Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2599/2024 06.09.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, Məhkəmə iclasının katibi Qiyasova Səbinə Ağacan qızının katibliyi, iddiaçı Babayev Tahı̇ r Xamməd oğlunun iştirakı ilə, İddiaçı Babayev Tahı̇ r Xamməd oğlunun cavabdeh Azərbaycan Respublı̇ kasının Malı̇ yyə Nazı̇ rlı̇ yı̇ nə qarşı "maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair" iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Babayev Tahı̇ r Xamməd oğlu cavabdeh Azərbaycan Respublı̇ kasının Malı̇ yyə Nazı̇ rlı̇ yı̇ nin Dövlət Xəzı̇ nədarlığı Agentlı̇ yı̇ nə qarşı "maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair" iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona vurulmuş maddi və mənəvi ziyana görə 500.000 manat təzminat ödənilməsi Respublika Maliyyə Nazirliyinin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Maliyyə Nazirliyi tərəfindən DİN sisteminin ona vurulmuş olduğu 600 (altı yüz) manat ziyanın kompensasiya edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, BDYPİ ona qarşı təhdid və təzyiqləri son vaxtlar daha da kəskinləşdirmiş və vurulan ziyanın məbləğinin artırılması üçün qanunsuz hərəkətlərini davam etdirməkdədir. xx.xx.2024-cü il tarixində Salyan rayonu ərazisində diskolasiya olunmuş YPX postunda ** HB *** nömrə nişanlı avtomobili tam qeyri - qanuni olaraq saxlanılmış və məcburi dayanacaqda yerləşdirilmişdir. Bunun BDYPİ-nin kamera şöbəsinin göstərişi əsasında etdiklərini bildirmiş və bütün sualların onlara aid olmadığını, yalnız baş idarəyə getməyə ehtiyac olduğunu bildirmişdilər. Ən qısa yolunun isə 5225 (beş min iki yüz iyirmi beş) manat məbləğində ödəniş etməklə problemi həll edə biəcəyini bildirmişdilər. Xüsusi dövlət əhəmiyyəti daşıyan tapşırığın iclası zamanı daim kənar şəxsin köməyinə ehtiyacı olan ömürlük 1-ci dərəcəli əlil olduğu üçün (dövlət material ehtiyatları anbarlarının inventarlaşdırılması) hökumətin təyin etmiş olduğu patronajın da (73 yaşlı qadın) yanında olması, onun da Salyanın düzündə avtomobildən düşürülməsinin insanlığa belə sığışdırılmadığının belə qeyri-mümkün olması da harınlanmış polislərə təsir etmədi. Saat 9-radələrində onların avtomobillərini əllərindən alıb, məcburi dayanacağa yerləşdirdilər. BDYPİ-nin kamera şöbəsinin göstərişidir dedilər. Deməli Azərbaycan Respublikasının Konstitusiyasının onun mülkiyyət hüququnun toxunulmazlığı barədə vermiş olduğu təminat bir YPX serjantı qarşısında acizdir. Bu ona görə belədir ki, prokurorlar qanunların keşiyində yox YPX-nin qazancının keşiyindədirlər. Hakimlər qanuni qətnamə çıxarmaqdan qorxur, çəkinirlər. Çünki məhkəmələr YPX-dan illik haqqı elə ilin başlanğıcında alırlar. Bildirir ki, yol polisinin bu azğınlığı ona çox baha oturdu. Vaxtında Yekaterinburqdakı 41 saylı xəstəxanaya çatdırılmasa idi həyatı ilə vidalaşmalı olacaqdır. Gediş-gəliş, müalicə və ona müşayət edənlərin ümumi xərcləri 60 (altımış) min manata yaxın olmuşdu. Vurulmuş mənəvi ziyanı isə milyon manatla ölçmək belə ona qarşı haqsızlıq hesab olunmalıdır. Ona vurulmuş maddi və mənəvi ziyana görə cavabdeh və məsul şəxs kimi Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin tanınmasını xahiş edir və 600 (altı yüz) min manatın tutularaq ona ödənilməsi barəsində qətnamə qət edilməsini xahiş edir. Qoşma: 1. Azərbaycan Respublikası prezidenti yanında vətəndaşlara xidmət və sosial innovasiyalar üzrə dövlət agentlıiyindən alınmış çıxarış. Bu çıxarış “radar”ların saxta olduğunu, MMX-da texniki vasitələrdən istifadə olunmaqla “istehsal” edildiyini sübut edir. 2. xx.xx.2022-ci il tarixində Şamaxı RPŞ-dən avtomobilin tam qanunsuz saxlanılaraq yerləşdirildiyi cərimə duracağından çıxarılması üçün ödənilmiş vəsaitin qəbzləri. xx.xx.2021-ci il tarixində avtomobil həbs edilərkən onun üzərində cərimə olmamışdır. Belə ki, tam qanunsuz olaraq yazılmış cərimələr barəsində İXM-nin 57-ci maddəsində nəzrdə tutulmuş qaydada ona məlumat verilməmişdir. Bunu ört-basdır etmək üçün DYPİ rəhbərliyinin bilavasitə göstərişi əsasında ayrı-ayrı əməkdaşlar vəzifə cinayətləri etməkdən belə çəkinmirlər. Sistemə xx.xx.2020-ci ildə X2, xx.xx.2021-ci ildə Lətif Cavidan oğlu tərəfindən, xx.xx.2021-ci ildə isə X1 tərəfindən onun avtomobilinin hərəkətdə olarkən saxlanılaraq ona cərimələrin mövcudluğu barəsində məlumat verildiyi yüklənmişdir. Bu vəzifə saxtakarlığıdır. Ona heç vaxt və heç yerdə saxlayaraq məlumat verən olmamışdır. Bunu təsdiq edən heç bir sənəd də yoxdur. Əldə etmiş olduğu məlumata görə YPX-nın ümumiyyətlə qeyd olunan adda əməkdaşları olmamışdır və yoxdur. 1 saylı Bakı İnzibati - İqtisadi Məhkəməsində BDYPİ nə qarşı qaldırdığı iddianın mümkünsüz hesab edilməsi barəsində hakim Şəhla Süleymanova xx.xx.2019- cu il tarixli qərarı çıxarılmışdır. Bakı Apellyasiya Məhkəməsi bu qərarı qanuna zidd olduğu üçün ləğv etdi. BDYPİ qazancın əldən çıxmaması mümkün saymadı və qərarı icra etmədi. Təxirə salmadan hücuma keçdi və xx.xx.2021 -ci ildə Şamaxı ərazisində rayon polis şöbəsinin YPŞ-nın əməkdaşı Fərid Əliyev xx.xx.2021 -ci ildə ona qarşı Azərbaycan CM bir neçə maddəsində tövsif olunmuş tərkiblər olan cinayət əməlləri törətmişdir. Bu cinayət əməlləri YPX rayon şöbəsinin məzuniyyətdə olan rəisini əvəz edən kapitan Orxan Yolçuyev və RPŞ-nin məzuniyyətdə olan rəisini əvəz edən rəis müavini Səid Seyidovun təşkilatçılığı və iştirakı ilə həyata keçirmişdir. Şamaxı rayon prokuroru və onun köməkçisi polis vəhşiliyinin və özbaşnalıqlarınm qarşısının alınması üçün heç bir hərəkət etməmişlər. Cərimə duracağında mühafizə altında olan avtomobilinin xx.xx.2022-ci il saat 14:53 radələrində Şamaxıda, xx.xx.2022-ci ildə isə Sumqayıt şəhərində “radar” düşdüyü öz əksini tapmışdır. YPX “qolu güclü” olduğu üçün bunlara görə hesablanmış cərimələri də ona ödətdirdi. xx.xx.2023-cü il tarixli E/Q 13537351 saylı və xx.xx.2023-cü il tarixli E/Q 13913122 saylı əqrarlar. Bu qərarlarda əks etdirilmiş pozuntular illərdir ki, təkrar olunur və ayrı-ayrı protokollarda əks etdirilir. Onları birbaşa diqqətlə nəzərdən keçirərkən müəyyən olundu ki, eyni pozuntuların belə bir şəraitdə törədilməsi ümumiyyətlə mümkün deyildir. Bunlar kompüter arxasında fotoşop vasitəsi ilə “istehsal” olunmuş pozuntulardır. Pozuntunun aşkarlanmış olan xüsusi texniki vasitələrin inventar nömrələrinin və dövlət yoxlamasından keçirdiyi vaxtın bilərəkdən göstərilməməsi onu deməyə əsas verir ki, YPX məqsədli edir ki, ifşa etmək mümkün olmasın. Dövlət reyestrində inventar nömrəsi göstərilməyən və dövlət yoxlamasından keçirilmə vaxtı göstərilməyən heç bir ölçü cihazından istifadə oluna bilməz. İnternet üzərindən DİN-in məlumat bazasından çıxarılmşı cədvəllər - cədvəl -2 (8 vərəq), cədvəl -3 (3 vərəq) - “SMS radar”, cədvəl -4 (1 vərəq), cədvəl -5 (2 vərəq). Cədvəllərin təhlili onu tam dəqiqliyi ilə təsdiq edir ki, onlar saxtalaşdırılmış göstəricilər əsasında tərtib edilmişlər. Dövlət agentliyinin məlumatı DİN məlumatlarını təmamilə inkar edir. 5-ci cədvəlin əhatə etdiyi məlumat onu deməyə əsas verir ki, DİN-də məlumat icbari hesabat sənədləri üçün məcburi olan qaydalara əməl olunmamışdır. Məcburi hesabat sənədləri saxtalaşdırılır və zərərçəkənlərdən gizlədilir. Qanunçuluqda nəzərdə tutulmuş qaydada haqqında inzibati icraatlar açılmış vətəndaşlara heç bir məlumat verilmir. Bu prosesdə prokurorlar, hakimlər, DİN-nin bütövlükdə YPX-nin xidmətindədir. BDYPİ-yə hər gün milyonlarla manat uçotsuz və nəzarətsiz pul kütləsi axını vardır. Təəssüf edir ki, dövlətdə həddindən artıq az adam var ki, bunun artıq dövlətin mövcudluğu üçün təhlükə olduğunu anlayır və onun üçün öz məsuliyyətini başa düşür. BDYPİ-i onu şəxsən neytrallaşdırmaq üçün Sumqayıt polis idarəsinin rəis müavini (mütəşəkkil cinayət dəstə başçısı olması barəsində internet üzərindən məlumat əldə etmək problemli deyildir) Cavidan Əlizadəyə külli məbləğdə pul ötürə bilrisə, sabah bunu istənilən vəzifəliyə də qarşı edəcəkdir. Faktların Yazılışının davam etdirilməsinə ehtiyac görmür. Çünki onlar bir-birindən daha çirkindir. O, artıq borc bataqlığında boğulur. Bu isə onun həyatı üçün daha təhlükəlidir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı Babayev Tahı̇ r Xamməd oğlu iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barəsində lazımı qaydada xəbərdar edilsə də, o, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. Əsaslandırıcı hissə: a) Mülki işin materialları: Mülki işin materiallarında (bundan sonra işin materiallarında) olan “my.gov.az” saytından İddiaçı cərimə məlumatları haqqqında çıxarışa əsasən, İddiaçı xx.xx.2023-cü il , xx.xx.2023-cü il, xx.xx.2023-cü il və sair tarixlərdə cərimə olunmuşdur. b) Məhkəmə tərəfindən müəyyən edilən hallar: xx.xx.2024-cü il tarixində Salyan rayonu ərazisində diskolasiya olunmuş YPX postunda iddiaçının ** HB *** nömrə nişanlı avtomobili tam qeyri - qanuni olaraq saxlanılmış və məcburi dayanacaqda yerləşdirilmişdir. Saat 9-radələrində onların avtomobillərini əllərindən alıb, məcburi dayanacağa yerləşdirdilər. İddiaçı vaxtında Yekaterinburqdakı 41 saylı xəstəxanaya çatdırılmasa idi həyatı ilə vidalaşmalı olacağını bildirmişdir. Gediş-gəliş, müalicə və ona müşayət edənlərin ümumi xərcləri 600.000 manata yaxın olmuşdu. Hazırda iddiaçı ona vurulmuş maddi və mənəvi ziyana görə cavabdeh və məsul şəxs kimi Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin tanınmasını və 600 (altı yüz) min manatın tutularaq ona ödənilməsi barəsində qətnamə qət edilməsini xahiş etmişdir. a) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: Məhkəmə iddiaçı tərəfindən irəli sürülmüş iddia tələbləri ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.6-cı maddəsi başqa şəxsə zərər vurulmasını mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından, 386.1-ci maddəsi isə zərər vurulmasını öhdəliyin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edir. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusu – deliktə görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: 1) əməl (hərəkət və ya hərəkətsizlik); 2) həmin əməlin hüquqa və ya qanuna zidd olması və 3) təqsir (qəsd və ya ehtiyatsızlıq). Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə hesab edir ki, iddiaçı Babayev Tahı̇ r Xamməd oğlu **-HB-*** nömrə nişanlı avtomobili tam qeyri - qanuni olaraq cərimələrin yazıldığını, ona dair cərimə sənədlərinin saxtalaşdırıldığını və DİN əməkdaşlarının onun və onun ailəsi ilə şəxsi qərəzlilik apardıqlarını bildirsə də, bu xüsusatlarla bağlı məhkəməyə iddiaçı tərəfindən hər hansı sübut təqdim olunmamışdır. Halbuki, Azərbaycan Respublikası MPM-nın 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Həmçinin də Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Azərbaycan Respublikasının MPM-nin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilməsini tənzimləyən MPM-nin 88-ci maddəsi müəyyən edir ki, Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Göstərilənlərə əsasən məhkəmənin qənaətinə görə işin araşdırılmış halları onu deməyə əsas verir ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmamışdır. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı Babayev Tahı̇ r Xamməd oğlunun cavabdeh Azərbaycan Respublı̇ kasının Malı̇ yyə Nazı̇ rlı̇ yı̇ nə qarşı iddia tələbinin maddi ziyan hissəsi rədd edilməlidir. Eyni zamanda, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Bundan əlavə, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 №-li 03 noyabr 2008-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya»nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Həmçinin, Plenum yuxarıda adı çəkilən qərarda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Məhkəmə iddia tələbinə hüquqi qiymət verərək hesab edir ki, iddiaçı ona vurulmuş mənəvi zərər ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etmədiyi üçün, həmçinin maddi ziyan hissəsi təmin edilmədiyindən və cavabdehin bu mübahisədə heç bir təqsiri müəyyən edilmədiyindən iddia mənəvi ziyan hissəsində də təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Beləliklə, məhkəmə işin bütün hallarının məcmusuna, hərtərəfli, tam və obyektiv baxaraq, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, iddiaçı Babayev Tahı̇ r Xamməd oğlunun cavabdeh Azərbaycan Respublı̇ kasının Malı̇ yyə Nazı̇ rlı̇ yı̇ nə qarşı "maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair" iddiası əsassız olduğundan rədd edilməlidir Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Eyni Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Babayev Tahı̇ r Xamməd oğlunun cavabdeh Azərbaycan Respublı̇ kasının Malı̇ yyə Nazı̇ rlı̇ yı̇ nə qarşı "maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair" iddiası rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(006)-2599/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-2599/2024
06.09.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver