Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2603/2025 12.08.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, İddiaçının, onun nümayəndəsi və vəkili Vəkil1, Cavabdehlərin, onların nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 7000 ABŞ dollarının Azərbaycan manatına olan nisbətində hesabladıqda 11900 manat, vəkil xidməti üçün ödənilmiş 720 manat və ödənilmiş 128 manat dövlət rüsumu olmaqla cəmi 7000 ABŞ dolları və 848 manat tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tanışı olan Cavabdeh1 xaricdən qadın geyimləri gətirərək öz "DİVA" adlanan mağazasında satır. Hürü ondan 2023-cü ilin əvvəllərində 25000 ABŞ dolları istəməklə xaricdən mal gətirəcəyini və həmin məbləği artıqlaması ilə qaytaracağını bildirmişdir. Daha sonra Hürünün ona yalan danışdığını görüb pulunu geri tələb etmişdir. Hürü müxtəlif vaxtlarda hissəvi şəkildə 15000 ABŞ dollarını geri qaytarsa da yerdə qalan 10.000 ABŞ dollarını qaytarmırdı. Hürünün bacısı X2 onunla söhbət edərək Hürünün ona olan borcunu ödəməyi öhdəsinə götürmüş və bir müddət sonra xx.xx.2023-cü il tarixdə ona 3000 ABŞ dolları ödəmişdir. Lakin, yerdə qalan 7000 ABŞ dollarını bu günə qədər müxtəlif bəhanələr gətirərək ödəmir. Buna görə onun məhkəməyə müraciət etməkdən başqa çarəsi qalmamışdır. Cavabdehlərin nümayəndəsi və vəkili Vəkil2 iddia müddətinin tətbiq edilməsi barədə ərizə verməklə iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Həmçinin izahatında bildirdi ki, 25000 ABŞ dolları Cavabdeh1 borc olaraq vermiş və 15000 ABŞ dolları hissə-hissə ödəniş etməklə geri qaytarmışdır. 10000 ABŞ dolları isə Cavabdeh2 həmin məbləği özü geri qaytaracağını bildirmiş və 3000 ABŞ dollar qaytarmışdır. Qalan 7000 ABŞ dolları isə Cavabdeh2 bir il ərzində hissə-hissə olmaqla geri qaytaracağını vəd vermişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə edərək, onun təmin olunmasını xahiş etdi və iddiaçının izahatına oxşar izahat verdi. Həmçinin qeyd etdi ki, cavabdehlər arasında 2024-cü ildə borcun qaytarılması barədə telefon yazışmaları olmuş və həmin borcun qaytarılması barədə yalan vədlər verilmişdir. Hətta iddiaçı borcun qaytarılması barədə 2024-cü ildə polisə şikayət vermişdir. Buna baxmayaraq hazıradək hər-hansı borc geri qaytarılmamışdır. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini etiraf etməyərək izahatında bildirdi ki, iddiaçıdan 2012-ci ildə əldə etdiyi 25000 ABŞ dollar borcu artıq ödəniş etməklə geri qaytarmışdır. Hazırda həmin borcu yenidən ondan tələb etməsi əsassızdır. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini etiraf etməyərək onun təmin olunmamasını xahiş etdi və izahatında bildirdi ki, iddiaçı ilə aralarında borc münasibətləri olmamışdır. Bacısının iddiaçıdan borc pul almasını sonradan bilmişdir. İddiaçı bacısına 25000 ABŞ dolları borca pul vermiş və o da öz növbəsində 15000 ABŞ dolları bir dəfəyə qalan məbləği isə hissə-hissə ödəniş etməklə geri qaytarmışdır. Qəbzdə olan 3000 ABŞ dollarını oğlu Gürcüstan Respublikasında biznes fəaliyyəti ilə məşğul olduğu üçün ona göndərmiş, qalan 7000 ABŞ dollarını isə sonradan göndərmişdir. Ona görə ki, məşğul olduğu biznes fəaliyyətlə bağlı hesabatdan məlumatı olsun ki, ona nə qədər pul göndərmişdir. Qəbzdə olan məbləğin iddiaçıya heç bir aidiyyatı yoxdur. Qəbzdə olan imza ona məxsus olsa da həmin qəbzin iddiaçı necə əldə etdiyi barədə məlumatı yoxdur. Həmin qəbzi sonradan qaralama kağız kimi istifadə etmiş və iddiaçı onu sonradan necə əldə etdiyini bilmir. Məhkəmə iclasında cavabdehlərin nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini etiraf etməyərək onun təmin olunmamasını xahiş etdi. Həmçinin izahatında qeyd etdi ki, əslində borc pul məsələsi Cavabdeh1 və İddiaçı arasında olmuşdur. Həqiqətən Cavabdeh1 2012ci ildə iddiaçıdan faiz ödəmək şərti ilə borc pul almış və aldığı məbləği ona faizlə birlikdə artıqlaması ilə ödəmişdir. Onların arasında pulla bağlı münasibətlər 2019-cu ilin ortalarına qədər davam etmiş və sonra Hürü daha ona borcu olmadığını bir daha ona daha pul ödəməyəcəyini qəti olaraq bildirmişdir. Lakin, iddiaçı öz aləmində pula görə faiz hesablamışdır. İddiaçının öz yazışmasından da görünür ki, 2023-cü ildə o, Hürüyə heç bir borca pul verməmişdir. Onun tələbi köhnə borca görədir. Fərz edilsə ki, Cavabdeh1 həqiqətən iddiaçıya borcu qalmışdır. Hətta belə olsa belə iddiaçı həmin borcu tələb etmək üçün iddia müddətini buraxmışdır. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X1 bildirdi ki, bir müddət Cavabdeh1 ilə birlikdə çalışmışdır. Cavabdeh2 2023-cü ilin dekabr ayında ona 3000 ABŞ dolları verərək həyat yoldaşı ilə Gürcüstan Respublikasında biznes fəaliyyəti ilə məşğul olan oğluna çatdırmasını xahiş etmişdir. Hətta ilk olaraq 10000 ABŞ dollar verəcəyini bildirmiş sonra isə 3000 ABŞ dollar vermişdir. Cavabdeh2 7000 ABŞ dollar isə özü bank vasitəsi oğluna göndərmişdir. Qohumluq münasibətləri olması səbəbindən Cavabdeh2 3000 ABŞ dollar məbləği verən zaman hər hansı sənədə imza çəkməmişdir. Məhkəmə tərəflərin izahatını və şahid ifadəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan Bakı şəhəri Yasamal RPİ-nin İstintaq şöbəsinin cinayət işinin başlanılmasının rədd edilməsi barədə xx.xx.2024-cü il tarixli qərarının surətindən görünür ki, İddiaçı şikayət ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Qərarın surətindən həmçinin görünür ki, Cavabdeh1 istintaq şöbəsinə gətirilməsi və izahatının alınması mümkün olmamışdır. İş materiallarından görünür ki, "xxxx" ASC-nin Binəqədi filialı tərəfindən xarici valyutanın satışı barədə xx.xx.2023-cü il tarixli qəbzə əsasən Cavabdeh2 5106 manat ekvivalentində 3000 ABŞ dollarını almışdır. Həmin qəbzin arxa tərəfində rus dilindən tərcümədə “3000 ABŞ dollarını verdim, 7000 ABŞ dolları borc qaldı” ifadələri altındandan imza çəkilmiş, “3000 ABŞ dolları xx.xx.2023-cü il tarixdə verdi, 7000 ABŞ dolları qaldı, söz verib xx.xx.2024-cü il tarixinədək qaytaracaq” ifadələri altındandan imza çəkilmiş yazı əks olunmuşdur. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, iddiaçı tərəfindən Cavabdeh1 pul verilmiş, lakin bu barədə tərəflər arasında qanunvericiliyə uyğun olaraq yazılı borc müqaviləsi bağlanılmamış, razılaşma şifahi qaydada həyata keçirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Məhkəmə hesab edir ki, tərəflər arasında pulun borc kimi verilməsinə dair şifahi qaydada bağlanmış müqavilə qanunvericiliyin müəyyən etdiyi yazılı formada bağlanmadığından etibarsızdır. Bununla belə məhkəmə iclasında Cavabdeh1 tamamilə qaytardığını qeyd etməklə iddiaçı tərəfindən ona ümumilikdə 25000 ABŞ dolları verilməsini etiraf etmişdir. Digər Cavabdeh2 ümumiyyətlə ona borca pul verilməsini etiraf etməsə də, məhkəmə iclasında dinlənilmiş səs yazısında borcunu il ərzində qaytaracağına söz verən səsin ona məxsus olmasını etiraf etmişdir. Məhkəmə araşdırması zamanı Cavabdeh2 iddiaçı tərəfindən sübut kimi təqdim edilən bank qəbzində imzanın ona məxsus olmasını etiraf etsə də, qəbzin borca aid olmadığını, oğluna pulun göndərməsini özündə əks etdirən sadə qeyd olmasını bildirmişdir. Eyni zamanda təqdim edilən “Whatsap” yazışmasında iddiaçının borcun hər ikisindən tələb etməklə 7000 ABŞ dolları məbləğinin ona geri qaytarılmasını xahiş etmişdir. Belə olan halda Cavabdeh2 hüquqi əsas olmadan, yəni etibarlı müqavilə əsası olmadan iddiaçının əmlakı hesabına varlanmış şəxs olmuş, Cavabdeh1 isə borcu bilavasitə iddiaçıdan alan şəxs kimi məsuliyyəti yaranmış və Cavabdeh2 ilə birgə cavabdehlik daşımışdır. Mülki Məcəllənin 1091-ci maddəsində qeyd olunur ki, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, tərəflər arasında pulun borca verilməsinə dair yazılı müqavilə olmasa da, Cavabdeh1 özünün şifahi izahatı ilə 25000 ABŞ dolları məbləğin iddiaçı tərəfindən ona verilməsini təsdiq etməklə, borcun tam olaraq qaytardığını qeyd etsə də, iddiaçı tərəfindən təqdim edilən sübutlarla borcun 10000 ABŞ dolları hissəsinin sonradan bacısı Cavabdeh2 verməsi sübut olunur. Həmin 10 000 ABŞ dolları məbləğdən Cavabdeh2 tərəfindən 3000 ABŞ dolları qaytarılmış, 7000 ABŞ dolları isə borc olaraq qalmaqdadır. Tərəflər arasında həmin pulun verilməsinə dair başqa heç bir qanuni əsas və ya etibarlı müqavilə əsası olmadığından, cavabdehlər əsassız varlanmış şəxs kimi iddiaçının tələbi ilə həmin məbləği ona qaytarmalıdırlar. Məhkəmə həmçinin qeyd edir Cavabdeh2 bank qəbzində yazılanların sadəcə özü tərəfindən yazılmış yaddaş qeydi olması, həmin qəbzin iddiaçı tərəfindən ələ keçirilməklə sonradan onun tərəfindən əlavə sözlər yazılması dəlilləri digər sübutlarla yanaşı əsaslı və etibarlı olmamaqla ağlabatan deyildir. Məhkəmə iddia tələbinin ödənilmiş 128 manat dövlət rüsumunun cavabdehdən tutulması hissəsinə qiymət verərək hesab edir ki, həmin hissədə də iddia təmin edilməlidir. Belə ki, 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, iddiaçı tərəfindən vəkilə ödənilmiş 720 manat cavabdehlərdən alınaraq iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə cavabdehlərin nümayəndəsi və vəkilinin iddia müddətinin tətbiq etməklə iddianın rədd edilməli olması əsaslarına gəldikdə isə qeyd etməyi zəruri hesab edir ki, tərəflər arasında bu münasibətlərin yaranma müddəti barədə iş materiallarında heç bir sübut olmamaqla, borcun Cavabdeh1 2012-ci il tarixdə verilməsi sadəcə öz mülahizələrindən ibarətdir. Əksinə işdə olan qəbzdə xx.xx.2023-cü il tarixdə borcun bir hissəsinin qaytarılması, qalan məbləğin isə 2024-cü il tarixinə qaytarılacağı barədə qeyd aparılmışdır. Eyni zamanda qeyd edilməlidir ki, öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər (Mülki Məcəllənin 439.4-cü maddəsi). Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 verilmiş borca görə 7000 ABŞ dolları-ödəniş günü qüvvədə olan manata məzənnədə Azərbaycan Respublikası Manatı ilə, iş üzrə iddiaçı tərəfindən ödənilmiş 128 manat dövlət rüsumunun və hüquqi xidmətlərə görə xərclənmiş 720 manatın əvəzi alınaraq İddiaçı ödənilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.2ci maddəsinə əsasən, əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir. Yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə aparılır. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən borc verilən pul vəsaiti qaytarılmalı olan mülkiyyət kimi çıxış etdiyindən və borcun ABŞ dolları qaytarılması barədə tərəflər arasında yazılı şərt olmadığından, hazırda cavabdehlər tərəfindən iddiaçıya qaytarılmalı olan pul vəsaiti ödəniş yerində tətbiq olunan məzənnə əsasında manatla ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 verilmiş borca görə 7000 ABŞ dolları-ödəniş günü qüvvədə olan manata məzənnədə Azərbaycan Respublikası manatı ilə, ödənilmiş 128 manat dövlət rüsumunun və hüquqi xidmətlərə görə ödənilmiş 720 manatın əvəzi alınaraq İddiaçı verilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Nail Abbasov
Məhkəmə qərarları › İş №e-2(006)-2603/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-2603/2025
12.08.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver