Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-26/2025 24.06.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Şəmmədova Şəhla Eynur qızının katibliyi, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə İddiaçı X1 Cavabdeh qarşı «yaşayış sahəsindən istifadə üçün yaranan maneələrin aradan qaldırılması» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X3 Cavabdeh qarşı «yaşayış sahəsindən istifadə üçün yaranan maneələrin aradan qaldırılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun mülkiyyətində olan mənzildə qanunsuz bağlanmış giriş-çıxış qapılarının, yəni ümumi dəhlizə daxil olmaqdan ötrü istifadə üçün nəzərdə tutulan qapıların açılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanda yerləşən yaşayış sahəsi Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin 139369 nömrəli qeydiyyat vəsiqəsinə əsasən X1 mülkiyyətindədir. X1 mülkiyyətində olan mənzil 33,0 m2 olmaqla 2 otaqdan ibarətdir. Həmin otaqlardan istifadə etmək üçün ümumi dəhlizdən istifadə etmək lazımdır. Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Başçısının X4 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin verdiyi şəxsi mülkiyyətində olan mənzilin texniki pasportunda mənzilin planı göstərilmişdir. Həmin texniki pasportdan göründüyü kimi, X2 aid olan otaqlardan istifadə etmək üçün ümümi dəhlizdən istifadə etmək lazımdır. X1 mülkiyyətində olan otaqdan dəhlizə çıxış qapısı qonşusu olan Cavabdeh tərəfindən qanunsuz olaraq bağlanmışdır. X3 bunun üçün öz mülkiyyətindən istifadə edə bilmir. Ayaqyolundan istifadə üçün də ümumi dəhlizdən istifadə olunmalıdır. X3 illərdir ayaqyolundan istifadə edə bilmir. Çox acınacaqlı bir şəraitdə yaşayır. İnsan mətbəx kimi istifadə etdiyi otaqdan həm də ayaqyolu kimi istifadə edir. Neçə illərdir ki, X3 belə bir şəraitdə yaşayır. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 məhkəməyə ərizə ilə müraciət edərək, iddianı müdafiə etdiyini bildirmiş, mülki işə onun iştirakı olmadan baxılaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə qeyd edilən ərizəni nəzərə alaraq, mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, iddia əsassızdır, hazırda müdafiə ediyi tərəf mənzildə yaşayır, yəni yaşayış mövcuddur, hər bir halda onlar tərəfindən konstruksiya işləri həyata keçirilə bilər, lakin hər hansısa maneənin yaradılmasından söhbət gedə bilməz, maneə yoxdur. Məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş və məhkəmə iclasında araşdırılmış: - Bakı şəhəri Tİ və MHQİ tərəfindən verilmiş 28 aprel 1998-ci il tarixli MH seriyalı 139369 saylı qeydiyyat vəsiqəsindən görünür ki, Bakı şəhəri Nizami küçəsi 93 saylı evin 19 saylı mənzilinin sıxlaşdırılmış 33,0 m2 olan 2 otağı X1 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçmiş və bu barədə 933 saylı reyestr kitabının 140119 saylı səhifəsində 30/140119 saylı qeydiyyat aparılmışdır. - Bakı şəhəri Tİ və MHQİ tərəfindən verilmiş 1998-ci ilin mart tarixində təsdiq olunmuş şəxsi mülkiyyətdə olan mənzilin texniki pasportundan görünür ki, iddiaçıya məxsus olan Bakı şəhəri Nizami küçəsi 93 saylı evin 19 saylı mənzilinin sıxlaşdırılmış 33,0 m2 olan 2 otağına dair texniki pasport tərtib edilmiş, mənzilin planı, sahənin xüsusiyyətləri, kostruktiv elementlərin və mühəndis avadanlıqlarının texniki vəziyyəti və s. zəruri bilgilər qeyd olunmuşdur. Texniki pasportdan göründüyü kimi, həmin mənzilin müvafiq olaraq digər otaqlarının hüquq sahibləri kimi Praskovina, Misurina və Sadovskaya göstərilmiş, ümumi istifadədə olan sahələr (dəhliz və s.) qeyd olunmuşdur. - ünvan 3 ünvanında yaşayan İddiaçı şikayət ərizəsi ilə əlaqədar vətəndaşın evinə baxış keçirilmiş və baxış zamanı məlum olmuşdur ki, qonşular tərəfindən ümumi çıxışın qapısı bağlanmış, vətəndaş Ramazanovanın çıxışı məhdudlaşmışdır. Dəfələrlə qonşulara müraciət edilməsinə baxmayaraq, onlar qapını açmamışdırlar. - Bakı şəhər Baş Polis İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, X1 qonşusu Cavabdeh tərəfindən rahat yaşayış hüquqlarının pozularaq, təzyiqlərə məruz qalması barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin rəhbərliyinə ünvanladığı müraciətə Bakı Şəhər Baş Polis İdarəsinin ictimai Təhlükəsizlik İdarəsində baxılmışdır. Bildirilmişdir ki, Cavabdeh tərəfindən mülkiyyət hüquqlarının məhdudlaşdırılması ilə bağlı göstərilən xüsusatlar əsasında mülki hüquq münasibətləri çərçivəsində məhkəmə orqanlarına müraciət etməsi nəzərinə çatdırılır. Məlum olmuşdur ki, Cavabdeh tərəfindən təzyiqlərə məruz qalması haqqında müraciət 14 sentyabr 2022-ci il tarixdə Nəsimi rayon Polis İdarəsinin 22-ci Polis şöbəsində müvafiq qaydada qeydə alınaraq icrası şöbənin təhqiqatçısı Pərviz Həsənova həvalə edilmiş və əmələ hüquqi qiymət verilməsi üçün hazırda onun tərəfindən prosessual araşdırma davam etdirilir. Bununla yanaşı, təhlükəsizliyinizin təmin olunması ilə bağlı yaşayış yeri üzrə Nəsimi rayon Polis İdarəsinə müvafiq göstəriş verilmişdir. - 22.10.2022-ci il tarixli ******* saylı yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, xx.xx.1962-ci il təvəllüdlü Cavabdeh ünvan 5 ünvanda qeydiyyatdadır. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22 may 2025-ci il tarixli 10/286 saylı rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, X1 mülkiyyətində olan Bakı şəhəri Nəsimi rayonu Nizami küçəsində inşa edilmiş 93 saylı evin 19 saylı mənzildən, texniki pasport sənədində ümumi dəhliz kimi göstərilən tikiliyə çıxış üçün nəzərdə tutulmuş keçid qapılarının bağlandığı müəyyən edilmişdir (1-ci sual üzrə). X1 mülkiyyətində olan Bakı şəhəri Nəsimi rayonu Nizami küçəsində inşa edilmiş 93 saylı evin 19 saylı mənzildən, texniki pasport sənədində ümumi dəhliz kimi göstərilən tikiliyə çıxış üçün nəzərdə tutulmuş keçid qapılarının bağlanmasının Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 160 saylı qərarı ilə təsdiq edilmiş «Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidənplanlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydaları»nın 4.1, 4.2-ci bəndlərinin tələblərinə uyğun olmadığı müəyyən edilmişdir (2-ci sual üzrə). Bakı şəhəri Nəsimi rayonu Nizami küçəsində inşa edilmiş 93 saylı evin 19 saylı mənzildən ümumi dəhlizə çıxış qapılarının bağlanmasının X1 mənzildən və tikilinin ümumi istifadədə olan hissələrindən istifadəsinə maneələr yaradıbyaratmamasının müəyyən edilməsi «tikinti-texniki obyektlərinin tədqiqi» ixtisası üzrə ekspertin səlahiyyətlərinə aid olmadığından, qərardadda qoyulmuş üçüncü sual üzrə tədqiqat aparılmamışdır. Aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir. - 02.11.2022-ci il tarixli 6629 saylı ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət olunması üçün 100 manat dövlət rüsumu ödənilmişdir. Qeyd edilməsi zəruridir ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Məhkəmə vurğulayır ki, mülkiyyət hüququ insanın və vətəndaşın təməl hüquqlarından biridir və bütün dünyada mülkiyyət hüququna xüsusi diqqət yetirilir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİ hissəsinə görə mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 152.9-cu maddəsinə əsasən əşyaya mülkiyyət hüququ həmin əşyanın mühüm tərkib hissələrinə də şamil edilir. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Həmin Məcəllənin 171.1-ci maddəsinə əsasən torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səs-küyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz. İşin faktiki hallarından göründüyü kimi, tərəflər faktiki istifadəsində (mülkiyyətlərində) olan sahələrdən ümümi dəhlizdən istifadə etmək yolu ilə istifadə edilir. Başqa sözlə, tərəflərin mənzilləri sıxlaşdırılmış vəziyyətdə olmaqla dəhliz, sanitariya qovşağı ümumi istifadədir. İddiaçı xüsusi mülkiyyətində olan sıxlaşdırılmış 2 otaqdan təyinatı üzrə istifadə etsə də, ümumi istifadədə olan sahələrdən (dəhliz və s.) istifadə edə bilmir və bunu mülkiyyətində olan otaqdan dəhlizə çıxış qapısı qonşusu olan Cavabdeh tərəfindən qanunsuz olaraq bağlaması ilə əsaslandırır. Bununla da, iddiaçı qanunla qorunan mülkiyyət hüququnun kobud şəkildə pozulmasını iddia edir. Məhkəmə hesab edir ki, iddiaçının mülkiyyətində olan otaqlardan ümumi istifadədə olan sahələrə giriş-çıxış üçün nəzərdə tutulan qapılar cavabdeh tərəfindən bağlanmasına dair iddiaçının dəlilləri əsaslıdır. Belə ki, cavabdeh tərəf iddianı qəbul etməsə də, işdə olan sübutlar cavabdehin subyektiv səbəbləri nədə ifadə edilməsindən asılı olmayaraq, iddiaçının mülkiyyətində olan otaqdan dəhlizə çıxış qapısını bağlaması onun mülkiyyət hüququnun kobud şəkildə pozulmasına gətirib çıxartmışdır. Halbuki, Bakı şəhəri Nəsimi rayonu Nizami küçəsində inşa edilmiş 93 saylı evin 19 saylı mənzildən ümumi dəhlizə çıxış qapılarının bağlanmasının X1 mənzildən və tikilinin ümumi istifadədə olan hissələrindən istifadəsinə maneələr yaradılması ilə mülkiyyət hüquqlarının göstərilən qaydada məhdudlaşdırılması yolverilməzdir. Məhkəmə həmçinin hesab edir ki, X1 mülkiyyətində olan Bakı şəhəri Nəsimi rayonu Nizami küçəsində inşa edilmiş 93 saylı evin 19 saylı mənzildən, texniki pasport sənədində ümumi dəhliz kimi göstərilən tikiliyə çıxış üçün nəzərdə tutulmuş keçid qapılarının cavabdeh tərəfindən bağlanması və hazırda həmin mənzilin mülkiyyətçisi kimi olmasından asılı olmayaraq faktiki olaraq bağlanma anında cavabdehin həmin mənzildə qeydiyyatda olması (iddia ərizəsi 2021-ci ildən icraatda olmuşdur) yaradılmış maneənin də məhz onun tərəfindən aradan qaldırılması, yəni, iddiaçı X1 mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən mənzildən ümumi dəhlizə daxil olmaq üçün istifadə olunan bağlanmış keçid qapıları (giriş-çıxış qapıları) Cavabdeh tərəfindən açılmalı olmasını təsdiq edir. Göründüyü kimi, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, iddiaçı X1 mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən mənzildən ümumi dəhlizə daxil olmaq üçün istifadə olunan qanunsuz bağlanmış keçid qapıları (giriş-çıxış qapıları) Cavabdeh tərəfindən açılmalıdır. Ödənilmiş 100 manat dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı X2 ödənilməlidir. 100 manat ekspertiza xərci Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı X1 mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən mənzildən ümumi dəhlizə daxil olmaq üçün istifadə olunan qanunsuz bağlanmış keçid qapıları (giriş-çıxış qapıları) Cavabdeh tərəfindən açılsın. Ödənilmiş 100 manat dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı X2 ödənilsin. 100 manat ekspertiza xərci Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №e-2(006)-26/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-26/2025
24.06.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver