avtomobili üzrə mövcud qanunvericiliyə uyğun olaraq hərracı keçirilmişdir. Sifarişin icra müddəti başa çatdığı üçün sənədlər geri qaytarılır. Ağcabədi rayon İcra və Probasiya şöbəsinin Maraqlı şəxs ünvanladığı xx.xx.2022-ci il tarixli 177086/22-38-6 saylı təklif məktubundan görünür ki, Maraqlı şəxs borclu X5 məxsus “KİA Cerato” markalı **-FC-*** dövlət qeydiyyat nişanlı avtomobili 16.400 manata alınması təklif edilmişdir. Ağcabədi rayon İcra və Probasiya Şöbəsinin "xxxx" MMC-nə ünvanladığı xx.xx.2022ci il tarixli sifariş məktubuna əsasən “Kia Cerato” markalı ** FC *** dövlət qeydiyyat nişanlı avtomobilin ilkin satış qiyməti 16400 manat olmaqla əmlakın hərrac vasitəsilə satışının təşkil edilməsi üçün müvafiq tədbirlər görülməsi xahiş edilmişdir. "xxxx"-nin Maraqlı şəxs, Ağcabədi rayon İcra və probasiya Şöbəsinə və X5 ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubunda göstərilmişdir ki, Ağcabədi rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2022-ci il tarixli sifariş məktubuna əsasən “Kia Cerato” markalı ** FC *** dövlət qeydiyyat nişanlı avtomobilin ilkin satış qiyməti 16400 manat olmaqla xx.xx.2022-ci il tarixində Birja yenilikləri qəzetində elanı çıxmış və xx.xx.2022-ci il tarixdə saat 11:00-a hərracı təyin edilmişdir. xx.xx.2022-ci il tarixli məktuba əsasən hərracın xx.xx.2022-ci il tarixdə saat 11:00-a təyin edildiyi qeyd edilmişdir.xx.xx.2022-ci il tarixli məktuba əsasən alıcı müraciəti olmadığından hərracın baş tutmadığı qeyd edilmişdir. Ağcabədi rayon İcra və Probasiya şöbəsinin "xxxx" MMC-yə (surəti Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinə, X5 və Maraqlı şəxs) ünvanladığı xx.xx.2022-ci il tarixli 177086/21-38-6 saylı sifariş məktubundan görünür ki, “KİA Cerato” markalı **-FC-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərrac vasitəsilə satışının təşkil edilməsi üçün müvafiq tədbir görülməsini və bu barədə şöbəyə məlumat verilməsini xahiş etmişdir. Ağcabədi rayon İcra və Probasiya şöbəsinin icra məmuru Emin Qasımovun xx.xx.2022-ci il tarixli qiymətləndiricinin dəvət olunması haqqında qərarından görünür ki, X5 məxsus “KİA Cerato” markalı **-FC-*** dövlət qeydiyyat nişanlı avtomobilin qiymətləndirilmsəi üçün "xxxx" MMC-yə müraciət edilməsi qərara alınmışdır. Ağcabədi rayon İcra və Probasiya şöbəsinin "xxxx" MMC-yə ünvanladığı xx.xx.2022ci il tarixli 177086/2022-38-10 saylı məktubdan görünür ki, “KİA Cerato” markalı **-FC-*** dövlət qeydiyyat nişanlı avtomobilin qiymətləndirilməsi xahiş edilmişdir. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli, R01/27/23 nömrəli avtonəqliyyat vasitəsinin qiymətləndirilməsi barədə ekspert rəyindən görünür ki, “KİA Cerato” markalı **-FC-*** dövlət qeydiyyat nişanlı avtomobilin xx.xx.2023-cü il tarixinə bazar dəyəri 11.800 manat müəyyən edilmişdir. Ağcabədi rayon İcra və Probasiya şöbəsinin "xxxx" MMC-yə (surəti Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinə, X5 və Maraqlı şəxs) ünvanladığı xx.xx.2023-cü il tarixli 376/23-38-10 saylı sifariş məktubundan görünür ki, “KİA Cerato” markalı **-FC-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərrac vasitəsilə satışının təşkil edilməsi üçün müvafiq tədbir görülməsini və bu barədə şöbəyə məlumat verilməsini xahiş etmişdir. "xxxx" MMC-nin açıq hərracın keçirilməsinə dair xx.xx.2023-cü il tarixli, 115 nömrəli bildirişdən görünür ki, Ağcabədi rayon İcra və Probasiya şöbəsinin xx.xx.2023-cü il tarixli 376/23-38-10 saylı sifarişi ilə “KİA Cerato” markalı **-FC-*** dövlət qeydiyyat nişanlı avtomobilin xx.xx.2023-cü il tarixdə saat 11:00-da açıq hərracı keçirilməsi nəzərdə tutulmuşdur. 525-ci qəzetin xx.xx.2023-cü il tarixli buraxılışının son səhifəsindən edilmiş çıxarışdan görünür ki, Cavabdeh MMC tərəfindən xx.xx.2023-cü il tarixində Ağcabədi rayon İcra və Probasiya şöbəsinin sifarişi ilə beh məbləği 590 manat olmaqla ilkin satış qiyməti ilə açıq hərraca çıxarılacaq olan əmlaklar siyahısında “KİA Cerato” markalı **-FC- *** dövlət qeydiyyat nişanlı avtomobilin satış qiymətinin 11800 manat olması qeyd edilmişdir. "xxxx" MMC-nin açıq hərracın keçirilməsinə dair xx.xx.2023-cü il tarixli, 115-1 nömrəli bildirişdən görünür ki, Ağcabədi rayon İcra və Probasiya şöbəsinin 376/23-38-10 saylı sifarişi ilə “KİA Cerato” markalı **-FC-*** dövlət qeydiyyat nişanlı avtomobilin xx.xx.2023-cü il tarixdə saat 11:00-da açıq hərracı keçirilmişdir. "xxxx" MMC-nin açıq hərracın keçirilməsinə dair xx.xx.2023-cü il tarixli, 115-2 nömrəli bildirişdən görünür ki, Ağcabədi rayon İcra və Probasiya şöbəsinin 376/23-38-10 saylı sifarişi ilə “KİA Cerato” markalı **-FC-*** dövlət qeydiyyat nişanlı avtomobilin xx.xx.2023cü il tarixdə saat 11:00-da açıq hərracı keçirilməsi nəzərdə tutulmuşdur. "xxxx" MMC-nin açıq hərracın keçirilməsinə dair xx.xx.2023-cü il tarixli, 115-3 nömrəli bildirişdən görünür ki, Ağcabədi rayon İcra və Probasiya şöbəsinin 376/23-38-10 saylı sifarişi ilə “KİA Cerato” markalı **-FC-*** dövlət qeydiyyat nişanlı avtomobilin xx.xx.2023cü il tarixdə saat 11:00-da açıq hərracı keçirilməsi nəzərdə tutulmuşdur. Cavabdeh MMC-nin xx.xx.2023-cü il tarixli hərracın yekunları barədə 107 saylı protokolundan görünür ki, 01 avqust 2013-cü il tarixli 1157xx-xx-11293 saylı ipoteka müqaviləsi üzrə ipoteka saxlayan İddiaçı ASC qarşısında yüklü edilmiş «KİA Cerato» markalı ** FC *** dövlət qeydiyyat nişanlı minik avtomobili həmin bankın iştirakı və məlumatı olmadan digər məhkəmə aktına əsasən verilmiş icra vərəqəsinə və icra qurumunun sifariş məktubuna əsasən təşkil edilən hərracda 8.260 manata Maraqlı şəxs tərəfindən alınmışdır. Ağcabədi rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(017)-1301/2023 saylı qətnaməsi ilə İddiaçı ASC-nin X5 qarşı «avtomobil kredit müqaviləsi üzrə borcun tutulması və borcun ipoteka predmetinə yönəldilməsi» tələbinə dair iddiası iddia müddəti tətbiq edilməklə rədd edilmişdir. Ağcabədi rayon İcra şöbəsinin Daxili İşlər Nazirliyinin Baş X11 İdarəsinə ünvanladığı xx.xx.2023-cü il tarixli, 1713/2023 nömrəli məktubdan görünür ki, “Kia Cerato minik” markalı, **-FC-*** dövlət qeydiyat nişanlı avtomobilin Maraqlı şəxs adına sənədləşdirilməsinin mümkünlüyü məsələsinə baxılması xahiş edilmişdir. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(106)- 1749/2023 saylı qətnaməsi ilə İddiaçı ASC-nin apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Ağcabədi rayon Məhkəməsinin 17 avqust 2023-cü il tarixli 2(017)-1301/2023 saylı qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır. Daxili İşlər Nazirliyinin Baş X11 İdarəsinin xx.xx.2024-cü il tarixli İ-25496 nömrəli məktubu ilə Maraqlı şəxs bildirilmişdir ki, “Kia” markalı, **-FC-*** dövlət qeydiyyat nişanlı avtomobilin saxlanılması barədə Bakı şəhər DYPİ-yə bilavasitə tabe olan YPXA-nın YPX əməkdaşları təlimatlandırılmış və Yol hərəkətini idarə etmə mərkəzinə qoşulmuş “axtarış” sistemində müvafiq qeydlər aparılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli 2(102)-1144/2024 saylı qərarı ilə İddiaçı ASC-nin kassasiya şikayəti təmin edilməmiş, iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20 noyabr 2023-cü il tarixli 2(106)-1749/2023 saylı qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır.Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X11 İdarəsinin xx.xx.2024-cü il tarixli 3-13-16/2-116652/2024 saylı məktubuna əlavə edilmiş komputer uçot məlumatlarına dair çıxarışdan görünür ki, “Kia” markalı, **-FC-*** dövlət qeydiyyat nişanlı avtomobilin İddiaçı ASC-nin xeyrinə ipoteka müqaviləsinə əsasən özgələşməsinin qadağan edilməsinə dair qeydiyyat mövcuddur. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. 269.2-ci maddəsinə əsasən girov və ipoteka hüququ əşya hüquqlarının məhdudlaşdırılmasından ibarətdir. 269.3-cü maddəsinə əsasən girov daşınar əşyalara (ipoteka obyekti olan daşınar əşyalardan başqa) əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda hüquqların da girov qoyulması mümkündür. 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. 269.5-ci maddəsinə əsasən girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. 319.2-ci maddəsinə əsasən ipoteka ilə təmin edilən tələb icra edilmədikdə, ipoteka saxlayan və borclu ipoteka tələbi təmin edilən anda satışın açıq hərracdan fərqli olan başqa formaları barədə razılığa gələ bilərlər. Razılıqda həmçinin nəzərdə tutula bilər ki, ipoteka predmeti borclunun borclarının tam hesablanması şərtilə bazar qiymətinə satılsın və (və ya) satış zamanı ipoteka predmeti olmuş mənzili (yaşayış sahəsini) əldə edən şəxs qarşısında gələcəkdə borcluya və onun ailə üzvlərinə həmin mənzilin (yaşayış sahəsinin) kirayəçisi olmaq hüququ verən şərt qoyulsun. 319.6-cı maddəsinə əsasən ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka verənə qaytarılmalıdır. 416.1-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. 416.2-ci maddəsinə əsasən hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. “İpoteka haqqında” qanunun: 1.0.5-ci maddəsinə əsasən ipoteka saxlayan - ipoteka hüququ olan və ipoteka qoyanın digər kreditorlarına nisbətən üstün qaydada ipoteka predmeti hesabına əsas öhdəliyin icrasını tələb etmək hüququ olan şəxsdir, o cümlədən ipoteka kağızının mülkiyyətçisidir. 7.3-cü maddəsinə əsasən ipoteka qoyanın üçüncü şəxslər qarşısında öhdəliklərinin icrası üçün başqa əmlakı kifayət etmədikdə, ipoteka predmetinə üçüncü tərəfin tələbi bu Qanunla müəyyən edilmiş qaydada ipoteka saxlayanın tələbləri ödənildikdən sonra yönəldilə bilər. “İcra haqqında” qanunun: 48.1-ci maddəsinə əsasən tələbin tam təmin edilməsi üçün borclunun başqa əmlakı kifayət etmədikdə, tələb girov qoyulmuş əmlaka yönəldilə bilər. Bu zaman girovsaxlayanın Azərbaycan Respublikasının mülki qanunvericiliyi ilə nəzərdə tutulmuş hüquqlarına, habelə bu Qanunun 5-ci fəslində müəyyən edilmiş qaydalara əməl olunmalıdır. 48.2-ci maddəsinə əsasən girov qoyulmuş əmlak girovsaxlayanda olduqda, o özünün tələbinə nisbətən üstün olan digər tələbləri həmin əmlakın dəyərindən çox olmayan həcmdə təmin etməyə borcludur. 45.6-cı maddəsinə əsasən tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir.Borclu tələbin birinci növbədə hansı əmlaka və əşyalara yönəldilməsini icra məmuruna bildirmək hüququna malikdir. Borclunun belə müraciəti icra sənədinin icrasına mane olmursa, icra məmuru onu təmin etməyə borcludur.«Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci və «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 48.1.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli qərarında formalaşdırılmış hüquqi mövqeyə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269-cu maddəsinə uyğun olaraq, ipoteka hüququ ipoteka saxlayanın əşya üzərində məhdud əşya hüququ olduğundan, əsas tələb üzrə iddia müddətinin keçməsi ipotekanın xitamına və ipoteka predmetinin yüklülükdən azad olmasına səbəb olmur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 269.5, 460.1 və 1306.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli qərarında formalaşdırılmış hüquqi mövqeyə əsasən ipoteka müqavilə üzrə əmələ gəlir. İpoteka müqaviləsinə görə, bir tərəf (ipoteka qoyan) əsas öhdəliyin icrasını təmin etmək məqsədilə öz mülkiyyətində olan daşınmaz və ya rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşyanı ipoteka qoyur, digər tərəf (ipoteka saxlayan) isə borclunun həmin öhdəliyi icra etmədiyi halda ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən digər kreditorlara nisbətən üstün qaydada hüquqi təminat almaq hüququ əldə edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə 2008-ci il 30 iyul tarixli Qərarında ifadə etdiyi hüquqi mövqeyinə əsasən, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarına əlavə edilmiş sənədləri araşdıraraq müəyyən etmişdir ki, Cavabdeh MMC tərəfindən hərrac təşkil olunub keçirilərkən, ipoteka saxlayan - ipoteka hüququ olan və ipoteka qoyanın digər kreditorlarına nisbətən üstün qaydada ipoteka predmeti hesabına əsas öhdəliyin icrasını tələb etmək hüququ olan şəxs İddiaçı ASC-yə məlumat verilməmiş, hərrac qanunla müəyyənləşdirilmiş qaydalara riayət edilmədən keçirilmiş, nəticə etibarı ilə İddiaçı ASC-nin hüquqları pozulmuşdur. Həmçinin məhkəmə qeyd edir ki, açıq hərraca çıxarılmış əmlak xx.xx.2013-cü il tarixli ipoteka müqaviləsi ilə İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Bu halda icra qurumu hərrac mərkəzinə sifariş verən anda ipoteka saxlayanın bu əmlakda marağının olmasınıvə İddiaçı ASC-nin məlumatlandırılmasını həyata keçirməmişdir. Məhkəmə vurğulayır ki, mübahisəli avtomobilin qeydiyyat şəhadətnaməsinə əsasən avtomobilin İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilərək özgəninkiləşdirilməsinə qadağa qoyulmasına baxmayaraq həmin avtomobil mülkiyyətçisinin (X6) başqa şəxs (Maraqlı şəxs) qarşısında olan öhdəliyinin icrasından irəli gələrək açıq hərraca çıxarılmışdır. Qeyd edilməlidir ki, qeyd edilən avtomobil açıq hərracdan satışa çıxarılarkən həmin avtomobilin ipoteka yüklülüyü nəzərə alınmamış, xeyrinə yüklülük aparılmış şəxsin (İddiaçı ASC) hüquqları pozulmaqla hərrac baş tutmuş və avtomobili hərracdan digər tələbkar - Maraqlı şəxs əldə etmişdir. Məhkəmə qeyd edir ki, hərrac keçirilən an avtomobil üzərində yüklülük olmuş və sonradan İddiaçı ASC-nin borclu X5 qarşı kredit müqaviləsi üzrə pul tələbinə dair iddiasını iddia müddəti tətbiq edilməklə rədd edilməsi ipotekasaxlayan İddiaçı ASC-nin ipoteka predmeti olan avtomobil üzərində ipoteka hüquqlarına xitam vermədiyindən hərracın yekunları barədə protokol etibarlı hesab edilə bilməz. Qanunvericilik normalarının müddəalarından müəyyən edildiyi kimi ipoteka predmeti məhz həmin ipoteka yüklülüyünün təmin etdiyi öhdəliyin icrasından irəli gələrək hərraca çıxarıla bilər, borclunun artıq bir şəxsə qarşı öhdəliyinin icrasının təmini üsulu kimi yüklü edilmiş əmlakının digər təminatsız öhdəliyin icrası mərhələsində hərraca çıxarılması və təminatsız öhdəliyin icrasına yönəldilməsi mümkün deyildir. Bu səbəbdən, məhkəmə hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh MMC-nin 06 iyul 2023-cü il tarixli hərracın yekunları barədə 07 nömrəli protokolu etibarsız hesab edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Ağcabədi rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2024-cü il tarixli 376/23-38-10 saylı sifariş məktubu əsasında Cavabdeh MMC-nin təşkilatçılığı ilə baş tutmuş hərracın yekunları barədə 06 iyul 2023-cü il tarixli 107 nömrəli protokolu etibarsız hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüsalə Musayeva
Məhkəmə qərarları › İş №e-2(006)-2597/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-2597/2024
15.08.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver